Unudulmayanlar - III yazı - İlham RƏHİMLİ - İlham RƏHİMLİ

Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsindən üçüncüsünü təqdim edirik.

İlham RƏHİMLİ

Əvvəli burada

Əhməd Qəmərli
(9.5.1880-9.3.1952)

Teatr aləmində "Qəmərlinski" kimi də tanınır. Əsl soyadı Məlikovdur. Əhməd Haşım oğlu Məlikov 1880-ci il may ayının 9-da Bakı şəhərində doğulub. Atası elmə, təhsilə qiymət verən kişi idi. Moskva və Varşava şəhərləri ilə ticarət əlaqəsi yaratmaq istəyirdi. O, buna görə Əhmədi on yaşına çatanda İçərişəhərdə məşhur qazı axund Mirzə Cavadın yanına dini təhsil almağa qoyub. Əhmədin iti zehni, çalışqanlığı, mütaliə həvəsi Mirzə Cavadın diqqətini cəlb edib. Onun təklifi ilə Haşım kişi oğlunu türk-rus məktəbinə verib. Dərslərini  əla qiymətlərlə oxuduğuna görə müəllimlərin təşəbbüsü ilə Əhməd Qəmərli möhtəşəm ziyalı, gözəl pedaqoq və coşqun teatr təşkilatçısı Sultan Məcid Qənizadənin məktəbinə köçürülüb. Burada o, gələcəyin səhnə xadimləri Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə oxuyub.

Əhməd Qəmərli səhnəyə ilk dəfə 1907-ci ildə "məhəllə teatrı truppasında" Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" məsxərəsində Cənnətəli rolu ilə çıxıb. 1909-cu il yanvar ayının 2-də bu rolu "Nicat" truppası ilə də oynayıb. Tamaşaçılar arasında geniş şöhrət və məhəbbəti isə Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" faciəsində İblis (Şeytan) rolu ilə olub. Hətta 1912-ci ildə aktyorun bu rolda çəkilmiş şəklini çap edən reklam xarakterli afişa və proqramlar buraxılırdı.

1919-cu ildə Bakıdakı truppalar birləşib Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayanda Əhməd Qəmərli həmin kollektivin aktyor truppasına qəbul olunub. 1921 - 1924-cü illərdə burada işləməklə  yanaşı, Bakı Türk Azad Tənqid və Təbliğ  Teatrında da aktyorluq edib.

Əhməd Qəmərlinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundzadənin komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib  ("Lənkəran xanının vəziri"),  Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Serge Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan  Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov).

1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyli), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi) rollarını oynayıb.

Əhməd Qəmərli dramaturq kimi də fəaliyyət göstərmişdir. Orijinal və təbdil edilmiş "Tamahkarlıq, yaxud cavanlar məişəti", "Rüstəm və Söhrab", "Tufani- Kərbəla", "Məkri-zənən", "Eşq və məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq", "Vətən uğrunda", "Partizan oğlu", "Alman köpəyi", "Oxumayacağam", "Qazı", "Evdar Abbas", "Bəhlul Danəndə", "Molla Zaman", "Usta Qəni", "Yusif və Züleyxa", "Tahir və Zöhrə", "Uşaq duası", "Arşın malı" vodevilləri, məzhəkələri, pyesləri və təbdilləri var. Jan Batist Molyerdən etdiyi "Zorən təbib" təbdili daha məşhurdur.

Əhməd Qəmərli "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "İsmət", "Almaz" (Kənd sovet sədri), "Səbuhi" bədii filmlərinə çəkilib. Səhnə sənətindəki xidmətlərinə görə 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Əhməd Qəmərli 1952-ci il mart ayının 9-da Bakıda vəfat edib.

 

Mirmahmud Kazımovski
(1882-1.12.1940)

On doqquzuncu əsrin sonlarında səhnəyə gəlmiş Mirmahmud Mirələkbər oğlu Kazımovski Azərbaycanın ilk peşəkar aktyorlarındandır. O, səhnə sərbəstliyi, realist boyalarının təbiiliyi, ifadə vasitələrinin səmimiliyi ilə tamaşaçıların rəğbətini qazanmışdı. 1882-ci ildə Bakıda doğulub və burada maarifpərvər teatr xadimi Həbib bəy Mahmudbəyovun üçsinifli rus-türk (Azərbaycan - İ.R.) məktəbində oxuyub, gələcəyin böyük aktyoru Hüseyn Ərəblinski ilə dostlaşıblar. Bir yerdə səhnəyə ilk dəfə 9 mart 1897-ci ildə müəllimləri Sultan Məcid Qənizadənin hazırladığı "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundzadə) tamaşasında çıxıblar. Həmin gündən başlayaraq Cahangir Zeynalovun ev tamaşalarında (öz mənzilində göstərilən əsərlərdə) oynamağa başlayıb. Sonralar "Müsəlman dram artistləri" dəstəsində, əsasən, "Nicat"ın truppasında və az-az müddətlərdə müxtəlif teatr bölmələrində, həvəskarların dərnəklərində aktyorluq edib.

