Üçüncü yazı
Vasitəçisizlik ən ali bir dəyər kimi
Qorqud dindarlığını müəyyənləşdirən xalis təktanrılıq inanışı öz müqəddəs işini bir də onda görür ki, Tanrısevər oğuz toplumunda özəl bir din zümrəsinin yaranmasına imkan vermir. Oğuz bəyləri, oğuz xatunları haqq dini şüuruna öz səviyyələrində teyxa sahib çıxmış insanlardır. Bu üzdən də, əlbəttə, aralarına ayrıca bir din zümrəsi girə bilməz. Tanrıyla təmaslarını birbaşa, vasitəçisiz yürüdürlər. Dua yazdırmaqları, pirdən-ocaqdan, ruhlardan hacət diləməkləri yox. İbadətin tək və ali bir obyekti var - Tanrı. Təkcə Ona qulluq qılar, təkcə Ondan yardım dilərlər. Eynən Oxunun Açılış surəsi ("Fatihə") ayələrində deyildiyi kimi!
Bəzi araşdırmaçılar Qorqud şəxsiyyətindən söz salarkən onu əlahiddə bir din institutu, yaxud din təmsilçisi (kahin, şaman, peyğəmbər və s.) kimi qeyd edirlər. Kənar qaynaqla deyil də, dastan mətniylə əsaslandırılmağa çalışılan belə dəyərləndirmə dastanların müqəddiməsində təqdim edilən Qorqud kimliyi ilə bağlıdır: "Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi. Həqtaala onun könlünə ilham edərdi... Qorqud Ata oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa Qorqud Ataya danışmayınca işləməzlərdi. Hər nə ki, buyursa qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi". Bu cümlələrdə Dədə Qorqudun xristian din mənsəblisini andıran bir adı da keçir - Qorqud Ata. "Dədə" sözünün mexaniki olaraq "ata" sözüylə əvəzlənməsi kimi anlaşılmamalıdır. Sözsüz ki, müqəddimədə deyilənlərin məntiqi Qorqudun sadəcə olaraq məhz Qorqud Ata kimi tanıdılmasını vacib edir.
Yerindəcə deyim ki, bu ad kitabın müqəddiməsindən savayı heç yerdə səslənmir. Və boylarda o da yoxdur ki, Dədə Qorqud oğuzların cari problemləri ilə ciddi məşğul ola. Oğuz camaatı ilə Təpəgöz arasında razılaşmanın əldə edilməsindən ötrü vasitəçilik, Dəli Qarcarın bacısı Banuçiçəyi Beyrəyə diləməklə bağlı elçilik və oğuzlara adqoyma missiyasından başqa Dədə Qorqudun hansısa məsələlərə müdaxiləsinə rast gəlinmir. Müqəddimədə Qorqud Ata barəsindəkilər boylardakı Dədə Qorqudda təsdiqini tapmır. Onun bir din görəvlisi kimliyi haqqında müqəddimədə yaradılan təsəvvür dastanın ümumi məntiqi fonunda faktiki yoxa çıxan görüntüdən özgə bir şey deyil.
Bəlkə də bu görüntünün, Qorqud şəxsiyyətinin bu cür ilkin təqdimatının gerçək əsası ondan ibarətdir ki, dastan yazarı oğuz tarixində müəyyən iz qoymuş Dədə Qorqud adlı ulu bir şəxsiyyətin ruhuna ehtiram olaraq onu müqəddəsləşdirmək (müqayisə et: müqəddəs Ata) istəmişdir. Ümumiyyətlə isə, bu müqəddimə də bir sıra folklor nümunəsi müqəddimələrinə xas bir cəhət kimi ithaf məzmunu daşıyır və burada oğuznamə boylarını düzüb-qoşan Dədə Qorqudun müqəddəs ampluada anılmasını yalnız müəyyən bədii ənənə baxımından bir qədər təbii də saymaq olar.
