...Don Kixot bu mehmanxananı qəsr bilir... Sanço Pansa ilə uzun mübahisədən sonra mehmanxananın həyətinə girirlər. Sanço Don Kixotun dincəlməsini istəyir. İstəyir ki, qoca dincələndən sonra bəlkə anlaya ki, bu dünyada ədaləti bərpa etmək mümkün deyil. Anlaya ki, adamlar belə yaşamağa adət ediblər. Anlaya ki, malikanəyə qayıdıb rahat həyat yaşamaq vaxtı çatıb!..
Lakin Don Kixot müxtəlif yoxsul təbəqənin nümayəndələrini görən kimi yenə alovlanır. Özünü təqdim edir. Mehmanxana sakinləri onun törətdiyi əməllər barədə eşitdiklərindən başlayırlar qocanı ələ salıb lağa qoymağa.
- Bu cür təlxəyi heç kral sarayında da tapmaq olmaz!
- Adam ona baxanda gülməkdən ölür!
- Qoyun məzələnək!
Don Kixot:
- Əgər qəsrdə bədbəxt, əzabkeş, zülmkarlardan əziyyət çəkən varsa desin. Tale məni bu qəsrə gətirib. Mən Qəmxar cəngavər Lamançlı Don Kixotam!
Mehmanxana qulluqçusu Maritornes səs-küyə gəlir. Sakinləri sakitləşdirir.
Maritornes:
- Nəyə gülürsünüz?! Görmürsünüz ki, o yorğundur, ayaq üstə güclə dayanır?! Senyor, gedək, sizə otağınızı göstərim...
Don Kixot Maritornesi görüb heyrətlənir. Elə zənn edir ki, onu qarşılayan qəsrdə yaşayan qrafinyadır. Dulsineyanı tapa bilməyən Don Kixot əslində ona mərhəmət göstərən, diqqətli olan xanımları Dulsineya şəklində görür. Onları əzizləyir, təriflər deyir. Maritornes qocanı otağa aparır. Nəvazişlə yaralarını təmizləyib bağlayır. Don Kixot bu nəvazişə görə ona minnətdardır. Əgər o, bu nəzakəti arzuladığı Dulsineyaya qovuşub ondan görsəydi, lap xoşbəxt olardı...
Toboslu Dulsineya!..
Senyor Don Kixotun qəlbinin xanımı...
Bütün qadınlar kimi Maritornes də hansısa bir cəngavərin qəlbinin xanımı olmağı həmişə arzulayıb. Amma təəssüf ki, onu taleyin amansız oyunu yol kənarındakı mehmanxanaya gətirib çıxarıb. Və o, burada işləməli, yoldan keçən ilxıçılarla gecələr əylənməli, bir sözlə, birtəhər özünü dolandırmalıdır!..
Hələlik isə o, Qəmxar cəngavər Lamançlı Don Kixotla söhbətləşir, ona nəvaziş göstərir.
Mehmanxana "sakinləri" Maritornesin məşuquna sevgilisinin Don Kixotla əyləndiyini çuğullayırlar. Qısqanc məşuq intiqam almaq hissi ilə otaqda peyda olur. Maritornesi döyməyə başlayır.
Don Kixot qısqanc məşuqu sehrbaz Frestona, Maritornesi isə Dulsineyaya bənzədir! O, zənn edir ki, Freston Dulsineyanı oğurlamaq istəyir... Qəmxar cəngavər öz qəlbinin xanımını xilas etmək üçün döyüşə atılır.
Don Kixot:
- Toboslu Dulsineya uğrunda irəli!
Elə həmin anda da başından güclü bir zərbə alaraq yerə sərilir, dəbilqəsi də ona kömək etmir. Vəfalı dostu Sanço onu birtəhər insan "sürüsü"nün əlindən xilas etməyə nail olur...
Hadisə: "İnsanlar çox qorxuludur".
Don Kixot:
- Sən gördün ki, onlar tilsimdən necə əziyyət çəkirlər?
Sanço:
- İnanmaq istəyirəm, amma bacarmıram. Bizi ələ salan, əziyyət verənlər ən adi adamlar idilər.
Don Kixot:
- Yalan demə!
Sanço:
- Mən heç vaxt yalan danışmıram... İnsanların törətdiyini də kabusların, sehrbazların adına çıxa bilmərəm. Bizim başımıza oyun açanlar, bizi əzişdirənlər ən adi adamlar idilər! Sehrbaz Freston heç vaxt həmin qəsrdə gecələməyib. Eybi yox, bircə qubernator olum... Mən bilirəm oradakıların başına nə oyun açacağam!
Sanço, doğrudan da, inanır ki, Don Kixotun köməyi ilə nə zamansa ədalət zəfər çalacaq?!