Yaradıcılığı bugünkü Akademik Milli Dram Teatrı ilə sıx bağlı olan Kazımovski iyirminci illərin əvvəllərində Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. Ömrünün son illərində fəxri təqaüddə olsa da, Akademik Milli Dram Teatrının tamaşalarında oynayıb. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib. O, aktyorluqla yanaşı, dramaturji fəaliyyətlə də məşğul olmuşdur. "Nə qanır, nə qandırır", "Vurhavur", "Daşım-daşım", "Molla Cəbi" ("Molla Cəbi və yaxud kəndxuda"), "Cümcümü bəy", "Həmşəri mənzili", "Yaftuməli" adlı kiçikhəcmli dram və vodevillərin müəllifidir.

Aktyorun ifa etdiyi əsas rollar: Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), İvan bəy, Cahangir bəy, Əhməd ("Keçmişdə qaçaqlar", "Pəhlivanani-zəmanə" və "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Mirzə Hüseyn və Azarlı ("Ölülər", Cəlil Məmmədquluzadə), Gürcü sərkərdəsi və Suxrani, Həmzə ("Ağa Məhəmməd şah Qacar" və Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Elçi ("Nadir şah", Nəriman Nərimanov), Molla ("1905-ci ildə", Cəfər Cabbarlı), Matvey ("Azərbay və Can", İsa bəy Aşurbəyli), Qurban kişi ("Vaqif", Səməd Vurğun), Kolxozçu ("Toy", Sabit Rəhman), Piri baba ("Qızıl çeşmə", Qurban Musayev), Allahqulu ("Çəkməçi Seyfulla", Məmmədhəsən Həsənov-Mərəndi. Əsərin adı "Pinəçi Seyfulla" kimi də yazılıb), Nozər ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Rodriqo, Əczaçı ("Otello" və "Romeo və Cülyetta", Uilyam Şekspir), Bəxtiyar bəy, Podpolkovnik ("Namus", yaxud "Akif bəy" və "Vətən", Namiq Kamal), Knyaz Djerikov ("Qafqaz çiçəkləri", Rudolf Bodşalt), De Kastre ("1812-ci il", yaxud "1812-ci ildə Moskva yanğını", K.Baxmetov), Heydər bəy ("Cövdət bəy", Məhəmməd Ehsan).

1938-ci il dekabrın 4-də Mirmahmud Kazımovskiyə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. Aktyor "Bakılılar", "Kəndlilər", "Bismillah" bədii filmlərində epizod rollara çəkilib. Cəfakeş sənətkarın oğlu Rauf Kazımovski Azərbaycan Dövlət Televiziyasının məşhur rejissorlarından olub. Onun oğlu Mirələkbər Kazımovski və nəvəsi Ələkbər Kazımovski televiziya rejissoru olub. Mirmahmud Kazımovski 1940-cı il dekabr ayının 1-də  Bakıda vəfat edib.

 

Rza Darablı
(1883-23.3.1942)

Əsl soyadı Hüseynov olan Rza Nəcəfqulu oğlu 1883-cü ildə Bakıda doğulub. Darablı onun səhnə təxəllüsüdür. Erkən yaşlarından atasını itirib və yetimçiliyin ağrı-acısını çəkməli olub. Müəyyən məhrumiyyətələrə baxmayaraq, rus-türk məktəbində oxuyub. Ailəsini dolandırmaq üçün yeniyetmə çağlarına qədəm qoyar-qoymaz məcburiyyət qarşısında müxtəlif işlərdə çalışıb və ailənin güzəranını qurmağa səy göstərib. 1911-ci ilin sonlarından ara-sıra "Nicat" truppasının opera tamaşalarında xorda oxuyub. Bir müddət sonra "Darablı" və "Darablinski" təxəllüsləri ilə epizod rollarda çıxış edib və əsasən "Nicat" cəmiyyətinin keçirdiyi böyük "Şərq müsamirələrində" parodiyalar göstərməkdə, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Əhməd Ağdamski, Mirzağa Əliyev kimi tanınmış akytorları yamsılamaqda xüsusi ad çıxarıb, özünə çoxlu pərəstişkar qazanıb.

