Şəki səhnəsində teatrın böyük söhbəti (II yazı) - Həmidə NİZAMİQIZI

 

(I yazı burada)

 

II yazı

 

Bakının qaynar həyatının ritmində zaman keçdikcə uzaqlaşan bir xatirəyə çevrilsə də, üzərində artıq bir neçə yerli və beynəlxalq əhəmiyyətli sosial-mədəni aksiyada iştirak təcrübəsi daşıdığım Şəki Teatr Festivalı yaddaşımda özünəməxsus koloritini, atmosferini və yaratdığı təəssüratları qoruyub saxlayır. Bu festivalı mənim üçün fərqli edən yalnız nümayiş olunan tamaşalar, teatr kollektivlərinin görüşü və sənət hadisələrinin zənginliyi deyil, həm də teatrın şəhərin mədəni həyatına nüfuz etməsi, insanları ortaq düşüncə və sənət müstəvisində bir araya gətirməsidir.

Festivalın sonrakı günlərində izlədiyim tamaşalar, apardığım söhbətlər, müşahidələrim və yaranan mülahizələr əsasında Şəki Teatr Festivalına bir daha teatr yazarı, yaxşı tamaşaçı (belə daha doğrudur, məncə) gözü ilə nəzər salmaq istəyirəm. Çünki belə fetivallar yalnız teatr əsərlərinin nümayiş olunduğu məkan deyil, həm də müasir teatr proseslərinin izlənildiyi, fərqli estetik yanaşmaların qarşılaşdırıldığı, sənətkarların təcrübə mübadiləsi apardığı və teatrın cəmiyyətdəki yeri barədə yeni sualların meydana çıxdığı mühüm mədəni platformalardır.

Şəki festivalının əhəmiyyətini, ilk növbədə, onun teatrı ənənəvi səhnə çərçivəsindən çıxararaq daha geniş mədəni mühitə daşımasında görürəm. Festival günlərində şəhərin özünün də bu sənət hadisəsinin iştirakçısına çevrilməsi, tarixi-mədəni mühitlə müasir teatr düşüncəsinin qarşılıqlı təması xüsusi əhəmiyyət daşıyır. Belə bir mühitdə teatr sadəcə tamaşa edilən sənət növü olmaqdan çıxır, şəhərin yaddaşı, tarixi və insanları ilə dialoqa girir.

Tetar festivalının uğuru, əlbəttə, yalnız proqramın zənginliyi və nümayiş olunan tamaşaların sayı ilə ölçülə bilməz. Burada əsas meyarlardan biri də yaradılan yaradıcı ünsiyyətin keyfiyyəti, fərqli teatr təcrübələrinin qarşılıqlı təsiri və festivalın ölkənin ümumi teatr prosesinə verdiyi töhfədir. Tamaşalardan sonra aparılan müzakirələr, sənət adamları arasında yaranan təmaslar, müxtəlif estetik mövqelərin müqayisəsi teatrın özünü dərk etməsi və yeniləməsi baxımından mühüm imkanlar yaradır.

Tamaşaçı, jurnalist müşahidələri baxımından belə festivalların daha bir vacib tərəfi səhnə əsərlərinə yalnız bədii hadisə kimi deyil, həm də dövrün düşüncə tərzini, insan münasibətlərini və cəmiyyətin mənəvi axtarışlarını əks etdirən sənət nümunələri kimi yanaşmaq imkanı yaratmasıdır. Hər tamaşa öz estetik dili, dramaturji həlli, rejissor yozumu və aktyor ifadə vasitələri ilə müəyyən bir dünyagörüşünü təqdim edir. Bu fərqliliklərin eyni festival çərçivəsində qarşılaşması isə teatr prosesinin rəngarəngliyini və çoxsəsliliyini daha aydın göstərir.

