- Dostlarla oturub-durmağı sevirsiniz, qonaqpərvərliyiniz də ki, öz yerində. Daha çox kimlər evinizin, süfrənizin qonaqları olublar?
- Yalnız Azərbaycandan danışsaq, ədəbiyyat adamları, müəllim dostlarım, Kərkükdən olan dostlar evimin ən əziz qonaqlarıdır. Kərkükdən indi də gəlib-gedirlər, görüşürük. Onlar məni çox istəyirlər. Onlarda bir Ərşad Hürmüzlü var, Abdulla Gülün vaxtında baş müşavir idi, kərküklüdü. İyirimi üç ildən sonra Kərkükə gedəndə deyiblər, sən Qəzənfər Paşayevsən?.. O bunu yazıb, jurnalda çap elətdirmişdi. Ancaq deyim ki, elə zahirən çox oxşarlığımız var.
- Bu nə ilə bağlıdı, o tərəfin adamı niyə bu qədər sizə can atır?
- 1966-cı ildə Kərkükdə olanda görkəmli şair Molla Məhəmməd Sadiqi ziyarət etdim. İki yaxşı kitabı çıxıb - "Düşüncələrim" (1956) və "Coşqun duyğularım" (1964). Kərküklü dostlarla getdik onunla görüşməyə. Molla deyil, savadına, bilgisinə, müdrikliyinə, aqil adam olduğuna görə molla ləqəbi veriblər. Bir çayxanada görüşdük. Oranın sahibi Hüseyn adında bir kişiydi, mən bunu "Altı il Dəclə-Fərat sahillərində" kitabımda da yazmışam. Bu Hüseyn biləndə ki, Azərbaycandan gəlmişəm, Kərkük şivəsi üzərində işləyirəm, məni qucaqladı, əlimdən öpdü. Dedi ki, sən mənim dilim uğrunda çalışırsan. Bu, 1966-cı ildə olub. Mən hələ onda çox az iş görmüşdüm. Ancaq sonra nə qədər işlər gördüm. Onların mənə olan məhəbbəti yəqin ki, daha çox gördüyüm işlərlə bağlıdı. Mənim "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" kitabım 2016-cı ildə Bakıda çıxdı, 2017-nin əvvəlində Ankarada bu kitabı kərküklülər üçün ərəb əlifbası ilə buraxdılar. Beş yüz nüsxə tirajla. İşdi də, görülüb. Bizim bir yazıçımız, şairimiz haqda xarici ölkədə bir yazı yazılanda necə qürurlanıb sevinirik, o da olsun kitablar. Həm də ki, doğmalıq var da, biz bir xalqıq.
- Özünüzü xoşbəxt saya bilirsinizmi? Əlbəttə, həyatda bütün meyarlar nisbidir. Bununla belə siz xoşbəxtliyə necə tərif verərdiniz?
- Bəli, xoşbəxtlik nisbi anlayışdır. Xoşbəxtlik ötəridir. Ancaq iki xöşbəxtlik var ki, o daimidir. Birinci, Vətənin azadlığıdı, müstəqilliyidi ki, bu daimi xöşbəxtlikdi. Biz artıq bunu qazanmışıq, artıq öz vətənimizin, öz torpaqlarımızın sahibiyik. Bu çox böyük xoşbəxtlikdir. İkincisinə gəlincə, lap elə özümdən deyim ki, iki əsrin, iki minilliyin qovşağında yaşamışam. Səksən il ömür sürmüşəm, bu xöşbəxtlik deyilmi? İnsan yüz əlli il də yaşaya bilər. Amma buna yaşamaq demək olmaz. Gərək ömrü mənalı yaşayasan. Mənə elə gəlir ki, ömrümü boşa xərcləməmişəm, müəyyən işlər görə bilmişəm. Mənə görə ən böyük xoşbəxtlik, daimi xoşbəxtlik adamın övladlarından yarımasıdır. Belə olanda adam dünyasını dəyişəndə də çox rahat gedir. Şükürlər olsun ki, ailəmdən, övladlarımdan nigarançılığım yoxdur.
- Bəs sizin atanız necə, övladlarından yarımaq, rahat olmaq xoşbəxtliyinə çata bildimi, bu dünyadan rahat köçdümü?
- Atam daimi xoşbəxtliyə çatdı. 1974-cü ildə dünyasını dəyişdi. Atamın sağlığında iki dəfə artıq İraqa gedib-gəlmişdim. Atam dünyasını dəyişəndə üçüncü dəfə İraqda idim. İlk gəlişimdə böyük qardaşıma maşın gətirdim. Tələbə olanda qardaşım mənə çox kömək eləmişdi. Atamın vəfatına qədər xeyli sayda kitabım çıxmışdı, müdafiə eləmişdim, kafedra müdiri işləyirdim. Hər dəfə xaricə uzunmüddətli ezamiyyətə gedəndə Bakıda iş yerində yığılan məvacibimin aylıq 50 faizini atama göndərirdim. O biri qardaşlarım da özlərinə görə işlərini qurmuşdular, yaxşı ailələri, uşaqları var. Yəni, atam bizdən nigaran getmədi. Vəsiyyətini yerinə yetirdik. Qumar oynamadıq, qiymətli daş-qaş yığmadıq. Bütün dünyanı gəzmişəm.