Və o, Don Kixot vəd etdiyi kimi, doğrudan da, qubernator olacaq?!
Axı o, çox yaxşı bilir ki, Don Kixot xəstədir!
Və o, Don Kixota yazığı gəldiyi üçün onunla şəhərbəşəhər gəzir, onu qoruyur, əzişdirilir, təhqir olunur!
Bəs onda bu inam hardandır ki, Don Kixot onu qubernator təyin edəcək?!
Axı Sanço çox realistdir, romantika, xəyalpərəstlik ona yaddır!
Ümid!
İnsanın yeganə inandığı ümiddir!
Və Sanço ümidini itirmir!
Bəlkə də möcüzə baş verdi?!
Bəlkə...
Bəlkə...
Bəlkə...
Karrasko Don Kixotu axtarmağa çıxanda evdə birinci əmri "Kitabları yandırmaq lazımdır" olub! Və hamı bir nəfər kimi Don Kixotun oxuduğu kitabları yandırıblar! Sonra üz-gözünü aktyorlar kimi qrimləyərək Don Kixotu axtarmağa çıxıb. Ərəb geyimində gülməli görünsələr də, var-dövlət qazanmaq eşqi ilə alışıb-yanırlar. Nikolasdan daha çox Karrasko özünü öldürür. Don Kixot onun üçün yeganə şansdır. O, məhz Don Kixotu "əsir" alandan sonra var-dövlətə sahib ola bilər. Və var-dövlətə çatmaq üçün Karrasko nə desən edər!
Hətta aktyorluq da!
O, artıq "maska"lanıb!
Bəlkə elə magistr təhsili ona maskalanmaqdan başqa heç nə öyrətməyib!
Nəhayət, "qohumlar" görüşürlər!
Nikolas ağasını görüb diz çökür:
- Ey qorxmaz cəngavər Lamançlı Don Kixot! Dünyada ən talesiz və çarəsiz olan saqqallı şahzadə xanıma kəmək edin.
Karrasko:
- Şahzadə Mikomikonaya kömək edin. O, uzaq Efiopiyadan kömək istəyir.
Kömək!
İmdad!
Xilas!
Don Kixot nə vəziyyətdə olur-olsun, kömək etməyə hazırdır!
Don Kixot:
- Gücüm çatan qədər məndən nə asılıdırsa etməyə hazıram!
Don Kixot hansı vəziyyətdə olur-olsun, ondan kömək umanlara yardım etməyə hazırdır!
Karrasko:
- Gedək bizimlə, ey cəngavər! Ey qorxmaz cəngavər! Şahzadə Mikomikona əjdaha çəpgöz Pandafilandonun sehri ilə tilsimə salınıb! Kim bu qəfəsə girsə həmin sehri öz üzərinə götürərək şahzadə xanımı xilas etmiş olur.
Bu sehrbaz Don Kixota tanış deyil. İlk dəfədir onun adını eşidir.
Əjdaha Pandafilando!
Adətən əjdahalarla, sehrbazlarla döyüşmək lazım gəlir. Bu xilas yolu isə ancaq qəfəsə girməkdən ibarətdir! Bu "yeni" döyüş növü Don Kixota maraqlı gəlir. Sehr döyüşü. Don Kixot artıq razılaşır. O, artıq özünü ovsunlanmış zənn edir!
Sanço isə şübhələnir! Necə yəni elə qəfəsə girməklə sehrlənmiş şahzadə xanım xilas olur?
O, ömründə belə şey eşitməyib! Bu inanılmaz bir xahişdir. Belə şey ola bilməz! Və Sanço şübhələnir.
Sanço:
- Deyin görüm, nə qədər qəfəsdə qalmaq lazımdır.
Karrasko:
- Qəfəsə girən qorxmaz adam sakitcə oturub taleyin hökmü ilə aparılan yerə getməlidir. Yalnız o vaxt şahzadə xanım amansız sehrbazın pəncəsindən qurtara bilər.
Şübhələr Sançonu rahat buraxmır!
Sanço:
- Sənədlərinizi göstərin!
Nikolas:
- Hansı sənədləri?
Sanço:
- Sizin həqiqətən efiop olduğunuzu və həqiqətən şahzadə xanım tərəfindən göndərildiyinizi təsdiq edən sənədləri.
Don Kixot:
- Yaramaz! Yazıq qız xilas olması üçün yalvarır, sən isə kral məmuru kimi sənəd tələb edirsən?! Mən artıq ovsunlanmışam! Mən şahzadə xanımı məlun çəpgöz Pandafilandonun sehrindən azad etməyə gedirəm.
