Akif Əlinin redaksiyamıza ünvanladığı məktub

 

Hörmətli Azər Turan!

Son iki həftənin "Ədəbiyyat qəzeti"ndə "Repressiya: Gizlin və gerçəkləri ilə..." mövzusunda Elnarə Akimovanın "moderatorluğu" ilə (müasir istilahla desək) keçirilən müzakirə materiallarını diqqətlə və maraqla oxudum. İndiyədək "Tarixi-Nadiri yarı etdiyimi" düşünsəm də, bu müzakirələrdə o qədər yeni informasiyalara, tarixi faktlara ilk dəfə rast gəldim ki, hələ bu mövzuda "heç nə bilmədiyimi" özüm də bildim.

Akimovanın zəhmətkeş qələmi və səbirli idarəçiliyi ilə müfəssəl şəkildə təqdim olunmuş diskussiya Azərbaycan tarixinin, xüsusən ədəbiyyat tariximizin hələ nə qədər ağır, ağrılı və açılmamış gizlinləri olduğunu göstərdi. Və bu müzakirə materiallarının təəssüratı altında xalqın başına gətirilən müsibətləri, hətta "sapı özündən olan baltaların" donosları ilə istedadlı yaradıcı şəxslərə, vətənpərvər, cəsarətli adamlara vurulan zərbələri, verilən cəzaları, vəhşi işgəncələri düşündükcə heç yadları, düşmənləri demirəm, hətta bəzi nadan "özümüzünkülərin" belə bədgümancasına, aşağılayıcı tərzdə, həqarətlə yanaşdığı müasir Azərbaycan xalqı barəsində nə qədər yanlış olduqları və nə qədər dar düşündükləri aydın görünür. 

Təəccüblənməyin və bilin ki, Elnarə Akimova ilə şəxsi tanışlığımız olmadan belə fikir bölüşməyə qərar verməyimin səbəbi də onun təqdim etdiyi materialın təsir dərəcəsinə dəlalət edir. Çox dəyərli yazıdır. Vəzifə borcu ucbatından gündə 20-30 qəzet oxusam da, son illərin əksərən düşük, yeknəsəq KİV-ləri müstəvisində az-az hallarda belə maraqlı materiallara rast gəldiyimi etiraf edirəm. E. Akimovanın zəhmətini, biliyini və təəssübkeşliyini qiymətləndirir, sizlərə bu yazıya görə təşəkkür edir və yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə, Akif ƏLİ
Nazirlər Kabinetinin
Mətbuat xidmətinin rəhbəri

29 yanvar 2018

Müzakirə mətni ilə buradan tanış ola bilərsiniz:

http://edebiyyatqazeti.az/news/muzakire/1248-repressiya-gizlin-ve-gercekleri-ile

http://edebiyyatqazeti.az/news/diger/1282-repressiya-gizlin-ve-gercekleri-ile


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!