Daha "...bir nəzər" - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin MUSTAFA - Nizaməddin MUSTAFA

Nizaməddin MUSTAFA

Əvvəli burada

Türk-İslam ədəbiyyatı şeirmərkəzli ədəbiyyat kimi

Həqiqət də budur ki, türk-İslam ədəbiyyatının (eləcə də daha əvvəlki dövrlərdə ümummüsəlman ədəbiyyatının) ən gur qolu poeziyadır. Hətta bu ədəbiyyatın bütün tarixi poeziyanın inkişaf tarixidir,- desək belə mübaliğə olmaz. Çünki İslam aləmində ta qədim dövrdən ən vacib və yaddaqalan postulatlar ifadəsini məhz poetik formalarda, şeirlə tapmışdır. Yüzillər ərzində bir çox elmi əsərlər, ədəbi risalələr, tarix və fal kitabları, ikidilli-üçdilli lüğətlər, ensiklopedik "qamus"lar, hətta tibb əsərləri mənzum şəkilndə qələmə alınmış, nəsr də,  poetik ənənələr üzərində yaranmış və fəaliyyət göstərmişdir. Bir sözlə, şeir türk-İslam ədəbiyyatının şah damarı olmuş və onun canlı bir orqanizm kimi yaşamasında həyati rol oynamışdır. Deyilənlər tam həcmdə XIX əsr ədəbiyyatına da şamil edilməlidir. Üstəlik, bu dövrü türk-İslam poeziyasının coşqun yüksəliş dövrü adlandırmalıyıq. Zira, poeziya tariximizin heç bir mərhələsində bu sayda parlaq ədəbi simaya və əsərə rast gəlmək mümkün deyil (hər halda, əldə olan bədii və ədəbi-tarixi materiallar bunu isbat edir). Statistikaya varmağa lüzum yoxsa da, "Riyazül-aşiqin", "Təzkireyi-Nəvvab" və başqa mənbələrdan məlum olur ki, həmin əsrdə elə bircə Qarabağ mahalında yüzə qədər, 70-ci illərdə isə yalnız Ərdəbildə əllidən artıq şair yazıb-yaratmışdır  (Nəsrəddin Qarayev). Hətta təkcə ədəbi məclisləri mənbələrdə qeydə alınmış bölgələri də bunun üzərinə gəlsək, Azərbaycanda o dövrdə ölüsü-ölüsü, yüzdən artıq peşəkar (!) şairin ədəbi yaradıcılıqla məşğul olduğunu rahat söyləmək mümkündür. Bu zənginlikdə ədəbi irsin ötən müddətdə heç təsviri səviyyədə belə ciddi araşdırılmaması, əlbəttə, acınacaqlıdır. Səbəb isə budur ki, sovet dövründə yuxarıdan direktivlər əsasında bu ideologiyaya az-çox uyğunlaşdırılması mümkün olan "nümunəvi" əsərlərin reyestri yaradılmış, Azərbaycan şeirinin ümumi mənzərəsi də həmin qondarma dairə içində cızılmışdır. Bundan da dəhşətlisi odur ki, "nomenklatur" əsərlərin və müəlliflərin belə normal tədqiqatına imkan verilməmişdir. Halbuki ideoloji səbəblərdən tarixi-müqayisəli araşdırmaya cəlb edilməyən, müxtəlif  yarlıqlar vurulub, siyahılardan çıxdaş edilən  şairlər, onların yaradıcılıq nümunələri türk-İslam ədəbi-mədəni prosesinin əsas inkişaf təmayüllərini müəyyənləşdirmək üçün müstəsna əhəmiyyətə malikdir. Aşağıda  XIX əsr Azərbaycan ədəbi-mədəni mühiti, onun inkişaf qanunauyğunluqları haqqında imkan daxilində üzə çıxarılan və türk-İslam poeziyasının ümumi sistemində qanuni yerini alıb, bu sistemin məntiqi ilə təsdiqlənən bəzi xüsusiyyətlər diqqətə çatdırılır. Həmin ədəbi proses isə son dərəcə çoxcəhətli olub, çarizmin Azərbaycana gətirib, yerləşdirmək istədiyi Qərb yeniliklərinin daşıyıcıları (onlar nə qədər böyük vətənpərvərlər, mahir  sənətkarlar və zamanı qabaqlayan fikir adamları olsalar belə!), yaxud yalnız paytaxt şəhərlərində cəmləşən yaradıcı ziyalılar tərəfindən formalaşmayıb. Mədəni proseslərdə harada, kimlər tərəfindən irəli sürülməsindən asılı olmayaraq bütün parlaq ideyaların, cəmiyyətdə az və ya çox dərəcədə mübadilə predmeti olmuş fikri təmayüllərin nəzərə alınması vacibdir. Ədəbiyyatda da ideya-məzmun kontentinin, bədii zövqün, bir sözlə, ümumi diskursun, ədəbi təlim və tərbiyənin yayılmasında iştirakı olmuş hər bir söz sənətkarının və yaradlıcılıq məhsulunun öyrənilməyə, araşdırılmağa haqqı var və onların bu haqqını qaytarmaq ədəbiyyat tarixçilərinin borcudur. Şairlərin sayının çoxluğu bizi qorxutmasın. Bəhs açdığımız dövrdə Osmanlı şairlərinin sayı müqayisədə qat-qat çox olub və bu da təbiidir. İstanbul kitabxanalarının türkcə yazılmış divanlar Kataloqunda 114 şairin divanı göstərilir. Və bunlar sadəcə divanı məlum olanlardır! Əlbəttə ki, bu qədər şairin ayrı-ayrılıqda öyrənilməsi, türk ədəbiyyatşünaslığının uğurudur. Yeri gəlmişkən, poeziyanın həmin dövrdə  Osmanlı ədəbiyyatında aparıcı yer tutması fikri C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində də əksini tapmışdır. Pyesdə Səməd Vahidlə çar senzoru arasında belə bir maraqlı dialoq var:

