Müəllifin hörümçəklərlə bağlı ərsəyə gətirdiyi fəlsəfi qayə eyni vaxtda həm kölgə teatr estetikasında irreal təcəssümlə, həm də paraleldə real səhnələrlə çoxşaxəli oyun metodunun canlı təcəssümü vasitəsi ilə ifa olunmaqla açılır. Paralellərdə müxtəlif teatr ifadə vasitələri ilə, eləcə də bədən dili, göz, üz, mimika, jest, sarkazma qədər çatan hərəkət detalları ilə bütün səhnədə baş verənlərin müxtəlif təzadlarla təqdim olunması, qurulmuş səhnəciyin mətn məzmununu və ya rejissorun təxəyyül süzgəcindən süzülən vəziyyətin toqquşan və cilalanan oyun prinsipinin elastik keçidlərlə, rəngarəng çoxluqlarla zənginləşdirilməsi qeyri-səlis sistemin xüsusiyyətlərinin nəzəri qədər də praktiki gerçəkliyidir.
Əsərdə, əslində iki qadın taleyi bir personajda cəmləşmişdir. Biri ailəli kişi ilə görüşür, nəticədə mənasız həyat sistemində talesizliyə düçar olduğu üçün özünü günahkar hesab edir, özünü öldürmək qərarına gəlir, digəri isə ərinin ona xəyanət etdiyinə görə intiqam ala bilmədikdə, intihar etməyi qərarlaşdırır. Hər iki halda intihar baş məqsəd seçilir. Bir obraz daxilində iki ziddiyyətli vəziyyət, ruhi sarsıntı, psixoloji gərginlik, xilasa canatma və s. çoxluqları yaşamaq və bir-birindən ayıra-ayıra obrazlaşdırmaq aktyor üçün xüsusi həssaslıq tələb edir. Xədicə Məmmədova bu yaşantıların öhdəsindən peşəkarcasına gəlir. Digər personajlar (Siluet - Güney Əkbərova, Şəhvət - Pərvin Dadaşova, Kişi - Əmrulla Nurullayev) öz oyun kaleydoskoplarında o qədər canlı və ecazkardırlar ki, onların bir jestini belə gözdən qaçırmaq istəmirsən.
Tamaşanın sonuna yaxın baş verən özünüdərk - Obrazda hər iki qadının taleyini həll edə biləcəyi kimi görünür. Bütün ağrılardan, acılardan xilas olmağın tək yolunu intiharda görən Qadının özünü asmaq məcburiyyəti böyük Yaradandan gələn vəhyin diktəsi ilə pozulur. Bu mənasız niyyətin Tanrı tərəfindən puç edilməsi, hətta intiharı qəbul edən Siluetin ram olunması səhnəsində belə, öz rəngarəng çalarları ilə məntiqin məzmunda birləşməsinə xidmət edir. Sonda, "yaxşı ki, ölmədim!.. Sənə qurban olum, Allah" - deyə üzünü göylərə tutan Qadın və onun daxili dünyasının rəmzləri Siluetlə Şəhvətin də Qadınla həmrəyliyə gəlməsi sakral aləmin insanı ucalda bilən hisslərlə, duyğularla çulğadığının təcəssümüdür.
Bu səhnə, həyatını yalnız xoşbəxtlik axtarışında güdaza verən insanın sonda dərk etdiyi kimi, ömrü boyu eşqi uğrunda ağrılar, acılarla çarpışan Qadının axtardıqlarını tapması üçün mənasız axtarışlarla özünü güdaza verməmək gərək olduğunu səciyyələndirir. Gizlənən gerçəklərin bir vaxt özünün "civ-civi" ilə öz yerini göstərəcəyi anı gözləməyin vacibliyini təlqin edir. Bu konsepsiya məhz Qadını öz intuisiyasına inanmağa istiqamətləndirir. Siluetin və Şəhvətin timsalında civcivlərə çevrilərək öz yerini işarələyən an səhnəsi, həmin konsepsiyanın simvolunu göstərir. Civ-civlərin - Siluetlə Şəhvətin civildəyərək öz yerlərini işarələməsi, bir məna ətrafında birləşmələri xaos içindən ilmə-ilmə sıyrılıb çıxaraq rəvan hala düşən harmoniyanı ifadə edir. Hər iki duyğunun tələblərini laylalarla onları mənən qidalandırmaqla təmin edən Qadın bütün hisslərini, duyğularını barışdıra bilir və onlarla bir vəhdətdə birləşir. Elə o andaca Ruhiyyə Eyvazovanın həzin səsinin sədaları altında musiqi və söz müəllifi olduğum "Ağlama" nəğməsinin yanğıları soyudan melodiyası altında xoşbəxt dünyaya qovuşan Qadın daxili dünyasındakılarla birgə rəvan həyat ritmi ilə yaşam ahəngi tandemində bütövləşir və yeni həyata başlayır...
