- Bəs Nostradamus sizin yaradıcılığınıza necə daxil oldu? Bir insan ömrü üçün yalnız onu araşdırmaq yetərli idi...
- Mən bu işə yeddi ilimi həsr eləmişəm. İraqda olduğum vaxtlarda gündəlik qəzetlərdə, aylıq jurnallarda qoroskoplar dərc olunurdu. Bunlar mənim diqqətimi çəkdi. Qız bürcündənəm. Yoxladım, gördüm çox uyğun gəlir, sonra qardaşımı, atamı, ailə üzvlərimi bürclərlə tutuşdurdum, baxdım ki, uyğunluq çoxdur. Başladım oxuyub-araşdırmağa, bu işi öyrənməyə. Və bu qoroskopu "Altı iı Dəclə-Fərat sahillərində" əsərində verdim. Azərbaycana qoroskopu ilk dəfə mən gətirdim. Həmin qoroskop bizimdi, Şərqindi. Bu nəynən bağlıdı, niyə qoroskoplar fərqlidi? Planetlər düzülüşündən asılı olaraq hər yerdə eyni deyil. Hər yerin öz coğrafi mühitinə uyğun qoroskopu var. Şərq adamıynan qərblinin xarakterində nə dərəcədə eynilik ola bilər? İndi bizim qəzetlərdə qoroskopu bütün dünyadan toplayıb, ümumiləşdirib verirlər. Bu, doğru deyil. Bir dostum vardı, Dəmir Qənbərov, ADU-nun kimya fakültəsində kafedra müdiri işləyirdi. Onun altmış yaşı tamam olurdu, mənə də zəng elədi ki, Qəzənfər müəllim, iki tədbirimiz var, biri saat 11-də universitetin akt zalında, 60 illik yubileyimdir, o birisi də axşam "Ceyrançöl" restoranındadı, sizin də aramızda olmanızı istəyirəm. Hər iki tədbirdə olmaq istəyirdim. Ancaq iş elə gətirdi ki, gedə bilmədim. Belə bir şey də oldu, təbii ki, bunun həmin məclisə gedib-getməməyimlə bir əlaqəsi yoxdu. Bir gün əvvəl "Müsavat" qəzetində dərc olunan qoroskopda öz bürcümlə bağlı bir informasiya oxudum. Qəribədi, orada yazılmışdı ki, səni bir məclisə dəvət edəcəklər, nəbadə gedəsən. Nəticəsini özünüz görəcəksiniz ("Yeni Müsavat", 25.XI.1999, s.16). Axşam eşitdim ki, "Ceyrançöl" restoranında adamlar balıqdan zəhərlənib aralarında ölənlər də var. Sonra Dəmir müəllimənən görüşəndə bunları danışdım, dedim ki, etiraz eləmirsinizsə, mən bu hadisəni qoroskopla bağlı yazmaq istəyirəm. Ona da maraqlı gəldi, dedi ki, elə hazır faktdı, özü də isti-isti... Nə isə, Nostradamusun möcüzələri üzərində düz yeddi il çalışdım. Dünyada Nostradamusla bağlı ingilis dilində elə bir kitab qalmadı ki, onu əldə eləməyim. Fars, ərəb dillərində olan nüsxələri də tapdım. Hansı ölkəyə gedirdimsə, bir çox hallarda ailəm, uşaqlarım yanımda olurdu, kitab mağazalarını gəzməmiş, bu mövzu ilə əlaqəli lazım olan kitabı almamış başqa iş görməzdim. Artıq onlar da bu xasiyyətimə alışıblar. Oturub gözləyirlər, kitabla bağlı işimi qurtarandan sonra deyirəm, indi mən sizin qulluğunuzda, ürəyiniz hara istəyir ora gedək. Nostradamusda ulu öndərimiz Heydər Əliyev və İlham Əliyevin hakimiyyəti barədə öncəgörmələr var. Deyir Roma papası bir ölkəyə gələcək, həmin yerin kralı deyəcək ki, mənim ölkəm üçün ibadət elə. Papa geri dönəndən sonra krala, oğluna, ölkəsinə ibadət eləyir. Belə bilinir ki, bu ölkədə özündən sonra hakimiyyətə oğlu gələcək və ölkəni uzun müddət əmin-amanlıqla idarə eləyəcək. Bu katren üzərində altı ay işləmişəm. Ciddi faktlarla təsbit edilib. Onda hələ bizdə Referendum keçirilməmişdi. Mən 2007-ci ildə kitabı çap elətdirəndən sonra Aqil Abbas yazdı ki, Qəzənfər müəllim ağ elədi. Bir prezident uzun müddət ölkəyə necə rəhbərlik eləyə bilər. Referendumdan sonra gəldi, gülə-gülə üzr istədi. Ulu öndər və İlham Əliyev haqqında necə var olduğu kimi yazmışam, heç nədən çəkinməmişəm. Orada Qarabağ haqda çox açıq yazılıb. Deyir, ov tüfəngi ilə çıxdılar Araz üstündə erməninin qabağına. Hamı təəccüb eləyir. Kitab əvvəlcə üç min tirajla çap edildi. Sonra da "Təhsil" nəşriyyatı bir neçə dəfə min tirajla buraxdı.
