Elnarə AKİMOVA
Çağdaş moldov-rumın ədəbiyyatının tanınmış şairi Nikolay Spetarunun şeirlərini xarici ədəbiyyatı böyük zövq və istedadla bizə tanıtmağa çalışan və bunu ardıcıl şəkildə davam etdirən Səlim Babullaoğlunun tərcüməsində oxudum. Artıq illərdir bizdə çağdaş dünya ədəbiyyatını kompleks öyrənmək entuziazmı, poeziyada gedən tendensiyaları ehtiva etmək meyilləri mənə tanış olduğundan başqa ölkə yazarının mətnlərindəki struktur və ifadə estetikasını, malik olduğu idrak modelinin poeziya sənətində proyeksiyasını özümün sənət qavramım və modern məna genişliyi üçün maraqlı və gərəkli hesab edirdim. Şeir tərcüməsi çətindir, ruh hadisəsidir, tərcümədə sanki oxucu ilə müəllif arasına qalın bir örtük çəkilir. Səlim Babullaoğlunun tərcümələrində bu örtüyü hiss etmirik, şerin təkcə məzmununu yox, şəklini, qafiyə sistemini də mümkün qədər saxlamağa çalışır. Bəzi şeirləri tərcümə edərkən onları Azərbaycan dilinin kontekstində, demək olar ki, yenidən yaradır.
Bu tərcümədə də Spetarunun şeirlərinin poetik yükü ortadadır. Qorunan şəkil və məna, ritm və ahəng özəlliyi, duyğu estetikası, daxili bütövlük, dəqiq qurulmuş nizam şairin və şeirin ruhunu tədqiq etməyə imkan verir.
Spetarunun şeirlərində əsas obraz adamlar və əşyalar, şair ruhunun daxili qatı, şüuraltı vəziyyəti - tənhalıq və darıxmaq, zaman vahidi - sonsuzluq, məkan - uzsuz-bucaqsız genişlik, yanaşma yönü - fərqli kulturoloji aspektlərdir. Fəqət müəllif şeirlərin metaforik çoxqatlılığında müxtəlif zaman və məkan xaotikliyini, fərqli mədəniyyət hadisələrini eyni başlanğıcda birləşdirməklə estetik düzüm yaratmağa nail olur. Vizual effektlərin kadrarxası və kadrönü təcəssümü bir-birini əvəzlədikcə yaddaş oyanışı, keşmişə dönümlər baş qaldırır. Ya da tarix sadəcə yerində sayır, təkrarlanır, heç bir dəyişmə baş vermir, bu ondan əxz olunan yeganə dərs olur. Belədirsə, şair demiş, "sən hələ çoxlu səngər qazmalısan", dostum!
Spetaru keçmişlə olduqca sərbəst davranır, bu sərbəst gedişdə tarixi-mədəni hadisələr yenidən şərhini tapır, arxetiplər deformasiyaya uğrayır, qədim abidələrin mətnləri təkrar yazılır. Ümumiyyətlə, arxetip zənginliyi ilə seçilən bu şeirlərdə ilkin strukturlara qədər göndərmələrə rastlaşırıq. Müəllif buna tarixi təfəkkürlə oynayaraq nail olur. Şeirlərin çoxqatlı, iyerarxik olması da burdan irəli gəlir, onların biri-birinə keçidi həmin bu arxetiplərlə reallaşır. Spetarunun şeirlərində keçmiş, bugün və gələcək arasında gəzişmələr insanın zamanla daim kontaktda olmasını müəyyənləşdirən neyrofizioloji bazanın sayəsində mümkünləşir. Bu mətnlərin metaforik çoxqatlılığında hər hansı deyim artıq bu üçlü zaman amilinin çərçivələnmiş nəql strukturunda təqdim olunur.
Bəli, zaman amansızdır, bəzən insanı tənhalığa, təkliyə müncər edəcək qədər istinad nöqtəsi buraxmır: "hər şey o qədər adidir ki,/sanki yüz il əvvəlki bir an/sonsuza qədər təkrarlanır" ("Yalnız yuxular"). Bu yerdə xilas bədii təxəyyülün sərhədsiz imkanları ilə reallaşır. Pol Riker bədii təhkiyələri zamanın insana məxsus zamana dönüşə biləcəyi yeganə mümkünlük kimi görürdü.
Sənin barəndə hər şey məlumdur
və heç nə bəlli deyil,
sən əbədisən,
çünki heç vaxt mövcud olmamısan.