Nikolas:
- Eşitdin, silahdaşıyan, cəngavər ovsunlanıb, o, şahzadə xanımı azad etməyə yollanır.
Və qəfəsə qıfıl vurulur!
Qəhrəman qəfəsdədir!
"Don Kixot əməliyyatı" uğurla sona yetdi!
Həmişə ağasını ən ağır vəziyyətdən xilas etməyi bacaran Sanço bu dəfə iki "maska"lanmışın qarşısında aciz qaldı! Onu qoruya bilmədi.
Sanço:
- Bəs mən nə edim?
Don Kixot:
- Sən silahların keşiyini çək! Çox getməz mən zəfərlə qayıdaram!
Və Don Kixot "efioplarla" birlikdə gözdən itir.
Sanço:
- Mən sizsiz nə edim, cənab? Senyor, dəbilqəni unutdunuz... Dəbilqə yaddan çıxdı...
Təəssüf ki, Don Kixot Sançonun fəryadını eşitmir!
Bu "dəbilqə" üçün o özü də bilməsə adam qarət etmişdi və bu işdə Sanço ona yardımçı olmuşdu. İndi həmin dəbilqə yaddan çıxır!
Sançonu düşündürən odur ki, əgər belə getsə, ağasının hər şey yadından çıxacaq, bir müddətdən sonra onun da kim olduğunu bilməyəcək. Və belə olan surətdə Sançonun bütün ümidləri boşa çıxa bilər!
Hadisə: "Uğurlu əməliyyat və ya son cəhd".
Don Kixot "qəfəs"dən çıxır. Sanki uzun müddət qəfəsdə qalmış, sonradan azadlığa buraxılan pişiyə dönmüş aslan kimi, Don Kixot da o cür qəfəsdən çıxır. Sınmış, əzilmiş. Onun üzünü Karrasko parça ilə örtsə də, yolun yarısında Karrasko ilə Nikolasın danışdığından senyor Kixano artıq aldadıldığını başa düşmüşdü. Odur ki, örpəyi qəfəsin üstündən götürəndən sonra Don Kixot heç nə demədən doğma evinə keçir. Ətrafdakılar onu sorğu-sual etsələr də kimsəyə cavab vermir, nəsə axtarır.
Tereza:
- Dayı, heç olmasa bir kəlmə söz deyin, axı mənim sizdən başqa bir kimsəm yoxdur...
Don Kixot Terezanın saçlarını oxşayır. Yenə də dayanmayıb otaqları ələk-vələk edərək nəsə axtarır...
Don Kixot:
- Danışacam, övladım, səninlə də danışacağam... İndi isə kitablar məni gözləyir... Mən qiraətlə məşğul olmalı, oxumalı, fikirlərimi toplamalıyam... (Sən demə bayaqdan senyor Kixano kitablarını axtarırmış). Bəs hanı mənim kitablarım? Hanı kitablar? Hanı Freston?
Karrasko heç nə deməyərək geyindiyi paltarını dəyişir, üz-gözünü silir...
Alba:
- Günah hamısı ondadır, əlahəzrət. Uçub gəldi, hay-küy saldı, tüstünü buraxdı, fırfıra kimi fırlandı, sizin sevimli kitabları götürərək uçub getdi...
Don Kixot heyrət içindədir... Onun neçə vaxtdan bəri oxuduğu kitabları Freston oğurlayıb. O, diqqətlə ətrafındakılara baxır. Hamı nəzərlərini ondan yayındırır. Nəzərlər Karraskoya zillənir.
Karrasko:
- Siz məni xatırlayırsınız?
Senyor Kixanonun yadına düşür ki, ən maraqlı kitabları o, çardaqda gizlədib. Cəldliklə çardağa çıxır. Karrasko onu müşayiət edir.
Don Kixot:
- Hə... Siz Samson Karraskosunuz, Bartolomeo Karraskonun oğlusunuz, tələbəsiniz. Salamankada təhsil alırsınız. (Senyor Kixano özü bilərəkdən Karraskoya ətraflı cavab verir. Çünki bilir ki, onu "dəli" hesab edirlər).
Karrasko:
- Düzdür. Artıq universiteti bitirmişəm, tibb üzrə magistr kimi bura dönmüşəm. Bir çox kəşflərdən məlumatlıyam. Mən sizi müalicə edəcəyəm.
Don Kixot:
- Kim bunu sizdən xahiş edib?
Karrasko:
- Sizin bacınız qızı, senyor Kixano.
Demək, Tereza da dayısını dəli hesab edir!!!
Ən yaxın adamı!
Don Kixot:
- Mən xəstə deyiləm, sadəcə olaraq bir az zəifləmişəm!