- Sizin elmi araşdırmalarınız da həyat kimi canlıdır. Bəzən elmi mülahizələrin ciddi yerində yazıya elə faktlar, elə əhvalatlar daxil edirsiniz ki, oxucu heyrətlənir. Bu nədir, diqqət cəlb etmək, yoxsa fitrətdən, ənənədən gələn yazı üslubu?
- Ənənədən gələndi, ürəyimdən gələndi. O fikir necə yaranır, onu deməkdə çətinlik çəkirəm. Bu, həqiqətən belə olur. Ürəyimə gəlirsə, çəkinmirəm, yazıram. Hesab eləyirəm ki, ürəyim məni aldatmaz. Yazı prosesində əhvalatlar, hadisələr özü gəlir, mən bunları düşünülmüş şəkildə eləmirəm, planlaşdırmıram. Danışanda da beləyəm, ürəyimdən gələni deyirəm.
- Folklorla, klassik ədəbiyyatla bağlı alim və yazıçı mövqeyiniz bəllidir, bu mənada geniş oxucu dairəsi sizə laqeyd deyil. Bəs 80 illik bir dövrə aid ədəbiyyatımız haqqında düşüncələriniz necədir? Düzdür, mövzu genişdir. Heç olmasa tezis şəklində fikrinizi bilmək istərdik.
- Düzünü deyəcəm, dünya ədəbiyyatını orijinaldan oxuyandan sonra məndə müəyyən fikir dəyişikliyi yarandı. Ancaq onu deyim ki, Azərbaycan ədəbiyyatıynan bərabər böyümüşəm. Məni Bakıya Mehdi Hüseynin "Abşeron" romanı gətirib. İsmayıl Şıxlının "Ayrılan yollar"ını çox bəyənmişəm. Lakin çıxış yolunu o vaxt tapa bilmirdim. Kəndlə şəhərin arasında fərq çox böyük idi. Odur ki, yazıçıya haqq qazandırırdım. Salam Qədirzadənin "Qış gecəsi"ni oxuyandan sonra düşünmüşəm ki, bu necə ola bilər, oğul prokuror, ata cinayətkar, bu düz olmaz, əxlaq normasına sığmır. Oğul öz atasını necə həbs edə bilər?! Elə indi də o fikirdəyəm. Yəni, düşüncəm belə olub. Mir Cəlalın hekayələrini oxumuşam, ləzzət eləyib. İndi də oxuyuram. Ədəbiyyat fərqli yaşda, fərqli təsir eləyib. Onun gücü də elə bundadı. Mir Cəlalın beş cildliyi çıxdı. Milli kitabxananın direktori, professor Kərim Tahirov onu mənə bağışladı. Həmin axşam dünyanın ən güclü futbol komandasından ikisi "Real Madrid"lə "Bavariya" yarışırdı. Mən neçə illərdir "Real Madrid" komandasının azarkeşiyəm. Futbol gecə saat 11-30-da başlanacaqdı. Götürdüm əlimə kitabı ki, futbola qədər vərəqləyim. Necə aludə olmuşamsa, bir də baxdım ki, ikinin yarısıdı. Əliağa Kürçaylı yazıb ki, futbol Şekspiri üstələyibdir. Burda tərsinə oldu, Mir Cəlal futbolu üstələdi. Gənc yaşlarımda onun hekayələrini oxuyub doyunca gülmüşdüm. İndi bu yaşda təkrar oxuyuram, deyirəm ki, gülmək yox, ağlamaq lazımdır. Mir Cəlal müəllim yazıb ki, ay xalq, ay kütlə, sənin halına güləkmi, ağlayaqmı? Zəlimxan da yaxşı yazıb. Deyir millətinin halına ağlayanda, güləndə Sabirim "qeyrət" dedi. Əslində Mir Cəlal müəllim də xalqdan qeyrət umurdu. Son vaxtlar mən roman oxuya bilmirəm. Memuar ədəbiyyatı xoşlayıram və yaxşı memuarı həvəslə oxuyuram. Bu ədəbi janrda həyat var, həyat həqiqəti var. İmamverdi Əbilovun bir memuarı çıxıb, onu oxuyub heyrətlənirəm. Demək, əyalətdə də gözəl ədəbi mühit yaratmaq olarmış. Tanınan yazıçı və şairlərin əksəriyyəti bu adamın evində qonaq olub. Hamısı haqda da xatirələr yazıb. Yavuz Axundlunun "Xatirələr işığında ömür keçdi, gün keçdi" əsəri də əladır. Eləcə də İmran Əbilovun "Vətənə vurğun ömürdən səhifələr" əsəri. Hər üç əsər barədə mətbuatda fikirlərimi oxucularla bölüşmüşəm. Deyim ki, dünya