Spetarunun mətnlərində keçmişin semantik yükü tarixin ona qədər olan zaman kəsimi ilə eyniləşmir, mətn xronotopunun tərkib elementi funksiyasında çıxış edir. Təhkiyə-diskurs, süjet-fabula səviyyəsində, mətndaxili irəli-geridönüm şəkillərində. Bu mənada, müəllif bir-biri ilə əlaqədə olmayan əsr həqiqətlərini vahid təhkiyə strukturunda əritməyə nail olur. Şairin "Otuz gümüş sikkə" şeiri bu baxımdan çox maraqlıdır. İndi zamanımızda adi hal alan bir çox neqativləri şair keçmişdən bu günümüzə sürükləyir. D.Zatonskiyə görə keçmişə bu cür inadkar baş vurmaların, müasir fəlakətlərin səbəbini mütləq şəkildə keçmişə atmağın öz həqiqəti var. Spetaru bu həqiqətin insanın yaradılış modelində gizləndiyini düşünür. Dövr, zaman dəyişir, ahəng isə itib, bərpasına ümid yoxdur. Niyə? Çünki hər yeni başlanğıc əvvəlki zamanın xaotik müstəvilərinə səpələnmiş hadisələri götürüb yola davam edir. Spetarunun vizual şeirlərinin dağınıq, fraqmentlərə bölünmüş kimi təsvir edilən misraları həm də dünyanın şəkli kimi qavranılmağı labüd edir. Yəni, oxucuya bu dünyanı təqdim etməyə, "danışmağa" ehtiyac qalmır, bu şeirlərlə dünya onsuz da təhrif olunmamış mahiyyəti ilə onun gözləri önünə sərilir:
Olduqca xoşagəlməz səhnəyə şahidlik elədim:
çıxıb gedərkən ikinci minilliklə
çox əzazilcəsinə davrandılar,
dünyanın ən alçaq fırıldaqçısı kimi
ciblərini axtardılar...
Diqqətli olun! - ağlını itirmiş kütlə bağırırdı,
- O özü ilə heç nə aparmamalıdır,
yaxşı axtarın üst-başını,
əməllicə silkələyin! Hər şey bizimdir,
növbəti minilliyin sakinlərinin,
biz buna layiqik!
Bu nə alçaqlıqdır!
İkinci minilliyin ciblərini
çəkib çıxardılar qəddarca,
hər şeyi aldılar əlindən:
sevgini/nifrəti/inqilabları (hər cürəsini)/
savaşları/epidemiyaları/ satqınlığı
və otuz gümüş sikkəni-
birinci minilliyin ən vacib mirasını da...
Bəzi şeirlərin toxumasına şair yuxu situasiyalarını da daxil edir. Onların obrazlı və emosional dinamikası ciddi məqam olaraq önə çəkilir. Yuxudan oyanma müəllifə görə ontoloji müstəvidən gerçəkliyin adiliyinə keçiddir, sakral mənalı anlayışların, zaman və məkanların profanlaşmasıdı. Çünki Spetaru yuxuların simvolik dilini real proseslərin dili kimi qəbul edir. Yuxudan o yana mənasızlıq başlayır - "qapısı və pəncərəsi mismarlanmış qaranlıq otaqlar", qiyamət hazırlıqları, məhşər xofu...
Şair bununla sanki gerçəkliyin absurdluğunu, sosial qanunların bir işə yaramadığını göstərmək istəyir:
yol üstəyəm
ağac əkirəm bir körpəyə sığal çəkirəm vəssalam
mən eləcə yol üstəyəm (aydın deyil ki?!)
siqaret yandırıram və istəyirəm ki
(əlbəttə mümkündürsə)
bu yuxu uzansın sonacan
çünki bu mənim yuxumdur
görün bir necə bənd olubdu mənə
mənsiz itib-batar əminəm
amma təəssüf
sən daşlara belə deyirsən
Qəhrəmanın həyatdan qopması, təcrid olması, özgə dünyada yaşaması, darıxmaq amili də burdan irəli gəlir. Bir udumluq hava, bir ilğım azadlıq təşnəsi üçün seçilən anlar bütün ömür, sevgi aktının metaforuna çevrilir. Spetaru təkliyi Avropa modernistləri kimi aqressivliklə qarşılamır, lənətləmir, əksinə, sanki yol yoldaşıymış kimi davranır, bu hissi dogma, məhrəm bir duyğuya çevirir - "Bu kədər həmişə səninlədir: şəkildə də,/kütləyə qarışıb itəndə də" ("Rilkeni oxuyan kədər"). Bəlkə buna görə bu şeirlərdə emosional gərginlik yoxdur, duyğusal lirik ricətlərə varılmır, əksinə surreal təsvirlərin inikasına belə rasional ifadəlilik xasdır.
darıxmaq ölümdən betərdi
neçə dəfə oxudun bir qəzeti
hər sözü hər sətri məqaləni
sonra da nə qədər güc sərf elədin
unutmaqçün onları bilmərrə
və təkrar eyni həvəslə
oxuya biləsən deyə
beləcə yumşaltdın ötürdün
darıxmağı təkliyi hüznünü
Yaxud:
Hər necəsə mən indi xoşbəxtəm,
mənimlə xoşluqla yola gedən
bədbəxtliyə məftunam, məstəm.
