II Hissə
https://edebiyyatqazeti.az/news/edebi-tenqid/5424-olulerin-poetikasi-ve-islam-birlesen-movqeler
Müstəqillik dövrünün siyasi və elmi düşüncəsində "Ölülər"
Son illərin ədəbiyyatşünaslığında ""Ölülər" və din" məsələsində bədii mətn həqiqətlərinə daha yaxın mövqedən yanaşılır, sənətkarın özünün və soydaşlarının mənsub olduğu dinə müsbət baxış ifadə etdiyi və əsərini din əleyhinə yox, tamamilə əksinə, İslam dinini müdafiə mövqeyindən yazması dilə gətirilir: "C.Məmmədquluzadə Şeyx Nəsrullah obrazı ilə İslam dinini deyil, İslam dinindən özlərinin çirkin məqsədləri üçün istifadə edib, xalqa böyük, sağalmaz yaralar vuran fırıldaqçı din xadimlərini ifşa etmişdir. Yazıçının qayəsi İslam dinini Şeyx Nəsrullah kimi İsfahan lotularından qorumaq, təmizləməkdir" (Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı. Elm və təhsil, 2017, s.163).
Müstəqillik dövrünün düşüncəsi mövqeyindən burada ən səmərəli toxum sənətkarın İslam dininə bağlılığının ifadəsidir. Bu sitatın məntiqi nəticəsi onu ifadə edir ki, Mirzə Cəlil mənsub olduğu dini inanc sistemi kimi qəbul edir, onun hökmlərinin əxlaq və mənəviyyatımıza müsbət təsir imkanlarına inanırdı. Eyni zamanda, akademik İsa Həbibbəylinin yanaşmalarında ümummilli liderin əsərə, eləcə də ""Ölülər" və din" məsələsinə baxışları metodoloji çıxış nöqtəsi kimi alınırdı. Bu isə o demək idi ki, ədəbiyyatşünaslıq H.Əliyevin əsərə metodoloji baxışının perspektivlərini görməyə və bunu elmi yanaşmalarında ifadə etməyə çalışır. Ümummilli liderin sovet rejimi dövründə ""Ölülər"in din əleyhinə yazılmış əsər kimi qəbul və izahının həmin zamanın siyasi tələbləri ilə birbaşa bağlı olmasına dair çox qiymətli mülahizələri bizi müstəqillik dövrünün düşüncəsi ilə əsərdə İslam fəlsəfəsinin bədii əksini aşkarlamağa, mahiyyətcə isə "Ölülər"in həqiqi məzmunu və ideyasını ortalığa qoymağa istiqamətləndirir.
Ölən adam dirilər, ya dirilməz?!
(Dilemmanın tarixi və çağdaş təfsirləri)
Məlumdur ki, "Ölülər" əsəri balaca Cəlalın müəllimindən dərs alması səhnəsi ilə başlayır. Bu, başlanğıcda balaca Cəlal Sədinin "Gülüstan"ından bir parçanın qiraəti ilə məşğuldur. Cəlalın oxuduğu parçada deyilir: "Kon suxtəra can şud, can şüd avaz nəyaməd". Sədinin bu sözlərində "ölən adamdan heç bir xəbər gəlməz" fikri ifadə olunmuşdur. Təhlillərdə çox vaxt epizodun bu hissəsinin üzərindən sükutla keçilir. Ancaq Y.Qarayev məsələnin bu tərəfinə diqqət çəkir: "Maraqlıdır ki, Cəlalın Sədidən höccələdiyi beytdə deyilir ki, ölülər bir daha dirilib dünyaya qayıtmayacaqlar". (Göstərilən əsəri. s.202). Məhz bu məqam "Ölülər"in İslam fəlsəfəsinə istinad mövqeyindən yazıldığını sübut üçün əsaslı başlanğıc ola bilərdi. Lakin tədqiqatçı bu əlaqələri araşdırmaq fikrinə düşmür. Çünki siyasi rejimin