"Ölülər"in poetikası və İslam: birləşən mövqelər - Təyyar SALAMOĞLU yazır

 

Əvvəli: http://edebiyyatqazeti.az/news/edebi-tenqid/5682-olulerin-poetikasi-ve-islam-birlesen-movqeler                                         

Mütiiliyin doğurduğu rəzalət

Əslində, bu razılaşma həm də simvolik xarakter daşıyır, müsəlman ümməti ilə onun mənsub olduğu din arasında ruhani təbəqənin dayanmasını metaforalaşdırır. Həmin ruhani təbəqə isə çox vaxt İslam hökmlərinin - Quranın, Şəriətin həqiqi məzmununu insanlara çatdırmaqda maraqlı olmur. Nəticədə isə insanlar məsələlərə münasibətdə din xadimlərindən asılı qalır, məsələnin dini tərəfinə də onların verdikləri şərhləri hərəkət üçün əsas sayırlar. C.Məmmədquluzadə komediyada faciələrin kökündə məsələnin bu tərəfinin dayanması üzərində təfsilatı ilə dayanır.Əslində, ölülərin dirilməsinə yanaşmalar birmənalı deyil. Məsələn, Hacı Həsən ağanın şübhə və tərəddüd içərisində qalaraq xeyli psixoloji gərginlik keçirdiyini vurğulamaq olar. Ümumiyyətlə, ölülərin necə diriləcəyinə münasibətindəki şübhə məqamları ilə bərabər, dirilmədən sonra onların aqibəti ilə bağlı düşüncə və narahatlığı Hacı Həsən ağanı, hər halda, digərlərindən bu və ya digər dərəcədə ayırır. Doğrudur, Hacı Həsən ağanın  şübhə və tərəddüdlərində sosial motivin də rolu var. Fikrimizcə, son tədqiqatların birində məsələnin bu tərəfi doğru müşahidə olunmuşdur: "Hacı Həsən ağanın ailəsində, xüsusən də Hacı Həsən ağanın özündə müşahidə etdiyimiz təlaşın başqa bir səbəbi də var. Bu səbəb bizə məşhur qəbiristanlıq səhnəsindən aydın olur. Məlum olur ki, Hacı Həsənlər bəzi ölülərin diriləcəyini düşünüb sevinc hissi keçirdikləri kimi, bəzi ölülərinin də diriləcəyini düşünüb möhkəm narahatlıq və qorxu hissi keçirirlər" (Kazımoğlu M. Ölü kimdir, diri kim? Cəlil Məmmədquluzadə: 150 il (məqalələr, esselər, müsahibələr, şeirlər). Bakı. Ecoprint, 2019. s.99).

Heç şübhəsiz ki, Hacı Həsən ağanın qardaşı Hacı Rzanın çoxdan ölməsi və buna görə də onun dirilməsinin çətinliyi ilə bağlı tərəddüdlərini dilə gətirməsində sosial amil öndədir. Bununla belə, onun keçirdiyi narahatlıqda ölülərin dirilməsinə inamla şübhə xaotik bir vəziyyətdə meydana çıxır. Hadisələrin gedişindən aydın olur ki, ölülərin, xüsusən çoxdan ölmüşlərin diriləcəyinə xaotik yanaşma başqalarının düşüncəsində də yer alır. Qəbiristanlıq səhnəsinin əvvəlində Şeyx Nəsrullahı çıldırmaq dərəcəsində əsəbiləşdirən də məhz bu istiqamətdə kütlə arasında gedən danışıqları eşitməsidir. Ona görə də moizəsini elə qurur ki, ölülərin dirilməsinə heç kimdə şübhə qalmasın. Şeyx Nəsrullahın möizəsində Allah-taalanın ona ölüləri diriltmək lütfü verməsi və buna görə də hətta özünün bu barədə kitab yazması haqqında nitqi əsas yer tutur.

Şeyx Nəsrullah özünü və yazdığı kitabı farsca nitqində belə təqdim edir: "Misli-bərabəri olmayan, nümunə götürüləsi, alicənab, əsli-nəcabətə malik, dərrakə sahibi, əldə etməyi bacaran, dövlət və qüdrətin cəlalı, dinin və millətin təəssübkeşi, Əmir Xosrov bahadırın taxtına layiq, hazırda, Allah tərəfindən eyni müqəddəsliklə dəstəklənən bir sima, təcrübəli, müqəddəslik timsalı göndərildi ki, bu fağır bəndə-İsfahan vaizi İbn Cəfər bu kitabın yazılması ilə məşğul olsun".