Başqa bir ehtimala da haqq qazandırmaq mümkündür. Qədim əcdadlarımızın dini mənsubiyyəti təkcə tanrıçılıqmı olub? Bəlkə "Qorqud Ata" xristian keçmişimizin abidədə qalan bir izidir? Hər halda, elə bilirəm, anonim müqəddimə müəllifi səmimi olaraq fərqində olmayıb ki, Dədə Qorqudla bağlı bu bir neçə qeydi onu Qorqud dindarlığı meyarlarından, ilahi məntiqdən azacıq kənara itələmişdir. Bu yanlış da bir naxışdır ki, bunun fonunda "Kitabi-Dədə Qorqud"a aid xalis təktanrılıq dəyərlər sistemi daha möhtəşəm və bütöv görünür.
Haqq dinində rəsmi təmsilçilik məsələsi yoxdur. "Xalis din Tanrınındır" (39, 3) - buyurulur Oxuda. Və din adına ən ali və mütləq mənada təmsilçilikdən söz getdiyində nəzərə alınmalıdır ki, bu, din gününün yeganə sahibi, Oxuda qeyd edildiyi kimi, (1, 4) Tanrının səlahiyyətindədir, başqa bir varlığın deyil. Adi mənada din təmsilçiliyi isə nisbi səciyyədə, dilə gətirilib car çəkilməsi xoş görülməyən bir görəv olaraq bütün imanlı şəxslərə məxsusdur: hansısa ayrıca bir zümrənin inhisarında ola bilməz. Peyğəmbərin din təmsilçiliyi görəvinə gəlincə, bu, Oxu ayələrində vəhylərin insanlara yalnız çatdırılması ilə məhdudlaşdırılır (24, 54). Din adına kiminləsə haqq-hesab çəkmək işi peyğəmbərin də səlahiyyətində deyil: "Sənin borcun haqqı bəyan eləməkdir, bizimki haqq-hesab çəkmək" (13, 40). Beləliklə, peyğəmbər işi əslində geniş anlamda bir din təbliği olaraq anlaşılır. Hər iman yiyəsi böyük-böyük iddialara düşmədən və imanını kamilləşdirə-kamilləşdirə məhz bunu yapmağa borclu bilinir. Peyğəmbərlərin missiyası təkcə ilahi vəhylərin təbliğindən ibarətdirsə, sıravi dindarlar yazıya keçmiş bu vəhylərdən anladıqlarını dildə və əməldə tətbiq etməlidirlər. Son həqiqət instansiyası Tanrı Özüdür ki, bəndələri ilə Özü arasında heç kimə, göndərdiyi elçisinə belə vasitəçilik haqqını tanımır.
Qorqudçu oğuz bəylərinin, oğuz xatunlarının Tanrıyla birbaşa təmasları təktanrılıq inanışının bu məntiqindən qaynaqlanır. Və kütləvi təktanrılıq fonunda Qorqud şəxsiyyətinin boylarda müəyyən passivliyi tamamilə təbiidir. Əslində buna passivlik də deməzlər. Passivlik görüntüsünü ilk növbədə o yaradır ki, Dədə Qorqudun boylarda təsviri gedən oğuz ictimai-siyasi həyatında iştirak çəkisi müqəddimədə "Qorqud Ata" barəsində bəlli informasiya ilə yüklü oxucu üçün birdən-birə azalmış kimi görünür. Digər yandan, təktanrılıq məntiqinə vaqif olmayan oxucu çətin ayırd edib bilə ki, bu passivlik görüntüsünün özülündə aktiv-dinamik məzmunlu bir kübar dindarlıq özəlliyi dayanır. Dədə Qorqudun özünün din görüşlərini soydaşlarına sırımaq cəhdlərində bulunmağı, eləcə də bu və ya başqa ictimai-siyasi önəmli məsələdə mövqeyini qabartmağı, dəvət olunmadığında el içində görünməyi yox.