- Dini inanclara münasibətinizi bilmək istərdim. Bu gün Azərbaycanda ilahiyyat bilikləri insanların mənəvi təkamülündə nə dərəcədə rol oynayır?
- Söhbətimizin əvvəlində bu məsələyə bir qədər toxunduq. Yarandığı 1997-ci ildən indiyə qədər Qafqaz Müsəlmanları İdarəsində Elmi-dini şuranın üzvüyəm. Elmi-dini şuranın yaradılmasında ulu öndərin rolu böyük olub. Bəkir Nəbiyev, Fuad Qasımzadə oranın üzvü idi, onlar dünyasını dəyişdi. Bu şuraya akademik Vasim Məmmədəliyev rəhbərlik eləyir. O vaxt siyahıda olanlardan indi də yaşayanlar var. Mən Allaha çox inanıram. Alman filosofu Kant deyir ki, Allahın mövcud olub-olmadığını heç kim nə sübut, nə də inkar eləyə bilər. Sübut eləyə bilməz, çünki o təcrübə fövqündədi. Ancaq bizim əxlaqi şüurumuz tələb eləyir ki, biz onun varlığına inanaq. Həqiqətən də adamın qəlbində inam olanda çox rahat olur. Çətinə düşəndə insanlar Yaradandan kömək diləyir. Mən elə bir adam tanımıram ki, yaşa dolanda Allahın mövcudluğunu inkar eləsin. Məmməd Səid Ordubadi dünyasını dəyişən vaxt Bülbül onun yanında olur, qonşu olublar. Çox zarafarcıl adam olan Bülbül deyir: "Dədə, daha vaxt tamamdı, gedirsən, de görək Allah var, yoxsa yox? Ordubadi qayıdır ki, mənə şpitilni suallar vermə, qoy rahat ölüm. Məməd Səid Ordubadi ateist idi axı, dinlə bağlı felyetonlar da yazmışdı. İnsanın yetişməsində dinin rolunu danmaq olmaz. Təsadüfi deyil ki, şəxsiyyətin yetişməsində dörd amil irəli sürülür: şəriət, təriqət, mərifət, həqiqət.
- Axirət dünyası necə, ona inanırsınızmı? Nəsimi: "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" - deyəndə işıqlı dünyamızla, qaranlıq dünyanı nəzərdə tutmurmu?
- Bu, bəşəriyyət üçün həyati əhəmiyyəti olan bir məsələdir. İnsan inanmasa ki, o dünya var, cənnət var, cəhənnəm var, onun üçün ülvi heç nə qalmaz. İstədiyi kimi davranar, bu isə bəşəriyyət üçün böyük zərbə olardı. Müqəddəs saydığımız heç nə qalmazdı. Mənə belə gəlir ki, axirət dünyası məsələsi, yəni iki cahan məsələsi bəşəriyyətin ən böyük, mən deyərdim, bəlkə də ağlasığmaz kəşfidir.
Qədim yunan mifologiyasında bir süjet var. Mənə belə gəlir ki, o süjet sizin sualınıza cavab verməkdə mənə yardımçı ola bilər. Mifdə deyilir ki, möcüzəli şəkildə tütək çalan gənc oğlan nişanlısı ilə çəmənlikdə oturub tütək çalırmış. Qız hiss edir ki, nəsə qoluna toxunur. Əli ilə onu itələyir, sən demə qoluna toxunan ən zəhərli ilan imiş. Qızı çalır və qız dünyasını dəyişir. Ondan sonra oğlan gecə-gündüz elə qəmgin tütək çalır ki, insanlar ağlayırlar. Günlər həftələri əvəz edir, həftələr ayları. Bir gün insanlar yığışıb baş Allah Zevsin yanına xahişə gedirlər ki, gənc oğlan gedib qaranlıq dünyadan qızı gətirsin. İnsanların və allahların hökmdarı Zevs razılıq verir. Yeraltı aləmin hökmdarı olan qardaşı Aidə xəbər göndərir. Aid oğlanı qəbul edir. Oğlan yeraltı aləmlə maraqlanır. Aid deyir ki, bir gün işıqlı dünyada qul kimi yaşamaq axirət dünyanın min illik padşahlığından daha yaxşıdır.