ədəbiyyatı fonunda bizim ədəbiyyat zirvə deyil, ancaq mərhələli inkişafı qənaətbəxş hesab eləmək olar. Məsələn, Anar, gözəl yazıçıdır. Eləcə də Elçin. Pərvin Anar haqqında yazır ki, Anar zamanla ayaqlaşan, bəzənsə zamanı qabaqlayan yazıçıdır. Ədəbi şəxsiyyətlər, onların yaradıcılığı barədə mən də çox yazmışam. Anar barədə demişəm, yenə deyirəm, Anar bu illər ərzində Yazıçılar Birliyinə rəhbərlik eləməsəydi, indi onun yazdıqları qat-qat zəngin və miqyaslı olardı. İdarəçilik, vəzifə əlbəttə, vaxtın və enerjinin böyük hissəsini alır. 1980-ci ildə Nəriman Həsənzadənin "Sən bağışladın" adlı kitabı çıxdı. Zeynəb Xanlarova da onun sözlərinə yazılan bəstəni çox gözəl oxudu. Nəriman Həsənzadəyə mətbuatda açıq məktub ünvanladım. O kitabda mənə xoş gələn bir çox məqamlar vardı. Yazır ki, Sərdar Əsədin anası həmişə üzü Bakıya sarı yatarmış ki, oğlum ordadı. Onun Rəsul Həmzətova həsr olunan beş səhifəlik yığcam bir poeması var. Gözəldi, hələ mən şairin oxuyanda adamı haldan-hala salan şeirlərini demirəm. Bu əsərləri yazan Nəriman Həsənzadə birdən-birə bir neçə müddət yoxa çıxdı. Niyə? Çünki "Ədəbiyyat qəzeti"nə redaktor getdi. Gərgin, əsəbi, yorğun iş günündən sonra evə gələn adam necə və nə yaza bilər?
- XX əsr Azərbaycan yazarlarından kimlərlə daha sıx təmaslarda olmusunuz, onları necə xatırlayırsınız?
- Rəsul Rza, Qasım Qasımzadə, Hüseyn Arif, Anar, Elçin, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlfi Qasımov, İsi Məlikzadə, Fərman Kərimzadə, Vilayət Rüstəmzadə, Əlibala Hacızadə, Nahid Hacızadə, Əzizə Cəfərzadə, Firidun Ağayev, Sabir Rüstəmxanlı, Rasim Kərimli, Ayaz Vəfalı, Məmməd İsmayıl, Əmirhüseyn Məcidov. Dünyasını dəyişənlər haqqında acılı-şirinli xatirələrim "Borcumuzdur bu ehtiram" kitabımda yer alır. Bu kitabda xatirələr baş alıb gedir. Ən çox sevdiyim kitablarımdan biridir. Əslində bütün böyük ədiblərimizi yaxından tanımışam və onları sevmişəm. Mən zamanında Azərbaycan ədəbiyyatını çox mütaliə eləmişəm. Yaradıcılığını bəyəndiyim yazıçılar çoxdur. Sonra ki, dünya ədəbiyyatına meyl elədim, hamını oxumağa vaxt yetmədi. "Taras Bulba" ən çox sevdiyim əsərlərdəndir. Rus ədəbiyyatından Tolstoyu çox oxumuşam. "Anna Karenina" çox xoşuma gəlir. "Dirilmə"ni, "Hacı Murad"ı oxuduqca oxumaq istəyirsən. Yeri gəlmişkən, Hacı Muradın qəbrini Qax rayonu ərazisində ziyarət eləmişəm. Ağ mərmərdən baş daşı indi Tarix muzeyindədir. Muzeyin direktoru akademik Nailə Vəlixanlı onu mənə şəxsən göstərib.
- "Hacı Murad" Mustafa Əfəndiyevin tərcüməsində çox gözəldir. Haçansa gənclik çevikliyi ilə bir-iki gecənin içində oxuduğum köhnə kitablar məni də yaman çəkir. Yaxınlarda "Hacı Murad"ı, Maksim Qorkinin uşaqlıq xatirələrini, Yusif Vəzirin "Qan içində" romanını yenidən oxudum. Necə gözəl, canlı təsvirlər var onlarda, həyat aşıb-daşır.
- Hansı kitab ki, təkrar oxunur, o köhnəlmir, hər zaman təzədir. Bir də ki, nə olmalıdı bu Tolstoydu, bu adam dahidi, dəryadı.
- Azərbaycan Yazıçılar Birliyinin həyatında yaxından iştirak edirsiniz. Bəzən bu təşkilatı öz dövrünü bitirmiş deyə iddia edənlər var. Siz bu barədə nə düşünürsünüz? Sizi AYB-yə çəkən nədir, onsuz da işiniz çoxdur.
