İkinci yazı
Xalis din, kübar dindarlıq...
Qorqud dindarlığında yurd sevgisinin özəl bir yeri var. Və təktanrılıq inanışı qorqudçuların məskunlaşdığı torpaqlara əlahiddə bir müqəddəslik də qazandırır. Onların yurd sevgisi, Məhəmməd Seçilmişin sözlərilə desək, imandandır. Dış düşmənləri "kafirlər"dən ibarətdir. Bunlar da əsasən "yetmiş iki bütxanası" olan bütpərəstlərdir. Və oğuz bəylərinin dış aləmlə silahlı çarpışmaları faktiki olaraq din savaşları görüntüsündə nəzərə çarpır. Boylardakı savaşlar mahiyyətcə xalis təktanrılıqla saxta dinçilik, yaxud bütpərəstlik qarşıdurması kontekstində, bu dini qütbləşmənin doğurduğu dəyərlərin, yəni mərdliklə namərdliyin, sədaqətlə xəyanətin, səmimiyyətlə hiyləgərliyin və s.-nin davası fonunda gedir. Birincilərin təmsilçiləri oğuz bəyləri, ikincilərsə, sadəcə, "kafirlər", başqa bir adları da yox zatən. Tanrısevərlərin yurd savaşı məzmunca Tanrı yolunda savaş deməkdir. Oxu məntiqi baxımından da bəraətli savaşdır: "Tanrı yolunda savaşın sizinlə savaşanlarla" (2, 190).
Bu savaşın ulu qayəsi vətənin, soydaşların, ləyaqətin müdafiəsidir, hətta tarixən düşmən belə sayılan qonşulara nagahan, səbəbsiz-filansız saldırı deyil. İlahi məntiq gərəyilə bütün döyüşlər təcavüzkar tərəfə cavab tədbiri kimi gerçəkləşməlidir. O da eyni zamanda İlahidəndir ki, düşmənlə düşməncəsinə rəftar etmək gərək: "...Çıxarın onları o yerdən ki, çıxarmışlar ordan sizi" (2:191);
"Sizə təcavüz eləyənə sizə təcavüz elədiyi sayaq siz də təcavüz eləyin" (2, 194). Bunlar əski oğuzların təktanrılıq təfəkkürü və əxlaqından gəlmə bir təbiiliklə həyata keçirdiyi xüsuslardır.
"Dədə Qorqud" boylarında düşmənin məğlubiyyətilə bitən savaşlar əsasən müxtəlif məzmunlu təcavüzlərə (Salur Qazanın yurdunun yağmalanması; Bamsı Beyrəyin dostları ilə birgə yuxuda ikən qəfil düşmən saldırısı sonucunda əsir alınması; yenə də ov zamanı dincələrkən Qazan xanın oğlu Uruzla bərabər "azğın dinli, quzğun dilli kafirlərin" hücumuna tuş gəlməsi; Qanturalı bəylə Selcan xatunun oğuz diyarına qədəm basdıqlarında qızını oğuz bəyinə vermək vədinə xilaf çıxmış təkurun qoşunlarının arxadan hücumu; oğuz iqtidarının "Gürcüstan ağzında" sərhəd qoşunu komandanı Bəkilin xəstə düşməsindən xəbər tutan düşmənin onun üzərinə gəlməsi və s.) cavab tədbirləri olaraq başlanır.
Təcavüzkarlıq hərbi yürüşlərdə ad-san qazanan oğuz bəylərinin xislətinə yaddır. Qəhrəmanlıqlarına gəlincə, bu da özlərinə görə, təbii, adi və aralarında müzakirə predmeti olmayan bir şeydir.
