Fraqmentlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

"...İnsanların problemi ondadır ki, biz gələcəkdə yaşayırıq,

gələcəkdə yaşamağa öyrəncəliyik, indiki zamanı həmişə təxirə

salırıq (sabah, biri gün və sair), ancaq bununla biz həyatımızı

unuduruq, ancaq birdən hansısa məqamda oyanırıq və dəhşətə

gəlirik, sabah olmayacaq, ömür bitib, ölüm üstümüzdən keçib...".

 

A.Kamü

 

***

Bu dünyada yaxşı, saf, qızıl xəlitə adına nə varsa, insan qəlbinə dərhal yol tapmır. Bu həqiqətdir. Dərhal qəbul etdiklərindən tez yorula bilərsən, yaxud gözünü açıb onun artıq olmadığını görərsən. Gəlib gediblər... Yaxşı olan şeylərlə bizim həmişə qovğamız olur, bunsuz onu qəbullamaq mümkün deyildir, davadan sonrakı dostluq sonsuza qədər sürər.

Qorxmaz müəllimin (professor Qorxmaz Quliyev) yazıları ilə söhbətimiz uzun sürəcək. Oxuduğun, söhbət elədiyin zaman bu dəm, yəni yazını oxuduğun an, yaxud onun qələmə alındığı məqam hansı fəslin olduğunu bilməyəcəksən, çünki bu tip şeylər özünü "itirmək" üçün hər şeyi qarışdırır. Bu mənada yazıda təhkiyə çox ciddi məsələdir. Təhkiyədə iki məqam var: 1) Ən mürəkkəb mətləbləri söhbət edirmiş kimi anlatmaq (danışıq yazıdan çox fərqlidir, kimsə yazdığını olduğu kimi danışa bilməz...) və  2) Hər şeyi "sehr" tülünə bürümək, sadəcə yazmaq...

 

***

Xarici dilləri öyrənərkən, sözlərin enerjisinə yiyələnmək, onlarda yuvalanan həssaslığı duya bilmək üçün daim izahlı lüğətlərlə işlərsən, ilk vaxtlar, yəni buna vaxtın və həvəsin çox olduğu anda qəribə hisslər keçirərsən, sözün içində dalğalanan enerjini tam duymağın mümkün olduğu məqamda o söz və enerji səndən uzaqlaşar; insanlarla ünsiyyət və ayrılıq da buna bənzər, daim yaxınlaşan və uzaqlaşan dalğaları insan bu dünyadan köçəndən sonra bilərsən...

 

***

"Təhlükəli poeziya" anlayışı var. O mənada ki, bu təhlükə sənə qədər yol gələn bir ənənəni dağıdır və ona təfriqəçi gözüylə baxırsan. Sözü həmişə olduğu yerdən qaldırır və yerini boş qoyursan ki, oxucu məhz bu boşluğa tamaşa etsin. O qədər fərq yaradırsan ki, yaratdığın poeziya ölümün əkiztayı olur, yazdığını ölüm kimi, son nəfəs kimi hiss edirsən. Bir azdan üzünə bir meh dəyir, yaxud sənə elə gəlir, hər halda bu "əcaib" fərqi tamamlayan, onunla müxalif mənada baş-başa gələn bir nəsnə tapılır... 

Necə ki, Adonis deyirdi: ədəbiyyat - "mənəvi sənayedir". Təsəvvür edilən, xəyala gələn obrazların işarələrdə təcəssümüdür. Ədəbiyyat hər şeydən öncə görmədir (videniye - baxış). O, bu ilkin görmə məqamında qəraralaşıb. Bu məqamda əlimizə köhnə ilə baş-başa gətiriləsi fakt düşür, ərəb poetik nəzəriyyəsində poeziya əvvəlki nümunənin təqlid edilməsidir, o mənada ki, şair görmür, ancaq əvvəlki modeli görünüşcə dəyişdirir, bu halda ədəbiyyatdan söhbət gedə bilməz...

Bu baxış indi bizdə də aktualdır. Qulaq asırsan, valeh olursan, oxuyursan, peşman olursan...

***

Çeslav Miloş Heraklitə həsr etdiyi silsilədə deyirdi ki, üç növ gerçəklik mövcuddur: birincisi, bizi yaralayan və ümidlərlə bəsləyən, bizdən canını qurtaran gerçəklik - göz açıb yumunca bitib-tükənir; ikincisi, xatirələrin dünyası,  ancaq cism və bədənsiz ruhların məskəni ola bilər; nəhayət, üçüncüsü, "insan nitqinin və obrazlarının dilində kök salmış, heç zaman tamamlanmayan, qırıntı şəklində, fraqmentar şəkildə mövcud olan və kompozisiya qanunlarına (yəni formaya) uyğun şəkildə qurulan dünya". Üçüncü gerçəkliyin demiurqu - yazıçıdır.

 

***

"...Adamın qanını tökən sətirlər..."

