"Ölülər"in poetikası və İslam: birləşən mövqelər - Təyyar SALAMOĞLU yazır

 

"Ölülər" o "Ölülər" deyil!

C.Məmmədquluzadənin "Ölülər" əsərinin təhlilində onun "din əleyhinə yazılması" elmi təhlillərin əsasında dayanır. Müstəqillik dövründə bu tendensiya birmənalı qəbul edilməsə də, C.Məmmədquluzadənin dini yox, din adından alver edənləri tənqid etdiyi önə çəkilsə də, yenə də nəticə etibarilə böyük sənətkarın əsərdə məhz İslam dünyagörüşü mövqeyindən çıxış etməsinin mahiyyəti açılmır. Ədəbiyyatşünaslığın "möminlər" kimi qələmə verdiyi obrazlara Mirzə Cəlilin tənqidi münasibətinin kökləri izah olunmur. Mirzə Cəlilin "Ölülər"dəki tənqid fəlsəfəsinin əsasında Şeyx Nəsrullahın toruna düşənlərin mömin olduqları üçün yox, özlərini mömin kimi apardıqları, məhz mömin olmadıqları üçün tənqid edilməsinin mahiyyətindən çıxış edilmir. Əsərdə təsvir edilən bütün məşədi, kərbəlayı və hacıların İslamdan, "Qurani-Kərim" hökmlərindən,"ölülərin dirilməsi"nin "Qurani-Kərim"dəki əksindən xəbərsizliklərinin onların Şeyx Nəsrullahın toruna düşmələrini şərtləndirdiyini, bunun müəllif mövqeyi kimi ifadəsi büsbütün kənarda qalır. Müəllifin həm də İslam maarifçiliyi mövqeyindən çıxışına göz yumulur.

Ədəbiyyatşünaslıq komediya qəhrəmanlarının hər birinin tərcümeyi-halında qara səhifə kimi yazılan sosial əxlaqsızlıqları, onları "ölülər" kimi damğalamağa əsas verən eybəcərlikləri möminliyin nəticəsi hesab edir. Hər bir personajın - məşədinin, hacının, kərbəlayının möminliyi onun üçün baş töhmətinə çevrilir. Onların imza atdığı sosial eybəcərliklərin hamısının kökündə möminliyin dayanması, dolayısı ilə olsa da, təhlillərdən qırmızı xətt kimi keçir. Halbuki, bir daha təkrar edirik ki, C.Məmmədquluzadə öz qəhrəmanlarını mömin olduqları üçün yox, mömin olmadıqları üçün, başqa sözlə, müsəlman olub müsəlmanlığı şərtləndirən hökmlərdən xəbərsiz olduqları üçün kəskin tənqidə məruz qoyur. Ədəbiyyatşünaslıqdan fərqli olaraq, Mirzə Cəlil cəhalətin kökünü möminlikdə yox, mömin ola bilməməkdə axtarır. Çünki həqiqi möminin Şeyx Nəsrullahın toruna düşməsi mümkünsüzdür. Həqiqi mömin "Qurani-Kərim" ehkamlarına bələddir və bilir ki, ölülərin dirilməsi ancaq Qiyamət günündə olacaq: o da Allah qarşısında imtahan vermək üçündür. Həqiqi mömin ölülərin dirilməsinin bu dünyaya qayıdıb gəlmək üçün olmadığından, "Qurani-Kərim"də dəfələrlə səslənən hökmlər kimi xəbərdardır. Buna görə də Şeyx Nəsrullahın ölü diriltmək əhvalatına həqiqi mömin nəinki inanmazdı, hətta onun müqəddəs ehkamlara zidd olduğunu o dəqiqə başa düşər və buna görə də onun Şeyx Nəsrullahı qəbul etməsi, onun qabağında tir-tir əsməsi mümkünsüz olardı.