Uşun Qoca oğlu Səgrəyin boyunda belə bir epizod var. Qardaşı Əgrək bəylərbəyi Qazanın divanında ön sırada oturduğuna görə Tərsuzamış adlı birisi ona irad tutur. Deyir, bəylərin hər biri oturduğu yeri "qılıncıyla, ətməyilə" almış, "sən başmı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalıncıqmı donatdın?!". Əgrək təbii bir təəccüblə baş kəsməyin, qan tökməyin hünərmi olduğunu soruşur. O üzdən təəccüblə ki, düşmənlə döyüşlərdə igidliklərə görə oğuz bəylərinin döşlərinə döyüb öyündükləri yox. Və Əgrək hərbi yürüşə başlayır. Başlatdığı hərbi yürüş hər zaman olduğu kimi təcavüzkara cavab tədbiri olmaq özəlliyindən məhrum, oyanmış şəxsi təkəbbür səbəbilə baş verən bir əməliyyatdır. Bundan da dolayıdır ki, ilahidən dəstək alacaq mahiyyətdə deyil. Kafirlərin tələsinə düşərək oğuz qoşununun tamamilə qırılması, Əgrəyin əsir alınması bu baxımdan təbiidir. Bu, "Tanrı sevməz təcavüz edənləri" (2, 190) məntiqindən doğan bir sonucdur.
Qazılıq Qoca oğlu Yeynəyin boyunda da mənasız bir hərbi yürüşə görə oğuzlar müvəqqəti bir cəzaya uğrayırlar. Qazılıq Qoca kafirlərin liderilə təkbətək cəngə girdiyində məğlub olur, dəstəsi pərən-pərən düşərək qaçır.
Bu iki əhvalat oğuz bəyləri üçün səciyyəvi deyil. Bağlı olduqları təktanrılıq gərəkçələrindən bu cür kənar davranışlar ayrı-ayrı istisnalardır, bunlara görə müvəqqəti uğursuzluqlara uğramaları da dolayısı ilə haqq dini mahiyyətini açan "Allah-Allah deməyincə işlər önməz" sözlü Dədə Qorqud məntiqini (Tanrıdan əxz edilən məntiq!) təsdiqləyən gərəkli bədii detallar sırasında yer alır.
Rəmzidir ki, məğlubiyyətlə bitən bu hərbi yürüş epizodlarında Tanrıya ənənəvi dualarda da bulunmurlar, Tanrını unutmuş kimidirlər, təkəbbürlü görünürlər. "Təkəbbürlük eyləyəni Tanrı sevməz" (16, 23) - deyilir Oxuda. Dədə Qorqud dilində də ilahidən iqtibasla səslənən ifadədir. Təkəbbürlə Tanrıya bəndəliyin bir araya sığmadığı anlamında. Ancaq əslində burası da var ki, ciddi bir zərurət olmadan aparılan savaş öncəsində məlum dualarda bulunmamaq Yaradana dönüklüyün, böyük mənada asiliyin təzahürü də deyil. Oğuzlar əksəriyyətcə Tanrısevər bir qövmdür. Tanrının elə məqamlarda unudulması Əgrəkdə və Qazılıq Qocada kənar təsirlə baş qaldıran subyektiv istəyin əsiri olmaları ilə əlaqəli görünür. Əgrək Tərsuzamışın məlum iradından nəticə çıxararaq təkəbbürünü sındırmamaqdan ötrü, Qazılıq Qoca da "içdiyi şərabın istisi başına vurandan" sonra haqsız savaşa qərar verir. Dustaqlıqda cəza çəkə-çəkə hər ikisinin dinlərinə bağlı qaldıqları da dillərindən qopan ifadələrlə ("qadir verən dadlı canın uyğu almış", "Yaradan haqqıçün duru gəlgil") və keçirdikləri ruhi durumun təsvirilə ("Tanrıya şükürlər qıldılar") təsdiqlənir.
