Məti OSMANOĞLU
Şairin uşaqlar üçün öz dilimizdə kitab yaratması mütərəqqi cəhd hesab edilməlidir və bu kitabın ədəbiyyat və məktəb tarixində yerinə, eləcə də bədii düşüncənin hərəkətindəki roluna obyektiv qiymət verilməlidir. S.Ə.Şirvaninin müəllimlik fəaliyyətinə həsr edilmiş araşdırmalarda kitabın məktəblərdə tədris edilmək üçün rəsmi dərs vəsaiti kimi nəşr edilməməsi müxtəlif səbəblərlə izah edilir. Məsələn, mərhum professor Xeyrulla Məmmədov yazır: "1879-cu ilin yazında Seyid Əzimə edilən hücumlar özünün gərgin nöqtəsinə çatdı. "Şəriət" fənninin tədrisindən ötrü yazdığı dərslik Peterburqdan mənfi rəylə qayıtdıqdan sonra Tiflisdə və Şamaxıda məmurların əlinə fürsət keçdi. Uşaqlara yazdırdığı mətnlər toplanıb təhlil edildi. Onun dərsliklərində hökumətin siyasəti ilə səsləşməyən motivlər "tapılıb" üzə çıxarıldı. Nəhayət, şair "siyasi etibarsız"lıqda ittiham edilib, müəllimlikdən çıxarılması haqqında gizli sərəncam verildi. Lakin o, düşmənə təslim olmadı".
Bizə elə gəlir ki, hökumət rəsmiləri tərəfindən "Rəbiül-ətfal"ın oxu kitabı kimi qəbul edilməməsinin səbəbini şairə münasibətlə, onun siyasi baxışları ilə əlaqələndirmək məsələni bəsitləşdirmək olardı: o vaxt dərsliklər üçün dövlət tərəfindən müəyyənləşdirilmiş ciddi təlim standartları var idi. Onu da nəzərə almaq çox mühümdür ki, Seyid Əzim "Rəbiül-ətfal"ı tərtib edəndə - 1877-ci ildə artıq Şamaxı şəhər rus məktəbinin şəriət və Azərbaycan dili müəllimi idi və o, yazdığı kitabın dərslik kimi nəşr edilərək azərbaycanlıların təhsil aldıqları bütün məktəblərdə tədris olunmasına çalışırdı...
Hələ XIX əsrin 20-ci illərinin sonundan azərbaycanlıların təhsil aldıqları rus məktəblərində belə bir dərsliyə böyük ehtiyac var idi. Zaqafqaziyadakı məktəblər haqqında əsasnamələrdə rus dili ilə yanaşı, yerli dillərin - o cümlədən Azərbaycan dilinin tədrisi də nəzərdə tutulurdu. Etiraf etmək lazımdır ki, dilimizin tədrisi ilə bağlı dərslik boşluğu uzun müddət açıq qaldı və bu böşluğa görə rus qəza məktəblərində və Tiflis gimnaziyasında Azərbaycan dilinin yerini fars dili tutdu. Bu problem XIX əsrin 80-ci illərinə qədər gəlmişdi. "Vətən dili" kitabının ikinci hissəsinin "Müqəddimə"sində göstərilir ki, 1881-ci il yanvar ayının 13-də Qafqaz canişininin təsdiq elədiyi təlim proqramına əsasən, Qafqaz əhalisinin ibtidai məktəblərində birinci sinifdə təlim-tərbiyə hər tayfanın öz dilində (yəni ana dilində) olmalı idi və bu kitabın ("Vətən dili"nin) birinci hissəsi Zaqafqaziya türklərinin ibtidai məktəblərinin birinci sinfində tədris edilmək üçün nəzərdə tutulmuşdur.
