Sanço:
- Onlar sizi cinayətkar kimi zəncirləyiblər.
Don Kixot:
- Samson Karrasko məni bu yolla müalicə etmək istəyir. Sanço, əgər biz yola düşməsək mən dəli olacağam!
Sanço:
- Heç mən özüm də boş dayana bilmirəm...
Qeyd: Sançonun məqsədi təkcə qocanı zəncirlərdən xilas etmək yox, eyni zamanda puç olmuş "ümidi" geri qaytarmaqdır!
Don Kixot:
- Bilmirəm ovsundandır, yoxsa vicdanımdır, hər gecə məzlumlar məndən kömək istəyirlər.
Nəhayət, zəncirlərdən Sançonun köməyi ilə azad olan Don Kixot malikanədən qaçmaq istərkən Karrasko onların başının üstünü alır! Və bir qaraqışqırıq salır ki, malikanədəki otaqların işıqları yanır.
Karrasko:
- Kömək edin! Senyor, siz nə qədər inadkar olsanız da, mən inadımdan dönən deyiləm.
Don Kixot:
- Əl çək!
Karrasko zəncirlərdən yapışıb qışqırır:
- İmdad!
Adamlar həyətə toplaşır. Hərə bir tərəfdən Karraskoya kömək edir, lakin qocada elə bil aslan gücü var. O, o yan, bu yana vurnuxaraq təslim olmaq istəmir. Karraskonun qışqırığı həyətə soxulan atlıların və çalınan şeypurların səs-küyünə qarışır.
- Məşhur cəngavər Lamançlı Don Kixot harada yaşayır?
Hamı heyrətdən donub qalır.
Sanço gizləndiyi yerdən çıxır:
- Burada yaşayır, lap vaxtında gəlmisiniz.
Carçı yerdə uzanıb qalmış toz-torpağa bulaşan qocaya yaxınlaşaraq:
- Lamançlı Don Kixot sizsiniz, senyor?
Don Kixot ədayla yerdən durur, üst-başını təmizləyir:
- Bəli, mənəm...
Onu tanıyırlar!
Onun yanına atlı dəstə gəlib.
Ətrafdakılar heyrətdədirlər.
Carçı:
- Sizə bənd olan gözəllər gözəli senyora qəsrinizdə sizinlə görüşməyi özünə şərəf bilərək hüzurunuza təşrif buyurmaq istəyir.
Demək, gələn Dulsineyadır. O, nəhayət, onun "qəhrəman"lıqları barədə eşidərək özü onun hüzuruna təşrif buyurub!
Senyor Kixano yaxınlıqdakı içi su ilə dolu vedrəni götürüb tökür başına. Bununla ona elə gəlir ki, toz-torpaqdan təmizləndi...
Amma bu görkəmdə o, necə gülünc görünür!
Don Kixot:
- Gəlsin!
Bu vaxt həyətdə Altisidora görünür. Hamı ona baş endirir. O, düz Don Kixotun yanına gəlib qarşısında təzim edir!
Ola bilməz! Axı o, Dulsineyanı gözləyirdi!..
Bəs Altisidora haradan çıxdı?!
Pərt olmuş senyor Kixano:
- Mənimlə əylənməyə gəlmisiniz?
Altisidora gülməkdən özünü güclə saxlayır. Bu qoca, doğrudan da, əsl təlxəkdir.
Altisidora:
- Bəzən məhəbbət xanımı ağılsız hərəkətlərə sövq edir. Senyor, mən bizim hersoqa sizin cəsurluğunuzdan və sədaqətinizdən danışmışam. Məşhur cəngavərlə üzbəüz görüşmək naminə o, məni sizin hüzurunuza göndərib. Sizi hersoqun şəhərkənarı qəsrində gözləyirlər.
Karrasko:
- Senyora, biz onu üç gündür birtəhər sakitləşdirmək istəyirik.
Altisidora:
- Hersoqun istəyi qanundur...