Səməd Vahid: (bu kitabı qoyur, o birini götürür, oxuyur): - Elmi-vəzn. Hamısı şeirdir. Bu kitab da üsuli-qafiyədən danışır. Hamısı şeirdir. Bu kitab sərbəst nəzm şeirləridir. Bu kitab da müxəmməs şeirləridir. Bu da təxmisdir. Hamısı şeirdir. Bu da saqinamə şeirləridir. Bu da məsnəvi. Bu da qəzəllər. Bu nədir? Tərcibənd. Bu da tərkibbənd. Genə hamısı şeirdir... 

Senzor: - ...Pəs səbəb nədir ki, Osmanlıdan gələn kitablar hamısı şeirdir?

Səməd Vahid: - Səbəb budur ki, Osmanlıda cəmi qələm sahibləri şairdir, cəmi doktorlar, mühəndislər, diplomatlar, hətta ministrlər də şairdir, həpsi şairdir.

Senzor: - Bağışlayın, pəs sizin sənətiniz nədir?

Səməd Vahid: - Mən özüm də şairəm. Kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum".

Mirzə Cəlilin ironiyası aydındır. Amma nəzərə alınası bir neçə məqama da toxunmamaq olmaz. Əvvəla, Səməd Vahid burada  peşəkar şairlərdən yox, qrafomanlardan bəhs edir. İkincisi, "şeir bülbülləri" bir-birilərini nə qədər təkrarlasalar belə onların qələm təcrübələri  dövrün ədəbi panoramını  müəyyən etmək üçün faydalı mənbələrdəndir: kimin, nəyin və necə təqlid olunması hakim tendensiyalar barədə daha dəqiq təsəvvür yarada bilir. Bu, ümumiyyətlə, bir neçə cəhətdən ciddi məsələdir. Hər bir qələm əhli (doktor, mühəndis, diplomat, nazir... kim olursa-olsun) şeir yazmağa ehtiyac duyursa, bu, həmin şəxsin ətrafındakılara (əlbəttə, özü üçün yazmırsa!) vacib hesab etdiyi müəyyən fikir və hissləri çatdırmaq istədiyini göstərir. Şeir kimi zəif olan, heç bir halda sənət əsəri sayılmayacaq mənzumələr, təbii ki, ədəbi nöqteyi-nəzərdən kinayə edilməyə layiqdir. Lakin bu mənzumələrin hər biri bir şəxsin (özü də savadlı bir şəxsin!) başqalarına çatdırmaq istədiyi mesajlar kimi ictimai maraq daşıyır. Məhz XIX əsr insanını düşündürən, başqaları ilə bölüşmək dərəcəsində narahat edən məsələlər rakursundan baxanda hətta adi qrafomanın belə qələm təcrübəsi sosial-mədəni sənəd kimi diqqətə alınmaya bilməz.

XIX əsr türk-İslam poeziyası kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyətcə də çox  zəngindir. Məhz bu dövrdə klassik şeirin elmi-bəlağət kitablarında rəsmiləşdirilmiş bütün ülgüləri türk dilinin və onun regional qollarının daxili potensiyasına tam uyuşdurulur, əsrlərcə davam edən bu proses məntiqi sonluğuna çatır, Şeyx Qalib, Seyid Əzim, Əbdülhəqq Hamid, Əbdürrauf Fitrət, Yəhya Kamal Bəyatlı, Sabir, Cavid... poetik yaradıcılığında zirvəyə yüksəlir. Cəsarətlə söyləyə bilərik ki, türk-İslam şeiri bu dövrdə heç zaman olmadığı qədər qollu-budaqlı, poetexniki cəhətdən kamildir və ən yeni ideyaları ifadə  etmək qüdrətindədir. Klassik şeirin elə bir şəkli-üslubi elementi yoxdur ki, bu dövrdə "kamala" çatmamış olsun. Deyilənlər türk-İslam cəmiyyətində şeir və şairin  tutduğu layiqli yer, ictimai proseslərdə on(lar)a ayrılmış mühüm rol, verilmiş yüksək dəyərlə əlaqədardır. Bu qədir-qiymət isə boş yerdən yaranmayıb, böyük bir tarixi keçmişə malik İslami ənənələrdən nəşət edir.