 

Mənim üçün Şəki Teatr Festivalının dəyəri həm də onun yaratdığı sonrakı düşüncə məkanındadır. Bəzən festival günlərində izlədiyimiz tamaşalardan daha uzunömürlü olan, həmin tamaşaların bizdə doğurduğu suallar, sənət adamları ilə söhbətlər və müşahidələr nəticəsində formalaşan qənaətlər olur. Məhz bu baxımdan festivalın təsirini yalnız keçirildiyi günlərlə məhdudlaşdırmaq doğru olmazdı. Onun həqiqi əhəmiyyəti müəyyən mənada festival başa çatdıqdan sonra - təəssüratlar təhlilə, müşahidələr mülahizələrə, müzakirələr isə yeni yaradıcı ideyalara çevriləndə də davam edir.

Digər tərəfdən, Şəki kimi zəngin tarixi və mədəni mühitə malik şəhərdə teatr festivalının keçirilməsi mədəniyyətin regionlarda inkişafı və teatr sənətinin daha geniş auditoriyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Bu cür təşəbbüslər paytaxt və regionlar arasında mədəni əlaqələrin güclənməsinə, müxtəlif teatr məktəblərinin təcrübələrinin paylaşılmasına və teatrın ictimai həyatdakı mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Şəki Teatr Festivalını mənim yaddaşımda fərqləndirən məqamlardan biri də onun özünəməxsus atmosferidir. Festivalın koloritini yaradan yalnız şəhərin tarixi siması və mədəni mühiti deyil, həm də teatr adamlarının görüşü, sənətə münasibəti söhbətlərin səmimiyyəti və səhnədən kənarda yaranan yaradıcı təmaslardır. Bütün bunlar festivalı sadəcə tədbirlər toplusu deyil, özünəməxsus mədəni təcrübəyə çevirir.

Bu festival haqqında düşünərkən mənim üçün əsas qənaət belədir: teatr festivalları yalnız bu günün sənət mənzərəsini təqdim etmir, həm də sabahın teatrı üçün düşüncə və ünsiyyət imkanları yaradır. Onların əhəmiyyəti nümayiş olunan tamaşalarla yanaşı, formalaşdırdıqları yaradıcı mühitdə, yaratdıqları peşəkar əlaqələrdə və teatr haqqında ictimai düşüncəyə verdikləri töhfədə üzə çıxır.

Qeyd etdiyim tədbir də bu mənada yaddaşda yalnız bir neçə günün hadisəsi kimi qalmır. O, izlənilən tamaşaların, eşidilən fikirlərin, aparılan söhbətlərin və yaranan sualların bir araya gəldiyi bütöv bir mədəni təcrübədir. Bakının sürətli həyat ritminə qayıtdıqdan sonra belə, festivalın özünəməxsus koloritini qoruması, düşüncələrdə yenidən canlanması və yeni mülahizələrə yol açması onun mənim üçün əhəmiyyətini müəyyənləşdirən əsas cəhətlərdəndir.

Bəlkə də teatr festivallarının ən böyük uğuru elə budur: onlar başa çatır, səhnələr boşalır, qonaqlar öz şəhərlərinə qayıdırlar, amma teatr haqqında düşünmək, müzakirə etmək və sənətin imkanlarını yenidən kəşf etmək prosesi davam edir.

İndi isə qayıdaq birinci yazıda qeyd etdiyim kimi sonrakı günlərin tamaşalarına.

 

Bəxtiyarın şinelindən çıxanların “Şinel”i

 

Festivalının üçüncü günündə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti rus ədəbiyyatının klassiklərindən Nikolay Qoqolun eyniadlı povesti əsasında hazırlanmış tamaşanı təqdim etdi.

Ceyhun Dadaşovun quruluş verdiyi səhnə əsərinin rəqs quruluşu Elnur İsmayılov və Ceyhun Dadaşova məxsusdur. Rolları Əməkdar artist Nargilə Qəribova, Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynova ifa edirdilər.

Tamaşa festival qonaqları və teatrsevərlər tərəfindən maraqla qarşılandı, nümayişin sonunda aktyor heyəti uzun sürən alqışlarla səhnəyə dəvət edildi. Lakin bu səhnə əsərinin mənim üçün əhəmiyyəti yalnız tamaşaçı reaksiyası ilə məhdudlaşmırdı. “Şinel”in ideya yükü, pantomima sənətinin ifadə imkanları və Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılıq ənənələri arasında qurulan əlaqə ayrıca düşüncə tələb edirdi.