Spetarunun şeirlərində zamanla, keçmişlə, insanın öz içi ilə ünsiyyət əlaqələrinin qırılmaması əsas motivlərdəndir. Müəllif müasir dünyanın epidemiyasına çevrilən aşırı istehlakçılıqla fərdin arzularındakı minimalizmi qarşılaşdırır, "vaxt gələcək, /bilirəm/, bütün yollar qəlbimizə/üz tutacaq",- deyir. Kitabların dünyanı xilas edəcəyinə ümidini itirmədiyi üçün kitabxanası ilə öz arasında sevgi dolu bir saniyə saxlayır.
Bu şeirlərdə əsas obraz qismində əşyalar iştirak edir və müəllif bu əşyalara, sadəcə, predmet, obyekt kimi yanaşmır. Əksinə, onu subyektləşdirir, situasiyalardan, şairin münasibətindən asılı olaraq əşyaların obrazı dəyişir, fərqli müstəviyə keçir. Əşya və qəhrəmanın ovqatının vəhdəti - şeirlərdəki kompozisiyanın strukturunun, vizual mətnin plastik ifadəliliyində önəmli rol oynayır:
indi yəqin ki kimsə
mənimlə otaqdakı əşyaların
fərqini tapmaq üçün
boşuna cəhd edəcək
Bəzi səslərin təkrarı - alliterasiyası Spetaru üçün dünyanı, ətrafı dərketmə vasitəsinə çevrilir: "səni saatın səssiz işləməsi hövsələdən çıxardır" ("Necə zəng etməli"); "əyyaşlar sait səsləri uzadaraq söyüş söyürlər" ("Şeirlərində").
Bu hal sözlərin təhkiyədə ritmin və intonasiyanın formayaradıcı element kimi çıxış etməsinə imkan yaradır. Adətən, xüsusi poetik morfologiyaya malik şairlərdə belə olur. Spetaru hər bir situasiyanın müvafiq səs obrazını yaradır, bəzən sait və samitlərə təkrar qayıdışı ilə mətnin daxili assosiativ imkanlarını genişləndirməklə bərabər obrazın ruh şəklini, psixoloji durumunu sərgiləyir: "neçə gündür darıxmağın/bir özgə açmasını tapmaq istəyirsən/təəccüblənirsən ki saitlər samitlərlə/mübahisə etmirlər" ("Necə zəng etməli"). Yaxud "şeirləri çap maşınında döyəcləyirəm/saitlər və samitlər qalın təbəqəylə çöküntü verir" ("Təklikdəki poema"); "saitsiz udulmuş sözlər / cavabsız suallar / yarıyacan oxunmuş kitablar /" ("Heç kimə və heç hara teleqram").
Bu şeirlərdə həm də nəhəng şəhərlərin, böyük Avropanın ritmini əks etdirən səs-küy, sənayeləşən, modernləşən, ənənələrdən qopan, mənəvi dəyərlərini maddi-texniki dəyərlərə uduzmuş dünya ilə yeniliyi qəbul etməyən, "bir səhra uydurmaq istəyən" obrazın qarşılaşması var. Şairin müşahidə kamerasına daim harasa tələsən, nəhəng sənayeyə qarışan, vesternizasiyalaşma səbəbindən kökündən qopan, duyğularını itirən insan kütləsi tuş gəlir. "Poeziyanı məişət əşyaları dükanında gördüyünü" deyən bu adamlar, "içindəki saat və əqrəblərin qarışdığını deyən bu mətnlər" yeni dünyanın ehtiva etdiyi apokaliptik səviyyənin təmsilçiləridir:
günah uzun vaxtı gen gəzdi zamandan
yerin kənarında
Qabil Habili öldürür yenə də
çaşqınlıq içindəsən
kabusların barbar rəqsindən qurtula bilmirsən
tezliklə (bunu yaxşı bilirsən)
çap maşınının üstünə düşəcək başın
bir neçə hərfi vura biləcəksən amma
son söz kimi
mənasız olsa da
"Kiçik və yuxusuz Avropada şeiri"ndə müəllif bu dəyişimi daha dəqiq vurğularla poetik məkana daxil edir:
Bu gün Avropa "to be or not to be"yə
Elsinor sarayında çalınan alqış hesabına yaşayır,
boşluqda, ölüm ayağında uzanıb qalıb,
səkkizgözlü, gonbul,
parıltılı ayaqları olan hörümçəklər səhradan
stressdən ürəyi xəstə düşmüş Avropaya tərəf
gəlməkdədir.
Spetarunun yazdığı gerçəklər çağdaş insanın durumunu ifadə edir. Bu hər yerdə rastlaşa biləcəyimiz sadə insan həqiqətləridir. Həyatın fəlsəfəsi onsuz da bundadır: sadə insan həqiqətlərini ehtiva etməsində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!