Aid Zevsin əmrinə boyun əyərək gənc oğlanın nişanlısını qaytarmaq qərarına gəlir. Lakin oğlana dönə-dönə tapşırır ki, işıqlı dünyaya çatana qədər geri baxmasın. Qız arxasınca gələcək. Əgər geri baxsa, hər şey pozulacaq. Yola çıxırlar. Birdən tükürpədici bir səs-küy qopur, qız qışqırır. Oğlan arxaya çevrilir, lakin qız yoxa çıxır...
Vaqif müəllim, bilmirəm bu əfsanə çox ağır sualınıza cavab verməkdə mənə köməkçi ola bildimi? Hər halda nəticə çıxarılacaq əfsanədir.
- Hansı fəsil ürəyinizcədir və ilhamınızı qanadlandıran xüsusi vaxt, zaman kəsiyi varmı? Çox ağır sualdan sonra özüm bilə-bilə yüngül suala keçid etdim.
- Ürəyimə ən çox yatan yazdı. Həyat təzələnir, təbiət oyanır, insanda da bir dirçəliş əmələ gəlir. Yaradıcılıqla məşğul olmaq baxımından isti havaları daha çox xoşlayıram. Soyuq havada heç işləyə bilmirəm. Mənim otağım həm isti, həm də işıqlı olmalıdı. İki şeyə dözümüm yoxdu; işıq yanmayanda və hava soyuq olanda tam hərəkətsiz qalıram, əlim heç nəyə yatmır.
- Siz həyatınızın ən qaynar illərini Heydər Əliyev epoxasında yaşamısınız. Onun Azərbaycan üçün etdiklərini görmüsünüz, bilirsiniz. Bu dahi şəxsiyyət haqqında düşüncələrinizi bilmək istərdim.
- Heydər Əliyev dünyasını dəyişəndə mən "Xilaskar" adlı məqalə yazdım. Təxminən bir il sonra "Xilaskar" adlı film yarandı. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan tarixinə onun adı qızıl hərflərlə yazılmalıdır. Heydər Əliyev xalqın qayğısına qaldı. Səməd Vurğunun heykəlindən başqa bütün görkəmli şəxsiyyətlərin abidələri Heydər Əliyevin hakimiyyəti dövründə qoyuldu. Üzeyir Hacıbəyovun ev muzeyi istisana olmaqla, yerdə qalan bütün ev muzeylərinin təşkili onun xidmətidir. Nə qədər zəhmət adamı ən yüksək adlara layiq görüldü. Yaradıcı adamlar da onlar kimi. Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Bunlar hamısı bizim gözümüzün qarşısında baş verdi. Maraqlıdır ki, Niyazi Sovet İttifaqında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk dirijor olub. Budur Heydər Əliyevin xidməti. O, Moskvada Aşıq Ələsgərin yüz əlli illiyini keçirdi. Yeri gəlmişkən, Aşıq Ələsgər təhsilsiz deyildi. Bunu deyənlər yanlış fikirdədilər. Aşıq Ələsgər mükəmməl mollaxana təhsili almışdı. Bayaq dedim, Azərbaycanda "Əlif-Lam"la yazan iki şair olub. Onun biri Nəsimidi, biri də aşıq-şair Ələsgər. Moskvada kim tanıyırdı Ələsgəri olduğu səviyyədə. Vladimir Qafarovun tərcüməsində kitabı çıxdı, rus oxucusuna təqdim olundu. Bunu Heydər Əliyev elədi. Heydər Əliyev bu şəxsiyyətlərin yubileylərini sadəcə yubiley kimi keçirmirdi, onların əsl dəyərini ortaya qoyurdu. Nəsiminin yubileyi oldu. Kitabları buraxıldı, "Nəsimi" filmi çəkildi. O vaxta qədər Nəsimi bu qədər tanınırdımı, sevilirdimi? Yox! 1926-cı ildə Salman Mümtaz Nəsiminin şeirlərini çap etdirmişdi, balaca bir kitabca şəklində. Bundan da çox az adam məlumatlı idi. "Kitabi-Dədə Qorqud" o böyük şəxsiyyətin sayəsində layiqli yerini tutdu. Hələ Füzulinin yubileyini demirəm. Büdcənin kasad vaxtında, dəhnədə çörək qıt olanda, dəyirmanda buğda tapılmayan bir vaxtda biz dörd avtobusla 1994-cü ildə Füzulinin beş yüzilliyinə getdik İraqa. Heç nəyimiz yox idi. Həmin ilin noyabrında ulu öndər Azərbaycan nümayəndə heyətini Füzulinin yubileyini keçirmək üçün Ankaraya prezidentə məxsus təyyarədə apardı. Ədəbiyyat, sənət adamlarına necə dəyər verirdi Heydər Əliyev?! Heydər Əliyev eşidəndə ki, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı təftiş edirlər, demişdi ki, bu mənəviyyatsızlıqdı. Bizim "sapı özündən olan baltalarımız", başqasının dəyirmanına su tökənlərimiz var. Ancaq Heydər Əliyev onların qarşısını aldı. Heydər Əliyev Azərbaycanı parçalanmağa qoymadı. Ədəbiyyatımıza həddindən artıq diqqət verdi. Onun dövründə Azərbaycan musiqisi görün hansı zirvəyə qalxdı?! Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyamızın bağlanmaması da onun adı ilə bağlıdır. Bu dahi şəxsiyyət haqqında bir neçə məqaləm var.