Tədris proqramının gerçəkləşdirilməsi üçün Aleksey Çernyayevskinin "Vətən dili" dərsliyinin birinci hissəsi 1882-ci ildə nəşr edilmişdi və kitabın tədrisinə 1883-cü ildən başlanmışdı. Elə həmin il Seyid Əzim də "Rəbiül-ətfal"ı təkmilləşdirərək "Tacül-kitab" adı ilə çap olunmaq üçün dövlətin təhsil idarəsinə təqdim etmişdi. Bundan başqa, F.Köçərli kitabın bir variantının A.Çernyayevskiyə göndərildiyini, həmin kitabın onda olduğunu yazmışdır...
Seyid Əzim Şirvaninin əsərlərinin akademik nəşrinin tərtibçisi Süleyman Rüstəmov şairin özü tərəfindən 1883-cü il may ayının 5-də Rusiya imperatoru III Aleksandrın taxta çıxması ilə əlaqədar "Rəbiül-ətfal"ı "Tacül-kütub" - "Kitabların tacı" adlandırıldığını, buraya Rusiya çarı haqqında mədhiyyə əlavə edildiyini göstərmişdir.
"Rəbiül-ətfal"ın rus məktəblərində dərslik kimi qəbul edilməməsinin səbəbləri üzərində düşünərkən bu kitabı K.D.Uşinskinin həmin illərdə rus məktəblərində tədris edilən "Rodnoye slovo" ("Ana dili") kitabı ilə müqayisə etmək mənzərəni aydınlaşdıra bilər. "Rodnoye slovo"nun o vaxt dünyada ən qabaqcıl metod hesab edilən elmi-metodik strukturunu nəzərə almasaq belə, mətnlər üzərində müşahidə göstərir ki, həmin kitabdakı bədii və didaktik mətnlər Seyid Əzimin "Başla nəqli-Koroğlu, bismillah!" - deyib rişxənd etdiyi yanaşmaya - yalnız xalq dilinin deyil, xalq düşüncəsinin qaynaqlarına əsaslanır. "Rodnoye slovo" sözün həqiqi mənasında ana dilidir, ananın uşaqlara söylədiyi duaların, laylaların, nağılların, tapmacaların, düzgülərin, gülməcələrin dilidir. Uşinskinin kitabının "Rodnoye slovo" - "Ana dili" adlandırılması da təsadüfi deyil və metodun məzmunundan irəli gəlirdi: kitab uşaq tərbiyəsində ailə ilə, xüsusi olaraq da uşağın anası ilə məktəbin birgə fəaliyyətinə əsaslanırdı. Kitabı başa çatdıran hər bir uşaq bunları bacarmalı idi:
- Rabitəli və aydın danışmağı, oxuduqlarını tam başa düşməklə rəvan oxumağı;
- həm şifahi saymağı, həm də dörd hesab əməli çərçivəsində yazılı hesablamağı;
- 20-30 şeiri əzbər söyləməyi, həmin sayda kiçik hekayəni nağıl etməyi;
- kiçikhəcmli fikri ciddi orfoqrafik səhvlərə yol vermədən, durğu işarələrini düzgün qoymaqla aydın, dəqiq və gözəl yazmağı;
- İncil və Tövratdan 20-30 əhvalatı nağıl etməyi;
- sadə əşyaların rəsmini çəkməyi;
- öz otağının, evinin, küçəsinin, şəhərinin və kəndinin xəritəsini çəkməyi və xəritədəkilər barədə danışmağı.
Bizim dilimiz üçün müəyyənləşdirilmiş tədris proqramı da bu normativ tələblər üzərində qurulmuşdu, çünki Rusiya imperiyasında məktəb, təhsil sistemi eyni idi.
Yeni məktəbdə ana dilində oxu kitabına ehtiyac olduğunu görən Seyid Əzim yüz illərdən gələn təlim-tərbiyə modelini uşaqların başa düşəcəyi bir dilə çevirmişdi, lakin həmin modelin yeni təlim sistemindən tam fərqli olduğunu nəzərə ala bilməmişdi. Mənə elə gəlir ki, problemin ağırlıq mərkəzini də elə bu məqam təşkil edir.