Ərəblərdə bir məsəl var, şairin dediyi söz gizli qalır. Bəzən şairin bir misrasını açmaq üçün bütün yaradıcılığına nəzər salır, bütün şeirlərini misal çəkmək məcburiyyətində qalırsan. Bu nədən irəli gəlir? Şeirin içinə "qoyulan" məna mətn boşluqlarında "ilişib qalır". Mətn boşluqları (lakunlar) Berqsonun "metafizik çay"ına bənzəyir. Bu çay həyatın altı və üstüylə axıb keçərək, bütün ömürləri, mənaları yarıb keçir, əsl toxum, məna toxumu o zaman cücərir, boy görsədir, mətn boşluqları insanlar şeiri oxuduqca, bu şeir, bu mətn zamandan keçdikcə dolur, dəyişir, içində vəsf edilən duyğulara şaquli istiqamətdə inkişaf edir, dünən çox sakit halda oxuduqların nə vaxtsa "adamın qanını tökən sətirlərə" (A.Blok) çevrilir. Hər şey yazan adamın özü-özüylə təbəddülatından, özü-özüylə savaşından başlayır. Ritm əbədi bir şeydir, ritm dəyişmir, ritm zaman və məkanın bizimlə şüurumuz arasında qoyduğu maneələri aşır, vurub dağıdır, şeir o anda doğulur, şairin dediyi ilə oxucunun oxuduğu arasında əsl bəhsləşmə bu an yaranır.

Jan-Pol Sartrın belə bir fikri var ki, şair əslində, dildən istifadə etmir, şeirlə (-Dillə -!) o, əbədi susmağını ifadə edir. (Sartr: …şair yazdığı, işlətdiyi dilin içində yox ondan dışırıdadır, məhz belə bir vəziyyət dili maneəyə çevirir…). Bu mənada bizdə vəziyyət spesifikliyi ilə seçilir. Yəni əksər şairlərimiz üçün söz elə şeirə bərabərdir, şeir deməkdir. Buna görə şeirdən yazanlar belə yanıqlı ifadələrə müraciət edirlər, bu yazıları əlində dəsmalsız oxumaq olmur.

Və bizim şeirdə dəhşətli (plagiat və təbdildən daha dəhşətli -!) bir "gecikmə aktı" var. Hər dəfə velosipedi təkrar-təkrar ixtira etmək məcburiyyətində qalırıq. Bəzən...

Dünya poeziyasında modern düşüncənin banilərindən hesab edilən Adonis belə yazırdı: "Mənim şair kimi bütün yaradıcılığım belə bir inamla aşılanıb ki, sənət, poeziya varlığı, yaxud insanı ifadə etmir, onları tamamlayır. Hər hansı nəsnəni ifadə etmək ən yaxşı halda onun hər hansı aspekti haqqında söz deməklə məhdudlaşa bilər. Mən danışdığım an özümü ifadə etmirəm, nümayiş etdirirəm. Sənət və poeziya varlığın davamıdır. Onlardan istifadə etməklə mən gerçəkliyi çoxaldıb artırmıram, onu tutmağa çalışmıram, yalnız elə bir yeni gerçəklik uydururam ki, içindən çıxdığı gerçəkliyi eyni zamanda həm unutdursun, həm də yada salsın".

 

***

...İllər keçir, eyni əhvalat təkrar nəql olunur, eyni situasiya təkrar olunur, - yenə birini ona görə tərifləyib göyə qaldırırlar ki, ondan kiçikdirlər, yaxud onun kimi ədalətli ola bilmirlər, bu "yetimlik" diskursu bitib tükənmir, - kiməsə güvənib yaşamaq, cingiltisi qulaq deşən bir ovuc, yox, bir aləm xırda pul... Xərcləndikcə "artan" pullar, qəlp olsa da...

 

***

...Yazıçı və şairlər daim (belə görünür ki, dünya durduqca -!) tənqidə qarşı aqressiv davranırlar (yoxdur...), bu da onun bəlirtisidir ki, kimsə bu məmləkətdə öz işi ilə məşğul olmur, əvəzində sərt qarşıdurma var, bir-birini itələmə, rədd etmə, sanki qorunur, zərbələrdən yayınır, amma bu, zərbə yeməkdən daha acınacaqlıdır, məncə.

Bunun əvəzində yazıçı (şair...) özü haqqında tənqidin, deyək ki, resenziya janrında nəsə qələmə ala bilər. Özünə qarşı dursun, ironiya etsin, özüylə oynasın, görək nə alınır. Bu təcrübə bizdə yoxdur. Görək, özünü öyməkdən yan keçə bilirmi kimsə... Bunu bacarmaq çox şey deməkdir.