Bunlardan can qurtarmaq lazımdır. Bəlkə hersoqla görüşdən sonra ədalət və ədalətsizlik barədə bir razılığa gəlmək mümkün oldu?! Əsas odur ki, zəncirdən xilas olaq!
Don Kixot:
- İrəli!
Atlılar irəlidə, Don Kixot Altisidora ilə birgə karetada, Sanço Pansa karetanın arxasında əyləşib tozanaq qopararaq gözdən itirlər.
Karrasko və ətrafdakılar məəttəl-məəttəl onların arxasınca baxırlar...
Hadisə: "Hələ ümid var".
Hersoq:
- Bayram təntənəli olmalıdır. Tabut! Şamlar! Hamısı olsun!
Hersoq hamya əmrlər verir. Əvvəlcədən düşünülmüş karnavalın baş qəhrəmanı Don Kixotdur! Lamançlı Qəmxar cəngavər! O, bir azdan sarayda peyda olacaq və əyləncə başlayacaq. Ölkədə nə baş verirsə versin, əsas odur ki, əylənməyə səbəb olsun. Səbəb isə göz qabağındadır. Bütün ölkəni öz "qəhrəmanlığı" ilə sarsıdan Don Kixot sarayda peyda olacaq. Və öz "qəhrəmanlığı" ilə bu dəfə saray adamlarını heyrətləndirəcək. Onun silahdaşıyana verdiyi vəd də yerinə yetiriləcək! O, bayram davam edənə qədər qubernator təyin olunacaq və onun əmri müzakirəsiz yerinə yetiriləcək. Ən vacibi odur ki, məşhur Don Kixot gəlsin!..
Və Don Kixot sarayda peyda olur!
Sarayın həşəməti onu heyrətləndirir!
İnsanlar zülm içindədir, saray isə əlvanlıqdan, bəzəkdən alışıb-yanır!
Bu inanılmazdır!
Və nə olur-olsun, mütləq hersoqla təkbətək görüşüb onu inandırmaq lazımdır ki, belə olmaz! Xalqı yaddan çıxarmaq olmaz!
Hersoq:
- Əylənəndə gərək ürəkdən əylənəsən, dərd-qəmi yaddan çıxarasan. Dəniz quldurları dənizdəki gəmilərimizi ələ keçirir, meşələrdə brakonyerlər ağalıq edir, ölkədə hərc-mərclik hökm sürür... Buna baxmayaraq axmağın birisi ilə məzələnmək ən gözəl əyləncədir...
Don Kixot bu bəzəkli, lələkli, yarıçılpaq kişi və qadınlara baxaraq heç nə başa düşmür. O, anlaya bilmir ki, saraydakı adamlar nəyə sevinir. Şən musiqi müşayiəti ilə niyə atılıb-düşürlər... Onlara baxa-baxa gözləri hədəqəsindən çıxır.
Hersoginya:
- Gözlərinə baxın! Sanki günahsız körpənin baxışlarıdır.
Hersoq:
- Əyləşin, cəngavər. Siz o qədər xeyirxah işlər görmüsünüz ki, nəhayət indi dincələ bilərsiniz.
Don Kixot:
- Təəssüf ki, zati-aliləri, olmaz. Ölkəmiz hələ də məzlum və yoxsullarla doludur!
O, nəhayət dedi. Etirazını bildirdi.
Və bu etiraz Sançonun xoşuna gəlmədi. Axı hərdən dincəlmək də lazımdır. Axı saray onları tanıyıb, qəbul edib. Demək işlər düzələ bilər. O, qubernator ola bilər. Nəhayət qarındolusu yemək yeyə bilər! Arzuların bircə anda çin olacağı vaxtda etiraz etmək lazım deyil! Hersoq inciyə bilər!
Hersoginya:
- Əziz cəngavər, unudun məzlumları, bədbəxtləri. Siz bizim qəsrdə qonaqsınız, dostlarla əhatə olmusunuz...
Və yarıçılpaq xanımlar Don Kixotu əhatəyə alıb ona güclə şərab içirirlər!
Şənlik qızışır.