ədəbiyyat siyasətində sənət və dinin qarşı-qarşıya qoyulması, ikincinin mürtəce mahiyyət daşıması fikri birmənalı qəbul olunub və ədəbiyyatşünaslıq da əsərə məhz bu mövqedən şərh verməlidir. Y.Qarayev də belə edir. Cəlalın Sədidən oxuduqlarını simvolik səhnə hesab edən tədqiqatçı bu səhnənin insanları "ölüyə çevirmə" prosesinin başlanğıcı olduğunu göstərir. Cəlalın oxuduqlarını da, müəllimin öyrətdiklərini də, Sədinin təbliğ etdiklərini də "köhnə sxolast" düşüncənin, başqa sözlə, islami dəyərlərin ifadəsi kimi bizim ədəbiyyatşünaslıq rədd edir. Ancaq bir məsələ var. Cəlalın Sədidən oxuduqları, xüsusən "ölən adamdan xəbər gəlməz" fikrinə müəllif münasibəti ədəbiyyatşünaslığın münasibəti ilə üst-üstə düşürmü? Məsələ burasındadır ki, Sədinin qənaəti düzgündür və əsasını İslam hökmlərindən alır. Sədi "ölən adam dirilməz" demir, deyir ki, "ölən adamdan heç bir xəbər gəlməz". Bunların arasında prinsipial fərq vardır. Sədi "ölən adam dirilməz" deyə bilməz, çünki "Qurani-Kərim" bilicisi kimi, o, yaxşı bilir ki, Qiyamət günü insanlar diriləcək, Allah qarşısında hesabat verəcək. Sədinin "sonra siz qiyamət günü yenidən diriləcəksiniz" deyən "Qurani-Kərim" hökmündən (əl-Müminun surəsi, 16-cı ayə), eyni zamanda, onu tamamlayan başqa bir hökmdən də xəbəri var: "...çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir" (Səbə surəsi, 52-ci ayə). Deməli, söhbət onda deyil ki, ölən adam dirilməz. Çünki ölən adamın Allah hökmü ilə dirilməsi mümkündür, lakin bu "dirilmə" qayıdıb fani dünyaya gəlmək üçün deyildir. Sədi də yuxarıdakı fikirlə "Qurani-Kərim"in bu hökmünü nəzərdə tutur. Həqiqət olan da budur. Mirzə Cəlilin qəhrəmanları isə bu həqiqətdən xəbərsizdirlər. Bu xəbərsizlik də onların Şeyx Nəsrullahın toruna düşməsinə zəmin hazırlayır. "Məşhədi-müqəddəsdə peyda olan" bir abidin yüzlərlə ölünü diriltməsi, indi də ölüləri diriltmək məqsədi ilə onların şəhərinə gəlməkdə olduğuna dair aldıqları xəbərə inanmaqda komediya qəhrəmanları cahillik nümayiş etdirirlər. Bu cahilliyi hər hansı bir şəkildə onlara İslam dini təlqin etmir. Əksinə, İslamdan xəbərsizlik, onun müqəddəs kitabı "Qurani-Kərim"dən xəbərsizlik onları cahillik nümayiş etdirməyə istiqamətləndirir. Çünki İslamın müqəddəs kitabında açıq-aydın şəkildə yazılır: "...(Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!)" (əl-Ənbiya surəsi, 21-ci ayə). Deməli, Şeyx Nəsrullahın ölüləri diriltmək (nəinki dirildib bu dünyaya qaytarmaq) gücündən və səlahiyyətindən söhbət gedə bilməz. Deməli, mühitin cəhaləti İslamın təlqinlərindən yox, İslam hökmlərindən xəbərsizlikdən qidalanır. Özünü bütün varlığı ilə müsəlman hesab edən Hacı Həsən ağalar, Mir Bağır ağalar müqəddəs kitabda aydın şərhini tapan həqiqətlərdən büsbütün xəbərsizdirlər.