- Sizcə, Qarabağın tezliklə işğaldan azad olması üçün hansı addımlar atıla bilər. Niyə bu problemi həll edə bilmirik, ziyalı insanların üzərinə hansı vəzifələr düşür?
- Maraqlı sualdı... Qarabağla bağlı ciddi işlər gedir, addımlar atılır. Bu sadə məsələ deyil. Mən də əvvəl elə bilirdim ki, Qarabağ məsələsini tezliklə həll eləyə bilərik. Ancaq gördüm ki, yox, kələf çox dolaşıb. "Nostradamusun möcüzəli aləmi" kitabını yazmışam. Nostradamusda var ki, bu məsələnin həlli xeyli çəkəcək. Ancaq son nəticədə Qarabağ torpağı yenə bizə qayıdacaq.
- Hansı rəngi daha çox sevirsiniz?
- Yaşıl rəngi sevirəm. İllər əvvəl gözümdə bir problem oldu. Qəribədi, onda həkimlər dedi ki, yaşıl rəngə çox bax. Yəni təbiətin yaşıllığından söhbət gedir. Meşə yaşılı, çəmən yaşılı... Yəqin fəsillər içində ən çox baharı sevməyim də yaşıl rənglə bağlıdır. Axı, baharda təbiət bütövlükdə yaşıla boyanır.
- Ev sizin üçün nədir?
- İngilislərdə bir atalar sözü var. "Mənim evim, mənim qalamdır". Ev alınmaz qaladı, ev ocaqdı. Kərkük bayatısında deyilir:
Ocağın;
Daim yansın ocağın.
Övladın qeydinə qal,
Kor olmasın ocağın.
Mənə görə ev, ailə müqəddəsdir. Və Allaha şükürlər olsun ki, ailə, övlad sarıdan yarımışam.
- Həyatda uğurlar qazanmaqda ömür-gün yoldaşınızın xidməti nələrisə deməyə əsas verirmi?
- Bu günə qədər nə qazanmışamsa, orda həyat yoldaşımın böyük payı var. Biz evlənənə qədər yalnız Rəsul Rza ilə müştərək hazırladığımız "Kərkük bayatıları" çıxmışdı. Yaradıcı adamın qadını əgər onu çox istəyirsə, gərək xətrinə dəyməsin. Yaradıcı adamın qol-qanadını sındırıb yanına salmaq üçün bircə yersiz kəlmə bəsdi. İllərdi bir yerdəyik. Arəstə xanım bircə dəfə də olsun xətrimə dəyməyib. Bəzən işdən əsəbi gəlirəm, olur da belə şeylər, məni elə sakitləşdirir ki, nəyə hirsləndiyim yadımdan çıxır. Ona görə də üzərində yeddi il əmək sərf elədiyim "Nostradamusun möcüzəli aləmi" kitabımı həyat yoldaşıma ithaf eləmişəm. Yazmışam: "Ağır və gərgin əməyin bəhrəsi olan bu əsəri ərsəyə gətirmək üçün ruhi rahatlığımı təmin edən, fikir və qəlbimi lüzumsuz qayğı və həyəcanlardan qoruyan həyat yoldaşım Arəstə Mikayıl qızına ithaf edirəm". Bunu kitabın əvvəlində xüsusi səhifədə vermişəm.
- O da sizdən razıdımı?
- Mənim zənnimcə razıdı. Bir məsələni unutdum, onu da deyim. Arəstənin mənimlə sözü nəyin üstündə olardı? Məcbur eləyərdi ki, doktorluğu müdafiə eləyim. Alt-üst evimiz vardı, məcbur eləyirdi ki, get otur yuxarıda sakitlikdi, işlə. Hə, hələ belə də deyirdi: - Sənin dörd qızın var, sabah- birigün qapını döyüb istəməyə gələcəklər, onda deyəcəklər ki, Qəzənfər Paşayevin qızıdı. Niyə deməsinlər ki, professor Qəzənfər Paşayevin qızına elçi gedirik. Məni belə şeylər heç maraqlandırmırdı. Ancaq qadınlarda var axı, belə şöhrətpərəstlik. O qədər məcbur elədi ki, tərcüməyə ara verib doktorluq işimi yazdım.
- Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutuna keçdiniz. Fəaliyyətinizə fikir vermişəm. Göz dəyməsin, ildə 2-3 kitabınız çıxıb. Bu il isə iki kitabınız Bakıda, bir kitabınız Ankarada, bir kitabınız Tehranda çıxıb. Ədəbiyyat İnstitutunda işlər necə gedir?
- Əslində suala qismən özünüz cavab verdiniz... Ədəbiyyat İnstitutu elm məbədidir. Təkcə bir faktı deyim ki, ölkəmizdə ən çox tanınmış ədəbiyyatşünas və tənqidçi alimlərin əksəriyyəti bu elm məbədindən pərvəriş tapıb. Onlar Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Bəkir Nəbiyev, Yaşar Qarayev, Kamran Məmmədov kimi görkəmli alimlərdən dərs almış, məktəb keçmişlər. İndi institut qaynar həyatını yaşayır.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna direktor təyin ediləndən sonra burada böyük canlanma özünü göstərdi. Xalq şairi Sabir Rüstəmxanlı o vaxt demişdi: "Naxçıvan Dövlət Universiteti itirdi, Nizami adına Ədəbiyyat İnstitutu qazandı". İsa müəllimin əməli fəaliyyəti Sabir müəllimin sözlərini təsdiq etdi. İnstitutumuzda böyük ehtiyac duyulan Tənqid, Mətbuat tarixi, Nizamişünaslıq, Orta Asiya, Yapon və Koreya ədəbiyyatı, Mühacirət ədəbiyyatı şöbələri yarandı.
Hər il üzrə "Biblioqrafik göstərici" buraxılmağa başladı. "Ədəbiyyat məcmuələri"nin buraxılışı intensivləşdi. Elmi konfranslar həm kəmiyyətcə, həm də keyfiyyətcə dəyişdi. Gənc alimlərin fəaliyyəti hiss ediləcək dərəcədə dəyişdi. Elmi əsərlərin çapı məsələsində heç bir problem qalmadı. İnstitutun elmi əsərləri vaxtlı-vaxtında çıxmağa başladı. İnanılası olmayan bir məsələni xüsusi vurğulamaq istəyirəm. Əvvəllər şöbələrdə işləyən bəzi əməkdaşların oturmağa yeri yox idi. İsa müəllim xeyli sayda otaq aldı. Bir çox məsələlər həll olundu.
Möhtərəm Prezidentimizə minnətdarıq ki, Milli Elmlər Akademiyamızın bu möhtəşəm bunasının əsaslı təmirinə göstəriş verdi. İndi binaya fəxrlə gedirik. Bununla belə, umacağımız bircə məsələ qalır. O da alimlərin maaşlarının artırılması məsələsidir. Həqiqətən də buna böyük ehtiyac var.
- Qəzənfər müəllim, nəslinizin məhz sizdən başlayan şəcərəsi necə davam edir? Övladlarınızdan razısınızmı, onlar hansı sahədə fəaliyyət göstərirlər?
- Kiçik qardaşım Ələsgər müəllim yaxşı ədəbiyyatçı idi, poeziyanı gözəl bilirdi. Kəndimizdə məktəb direktoru işləyirdi. Onun böyük qızı Qənirə Paşayevadı. Millət vəkili. Qənirənin anası kimyaçıdı. Qənirəni məcbur elədi ki, Tibb Universitetində təhsil alsın, həkim olsun. Ürəyindən olmasa da oxudu bu sahəni. Sonra hüquq fakültəsini bitirdi. Sonda yenə ədəbiyyata qayıtdı. Yaxşı kitablar yazır, yəni ədəbiyyat baxımından nəslin davamçısı hələlik Qənirə Paşayevadır. Qənirə siyasi elmlər doktorudur. Dörd qızım, bir oğlum var. Hamısı ali təhsillidir. Qızlarım, şükür Allaha, hərəsi məsuliyyətli bir işin üstündədi, oğlum Murad hüquqşünasdır. Universiteti İngiltərədə bitirib. Yəni, mənim fəxr eləməkdən başqa variantım yoxdur. Şükür ki, hələ nəslimizdə məhkəmə, prokurorluq, polis qapısı tanıyan yoxdur. Allah heç kimə qismət eləməsin. Aşıq Aydın Çobanoğlunun arzu etdiyi kimi olsun:
Qazancınız qismət olsun aşığa,
Nə həkimə, nə hakimə düşməsin.
Yəni, pulunuzu xeyir işə, toya, şənliyə xərcləyəsiniz. Bundan böyük istək olurmu?
- Boş vaxtınız olurmu?