Hersoq:
- Sanço, deyirlər siz qubernator olmaq istəyirsiniz?
Sanço:
- Düz onluğa vurdunuz! Çox istəyirəm qubernator olum.
Hersoq:
- Senyor Sançoya bir yer tapın! Sanço Pansa - qubernator!
Nökərlər Sançonu çiyinlərinə alıb aparırlar!
Ətrafdakılar onu alqışlayır, fit çalırlar.
Don Kixot isə şərab gölündə fəryad edir!
Saray adamları bəxtəvərdirlər!
Onlar çoxdan bu cür əylənməmişdilər.
...Don Kixot nə qədər sərxoş olsa da, öz qəlbinin xanımı Dulsineyaya sədaqətli qalır. Onu heç bir qadına dəyişmir... Sarayda qadın kişiyə, kişi qadına qarışsa da Don Kixot əqidəsində möhkəmdir...
Məzədən sonra qazandığı növbəti ayama da olur - "Dəli".
Hadisə: "Dəli".
Don Kixot harayla silahdaşıyanı Sançonu axtarır:
- Sanço, sən hardasan?..
...Sanço isə kənddə sözün əsl mənasında qubernatorluq edir. Ədalətli əmrlər verir, şikayətlərə baxır. Əmrlərə riayət etməyənləri cəzalandırır. Bir sözlə o, əsl qubernatordur!
Ədalətli!
...Don Kixot "Dəli" ayaması qazanandan sonra əyləncə darıxdırıcı olduğuna görə hersoq karnavalın bitdiyini elan edir. Sarayda hərə öz işinə qayıdır. Və oyun bitdiyi üçün Sançonun da qubernatorluğu bitir:
- Hersoqun əmrinə görə zarafata son qoyulur. Don Kixot və Sanço Pansa adadan qovulurlar!
Hadisə: "Ədalət oyunu bitdi!".
...Tobosa gedən yol.
Dostlar bir-birini harayladıqdan sonra nəhayət tapışırlar. Doğma adamlar kimi görüşürlər.
Don Kixot:
- Mənim vəfalı Sançom!
Sanço:
- Atam... Doğmaca atam! Mən qubernatorluqdan istefa verdim! (o yenə də ədasından qalmır). Senyor, son vaxtlar bütün keçməkeşləri, dərd-səri sizinlə bölməyə elə adət etmişəm ki...
Don Kixot əziz silahdaşıyanı ilə birləşəndən sonra yenə qəhrəmanlıq eşqinə düşür. Qoca əqidəsinə sadiqdir.
Don Kixot:
- Yetər, Sanço! Ağlamaq yox, sevinmək lazımdır! Biz səninlə daha azadlıqdayıq! Azadlıq naminə hər şeyə sinə gərmək olar. Qul kimi yaşamaq isə əzabdır! İrəli, Sanço! Freston hələ də mövcuddur! Ona qalib gəlib dünyanı azadlığa çıxarmaq lazımdır. İrəli! Bircə addım da geriyə çəkilmək olmaz!
Əslində Don Kixot azadlığı da kitablardan oxuyub. Onun azadlıq prinsipləri kitablardan formalaşıb, püxtələşib... Bədii ədəbiyyat isə reallıqdan daha çox romantika ilə bağlıdır. Qəddar qəhrəmanlar uydurulmuş sehrbazlardırlar ki, kimdəsə peyda olub, sonradan qeyb olurlar. Bəlkə də məhz buna görə onları məhv etmək mümkün olmur!
Amma Don Kixota görə qəddar sehrbazlar mütləq məhv olmalıdırlar. Bu, Don Kixotun qərarıdır. O, mütləq qəddar sehrbazı tapıb məhv etməlidir! Bəlkə də bu məqsədinə görə o hər şeydə Frestonu görür.
Budur!
Yel dəyirmanı!
Bu qəddar Frestondur!