Bilirik ki, “Şinel” povesti dünya ədəbiyyatında kiçik insanın faciəsini, bürokratik sistemin amansızlığını və insanın cəmiyyətdəki mövqeyinin zahiri əlamətlərlə müəyyənləşdirilməsini ifadə edən mühüm əsərlərdən biridir. Əsərin baş qəhrəmanı Akaki Akakiyeviç Başmaçkinin yeni şinelə sahib olmaq arzusu ilk baxışda sadə məişət ehtiyacı kimi görünür. Ancaq həmin arzu tədricən insanın görünmək, qəbul edilmək və cəmiyyətdə müəyyən yer tutmaq ehtiyacının ifadəsinə çevrilir.

Şinel burada sadəcə geyim deyil. O, insanın sosial statusunu, başqalarının ona münasibətini və cəmiyyətin zahiri göstəricilərə verdiyi əhəmiyyəti simvolizə edir. İnsanın şəxsiyyəti dəyişmədiyi halda, üzərindəki geyim dəyişdikdə ona münasibətin dəyişməsi isə əsərin əsas paradokslarından birini, bir növ əsas istiqamətini təşkil edir.

Mimçilərin yozumunda şinelin müxtəlif insanların əlinə keçməsi bu ideyanı daha geniş sosial müstəviyə daşıyır. Şinelə sahib olan insanın daha çox diqqət, hörmət və sevgi qazanması tamaşaçını cəmiyyətin dəyərləndirmə mexanizmi haqqında düşünməyə vadar edir. Burada məsələ yalnız bir əşyanın yaratdığı üstünlük deyil, insanın öz dəyərini başqalarının münasibəti ilə ölçməyə məcbur qalmasıdır.

İnsan şinelə sahib olduğu üçünmü dəyərlidir, yoxsa cəmiyyət yalnız şinelə sahib olan insanı dəyərli hesab edir?

Tamaşaya ikinci dəfə baxdıımdan ilk nümayişdə, özü də doğma səhnədə, bir növ, yarıqaranlıqda və bütöv ideyanın yarımçıq məkan anlayışında məngənəyə düşdüyüm bir sıra nümanslar burada daha aydın açıldı.

Pantomima aktyorundan yalnız hərəkət etmək deyil, hərəkətin arxasındakı fikri, emosiyanı və psixoloji vəziyyəti tamaşaçıya çatdırmaq tələb olunur. Jest, baxış, bədən plastikası, ritm, məkanla münasibət və pauza bu sənətin əsas ifadə vasitələridir. Sözün olmadığı yerdə hər bir hərəkət daha böyük məna yükü daşımağa başlayır. Təbii ki, bu da quruluşçu və oyunçudan başqa bir  atmosferdə manera tələb edir.

Əslində pantomima sənətinin gücü ondadır ki, o, tamaşaçıya hər şeyi izah etmir. Əksinə, görünən hərəkətlə onun arxasında gizlənən məna arasında məsafə yaradır və həmin məsafəni tamaşaçının düşüncəsi ilə doldurmağa imkan verir. Səhnədəki bir jest həm gülüş doğura, həm də insanın öz davranışı haqqında düşünməsinə səbəb ola bilər.

 

“Şinel”in ideya dünyası da məhz bu cür ikili təsirə açıqdır. Zahiri görünüşün insan münasibətlərinə təsiri ilk baxışda komik situasiyalar yaratsa da, bu gülüşün arxasında acı bir həqiqət dayanır: insanın şəxsiyyətindən çox, onun cəmiyyətdəki görünüşünə və mövqeyinə əhəmiyyət verilə bilər.

Beləliklə, şinel fərdi ehtiyacdan ictimai münasibətlərə, məişət əşyasından sosial simvola çevrilir. Bu simvolik xətt tamaşanın əsas ideyasını birləşdirən və tamaşaçının diqqətini səhnədəki hadisələrin arxasında dayanan mənaya yönəldən vasitə kimi çıxış edir.