- İşim həqiqətən də həmişə çox olub. Elə indinin özündə də kifayət qədər görüləsi işlərim var. Yazıçılar Birliyinə isə öz doğma evimə getdiyim kimi gedirəm. Natəvan klubunda bir kürsü vardı, yəqin siz də görmüşdüz. Heyif ki, təmir vaxtı onu götürdülər. O kürsüdə bir çox yazarların imzaları var idi. Hər dəfə o imzaları gördükcə adam sanki keçmişə dönürdü. Dünyasını dəyişən, amma adı imzası ilə yaşayan o şəxsiyyətlər göz önündə canlanırdı... 2004-cü ildən AYB-də Təftiş komissiyasının sədriyəm.
- Mən də sizin işçiniz olmuşam, sonuncu qurultaya qədər. (Gülür)
-Əslində Təftiş komissiyasında işlənəsi bir iş yoxdu ki, məşğul olasan. Ancaq Yazıçılar Birliyinin olması böyük işdi. Hüseyn Hüseynzadənin vəfatından sonra Aşıqlar Birliyi necə dağıldı? Heç aşığa dəxli olmayan bir qadın gəldi, o Birliyin axırına çıxdı. Yəni, aşıqların döyəcəyi bir qapı qalmadı. Aşıqların qurultayında sədrliyə Zəlimxan seçiləndə mən Mədəniyyət və Turizm Nazirliyinə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirdim ki, onlar bu işi yoluna qoydular və aşıq sənətinin inkişafına təkan verildi. Yazıçılar Birliyi dağılsa nə olacaqdı? Bəzi naşı, istedadsız yazarlar var, özlərini tanıtmaq üçün müəyyən xoşa gəlməyən vasitələrə əl atırlar ki, Yazıçılar Birliyi dağılsın. AYB-nin yaşamasında Heydər Əliyevin rolu böyük olub. Anarın xidməti çoxdur. Anar yazıçı kimi təkcə Azərbaycanda tanınmır axı. Bütün türk dünyası, türkdilli xalqlar onu tanıyır, rəğbət bəsləyir. Nüfuz sahibidi. Qələmi olan yazıçıdı, gözəl nitqə, yüksək təfəkkürə sahib olan adamdı. Zarafat deyil, Anar hansı məktəbi keçib?! Mən yazıçıların sonuncu qurultayında çıxış eləyəndə dedim ki, bu zalda əyləşənlərin əksəriyyəti AYB-yə sədrliyə layiq şəxsiyyətlərdir. Ancaq layiq olmaq hələ belə bir işi aparmaq bacarığı deyil. Bu, çətin vəzifədir. Bu işi aparmaq üçün təcrübə lazımdır. Söz adamları ki var, sözdən söz çəkənlərdi. Yusif Səmədoğluna dedilər ki, ay Yusif müəllim, sən parlamentdə Mədəniyyət komissiyasının sədrisən, "Qətl günü" kimi roman yazmısan, "Yeddi oğul istərəm" filminin ssenarisinə görə xalqın sizə böyük rəğbəti var. Bütün bunlar bir yana, xalqın sevimlisi, unudulmaz Səməd Vurğunun oğlusan, niyə namizədliyini irəli sürmürsən, prezident olasan. Qayıtdı ki, namizədliyimi verərəm, amma qorxuram ki, seçərlər, onda mən neyniyərəm? Zalda gurultulu alqış qopdu. Birinci cərgədə xaricilər oturmuşdu. Onlar əvvəl bir qədər çaş-baş qaldılar, söhbətin məğzini biləndən sonra onlar da xeyli gülüb alqışladılar. AYB-yə sədrlik hər adamın işi deyil. Təklif elədim ki, əgər Anar müəllim özü də razıdırsa, biz onu seçək. Qurultay başa çatandan sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxınlaşıb məni möhkəm qucaqlayıb dedi ki, lap ürəyimdən tikan çıxardınız, Qəzənfər müəllim. Əbülfəs müəllim bizim tələbəmiz olub, xətrini də çox istəyirəm.
- 1960-2017. Təqribən 50 ildən çoxdur ki, Azərbaycan mətbuatını izləyirəm. Orada ən maraqlı müəlliflərdən biri olaraq seçilirsiniz. Azərbaycan mətbuatının milli şüurun inkişafında rolu, eyni zamanda bu vacib sahənin son 50 ildəki inkişaf tendensiyaları barədə nə düşünürsünüz?