Yuxarıda qeyd etdim ki, özünüöyüm, lovğalıq Tanrısevər qorqudçulara xas keyfiyyətlərdən deyil. Bunun haqq dini təktanrılıq məntiqilə sadə bir izahı var. Bütpərəst dinlərdən fərqli olaraq təktanrılıq təriflənmək, öyülmək haqqını təkcə Tanrıya aid bilir, başqasına yox. Oxunun elə ilk surəsindəcə ("Açılış"-"Fatihə") Rəbbimiz bildirir ki, həmd, alqış, tərif, öyüm təkcə Tanrıya, Rəhmana, Rəhimə, din gününün yiyəsinə ünvanlanmalıdır. Bu hikmətin belə bir Qorqud təsdiqi də gözəldir: "Ağız açıb öyər olsam üstümüzdə Tanrı görklü". Və "Dədə Qorqud" boylarında gördüyümüz mənəvi gözəlliklər siyahısında Tanrı öyümlərinin özəl yeri var. Bunlar adətən döyüş öncəsi dilə gətirilərək oğuz bəylərinə Tanrı yardımını təmin edən dualar içində səslənir. Məsələn: "Ucalardan ucasan uca Tanrı, kimsə bilməz necəsən görklü Tanrı... Birliyinə sığındım, çələbim, qadir Tanrı! Mədəd Səndən! Qara donlu kafirə at təpərəm, işimi Sən apar!".
Oxuda din riyakarları kimi tanıdılan münafiqlər Qorqud qəhrəmanları arasında gözə dəymir. Elə birisi yox ki, camaat içində Tanrı birliyinə şəhadət gətirə və sonra da hansısa nalayiq işlərdə buluna. Nəslinin genetik kodunda yalançılıq olan Yalıncıq da münafiq deyil. O da özünün küfr əməllərində ardıcıl və səmimidir. Davranışlarını pərdələməkdən ötrü dinə bağlılığın məlum söz atributlarından istifadə etdiyi yox. Əsil-nəsəbi, künyəsi "Yalançı oğlu"dur. Ata-babadan kafirdir. Daha könülsüz din qəbul edib də münafiqlik yapmır. Beyrəyin nişanlısı Banuçiçəyə gözü düşür. Onunla evlənmək istəyir. İstəyinə çatmaqdan ötrü xeyli müddət düşmən əsirliyində qalmış Beyrəyin ölüm xəbərini gətirir. Gətirir ki, Banuçiçəyin qardaşı Dəli Qarcarın dediyi kimi olsun. "Ölüsü xəbərini gətirənə qız qardaşımı verərdim" - demişdi.
Və Yalıncıq oğuz bəylərini konkret halda aldatmaq naminə müqəddəs nəsnələrə and içmir. Əvvəla, bunun xeyri də olmazdı, "Yalançı oğlu"na inanmazdılar. İkincisi, bu sadəcə olaraq onun küfründə də səmimiyyətilə bağlı xasiyyətində deyil. Oğuz bəylərini yalan xəbərin doğruluğuna belə inandıra bilir ki, Beyrəkdən vaxtilə hədiyyə aldığı köynəyini "qana-quna" batırır, gətirib maddi sübut kimi təqdim edir.
Əski oğuz toplumunda Yalıncıq təmsilçiliyində və timsalındakı kafir azlığı küfründə nə qədər səmimidirsə, tanrısevərlər çoxluğu da bir o qədər dindarlığın arı-duru variantındadır. Və olduqca təbiidir ki, "ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi, duaları müstəcəb olurdu". Oğuz bəylərinin istəklərinə Rəbbimizin daim qarşılıq verməsini ifadə edən bu sözlər, şəksiz ki, təkcə gələcək süjetin məntiqi başlanğıcını qoymaq mahiyyətində və funksiyasında deyil. Süjetdə belədir ki, övlad həsrətliləri Baybura bəy və Baybican bəydən ötrü Tanrıya bir ağızdan dua edirlər. Elliklə edilən bu dua qəbul olunur. Zaman ötür, birinin oğlu, birinin də qız körpəsi dünyaya gəlir. "Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi, duaları müstəcəb olurdu" sözlərinin ilk qavrayışda ümumi təhkiyə xəttinə xidmət edən adiliyi öz yerində, ancaq unutmaq olmaz ki, dualara qarşılıq Yaradanın dua edənlərdən umacağına layiqincə əvəz verdiklərində verilir. Bu əvəz xalis təktanrılıq inancı və haqq inanışını həyati müstəvidə gerçəkləşdirən əxlaq fəzilətlərindən ibarətdir ki, əski oğuzlarda vəhdət halında olmuş bir xoşbəxtlikdir.