Sözsüz ki, tamaşa haqqında daha uzun təhlil aparmaq olardı və düşünürəm ki, bugünkü söhbətimizin mövzusu həm də ölkəmizdə bu sənət məktəbinin yaradıcısıdır.

Ol səbəbdən də Azərbaycan Dövlət Pantomima Teatrı deyəndə yaddaşımda canlanan ilk ad Bəxtiyar Xanızadədir. Onun adı mənim üçün yalnız konkret tamaşalarla və ya teatrın tarixi ilə bağlı deyil. Bu ad Azərbaycan pantomima sənətinin formalaşması, inkişafı, peşəkar səhnə düşüncəsinin yaranması və yeni nəsil sənətkarların yetişdirilməsi ilə assosiasiya olunur.

Bəxtiyar Xanızadə sözün həqiqi mənasında sənətə ömrünü verən, səhnənin ifadə imkanlarını genişləndirən və aktyorun bədənini müstəqil bədii ifadə vasitəsinə çevirən sənətkarlardandır. Pantomima kimi xüsusi hazırlıq, fiziki intizam, dəqiq müşahidə və dərin daxili duyum tələb edən sənət növündə məktəb yaratmaq yalnız istedadla mümkün deyil. Bunun üçün uzunmüddətli zəhmət, ardıcıl pedaqoji fəaliyyət, sənətə sədaqət və öz təcrübəsini başqalarına ötürmək bacarığı da lazımdır. Şəki səhnəsində “Şinel”ə baxarkən məni düşündürən məqamlardan biri də məhz bu sənət varisliyi idi.

Bəxtiyar Xanızadə həmin gün Şəki səhnəsində olmasa da, Azərbaycan Dövlət Pantomima Teatrının təqdim etdiyi tamaşa mənə onun sənət yolunu xatırladırdı. Bu, konkret rejissor həllərinin və ya aktyor ifalarının mütləq şəkildə ustadın yaradıcılıq üslubunu təkrarladığı anlamına gəlmir. Söhbət daha geniş mənada teatr məktəbinin davamlılığından, illərlə formalaşmış peşəkar mühitdən və pantomima sənətinin Azərbaycanda qazandığı mövqedən gedir.

Ceyhun Dadaşovun quruluşunda səhnəyə gətirilən “Şinel” müstəqil rejissor yozumu kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu cür səhnə əsərlərinin meydana çıxmasını mümkün edən teatr ənənəsini, sənətkarların yetişdiyi mühiti və peşəkar varislik məsələsini də nəzərdən qaçırmaq olmaz.

Teatrda ustadın imzası həmişə afişada görünmür. Bəzən həmin imza aktyorun səhnəyə münasibətində, bədən dilinin ifadəliliyində, hərəkətin arxasındakı mənanı axtarmaq vərdişində və tamaşaçı ilə sözsüz ünsiyyət qurmaq bacarığında yaşayır.

Bəxtiyar Xanızadənin Azərbaycan pantomima sənətindəki rolunu qiymətləndirərkən bu məqam xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyəti yalnız şəxsi yaradıcılıq uğurları ilə deyil, həm də sənətin davamlılığına, yeni ifaçıların yetişməsinə və pantomimanın milli teatr məkanında möhkəmlənməsinə verdiyi töhfə ilə ölçülür.

 

Bəzən bir sənətkarın yaratdığı məktəbin miqyasını anlamaq üçün onun özünün səhnədə nə etdiyinə deyil, yetişdirdiyi sənətkarların hansı yaradıcılıq mühitində fəaliyyət göstərdiyinə, sənəti necə davam etdirdiyinə baxmaq lazımdır.

Mənim üçün Bəxtiyar Xanızadənin ustadlığı da bu mənada qiymətlidir: onun adı Azərbaycan pantomimasının keçmişi ilə yanaşı, bu gününü və gələcək inkişaf imkanlarını da düşündürür.

