Uşaqların baharı və ya klassik üslubun payızı - Məti Osmanoğlu - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

Dərslik mətnlərinin əhəmiyyəti yalnız bədii-estetik aspektləri, tərbiyəvi-didaktik keyfiyyətləri ilə məhdudlaşmır. XIX əsrdə  isə bu məsələ Azərbaycan üçün daha ciddi əhəmiyyət daşıyır, yeni bir başlanğıcın əsasını qoyurdu. Əsrin əvvəllərində ölkə ərazisində açılmış rus məktəblərində təhsil alıb, rus dilini və ədəbiyyatını bilən yeni nəsil yetişir, bu nəslin bədii sözlə ilk və ən güclü təması dərsliklər vasitəsilə baş verirdi. Bu dərsliklərin əsasında yeni nəslin estetik tərbiyəsinin və bədii zövqünün rüşeymləri formalaşırdı və sonradan Azərbaycan ədəbiyyatının taleyini müəyyənləşdirmiş bir sıra şəxsiyyətlər həmin kitablardan dərs alır, o kitablardakı mətnləri öyrənirdilər. Zamansa çox sürətlə dəyişməkdə idi. XIX əsrin birinci yarısında tipik Şərq mədəni faktı olan Azərbaycan ədəbiyyatında 1850-ci ildə mükəmməl dram əsərləri yaranmış, heç on il keçməmiş Azərbaycan nəsri Avropa "dilində danışmağa" başlamış, Azərbaycanda Avropa estetikası, maarifçilik fəlsəfəsi ayağına yer etmişdi.

XIX əsrin ikinci yarısında milli şüurun tarix səhnəsinə gəlməsi bədii düşüncənin də qarşısında yeni üfüqlər açırdı. Bu da bir həqiqətdir ki, rus təhsil sisteminin pedaqoji-metodiki tələblərinə uyğun, rus dərslikləri səviyyəsində milli dərsliklərin yaranması üçün xeyli zaman lazım oldu. Zamanı ləngidən amillərdən biri ziyalılarımızın ana dili ilə fars dili, eləcə də milli Azərbaycan bədii düşüncəsi ilə Şərq klassikası arasında vurnuxmaları idi. "Əkinçi" ilə bağlı qeydlərimizdə göstərildiyi kimi 1870-ci illərin ikinci yarısında Azərbaycanda gənc nəslin təlim və tərbiyəsinin ən ciddi məsələlərindən biri Şərq klassikasına, məktəblərdə dərslik kimi tədris edilən farsdilli ədəbiyyata, özəl olaraq da Sədi yaradıclığına münasibət, "Gülüstan", "Bustan" probleminin həlli idi. Tarixi sənədlərlə tanışlıq göstərir ki, köhnə məktəblərdə bu kitablarla təhsil alan uşaqlar çox vaxt sadəcə mətnləri əzbərləyir, əzbərlədiklərinin mahiyyətindən bixəbər olurdular.

1874-cü ildən Şamaxıda yeni tipli məktəbdə müəllimlik fəaliyyətinə başlayan Seyid Əzim Şirvaninin tərtib etdiyi və içərisindəki mətnlərin bir hissəsinin müəllifi, bir hissəsinin də tərcüməçisi olduğu "Rəbiül-ətfal" - "Uşaqların baharı" kitabı, əslində, yeni zəmanənin, milli oyanış havasının çağırışı ilə dünyaya gəlmişdi. "Üsuli-cədid" - yeni üsullu məktəbin açılmasında iştirak edən, rus məktəbində müəllim işləyən "köhnə üsullu" ziyalı Seyid Əzim uşaqlara yeni məzmunlu, fərqli keyfiyyətlərə malik dərs kitabı ilə təlim verməyin zəruriliyini dərk etmişdi. Şair onu da aydın görürdü ki, uşaqlar  üçün ana dilində asan anlaşılan oxu kitabları yaradılmalıdır. "Rəbiül-ətfal"ın başlanğıcında şair öz dövrünün fəhm və fərasət sahibi olan uzaqgörən insanlarına ənənəvi üslubda müraciət edərək bildirirdi ki, yüksək səviyyəli müəlliflərin bəzi kitablarda qəliz sözlərlə ifadə etdikləri ali mətləbləri bütün bəşəriyyət dərk etməlidir, lakin məktəb uşaqlarının zehni bu mətləbləri dərk etməkdə aciz və gücsüzdür. "Bizim diyarın insanları qazandıqları bilikləri uşaqlıqda əldə edirlər" qənaətində olan Seyid Əzim "müxtəsər mərifətnamə"  - yığcam maariflənmə kitabı kimi müəyyənləşdirdiyi  "Rəbiül-ətfal"ı məktəb tələbələrinin faydalanmaları və feyziyab olmaları üçün yazdığını qeyd edirdi. "Öz türki lisanımızda" aydın olan söz və asan başa düşülən ibarələrlə yazıldığı iddia edilən kitabın "Dibaçə"dən əldə olunan qənaətə əsasən, müəllif kitabı tərtib edərkən qarşıya bu məqsədləri qoymuşdu:

- Ali bəşəri mətləblərin sadə və uşaqlar üçün anlaşıqlı dillə ifadə edilməsi;

- Yeni nəslin yüksək ideyalarla tərbiyə olunması;

- Mətnlərdən uşaqların feyziyab olması, başqa sözlə, həzz alması.

