Pirayə xanıma
Hələ də
qaçmaqda olan itlər
geridə qalırlar,
döngədən keçir qatar.
Arxadakı
vaqonlar görünür
bir-bir,
çaşıb qalır insan:
bu çox-çox uzaq,
bu çox-çox
arxada qalan şeylərə
bağlı olmaqdan.
510 nömrəli ümimi vaqon.
Dəhliz.
Bir adam,
çiyinlərinin üstündən
mavi göy görünən
cankırılı Durmuşun
arxasında oturub,
dayayıb qapıya kürəyini,
bir kənddə
məscid divarının dibində
oturubmuş kimi.
Dalğındı.
Dincəlir sanki.
İmdad diləyən
bir yalvarışla
sallanmış bığları.
Bəmbəyaz
şırımlar var
qapqara və incə əsnəsində.
O bəlkə bir adam öldürəcək.
Bilmir.
Məktubda
bu haqda
bir şey yazmayıblar.
Fəqət
zavallının eni bu,
uzunu bu olan tarlasına -
məhkəmə sənədində
təsdiq edildiyi kimi -
onunla
eyni kənddən olan
Əhmədoğlu Bəkir sahib çıxıb.
Ehtimal ki,
Bəkiri öldürəcək,
balta ilə.
Nəzarətçi gəldi.
Çankırılı Durmuş
özünü saymamazlığa vurdu.
Arxasındakı adam
təlaşla sıçrayıb
qalxdı yerindən,
təbəssümündə
hər şeydən çox
yalvarıcı bir hal vardı.
Çəkinə-çəkinə,
sıxıla-sıxıla
şəxsiyyət vəsiqəsini
polisə gösdərirmiş kimi
göstərdi biletini nəzarətçiyə…
Nəzarətçi
gördüyü işdən
məmnun olanlar kimi
arxayın-arxayın
deşdi bileti
və
gedərkən
aram-aram dedi:
- Eloğlu,
burda oturmaq olmaz,
qadağandır,
get,
axtar,
bax,
hər halda,
içəridə
boş yer olar.
Dəhlizdə
tatarsifət adam -
yun fabrikinin qaravulçusu
və
cürə saz maraqlısı -
bir əhvalat danışırdı
Qartallı Kazıma
Çanaqqala haqqında:
"Mayın altıncı gecəsi
səkkiz yerimdən yaralandım,
yaramın ikisi
hələ də bitişməyib,
sızıldayır zaman-zaman…
İngilislə
üz-üzə dayanmışdıq -
aramız üç-beş addım,
bizim
əl qumbaramız
onların səngərlərinə çatır,
onlarınkı bizimkinə.
Hücuma keçdik.
Üç addım
atmamışdım ki,
yıxıldım yerə.
İngilisin pulemiyotu
qarnımı biçmişdi.
Aradan
bir qədər keçdi.
Başımı qaldırıb baxdım:
göy ulduz-ulduz…
Bizimkilər
geriyə çəkilmişdilər.
Aramsız
atəş yağdırır ingilislər
səngərdən,
güllələr
başımın üstündən keçir,
vızhavız,
başladım
geri-geri sürünməyə,
torpağı
əllərimlə eşələyirəm,
alnım gavura sarı.
Bir yandan
öz səngərimizə tərəf
sürünür,
bir yandan da
deyirəm:
Ay Allah,
vurdursan da,
arxadan vurdurma məni!
O vaxt
ayrı şey gəlmir
insanın ağlına.
Süründükcə
şəhid meyidləri
ilişir əl-ayağıma,
daha doğrusu,
mən onlara toxunuram…
Kimisi
arxası üstə düşüb,
açıq qalmış ağzı
qanla dolu,
kimisi üzüqoylu,
kimisi diz çöküb,
əlində mauzer,
eləcə,
heykəl kimi
donub qalıb.
Öz-özümə deyirəm:
Allahım,
öldürəcəksənsə,
məni belə öldür,
əlimdə mauzer,
dizi üstə,
üzü gavura sarı…
Nə isə,
səhər açıldı.