Təsadüfi deyil ki, bunu bilənlər də az deyil. Baxın, “Şinel”in nümayişindən sonra aktyor heyəti səhnəyə çıxdı. Tamaşaçılar onları alqışlarla qarşıladılar. Bu mənzərəni izləyərkən düşündüm ki, teatr alqışı yalnız ifanın sonunda verilən qiymət deyil. Bəzən həmin alqışın içində bir kollektivin uzunmüddətli əməyi, sənətə sədaqəti, yetişdiyi məktəb və onu formalaşdıran insanların zəhməti də yaşayır.

Səhnəyə qalxan heyətin alqışlanması ilə bağlı məndə yaranan təəssürat da belə idi. Bəxtiyar Xanızadə həmin an fiziki olaraq orada olmasa da, onun adı və Azərbaycan pantomima sənətinin inkişafındakı xidmətləri düşüncəmdə həmin alqışlarla birləşirdi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova festivalın simvolunu “Şinel” tamaşasının quruluşçu rejissoru Ceyhun Dadaşova təqdim etdi. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən isə teatr kollektivinə Təşəkkürnamə və xatirə hədiyyəsi verildi.

Böyükxanım Talıbovanın bu sənət uğurundan danışarkən Bəxtiyar Xanızadənin əməyini və sənət məktəbinin rolunu vurğulaması mənim üçün ayrıca əhəmiyyət daşıdı. Çünki mədəniyyət sahəsində peşəkar yanaşma yalnız nəticəni görməkdən ibarət deyil. Həmin nəticənin arxasındakı zəhməti, yaradıcılıq ənənəsini və insan amilini də qiymətləndirmək lazımdır.

Mən Böyükxanım Talıbovanın teatr sənətinə münasibətində məhz bu həssaslığı - sənətkarların əməyini görmək və dəyərləndirmək yanaşmasını - vacib hesab edirəm. Teatr fədailərinin fəaliyyəti çox vaxt gündəlik xəbərlərin və tədbir hesabatlarının arxasında qalır. Halbuki bir teatr məktəbinin formalaşması, yaşaması və inkişafı illərlə davam edən yaradıcı zəhmətin nəticəsidir.

Bəxtiyar Xanızadənin adının belə bir məqamda çəkilməsi həm ustadın əməyinə ehtiram, həm də teatrda varislik anlayışının əhəmiyyətini xatırladan məqam idi.

 

Arazın iki sahili, minlərlə taleyin ortaq ağrısı

 

Bəzən teatr səhnəsində bir çaydan danışılır, amma əslində bir xalqın taleyi, bölünmüş coğrafiyanın yaddaşı və minlərlə insanın qəlbində daşıdığı həsrət dilə gətirilir. V Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günündə Ərdəbil Moqan Honar Teatrının təqdim etdiyi “İçimdə bir Araz addımlayır” tamaşası da məhz bu ağrılı yaddaşa üz tutur. Əsərin adındakı Araz yalnız coğrafi sərhəd deyil; o, Şimali və Cənubi Azərbaycan arasında uzanan ayrılığın, qovuşa bilməyən insanların, yarımçıq qalan talelərin və nəsillərdən-nəsillərə ötürülən həsrətin rəmzidir.

Araz əsrlərdir Azərbaycan yaddaşında ikili məna daşıyır: bir tərəfdən torpaqları birləşdirən təbii varlıq, digər tərəfdən sahilləri ayıran sərhəd. Onun suları axıb getsə də, sahillərində qalan nisgil bitmir. Çünki bu çayın tarixə çevrilmiş adı minlərlə insanın şəxsi taleyinə yazılıb. Bir-birindən ayrı düşən ailələr, uzaqda qalan doğmalar, görüşü intizara çevrilən insanlar, özünü bütöv bir vətənin parçası hiss etsə də, onun o biri sahilinə həsrət qalan ürəklər... Arazın ağrısı məhz bu fərdi talelərin ümumiləşərək milli yaddaşa çevrilməsindədir.