Əsərdə "ölülərin dirilməsi" əhvalatının həqiqi mahiyyətini dərk edənlərin obrazı varmı? Heç şübhəsiz ki, ənənəvi baxışda bu suala birmənalı cavab İsgəndərin adını çəkməklə nəticələnəcək. Ancaq qeyd edək ki, İsgəndərdən başqa, əsərdə "ölülərin dirilməsi" əhvalatına həqiqi mömin mövqeyindən münasibət göstərən obraz da yer almışdır. Məşədi Orucun teleqramına Xorasanda yaşayan qohumu Hacı Məmmədəlinin verdiyi cavabı xatırlayaq: "Siz dəli-divanə olmusunuz. Adam da məgər öləndən sonra dirilər?". Bu, artıq həqiqi möminin səsidir; "Qurani-Kərim" hökmlərindən xəbərdar, öləndən sonra dirilməyin (mətn kontekstində dirilib bu dünyaya qayıtmağın) Allah hökmlərinə zidd olduğunu başa düşən və deməli, Şeyx Nəsrullahın toruna düşməsi mümkünsüz olan həqiqi möminin səsi, mövqeyidir. Mirzə Cəlil düşüncəsində və qələmində artıq Hacı Məmmədəli (Hacı titulu daşımağına rəğmən) cahil deyildir. Cahil olmadığı üçün də "ölü" deyildir. Deməli, Mirzə Cəlil qələmində hacılıq və möminlik heç də mütləq şəkildə cahilliyin və ya ölülüyün adekvatı deyildir. Məsələ möminlik göstəricisinin mahiyyətindədir. Burada həqiqi möminliklə möminliyin zahiri atributlarını daşımaq qarşı-qarşıya gəlir. Həqiqi möminlik Şeyx Nəsrullahın əməllərinin mahiyyətini dərk etməyin açarı, yalançı möminlik isə Şeyx Nəsrullahın toruna düşməyin səbəbi kimi təqdim və başa düşülür.

Möminliyin, yoxsa cəhalətin tənqidi, yaxud "din tiryəkdir"mi?

Əlbəttə, "Ölülər" əsərində möminliyin, nadanlığın və cəhalətin mahiyyətinə nüfuz tendensiyası var. Ancaq ədəbiyyatşünaslığın belə bir mövqeyinə ümumən haqq qazandırmaq lazım gəlir ki, Mirzə Cəlil daha çox cəhalətin və nadanlığın doğurduğu sosial eybəcərliklərə qarşı qələm işlədir. Biz bu tezisdə ifadə olunan həqiqəti qəbul edirik. Ancaq tənqidi yanaşma ilə qəbul edirik. Həmin həqiqətin ədəbiyyatşünaslığımızdakı ən məşhur ifadəsi belədir: "Əsərdə din daha vacib, daha ciddi sosial məsələlərin həllinə maneə və əngəl kimi təsvir edilən bir tənqid obyekti idi.

Məqsəd öz arvadlarını yumruqla öldürən və ölən qardaşlarının arvadlarını alan, ölən dostlarının yetimlərinin malına yiyələnən, mömin və müqəddəs "müsəlman bəndələrin" əsl simasını açıb göstərməkdir" (Y.Qarayev. Realizm: sənət və həqiqət. Bakı. Elm, 1980, s. 202).

Olsun ki, "öz arvadlarını yumruqla öldürmək", "ölən qardaşlarının arvadlarıını almaq", "ölən dostlarının yetimlərinin malını yemək" Mirzə Cəlilin təsvir etdiyi cəmiyyət üçün xarakterik hal olmuşdur. Bu hal məhz zaman üçün səciyyəvilik baxımından sənətkarın düşüncəsini büsbütün məşğul edir və vəziyyətdən çıxış yolu axtarmağa sövq edirdi. Mirzə Cəlil bu sosial bəlaya qarşı mübarizəni onu bütün kəskinliyi ilə səhnədə canlandırmaqda görürdü və ona qarşı yönələn kəskin tənqidin islah gücünə inanırdı. Ancaq məsələ burasındadır ki, bu sosial bəlanın daşıyıcılarının həqiqi mömin və müqəddəslərin olması ideyası nə Mirzə Cəlilin düşüncəsində, nə də bu düşüncənin estetik ifadəsi olan "Ölülər"də yox idi. Ədəbiyyatşünaslığın mövqeyinə görə, həmin sosial eybəcərliklərin törədiciləri mömin və müqəddəslər idi. Bu "mömin və müqəddəslər" də dini ideyaların daşıyıcıları olduqları üçün, ədəbiyyatşünaslığın məntiqinə görə, "əsərdə din daha vacib, daha ciddi sosial məsələlərin həllinə maneə və əngəl kimi təsvir edilən bir tənqid obyekti idi". Bu məntiqin mənbəyi, əlbəttə, "Ölülər"in bədii mətn həqiqəti deyil; "din - tiryəkdir" - deyən siyasi rejimin ədəbiyyatşünaslıq qarşısında qoyduğu vəzifələrdən doğan missiyanın yerinə yetirilməsi təşəbbüsüdür.