Əsas mərama nail olan tamaşanın qeyri-adi oyun performansı ilə düşüncəyə sirayət edən özəlliyi ondadır ki, şəffaf divarın o üzündəkiləri bu üzdən seyr edənlərin ruhuna hakim kəsilən Qadın taleyinin ağrı-acıları bahasına başa gələn saf və ülvi hisslər tamaşaçını düşüncələr içində salonu tərk etmək üçün müqəddəs ovqata kökləməyə xidmət edir və bacarır.
Erkək hörümçəyi dişi hörümçəyin intim vəziyyətdən sonra yeməsi fəlsəfəsinə bağlı səhnə də rəmzi məna daşıyır. "Kişi Qadının qidasıdır" anlamına gəlir. Belə yüksək mənəvi zənginlik yaradan sonluqla yekunlaşan tamaşada, irrealda əvvəlcə Qadının özünün, daha sonra onun Siluetinin və Şəhvətinin sonda hörümçəyə çevrilmələri və kişinin üzərində eşq hakimiyyətini möhkəmləndirmə görüntüsü ilə rəmzləşmələri, fikirlərin bir-birinə qarışıq xaosu içindən sıyrılıb çıxan harmoniyanı təzahür etdirir. Bu orijinal oyunun başlanğıcındakı fərqlilik kimi, təzim səhnəsinin özü də tamaşanın bir parçasına çevrilir. Sonda bir məntiq vəhdətində birləşən Qadın və onun daxili dünyalarını canlandıran Siluetlə Şəhvətdən öncə tamaşanın içindən, yəni "hörümçəklərin" caynağından qopub tamaşaçılarla qarşı-qarşıya gələn ağır gövdəli Kişinin - Əmrulla Nurullayevin çəkisinə uyğun olmayan, aktyorun istedadından irəli gələn xüsusi bacarıq imkanından doğan olduqca çevik, şirin rəqs hərəkətləri ilə təzimə gələrək səhnədə gözlənilməz şəkildə performans yaratması sürəkli və mehr dolu tamaşaçı alqışlarına səbəb olur. Etiraf etməliyəm ki, bu qarşılanmanı biz əminliklə gözləyirdik. Daha sonra, digər personajların da, hərəsinin özünəməxsus, ecaz dolu rəqsvari performansla təzimə gəlişləri və əl-ələ tutaraq, Kişini həmrəyliyə dəvət etmələri, Kişinin bir anlıq onlardan üz döndərdiyini göstərməsi və dərhal da diz çökərək Qadının və onun daxili duyğularının önündə təzim etməsi, Kişi-Qadın münasibətlərində Kişinin qadın qarşısında öhdəçiliyini rəsmləndirir.
Süjet ətrafında uydurulan oyun tipinin müxtəlifliklərlə cərəyan edən tamaşasında xaos içindən harmoniyaya doğru şütüyən işıq seli kimi, pesonajların yaşantılarından ilmə-ilmə sökülüb ayrılan və nəticədə məntiqə bağlanan sonluğunun, binarın klassik məntiqindən doğan, qeyri-səlis çoxluqlardan keçərək məntiqi harmoniyanın vəhdətini yaradan qeyri-səlis konsepsiyanın bir sistem içində cilalanan teatr sənətinə adaptasiyasını isbatlayır.
Oyunun bitdiyi anda hər üç personajın çiliklənərək sınıb donmaları səhnəsi tamaşada anlaşılmazlığın yeganə anlaşıqlığıdır. Yəni, yaşananların məhvərində çiliklənməyə deyil, sonun başlanğıcında yenidən doğulmağı öyrənməyə istiqamətləndirir.
Şübhəsiz ki, tamaşa oynandıqca bu yeni yanaşmada anlaşılmayan, hələ ki, bizim özümüzə də qaranlıq tərəfləri qalan və ya tam dərk olunmayan, daha doğru olar, deyək ki, tam cilalanmayan, istər fikir olaraq izahını dürüst ifadə edə bilmədiyimiz, istərsə də ifada özünü hələ ki, tam olaraq formalaşdıra bilməyən fikir potensialı getdikcə daha mənalı şəkil alacağına inanırıq. Çünki, Zadə nəzəriyyə haqqında danışarkən belə deyirdi: "Bunun vacib olacağını bilirdim, ancaq dünya miqyasında bir hadisə olacağını xəyal etmirdim". Biz də, hazırladığımız tamaşanın yeni sistem yaradacağına və getdikcə daha da təkmilləşəcəyinə inanır, hətta dünya teatr məkanında orijinal oyun nümunəsi kimi qəbul olunacağına, "Qeyri-səlis teatr" nümunəsi kimi özünü təsdiqləyəcəyinə var gücümüzlə inanır, "Ruhun şad olsun, böyük alim - Lütfi Zadə!" - deyə, səslənirik. Qarşıda bizi gözləyən festivallarda iştirak etmək arzusu ilə ümidlənirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!