- Boş vaxtı indi özüm yaradıram. Yaş artdıqca elə bil fəalyyət azalır. Boş dayanmaq vərdişim olmadığına görə başlamışam nərd oynamağa. Halbuki, əvvəllər nərd oynayanların vaxt öldürmələrinə təəssüflənirdim. Amma onu da deyim ki, işə girişəndə ayrıla bilmirəm. Bu il dörd kitabım çıxıb: "Hüseyn Kürdoğlunun poetik dünyası" və "Ədəbi estafetlərdə keçən ömür" Bakıda, "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" Ankarada, "Ədəbi məktublar" Tehranda. Son kitabım "Ədəbi estafetlərdə keçən ömür" adlanır. Təzəlikcə işləmişəm. Kitaba prof. Şirindil Alışanlı maraqlı ön söz yazıb. Yəqin ki, isti havalarda bir qədər boş vaxt tapıb dincələrəm.
- Çoxlu səfərlər etmisiniz. Nə zamansa qürbət duyğusu keçirmisiniz?
- Nə qədər bilsən də ki, bir il, iki il sonra Vətənə dönəcəksən, yenə qəribçilik duyğusu keçirirsən, həsrət çəkirsən. Qürbət acısını Allah heç kimə qismət eləməsin. Qürbətdə sanki insan bütün oxların nişangahına çevrilir. Hətta qürbətdə olan adamın yanında bir nahamvar söz deyiləndə o sözü özünə götürür.
- Həyatınızda elə məqamlar, hadisələr varmı ki, yadınıza düşəndə sıxıntı keçirəsiniz?
- Olub. Bəzən yadıma düşəndə diksinirəm, deyirəm niyə belə oldu, xəcalət çəkirəm. Məsələn, uşaqlıqda qonşunun bağından armud oğurlamağım... Bu barədə danışdım sizə.
- Kimə qarşısa hansısa bir ədalətsizliyə yol vermisiniz?
- Yadıma gəlmir. Lakin bəzən elə məsələlər olur ki, onu ədalətsizlik kimi qəbul eləyirlər. Ancaq nə eləmişəmsə, vicdanla eləmişəm. Çox yaxşılıqlar eləmişəm, ancaq onlar mənim yadımda qalmır. Mənə elənən pisliyi də unuduram. Mən pisliyə yaxşılıqla cavab verməyin tərəfdarıyam. Ədavət aparan adamlarla da işim olmaz. Ədavət aparmaq ancaq ziyan gətirər. Qaysın Quliyevdən Tofiq Bayramın tərcümə etdiyi misralar sanki mənim həyat kredomdur:
Qoy şirin yuxuna girsin gecələr
Ürəyincə olan gözəl bir həyat.
Ləkəli deyilsə vicdanın əgər;
Sən rahat yat...
Həyat yoldaşım bəzən mənə həsəd aparır. Deyir ki, başını balınca qoyan kimi yuxuya gedirsən. Arzu edirəm ki, hamıda belə olsun. Pis şeylər barədə fikirləşməsinlər, yuxuları ərşə çəkilməsin.
- Bəs sizə qarşı ədalətsizlik olubmu?
- Bir dəfə olub. M.F.Axundov adına Pedaqoji İnstitutda xarici dillər kafedrasının müdiri işləyirdim. Xeyli vaxt qəbul imtahanında komissiyanın sədri olmuşam. Həm də xarici dil imtahanı sona qaldığı üçün bir çox halda qəbulun taleyi bu fəndən asılı idi. Kafedrada bir-iki nəfər ortalığa çıxıb, kafedra müdiri olmaq həvəsinə düşmüşdü. Burda pis heç nə görmürəm. Ancaq hər hansı vəzifəni tutmaq üçün gərək doğru yol tutasan və bu işə haqqın çatsın. Onlar qeyri-sağlam yola əl atdılar. Düzü, heç istəməzdim, ancaq bəzən Allah ədalətsizlərin cəzasını görkediləcək dərəcədə ağır verir. İki nəfər idilər. İkisi də elmlər namizədi idi. Birini işdən qovdular. O biri isə dünyadan vaxtsız köçdü... Uşaqları yetim qaldı. Onlara yol göstərəni saxta diplom düzəltməyə görə tutdular. Onlara kömək edən başqa birisi də öldü. Onun da uşaqları yetim qaldı. O, idmançı idi. Gözəl voleybol oynayırdı. Mənə görə yaxşı insan idi. Nə edəsən ki, yerlisi onu yoldan çıxarmışdı. Ən inanılmazı isə odur ki, bu işdə onlara başçılıq edən sən demə özü kafedra müdiri olmaq istəyirmiş. Kafedra müdiri oldu da. Lakin tezliklə ağır xəstəliyə tutuldu və vəfat etdi. Təhsil Nazirliyinin Elmi-metodik şurası işləri yoxladı, deyilənlərin şər-böhtan olduğu təsdiqləndi, haqq yerini tutdu. Ədalətsizlik eləsələr də, bir növ onlara minnətdarlıq duyğusu var məndə. Öz arzumla Bakı Dövlət Universitetinə getdim, çalışdım, istədiyim hər şeyi də əldə elədim. Doktorluğumu müdafiə elədim, çoxlu sayda məqalələr, kitablar yazdım, ədəbi yaradıcılıqla məşğul oldum, sanballı tərcümələr elədim. Görünür, Allahın özünün haqq-ədalət tərəzisi var.