...XX əsrdə filoloqlardan biri bir sual vermişdi: kitabın mənası nədir? Şübhəsiz ki, bu orada nəyin müzakirəsinin aparılması ilə yox, nə ilə mübahisə edilməsi ilə bağlıdır. Bu bir "modernist konsepsiyadır". Belə bir yaradıcılıq mübarizəsində yazıçının rəqibi mətndəki mənadır, yəni mübarizə məna uğrunda deyil (onun ifadəsi, izah edilməsi...), mənaya qarşı, onun buxovlarından (belə bir şeyi hiss edirsinizmi?) xilas olmağa qarşı, mənadan qurtulmuş utopik dünya yaratmaq uğrunda aparılır. Məna yaratmaq və ondan qurtulmaq...

Yazmaq və yazdığına ironiya etmək...

Niyə? Nə üçün? Çünki əvvəl-axır istənilən mətnin mənasında müəllif obrazı iştirak edir (...başqa birisi mənim haqqımda nə düşünür?..).

Başqa birisinin gözündə sən kimsən?..".

***

Vaxtilə, deyəsən, keçən əsrin 90-cı illərində bir fransız jurnalında Vislava Şimborska haqqında məqalə və tərcümədə şeirləri verilmişdi. O şeirləri tərcümə elədim, hansısa dərgiyə göndərdim, dərgi bağlandı və yazı itdi. Sonra Şimborskadan bir neçə şeir tərcümə elədimsə də, o zaman itən tərcümələrin yerini vermədi. O mənada ki, fransız jurnalında oxuduğum mətnin sözləri yox, hansısa ətir, qoxu daim onları yadıma salırdı, bu xatırlamadan qurtulmaq mümkün olmur.

Bu şairin mətnlərində spesifik bir şey - duyum var - mətn əvvəldən sona və tərsinə ən müxtəlif epitet, məcaz və metaforadan "boşala-boşala" gedir, həmin epitet və məcazlar mətndə işlədilməsə də sən onların varlığını, daha doğrusu, mətndən necə köç etdiklərini hiss edərsən. Həmişə mənə elə gəlib ki, itən tərcümələrdən yaddaşıma hopan qoxuda "ceyran" sözü var, sözün, əşyanın ətrə, özünü duyuran nəsnəyə çevrilməsi qəribədir. Demək, Şimborskada bədii mətn bir neçə mərhələdə qurulur (yazılır...): fikrən, bu ilk mərhələdə havanı sıxlaşdıran epitetlər sonradan mətndə fiziki mövcud olmasalar da, onun yaddaşında qalır və hansı yollasa oxucuya ünvanlanır, daha doğrusu, hər bir təsadüfdə nəyisə itirirsən, sözün, əşyanın əvəzində onun qoxusu, ətri qalır. "Qocalıq" şeirində olduğu kimi. Mətni oxuyursan, bayaq vurğuladığımız epitet və bədii fiqurlardan "təmizlənmə" dərhal hiss edilir - şair oxucu ilə adi söhbət edir. Kimsə, haçan "necəsən" soruşanda // Nəzakətlə, "yaxşıyam, sağ ol"// deyirəm // Amma... osteoartritim var, bu hələ hamısı deyil // Astma, ürək də incidir hərdən // Nəbzim zəif, qanımda xolesterin çox // Ancaq nə qəm, yaxşıdı, bu yaşımda... Daha sonra:

 

Bu kiçik şeirdən nə alınır?

Demək, qocalıq gəldimi,

Ən yaxşısı, bir gün sümüklərin

                      sınacağını qəbul etməlisən...

 

Heç zaman qocaldığınızı dilinizə gətirməyin,

Dişlərinizi sıxaraq taleyə boyun əyin,

Ətrafınızı xəstəliyiniznən çərlətməyin,

Qocalan kəslər üçün ən yaxşı məsləhət:

Dişlərinizi sıxın, bir-birinizə gülün beləcə.

 

Səhər yataqdan güclə qalxanda

Qəzetlərdə nekroloq oxuyursuz,

Adınızı burda görmədinizsə,

Demək, yaşayırsınız, hələ yaxşıdı hər şey!

 

***

Ömür elədir ki, məsələn, ədəbi mənada qocalıq elə özü bir romandır. Yəni bunun üstündən nəfəs dərmədən yazmaq onsuz da "görünməyəcək".

 

***

"...Həqiqəti yamsılayan uydurma roman da ən yüksək dərəcədə belə işə qol-qanad verən bir məkandır. Ancaq bu uydurma, bu yalan özünü kifayət qədər bildirəndə, yəni o, qənaətbəxş həddə yetişəndə, nəhayət, adına roman dediyimiz şey özünü yeni dil kimi göstərəcək, yeni dilə, yeni, bambaşqa qrammatikaya, nümunə kimi seçilmiş informasiyaları əlaqələndirmək üçün yeni üsula yiyələnəcək, bu an, nəhayət, özünü "tapan" roman bizə aid olan şeyləri necə xilas etməyin yollarını göstərəcək, o özüylə bizim hər gün qulaq kəsildiyimiz nəsnələr arasındakı fərqi qabartmaqla xalis poeziya kimi zühur edəcəkdir" (M.Bütor).


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!