Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin “Yeni DƏB” seriyasından növbəti kitab, moldovan-rumın şairi Nikolae Spetarunun “Qiyamət təxirə salınır” seçmə şeirlər toplusu işıq üzü görüb.
Şeirləri dilimizə Səlim Babullaoğlu çevirib.
Edebiyyatqazeti.az xəbər verir ki, “Mücrü” nəşriyyatında maraqlı tərtibatla nəşr olunan kitabda filologiya elmləri doktoru Elnarə Akimovanın ““Kiçik mətnlər”də böyük həyat fəlsəfəsi” adlı Ön sözü, tanınmış ictimai xadım, hüquq elmləri doktoru Vüqar Novruzovun “Ədib barədə bir neçə söz” giriş məqələsi yer alıb. Kitab üzərində E.Camalov, H.Səlimli və Mübarək çalışıblar. Seriyaya informasiya dəstəyini “Ədəbiyyat qəzeti” verib. Seriyanın məsləhətçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, naşiri yazıçı Müşfiq Xandır.
“Kiçik mətnlər”də böyük həyat fəlsəfəsi” adlı Ön sözdə Elnarə Akimova yazır: “Bu tərcümələrdə Spetarunun şeirlərinin poetik yükü ortadadır. Qorunan şəkil və məna, ritm və ahəng özəlliyi, duyğu estetikası, daxili bütövlük, dəqiq qurulmuş nizam şairin və şeirin ruhunu tədqiq etməyə imkan verir. Spetarunun yazdığı gerçəklər çağdaş insanın durumunu ifadə edir. Bu hər yerdə rastlaşa biləcəyimiz sadə insan həqiqətləridir. Həyatın fəlsəfəsi onsuz da bundadır: sadə insan həqiqətlərini ehtiva etməsində... Şeir tərcüməsi çətindir, ruh hadisəsidir, tərcümədə sanki oxucu ilə müəllif arasına qalın bir örtük çəkilir. Səlim Babullaoğlunun tərcümələrində bu örtüyü hiss etmirik, şerin təkcə məzmununu yox, şəklini, qafiyə sistemini də mümkün qədər saxlamağa çalışır. Bəzi şeirləri tərcümə edərkən onları Azərbaycan dilinin kontekstində, demək olar ki, yenidən yaradır...”
Vüqar Novruzovun giriş məqaləsində deyilir: “Nikolae Spetaru təkcə müasir Moldova ədəbiyyatı və ədəbi mühiti üçün deyil, bütövlükdə çağdaş rumındilli ədəbiyyat və Şərqi Avropanın ədəbi həyatı üçün vacib simadır, əhəmiyyətli işlər görmüş ədəbiyyat xadimidir. Nikolae həm də başqa səbəbdən bizim dildə də “səslənməyə”, oxunmağa layiq bir şairdir. Həm də ona görə ki, o, Azərbaycan ədəbiyyatına dərin hörmət və sevgi duyan, bu hisslərini dəyərli əməli işləri ilə dəfələrlə sübuta yetirmiş ədibdir...”
Kitabı “Mücrü”, “Bookzone”, “Kitabıstan”, “KitabAL”dan əldə etmək, eyni zamanda, “Mücrü” nəşriyyatı ilə də əlaqə saxlamaq olar.
Əlaqə telefonu: 055 5028932
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!