Daha "...bir nəzər" - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin MUSTAFA - Nizaməddin MUSTAFA

Nizaməddin MUSTAFA

 

Əvvəli burada

Mədhiyyə və məddahlıq

Mədhiyyəçiliyin meydana çıxmasının və coşqun inkişafının xronoloji çərçivələri VI əsrdən XII əsrin sonlarına qədərki dövrü, ərazi hüdudları isə erkən dövrlərdə Ərəb yarımadasını, sonradan bütün Ərəb Xilafətini əhatə etmişdir. Mədhin kompozisiyası qədim qəsidə ənənələrindən əxz olunub. Cahiliyyə dövrü ərəb şairləri saray etiketinin tələbi ilə qəsidə üzərində dəyişikliklər aparmış, mədh hissəsini genişləndirmiş, xahiş və umacaqlarını ifadə etmək üçün ona xüsusi bir hissə əlavə etmişlər. Bu isə artıq peşəkar mədhiyyəçiliyin formalaşdığına dəlalət edir. Yaradıcılığın bu muzdlu növü şairlərdən əvvəlki qədər səmimiyyət tələb etməsə də, əvvəlkindən qat-qat artıq dərəcədə ifadə ustalığı tələb edirdi. Erkən, İslamaqədərki kiçik ərəb dövlətlərinə aid saraylarda Nabiğə əz-Zübyani, Meymun əl-Əşə, əl-Hütaya kimi tanınmış məddahlar fəaliyyət göstərirdilər. İslamın yaranması ilə klassik ərəb şeirinin qızıl dövrü başlayır. O vaxta qədər ərəb şairləri tayfa təfəkkürü ilə yaşayıb-yaradırdılar, tayfalar isə müxtəlif bütlərə sitayiş edir, müxtəlif əxlaqi və mənəvi-estetik dəyərlər daşıyırdılar. İslamın gəlişindən sonra vəziyyət bütünlüklə dəyişir. Vahid dini  ideologiyanın yaranması, onun əsaslarının, təməl prinsip və qaydalarının əvvəlcə yerli əhali, sonra isə müsəlmanlığı qəbul etmiş digər ölkələrin sakinləri tərəfindən mənimsənilməsi zərurəti ərəb poeziyasının yeni vektor üzərinə keçməsini, funksional dəyişikliyə uğrayıb, didaktik-öyrədici və dini-təbliğat qayəsinə yiyələnməsini şərtləndirir. Dini şeirin ilk təmayülləri hələ Məhəmməd Peyğəmbərin sağlığında üzə çıxmağa başlayır. Həssan ibn Sabit, Kəb ibn Züheyr, Abdulla ibn Rəvahə, Kəb ibn Malik kimi tanınmış şairlər Həzrət Peyğəmbərin və İslamın mədhinə həsr olunmuş ilk qəsidələrini yazır, çoxəsrlik bir ənənənin əsasını qoyurlar. İslamın sosial-siyasi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu növ şeirlər "əl-madih ən-nəbəvi", yaxud "şiir ən-nə`t" adlanırdı. Həssan və Kəbin çoxsaylı ardıcılları tərəfindən Həzrət Peyğəmbərin şərəfinə yazılan qəsidələr ərəb dini şeirinin əlahiddə bir qol kimi təşəkkül taparaq yayılmasında mühüm yer tutur. Bu ədəbi cərəyanın postklassik dövrdə yaşamış ən məşhur təmsilçilərinin, o cümlədən, "üç imam" adlandırılan əl-Burayi (XI əsr), əl-Busiri (vəf. 1294) və əs-Sərsərinin (vəf. 1258), habelə Ömər ibn əl-Fəridin (1180-1234) mədhiyyələri XIX əsrin görkəmli din xadim və alimlərindən Yusuf ən-Nəbhaninin dörd cildlik məcmuəsində toplanmışdır. Ərəb poetikasında Peyğəmbəri mədh edən şeirlərin məxsusi qanunları da formalaşmış və "ədəb mədh ən-nəbi" adını almışdır.