Təktanrılığın əxlaqda əksini tapan bir özəlliyi də qadına ləyaqətli münasibətdə ifadə olunur. Tarixdən bəllidir ki, qadına alçaldıcı münasibət əsasən bütpərəstliyin yayıldığı toplumlara aidiyyəti olan xüsusdur. Söhbət, təbii ki, bütpərəstliyin təkcə klassik formalarını deyil, haqq dinini içəridən zədələməyə yönəlik çeşidli təzahürlərindən də gedir.
İslamaqədərki cahiliyyə çağına müraciət etdiyimizdə görülən budur ki, ərəb qadınları əksəriyyətcə əziyyətlər, məhrumiyyətlər, rəzalətlər içində həyta sürməli olublar. Hakim bütpərəstlik inanışının doğurduğu əxlaq üçün normal bir hal idi ki, qadına başlıca olaraq cinsi tələbatın ödənilməsi vasitəsi kimi baxırdılar. Bu alçaldıcı münasibət cahil ərəb toplumunda fahişəliyin də yayılmasına təkan vermişdi. Təktanrılığın ən mükəmməl variantı İslamın gəlişilə buna son qoyuldu. Və qadının toplumda yeri keyfiyyətcə yeni və yüksək mənəvi məzmun qazandı. O başqa məsələ ki, islamı onun təktanrılıq mahiyyətinə zidd şəriət adına, əski ərəb ənənələrinin sirayət etdiyi və islami qiyafədə təqdim olunan dəyərlər sistemi indinin özündə də bir çox müsəlman ölkələrində qadın azadlıqlarının məhdudlaşdırılmasına dair faktlarla zəngindir. Bu yerdə də söhbət təbii ki, İslami qaydaların mahiyyəti üzrə tətbiqindən getmir.
Məsələn, islamın atributları arasında çoxzövcəlilik məsələsini qeyd edirlər. Dinimizin mahiyyətini bilməzlikdən gələn təsəvvürlərə dayalı və olduqca primitiv münasibətdir. Nəzərə alınmalıdır ki, islam bir sıra təfsirlərə görə, qeyri-məhdud çoxzövcəliliyi dördə qədər qadınla nikah icazəsinədək endirərək bunu yalnız və yalnız müharibə fəlakətləri sonucunda toplumda qadın-kişi tarazlığının birincinin ziyanına böyük say nisbətində pozulduğu şərtlərə, yaxud başqa ağır sosial-psixoloji səbəblərə bağlayır. Çoxzövcəlilik icazəsi hər şeydən öncə toplumda mənəvi tənəzzülün qarşısını almaq məqsədi güdən fövqəladə və müvəqqəti bir tədbir kimi də vurğulanır. Tarixdə belə bir fakt da var ki, II dünya savaşından sonra Bonn şəhərinin xristian sakinləri çoxzövcəliliyin qanuniləşdirilməsi xahişilə hakimiyyət orqanlarına müraciət etmişdilər.
Başqa bir təfsirə görə isə, Qadınlar surəsinin 3-cü ayəsində dördə qədər qadınla evlənmə icazəsi yox, qadınların iki-iki, üç-üç-, dörd-dörd (hərfən belədir) nigahlandırılaraq ərə verilməsindən gedir və bu da müvafiq ayədə yetim qızlara aid məzmunda olduğundan hesab edilir ki, Oxuda çoxzövcəlilik məsələsi ümumiyyətlə vurğulanmır.