Əslində, S.Ə.Şirvaninin müəyyənləşdiridiyi bu istiqamətlər bütün dövrlərdə yaranan ədəbiyyat dərslikləri üçün məqbul hesab edilə bilər. Lakin şairin irəli sürmüş olduğu fikirlərin təsdiqini yazdığı mətnlərdə, gənclərə verdiyi öyüd və nəsihətlərdə axtaranda təzadlı mənzərələrlə qarşı-qarşıya gəlirik. Birinci və ən ciddi təzad XIX əsr ictimai gerçəkliklərinin mahiyyəti, tarixi məzmunu ilə S.Ə.Şirvaninin mövqeyi arasındakı tarazsızlıqdır. "Dövləti-Rusə yox xəyanətimiz", - deyən şair bir çox yazılarında özünün və ümumiyyətlə, mənsub olduğu toplumun Rusiya imperiyasına sədaqətini "sübut etməyə" çalışırdı və fərqində deyildi ki, bu mövqe XIX əsrin sonlarına doğru iflasa yaxınlaşır. Əslində, ortaya qoyulmuş mövqe mahiyyətcə qeyri-səmimi idi - XIX əsrdə Qafqazda nəşr olunan rusdilli mətbuatda ilk nəzərə çarpan Rusiya imperiyasının Qafqaz müsəlmanlarına, xüsusən də azərbaycanlılara qarşı milli və dini ayrı-seçkilik münasibətidir. Bu ögey-doğmalıq isə qarşılıqlı idi: ziyalılarımız üzdə Rusiya imperiyasına rəğbət ifadə etsələr də, xalq üçün rus, ən azından, yad dinin daşıyıcısı idi. Münasibət səmimi olmadığına görə S.Ə.Şirvaninin Rusiya imperatoruna və rus üsul-idarəsinə, rus şairi Puşkinə həsr etdiyi mədhiyyələr poetik baxımdan öz ifadəsini tapa bilmir, əksinə, divan şeirinin paltarının yeni ideyaların, rus adlarının əyninə geydirilməsi karnaval effekti yaradır, sözün canlandırdığı mənzərə həqiqəti təhrif edir. Bu yazılarda məzmun ilə forma bütöv olmadığına görə onlara göstərilən ictimai reaksiya da gözlənilənin əksinə olur, şairi mühitin gözündə, öz ifadəsi ilə desək, "səfahət kanına" - "səfehlik mənbəyinə" çevirirdi. Bizə elə gəlir ki, S.Ə.Şirvani ilə mühiti arasındakı ziddiyyətlərin bir tərəfini burada axtarmaq əsassız olmaz.  

Allahın adına ithaf və peyğəmbərin tərifi ilə başlayan kitabın  "Nazimin ifadəsi" bölümündə müəllif özü, mühiti və kitabın yaranma səbəbləri barədə məlumat verir, Şirvanın, Şamaxının tarixinin qürur doğuran səhifələrinə nəzər salır, Şirvanşahları, Xaqanini, Bahar Şirvanini xatırlayır, Rusiyanın işğalından sonra Şirvanın rövnəqləndiyini, ikinci Kəşmirə çevrildiyini qeyd edir. Şamaxını zəlzələnin dağıtdığı, əhalinin böyük hissəsinin Bakıya köçdüyü  və Rusiya hökumətinin zəlzələnin təsirlərinin aradan qaldırılması üçün gördüyü tədbirlər dilə gətirilir. Çox maraqlıdır ki, kitabın mətnində Rusiya ilə bağlı qeydlər təzadlarla müşayiət olunur. Şirvanın təsxir olunması - istila edilməsi//rövnəqlənməsi //zəlzələdən Şirvan əhalisinin pərakəndə düşməsi və ya Şamaxının bərbad olması//Bakının abad edilməsi və s... 

 

İmperaturi-Rusi-valaşan

Əhli-Şirvanə qıldı çox ehsan.

Qıldı çox xanə xəlq üçün təmir,

Leyk təqdirə olmadı tədbir.