- Bizim çox böyük jurnalistlərimiz olub. Ənənə indi də davam eləyir. Nəsir İmanquliyev "Bakı"qəzetini yaratdı. Mənim yadımdadı, o qəzetdə Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" povesti dərc olunurdu. Detektiv əsərdi. Anarın "Gecə yarısı hadisə" yazısı hər nömrə gedirdi. Axşamüstü saat beşdən-altıdan camaat köşklərin qarşısında növbəyə düzülürdü qəzeti almaq üçün. Bu, təkcə Həsən Seyidbəylinin, Anarın əsərinə görə deyildi ki, "Bakı", "Baku" axşam qəzetlərinin hər nömrəsi maraqla oxunurdu. Qəzet həqiqətən də hər cəhətdən yüksək səviyyədə çıxırdı, tərtibat, mövzu rəngarəngliyi baxımından fərqlənirdi. Cabir Novruz, Famil Mehdi, Qeybulla Rəsulov, Yusif Kərimov o qəzetdə çalışırdılar. Eləcə də "Azərbaycan gəncləri" qəzetində necə istedadlı qələm sahibləri gözəl yazılar yazırdılar, felyetonlar dərc olunurdu. Məsələ bundadı ki, hər zamanın özünün hökmü, diktəsi var. O illərdə mətbu orqanlara böyük ehtiyac var idi. Bakıda televiziya təzə-təzə meydana gəlmişdi. Səhv eləmirəmsə 1956-cı ildə. Özü də onda belə idi. Yarım saat baxırdın, sonra fasilə olurdu ki, aparatlar soyusun. Yəni o illərdə mətbuata böyük ehtiyac da var idi, maraq da vardı. İnsanlar sanki bədii ədəbiyyat acı idi. "Bakı" qəzeti də yaxşı ədəbi yazılara geniş yer verdiyindən biz o qəzetin nömrələrini intizarla gözləyirdik. "Kirpi" jurnalının bir nömrəsini də ötürməzdim. Cəmiyyətin qüsur və nöqsanları ilə bağlı gözəl felyetonlar verirdilər. "Dostluq şarjları" olurdu. Onlar mənim çox xoşuma gəlirdi. Mən ümumiyyətlə, yumoru sevən adamam. Mürşüd Dadaşovun felyetonları əl-əl gəzirdi. "Mozalan" kinojurnalı çox yüksək keyfiyyətlə hazırlanardı. Əməlli-başlı yumoristik, həm də dərin mənası olan qısametrajlı filmlər idi onlar. Həqiqətən də mətbuatın milli şüurun, vətənpərvərliyin inkişafında rolu böyükdür. Mənim gənclik çağımda da belə idi, indi də belədir.
Təəssüf ki, son illərdə söz azadlığından, mətbuat azadlığından sui-istifadə edən, özünü və sözünü bilməyən adamların jurnalistik iddiası ilə meydan suladığının, qeyri-peşəkarlığın ayaq alıb yeridiyinin, zövqsüz qəzet və jurnalların (mən hələ reket qəzetləri demirəm) peyda olduğunun da şahidi olmuşduq. Şükürlər olsun ki, onlar artıq keçmişdə qalıb.
- Sovet ədəbiyyatı terminini, sosializm-realizm yaradıcılıq metodunu necə xarakterizə edərdiniz?
- Ədəbiyyat İnstitutunda Elçinin "Sosializm realizmi bizə nə verdi" əsəri haqqında mən məruzə elədim. Bir məqalə yazdım, sonra ikincisini yazdım. Və mən orda göstərdim ki, sovet dövrünü mənasız dövr kimi dəyərləndirmək olmaz. Üzeyir bəy, Fikrət Əmirov hardan yarandı? Qara Qarayev, Niyazi hansı dövrün yetirməsidi? Ədəbiyyat adamlarının əksəriyyətinin yaradıcılığı sovet dövrünün payına düşür. Rəssamlar da eləcə. Tahir Salahov, Maral Rəhmanzadə, Mikayıl Abdullayev... Bunlar hamısı o dövrün üzə çıxarıb yetirdiyi şəxsiyyətlərdir. Sovet dövrünə elə-belə baxıb keçmək mənim nəzərimcə nadanlıq olardı. O illərin istər ədəbiyyatında, istər musiqisində, istər rəssamlığında yüksək vətənpərvərlik hissi vardı. Doğrudu, bu bəzən ifrat dərəcədə özünü göstərirdi, bədiyyat arxa plana keçir və sxematikləşirdi. Ancaq indi görürəm və ən pisi də budur ki, indiki nəsldə bizdəki vətənpərvərlik hiss olunmur. Bu hiss daha çox nə ilə aşılanır? Bədii ədəbiyyatla, o cümlədən də sovet ədəbiyyatı ilə. Ona görə də o yazıçılar ki, cəmiyyətin inkişafına öz istedad və zəhmətləri miqyasında böyük əmək sərf eləyiblər onun üstündən xətt çəkmək olmaz. Sosializm realizmi bir ədəbi məktəbdir, yaradıcılıq metodudur. Keçmişə xor baxmaq olmaz. "Cahanda hər hökmü bir zaman verir" - deyən Səməd Vurğun yetişdi, tarixi roman janrının əsasını qoyan M.S.Ordubadi, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov əsərləri ilə ədəbiyyat tarixində öz yerlərini aldılar. Fikir verin, "Böyük dayaq" filmi demək olar ki, ayda bir dəfə göstərilir. Əsər bu gün üçün də təzədir, böyük tərbiyəvi əhəmiyyəti var. İsa Hüseynov, Bəxtiyar Vahabzadə. Bəs, bunlar hansı dövrün yetirməsidi? Çox böyük işlər görülüb o dövrdə. O əsərləri ki, əvvəl oxumusan, təkrar mütaliə eləyəndə sanki yeni əsər oxuyursan, nələrisə yenidən kəşf eləyirsən. Məsələn, sizin şeirlərinizi on il əvvəl oxumuşam. İndi təkrar oxuyanda tamam başqa Vaqif Bəhmənli və tamam başqa yaradıclıq görürəm. Halbuki, şeir həmin şeirdi. Bədii ədəbiyyatın əbədiyaşarlığı bax elə bundadı ki, hər yaş dövründə fərqli dərinlikləri ilə təzəliyini saxlayır, heyrətləndirir. Nizami farsca yazıb, heç azərbaycanca yazmayıb, amma biz ondan əl çəkə bilirikmi?