Tamaşanın ideya mərkəzində dayanan “içimdə” sözü də təsadüfi deyil. Araz yalnız kənardan görünən, xəritədə cızılan çay deyil; o, insanın daxilində axan, yaddaşını və duyğularını hərəkətə gətirən bir ağrıdır. İnsan bəzən doğulduğu torpaqdan uzaq düşür, bəzən öz doğmalarına qovuşa bilmir, bəzən də heç vaxt yaşamadığı ayrılığın həsrətini əvvəlki nəsillərdən miras alır. Beləcə, coğrafi sərhəd insanın daxili dünyasına keçir, şəxsi hissə, ailə yaddaşına və milli kimlik duyğusuna çevrilir.

Arazın iki sahili arasındakı məsafə yalnız kilometrlərlə ölçülmür. Bu məsafənin içində deyilməmiş sözlər, çatdırılmamış məktublar, yarımçıq görüşlər, gözləməkdən yorulan ömürlər var. Çayın bir sahilində qalanın baxışı o biri sahilə dikilir, amma suyun axarı qovuşmaq istəyən talelərin yolunu kəsir. Elə buna görə Arazın yaratdığı dağ yalnız torpağın üzərində deyil, insanların sinəsindədir. Bu, ayrılığın görünməyən, amma nəsillər boyu ağırlığını qoruyan dağıdır.

 

Arif Məhtabın müəllifi olduğu, Qərib Mənuçehrin quruluş verdiyi tamaşada Davər Fərmani və Nəstəran Əkbərzadənin səhnə tərəfdaşlığı bu ideyanın insan taleləri üzərindən açılması üçün mühüm imkan yaradır. İki aktyorun iştirakı ilə qurulan səhnə dünyasında əsas məsələ yalnız hadisəni danışmaq deyil, ayrılığın insan ruhunda buraxdığı izi duyurmaqdır. Yaşar Haşiminin musiqi və vokal tərtibatı da bu emosional mühitin yaradılmasında mühüm vasitəyə çevrilə bilər: sözün çatmadığı yerdə səs, sükut və musiqi həsrətin ifadəsini üzərinə götürür.

Tamaşanın adı həm də ağrının insan daxilində necə yaşadığını düşündürür. Araz insanın içində addımlayırsa, deməli, bu ayrılıq keçmişdə qalmayıb. O, xatirələrdə, danışılan ailə hekayələrində, doğma torpağa bağlılıqda, bir gün qovuşmaq arzusunda yaşamaqda davam edir. Burada Şimali və Cənubi Azərbaycan mövzusu yalnız tarixi-coğrafi məsələ kimi deyil, insanın bütövlük ehtiyacı, doğmalıq hissi və mənəvi bağlılıq müstəvisində təqdim olunur.

Bu baxımdan əsərin ideyası konkret bir sərhədin təsvirindən daha geniş məna qazanır. Araz həm də insanları ayıran bütün görünməz sərhədlərin obrazıdır. Lakin tamaşanın milli yaddaşla bağlı əsas emosional yükü məhz Azərbaycan reallığından - Arazın iki sahili arasında formalaşmış həsrətdən, Şimali və Cənubi Azərbaycan arasında qalan mənəvi körpüdən qaynaqlanır. Bu həsrətin gücü ondadır ki, o, yalnız keçmişə aid deyil; bu gün də yaddaşda yaşayan, insan talelərinə təsir edən duyğudur.

V Şəki Beynəlxalq Teatr Festivalında nümayiş olunan “İçimdə bir Araz addımlayır” tamaşası bu mənada tamaşaçını bir çayın sahillərinə deyil, insanın qəlbindəki ayrılığın dərinliyinə baxmağa çağırır. Çünki bəzən bir xalqın tarixini anlamaq üçün böyük hadisələri sadalamaq yox, həmin hadisələrin insanın içində qoyduğu izləri görmək lazımdır. Arazın hekayəsi də məhz belə bir hekayədir: coğrafiyanın taleyə, sərhədin həsrətə, çayın isə minlərlə insanın sinəsində dağ çəkən yaddaşa çevrilməsinin hekayəsi.

 

Özbək səhnəsinin rəngləri və Şəkinin teatr yaddaşında qalan beş gün

 

V Şəki Beynəlxalq Teatr Festivalının son pərdəsi Özbəkistan teatrının coşqusu ilə bağlandı. Sadə, məzmunlu və bir o qədər də əyləncəli.