 

Şeir və şairin sosial statusu-1:vilik cahiliyyə vrü

Türk-İslam şeirinin təməlində durmuş qədim və zəngin ənənələrdən danışarkən tanınmış ərəbşünas İ.M.Filştinski yazır: "Mənşə etibarilə iranlı, türk, yunan, suriyalı, yəhudi və s. olan ədib və alimlər yeni dini, mədəniyyəti və ərəb dilini əxz edərkən öz doğma mədəniyyətləri ilə əlaqələrini itirməmək şərti ilə təkcə İslam ənənələrini deyil, həm də qədim ərəb ənənələrini mənimsəyirdilər". Bu fikri nəzərə almaqla,  qədim ərəb cəmiyyətinə kiçik bir ekskurs etmək ehtiyacı duyuruq. Ən qədim dövrdə ərəblər ayrı-ayrı əşirətlər şəklində yaşayırdılar. Belə icmalara xas olan ümumi cəhət kimi əşirətlərarası mübarizə ictimai həyatın əsas məzmununu təşkil edirdi. Bədəvi ərəblər tayfalarını böyük və vahid bir ailə kimi dərk edir, dünyaya bu prizmadan baxırdılar. Şairlər də yaradıcı fəaliyyətdə ilk növbədə tayfalarının şan-şöhrətini, şərəfli tarixini, şəcərəsini, soy ağacını, habelə qəhrəman övladlarının gücünü-qüvvətini, əşirət rəisinin ləyaqətini tərənnüm etmək, əbədiləşdirmək məqsədi güdürdülər. Öz tayfalarının maraqlarını müdafiə edərkən həm də onun düşmənləri ilə mübarizəyə girişən, onları lağa qoyan, aşağılayan, müqabil  tərəflərdən edilən hücumlara cavab verən şairlər icma iyerarxiyasında yüksək mövqe tuturdular. Onların sosial funksiyalarına baş verən hadisələrin (daha çox tayfalararası münasibətlərin müxtəlif təzahürlərinin) qələmə alınması, müvafiq ictimai rəyin yaradılması və tarixə salınması, mövcud adət-ənənələrin, əxlaqi dəyər və əmək vərdişlərinin translyasiyası və s. daxil idi. Beləliklə, şairlərə tayfanın şanlı  ənənələrinin qoruyucusu və sonrakı nəsillərə ötürücüsü kimi mühüm rol ayrılmışdı. Sözün sehrinə, magik qüvvəsinə inanan, şeiri müqəddəs bilən  tayfa sakinləri öz şairləri ilə fəxr edir, onları qoruyur və yüksək qiymətləndirirdilər. Təəbbata Şərran, əş-Şənfəra, Urva ibn əl-Vardi, Hatəm ət-Tai, əl-Mühəlhil kimi bədəvi şairlərin adları qədim ərəb tarixinə həkk olunmuşdur. Bu dövr şairləri tərənnüm, təsvir və ağı səciyyəli şeirləri ilə mədhiyyə, risa (mərsiyə), fəxriyyə, vəsf (təbiətin, gözəlliklərin təsviri) və s. şeir şəkillərinin təməlini qoymuş, ərəb poeziyasının inkişaf istiqamətlərini müəyyən etmişlər. Demək olar ki, artıq bədəviyyə dövründən ərəb şairlərinin yaradıcı fəaliyyəti məqsədyönlü səciyyə daşımışdır. Rus şərqşünası V.Rozen o dövrlərdə şeirin mətbuatı əvəz etdiyini söyləyərkən, onun belçikalı həmkarı A.Lammens isə qədim şairləri "öz zamanlarının jurnalistləri" adlandırarkən məhz bu qarşılıqlı ictimai münasibətlər sistemini nəzərdə tuturlar.