Dədə Qorqud ənənəvi mənada anlaşılan rəsmi din təmsilçisi deyil. Düzüb qoşduğu oğuznamə boyları mahiyyət etibarilə onu bir din təbliğçisi kimi təqdim edir. Və təkcə o üzdən yox ki, dastan içinə aldığı qəhrəmanların davranışlarına, olayların axarına möhür vuran təktanrılıq inanışının, haqq dini islamın bədii səviyyədə və mahiyyəti üzrə gözəl təbliği və açıqlamasına da iddia edə bilər. Dədə Qorqud eyni zamanda Məhəmməd Seçilmişin dinə verdiyi tərifə ("din gözəl əxlaq demək") uyğun anlamda da bir din təbliğçisidir. Əksəriyyətcə təbliğ etdiyi də işdə bu "gözəl əxlaq"dır.
Onun hikmətli söyləmələri arsenalında dinin nəzəri fundamental əsaslarından daha çox bu "gözəl əxlaq" qaydaları açıqlanır. Bütpərəst mühitdən fərqli olaraq teyxa təktanrılıq şüuruna sahib Tanrısevər oğuzlardan ötrü haqq dini əsaslarının təbliğinə zatən bir ehtiyac da yox. Vacibi budur ki, toplumda mənəvi sabitlik hökm sürə. Əks halda, təktanrılıq şüurunun zədələnməsi, bütpərəstliyə meyillənməsi ehtimalı var. Boyların sonluqlarında Dədə Qorqudun oğuz eli üçün belə bir arzusu səslənir: "Axır sonu arı imandan ayırmasın". Tanrıdan diləyir ki, soydaşlarının saf təktanrılıq duyğularına bütpərəstlik xalı düşməsin, imanlarına xələl gəlməsin. Bütpərəstlik isə əxlaqi aşınmalar gətirə bilər ki, Dədə Qorqudun din - "gözəl əxlaq" təbliği də işdə bunun qarşısını almağa yönəlik nəcib bir görəvdir.
Təktanrılıq məntiqi baxımından din təbliğçisi o demək deyil ki, onun hansısa ayrıca bir müqəddəslik, toxunulmazlıq statusu var. Dədə Qorqudun da belə bir statusa malik olmaması boyların ruhundakı bu ilahi məntiqi gözəl bir şəkildə tamamlayır. Dədə Qorquda böyük el hörməti ilə yanaşı, onun sözünün, xahişinin yerə salındığı da var. Elçiliyə gəlib Banuçiçəyi Beyrəyə dilədiyində qızın qardaşı Dəli Qarcar onu öldürməyə qalxır. Dədə Qorqud qaçır. At belində qovhaqovda ona çatan Dəli Qarcar qılıncını qaldırıb zərbəsini endirmək istərkən, "çalarsan, əlin qurusun" deyir Dədə Qorqud. Sonra da oxuyuruq ki, "haqq-təalanın buyuruğuyla Dəli Qarcarın əli yuxarıda asılı qaldı. Zira Dədə Qorqud vilayət issi idi. Diləyi qəbul oldu".
Tədqiqatçıların bir çoxu "vilayət issi" ifadəsini yanlış anlayır. Onların qavramında burada "vilayət" sözü adekvat inzibati ərazi bölgüsü kimi təqdim edilir. Əslində isə mətndəki "vilayət" "vəlilik" deməkdir. Və vurğulanan də Dədə Qorqudun vəlilik yiyəsi, övliya olduğudur. "Vəli" (cəmdə "övliya") din anlamında "Tanrı dostu"dur. Oxu ayələrində izlənən məntiqə görə, bütün gerçək iman yiyələri Tanrı dostlarıdır, övliyadır. Biri o birindən təkcə iman kamilliyi baxımından seçilə bilər ki, belə bir üstünlük də hansısa iman yiyəsinə müqəddəslik - toxunulmazlıq statusu qazandıra bilməz. Hər üstün iman yiyəsindən də üstün olanı var: "Pillə-pillə ucaldırıq kimi istəyiriksə. Hər elm yiyəsindən daha çox bilən bir başqa biləyən var" (12, 76).