Bu məsələnin fərqli təfsirləri öz yerində, fikrimizcə, təktanrılığın məntiqi hər bir halda təkzövcəliliyə üstünlük qazandırır.
"Dədə Qorqud"da çoxzövcəliliyə təbii olaraq ona görə rast gəlinmir ki, oğuz türkləri əskidən bəri təktanrılıq - fitrət dinində. Və bütpərəstlikdən İslama girdikdən sonra köhnə düşüncə stereotiplərini hələ də yaşamaqda olan bir qövmə Oxuda ünvanlanan tövsiyələrin bu mənada müsəlman oğuzlara dəxli görünmür.
Başqa bir misal. Övlad həsrətlisi Baybican Allaha dua edir ki, onun da bir qızı olsun. Müqayisə üçün deyək ki, qız diləmək Oxuda ilahi qınağa tutulan bütpərəst ərəb təfəkkürünə tərs bir şeydir. Bu qınağı tarixilik kontekstindən çıxararaq təkcə ərəblərə aid etməmək də olar. Tənqid bütövlükdə qadın cinsinə münasibətdə mənfi emosiyalarla yüklü düşüncə sisteminə tuşlanır. Və milli mənsubiyyətdən asılı olmayaraq bütpərəst tiplərə xas bir ovqatdır ki, bunlar oğlan uşaqlarını arzulamaqda ifrata varırlar.
Oxuda belələrinin din görüşlərinə aid belə bir qınaq səslənir bildirilir ki, onlar mələkləri qızların obrazında təsəvvür edirlər və bununla qızları Tanrıya layiq bilə-bilə özlərinə layiq bilmirlər. "Qızları Tanrıya aid edirlər. Haşa, O, ucalar ucası! Onların öz istəyi var. Birinə bir qız uşağı müjdələndimi, qapqara qaralar üzü. Hirs onu boğar, boğar. Bu pis müjdə üzündən adamlardan gizlənər. Alçala-alçalamı alsın əlinə, torpağamı gömsün onu? Baxın nə yamanmış hökmləri! " (16, 57-59) deyilir Oxuda və gözəl bir tərzdə nəzərimizə çatdırılır ki, din təsəvvürlərində primitivliklə əxlaq çatışmazlıqları biri digərini tamamlayan xüsuslardır. Və oğuz bəyi Baybicanın Tanrıdan qız istəməsini əski çağlardan bəri cinsi ayrı-seçkiliyə yad xalis türk təfəkkürünə aid etsək də, bunun təktanrılıqdan qaynaqlandığını da vurğulamamız yerinə düşər.
Qorqudçular təkcə "kafir" düşmənlə savaşlarını deyil, cari davranışlarını da bir din borcu gərəyilə, Tanrı rizasınca həyata keçirdiklərinin fərqindədirlər.
Xanlar xanı Bayındır xanın keçirdiyi bayram ziyafətlərində Dirsə xan protokol qaydası baxımından hörmətsiz duruma salınır, onu qara otağa gətirirlər, altına qara keçə döşəyirlər, qara qoyunun ətindən gətirib önünə qoyurlar.
Oxuda qara rəng əsasən cəhənnəm rəngi kimi təqdim edilir. Dirsə xana hörmətsizliyin səbəbi işdə budur ki, "oğlu-qızı olmayanı Tanrı-taala qarğayıbdır, biz dəxi qarğarız" demiş Bayındır xan. Evinə pərt dönüb hirsini boşaldır xatununun üstünə. Xatunu da ona bir din dərsi keçir: "Hey Dirsə xan! Mənə qəzəb etmə! İncinib acı sözlər söyləmə! Yerindən uru durğıl! Ala çadırın yer üzünə dikdirgil! İç Oğuzun, Daş Oğuzun bəylərin üstünə yığnaq etgil! Ac görsən doyurğıl, yalıncıq görsən donatğıl! Borcluyu borcundan qurtargil. Təpə kimi ət yığ, göl kimi qımız sağdır. Ulu toy eylə! Hacət dilə! Ola kim, bir ağzı dualının alqışıyla Tanrı bizə bir yetman əyal verə".