Bir qədər sonra, qəbilə-tayfa münasibətlərinin zəifləməsi, tədricən süquta uğraması, şəhərlərin yaranıb böyüyərək, mədəniyyət mərkəzlərinə çevrilməsi ilə ərəb poeziyası yeni mərhələyə- "cahiliyyə dövrünə" qədəm qoyur. Şairlərin şəhərlərə köçməsi və şəhərlər ətrafında mərkəzləşən əmirlik tipli dövlətlərlə yaxınlaşmaları poetik fəaliyyət sferasında müəyyən dəyişikliklər yaranmasına səbəb olur; get-gedə bədəvilik elementləri, tayfa təfəkkürü əhəmiyyətini itirir. Əgər ən qədim ərəb bədii mətnlərində fərdi-müəllif mövqeyi zəif, kollektiv tayfa maraqları qabarıq ifadə olunurdusa və bu, insanların dünyanı hələ kiçik etnik bütövlər halında dərk etmələrini, məntiqi və bədii təfəkkürdə üzvlənmənin hələ başa çatmadığını göstərirdisə, cahiliyyə dövrü poetik mətnlərində şairlər gah tayfaları ilə hökmdarlar arasında vasitəçi rolu oynayır, gah da əşirət çərçivələrini aşaraq, etnik icmalarını və özlərini deyil, himayə gördükləri hökmdarları tərif və tərənnüm edirlər. Bu mərhələdə saray şairi/şeiri kimi yeni təsisat(lar) meydana gəlir. Saray həyatı poeziyanın əyləncə funksiyasını önə çıxarır, şeir musiqi ilə müşayiət olunur və ona uyğunlaşdırılır. Şərabı tərənnüm, ziyafət və əyləncə səhnələrini təsvir edən "xəmriyyat" şeirləri əmələ gəlir. Saray şairləri çox vaxt deyişir və bu zaman yaranan "qarşıdurma oyun"ları, zarafat və lağlağılar əyləncə effektinin yüksəlməsinə xidmət edir.

Lakin əgər qədim ərəb poeziyasının, habelə, ümummüsəlman ədəbiyyatının fundamental əsaslarından danışırıqsa, ilk növbədə mədhiyyə~mərsiyə~fəxriyyə məzmunlu mənzumələri xatırlamalıyıq. Bunlar eyni poetik cərgənin vahidləridir. Mədhiyyə ilə mərsiyə arasında fərq budur ki, birində insan sağ ikən, o birində isə öldükdən sonra tərənnüm olunur. Bunu hələ X əsrdə ərəb filoloqu Kudamə ibn Cəfər qeyd etmişdir. Türk ədəbiyyat tarixşünaslığının banisi Mehmet Fuad Köprülü isə sanki həmin fikri davam etdirərək yazırdı: "Əlimizdə olan əsərlərin ən qədimləri kimi qəhrəmanlıq şeirlərini və mərsiyələri göstərə bilərik. Əvvəllər ölən rəislər, hökmdarlar və qəhrəmanların mənqibələrini tərənnüm edən ozanlar tədricən yaşayan rəisləri, hökmdarları və xanımları (məlikələri) öyməklə məşğul olmuşlar... Mərsiyələrin əsl qüvvətli və mühüm hissələri ölən qəhrəmanın igidlik və cəngavərliyini tərənnüm edən cəng səhnələridir". Molla Pənah Vaqifin yaradıcılığına həsr etdiyi məqalədə Muxtar İmanov da prinsipcə eyni qənaətə gəlir: "Vaqifin bir mərsiyəsi var- İbrahim xanın oğlu Cavadın vaxtsız ölümü münasibətilə yazılıb... Bu, hansısa bir mərsiyədən çox mədhiyyəni yada salır. Bu fikrə inanmaq üçün mərsiyənin bir bəndinə nəzər salmaq kifayətdir:

Od düşüb, köşkü saraylar, guiya tağlar yanar,

Səs verir, səngü şəcərlər, od tutub dağlar yanar.

Yasə girmiş səbzələr, geymiş qara bağlar yanar,

Cümleyi-xəlqi-cahan qan-yaş töküb ağlar, yanar

Səndən ötrü, xan Cavad,

            sərdar Cavad, sultan Cavad!

Sərbəsər geysin qara

            bundan geri dövran, Cavad!

Oldu çün nazik vücudun

            xak ilə yeksan, Cavad!.."

Tərənnüm şeirinin üçüncü növü olan fəxriyyədə şair başqalarını yox, özünü tərif edir, ustalığını nəzərə çarpdırır. Türk-İslam şeiri tarixində mədhiyyənin mərsiyə və fəxriyyə ilə müqayisədə sayca üstünlüyü öz-özlüyündə anlaşılandır. Amma fəxriyyə də tarixən bunlarla eyni paradiqmaya aid edilib; bunu unutmamaq, "üçlüyün" hər hansı üzvü haqqında  söylənən mülahizələrdən o biri ikisinə assosiativ keçidlər olması ehtimalını (heç olmasa, bu yazıda) nəzərdə tutmaq lazımdır.

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!