"Ölülər"in poetikası və İslam: birləşən mövqelər - Təyyar SALAMOĞLU

https://edebiyyatqazeti.az/news/edebi-tenqid/5812-olulerin-poetikasi-ve-islam-birlesen-movqeler

IV HİSSƏ

Əsl həqiqətdə Hacı Həsən ağa!!!

Mirzə Cəlil tragikomik situasiyada təsvir etdiyi qəhrəmanlarına ümidsiz baxmır, onların mövqeyini və əqidəsini birtərəfli təsvir etmək yolunu tutmur. Hər bir personajın düşdüyü situasiyaya yanaşmasını, yanaşmalar arasındakı fərqləri gözdən qaçırmır. Bütövlükdə qəhrəmanların "ölü diriltmək" əhvalatına münasibəti ürəkaçan olmasa da, bəzilərinin cərəyan edən hadisələrə şübhə tendensiyası ilə yanaşması diqqətdən yayınmır. Əslində, bu cəhət, sənətkarın gerçəkliyə ümidli baxışlarını ifadə edir. Ən azı dəstənin başçısı, ağsaqqalı kimi təsvir edilən Hacı Həsən ağanın hadisələrə münasibətdə başqalarından fərqləndiyinə diqqət çəkmək olar.

Doğrudur, ədəbiyyatşünaslıq Hacı Həsən ağanın içindəki tərəddüd işığının tez sönməsini əsas gətirərək onu "ölülər" cərgəsindən ayırmır. Əslində isə Hacı Həsən ağanın içindəki tərəddüd kifayət qədər davamedici xarakter daşıyır və hadisələrə bəsirət gözü ilə yanaşma ilə bağlı daxili potensialı işarələyir. Ədəbiyyatşünaslığımızda diqqəti çəkməsə də, qeyd edək ki, İsgəndərdən sonra "ölülər"in dirilməsi əhvalatına, qismən də olsa, ayıq münasibəti Hacı Həsən ağa nümayiş etdirir. Əlbəttə, o, İsgəndər kimi, qəti inkar mövqeyində dayanmır. Ancaq burası da var ki, mühit İsgəndəri qəbul etmədiyi üçün onu bu əhvalata inandırmağa yox, hadisələrdən kənar saxlamağa və zərərsizləşdirməyə çalışır. Lakin bütün cəhalət mühiti özünə borc bilir ki, Hacı Həsən ağa da onlarla bir cərgədə olsun. "Ölülərin dirilməsi" əhvalatına münasibətdə Hacı Həsən ağanın tez-tez işlətdiyi xarakterik ifadələr - "məəttəl qalmışam", "çünki çox qəribə işdir: insan məəttəl qalır", "vallah, dünyanın işinə məəttəl qalmışam" sözləri və daxili tərəddüdlərin psixoloji əhval-ruhiyyəsində yaratdığı gərginlik mühitin "ölüləşməyə" müqavimət duyğusunu, hadisələrə münasibətdə ayıqlığın potensiyasını ifadə edir. Hacı Həsən ağanın "yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola" sözləri hadisələrə fərdi düşüncə ilə baxışdır; hadisələri ağıldan və idrakdan keçirmək meylidir; baş verənlərin ağıl və idrakın müqavimətinə rast gəlməsinin təzahürüdür.