 

Burada da təzad görürük: Seyid Əzim "şanlı Rusiya imperatorunun çox evləri təmir etdiyini, lakin  "təqdirə tədbir olmadığını" - təqdir edilmədiyini yazır və bunu oradakı mühitin gerifikirliliyi, mühafizəkarlığı ilə əlaqələndirirdi.  Şair bu mühitdə elminin özü üçün "vizrü vəbala" - ağır yükə çevrildiyini  vurğulayırdı.

Seyid Əzim yerli əhalinin onu qəbul edə bilməməyinin, onu "səfahət kanı" adlandırmağının səbəbini bununla izah etməyə çalışırdı ki, elmin gəldiyi nəticələr insanların daşlaşmış zehniyyətinə zidd olduğuna görə mühafizəkarlar öz təsəvvürlərinə uyğun gəlməyən hər şeyi "dinə dönüklük" kimi qiymətləndirir və doğru sözü deyən insana ikrahla baxırlar. Şair öz mühitinin düşüncə tərzinə ironiya ilə yanaşır, müasirlərinin məsləhətlərinə rişxənd edir, istehza ilə ondan "gözəl hekayətləri", "nazənin rəvayətləri" qələmə almağı tələb etdiklərini yazırdı. Şairin şikayətinin məğzini bu təşkil edirdi ki, "aləmdə sözünün yadigar qalması, hər diyara sovqat olması" üçün ona "Güləndam",  "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanlarını nəzmə çəkməyi məsləhət görürlər:

 

Nəzm qıl "Qisseyi-Güləndam"i,

Eylə məlum eşqi-Bəhrami.

Kərəmin Əsli ilə yaz vəslin,

Kəşf qıl Əsli xanımın əslin.

De "Koroğlu", cahanı canə gətir,

Qıratın vəsfini bəyanə gətir.

Söylə nəqli-Qəribdən hərdəm -

Ki, onun yarı idi Şahsənəm.

Eşidənlər kəlamın olsun şad,

Söyləsinlər ki, mərhəba, ustad!

 

Bunu yazarkən Seyid Əzimin Həsən bəy Zərdabinin ona müraciətini nəzərdə tutub-tutmadığı barədə qəti hökm vermək çətindir, ancaq Həsən bəy Zərdabinin Seyid Əzimə (və digər şairlərə) müraciətinin üstündən keçmək heç düzgün olmazdı: "Keçmişdə "Əkinçi" qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqe eləmişdim ki, bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, "Əkinçi"də çap olunmuşdu. Amma qeyri şairlərimizdən heç bir cavab gəlmədi. O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı...". ("Həyat" qəzeti, 8 yanvar 1906)

Seyid Əzimin gündəliyə gətirdiyi məsələ, əslində, fərqli siyasi, iqtisadi, ictimai və mədəni münasibətlərin - milli şüurun formalaşdığı yeni zəmanədə Azərbaycan poeziyasının qarşısında duran dilemma idi: bunun həm ictimai-siyasi və ideoloji dayaqları, həm də bədii-estetik tərəfləri var idi.  

Artıq Azərbaycan şeirinin üfüqlərinin üç təmas xətti ilə kəsişdiyi aydın görünürdü: milli yaddaşın qaynaqları; Şərq klassikası; eləcə də rus ədəbiyyatının müasir təcrübəsi. Hələ üfüqdə görünməsə də, Osmanlıda, türk poeziyasında da yeniləşmə prosesləri baş verirdi və Osmanlı ədəbiyyatında 1870-80-ci illərdə yaranan yeni şeir tezliklə Azərbaycan poeziyası ilə qovuşacaq, milli ideologiya zəminində yaranan poeziya həm siyasi, həm də məhəlli dil sərhədlərini aradan qaldıracaqdı. O vaxt ikinci təznimat dönəmini yaşayan Osmanlı mühitində "Ədəbiyyati-cədidə" - "Yeni ədəbiyyat" hərəkatı yetişməkdə idi. 

Azərbaycanda isə tarixi qədim, ənənələri güclü olan şeirin yeni üslubunun yaranması üçün əvvəlcə divan ədəbiyyatı ilə münasibətlərin aydınlaşdırılmasına ehtiyac var idi.  Seyid Əzim klassik  divan ədəbiyyatının sadəcə təmsilçisi deyildi, həm də öndəri və ideoloqu idi və onun divan ədəbiyyatının estetikasını və ideologiyasını müdafiə etməsi təəccüb doğurmamalıdır. Şairin öndərlik etdiyi divan poeziyasının ənənələri imperatorun ünvanına mədhiyyə yazmağa imkan verirdi, lakin həmin mədhiyyələr ədəbiyyatın işinə, hətta imperiyanın Azərbaycanda açdığı məktəblərdə tədris olunmağa yaramırdı. Şairin mənzum əsərlərində Rusiya imperiyası, rus dili, rus ədəbiyyatı haqqında yazdıqları onun ədəbiyyatda yeni bir istiqamət müəyyənləşdirmək istəyi ilə bağlı deyildi.