Şeyx Nəsrullahın özünün yazmış olduğu və "Qayıdış hikmətinin ixtiraçısının icadı" adı ilə kütləyə təqdim etdiyi kitab "fəthə qayıdış - öldükdən sonra dünyaya geri gəlmə"dən bəhs edir. Şeyx Nəsrullah əlində tutduğu və az qala kütlənin gözünə soxduğu bu kitabla insanları öz əsirinə çevirir: "Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar? ...Kimdir bunu danan?"

Kütlənin bilmədiyi nədir, yaxud nələrdir?

Kütlə bilmir ki, "...Onun (Allah-taalanın-T.S.) izni olmadan heç bir şəfaət edən ola bilməz" (Yunus surəsi, 3-cü ayə).

Kütlə bilmir ki, kiməsə Allah-taala şəfaət izni, möcüzə göstərmək icazəsi verə bilər, ancaq bütün bunlar fani dünya üçün geçərlidir.

Kütlə bilmir ki, "(Ölüləri) yenidən diriltmək də Ona (Allah-taalaya - T.S.) aiddir" (ən-Nəcm surəsi, 47-ci ayə). Kütlə onu da bilmir ki, dirilmə bu dünyaya qayıdış üçün deyildir, Allah qarşısında hesabat vermək üçündür.

Bütün bunları bilmədiyinə görə, kütlə bilmir ki, "fəthə qayıdış-öldükdən sonra dünyaya geri gəlmə" haqqında yazılmış kitab ağ yalandır, İsfahan vaizinin uydurmaları, dini hökmləri əsaslı şəkildə təhrif etməsi və onları süni surətdə öz çirkin məqsədinə uyğunlaşdırmasıdır; insanları qorxu altında saxlamağa hesablanmışdır.

Əsərdə Şeyx Nəsrullahın din adından alver etməsi, din adından törətdiyi fırıldaqlar və dini biliklərini öz "mərəz"ini təmin etmək istiqamətinə çevirməsi onun əsərdə yerinə yetirdiyi missiyanın yalnız görünən-zahiri tərəfidir.

III hissə

Şeyx Nəsrullah:

kənardan müdaxilə,

yoxsa daxildən maneə?!