- O vaxtlar deyirdilər ki, kim Azərbaycandan xaricə çıxıbsa, o KQB ilə əlaqədar adamdır. Xüsusən xaricə işləməyə gedənlər. Deyin, bu həqiqətə nə dərəcədə uyğundur?
- Maraqlı sualdı. Mənim haqqımda da deyilib belə sözlər. Bəzən yığıncaqlarda deyirdim ki, sovet dövlətinin qədrini bilin. Bu hökumət uşaq anadan olmamış onun haqqında fikirləşir, ananın səhhəti qayğısına qalır, uşaq doğulandan sonra analıq məzuniyyəti, nə bilim sonra körpələr evi, uşaq bağçası və s. və ilaxır. Uşaq məktəbə gedir, dövlət hesabına ali məktəbdə oxuyur, hələ üstəlik ona tələbə təqaüdü verilir. Sonra da təyinatla işlə təmin eləyirdi. Bunları belə danışanda deyirdilər ki, bu KQB-nin adamıdı. Ancaq aradan zaman keçdi, bizim rayondan - Tovuzdan prof. Səlim Yolçiyev var idi. Səlim Yolçiyev Politexnik İnstitutunda fəlsəfədən dərs deyirdi. Onun yasında bir alim gəldi dedi ki, Qəzənfər müəllim, sən düz deyirsənmiş, vaxtında biz sənin haqqında heç yaxşı düşünməmişdik. Yəni bu da olub. Ancaq azadlıq başqa şeydi. Sualınıza cavab olaraq deyim ki, haqqımda əgər bu fikirlər səslənibsə də, bunlar həqiqətə uyğun deyil. Birinci növbədə xarici dövlətə göndərilənlər çox ciddi surətdə yoxlanılıb seçilirdi. Bu adamın nəsli-nəcabəti necədir, satqınlıq eləyə bilərmi? Ata-ana, qohum-əqrəba, yəni yaxın ətraf çox köklü süzgəcdən keçirilirdi. Hətta KQB atamın kimliyini yoxlayanda ortaya belə məsələ çıxmışdı; Atam müharibədə əsir düşməmişdi, ancaq gedib İsveçrəyə çıxmışdı. Atam dedi ki, birdən bu sənin işinə mane olar. Mən də qayıtdım ki, ata, sən əsir düşməmisən ha, alnın açıq, üzün ağ, gedib müharibədə döyüşüb borcunu yerinə yetirmisən. Belə hərtərəfli yoxlayıb süzgəcdən keçirəndən sonra məni göndərdilər xaricə işləməyə. Nə gizlədim, KQB-də işləmək istəyərdim. Lakin məndən agent kimi istifadə etmək istədilər. Qəti şəkildə etiraz etdim. Buna görə başım çox ağrıdı. Nə isə... Türklər demiş, keçmiş olsun.
- Məndə sizin əvvəlki illərdə çıxan bütün kitablarınız var, olmayanları da nə vaxtsa hamı kimi mən də oxumuşam. Sağ olun ki, 7 cildliyinizi və sizin yaradıcılığınızdan danışan məqalələrdən ibarət kitabınızı göndərdiniz. Mən bunların tərtibat üslubuna baxıram və belə qərara gəlirəm ki, Qəzənfər müəllim çox intizamlı, məsuliyyətli, səliqə-sahmanlı bir şəxsdir. Deyəsən siz buna söhbətimizin əvvəlində də işarə vurdunuz?