Dədə Qorqud da Tanrısevər soydaşlarından üstün bir iman-elm yiyəsi. Və bununla belə, ilahi məntiqə uyğun gələn bir məsələdir ki, onun Tanrı adına iddialarda bulunmaq, rəsmi din görəvlisi təriqilə fətva vermək yetkisi yoxdur. Özü də, soydaşları da bunun fərqindədirlər. Eləcə də Dəli Qarcar. O da Tanrısevər bir dindardır, Tanrı birliyinə iman gətirən birisidir. Ancaq din şüuru "gözəl əxlaq"la tamamlanmadığından bir qədər nöqsanlıdır. Və Qorqud şəxsiyyətinin din - "gözəl əxlaq" təbliği missiyası oğuz toplumunu bu cür dini kəsirlərdən qorumaqdır. Konkret halda Dəli Qarcarın mənəvi islahıyla bağlı bu missiya uğurla sonuclanır, onun tövbəsi ilə başa çatır.
Qorqudçuların din şüurunda bəzən müvəqqəti geriləmələr də baş verir. Bunlar təktanrılıq əqidəsinə məyusluq hallarının ara-sıra gətirdiyi bütpərəstlik impulslarıdır. Ancaq narahat psixoloji ovqatın yaratdığı bu impulslar olduqca ötəri və epizodik bir səciyyədədir.
Kafirlər Qazan xanın əsirlikdəki oğlu Uruzu edama aparırlar. "Mərə kafir, aman! Tanrının birliyinə yoxdur güman. Qoyun məni bu ağacla söyləşəyim" - deyir. Və ağaca "müqəddəslik" qazandıran təriflər yağdırır: "Məkkə ilə Mədinənin qapısı ağac! Musayi-kəlimin əsası ağac! Şahmərdan Əlinin düldülünün əyəri ağac! Zülfiqarın qınının qəbzəsi ağac! Şah Həsənlə Hüseynin beşiyi ağac! Məni sənə asarlar, götürməgil ağac!..".
Tanrı birliyinə şəhadət gətirə-gətirə ağaca yalvarmağı ölüm təhlükəsi altında baş qaldıran bütpərəstlik zəifliyidir. Və bəzi boyların sonunda Dədə Qorqudun dediyi "ölüm vəqti gəldiyində arı imandan ayırmasın" duası, təbii ki, belə bir bütpərəstlik zəifliyinə güc gəlinməsi istəyini də mahiyyətcə ifadə etməmiş deyil.
Ağaca yalvarışda tarixi ənənəvi islama görə müqəddəs bilinən sözlərdən mədhiyyə düzməklə qəhrəman bütpərəstliyə meyillənmə zəifliyinə sanki bəraət də qazandırmaq istəyir. Ümumilikdə isə bu, son dərəcə ötəri və impulsiv bir ovqatdır ki, bircə anın içində dərhal dəyişə və təktanrılıq başlanğıcının cazibəsinə qayıda bilir. "Məni sənə asarlar, götürməgil ağac!" deyən Uruz ardınca da az öncə "müqəddəs" sözlərlə xitab etdiyi bütə - ağaca çox hörmətsizcəsinə səslənir: "Götürəcək olursan yigitliyim səni tutsun ağac! Bizim eldə gərək idin ağac! Qara hindu qullarıma buyuraydım, səni para-para doğrayaydılar, ağac!".
Təktanrılıq tarixində bütpərəstliyin məğlubiyyətini yaşadan möhtəşəm məqamlar var ki, daşdan-ağacdan yonulu bütlərin para-para doğranmasıyla əlamətdardır. Biri elə İbrahim peyğəmbərin bütlərin başına açdığı oyun. Bütxanaya gələrək camaatın tapındıqlarından birini "sağ" buraxmaqla qalanlarını qırıq-qırıq edir. Soydaşları dəhşətlə soruşanda ki, kim yapmış bunu, deyir əgər danışa bilirsə, o salamat qalmış bütdən xəbər alın söyləsin. Məqsəd ibtidai səviyyədəki bütpərəstliyi din baxımından arqumentsiz qoymaq, dilsiz-ağızsız, zərərsiz-yararsız bütlərə tapınmağın puçluğunu sübuta yetirməkdir. Təktanrılıq-bütpərəstlik qarşıdurmasında bütlərin bu hala salınmasının başqa bir məqsədi bütpərəstliyin maddi mənada da məğlubiyyətini fiksə etməkdən ibarətdir. Və hələ xeyli gənc, bərkə-boşa düşməmiş qorqudçu Uruz ölüm təhlükəsi anında göstərdiyi zəifliyə - din ampluasında bütpərəstliyə ani meyillənmə ilə ifadə olunan zəifliyinə "səni para-para doğrayaydılar, ağac!" deməklə üstün gəlir. Və şəksiz ki, Uruzu "arı imandan ayırmayan" həmin o ifadə məhz şüuraltı təktanrılıq impulslarının təsirilə qəhrəmanın dilindən qopur.