Əsasən komik aktyor kimi formalaşan və sevilən Rza Darablı dramatik, fəci, tipik xarakterli rollarda da bacarıqla çıxış etmişdir. 1919-cu ildə Dövlət Teatrı (bugünkü Akademik Milli Dram Teatrı) təşkil olunana qədər "Nicat" və "Səfa" cəmiyyətinin teatr truppalarında, az müddət Hacıbəyli qardaşlarının "Müdiriyyəti"ndə, Şərifzadənin 1917-ci ildə yaratdığı "Müsəlman artistləri ittifaqı"nda aktyorluq edib. Hökumət teatrının truppasına ilkin daxil olan aktyorlardan biri də Rza Darablıdır.

İfa etdiyi əsas rollar: Qacar, Həmzə bəy,  İblis ("Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" və "Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şah Təhmas, Şamdan bəy ("Nadir şah Əfşar" və "Dilin bəlası", Nəriman Nərimanov), Hüseyn Cavidin faciələrində Serqo və Şeyx Sənan ("Şeyx Sənan"), İblis və İbn Yəmin ("İblis"), Knyaz ("Knyaz"), Cəfər Cabbarlının pyeslərinin tamaşalarında Mustafa  paşa ("Ədirnə fəthi"), Haris və Ənvər bəy ("Trablis müharibəsi"), Tofiq bəy ("Bakı müharibəsi"), İbad ("Almaz"), Əbdül ("Solğun çiçəklər"), Əmiraslan bəy Salamov ("1905-ci ildə"), Yanardağ ("Od gəlini"), Belekurov ("Yaşar"), Nəcəf bəy Vəzirovun dramlarında İsmayıl bəy ("Keçmişdə qaçaqlar"), Şahmar bəy ("Müsibəti Fəxrəddin"), həmçinin Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), Qəhtan ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Qraf Elster ("Kral Lir", Uilyam Şekspir), Mixail Petroviç ("Qaçaq Kərəm", Vano Mçedaşvili), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Məstəlişah ("Müsyö Jordan və dərviş Məstəlişah",  Mirzə Fətəli Axundzadə), Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Timuşka ("Dəhşətli röya", Herhard Hauptman), Arsini ("Nel qülləsinin sirri", Aleksandr Düma), Ursus ("Gülən adam", Viktor Hüqo), Qapral Barbaru ("İntervensiya", Lev Slavin), Mironov ("Özgə uşağı", Vasili Şkvarkin), Məhkəmə sədri ("Dubrovski", Aleksandr Puşkin), Osip ("Müfəttiş", Nikolay Qoqol), Molla Ağabala ("Toy", Sabit Rəhman), Antonio ("Fiqaronun toyu", Pyer Bomarşe).

Rza Darablı Azərbaycanın ilk parodiya (təqlidçi) aktyorlarından biridir. O, tək və həmsənət dostu Əbülhəsən Anaplı ilə 1910-cu illərin ortalarından başlayaraq vaxtaşırı xüsusi konsert proqramları ilə çıxışlar ediblər.

Rejissorluq fəaliyyəti Rza Darablının yaradıcılığının ayrılmaz bir qolunu təşkil edir. O, bu sənətdə qüvvəsini ilk dəfə 1919-cu ildə sınamışdır. Həmin il "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin xəli, yaxud istibdadın sonu" (6 yanvar) və Cəfər Bünyadzadənin "Üç yoldaş" (6 iyun) dramlarını tamaşaya hazırlamışdır. Bundan sonra aktyorluqla fəal məşğul olmuşdur. Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alıb (1925 - 1928) qayıtdıqdan sonra bir müddət həm aktyorluqla məşğul olmuş, həm də Aleksandr Tuqanovun quruluş verdiyi Konstantin Trenyovun "Düşmənlər" (4 noyabr 1929), Viktor Hüqonun "Gülən adam" (13 fevral 1930), Hüseyn Cavidin "Knyaz" (31 mart 1930), Yakov Varşavskinin hazırladığı "Yaşar" (22 dekabr 1932), Əhməd Tirinçin səhnə təfsirində Cəlil Məmmədquluzadənin "Ölülər" (16 fevral 1933), Sergey Mayorovun quruluşunda Uilyam Şekspirin "Hamlet" (17 aprel 1933) tamaşalarında rejissor assistenti və rejissor olmuşdur.

Rza Darablı Akademik Milli Dram Teatrında və Bakı Türk İşçi Teatrında quruluşçu rejissor kimi ilk fəaliyyət göstərib. "Azərbaycanfilm"də "Kəndlilər" (Hacı Həsən), "Qız qalası" (Əyan) və "Səbuhi" (epizod) kino lentlərində epizod rollara çəkilib. 1933-cü ildə milli peşəkar teatrımızın 60 illiyi münasibəti ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktyor və rejissor 1942-ci il mart ayının 23-də Bakıda vəfat eləyib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!