Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsindən dördüncü yazını təqdim edirik.
İlham RƏHİMLİ
Murad Muradov
(1884-2.11.1964)
Milli səhnəmizin məşhur həvəskar aktyorlarından olan Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində doğulub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı Realnı məktəbdə davam etdirib. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. Murad Muradov səhnəyə ilk addımını 1897-ci ildə Şuşa şəhərində atıb. 1900-cü ildə Bakıya gələn Murad Muradov canlı teatr prosesinə qoşulub və müxtəlif obrazlar oynayıb. "Müsəlman dram artistləri cəmiyyəti"ndə, "Nicat" və "Səfa" truppalarında çalışıb, əsasən epizod rolların ifaçısı kimi tanınıb. 1919-cu ildən isə müəyyən fasilələrlə Akademik Milli Dram Teatrında işləyib.
İfa etdiyi əsas rollar: Həmzə bəy, Çingiz ("Dağılan tifaq" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hacı Məsud ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Cəbi, Fəxrəddin ("Hacı Qəmbər" və "Müsibəti Fəxrəddin", Nəcəf bəy Vəzirov), Rzaqulu xan ("Nadir şah", Nəriman Nərimanov), Ərəb zabiti ("İblis", Hüseyn Cavid), Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Koçkaryov, Bobçinski ("Evlənmə" və "Müfəttiş", Nikolay Qoqol), Şpipelberq ("Qaçaqlar", Fridrix Şiller), Mirzə Rzaqulu ("Vətən", Namiq Kamal), Keşiş Anton ("Dubrovski", Aleksandr Puşkin), El ağsaqqalı, Əhməd kişi ("Vaqif" və "Xanlar", Səməd Vurğun), Tacir ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Soldat ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib), Müxbir ("İntiqam", Zeynal Xəlil), Alman casusu ("Vəfa", Rəsul Rza), Səlhəbçi ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), İngilis müxbiri ("Od içində", Ənvər Məmmədxanlı), Heydər ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Şəhərli ("Tufan", Aleksandr Ostrovski), Senator ("Otello", Uilyam Şekspir), Həmzə bəy ("Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Əbülyəhya ("Şeyx Sənan", Hüseyn Cavid), Rza bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Don Qusman Briduazon ("Fiqaronun toyu", Pyer Bomarşe), Keşiş ("On ikinci gecə", Uilyam Şekspir), Andronio ("Rəqs müəllimi", Lope de Veqa), İmamqulu ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Karobnin ("Müfəttiş", Nikolay Qoqol), Həkim ("Türkiyədə", Nazim Hikmət), Həkim ("Həyat", Mirzə İbrahimov), Metr Dotel ("Qardaşlar", Rəsul Rza), Cəfər Cabbarlının dramalarının tamaşalarında Qorodonaçalnik ("1905-ci ildə"), Dustaq ("Od gəlini"), Əliverdi və Mürsəqulu ("Yaşar"), Muxan ("Oqtay Eloğlu"), Xudayar ("Dönüş"),
1959-cu ilin may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında iştirak edən Murad Muradov Azərbaycanın ilk mədəniyyət xadimlərindəndir ki, 1933- cü ildə o dövr üçün SSRİ-nin ən şərəfli mükafatlarından sayılan Əmək qəhrəmanı adına layiq görülüb. Zəhmətkeş aktyor, fədakar teatr xadimi, milli peşəkar teatrımızın 75 illik yubileyi münasibətilə 21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının fəxri adı ilə təltif olunub. Murad Muradov 1964-cü il noyabr ayının 2-də Bakıda vəfat edib.
Cəlil Bağdadbəyov
(1887-21.4.1951)
Cəlil Bağdadbəyov Qarabağ əsilzadələrindən olan Əmrah bəyin ailəsində 1887-ci ildə Şuşada doğulub. Atası şəhərin sayılıb-seçilən hörmətli bəylərindən idi və elmə, təhsilə yüksək qiymət verirdi. Millətin işıqlı gələcəyini elmdə, mədəniyyətdə, mənəvi tərəqqidə görən Əmrah bəy oğluna Şuşadakı mütərəqqi məktəbdə təhsil verib. İti zehni, kəskin yaddaşı və gözəl qavrama qabiliyyəti, yüksək daxili mədəniyyəti, zəngin mənəvi aləmi olan, milli folklora, etnomədəni irsə erkən yaşlarından dərin rəğbət bəsləyən Cəlil Bağdadbəyov təhsilini Peterburq gimnaziyasında davam etdirib.
1904-cü ildə Bakıya qayıdan Cəlil Bağdadbəyov müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. 1907-ci ildə bir yaşı yenicə tamam olan "Nicat" mədəni-maarif cəmiyyətinin dram truppasına aktyor götürülüb. "Nicat", "Səfa" teatr truppalarında, Hüseynqulu Sarabskinin təşkil və rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ində aktyorluq edib. 1920-ci ildə Milli Dram Teatrının truppasına götürülüb. Arada Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da işləyib (1922 - 1923).