- Başqa tərəfdən iyirmi ilə yaxın kafedra müdiri işləmişəm. Bu çox kömək edib, bilmirəm, buna xöşbəxtlik deyim, bəxti gətirmişlik deyim ki, mən xaricə getdim və tərcümə ilə bağlı sənədlər mənim əlimdən gəlib keçdi. Sonuncu dəfə xaricə gedəndə baş mütərcim idim. Elmlər namizədi, kafedra müdiri idim. Artıq xaricdə dörd il işləmişdim, inam, etibar qazanmışdım. Elə o vaxtlardan da məndə sənədlərə çox ciddi yanaşma vərdişi yarandı. Bu rəsmi tərəfi. Əslində elə bu yaradıcılığa da təsirini göstərir. Ancaq ki, mən bunu təkcə nizam-intizamla bağlamıram. İşə gərək məhəbbət olsun, adam gərək gördüyü işi sevsin, ondan zövq alsın. İşə sevgi ilə yanaşdınsa, nizam-intizam, səliqə-sahman, məsuliyyət, uğur, nəticə hamısı bir araya gəlir. Açığını deyim ki, hər cümlənin üstündə əsmişəm. Yazıram, bitirirəm, təkrar bir də qayıdıram. Etiraf eləyim ki, gecə mənim ən məhsuldar işlədiyim vaxtdır. Ən mükəmməl fikirlər gecələr beynimə dolur. Yatdığım yerdə qəfil dururam, yazıram. Əgər bir yazını gecə yazmışamsa, elə bil, ona möhür vurulub. Elə indi də yaradıcılıq məsələləri ilə axşamlar məşğul oluram. Bu artıq vərdiş halını alıb. Gecə evdə hamı yatandan sonra mənim öz dünyam var, ona qapılıram və qalan hər şeyi unuduram. Bir fakt - Əlibala Hacızadə, Bəkir Nəbiyev, Tofiq Bayram, Fikrət Qoca, Hüseyn Arif, İsi Məlikzadə haqqında kitablar nəşr etdirmişəm. Bu forma çox xoşuma gəlir. Qəbul olunmuş formadı, görkəmli adamların həyatından kitablar. Əlibala Hacızadə bütün gecəni mətbəxdə oturub yazır, şərait yox imiş. Səhər arvad gəlir, deyir, a kişi, evdə soğan yox, kartof yox, sən də gecəni səhərəcən yazırsan. O da qayıdır ki, ay arvad, mən burda şahlarnan, padşahlarnan döşləşirəm, sən də mənnən soğan-kartof davası eləyirsən... Yaradıcılıq budu. Həyat yoldaşım Arəstə xanımdan çox razıyam, arada çayı elə gətirər ki, heç ruhum da duymaz. Yazı-pozu prosesində ki, fikirdən ayrıldın istədiyin alınmır.
- Sizin yaradıcılığınızı izləyəndə istedad və həvəsin harada bitdiyi, zəhmətin harada başladığı, başqa sözlə, elmi-yaradıcı fəaliyyətdə uğurları təmin edən iki vacib səbəbdən hansının birinci, əsas olduğunu müəyyən etmək çətindir. Sizcə, yaradıcılığınızın zəngin yekununda hansının payı çoxdur, istedadın, yoxsa zəhmətin?
- İstedad Allah vergisidi. Mən hesab edirəm ki, zəhmət olmasa, istedad özü belə işlədilməyən balta kimi paslanır, istedad zəhmətlə vüsət alır.
- Siz doğrudan Allah vergisinə inanırsınız?
- Bəli, çox inanıram. Amma ədəbiyyatşünaslara təfəkkür də lazımdır. Müdriklik, mütaliə lazımdı. Deyək ki, bir qrup elm adamı oturub bir tədqiqat üzərində çalışır, kim ki, zəhmətə qatlaşıb çox məxəzlərdən bilgilər əldə eləyib, təbii ki, iş prosesində özünü göstərəcək. Mütaliə də zəhmətin bəhrəsidir, belə demək mümkünsə, gərək arxanı yerə qoyub otura biləsən.
O ki qaldı Allah vergisinə, buna siz də inanın. Aşıq Ələsgər kimi savadsız adam şedevr yaradır. Aşıq Ələsgər qoşmalarını bədahətən yaradırmış. Bu ilahi vergi deyil, bəs nədir?!
- Professor, doktor Qəzənfər Paşayevi güclü müəllim-pedaqoq saymaq olarmı?
- Onu bəlkə başqaları deyə bilər. Ancaq mən özüm haqqında bunu deməkdə çətinlik çəkirəm. Bir faktı deyim ki, neçə illər dərs demişəm. Nadir hal olar ki, mənim dərsimdə bir tələbə iştirak eləməsin. Düzdü, o vaxt nizam-intizam məsələsi də ciddi idi. Mən özüm kafedra müdiri olanda gedib müəllimlərin dərsini yoxlayırdım. Onu da deyim ki, dərs dediyim tələbələrdən nadir halda üç alanı olub. 1989-2000-ci ilə qədər Bakı Dövlət Universitetində dərs demişəm. Tələbələr bir müəllim olaraq hörmətimi saxlayıb, məndən qorxub-çəkinməyiblər. Dərsini yaxşı oxuyan tələbə ilə işim olmayıb, ancaq laqeydlik göstərəni də cəzasız qoymamışam. Müəllimliyimdən narazı deyiləm. Müəllimə xas olan xüsusi cəhətlər olur, hesab eləyirəm ki, onlar məndə var. Müəllim kimi kitablarım çıxıb. Dərs vəsaiti hazırlamışam.