- Sizə haqqını almış adam demək olarmı?
- Mənə elə gəlir ki, cəmiyyətdə qazandığım nüfuz, hörmət əsl haqqımdır. Səksən yaşda adama nə lazımdı ki... Əlli, altmış yaşda bəlkə də bu barədə düşünərdim; ad almaq barədə. İnanın ki, düşünməyə vaxtım olmurdu. Gecə-gündüz işləyirdim. 50-dən artıq kitabım çıxıb. Saysız-hesabsız elmi, elmi-publisistik məqalələrim çıxıb. Mən hələ 7 cildlik əsərlərimi demirəm. Amma indi bu şeylərə həvəs qalmayıb. Əzizə Cəfərzadənin səksən illiyiydi, xalq yazıçısı adı almışdı. Dövlət televiziyası müsahibə götürürdü, jurnalist soruşdu ki, Əzizə xanım, xalq yazıçısı adına layiq görülmüsünüz, özünüzü necə hiss edirsiz? Qayıtdı ki, a qızım, Əbülhəsənə ad vermişdilər. Filarmoniyada təqdimat mərasimi keçirilirdi. Məni də məsləhət bilib rəyasət heyətinin tərkibinə salmışdılar. Pərdə arxasında oturub yuxarıdan gələni gözləyirdik. Əbülhəsən gedirdi o yana, deyirdi gecdi, gəlirdi bu yana, deyirdi gecdi. Əzizə xanımın telejurnalistə cavabı elə bu oldu. Bu cavabda dərin məna vardı. Əzizə xanım elmlər doktoru idi, xalq yazıçısı idi, Fəxri xiyabanda halalca yeri vardı. Ölüm anında vəsiyyət elədi ki, məni öz kəndimdə basdırın. Orda yeddi illik məktəb var. Özü tikdirmişdi. Şəxsi tanışlığım hesabına o məktəbə Əzizə Cəfərzadənin adını verdirdim. Nə gizlədim, kürəkənimin əmisi Hacıqabulda icra başçısı idi. Məktəb şəhid adına olmadığına görə xahişim eşidildi. Əzizə xanım vəfat eləyəndə vida sözünü mən yazdım. Səksən yaşı tamam olanda Nizami adına Ədəbiyyat Muzeyində yubleyini keçirdim. Şəkil çəkdirdi, qara paltarda idi, yaxasında medalyon vardı. Dedi mənim heç belə gözəl şəklim olmayıb, daha şəkil çəkdirməyəcəm. Mən də vida yazısına "Son şəkil" adı qoydum. Mənim heç vaxt iddiam olmayıb. Hüseyn Kürdoğlu haqqında yazdığım "Hüseyn Kürdoğlunun poetik dünyası" monoqrafiyamda maraqlı bir məsələdən söz açıram. Hüseyn deyir ki, mən dövlətimdən haqqımı almayan şairəm. Sovetlər dağılandan sonra bir gün onunla kitab pasajının yanından keçirdik, gördüm ki, sovetin bütün orden-medallarını cərgəylə düzüb satırlar. Dedim ay qağa, gəl bundan üç-dördünü alım, as yaxana, olsun sənin haqqın. Yəni, bunlar da nisbidi. Ona görə də mən haqq almaq barədə qətiyyən düşünmürəm. Mənim haqqım yazıb yaratdıqlarımdı. Yazmışam, yaratmışam, heç kim mənə mane olmayıb. Bu, böyük xoşbəxtlikdi.
- Azərbaycanın müasir gəncliyi barədə hansı fikirdəsiniz?
- Yenə qayıdıram gözəl şair Hüseyn Kürdoğluna. Onun həyat həqiqətlərini, reallıqları təsvir edən "Yol gedə bilmirəm oğlumla qoşa" adlı bənzərsiz şeiri var. Sizin sualınıza o şeirdən bir bəndi verərək sözümə davam etmək istəyirəm:
Mən qara deyirəm, oğlum ağ deyir,
Damla sandığıma gur bulaq deyir.
Hər şeyi yenidən yaradaq deyir,
Yoldaşlıq yaramır yaz ilə qışa,
Yol gedə bilmirəm oğlumla qoşa.