İlk dövrlərdə İslamın yayılması hər bir müsəlman üçün vacib dini vəzifə sayılırdı. Əməvi və Abbasi xəlifələri, sonrakı müsəlman dövlətlərinin hakimləri bir tərəfdən qılınc gücünə kafirlərlə müqəddəs savaşlara girir, digər tərəfdən dini ehkamları geniş kütlələrə mənimsətmək üçün şeirin gücünə bel bağlayır, şairləri İslami mövzularda əsərlər yazmağa təşviq edirdilər. Eyni zamanda tarixi proseslərin qeydə alınması, qəza və fəthlərin, mühüm hərbi və siyasi hadisələrin "mənqibələşdirilməsi", dini dövlət idarəçiliyi, mənəviyyat və əxlaq mövzularında bədii əsərlər yaradılmasını stimullaşdırmaq məsələləri də  İslam ideologiyasının başlıca müdafiəçiləri sayılan hökmdarların öhdəsinə düşürdü. Milli mənsubiyyət burada elə bir rol oynamırdı. M.F.Köprülüdən öyrənirik ki, "Hökmdarlar maraqlandıqları dini və ya ədəbi əsərlərin tərcümə olunmasını şəxsən əmr edir, təfsirlər, əqaidə, İslam tarixinə aid əsərlər, övliya mənkibələri, tibb və ovçuluq kitabları, xülasə, mədrəsələrdə məlum və məşhur olan başlıca didaktik məhsullar türkcəyə tərcümə olunurdu... Hələ 13-cü əsrdən xalq arasında yayılan və inkişaf edən dini qəhrəmanlıq əsərləri (Peyğəmbərin qəza və möcüzələrindən, Əlinin qəhrəmanlıqlarından bəhs edən) məsnəvi tərzində, "failatün, failatün, failün" vəzniylə olduqca sadə bir dillə yazılır, qəhrəmanların tarixi siması daha çox mənkibəvi şəkil alır. Xariqüladə vaqeələr, divlər, cinlər, sehr, kəramət, möcüzə ünsürləri bu əsərlərə tamamilə fantastik bir mahiyyət verir... Peyğəmbər və əhli-beytə aid olan əsərlər İslam mühitində  böyük rəğbətlə qarşılanırdı". Bu fikri inkişaf etdirən İbrahim Qəfəsoğlu türk-İslam ədəbiyyatının təşəkkül dövründən danışarkən göstərir ki, "Malazgirt zəfərindən (1071-ci il-N.M.) bəri əski oğuz mənqibələrini, bozqırların dastani mövzular ilə süslənmiş qəhrəmanlıq hekayələrini qopuz çalaraq söyləyən türkmən xalq şairlərinin XII-XIII əsrlər Anadolusunun qəza və fəth ruhuna uyğun İslami gələnəklərini (Əbu Müslim, Hz. Həmzə, Hz. Əli ətrafında hörülən əfsanələr) türkcə tərənnümləri ilə başlayan bu ədəbiyyatda "Danişməndnamə", "Battal Qazi dastanı", "Sarı Saltuk" mənqibəsi kimi məhsullar yanında Yasəvi şeirlərinin təsiri ilə sufiyanə türk ədəbiyyatı cığırı açılmışdır". Yusif Balasaqunlunun "Qutadqu-bilig" traktatı, Əhməd Yasəvi və Süleyman Bakırqaninin hikmətləri bu cür didaktik-öyrədici əsərlər idi. Artıq XIV əsrin əvvəllərində oğuz türkmənlərindən Qazı Nasir Rəbğuzi/Rubğuzi  "monqol olduğu halda İslamı qəbul edərək, gecə-gündüz ibadətlə məşğul olan bəylər uluğu" Nasirəddin Tok Buğadan aldığı əmrə əsasən, bir neçə il çalışaraq, "Qisasül-ənbiya" əsərini (1311-ci il) qələmə almışdı. M.F. Köprülünün qeyd etdiyinə görə, bu əsər "mövzu və yazılışı baxımından İslamı yeni qəbul etmiş bəsit zehniyyətlərin ehtiyacını qarşılayacaq mahiyyətdədir". Göründüyü kimi, İslam ədəbiyyatının ilk nümunələrində dominant qayə dini təbliğ-təşviq və maarifçilikdir. Eyni zamanda bu dövrdə poetik janrlar polifunksional səciyyə daşıyır: eyni bir mətn hansı janrda yazılmasından asılı olmayaraq həm təbliğati, həm didaktik-tərbiyəvi, həm maarifləndirici, həm də obrazlı-idraki (estetik) funksiyaları yerinə yetirir. Polifunksionallıq daha geniş təzahür olan sinkretizmin əlamətidir.