S.Ə.Şirvaninin tərtib etdiyi Şərq pritçalarından ibarət, nəsihətlərlə müşayiət olunan oxu kitabı, eləcə də Şərq məktəbinin yetirməsi olan Seyid Əzimin verdiyi dərs rus məktəbinin təlim standartlarına uyğun gəlmirdi. Şairin məktəbinin ilk şagirdlərindən biri olmuş görkəmli yazıçı və pedaqoq Soltanməcid Qənizadənin "Sabir haqqında kiçik bir xatirə" adlı qeydlərində Seyid Əzimin apardığı dərsin müfəssəl təsviri verilmişdir. Bu qeydlər yeni üsullu məktəbdə Azərbaycan dilinin hansı səviyyədə tədris olunduğu haqqında dolğun təsəvvür yaradır. Seyid Əzimin təlimin o dövr üçün müasir olan metodik anlayışlardan çox uzaq olduğunun şahidi oluruq. "Bu məktəb guya üsuli-cədid üzrə açıldığı üçün xalq nəzərində mollaxana deyil, uşqol idi. Yeni Azərbaycan məktəbi belə olduqda orada əlifba, Quran və Azərbaycan dili oxunmalıydı...
Məktəbin baş müəllimi Seyid Əzim Şirvani yuxarı qrupda fars ədəbiyyatını, xüsusən Sədinin "Bustan" və "Gülüstan"ını müfəssəl keçir... ədəbiyyat dərsi arasında gah-gah şəriətdən və heyətdən (kosmoqoniyadan) sistemsiz, metodsuz yolla qırıq-qırıq məlumat verirdi"...
O vaxt Rusiya məktəblərində tətbiq olunan və Almaniya təhsil sistemindən gələn səsli təlim metodunun həm nəzəri əsaslarını, metodik təlimatını, həm də dərs kitabını yazmış Uşinskinin təklif etdiyi metod tədris prosesində öyrədənlə öyrənənin qarşılıqlı münasibətlərinə əsaslanırdı: "Yeni məktəb müəllimin və şagirdlərin əməyini bölüşdürür və təşkil edir: uşaqlardan imkanları daxilində müstəqil çalışmağı, müəllimdən isə bu müstəqil əməyə rəhbərlik etməyi və ona material verməyi tələb edir". Bu baxımdan, rus məktəblərində tədris ediləcək Azərbaycan dili və ya oxu kitabı da şagirdlərin müstəqil əməyi üçün material verməli idi.
"Rəbiül-ətfal"dakı mətnlər digər ənənəvi nəsihət kitabları kimi şagirdlərə düşünmək üçün yer qoymur, müəllimin - kitab müəllifinin nəsihətlərinin ibrətli hekayələr, hədislər, lətifələr vasitəsilə əsaslandırılmasını təmin edir. Şərq didaktikasından gələn nəsihətlərin və ibrətli hekayələrin bəziləri isə yeni məktəbin qəbul etdiyi didaktik vəzifələr ilə ziddiyyət və əkslik təşkil edirdi. Məsələn, "Rəbiül-ətfal"ın ilk nəsihətində uşaqlara "palaza bürün, el ilə sürün" "hikməti" təlqin edilir:
Xəlqi gördün olubla divanə,
Sən də divanə ol, nə fərzanə.
Xoş məsəldir bu kim, palazə bürün,
Getsə hər yanə el, o yanə sürün.
Xah ruminəjadü xahi Zəng,
Xəlq ilə xasiyətdə ol həmrəng.
Mərifət şərhin etmə nadanə,
Səni eylər hesab divanə...
Uşinskinin təlimində isə uşaqlara düzgünlük, fədakarlıq, rəhmli olmaq kimi keyfiyyətlər aşılanırdı. Uşinskinin konsepsiyası uşaqların tərbiyəsində ananın rolunu artırmağa, ananı tədris prosesinin tərəfdaşına çevirdiyi halda, Seyid Əzimin təlqin etdiyi "Məkri-zənan" - "Qadın məkri" "hikməti" qadına etimadsızlığı, inamsızlığı təbliğ edirdi və qadına qarşı aqressiv olmağı "Allahın buyruğu" kimi qələmə verirdi:
Sureyi-Yusif içrə məkri-zənan
Oxusan, ey oğul, olubdu bəyan.
