Fraqmentlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

 

Əvvəli burada

 

1

Şeir (əlbəttə, qeyri-adi poeziya nümunələri) nəsrdən və digər ədəbi növlərdən kəskin şəkildə fərqlənir və sən bunu yalnız ömrün əldən buraxa biləcəyin bircə məqamında hiss edə bilərsən, həmin məqam gələndə yuxuda olsan belə, o səni yada salacaq, elə yuxudaca bunu yaddaşın sirli hücrəsinə yığa biləcəksən... Bu baş verməyincə nə qədər sevsən, nə qədər aşiq olsan da, bədii mətnin özünün özündən fərqli sənin üçün anlaşılmaz qalacaqdır. Bir şeiri digərindən elə həmin yaddaş hücrəsində sonradan gedən proseslər bəlirləyir. Bu proses oxu zamanı sənə çatan, qəlbinə toxunan hisslərdən çox fərqli intibalar yaradır. Bunu fəhm etmək dünya və gerçəkliklə rabitənin dərinlik ölçüsünü dolğunlaşdırır, bədii mətni ondan "vaz keçməklə" duymaq sənətini öyrədir, belə bir kənarlaşdırma şeirin misraları arasında yatan əlahiddə "duyğu notlarını" tanımağa meydan açır. Və bu nöqtədə şairin dedikləri ilə şeirin dedikləri arasında fərq özünü boyaboy göstərə bilir.  Bu "görüntü" hər bir şairdə fərqli ölçüdə olur.

Mikayıl Müşfiqin şeirlərində insanların dərhal sevdiyi, əzbərlədiyi (bunu  eləməsən də zənn edə bilərsən...) situasiyadan çox fərqli və əslində, bu poetik duyumu dünyaya gətirən sirr var.

O mənada ki, dinləyəndə, yaxud oxuduğunuz zaman sənin yaddaş hücrəndə də nələrsə oyanır və sən bunu ifadə edə bilmirsən, daha doğrusu, buna ehtiyac qalmır. Ənənəvi şeirdə bir "qafiyə hökmranlığı" məsələsi var, təsəvvür edin kimsə bir şeir oxuyur, qafiyə quruluşu misraların içiylə axan səsin hekayətini dinləməkdə sənə mane olur, bunun ən optimal əlacı həmin axışın özünün qafiyəyə çevrilməsidir, zənnimizcə, Müşfiqdə, onun bəzi (təkəmseyrək) mətnlərində ("Yenə o bağ olaydı", "Küləklər"...) məhz bu proses gedir. Şeirdə məkan və zaman şırımları, zaman və məkan ayrıcları ilk baxışdan çox dəqiq bilinir, bundan məqsəd fikrimizcə, hadisənin nə zaman və harda baş verməsini silmək, unutdurmaq, başqa sözlə, zamana qarşı durmaqdır. Xəyal və gerçəklik bir-birinə elə qarışıb ki, bir-birinin içində elə kombinasiyalarda elə təsvirlər yaradıblar ki, sənə şeirin içindəki dünyanı bu dünyadan ayırmaq qalır.

 

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində,

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi;

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telində,

Gecələr darayaydı, saçlarını, Ay gözəl!

Sən gözəlsən, Ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

Bəri başdan deyək, yuxarıdakı bənddə təsvir edilən hadisə xəyal edilən hadisədir, yaşanmış deyil, ancaq yaşansaydı onu bu qədər gözəl ifadə etmək olmazdı, şairin taleyindəki məhkumluq və nakamlığın bu poetik elementlə dəqiq əlaqəsi var. Söyləmin bətnindəki psixoloji halət elədir ki, insan sanki o əllərin o yarpaqlar arasında saçlara toxuna bilməyəcəyini də bilir və bunu, keçmişdə "olmuş" hadisəni gələcəyə daşımaqla nakamlıq və məhkumluqdan sıyrılıb çıxmaq istəyir. Məhz buna görə, həm də: həsrətin, ayrılığın bu qədər yandırıcı və mütləq olduğuna görə hər şey maksimal (bəlkə də ifrat) gücdə təsvir edilib. Müşfiqin şeiri qatlardan ibarətdir, onu hər dönəmdə oxudan, sevdirən (bu sözlər kifayət etmir, bunu duyuram-!) həmin qatlardakı ilahi pıçıltılardır, bədii mətn gerçəkliklə yuxu arasında "suayrıcında" qərar tutub, ona görə də sən bunu həm lap indi baş vermiş olay, həm də yalnız xəyalda oynanılan tamaşa kimi görə bilirsən. Ona görə də Müşfiq poetikası bizim poeziyada unikal hadisədir.