Məlumdur ki, müstəqillik dövrünün siyasi düşüncəsi "din - tiryəkdir" tezisini birmənalı şəkildə rədd edir. Mənsub olduğumuz dinə münasibətin siyasi-ideoloji konturlarını ümummilli liderimiz riyazi dəqiqliklə cızır: "Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, "Qurani-Kərim"in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq". (Cəlil Məmmədquluzadə: 150 il (məqalələr, esselər, müsahibələr, şeirlər). Bakı. Ecoprint, 2019, s.17).

"Ölülər" və İslam dini" məsələsinə siyasi və elmi yanaşmanın da ən düzgün istiqamətini ümummilli lider hələ müstəqilliyimizin ilk illərində müəyyənləşdirmişdir. H.Əliyev deyirdi: "Ölülər" əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə, bəlkə, bu belə idi. Çünki bizim həyatımızda ateist tərbiyəsi hökm sürürdü, din inkar olunurdu və bu əsər bəlkə də, bu baxımdan həmin istiqamətdə xidmət göstərirdi. Ancaq Mirzə Cəlil bu əsəri yazarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə, İslam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışıbdır". (Göstərilən mənbə. s.16-17). Bu sitatda ifadə olunan fikirlər bizə imkan verir ki, "Ölülər"in bütün mətninə istinadla onun "din əleyhinə", "din-mövhumat" virusuna qarşı yazılmış əsər olması tendensiyasını rədd edək.

Məhz indi ədəbiyyatşünaslığın qarşısında "Ölülər"in bədii mətn materialında İslam dininin xalqımız üçün "böyük mənəvi dəyər" mənbəyi kimi təsvirinin mahiyyətini açmaq vəzifəsi durur.

"Ölülük"ün ədəbiyyatşünaslıq, sənətkar və "Quran" təfsirləri

"Ölülər"də müəllif mövqeyinin ifadəsi müəyyənləşərkən bəzən dinə qarşı mübarizə, bəzən dinə yox, cəhalətə qarşı mübarizə, bəzən isə, nə qədər qəribə olsa da, "dinin törətdiyi cəhalətə" (Anar) qarşı mübarizə ideyaları üzərində çox dayanılır. Əslində, tədqiqatlarda, açıq şəkildə deyilsə də, deyilməsə də, C.Məmmədquluzadənin cəhalətə qarşı mübarizəsi elə mahiyyətcə "dinin törətdiyi cəhalətə" qarşı mübarizə kimi başa düşülür. Ona görə də "Ölülər"də "cəhalət" probleminin hansı müstəvidə qoyulmasına aydınlıq gətirmədən onun fəlsəfəsini açmaq mümkün deyildir. Bu mənada sualı bir qədər açıq qoymaq məcburiyyətindəyik: Ümumiyyətlə, cəhalət "dinin törətdiyi cəhalət"dirmi? İkinci sual: "Ölülər" müəllifi cəhaləti, doğrudanmı, "dinin törətdiyi cəhalət" kimi başa düşür? Bu suallara məntiqli bir cavab vermək üçün "cəhalət" probleminin qoyuluş tarixinə nəzər salmaq zərurəti yaranır. Məsələyə tarixdən gəlmək istəyi bizi "Qurani-Kərim"ə aparır. "Əz-Zariyat" surəsində (11-ci ayə) deyilir: "O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!". "Qurani-Kərim"də məsələ belə qoyulur: Haqqı tanımayanlar cəhalət girdabına düşənlər, qəflətdə qalanlardır. Müqəddəs kitabda insanlar haqqı tanımağa çağırılır və cəhalət rədd olunur. Deməli, cahilliyə qarşı mübarizə "Qurani-Kərim"də bütün kəskinliyi ilə ifadəsini tapır. "Qurani-Kərim"də alim haqqı dərk və qəbul edən, bildiklərini əməli işlərində tətbiq edən adamdır. Və bu adam mömindir. Cahil isə haqqı dərk etməyən və buna görə də qəbul etməyən, qəbul etsə belə, əməli işində qəbul etdiyinə xilaf çıxan adamdır.