Y.Qarayev yazır ki, "əslində dramaturqu düşündürən nə Şeyx Nəsrullah surəti, nə də özü - özlüyündə ölü diriltmək əfsanəsi idi. Molla İbrahim Xəlil də, Dərviş Məstəli şah da bizim komediyalarda çoxdan ifşa edilmişdi. Bütün bədii nəsrində olduğu kimi, Mirzə Cəlili burada da ən çox bilavasitə "ölülər" özləri narahat edirdi" (Göstərilən əsəri. s.202). Heç şübhəsiz ki, görkəmli alim analitik bədii təhlilin və tənqidin ağırlıq mərkəzinin əsərdə "ölülər"in üzərinə düşməsini vurğulamaqda haqlı idi. Lakin analitik bədii təhlilin dərin qatlarında məsələnin kökünə varmaq, "ölülük"ü doğuran amilləri tapıb meydana çıxarmaq da mühüm yer tutur. Məhz Şeyx Nəsrullah - ölülər, Şeyx Nəsrullahlıq və "ölülük" münasibətlərinin hərtərəfli açılışı komediyanın fəlsəfəsini aşkarlaya bilər. Məsələ burasındadır ki, Şeyx Nəsrullahla kütlənin görüşü təkcə din fırıldaqçısı ilə "ölülər"in görüşü deyildi. Ədəbiyyatşünaslıqda xüsusi vurğulanır ki, "ölülər"in avamlıq və cəhaləti fırıldaqçı Şeyxin mövcud ola bilməsi üçün ən yaxşı zəminə çevrilir" (Göstərilən əsəri. s.204). Bunun ardınca və yaxud əvvəlində ədəbiyyatşünaslıqda, adətən, belə bir fikir gəlir ki, Şeyx Nəsrullah həm də güclü psixoloqdur, "ölülər"in "ölü diriltmək" məsələsində mövqeyinin necə olacağını əvvəlcədən dəqiq təsəvvür edə bilir. Məsələ, təkcə Şeyx Nəsrullahın psixoloqluğunda deyil, məsələ, həm də onun "ölülər" mühitinin hazırlanmasında nə qədər iştirakçı olub-olmamasında, bununla bağlı missiya yerinə yetirib-yetirməməsindədir. Məsələ "ölülər"in avamlıq və cəhalətinin fırıldaqçı Şeyxin mövcud ola bilməsi üçün şərait yarada bilməsində də deyil. Belə olsaydı, Y.Qarayevin özünün də xüsusi olaraq vurğuladığı kimi, "Ölülər"in süjeti "Hekayəti İbrahim Xəlil kimyağər"in, yaxud "Dərviş Məstəli Şah"ın süjetinin təkrarına çevrilərdi. "Ölülər" ənənənin sadəcə təkrarına çevrilərdi. Məsələ burasındadır ki, Şeyx Nəsrullahın "ölülər" mühitinə kənardan - İsfahan lotusu kimi daxil olması süjetin ancaq üzdə olan tərəfidir. Əsil həqiqətdə, Şeyx Nəsrullah bu mühitə kənardan daxil olmur. Fanatik mühiti kənardan "oxu"yub, həyata keçirmək istədiklərinə təminat almır. Şeyx Nəsrullahla fanatik mühitin görüşü, mahiyyətcə, bu fanatik mühitin memarı ilə iştirakçılarının görüşüdür. Şeyx Nəsrullah bu mühitin mənəvi atası, ruhani başçısıdır. O başçı ki, Ə.Ağaoğlunun təbiricə desək, cahili hər zaman "din və dünyası"ndan xəbərsiz saxlayır, hər an onun din damarını sıxıb, onu yeniliyə, tərəqqiyə qarşı qoya bilir. Bu, həmin o ruhani başçıdır ki, mühitini həqiqi Allah hökmlərindən, "Qurani-Kərim"in həqiqi məzmunundan kənarda saxlayır. Kənarda saxlayır ki, bu hökmləri istədiyi şərait və vaxtda istədiyi şəkildə təfsir edib, məzlum kütləni öz ardınca apara bilsin. Əsərdə məsələnin bu tərəfinə təfsilatlı şəkildə yer verilmişdir. Məsələn, elə götürək, "köhnə ölülərin dirilməsi" məsələsini. Şeyx Nəsrullahın mövqeyi belədir: "Bax gör sümükləri necə dirildirik. Yəni, sümüklərə sarı bax gör xudavəndi-aləm onları yerdən necə qaldırır və öz yerlərinə qaytarır ki, onların bəzisini o birilə birləşdirir, ondan sonra da ət əmələ gətirib, onların üzərini örtür". Ümumən götürəndə, bu cür izah, "Qurani-Kərim"də ölülərin dirilməsini təsvir edən ayələrin məzmunu ilə düz gəlir. Qurani-Kərimdə öləndən sonra insanın dirilməsinə şübhə edənlərə (müşriklərə) cavab olaraq Allah-taalanın hökmləri yer alır: "And içirəm qiyamət gününə, And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!). Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini və barmaqlarının uclarını da) düzəltməyə qadirik!" (əl-Qiyamə surəsi, 1-4-cü ayələr). Şeyx Nəsrullah Allah-taalanın bu hökmlərinə münasibətdə iki halda müşrik kimi davranır. Birincisi, o, ancaq və ancaq Allah-taalaya aid olan lütfü özünə aid edir. Bununla özünü Allaha şərik qoşur. İkincisi, ölülərin dirilmə məqsədini təhrif edir. Ölülərin Qiyamət günü dirilib Allah qarşısında hesabat vermək məqsədini, öz çirkin niyyətinə uyğunlaşdıraraq dirilmənin məqsədini yenidən bu dünyaya qayıtmaq şansı kimi şərh edir. Bununla da insanları Allah hökmlərinin mahiyyətindən xəbərsiz qoyur, onların cahil qalmasına şərait yaradır.