Açığı, mən öz uşaqlarıma, nəslimizin uşaqlarına baxanda çox nikbin oluram. Bizimkilərdə elə bil ki, köhnə ənənə bir az yaşayır. Böyüyünə hörmət, öz yerini bilmək və s. elə bil bir az qalıb. Haqqımda Azərbaycan televiziyası film çəkirdi, bağa yığışmışdı uşaqlar, nəvələr hamısı. Film çəkənlər də deyirdilər, maşallah, necə mehriban ailəniz var. Bacı-qardaş, onların ailəsi, uşaqları arasında ayrı-seçkilik-filan yoxdu. Mehribançılıq olan yerdə bərəkət var. Bu da daha çox ailə böyüklərindən asılı olan məsələdi. Çünki təməli onlar qoyur. Çalışıram ki, övladlarım, nəvələrim gəlib-getsinlər, əks təqdirdə yadlaşarlar. Müasir gəncliyə gələndə isə indi onlar başqa cür düşünürlər. Bəzi məsələləri, düzü, başa düşə bilmirəm. Bu da təbiidi. Zəmanə dəyişir, gənclər başqa cür fikirləşirlər. Gənclər üçün iki təhlükə görürəm, biri qınına girib, qınından çıxmamaq, yəni başqa xalqların mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə xor baxmaq, başqa bir qrupda isə qınından çıxıb qınını bəyənməmək, yəni öz mədəniyyətini, dilini, dinini, adət-ənənəsini bəyənməmək. Arzu edirəm ki, bu iki cəhət gənclərdə balanslı olsun. İşləsinlər, yaratsınlar, zəhmətlə ucalsınlar. Başqalarına həsəd aparmasınlar.
- Yəqin 80 yaşın öz aləmi var. Bu aləmdə özünüzü necə hiss edirsiniz və həyat barədə nə düşünürsünüz?
- Həyat barədə dünyanı dərk eyləyən 80 yaşlı sağlam adamlar nə fikirləşirsə, mən də onlar kimi fikirləşirəm. Həyatın fəlsəfəsi budur:
Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Deyirlər ki, bir əvvəl var, bir axır,
Yalan sözdür, nə əvvəl var, nə axır...
Bir yandan boşalıb, bir yandan dolan dünyanın keşməkeşlərini ən böyük filosofların qənaəti səviyyəsində Hüseyn Kürdoğlu "Həyat ağacı" şeirində verə bilmişdir. Burdan o yanası yoxdur. Mən bunu dərindən duyuram.
Barlıdır, ucadır həyat ağacı,
Bəhəri həm şirin, həm də ki acı.
Dırmanıb çıxırıq, ucalırıq biz,
Başına çatmamış qocalırıq biz.
Ordan xəyal kimi düşürük bir-bir,
Ağacın dibində ölüm müntəzir.
Göydə tutur bizi, gömür torpağa,
Təzə gələnlərsə çıxır budağa.
Bu cür ülfətdədir ölümlə həyat,
Ağacın başına çıxan yox heyhat.
- Qəzənfər müəllim, nəhayət son sual. Əgər təzədən dünyaya gəlsəydiniz yenə də, təkrarən 80 yaşlı Qəzənfər Paşayevin yolunu gedərdinizmi?
- Bir daha təkrarlayıram, mən xoşbəxt adamam. Həm cəmiyyətdə yerim, nüfuzum, hörmətim var, həm də nəslimin ağsaqqalı sayılıram. Ailəmdən, övladlarımdan yarımışam. Ona görə də mən heç başqa bir şey düşünməzdim. Elə getdiyim yolu gedərdim, bu ixtisası da seçərdim. Bircə ədəbiyyatşünaslara həsəd aparmışam. Onlar bu sahəni universitetdə fundamental öyrəniblər, bunun məktəbini keçiblər. Məndə isə bu yardımçı predmet olub. Yəni yenidən bu ömrü yaşamış olsaydım, bu sahəni başlanğıcdan sona qədər öyrənərdim. Akademik Ağamusa Axundov tanınmış alim olduğu halda Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirdiyi kimi, mən də BDU-nun filologiya fakültəsini bitirərdim. Lakin keçən keçib. Keçdiyim yolun acısı da mənə şirindi, doğmadı. Acılı-şirinli keşməkeşli bir yol keçmişəm. Ancaq insan kimi yaşamışam. Taleyimdən razıyam, Allahımdan razıyam. Dünyaya yenidən gəlsəydim, dünyada 1893-cü ildə ilk avtomobil ixtira etmiş, hamının dəli adlandırdığı dahi Henri Ford kimi düşünərdim. Jurnalistin zarafatla dediyi: "Başqa həyatda kim olmaq istərdiniz?" sualına Ford: "Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun" - deyir.
- Qəzənfər müəllim, zəngin həyat şəkilləri ilə dolu, canlı söhbətinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Mənim bu söhbət üçün ayırdığım qeyd dəftərçəsində 100 sual əks olunub. Siz o sualların yüzünə də cavab verdiniz. Sizə cavab verdiyiniz sualların sayı qədər, yüz il ömür arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!