 

Seyyida, bəsdi qiteyi-inşa,

İmperatura eylə xeyir-dua.

Düşməni-rus tarümar olsun,

Ona Allah lütfü yar olsun!

 

- deyən şairin öz oğluna (eləcə dərs dediyi gənclərə) rus dilini öyrənməyin vacibliyi barədə nəsihəti, yaxud Puşkinə həsr etdiyi qəsidə klassik divan şeirinin tipik nümunələridir və Şərq düşüncəsinin çərçivələrindən kənara çıxmır. Seyid Əzimin "Əkinçi" və "Ziya" qəzetlərinə göndərdiyi, qəzeti, yeni məktəbi təbliğ edən mənzum yazılarda istiqaməti dəyişsə də,  üslub yerindən tərpənib qabağa gedə bilmir.  Bununla da Seyid Əzim yaradıcılığında yeni mövzunun köhnə qəlibə salınması klassik nəzmin böhranını dərinləşdirir, zamanla şeir arasındakı təzadları qabardır.  

"Rəbiül-ətfal" kitabında zəmanə insanlarından şikayət olunan "Nazimin ifadəsi"ndə şairə "Koroğlu"dan bəhs etməyi məsləhət görənin kimliyi, burada konkret şəxslər barədə hər hansı eyham olub-olmaması o qədər əhəmiyyətli deyil, məsələnin maraq doğuran cəhəti şairin özünün yeni nəsil üçün yaradılmalı olan ədəbiyyata yanaşmasıdır. S.Ə.Şirvani ədəbiyyatın, xüsusilə də uşaqlar üçün yaradılan mətnlərin yol ayrıcında olduğunu intuitiv olaraq hiss etmişdi və tərəddüd keçirirdi: sənət, ya milli yaddaşın qaynaqlarına - kütləvi düşüncənin qəbul etdiyi mənbələrə, epos yaddaşına əsaslanmalı, ya da bundan imtina etməli, "Gülüstan"ın, "Bustan"ın, "Zinətül-məcalis"in uşaqların anlayacağı variantı yaradılmalı idi. Seyid Əzim ona:

 

Nə gərəkdir hekayəti-xilqət,

Nə gərəkdir bizə o keyfiyyət?

Bu nə sözdür ki, xəlqi-kövnü fəsad

Nə qərar ilə oldular iycad?!

Nə gərəkdir fəzilət izharı,

Həq-təala bilir bu əsrarı.

Olmayıbdır əgər sözün kutah,

Başla nəqli-Koroğlu, bismillah!

 

- deyənlərin mövqeyini rədd edərək uşaqlar üçün "Koroğlu" dastanı yazmaq yolunu deyil, "hekayəti-xilqət" - xilqətin hekayətini və ya fəzilətin izharını yaratmaq yolunu seçdi. Bu hekayət və izhar isə xalqın deyil, ədəbiyyatın, kitabların  yaddaşından gəlirdi. Seyid Əzim Şirvaninin özünün də qeyd etdiyi kimi ərəb və fars dilində olan həmin mətləbləri lüğətsiz oxuyub başa düşmək təkcə şagirdlər üçün deyil, müəllimlər üçün də çətin idi.

Seyid Əzimin tərtib etdiyi kitabdakı mənzum hekayələr, təmsillər, əsasən, köhnə məktəblərdə tədris edilən farsdilli mənbələrdən gəlirdi.  Rəbiül-ətfal"ın akademik nəşrinin tərtibçisi Süleyman Rüstəmovun yazdığı kimi: "Üç ədəd şagird dəftərindən ibarət olan bu avtoqraf bir sıra hekayə, lətifə və nadirələri əhatə edir. Birinci dəftərdəki hekayələrin çoxu Nizaminin "Xəmsə"si, Füzulinin təmsilləri, Sədinin "Gülüstan", "Bustan" və "Kitabi-qeyyibat"ı, Mollayi-Ruminin "Məsnəvi"si, Qaaninin "Kitabi-pərişan"ı, habelə hind xalq hekayə və təmsilləri, Azərbaycan, ərəb və fars folklorundan tərcümə, təbdil və iqtibas edilmiş əsərlərdir ki, şairin qələmi altında sadələşmiş, nəzmə çəkilmiş, o dövrün məktəblilərinin anlayacağı şəklə salınmışdır". 

Məsələnin həqiqət tərəfi budur ki, adları çəkilən mənbələr tərcümədən sonra dil baxımından anlaşılsa da, yeni formalaşmaqda olan Azərbaycan ictimai təfəkkürü üçün mənən qocalmışdı, milli oyanışın yaratdığı tarixi hava yeni bir cərəyan, fərqli axın tələb edirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!