Burla xatun da dilək ilə bir oğulu güclə bulmağını bu işlərə bağlı bilir: "Quru-quru çaylara su saldım, qara (cəhənnəm boyası qaranın tarixi islama sirayəti də bir paradoksdur ki, bu da bütpərəstliyə yuvarlanmanın rəmzi bir çaları!) donlu dərvişlərə nəzir verdim, yanıma ala baxdığımda qonşuma eyü baxdım, umanına, usanına aş yedirdim...".
Bu sadalanan yaxşılıqlar, eləcə də Bayındır xanın yuxarıda qeyd etdiyim protokol düzənləməsi Tanrıya yönəlik bir ibadət məzmunundadır. Dirsə xana ziyafət zamanı göstərilən hörmətsizlik əslində rəsmi səviyyədə bir dini təzyiqdir ki, nəsil artımıyla bağlı Tanrı qarşısındakı borcunu ona xatırladalar.
Oğuz bəylərinin, xanımlarının dindarlığı bütövlükdə toplumun, insanlığın xidmətində olaraq zahidlərin, guşənişinlərin, mövhumatçıların, din təmsilçiliyinə iddiaçı zümrənin dindarlığından fərqlidir və Tanrı buyruqlarına, təktanrılıq məntiqindən gələn, saf, bütpərəstlik qatqısından arınmış dini-əxlaqi məzmuna daha uyğun nəzərə çarpır.
Qorqud düşüncə və davranış tərzinin Oxu məntiqilə üst-üstə düşməsinin səbəbi, təbii ki, türklərin tarixi islama girməyilə bağlı deyil. Bu, tarixi İslam öncəsi əski çağlardan bəri təktanrılıq inanışının türklər üçün gəlişdirdiyi dəyərlər sisteminin kamilliyi ilə bağlı məsələdir. Elə bir məsələdir ki, burada əski türklərə xas mentalitetdən danışanda bunun Tanrı qaynaqlı olduğunu hökmən vurğulamaq lazım gəlir.
Qayıdaq qorqudçu xatunların dilindən gətirdiyim ifadələrə. Maddi anlamda imkansızlara əl tutmaq ənənəvi din terminolojisində sədəqə vermək deməkdir. Bu ibadət növünün gerçəkləşməsi qaydalarının Oxuda hikmətli açıqlamaları var.
Ayələrin aydınlığında görmək tamamilə təbiidir ki, Qorqud etik-əxlaqi normaları bu qaydaların ayrıntılarıyla da bir çox hallarda gözəl səsləşir: "Sədəqəni açıq-aşkar verirsizsə, nə yaxşı! Gizlicə yoxsullara paylayırsızsa, sizin üçün daha yaxşı..." (2, 271). Açıq-aşkar sədəqə ilk növbədə maddi ehtiyaclarını dilə gətirən yoxsullardan ötrüdür. Bunun bir önəmi də varlı kimsələrə nümunəvericilik baxımındandır. "Dədə Qorqud"da "umanına aş yedirmək" bu cür sədəqə vermək yoludur. Mahiyyətində bir qədər kütləvilik ünsürü də var. Mənəvi cəhətdən asan başa gələndir ki, möhtacların dilə gəlib dilənməsinə istədiyin ölçüdə qarşılıq verəsən. İkincisi, gizli sədəqədir ki, Oxuda bu daha üstün bilinir. O mənada daha üstün ki, bu, dindarlığa bir kübarlıq da gətirir. İnanclı şəxs çevrəsindəki insanların ehtiyacları ilə özü maraqlanmalı və sədəqələrin paylanmasında üstünlüyü o kəslərə verməlidir ki, təvazökar xasiyyətlərinə görə başqalarından pay istəməzlər. Belə xasiyyət bəyəniləndir ki, ayələrin birində deyilir: "Sədəqələr o yoxsulların haqqı ki, qapanıb qalmışlar Tanrı yolunda, imkanları yox gəzələr yer üzünü. Cahil çəkingən görüb varlı sanar onları. Üzlərindən tanıyırsan onları. Dirənərək bir nəsnə istəməzlər başqalarından. Nə xeyir xərc eyləsəniz, Tanrı, şəksiz, biləyən" (2, 273).