 

Sinkretizm

"Sinkretizm" adı altında nəzəriyyəçilər, adətən, bir-birinə yaxın olan iki halı göstərirlər: 1) hər hansı bir təzahürün ilkin inkişaf mərhələsini səciyyələndirmək üçün onun hələ üzvlərə bölünməmiş vəziyyəti (məsələn, "incəsənət növlərinin sinkretikliyi" deyərkən bəşər mədəniyyətinin erkən dövrünə xas olan mərasimlər zamanı musiqinin, şerin, rəqsin bir-birindən ayrılmadığı nəzərdə tutulur); 2) yekcins olmayan elementlərin bir-birinə qovuşması, qarışması, belə demək mümkünsə, qeyri-üzvi birləşməsi. Hər iki təfsiri ilə sinkretizm, türk-İslam ədəbiyyatı tarixinin düzgün anlaşılması baxımından müstəsna əhəmiyyət kəsb edən anlayışdır. Türk xalqlarının müsəlmanlığı qəbul etmələri ilə ərəb, fars və türk şeirinə xas olan janr və vəzn formaları vahid poetika orbitinə konsolidasiya edilmiş, lakin hər biri öz qədim, arxaik etnik-poetik ənənələrinin izlərini saxlamışdı. Həmin mərhələdə bir tərəfdən janrlar arasında; digər tərəfdən şeirlə elm/din (dini elm); eləcə də folklora (mifologiyaya) və yazılı ədəbiyyata xas qaydalar arasında sərhədlər hələ keçilməz dərəcədə dəqiq ayırıcı xətt və konturlar almamışdı. V.Nikitinanın qeyd etdiyi kimi, "XII əsrdə hesab edirdilər ki, elm şeirə, şeir də elmə tam uyğundur. Didaktik poemalarda ədəbi-bədii, elmi-fəlsəfi, sosial-siyasi, etnik və dini elementlərin sıx birləşməsi buna klassik misaldır". İslam (sonradan türk-İslam) mədəni və ədəbi kontentində forma və məzmun sinkretizmi   kifayət qədər rəngarəngdir. Etnik mənşəli mif və ya folklor motivlərindən universal dini-tarixi, habelə bədii təxəyyül məhsulu olan realist süjetlərə keçidlər; bədii mətndə şifahi və yazılı yaradıcılıq üsullarının paralelliyi və yerdəyişməsi; nəzm və nəsrin orqanik tamlığı və növbələşməsi; ədəbi növ, şəkil və janrların bir-biri üçün açıqlığı, bu zəmində əvəzlənmələr; müəyyən mənada amorfluq və intertekstuallıq həmin rəngarəngliyi əks etdirir. Sinkretizmin bütün orta əsrlər uzunu İslam (türk-İslam) ədəbiyyatını müşaiyət etməsi, heç bir halda itirilməməsi, dəyişkən şəraitlərə uyğunlaşmış olsa belə mövcudluğunu qoruması olduqca diqqətəlayiqdir. Hətta risk edib, sinkretizmi bu ədəbiyyatın ən ümumi xassələrindən biri adlandırmaq, yaxud belə bir xassəyə çevrildiyini  iddia etmək mümkündür. İslam (türk-İslam) ədəbiyyatının yazıyaqədərki (şifahi) və yetkin yazı epoxası nümunələri, etnik və ümummüsəlman mahiyyətli tipolji komponentlər, vahid milli-mədəni kontekstdə ənənəvi və əxz edilən poetexniki təcrübələr, habelə nəsillər arasında sabit, davamlı varislik əlaqələri məhz sinkretizm zəminində yaşamış, var olmuş və magistral inkişaf yolu tapmışdır. Yuxarıda M.F. Köprülü və İ.Qəfəsoğludan gətirdiyimiz sitatlarda, irəlidə qəsidənin təkamül və potensiyasından bəhs açılarkən sinkretizm hadisəsinə toxunulmuşdur və toxunulacaqdır. Burada isə ünlü şərqşünas P.Qrintserin "janrların sinkretizmi" adlandırdığı təzahürlərdən bir neçəsini misal göstəririk, - hələlik bu qədəri kifayətdir.