Şeyx Nəsrullah kütlənin nəzərində müqəddəs görünmək, bu "müqəddəslik"i ona elmi və əməlləri müqabilində Allah-taalanın lütf etməsi təəssüratını yaratmaq üçün təklif edilən ləziz təamlardan imtina edir. Lakin kütlənin onun müqəddəsliyinə inamını ekstaz halına gətirmək, ona sitayiş dərəcəsinə çatdırmaq üçün dünya nemətlərini pisləməyə, gözdən salmağa çalışır. O, özünün gündə bir xurma ilə dolanmasını içindəki axirət sevdasının dünya nemətlərinə məhəbbəti əvəz etməsi ilə əsaslandırır. Sufi baxışdan irəli gələn bu sözlər Şeyx Nəsrullah üçün ancaq və ancaq müqəddəslik görüntüsü yaratmağa xidmət edir. Bu görüntü naminə, hətta o, Qurani-Kərim hökmlərini açıq-aşkar təhrif etməyə qədər qabağa gedir. Şeyx Nəsrullah deyir: "Lakin təamların ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərlə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir". Şeyx Nəsrullahın moizəsində dünya nemətlərini gözdən salan fikirlər "Qurani-Kərim" hökmlərinə büsbütün ziddir.  Allah-taala dünya nemətlərindən istifadəni insanın yaşamasının şərti hesab edir, ondan istifadəni insana halal buyurur. Şeyx Nəsrullahın "arının tüpürcəyindən əmələ gələn" kimi təqdim etdiyi bala "Qurani-Kərim" hökmlərində verilən dəyər aşağıdakı kimidir: "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında ,üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)... (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (ən-Nəhl surəsi, 68-69-cu ayələr).

"Qurani-Kərim" ayələri, adətən, "bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır" tipli insanı hər şeyi ağılla idrak etməyə istiqamətləndirən çağırışlarla bitir. Əslində, bu çağırışlarla, Allah-taala öz bəndələri üçün atdığı hər bir addımda düşünməyi, yüz ölçüb - bir biçməyi, başqa sözlə, baş verənləri ağılla idrak edib, onlarla Allah-taalanın buyurduqları arasındakı əlaqəni fəhm etməyə çağırır. Mirzə Cəlil öz soydaşlarının belə bir fəhmdən, həyatı idrakdan binəsib olduğunu düşünmür. Mirzə Cəlili müsəlman ümmətinin, xüsusən, soydaşlarının öz fəhm və idraklarından istifadə imkanlarından məhrumluğu və bunun səbəbləri düşündürür.

Y.Qarayev yazır: "Ölülüyün, dindarlığın üzərində məhz cəmiyyətdə "sərxoş" hesab edilən bir adamın üstünlüyü və qələbəsi bu ölülərin, bu dindarların zavallı vəziyyətini bir qədər də qabarıqlaşdırmış olur" (Göstərilən əsəri. s.205). Bu fikrə münasibət bildirməmişdən qabaq görkəmli alimin "Ölülər"in ideyasını işarələyən başqa bir mülahizəsinə diqqət yetirmək lazım gəlir: "Ölülər" - cəmiyyətdə, ictimai həyatda ölülük əleyhinə yazılmışdır" (Göstərilən əsəri. s.201). Y.Qarayev komediyanın əsas məqsədini, heç şübhəsiz ki, düzgün ifadə edir. Lakin məsələ burasındadır ki, komediyanın "ölülük əleyhinə yazılması" bütün sualların cavabı deyil. Məsələnin bu şəkildə qoyuluşu başqa bir məsələyə aydınlıq gətirmək ehtiyacı doğurur: Bəs, onda "ölülük"ü doğuran nədir? Şübhəsiz ki, məsələnin bu tərəfi alimi də düşündürmüşdür. Fikrimizcə, birinci sitatda "ölülük"ün dindarlığa, "ölülər"in dindarlara adekvat ifadələr kimi işlənməsi, dinin "daha vacib, daha ciddi sosial məsələlərin həllinə maneə və əngəl kimi təsvir edilən bir tənqid" obyekti olmasına dair səsləndirilən qəti mövqe alimin "ölülük"ün dini inancdan doğması mövqeyində olduğunu göstərir.

Bununla belə, qeyd etmək lazımdır ki, bədii mətn sovet ədəbiyyatşünaslığının bu qəti mövqeyini təsdiq etmir. "Ölülər"də müəllifi ölülərdən çox, onları bu vəziyyətə salan sosial şərait düşündürür.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!