Məsələnin bu tərəfinə müəllif hələ başlanğıcda işarə edir. Ölülərin dirilməsi haqqında Sədinin fikirləri dinin mövqeyini ifadə edir. Müəllifin məsələlərə maarifçi baxışı islami düşüncəni də öz içərisinə alır və qəbul edir. İsgəndərin ölülərin dirilməsi məsələsinə münasibəti, ilk növbədə, onun uşaqlıqda aldığı dini təhsildən güc alır. İsgəndərin sözlərindən məlum olur ki, Cəlalın oxuduqlarını o da bir vaxt oxuyub. Demək, oxuyub və dərk eləyib ki, "ölən adamdan heç bir xəbər gəlməz", yəni ölən adam dirilib bir də bu dünyaya qayıtmaz. Elə buna görə də atası Hacı Həsənin Şeyx Nəsrullahın ölüləri diriltmək yalanına uymasına və xüsusən buna görə azyaşlı qızını Şeyxə verməyə hazırlaşmasına İsgəndər sərt münasibət göstərir. Müəllif dini dünyagörüşünün və təhsilin insanın həyatında oynaya biləcəyi rolu qəbul edir. Bu mənada, fikrimizcə, bu mühitdə Cəlalın hər gün "fars və ərəb qiraəti" öyrənməsini müəllif kinayə obyekti kimi yox, mühitdə maarifçiliyə açılan yolun tərkib hissəsi kimi mənalandırır.
Y.Qarayev yazır ki, "Ölülər aləmini o, (Şeyx Nəsrullah - T.S.) əslində, siğə adına gündə bir qız alanda təhqir etmir, açıq meydanda "müqəddəs ayələri" vəz edəndə təhqir edir. Məhz bu zaman ölülər bir daha ölüləşir" (Göstərilən əsəri. s.203). Razılaşırıq ki, kifayət qədər tutarlı məntiqdir. Lakin istər-istəməz, belə bir sual ortaya çıxır: Vəziyyət nə üçün bu cür alınır? Komediya qəhrəmanları nə üçün Şeyx Nəsrullahın qabağında bu qədər mütidirlər, əslində, acizdirlər? Məsələyə ədəbiyyatşünaslığın stereotip mövqeyi bəllidir: Ona görə ki, İslam zehniyyəti onların şüurunu kütləşdirmiş, mənəviyyatını əsir etmiş, yüksək rütbəli din xadiminin əli-qolu bağlı quluna çevirmişdir.
Ədəbiyyatşünaslıq təfsirlərinə qarşı duran sənət həqiqətləri
Ədəbiyyatşünaslığın mövqeyi ilə müəllifin əsərdə əks etdirdiklərindən alınan qənaətlər üst-üstə düşmür. Təbir caizsə, belə deyək ki, bütövlükdə kütlə ilə -Hacı Həsən ağalarla İsgəndər arasındakı prinsipial fərqi nə müəyyənləşdirir? Bunun birmənalı cavabı budur ki, İsgəndərin oxumuş, savadlı olması, kütlənin isə savadsızlığı. İsgəndər Şeyx Nəsrullahın qarşısına hansı silahla çıxır? Adətən, İsgəndərin Şeyx Nəsrullahı satirik gülüşün gücü ilə sarsıtdığını deyirik. Bəs, bu gülüş öz mənbəyini haradan götürür? Danılmaz həqiqət budur ki, İsgəndərin aldığı təhsildən. İndiki halda uşaqlıqda aldığı dini təhsil onun köməyinə gəlir. İsgəndər Şeyx Nəsrullahın qarşısına İslam hökmlərinə bələd olan bir adam kimi çıxır. İslamda ölülərin dirilməsinə dair ayələrin bütün incəliklərini bilən, deməli, "Qurani-Kərim" hökmlərinə bələd olan İsgəndər hər hansı bir insanın ölüləri diriltməsinin cəfəngiyat olduğunu qabaqcadan bilir və hələ abid peyda olmamışdan qabaq əvvəlcə ətrafındakıları ayıltmağa çalışır, bu, mümkün olmayanda isə, Şeyx Nəsrullahla üz-üzə gəlməyi qərarlaşdırır. İsgəndər Şeyx Nəsrullaha deyir: "Cənab Şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda (əli ilə göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa...xa...xa!". Şeyx Nəsrullah İsgəndərin bu sözlərindən niyə sarsılır və niyə qorxuya düşür? Onu qorxudan təkcə kinayəli gülüşdürmü? Yox, Şeyx Nəsrullahı qorxudan bu amansız gülüşün arxasında dayanan sərt həqiqətdir. Şeyx Nəsrullah o dəqiqə başa düşür ki, ölülərin dirilməsi ilə bağlı İslam həqiqətlərini İsgəndər dəqiq bilir. Deməli, onun fırıldaqçı olduğunu da bilir. Şeyx Nəsrullah, məhz buna görə gecə ikən qaçıb aradan çıxır.