Tanrı birliyinə iman qorqudçuların fitrətində əzəli bir dəyərdir. Bunun ən arxaik variantı Dəli Domrul boyunda maraqlı bir tərzdə aşkarlanır. Qəhrəmanın təktanrılıq şüuru o qədər ibtidaidir ki, burada mələklərə inam üçün yer də yox. Tanrıya yalvarır ki, camaatın dediyi Əzrayılı ona göstərsin. Göstərsin ki, bu ölüm mələyi ilə savaşıb birdəfəlik axırına çıxsın və o da "bir dəxi yaxşı yigidin canın almaya". Dəli Domrulun duası Haqq-təalaya xoş gəlmir, "mənim birliyim bilməz, birliyimə şükür qılmaz, mənim ulu dərgahımda gəzəmənlik eləyir" - deyir.
Təktanrılıq primitiv və deklarativ bir din dəyərinə çevrildikdə, əxlaq müstəvisində gerçəkləşmədikdə mahiyyətini itirir. Buna görədir ki, Tanrı birliyini dildə bəyanlayan Dəli Domrul Onun "birliyini bilməz" birisidir. Və Əzrayılın cənginə keçdiyində bu dəfəsində də məhz ona yalvarıb aman diləyir. Əzrayıl deyir mənə niyə yalvarırsan, Allah-təalaya yalvar. Dəli Domrul Tanrıya həmd oxumaqla başlayan bir duada bulunur və duasını bu sözlərlə bitirir: "Mənim canım alır olsan Sən alğıl, Əzrayılı almağa qoymağıl".
Təbii ki, Tanrıdır can verən, can alan. Və Tanrı buyruq yiyəsidir, icraçı deyil. İcraçılar Onun mələkləridir ki, biri elə o Əzrayıl deyilən. Mələklərin varlığına inanmaq iman şərtlərinə daxil bir məsələdir. Dəli Domrulun ikinci duasında bunları bilməzlikdən gələn ibtidai inanışı Yaradanı gerçəkdən dərkə cəhd əlamətlərilə ("Ucalardan ucasan, kimsə bilməz necəsən, görklü Tanrı! Neçə cahillər Səni göydə arar, yerdə istər, Sən xud möminlər könlündəsən. Daim duran cəbbar Tanrı! Baqi qalan səttar Tanrı!") bəlli bir ölçüdə dini-elmi məzmun qazanmış olur. Dəli Domrul artıq fərqindədir ki, Tanrıdan buyruq olmasa, ölüm mələyi can ala bilməz. Və "mənim canımı alır olsan Sən alğıl, Əzrayılı almağa qoymağıl" duası Tanrının özündən aman diləmək məzmununda səslənir. Ancaq bu epizodda Dəli Domrulun din şüurunu yenə də müəyyən sadəlövhlük görüntüsündən (məhz görüntüsündən!) azad etməyən bu son ifadənin məndən ötrü ən gözəl və dahiyanə bir təyinatı da var. İlahi gücə imanda və ibadətdə birbaşalığın, vasitəçisizliyin ibtidai təlqinilə bağlı bir təyinatı!