İsgəndər hadisəyə birmənalı münasibət göstərir, qəti rədd mövqeyi tutur, çünki oxuyub, təhsil alıb, "Quran" həqiqətlərindən xəbəri var. Hacı Həsən ağa oxumayıb, təhsil almayıb (bəlkə də ibtidai dini təhsili var, lakin bu təhsilin sxolastik səciyyəsi, əzbərləməyə söykənməsi, ona "Quran" həqiqətlərinin mahiyyətini başa düşməyə imkan verməyib. Fikrimizcə, müəllimin Cəlala keçdiyi dərsdə bu təhsilin əzbərləmə üsuluna söykənməsinə tənqidi münasibət var), buna görə də "Quran" həqiqətlərindən xəbərsizdir. Ancaq diqqət edilsə, onu başqalarından fərqləndirən bir nüans da var. O, uşaqlarını oxutmağa meyllidir. İsgəndəri "kafirlər içində" oxutdurub, təhsili yolunda "öz ağırlığı qədərincə" pul qoyub. Ancaq indi peşman olsa da, kafirlər içində oxumağın əleyhinə olsa da, ümumən oxumağın əleyhinə deyil. Kiçik oğlu Cəlalın oxumasına yaratdığı şərait də bunu sübut edir. Hacı Həsən ağanın şübhələrinin əsasında da həmin bu oxumağa meyil tendensiyası dayanır. Adətən, "Ölülər" mühitinin büsbütün zülmət bir mühit olması və İsgəndərin bu zülmət mühitində bir "işıq şüası" kimi parlaması məsələsi önə çəkilir necə. "Ölülər" mühitində İsgəndərin təkliyi də, təklikdən doğan faciəsi də tez-tez diqqət mərkəzinə çəkilən yanaşmalardandır. Məsələnin başqa bir tərəfi də var.

"Ölülər"in maarifci mühiti

(İsgəndər tək deyil)

"Ölülər"də təsvir edilən XX əsr mühitinin reallıqlarını Mirzə Cəlil ancaq qaranlıq, cəhalət mühiti kimi təsvir etmir. Qeyd edək ki, əsərin bədii mətni bu mühitin işıqlı qüvvələrinin əsərdə ancaq İsgəndərin obrazında təmsil olunması fikrinə tənqidi yanaşmağı zərurətə çevirir. Bunun üçün Hacı Həsən ağanın İsgəndərlə bağlı şikayətlərinin məzmununa diqqət yetirək: "Hələ bir para namərdlər müsəlmanları məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa! Yəni (mən) başı küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar ki, xalq başını salsın aşağa, öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gəlsin, Allaha şükür, məqdurun var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun: incinar olsun, həkim olsun, silistçi olsun, nə bilim nə zəhrimar olsun. Bəli göndərdik".

Bu nitq dioloji xarakterlidir.Təkcə Hacı Həsən ağanın dünyagörüşünün ifadəsi deyil. Hacı Həsən ağanın nitqi onun yaşadığı cəmiyyətdə maarifçilik hərəkatının vüsət aldığını və əməli-praktik nəticələr verdiyini göstərir. Hacı Həsən ağada oğlu İsgəndəri Firəngistanda (Fransada) oxutmaq ideyası haradan əmələ gəlib? İdeyanın müəllifi onun nitqində yer alan "bir para namərdlər"dir. Hacı Həsən ağanın nəticədən narazı qaldığı bir situasiyada "bir para namərdlər" kimi xarakterizə etdiyi qüvvələr cəmiyyəti elm, təhsil, tərəqqi, Avropa yoluna çıxarmaq uğrunda mübarizə aparan mücahidlərdir. Bu mücahidlər tək-tək fərdlər deyil. Bütöv bir hərəkat səviyyəsindədir. Əgər onlar bu cəmiyyətdə mötəbər bir mövqe tutan Hacı Həsən ağanı oğlunu oxutmağa razı sala bilirlərsə, deməli, mühitdə nüfuzları var. Onlar İsgəndərin oxumağa getməsinə nail olan qüvvələrdir - onun sələfləridir, eyni zamanda müasirləridir. Bu sələflərin milli cəmiyyətdə Əli bəylərdən, Heydər ağalardan, hətta İsgəndərdən fərqli bir mövqedə və nüfuzda olduğunu düşünmək əsərdə təsvirini tapan reallıqdan mayalanır.