 

2

...Uşaq yaşlarından indiyə qədər oxuduğum, oxuyub əzbərlədiyim, ya da yaddaşıma, onun daxilindəki yalnız mənə aid olan hücrəsinə hopdurduğum şeirlər var, özü də necə, sakit tonlu, həzin, mətləbin, mövzunun yalnız ürəyinə toxunan və toxunduqca qəribə intibalar yaradan mətnlər... Bu mətnləri biz sonradan unuduruq, təkcə ona görə yox ki, yaşlaşırıq, yaddaş yeyilir, dolur, yaddaş saxlancına təzədən yüklənmə əmri verilmir, başqa bir məqam var burda zənnimizcə, yaddaşa yığdığın şeylər nə qədər təmiz olsa da, sonradan çirklənir, həyat belədir, toz qonur üstünə, hansısa aqressiv vəziyyətin təsirinə məruz qalır və sair. Çünki yaddaşımızın ən təmiz yerində qərar tutan bu nəsnələr ətrafla təmasa möhtacdır, təmas yaranmalıdır ki, o şeylər diri qalsın, həyatın tozuna bələnsə də, güc tapıb özü-özünü yeniləsin, üstündəki min ilin tozunu çırpa bilsin.  Əks halda, yəni biz buna layiq olmayanda o təmiz şeylər qeyb olur, izi-tozu belə qalmır. Baxmayaraq ki, bəzi şairlər gənclik çağında yazdıqları şeirləri belə ahıl vaxtında əzbər deyə bilirlər. Amma bunun həmin o ruhi vəziyyətlə bir əlaqəsi yoxdu, məncə. Sadəcə, hafizə psixologiyasıdır. Ən yaxşı yadda saxlama o olardı ki, o nəsnə içini tam olaraq doldursun, əzbər demək istəyəndə sözlər dilinin altında qalsın və ən yaxşısı da nə qədər gözəl olur-olsun, o mətni heç yazmamaqdı, çünki, ya bəlkə, hər şey çirklənir...

 

3

Bu gün (artıq dünən) Nəsimi heykəlindən aşağıdakı keçiddə qəribə bir şey gördüm. Ordan hər keçəndə buna bənzər nəsə görsəm də, ayaq saxlamırdım. Bu dəfə bir az başqa cür oldu. Keçiddə bir oğlan skripka çalırdı. Çox tanış gəldi. Ancaq papağını gözünə basdığından, üstəlik, şərflə üzünü örtdüyündən kəsdirə bilmədim. Amma çalğısı, davranışı... eləydi ki, bənzətdiyim adamda tapdım onu. Bu gənci bir neçə "seans"da gördüm: kitab oxuyur, şeir yazır, söhbət edir və skripka çalırdı. Nədənsə, onun üzünü dünyadan gizlədib adi lirik tonla mənə çox qəribə gələn, həm də sonadək anlamadığım səsi (qəlbinin...) bir anlığa böyür-başımızdakı aqressiyanı, zalımlığı, namərdliyi, daha nələri unutdurdu mənə. Kitab oxuyur, şam işığında şeir yazır, körpə qızının təbəssümünə qoşulur, yorulduğunda payi-piyada, günün hansı vədəsi olur-olsun, həmin yerə gəlib skripka çalır. Bəlkə gedəndə qabağındakı dəmir və kağız pulları da unudur, bu adam bir damcı da olsa insanlara pis havanı, kəsafəti, kimisə seçib ona qənim kəsilməyi... unutdurmaq istəyir. Düşündüm ki, ədəbiyyat, xüsusən şeir də belə olmalıdır. Hamının, bütün ədəbi və qeyri-ədəbi qüvvələrin özündən dediyi məmləkətdə bu adamı doğrudan tapmış kimi oldum.

Dəli könül, nə divanə gəzirsən...