Bəs, Hacı Həsən ağalar niyə Şeyx Nəsrullahın əsirinə çevrilirlər, niyə onun qarşısında bu qədər mütidirlər? Bu mütiliyi birmənalı şəkildə savadsızlıq, deməli, cahillik şərtləndirir. Məhz savadsız olduqları, Şeyx Nəsrullahın dediklərinin mahiyyətinə vara bilmədikləri üçün həm mənəvi cəhətdən əzilir, həm də qorxurlar.
İlkin variantda Hacı Həsən ağanın simasında kütlənin ölülərin dirilməsi məsələsinə münasibəti belədir: "Vallah, dünyanın işlərinə məəttəl qalmışam (bir az fikirdən sonra). Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola".
Hacı Həsən ağanın tərəddüd və şübhələrində iki nüansa diqqət yetirmək vacibdir. Birincisi, insanın öləndən sonra dirilməsi; ikincisi, dirilən adamın "bizim kimi ağıllı-başlı adam olması" məsələləri.
Hacı Baxşəlinin Hacı Həsən ağanın tərəddüdlərinə son qoyan "Allahın hikmətinə əl aparmaq olmaz" sözləri baş verən hadisələrə kütlənin bəsirət gözü ilə baxmaq imkanlarını heçə endirir. Çünki kütlə baş verən hadisələrin dini tərəfini "Allah hikməti" kimi yozmaqdan o tərəfə keçə bilmir və keçməyi də küfr hesab edir. Nadanlıq və cəhalətə gedən yol da buradan başlayır. Halbuki, Allah hökmlərində insanın hər şeyi ağılla, başqa sözlə, bəsirət gözü ilə dərk etməyə təkidli çağırışlar var.
"Qurani-Kərim"də (ən-Nəhl surəsi, 35-ci ayə) deyilir: "...İnsanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır". Deməli, din hadisələrə fərdi münasibəti sərf-nəzər etmir; "müti sürü şüuru"nun (Anar) əleyhinədir. Məsələnin məhz bu tərəfi ən azı Hacı Həsən ağaları məsələyə yanaşmanı "Qurani-Kərim" hökmlərindən keçirməyə, Allahın qoyduğu yolun necəliyi haqqında düşünməyə gətirib çıxarmalı idi. Əslində, bütün problem də burdadır.
Hacı Həsən ağaların qarşılaşdıqları problemin aydın izahı "Qurani-Kərim" hökmlərində var. Lakin kimsənin ağlına da gəlmir ki, düşdükləri situasiyanın Quran həllinə müraciət etsin. Çünki bütünlükdə "Qurani-Kərim"dən xəbərləri yoxdur. "Qurani-Kərim"dən xəbəri olanın isə cəmiyyətdə yeri yoxdur. Yenə də hara çevirsən, məsələnin kökündə mühitin maarifsizliklə şərtlənən cəhaləti dayanır. Müəllif soydaşlarının bu zəif tərəfini tənqid hədəfinə çevirməklə bərabər, həm də onların aldıqları ağır yaraların haradan qaynaqlanmasına açıq işarələr də edir. Xorasandan xəbər gələndə ki, ölülər dirilməyib və onlar ölünün dirilməsinə inamda ittiham olunanda, heç kəs məsələyə inam və iman gətirdikləri dində necə münasibət göstərildiyi ilə maraqlanmır və yenə də ortada kütlə psixologiyası meydan sulayır. Bu kütlə psixologiyası ilə də onlar düşdükləri acınacaqlı vəziyyətin səbəbini onları bu vəziyyətə salan adamdan - Şeyxdən soruşmaq qənaətinə gəlirlər. Heydər ağa məsləhət görəndə ki, "mən belə məsləhət görürəm, yenə Şeyxin özünə bu əhvalatı bildirəsiniz ki, görək sözü nədi?", onda hamı razılaşır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!