Qorqudçuların üstünlüklə riayət elədikləri gizli sədəqə ayədəki ilahi buyruğa cavab verən bir prosedurla gerçəkləşir. Ümumiyyətlə, ac görüb doyurmaq, geyimə ehtiyaclını görüb geyindirmək təşəbbüsləri oğuz qəhrəmanlarının davranışlarında daha səciyyəvi bir şeydir. Boylarda ən çox xatırlanan da budur. Dəli Domrul ölüm ayağında ikən belə Tanrıya yalvarış içində üzərinə götürdüyü başlıca ibadət öhdəliyi, İlahiyə qulluq vədi məhz bu cür sədəqə ilə şərtlənir: "Ulu yollar üzərinə imarətlər yapayım Sənin üçün, ac görsəm doyuraram Sənin üçün, yalıncıq görsəm donadayım Sənin üçün". Demir yoxsullar üçün, deyir Sənin üçün. Şübhəsiz, fərqindədir, bunlara möhtac olan Tanrı deyil də bir özüdür - Tanrıdan savab qazanmaq niyyətindədir, bir də maddi ehtiyac çəkən soydaşları. Tanrısevərlər daha onu gözləmirlər ki, hansısa yoxsul gəlib yardım diləyə, onlar da bu diləyi yerinə yetirələr. Beləsini arayıb tapmaqda özləri səy göstərirlər və tapdıqlarında ehtiyacını ödəməyə çalışırlar.
Yardımın ilk növbədə ehtiyacını dilə gətirməyən yoxsullara göstərilməsi zərurətinin din əsaslandırılması onunla bağlıdır ki, bunlar imanlarında daha möhkəm, daha səmimidirlər və bu üzdən də etik-əxlaqi dəyərləri daha çox gözləyən kimsələrdir.
Məsələ bu Tanrı sevimlilərinə əl tutmaq kimi nəcib bir davranış sərgiləməklə bitmir. Deyilən qaydada yürüdülən sədəqə-yardım tədbiri eyni zamanda dilənçiliyin, ələbaxımlığın, insan ləyaqətini zədələyən bir zəifliyin toplumda yayılmasını əngəlləmək məqsədli bir din profilaktikasıdır. Və bunun dindarlığa kübarlıq gətirən özəlliyi də öz yerində.
Kübar dindarlığın ən gözəl nümunəsini bəylər bəyi, oğuz lideri Qazan xanda görürük. Beyrəyin öldüyü boydan alırıq ki, Qazan xan sərvəti bir qədər artdığında "evini yağmaladarmış". Xanımıyla malikanəsindən müəyyən müddətliyə uzaqlaşarmış ki, ehtiyacı olanlar gəlib istədiklərindən aparalar. İştirak etməzmiş bu "yağmada", bilməzmiş kim nəyi və nə miqdar götürüb aparır. Heç kimi özünə minnətli, borclu etməzmiş. Və təbii ki, burada söhbət ilk növbədə oğuz başçısının nümunəverici yüksək mənəviyyatından, təktanrılıq əxlaqı kontekstində yozulursa, kübar dindarlığından gedir.
"Din gözəl əxlaq demək" - Məhəmməd Seçilmişin deyimidir. Qorqudçuların dindarlığı "gözəl əxlaq" dindarlığıdır. Bunun hansısa təzahürünü haqq dini və ilahi məntiq dışında aramaq mümkünsüzdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!