Don Kixot bir saniyədə yel dəyirmanının üstünə çıxır. Sanço nə qədər çalışsa da Don Kixotu dəyirmanın yelpələnglərindən aşağı sala bilmir. Yelpələng qocanı fırladır. Qoca əl-qol atsa da qorxmur! Az keçmir qoca yerə yıxılır. Sançoya görə qoca çoxdan ölməli idi. Amma möcüzə! Qoca inildəyir!
Qoca sağdır!
Sanço ona yaxınlaşır, qucaqlayıb ayağa qaldırır. Sanço bəlkə də qocanı bu qətiyyətinə görə çox istəyir. Çünki onun ətrafında olanlar da, o özü də bu qətiyyətə malik deyillər.
Sanço:
- Möcüzəyə bax! Siz sağsınız! İndi əmin oldunuz ki, bu, yel dəyirmanı idi?
Don Kixot:
- Sənə görə bu yel dəyirmanıdır. Mən isə Frestonla döyüşdüm... Təəssüf ki, o hələ də sağdır.
Sanço:
- Yoxdur, senyor. Nə cadugərlər axtarın, nə də cəngavərlər... Yoxdur! Bizdən başqa dünyada səyyar cəngavərlər yoxdur...
Hadisə: "Reallığa qayıtmaq lazımdır".
Qoca bəlkə də Sançonun dediklərinə inanacaqdı əgər cəngavər peyda olmasaydı!
Bu cəngavər elə bil yerdən peyda oldu!
Bu cəngavər ona Lamançlı Don Kixot deyərək müraciət etdi.
Don Kixot:
- Bəli! Qəmxar cəngavər Don Kixot mənəm!
- Sən cəngavər yox, şeytansan!
Bu şəxs kimdirsə, onu qıcıqlandırır. Onu döyüşə çağırır. Və Don Kixot bu döyüşü qəbul edir.
Şərtlər aşağıdakı kimidir:
Əgər Don Kixot məğlub olsa, cəngavərin bütün əmrlərini yerinə yetirəcək!
Əgər cəngavər məğlub olsa, Tobosa gedib gözəllər gözəli Dulsineyanı, Don Kixotun qəlbinin xanımını tapıb, qarşısında diz çöküb əfv diləyəcək.
Döyüş!
Bir-iki həmlə!
Və Don Kixot məğlub olur!
Bu təbiidir! O, çoxdan gücdən düşüb!
Peyda olan cəngavər dəbilqəsini çıxarır və...
Və bu şəxs Karrasko imiş!
Karrasko növbəti oyunla senyor Kixanonu məğlub edir!
Karrasko:
- Mən qalib gəldim. Mən sizi ancaq bu vasitə ilə xilas edə bilərdim. Ağlınızı başınıza yığın. Bu gün səyyar cəngavərlər heç kəsə lazım deyil... Gəlin rahat yaşayaq... Hamı kimi... Dərdsiz-qəmsiz...
Senyor Kixano ağır da olsa bu reallığı qəbul etmək məcburiyyətindədir. Çünki cəngavər qayda-qanunlarına hörmətlə yanaşmaq cəngavərlərin borcudur!
Senyor Kixano anladı ki, o, insanlara kömək etmək istəsə də, insanların onun köməyinə ehtiyacı yoxdur. Çünki insanlar onun cəngavər qaydaları ilə yaşamaq istəmirlər... Çünki yaşam qaydaları dəyişib. Senyor Kixano Don Kixot cildinə girib yeni ədalətli cəmiyyət qurmaq istəyirdi! İnsanların şüurunu dəyişmək istəyirdi. Lakin məğlub oldu! Senyor Kixano anladı ki, insanlar dəyişmək istəmirlər. Onlar artıq yalanla, riya ilə, ədalətsizliklə doğmalaşaraq rahat yaşayırlar. Hər kəs narazılıq, ahu-zar etsə də, öz real həyatını qurub. Və bu həyatı dəyişmək istəmir!
İnsanlar Don Kixotu arzulasalar da, kimsə Don Kixot olmaq istəmir!!!
Baş hadisə: "Senyor Kixanonun Don Kixot olub insanlığı azad etmək istəyir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!