İfa etdiyi əsas rollar: Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", yaxud "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Nəcəf bəy, Dərviş, İbrahim xan ("Dağılan tifaq", "Pəri Cadu" və "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Ərəb sərkərdəsi və Qeys ("Xalid ibn Valid", Yusif Talıbzadə), Rüstəm ("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə), Qulu ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Şümür ("Yezid ibn Müaviyə", Mehdi bəy Hacınski), Behbud ("Ənuşirəvani-adil", Əbdürrəsul Şərifzadə), Ümmül-Qeys, Əsli ("Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Təbib ("Zorən təbib", Jan Batist Molyer), Rotsman ("Qaçaqlar", Fridrix Şiller), Çavuş Abdulla ("Vətən", Namiq Kamal), Məmmədşəfi ("Məkri-zənən", Əhməd Qəmərlinin təbdili), Alekseyev ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", Baxmetov), Ərəb və Don Dieqo ("Əl Mənsur", Henrix Heyne), Təhmas və Zabit ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Manassa ("Uriel Akosta", Karl Qutskov), Kral Lüdoviq ("Nel qülləsinin sirri", Aleksandr Düma), Rıtsar ("Dəhşətli röya", Herhart Hauptman), Qraf Kent, Rodriqo ("Kral Lir" və "Otello", Uilyam Şekspir).
Cəlil Bağdadbəyov Şamaxı, Salyan, Ağdaş, Zaqatala, Qaryagin (Füzuli), Şuşa, Ağdam, Şəmkir, Naxçıvan, Ordubad şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarına müntəzəm yaradıcılıq yardımı göstərib. Orada həm aktyor, həm rejissor kimi çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb. 1922-ci ilin sentyabrından 1924-cü ilin axırlarına qədər Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında aktyor olub. 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yerlərdə mədəniyyətin yüksəldilməsi üçün Orta Asiyaya göndərilib. Qayıtdıqdan sonra yenə müxtəlif teatrlarda işləyib.
Bütün ömrünü teatr sənətinin tərəqqisinə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən, yorulmadan və coşqun fədakarlıqla çalışan Cəlil Bağdadbəyov 17 iyun 1943-cü ildə, Şuşa teatrında işləyərkən Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. Fədakar səhnə xadimi 1951-ci il aprel ayının 21-də Bakıda vəfat edib.
Ələkbər Hüseynzadə
(3.10.1887-4.11.1967)
Azərbaycan Respublikasının əməkdar artisti (1957), Stalin mükafatı laureatı (1946. "Arşın mal alan" filmində Soltan bəy roluna görə) Ələkbər Hüseyn oğlu Hüseynzadə 1887-ci il oktyabr ayının 3-də Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-türk məktəbində təhsilini davam etdirib. İlk dəfə səhnəyə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov Nəzmi) tamaşasında Molla Cəbi rolunda çıxıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb.
Özbəkistanın Səmərqənd, Daşkənd, Əndican, Türkmənistanın Aşqabad şəhərlərində qastrol tamaşaları verib. Dəfələrlə Aşqabadda olan, orada teatrın təşəkkülündə xidmət göstərən Ələkbər Hüseynzadə 1920-ci illərin ortalarından 1930-cu illərin sonunadək oradakı həvəskarlar truppasında və Aşqabad Dövlət Azərbaycan Dram Teatrında çalışıb. 1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı, əsasən, realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olub.
İfa etdiyi əsas rollar: Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin tamaşalarında Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Qoca zabit ("Dağılan tifaq"), Həsən ("Ac həriflər"), Təlxək ("Pəri Cadu"), Cəfər Cabbarlının dramlarında Babakişi ("Sevil"), Hacı Əhməd ("Almaz"), Allahverdi ("1905-ci ildə"), həmçinin Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), İsgəndər xan ("Ağakərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Ədhəm xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Əmir, Qraf İqnatov ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Lodoviqo ("Otello", Uilyam Şekspir), Abdulla çavuş ("Vətən", Namiq Kamal), Zabit ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Türen ("1812-ci il və yaxud Moskva yanğını", Baxmetov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edən Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov).
Aktyor "Arşın mal alan" operettasındakı Soltan bəy rolunu Opera Teatrının və Musiqili Komediya Teatrının quruluşlarında da oynayıb. Ələkbər Hüseynzadə "Almaz" (Hacı Əhməd), "Qara daşlar" (Ağa Nemətulla), "Altıncı hiss" (Hüseynov), "Bizim küçə" (Kişi), "İyirmi altılar" (1966. Qoca), "Kölgələr sürünür" (Murtuz), "Qız qalası" (Əyan), "Ögey ana" (Ayazın atası), "Sehrli xalat" (Qoca), "Səhər" (Kəndli) bədii filmlərinə çəkilib. Aktyor 1967-ci il noyabr ayının 4-də Bakıda vəfat edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!