- Heç tələbələrinizdən sizi axtaranı olur?
- Çox olur. Bir tələbəm Cəlilabadda yaşayır. Ədalət Əsgərov. Bir qrupda dörd tələbəm əla oxuyurdu. Onlardan biri Ədalət idi. Əla oxuyurdu, nizam-intizam da öz yerində. Şəkidən Nurəddinov Məlumat vardı, əla oxuyurdu, oğlum kimi xatirini çox istəyirdim. Axırda dekan oldu, ancaq təəssüf ki, dünyasını tez dəyişdi. Ədalət Əsgərovu institutda saxlatdırdım. Atası gəldi yanıma ki, ay oğul, sənin sözündən çıxmaz, de qayıtsın rayona, mənim başqa oğlum yoxdu, istəyirəm yanımda olsun. Dedim, Ədalət, atan böyüyündü, onun sözündən çıxmaq olmaz, üzün ağ olsun ki, yaxşı oxudun, onun başını uca elədin, get rayona, sənin qabiliyyətin var, harda olsa özünü doğrulda bilərsən. Sözümü yerə salmadı. Getdi rayonda məktəb direktoru oldu, maarif şöbəsinin müdiri işlədi. Elə bayram olmaz ki, mənə zəng eləməsin. Belə tələbələrim çoxdu.
- Sizin yaradıcılığınızda müsbət etik normaların önə çəkilməsi, təbliği ayrıca bir xətt kimi keçir. Ona görə də mənəvi-əxlaqi düşüncələrə dair sual verməyə ehtiyac duyuram. Sizcə dostluq nədir, hər halda 80 yaşlı müdrik bir ziyalının cavabı minilliklərə aid bu sualın mahiyyətini açmağa çox yaxın ola bilər.
- Mənəvi dəyərlər elə-belə yaranmır. Bu, ənənə kimi nəsildən-nəsilə keçir. Atam biz uşaq olanda bir əhvalat danışmışdı. Danışsam yerinə düşər, həm də bir növ sualın cavabı olar. Bir kişinin oğlu elə hey dostlarından danışır, onları tərifləyib göylərə qaldırır. Atası həm onun kimlərnən oturub-durduğunu, dost hesab elədiklərinin sədaqətini, həm də ümumiyyətlə oğlunun dost anlayışının nə olduğunu yoxlamaq istəyir. Çağırır yanına, deyir bəs, hal-qəziyə budu, əlimdən bir xata çıxıb adam öldürmüşəm. Cəsəd də kisənin içindədi. Bilirəm, sənin çoxlu etibarlı dostun var, bizi darda qoymazlar. Apar cəsədi, qoy izini itirsinlər, mənim canım bu bəladan qurtarsın. Oğlan atasının dediyinə əməl eləyir, kisəni çiyninə atıb yaxın dost bildiyi neçə qapını döyürsə, hamısından naümüd qayıdır, gəlir atasının yanına. Kişi deyir ki, neynək, onda get filan kəndə yolun qırağında köhnə bir ev var, onun qapısını döy, de ki, atam filankəs göndərib, sənin köməyinə ehtiyacımız var. Oğlan gedir, kişinin evini tapır, vəziyyəti danışır, adam deyir ki, heç fikir eləmə, qardaşoğlu, biz hansı günün dostuyuq. Axırda bəlli olur ki, kisədə cəsəd-filan yoxdu, adam yaxşı bir toğlunu kəsib qoyub kisəyə. Oğlan səhvini başa düşür və yaxşı günün saxta dostlarından aralanır. Mənim fikrimcə yaxşı dost ən qiymətli sərvətdir. Şükür ki, belə dostları qazana bilmişəm. Çox adamla isti münasibət saxlamaq olar, ancaq bu dostluq deyil. Dost xoş günündə olduğu kimi çətinə düşəndə yanında olandır. Sevinci, dərdi, sonuncu tikəsini səninlə bölüşə biləndir. Ürək dostu, əqidə dostu ciddi məsələdir, bunu adi münasibətlə qarışdırmaq olmaz. Uzaq keçmişdə belə bir şey varmış. Dostluğu qardaşlaşdırmaq üçün iki dost qolunu çərtib, qanlarını bir-birinə qarışdırarlarmış. Qan qardaşı olmaq üçün. Yəni, dostluğun mənası çox dərindi. Ancaq indi bizdə zaman elə sürətlidi ki, dostların sədaqətini yoxlamağa vaxt yoxdu. Dostluğun tərifini də vermək istəyirəm: "Həyatda ən şirin, ən möhkəm, ən davamlı olan şey dostluqdur".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!