Beş gün ərzində müxtəlif ölkələrin teatr sənətini Şəkidə bir araya gətirən V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 5-də Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatı ilə yekunlaşıb. Festivalın sonuncu günündə nümayiş olunan “Məsxərəboz-Şou” tamaşası özbək xalqının adət-ənənələrini, yumorunu və milli koloritini səhnənin canlı enerjisi ilə tamaşaçılara çatdırdı.

Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarovanın quruluş verdiyi tamaşanın rəssamı Yevgeniya Biserovadır. Bahodir Əhmədov, Naufal Süleymanov, Əsgər Hikmətov, Fayzulla Əsgərov və Bəxtiyar Turgunovun ifasında təqdim olunan səhnə nümunəsi şıltaqlıq, yumor və coşqu üzərində qurulan ifadə vasitələri ilə seçilib. Tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanan bu təqdimat festivalın son gününə bayram əhvalı gətirdi. Daha doğrusu, ritmik özbək ruhuna köklədi.

Teatrın milli kimliyi yalnız klassik dramaturgiya və ya tarixi mövzularla deyil, xalqın gündəlik həyatında yaşayan yumor, davranış formaları, ənənələr və kollektiv yaddaş vasitəsilə də üzə çıxır. “Məsxərəboz-Şou”nun festival proqramındakı əhəmiyyəti də bu baxımdan diqqətəlayiqdir: özbək mədəniyyətinin səhnə ifadəsi başqa ölkədən gələn tamaşaçılarla canlı ünsiyyət qurmaq, fərqli mədəniyyətləri gülüş və emosional təmas vasitəsilə yaxınlaşdırmaq imkanı yaradıb.

 

Festivalın son tamaşası eyni zamanda beş gün ərzində formalaşan beynəlxalq teatr dialoqunun rəmzi yekunu oldu. Qazaxıstan, Özbəkistan, İran və Azərbaycanın teatr kollektivlərinin iştirakı ilə keçirilən festival müxtəlif teatr ənənələrini, səhnə dillərini və bədii yanaşmaları eyni məkanda görüşdürüb. Bu görüşün dəyəri yalnız tamaşaların nümayişi ilə məhdudlaşmırdı: hər bir kollektiv öz mədəni təcrübəsini təqdim edir, teatr vasitəsilə başqa xalqların duyğu və düşüncə dünyasına yaxınlaşmaq imkanı qazanırdı.

Tamaşadan sonra festivalın simvolunun Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova tərəfindən quruluşçu rejissor Malika İskandarovaya təqdim olunması, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin isə teatrın direktoru Zülfiyyə Xamrayevaya “Təşəkkürnamə” verməsi festivalın rəsmi bağlanış mərasiminin mühüm məqamlarından oldu.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov festivalın qonaqları olan Qazaxıstanın Nartay Bekejanov adına Kızılorda Vilayəti Qazax Akademik Musiqili Dram Teatrının, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının və Ərdəbil Moqan Honar Teatrının yaradıcı heyətlərinə “Qızıl Pərdə” mükafatını təqdim etdi. O, çıxışında festivalın əhəmiyyətini vurğulayaraq onun Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrdən danışdı.

Festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin tədbiri mətbuatda və televiziya kanallarında geniş və peşəkar şəkildə işıqlandıran media nümayəndələrini təltif etməsi də bu teatr hadisəsinin ictimaiyyətə çatdırılmasında medianın rolunu önə çıxardı və beləcə teatrdan onsuz da az-az yazan nadir imzalara stumul oldu.

Beləcə V Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı. Beş gün ərzində Şəki müxtəlif ölkələrin teatr sənətini, fərqli səhnə düşüncələrini və xalqların mədəni yaddaşını bir araya gətirdi. Səhnələrdə tamaşalar oynanıldı, alqışlar səsləndi, sənət adamları görüşdü, yeni təəssüratlar və yaradıcılıq əlaqələri yarandı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!