Tanrısevər qorqudçuların ilahi güclə təmaslarında birbaşalığı, vasitəçisizliyi təmin edən başqa bir amil doğma dilin işləkliyidir. Təbii ki, Tanrı-insan dialoqu şərtiliklərdən uzaq bir özəllikdə baş tuta bilir. O uca Varlıqla əlaqə qurmaq cəhdi göstərildiyində yasaq bilinən şərtiliklərin, vasitəçiliklərin siyahısında anlaşılmayan dil məsələsi də dayanır. Və Dədə Qorqud boylarında səslənən dualar, alqışlar və s. istisnasız olaraq ana dilindədir, ərəbcə deyil. Dastanda ərəbcəni vasitəçi dil kimi işlədən din araçılarına da rast gəlinmir.
Din - "gözəl əxlaq" təbliğçisi Dədə Qorqudun da Tanrıya ərəbcə dua etdiyi yox. Dediyi dualardan biri budur: "Yum verəyin (yəni dua oxuyaq), xanım! Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın kəsilməsin! Ağsaqqallı baban yeri uçmağ olsun! Ağbirçəkli anan yeri behişt olsun! Axır sonu arı imandan ayırmasın! Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun! Günahınızı adı görklü Məhəmməd Mustafa üzü suyuna bağışlasın!"
Ərəbcə dualara yer verilsəydi, ilk baxışdan bir qədər təbii də görünə bilərdi. Ancaq təktanrılıq gərəkçələrinə sadiq və mövhumatçılıqdan kənar bir din düşüncəsinin məhsuludur ki, özlərinin din tələbatlarını ödədiklərində qorqudçular şərtiliyə, ibadət görüntüsü yaratmağa və bunu gerçəkləşdirən ərəb dilinin araçılığına ehtiyac duymurlar. İmanlarında səmimi olduqlarından dolayıdır. Məhz belə bir imandır onları Tanrısevər və Tanrı sevimliləri eləyən. Bu xoşbəxtliyin gözəl bir ifadəsi var, əvvəlki yazılarımızda qeyd etmişik, Bamsı Beyrək boyundadır: "Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu". Tanrıdan qəbul görən, cavabsız qalmayan bu dualar təbii ki, türkün ana dilindədir.
"Çağıran çağırsa Məni, cavablaram çağrısını. Qoy onlar da cavablasınlar Məni, inansınlar Mənə bəlkə doğru yolu tutub gedələr." (2, 186) - deyilir Oxuda. Duaların müstəcəb olması iman və saleh əməl dəyərlərinə riayətlə şərtlənir. Qorqudçuların dindarlığına birbaşa aidiyyəti olan məsələdir. Dualara Rəbbimizdən cavab təmin edən başqa bir dindarlıq özəlliyi İlahiyə yalvarışların tamamilə məhrəmanə bir tərzdə səsləndirilməsidir: "Çağırın Rəbbinizi yalvarışla, gizlicə. O sevməz, şübhəsiz, həddini aşanları." (7, 55). "Həddini aşmaq' konkret halda səmimiyyətsizlik deməkdir. Deklamasiya edilən, səs-küylə oxunan dualar da "həddini aşanların" işidir ki, Tanrıdan cavab almaz. Qorqudçuların duaları bu ilahi məntiqə də uyğun gələn necəlikdə və nəlikdədir. Başlıcası isə ana dilindədir ki, bu necəliyin və nəliyin xidmətində durur.
Ərəbcə dualarda səslənən və oxşar variantları müqəddəs Oxu orijinalında gedən belə bir ifadə var: "Subhanəkə va təalə ammə yasıfun". Açıqlaması "Alqış Sənə, Sən onların (Tanrıya şərik qoşanların) düzüb-qoşduqlarının fövqündəsən". Yaradanı öyən ifadədir. "Dədə Qorqud" müəllifinin qələmində isə bu, təqdim etdiyim açıqlamadan daha gözəl səslənir: "Ucalardan ucasan, kimsə bilməz necəsən".
Dastanda məqsəd qoyulmayıb ki, Oxu kəlamına aid bəzi ifadələrin dəqiq tərcüməsi verilə. Bu cür şərtiliyə gedilməyib. Qəhrəmanların dini ovqatlarının təsvirində təbiilik, eləcə də üstün bədii məziyyətlər bununla bağlıdır.