Ətraf
əməlli-başlı işıqlandı.
Mən də
səngərin yaxınlığına
çatdım.
Bir tüfəng uzatdılar -
yapışdım sünügüsündən.
Məni dartıb,
səngərə saldılar.
Sonradan hesabladım:
üç saata gəlmişəm
iyirmi beş metrlik yeri…
Bir müddət
eləcə ikiqat qaldım səngərdə,
yaralarım başladı
sızıldamağa.
Günorta üstü
yoldaşlarımdan biri
` məni dalına aldı -
gəldik tibb məntəqəsinə.
Çadırlar…
Çadırların içinə dirəklər basdırılıb,
saman döşəkləri
bərkitmək üçün.
Saman döşəklərin üstündə
yaralılar, yan-yana.
Ağlayanmı deyirsən,
küfr edənmi deyirsən
dininə, imanına,
hamısı burada…
Qayçı ilə
kəsdilər paltarımı.
Oldum anadan gəlmə,
çırılçılpaq.
Bir
əsgər şineli
atdılar üstümə.
Yaralarım açıq,
sarımaq üçün tənzif yox.
Amma,
Allahdan olan kimi,
qan axmır,
torpağa qarışıb quruyub.
Bir müddət keçdi.
Özüm də
bilmədən
yuxuya dalmışam.
Qolumdan yapışdılar,
ayıldım.
Çadırdan çölə çıxartdılar.
Axşam çağıdı -
gün batdı -
batacaq…
Çölüm soyuq,
içim isti.
Taxta təkərli arabalar
düzülüb yan-yana.
Sanitarlar
yığırlar yaralıları arabalara,
üst-üstə,
buğda çuvalı kimi.
Altda qalanın canı çıxsın.
Bir arabada
on, on beş yaralı -
bağıran kim,
ölən kim.
Nə isə, yola düşdük.
Arıburnunun yolları daşlıqdı.
Arabalar silkələnir.
Toran çaldı.
Mən arxası üstə uzanmışam
Altımda kimsə qımıldanır,
köksümdə
bir cüt ayaq var,
Amma
ayaqlardan birinin
yarısı qopub.
Dikdirdən aşağı enirik.
Göy üzü ulduz-ulduz,
bir də
xəfif-xəfif əsir rüzgar.
Bir-birinin ardınca
gedir arabalar.
Qum işkələsinə çatdıq
səhərə yaxın.
Bir çadırın yanında dayandıq.
Bir adam
bayıra çıxmadan,
çadırın içindəncə
səsləndi arabaçıya:
- Haralıdı?
- Filan yerli.
- Atasının adı?
- Filan.
- Öz adı?
- Filan.
- At aşağı!
Arabaçı
qaldırıb atdı yerə
o adamı.
Növbə mənə çatdı.
Dözə bilmirəm ağrıya,
Ana, bacı qoymadım,
söydüm arabacını.
Hərif
adətkar olubmuş:
dedi,
söy, qardaş, söy,
ürəyin nə qədər
istəyirsə,
söy…
Qumun üstünə uzatdılar bizi.
Yanımızda
dəniz xışhaxış qalxır, enir.
Ətraf bir xeyli işıqlanıb.
Qumların üstündə min,
bəlkə bundan da ziyadə
yaralı var.
Günortaya qədər gözlədik.
Bir gəmi gəldi,
ikibacalı,
dəniz rəngində.
Küfr edə-edə,
çığıra-çığıra,
bağıra-bağıra
yükldəilər bizi gəmiyə,
yenə də
çuval yükləyirmişlər kimi…
Gəminin içi cəhənnəm, -
laxta-taxta qan,
mazut,
tər.
Məni
gəminin anbarına endirdilər.
Yola düşdük.
Yeddi gün, yeddi gecə.
Yaram qurdladı.
Baxdım qurdlara -
başları qara-qara,
qalan yerləri ağ-ağ.
Amma ağıllıdılar -
baxdığım
duyar-duymaz qaçdılar,
bir az sonra yenə gəldilər…
Yeddi gün, yeddi gecə…
Türkün canı
it canıdır, dözür.