 

4

Bir ömürdə bir şair nə qədər söz deyir, yazır, ya pıçıldayır? Saymaq, ölçmək və müəyyənləşdirmək çətindir, amma bir gün onun işlətdiyi, yazdığı və pıçıldadığı sözlərin hamısı bir məcraya yığılıb unudular, unudulmağın ən ağrılı yerində yeni, hələ heç kəsi tanımayan və heç kəsin tanımadığı sözlər cücərər. Bəzi şairlərdə bu hadisə baş verəndə bütün külliyyatı bir şeirin hücrələrinə yığışar, hər şey - həsrət, intizar, iztirab, insanı insan eləyən dərdlər... onun içinə yığışar və ordan dünya üzünə çıxar. Ölümünə yaxın Vaqif Səmədoğlu poeziyasında, zənnimizcə, belə bir hadisə yaranmışdı, o, son şeiri yazmasa da (bunun ən axırıncı şeir olması vacib deyildir), aşağıdakı mətndə həmin proses dayanmadan gedir və ölümlə həyat arasında başqa bir dünya kimi ucalır.   

  

...El getdi,

dil getdi,

bundan sonra açıl

hnə, qaysaq yara.

Açıl, açıl,

qanın nsün selə...

Çöl də soldu

gül də soldu,

gözlər doldu,

açıl yara,

indən belə

bilə-bilə...

Şeirin nə ifadə etdiyi daha maraqlı deyil, hər şey hansısa nöqtədən başlayaraq axır, dünyanı əks etdirir, hər gün, bəlkə tarixin lap mənfəzindən başlayan, baş verən hadisələr onun aynasında əks olunur, sınır, çilik-çilik olur, dağılır, amma ölümə qədər dünyanın ən gözəl səsini, dünyanın ən dözülməz həsrətini, dünyanın ən çəkilməz dərdini içinə yığır, hər şey sınır, parça-parça olur, yaranan şeylər solur, köhnə dərdlər bar verir, tumurcuqlayır, selin qarşısından daş-kəsəyin birdən açılması sənə ömrün əvvəlini və sonunu, bəlkə bu sondan sonra da baş verəcəkləri müşahidə etmək imkanı yaradır.  

 

5

..."Gülməli ədəbazlar" pyesindən sonra rəqibləri, daha doğrusu, düşmənləri Molyerin Paris, Pri-Burbondakı teatr binasını uçurdular, içindəki kostyum və dekorasiyalar məhv oldu, heç nə ələ gəlmədi, aktyorlarını digər teatrlara dəvət etdilər, amma onlar Molyeri tərk etmədilər... Molyer bu komediyasında neyləmişdi? Ədəbazlığı, həqiqəti öldürtməyi tənqid eləmişdi... Tənqid heç zaman cəzasız qalmır.

...Coysun şəxsiyyəti onun yaradıcılığını anlamaq üçün əsas açar rolunu oynaya bilər. "Uliss" yazıçının psixikasının, dünyagörüşünün güzgüsü idi. Yəni deyildiyinin əksinə olaraq, Coys eksperiment aparmırdı, özünü ifadə edirdi, daxilindəki dərinliyi sözlə ifadə edirdi və sözü dəf edirdi. Hətta Borxesin də vurğuladığı "qəsdən" qəsdi düz deyildir, sözsüz ki, romanın meydana gəlməsində Coysun bədii düşüncəsi əsas rol oynayırdı, ancaq Coysun özünü, xarakterini, tətbiq etdiyi konstruksiyaları unudub "bunu qəsdən belə eləmişdir" demək yanlışlıqdır. Çünki Coys nə qədər dərin zəkaya malik olsa da, yazı prosesində hər şeydən tam xəbərsiz olurdu. Əlini saxlayıb hansısa "qəsdi" düşünə bilməzdi.

..."Məhkəmə"də yaxşı bir detal var, seanslar üçün yer həmişə dəyişdirilir, bir yerdə iki dəfə keçirilmir, əsas bu deyil; əsas odur ki, Kafkanın təsvir etdiyi məkanlarda tavan həmişə alçaqdır, ona görə prosesə cəlb edilən adamlar həmişə özlərinə yastıq aparırlar ki, tavan uçanda çiyin-başları əzilməsin...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!