Ədəbiyyatşünaslıqda səslənən bir fikir "Ölülər"in fəlsəfəsini ifadə edən bir qənaət səviyyəsində qəbul edilir: "Ölülər" - cəmiyyətdə, ictimai həyatda ölülük əleyhinə yazılmışdır" (Y.Qarayev. Göstərilən əsəri. s.201). Ümumən doğru fikirdir və əsərin sosial məzmununu açmağa istiqamətlənmişdir. Mirzə Cəlilin yaşayıb-yaratdığı zamanda milli sosial şüurun formalaşdırılması, vətəndaş düşüncəsinin tərbiyə edilməsinin vətəndaş ziyalı və sənətkar düşüncəsini ən çox məşğul edən məsələrdən biri, ya bəlkə də, elə birincisi olduğunu nəzərə alsaq, tarixi şəraitin diktə etdiyi problemin əsərdəki əksinin ədəbiyyatşünaslıqda düzgün müəyyənləşdirildiyini söyləmək lazım gəlir. Ancaq fikrimizcə, əsərdə sosial aktivliyin "ölülük"lə əvəzlənməsinə münasibətin, vətəndaşın vətəndaş səviyyəsində və keyfiyyətində yox, "ölülər" səviyyəsində təqdiminin sənətkar görümü ilə ədəbiyyatşünaslığın təqdim etdiyi görüm arasında fərq var. "Ölülük"ü bütün kəskinliyi ilə rədd və tənqid edən Mirzə Cəlil onun səbəbini nədə görürdü və məsələnin bədii həlli hansı istiqamətə yönəlirdi? Eyni zamanda, ədəbiyyatşünaslıq "ölülük"ün səbəbini hansı ictimai amillərdə axtarırdı?

Fikrimizcə, ədəbiyyatşünaslığın mövqelərində haçalanma nəzərə çarpmır. Ədəbiyyatşünaslıq əksər hallarda dindaşının dinə bağlılığını "ölülük"ü şərtləndirən əsas amil kimi görür və onun sosial mahiyyətini üzə çıxaran əsas səbəb kimi komediya qəhrəmanlarının bir-birlərinə qarşı münasibətdə törətdiyi rəzalətləri önə çıxarır. Bu rəzalətləri insanlıqdan kənar, milli düşüncədən uzaq, heç bir əxlaq çərçivəsinə sığmayan hərəkətlər hesab edir. İsgəndərin həm birinci, həm də ikinci monoluqunda "diri ölülər"ə (Yaşar Qarayev) ünvanlanmış ittihamlar bu mənada, əlbəttə ki, tez-tez elmi görüntüyə gətirilir. Doğrudan da, İsgəndər soydaşlarının bu cür əməllərinə nifrətlə baxır və fürsət düşən kimi onları məhşər ayağına çəkir: "Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz, ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz".

Problemin bu şəkildə qoyuluşunun kökü "Qurani-Kərim" hökmlərinə bağlanır. Mirzə Cəlilin öz soydaşlarına istiqamətləndirdiyi bu ittihamları ilk dəfə Allah-taala "Qurani-Kərim" vasitəsilə öz ümmətinə ünvanlayır. "Əl-Fəcr" surəsində (17-20-ci ayələr) oxuyuruq: "Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). Mal-dövləti isə lap çox sevirsiniz". Gəlin, etiraf edək ki, məsələnin qoyuluşu-sənətkarın öz soydaşından, Allah-taalanın öz bəndəsindən tələb etdiklərinin mahiyyəti eynidir. Mirzə Cəlil də yetim malına ehtiraslı münasibəti, dünya malına vurğunluğu soydaşının cəhaləti ilə izah edir, "Qurani-Kərim"də də eynən bu mövqedən çıxış edilir. İsgəndərin dilindən soydaşlarını "dəricədən məlakə axtaranlar" adlandıranda onların nəfslərinə qarşı dura bilməmələrini, həddi-büluğa çatmamış qızlarını düşünmədən qurban vermələrini sənətkar heç bir etik və ictimai çərçivəyə sığmayan hərəkət kimi pisləyirdi. Nəfsə qarşı bu mübarizə ideyasının ən qabarıq ifadəsilə biz "Qurani-Kərim" hökmlərində qarşılaşırıq: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əksinə, ziyana uğrayacaqdır" ("əş-Şəms" surəsi, 9-10-cu ayələr). "Qurani-Kərim" hökmündə "nəfsini günahlardan təmizləyən" mömin, "onu (günaha) batıran" isə cahildir. Allah- taalanın "nəfsini (günahlardan) təmizləyən nicat tapacaqdır" çağırışı ilə XX əsrin tənqidi realistinin qarşısına qoyduğu məqsəd, əsərdə ifadə etdiyi müəllif mövqeyi tamamilə üst-üstə düşmürmü? Bunu inkar etmək mümkünsüzdür.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!