Oxunun İnək surəsinin sonuncu ayəsində bir dua səsələnir: "Sən bizim yarımız, havadarımız. Sən bizə yardım eylə də zəfər ver dananlar (kafirlər) əleyhinə!" (2, 285). Düşmənlə döyüşə girməzdən öncə Qazılıq Qoca oğlu Yeynək də həmin dua ovqatındadır. Belə deyir: "Mədəd Səndən! Qara donlu kafirə at təpərəm, işimi Sən onar".
Oxu ayələrinin təlqin etdiyidir ki, Tanrıyla məhrəmanə təmasda Onu gözəl-gözəl öyümlərlə öyəsən. Yaradandan yardım istəməmişdən Yeynək belə də edir, deyir: "Urdığın ulatmıyan ulu Tanrı! Basdığın bəlirtməyən bəlli Tanrı! Götürdüyün göyə yetirən görklü Tanrı! Qaqdığın qəhr edən qəhhar Tanrı!" Bu ifadələr tərcümədən gəlmə deyil və aydındır ki, saf iman impulslarının təsirilə türkcəmizin improvizəsində ortaya çıxmış ifadələrdir.
Mənasını anladın-anlamadın fərqi yox, Allah kəlamı yalnız nazil olduğu orijinalda dilə gətirilməli - bunu bəzi "din" xadimləri deyir. Ərəb olmayan müsəlmanı ilahi hikmətlərdən qafil bir durumda, cəhalətdə saxlamağın, Tanrı dərkindən uzaq tutmağın bir yolu da belə bir mövhumatçılıq təbliğindən keçir. Çağımızda da özünə tərəfdar tapan bu cür mövhumatçılığın ən gözəl cavabı Dədə Qorqud dindarlığındadır. Məsələn, İxlas surəsindəki 2-4-cü ayələri Yeynəyin dilindən bu oğuz bəyinin düşüncəsinə uyğun gələn türkcə açıqlamada da eşidirik: "Sən anadan olmadın, Sən atadan olmadın, kimsə rizqin yemədin, kimsəyə güc etmədin. Qamu yerdə əhədsən. Allah səmədsən. Ululuğa həddin yox. Sənin boyun-qəddin yox. Ya cismlə cəddin yox". Həmin ayələrin orijinal variantı: "Allahu-s-saməd. Ləm yəlid va ləm yuləd. Va ləm yəkun ləhu kufuvan əhad". Orijinala yaxın açıqlaması: "De "O Tanrı, tək. Tanrı mütləq, əbədi. Doğmamış, doğulmamış. Onun bənzəri də heç kim olmamış" (112, 1-4).
Dədə Qorqud dindarlığı ən çeşidli məziyyətlərinə görə təktanrılığın möhtəşəm bir nümunəsidir. Türklərin din şüurunda bu nümunənin əvəzsiz yeri var.
Və mövzuya əlavə olaraq onu da vurğulayım ki, türklərin tanrıçılıqda və islamda yaşanan Tanrısevərliyi zaman-zaman gözəl-gözəl qarşılıqlar almış Rəbbimizdən. Oxuda deyilənlərdir: "İçinizdən inanan, xeyircil işlər görən kəslərə Tanrı vəd vermiş, hökmən xələflər eyləyər onları yer üzündə necə ki, bir zaman onlardan əvvəlkiləri xələflər eyləmişdi. Onlar üçün bəyəndiyi, seçdiyi o dinini hökmən gücləndirəcək. Arxayınçılıqla əvəzləyəcək qorxularını. Mənə qulluq qılırlar, bir nəsnəni ortaq qoşmurlar Mənə. Bundan sonra kim danacaq olursa, belələri xalis yolsuzlardır ki var" (24, 55). Bu deyilənlərdə tarixi keçmişimizi də görmək mümkündür. Gələcəyimizə də aid edə bilərik ilahi vədi. Yetər ki, Oxu ayələrindən güc ala-ala, Dədə Qorqud dindarlığından öyrənə-öyrənə təkcə Ona qulluq qılaq, təkcə Ondan yardım umaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!