Bil ki, Quranara xudayi-əlim
Buyurub: "İnnə keydəkünnə əzim"
(Onların (qadınların) hiyləsi böyükdür).
Adəmi ol nəimü nemətdən
Zən çıxardıbdu baği-cənnətdən.
Zən verib Müctəbayə zəhri-cəfa,
Mürtəza məkri-zəndən oldu fəna.
Çox böyük məkr oldu məkri-zənan,
Zənə şagirddü məkrdə şeytan.
Məkri-zən çox evi qılıb viran,
Məkri-zən çoxları qoyub giryan...
Pedaqoji mülahizələr nəzərə alınmaqla "Rəbiül-ətfal"dakı mətnlərin bir hissəsi şairin əsərlərinin akademik nəşrinə salınmamışdır. "Rəbiül-ətfal"ı ilk dərsliklərimizdən biri kimi yüksək qiymətləndirən S.Rüstəmov yazır: "...qeyd etməliyik ki, dərsliyə daxil olan mənzum hekayələrin bəziləri tərbiyəvi, pedaqoji cəhətdən uşaqlar üçün qətiyyən münasib deyildir... Onların bəzisi pornoqrafik... məzmundadır".
Firidun bəy Köçərli Seyid Əzimin "Rəbiül-ətfal"ın Çernyayevskiyə göndərdiyi nüsxəsi barədə məlumat verir: "...bir para xırdaca məzhəkələr və gülməli hekayə haman dəftərdə yazılıbdır ki, onların bir hissəsi və nəticeyi-kəlamı dürüst və səhih idisə, özləri təlim üçün yaramaz"...
Bu uyğunsuzluğu yalnız Seyid Əzimin adına yazmaq ədalətli olmazdı. Bu, yeni təhsil sistemi ilə köhnə məktəb zehniyyəti arasındakı fərqin göstəricisi idi. Bu, köhnə təhsil sisteminin qaynaqları ilə yeni məfkurə arasındakı təzad idi. Ona görə də XIX əsrdə Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əhsənül Qəvadin, Əsgər ağa Goraninin "Gülüstan"-"Bustan" düşüncəsinə qarşı "müharibə elan etmələrini" zamanın tələbindən doğan "ictimai sifariş" kimi qiymətləndirmək daha düzgün olardı. Zaman yeni şeir və yeni üslub tələb edirdi.
"Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı" - qənaətində olan Seyid Əzimin tərəddüdləri də nəzərdən yayınmır. "Əkinçi"nin şeir davasında "Gülüstan"-"Bustan" təəssübkeşi kimi çıxış edən şair "Ziya" qəzetinə (nəşrə 1879-cu ildə başlamışdı) göndərdiyi məktubda başqa mövqedən çıxış edir, ictimai geriliyimizin səbəblərindən birini uşaqlara tədris olunan hekayələrdə görürdü:
Özgələr eyləyib tərəqqiyi-tam,
Niyə biz qalmışıq bu növ əvam?
Niyə biz bunca bikəmal olduq,
Ayaq altında payimal olduq?
Bəsdi tədrisi-dərsi-"Gürbəvü muş",
"Leyli-Məcnun"ü "Vəsfi-badəfüruş".
İşin maraqlı cəhətlərindən biri budur ki, Seyid Əzim Şirvani tədrisinə son qoymağa çağırdığı "Gürbəvü muş"u - Übeyd Zəkaninin "Siçan-pişik" dastanını tərcümə edib "Rəbiül-ətfal" dərsliyinə salmışdı.
Seyid Əzim tərəddüd içində olsa da, köhnə dünyanı təzə üsluba gətirməyin zəruri olduğunu düşünürdü. Lakin onun fərqində olmadığı bir həqiqət var idi: köhnə üslub təzə dünyanın əynində karnaval effekti yaratdığı kimi, təzə üslub da köhnə dünyanın əyninə düz gəlməyəcəkdi. Təzə dünyanın əyninə təzə üslub biçilməli idi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!