Bir də
Allah öldürməyəndə öldürmür.
Səkkizinci gün
çatdıq Sirkəciyə,
Kapitan lövbər atdı,
lakin
qəbul etmədilər bizi,
burda boş yer yoxdur deyə.
Axşam,
əzan vaxtı
lövbəri qaldırdı kapitan.
Gəldik Heydərpaşanın önünə.
Tibb məktəbi
xəstəxana idi o zaman.
Onlar
"qəbul etmək mümkündür"
- dedilər.
Bir
matrosun dalında
göyərtəyə çıxdım.
Matrosun
topallığı vardı
bir az,
amma
xas polad kimi
möhkəm bir laz
uşağı idi.
"Bismillah" deyib,
baxdım dörd tərəfə:
İstanbul pırıl-pırıl nur saçır,
Ah, canım İstanbul!
Nə isə,
xəstəxanaya girdik.
Divarlar ağappaq.
Hər yan elektrik.
Döşəmə daşları
təptəzə, tərtəmiz.
Təkərli xərək hazır.
Məni
təkərli xərəyə uzatdılar,
rahat-rahat.
Allah
dövlətə zaval verməsin.
Dua etdim, vallah…"
Susdu tatarsifət adam.
Alnı müsibət qırışdı.
Kiçik,
sivri çənəsində
seyrək, ağ saqqalı
uzanmışdı.
Qurd gözləri ilə
qəribə tərzdə gülümsədi
Qartallı Kazım,
universitet tələbəsi -
kənardan dinləmişdi söhbəti -
çaşqın halda.
Bir kədər duydu içində,
sonra hirs qarışıq
bir mərhəmət.
Sonra düşündü:
"Heyif,
necə də tez əfv edirlər."
Sonra yenə düşündü:
"Bir növ balıq,
bir növ ağac,
bir növ mədən kimi
məmləkətimizdə
bir növ insan var ki,
ömrünü danışmağa dəyər
və
yaddan çıxmayan xatirəsi
müharibələrdir, müharibələr."
Və
davam etdi düşünməyə:
"Mən
bir səngərdə
ölümü gözləyəcək qədər
cəsurammı?
Gözləyənlərin
və ölənlərin
hamısı cəsur idilərmi?
Ümumiyyətlə,
bu işin cəsarətlə
bir əlaqəsi varmı?
Yoxsa,
səngərdəkilər
bir çobanın
sallaqxanaya apardığı
bir sürü mal-qara kimi
heysiyyətsizdilərmi?
Yoxsa,
yanlış düşünürəm?
Elə səngər ola bilər ki, -
məsələn, mənim üçün -
sevinc içində
ölə bilərəm orda.
Səmimiyəm bu anda.
Fəqət gələrsə o gün
və ölmədən öncə
bir neçə saat
yaralı halda
yaşayası olsam,
təəssüf hissi duymayacağammı?"
Universitet tələbəsi
daha heç nə düşünmədi
Nəzarətçi
ağızlaşırdı
tatarsifət adamla.
Universitet tələbəsi
mübahisənin səbəbini
anlaya bilmirdi.
Peşman olmuş
adama bənzəyirdi
tatarsifət adam.
Və
nəzarətçi qürurlu görünürdü
acıqlı vaxtında belə.
Nuri Öztürk -
"Qocalar evi"nin mühasibi -
yetirdi özünü qovğa yerinə
və
səsi gəldikcə bağırdı:
- Bəylər, dayanın!
Nəzarətçi
dövlət məmuru sayılır.
Deməli,
bu tatarsifət adam
dövləti təhqir etmişdir,
dərhal
akt bağlamaq lazımdır.
Nəzarətçiyə
nəsə dedi Qartallı Kazım.
"Yaxşı,
elə olsun,
Kazım qardaş" -
dedi nəzarətçi.
Universitet tələbəsi
Nuri Öztürkün qoluna girib,
apardı üçüncü kupeyə.
Dava-dalaş səngidi,
amma
heç kəs tatarsifət adama
dövləti təhqir etdiyini
başa sala bilmədi...
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!