Yusif Xas Hacibin "Qutadqu-bilig"i,  Əhməd Yügnəkinin "Hibətül-həqayiq"i ("Atabətül-həqayiq" adı ilə də tanınır) kimi didaktik dini-öyrədici əsərlər, folklor elementlərinin zənginliyi ilə diqqəti çəkir. Eyni zamanda "Qutadqu-bilig"də məsnəvi, rübai, qəsidə ("Bahar nəğməsi" qəsidəsi məzmunca bahariyyədir) janrlarında mənzum mətnlər, Qul Əlinin "Qisseyi-Yusif" məsnəvisində mədhiyyə, mərsiyə, münacat, münazirə kimi tematik komponentlər, habelə məhəbbət dastanlarına xas olan elementlər  yer alıb ki, bunlar da sinkretiklik əlamətləri sayıla bilər. Qeyd etmək lazımdır ki, çox vaxt belə hallar düzgün qiymətləndirilməmiş, sinkretizmin nəzərə alınmaması müəyyən anlaşılmazlıqlara səbəb olmuş, bəzi tədqiqatlarda eyni bir əsər (məzmun və ya forma cəhəti  əsas götürülməklə) müxtəlif janrlara aid edilmişdir. Tatar ədəbiyyatşünaslarından X.Minnequlov haqlı olaraq yazır: "Türk ədəbiyyatı təmsilçiləri bir tərəfdən öz milli ədəbiyyatlarına xas olan poetik formaların potensial imkanlarından istifadə edir, digər tərəfdən isə ərəb-fars poeziyasının bətnində yetişmiş ədəbi janrları bir küll halında mənimsəyirlər. Mənzum janr formalarının belə çulğaşması prosesində bəzən bunların transformasiyaya uğraması, müxtəlif  adlar alması tamamilə qanunauyğun haldır".

Sinkretizmin başqa bir növü ilə Orta əsrlərdə tarixi mövzuda yazılmış əsərlərə ədəbi mətn kimi yanaşdıqda qarşılaşırıq. Elmdə belə əsərlərin nəsr nümunəsi kimi təhlilə cəlb edilməsi normal sayılır. Çünki bunlarda Orta əsrlər türk-İslam nəsrinin poetexnik qamması (obrazlı, dəbdəbəli üslub, ritmik, bəzən səcli nəsr, şeir-nəsr qarışığı  və s.) tam əhatə olunmuşdur. Krım xanlığının və Volqaboyu tatarlarının tarixi ilə bağlı XVI-XVII əsrlərdə qələmə alınmış  "Tarixi-Sahib Girey xan", "Təvarixi-Dəşti-qıpçaq", "Tarixi-İslam Girey xan" (Krım), "Camiət-təvarix", "Dəftəri-Çingiznamə", "Təvarixi-Bulqariyyə" (Kazan) və s. belə əsərlərdəndir. Struktur etibarilə eklektik tərtbata malik olan bu kitablara Zəkəriyyə Qəzvininin, Fəzlullah Rəşidəddinin tarixnamələri ilə intertekstuallıq xasdır. Digər tərəfdən,  folklordan, daha qədimdə baş vermiş tarixi hadisələrdən və real, müasir həyatdan götürülmüş faktlar bu əsərlərdə bir-birinə qarışmış, gerçək və uydurma motivlər çulğaşmış, Çingizxan, Əmir Teyrmur, Kuçum xan kimi qəhrəmanlara qeyri-adi nağılvari xüsusiyyətlər şamil olunmuş, bəzi hallarda real hadisələr əfsanəvi surətdə təsvir edilmişdir. Bütün bunlar sinkretizm göstəriciləridir və ədəbi, elmi, tarixi mətnlərdə onun  müstəsna əhəmiyyətini bir daha aşkarlayır. Müxtəlif səbəblər üzündən Türk-İslam ədəbiyyatı tarixində bu və başqa fundamental aspektlərin indiyə qədər öyrənilməməsi, ümumiləşdirici tədqiqatların aparılmaması və ya qənaətbəxş olmaması, konkret ədəbi abidələrdən bəhs edilərkən sinkretik təzahürlərin  nəzərdən qaçırılması, yaxud düzgün şərh edilməməsi hələ də  ədəbiyyat elmimizin ciddi kəsirlərindən olaraq qalır. Ən pisi isə budur ki, həmin çatışmazlıqlar yalnız akademik tədqiqat  sferasına aid olmaqla qalmayıb, zəngin İslam (türk-İslam) ədəbi irsinin ictimai şüurda adekvat  dəyərləndirilməsinin də  mühüm əngəllərindən biridir.

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!