Senyor Kixano axtardığını heç çardaqda da tapa bilmir. Yoxa çıxıb. Onun kitablarını atıblar. Freston ona əziz və doğma olanları da sehrləyib...
Kixano yerdə oturur...
Nəfəsi daralır...
Karrasko:
- Sizin müalicəyə ehtiyacınız var. Siz ağır xəstəsiniz. Daha evdən də gedə bilməyəcəksiniz.
Don Kixot:
- Bir az özümə gələn kimi gedəcəyəm. Mənim ləngiməyim bütün insanlığa ziyan gətirir.
Çardaqdan yerə tullanır. Bu qoca adamda belə güc haradandır?!
Görünür, dünyanın axarını dəyişmək istəyi fiziki gücsüzlüyü unutdurur!
Zəiflik yaddan çıxır!
Əvəzində mənəviyyat qalib gəlir!
Karrasko:
- Senyor, sərsəri cəngavərlərin dövrü çoxdan bitib, yox olub!
Senyor Kixano ancaq indi xatırlayır ki, ovsunlandığından dəbilqəsi, nizəsi və qalxanını götürməyib!
O, inanıb!
Don Kixot:
- Elə indi də, keçmişdə də, lap qədimdə də bədbəxt adamlar həmişə kömək diləyirlər, kömək umurlar, xoşbəxtlər isə qulaqlarını yumurlar. Ona görə bizlər...
Karrasko:
- Siz neçə nəfərsiniz?
Don Kixot:
- Saymaq mənim işim deyil. Mənimki döyüşmək, vuruşmaqdır!
Bir həmlə ilə Karraskonu yıxıb darvazanı açıb çıxmaq istəyir. Karrasko onun ayaqlarından yapışır.
Karrasko:
- Qoymaram! İcazə vermərəm! Elmin son nailiyyəti ağlını itirənlərlə qəddar davranmağı tələb edir. Mən sizi zəncirləyib qoruyacağam. Mən sizi Don Kixot dəliliyindən xilas edəcəyəm, sağaldacağam...
Senyor Kixano nə qədər dartınsa da Karraskonun əllərindən çıxa bilmir. Nikolas əvvəlcədən hazırladığı zəncirləri gətirib, Kixanonun əl-qoluna zəncir vurur. Hərə bir tərəfdən dartaraq onu həyətə salırlar. Qoca nə qədər çalışsa da quduzlaşmış doğmalarının pəncəsindən qurtara bilmir.
Hadisə: "Zəncirlənmiş aslan".
Gecədir... Malikanədə hamı yatıb. Çoxdandır senyor Kixanonun qohumlarının, kənd sakinlərinin yuxusu ərşə çəkilmişdir. Axı ağaları, ağsaqqalları "dəli" olub çöllərə düşüb "ədalət" axtarışına çıxmışdı! "Ədalət" deyilən bir müqəddəs məfhumu bərpa etməyə! İndi hamı rahatdır. Karrasko onu tutub gətirdi. Yalan deyib aldatsa da, hər halda əsl qəhrəmanlıq göstərib ipə-sapa yatmayan senyor Kixanonu evə qaytardı. Onu sağaldacağına söz verdi... Və birinci müalicə üsulu olaraq zəncirləyib həyətə saldı!
Axı senyor "dəli"dir!
Dəlini də mütləq zəncirləmək lazımdır.
Sonrasına isə Allah kərimdir!
Kixano lazım olan bütün sənədlərə imza atacaq!
Tereza Karraskonun arvadı olacaq!
Və hər ikisi yeganə varis kimi senyor Kixanonun var-dövlətinə sahib olacaqlar!
Daha doğrusu, Karrasko sahib olacaq!
Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!
Hamı rahatdır!
Karrasko qalibdir! O, nəhayət, arzularına çatdı!
Gecədir... Hamı yatıb... Bircə senyor Kixano oyaqdır. Əl-ayağı zəncirlənmiş bu qoca özünü alçalmış hesab edərək it damının yanında mürgüləyir. İnsanlara inanaraq aldadıldı! Yaxın adamları tərəfindən zəncirləndi...
Bu vaxt doğma bir pıçıltı onu mürgüdən ayırır:
- Senyor!..
İlahi, bu səs yuxuda yox, həqiqətdə olsaydı, senyor Kixano dünyanın ən azad və xoşbəxt adamı olardı.
- Senyor, mənəm, sizin silahdaşıyan.
Don Kixot:
- Sanço...
Bu həqiqətdir! Əfsanələrdə olduğu kimi silahdaşıyan öz ağasının köməyinə gəlib!
Sonra da deyirlər ki, əfsanələrə inanmaq olmaz!
Dostlar görüşürlər...
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!