Bu reallıq, eyni zamanda Hacı Həsən ağanın tərəddüdlərinin mənbəyini də açır. Onun hadisələrə yarımbəsirət gözü ilə baxışları həm də bu ziyalı qüvvələrlə ünsiyyətindən doğur. Hacı Həsən ağa bu ünsiyyətin real nəticələrindən razı qalmasa da, həmin ziyalı qüvvələrin onun düşüncəsinə təsiri şüuraltında, zəif şəkildə olsa da, qalmaqdadır. Əsərdə təsvir olunan bütün bir silsilə hacı, kərbəlayı, məşədi obrazlarının heç birinin düşüncəsində Hacı Həsən ağadakı hal müşayiət olunmur. Hacı Həsən ağanın tərəddüdləri az qalır ki, bəzən qəti inkar məqamına yüksəlsin: "Bilmirəm dirildəcək, ya diriltməyəcək. O bağlıdır Allahın iltifatına. Mənim özümün də ağlım çaşıb; heç bilmirəm nə cür dirildəcək. Allahın iltifatı olsa, bu nə bir çətin işdir?". Hiss olunur ki, Hacı Həsən ağanın bütün şübhələri maarifçi mühitin onun düşüncəsinə təsirindən irəli gəlir. Beləliklə, müəllif Hacı Həsən ağanın əməl, düşüncə, inanc və xarakterini maarifçi qüvvələrlə cəhaləti təmsil edən qüvvələrin mərkəzində sınağa çəkir.

Hacı Həsən ağanın maarifçilik hərəkatının onun düşüncəsinə müsbət təsiri zəminində meydana çıxan şübhələri "ölülərin dirilməsi" əhvalatına tam ayıq münasibətə çevrilə bilmir. Elə müəllifi də, ilk növbədə, düşündürən məsələnin bu tərəfidir. Buna görə də mühitin təhlili önə keçir. Bu mühitdə "ən ayıq adam da ən sərxoş adam vəziyyətində çıxış etdiyi kimi" (Y.Qarayev), düşüncəsində şübhə toxumları ən açıq bir şəkildə yer alan adam da öz mövqeyindən geri çəkilməli olur. Ölülərin dirilib bu dünyaya qayıtmasının cəfəngiyatdan başqa bir şey olmadığını dəqiq bilib, onu ətrafındakılara sübut etmək imkanında olmayan və bu imkansızlığın yaratdığı psixoloji durumda daha artıq sərxoşlaşan və dəli olmaq dərəcəsinə gələn İsgəndərlə müqayisədə, Hacı Həsən ağanın fanatik mühitin təsiri ilə öz tərəddüdlərindən uzaqlaşıb onlara dəstək verməsi komediyada cərəyan edən hadisələrin tragizmini şərtləndirən amillər arasında yer alır. Bir danılmaz həqiqət var ki, Hacı Həsən ağa Kərbalayı Fətullahın dirilmə xəbərini eşidəndə də, Şeyxi qarşılamağa hazırlaşanda və qarşılayanda da onun içindəki şübhə qalmaqda idi. Bu şübhəni silib atan, onu dərəcəsiz bir qorxu, xofla əvəz edən məhz Şeyx Nəsrullahın moizələri və psixoloji hücum və təlqinləri olur. Məhz bu zaman Hacı Həsən ağa "qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcdəyə" və deyir: "Şeyxim, bizə rəhmin gəlsin, biz yazığıq. Biz hər halda sizin əmrinizə itayət etməyə hazırıq. Bizə yazığın gəlsin". Hacı Həsən ağanı Şeyx Nəsrullahın ayaqlarına qapanmağa məcbur edən Allah qorxusudur. Çünki Şeyx Nəsrullah bilərəkdən bütün moizəsini qiyamət gününün qorxusu üzərində qurur. Allah hökmləri haqqında həqiqi biliyi və təsəvvürü olmayan müsəlman bəndəsinin bu situasiyada başa düşdüyü ancaq və ancaq Allah qorxusu, qiyamət qorxusudur. Onun savadsızlıq, maarifsizlik ucbatından Şeyx Nəsrullahın dediklərini həqiqət tərəzisinə qoyub ölçmək və sərbəst qərar çıxarmaq imkanı yoxdur. Buna görə də özünü büsbütün Şeyx Nəsrullahın ixtiyarına verməkdən başqa çarəsi yoxdur.

Mirzə Cəlil möminin Allah qarşısında borcunu "səhərdən axşamadək səccadə qabağında namaz qılmaq"la yerinə yetirəcəyi və yaxud Allah qarşısında borcun ancaq və ancaq oruc və namazdan ibarət olması düşüncəsi ilə razılaşa bilmir.

İstər maarifçi, istərsə də tənqidi realistlərin düşüncəsində möminlik şərtinin oruc-namazla yekunlaşması, Allah qarşısında "Quran" və şəriət ehkamlarından irəli gələn digər borclara əməl edilməməsi müqavimətlə qarşılanır, tənqid obyekti olurdu. Allahını tanımağın oruc-namazla bitməsinə dair möminə təlqin olunan fikirlər, möminliyi şərtləndirən digər məsələlərə laqeyd münasibət onun əxlaq və mənəviyyatında, sosial həyatında atdığı addımlarda naqisliklər doğurur, bu istiqamətdəki hərəkət və əməlləri qarşısında mənəvi məsuliyyət daşımamağa gətirib çıxarırdı.

"Ölülər"in hacı, kərbəlayı və məşədilərdən ibarət personajlarına İsgəndərin irəli sürdüyü ittihamlar məsələnin bu tərəfi ilə bağlı idi.

Din tənqid hədəfi deyil, çıxış nöqtəsidir!

"Qurani-Kərim"də qadın hüququ məsələsi bütün incəlikləri ilə yer alır və qorunur. Yetimlərin malını yemək qiyamət günündə Allah qarşısında bağışlanmaz günahlar sırasında yer alır.

Bəs niyə "möminlər" - Hacı Həsən ağalar, Hacı Baxşəlilər, Hacı Kazım, Hacı Kərimlər, Mir Bağır ağalar qadına, yetim malına münasibətdə özlərinin möminlik borclarını yerinə yetirməyə həvəs göstərmirlər? Niyə "mömin" adlanan bəndələr, bir qayda olaraq, cəmiyyətdə ciddi sosial problemlərə yol açan əməllərə yol verirlər?

Mirzə Cəlilin birmənalı qənaəti bundan ibarətdir ki, bunun əsas səbəbi ümmətə "Qurani-Kərim" hökmlərinin ya yarımçıq, ya yanlış çatdırılmasıdır. Dini hökmlərin həqiqi məzmununun insanlara çatdırılmasında dözülməz hal alan maarifsizlik, onların bu hökmlərin həqiqi mahiyyətini dərk edib, əməl və fəaliyyət düsturuna çevirmək imkansızlığı, Allah kəlamlarının ana dilinə tərcüməsinə din xadimlərinin göstərdiyi müqavimət, millətin böyük kütləsinin ərəbcə oxuyub dərk etmək imkanlarının məhdudluğu, bundan istifadə edən din xadimlərinin daha çox özlərinin mənafeləri nöqteyi-nəzərindən sərfəli olan ayə və hökmlər üzərində dayanması, insanlarda "Allahın hikmətinə əl aparmaq olmaz" fikrinin hərfi mənada güclü təlqini, insan düşüncəsinin "Qurani-Kərim"də böyük yer verilən hər şeyə ağlın və idrakın gözü ilə yanaşmaq, "Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq", beləliklə, düşüncənin sərbəstliyinə verilən imkanların din xadimləri tərəfindən bilərəkdən arxa plana keçirilməsi insanın sosial həyatında və əxlaqi-mənəvi dünyasında böyük problemlərin yaranmasına gətirib çıxarır ki, XX əsr sənətkarları, o cümlədən Mirzə Cəlil bütün bunları estetik düşüncənin predmetinə çevirməklə, nəticə etibarilə ictimai düşüncədə sağlam mövqelərin formalaşmasına çalışmışlar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!