XV əsr anadilli abidə - Seyid Yəhya Bakuvinin "Şifaül-əsrar" əsəri (Əvvəli 40-cı sayımızda) - Nadir MƏMMƏDLİ

 

Birinci hissə burada

 

Əsərin sonrakı hissəsində Seyid Yəhya ibrət və qeyrət, təharət, zahir, səadət və şərəf, təqva, rübubiyyət və zöhd kimi anlayışların mahiyyətini izah etdikdən sonra təriqət mərhələsinə keçir. "Mədəni-təriqə" ("Təriqətin əsasları") bölümündə təsəvvüfi yolun əsaslarını insanın daxili aləmi və qəlbin mənəvi vəziyyəti ilə əlaqələndirir. Onun təqdimatına görə, təriqət elmlərinin əsasını fuad, zamir, qılaf, qəlb, şəğaf, hübb və lüb anlayışları təşkil edir. Müəllif bunları "qəlbi-səlim"in müxtəlif təzahür və mərhələləri kimi nəzərdən keçirir. Bu yanaşmada qəlb yalnız emosional və psixoloji məna daşımır, insanın mənəvi idrakının, ilahi həqiqətə yönəlişinin əsas mərkəzi kimi çıxış edir. Seyid Yəhya "qəlbi-səlim"i təriqət yoluna daxil olmağın ilkin şərti hesab edir. Onun fikrincə, insanın daxili aləmi saflaşmadan və qəlbi mənəvi maneələrdən təmizlənmədən təriqət yolunda irəliləyiş mümkün deyil. Bu düşüncə Yəhya bin Müaz ər-Raziyə aid edilən, qəlbin səlimliyinə aparan dörd mənəvi sınaq mərhələsi ilə izah edilir. Bunlar dünya, xalq, şeytan və nəfs "dəryaları"dır: "Əvvəl dünya dəryası, ikinci, xalq dəryası, üçüncü, şeytan dəryası, dördüncü nəfs dəryası. Kim bu dəryaları keçərsə, qəlbi-səlim hasil olar. Allah Taala "O gün insana fayda verən tək şey - Allaha təslim etdiyi təmiz bir könül (qəlbi-səlim) olar" (Əş-Şüəra, 89) buyurdu (yenə orada, s.197). Hər bir "dərya" insanın mənəvi kamilləşməsi qarşısında dayanan müəyyən maneəni simvolizə edir. Bu mərhələlərin uğurla keçilməsi qəlbi-səlimin əldə olunması ilə nəticələnir: "Dünya dəryasında gəmi zöhddür. Sükanı qənaətdir, yelkəni özünü xor görməkdir, lövbəri səbirdir. Əgər şəriətə xilaf və töhmət yelləri bir tərəfdən əsməyə başlasa, xorluq yelkənini parə-parə edər. Bir tərəfdən dəxi qeybət və böhtan yelləri əsərsə, hər tərəfdən dalğalar gəmini batırmağa başlar. Təqva lövbərini sal ki, müxalif yellərə qarşı dursun, əsər etməsin. İndi qənaət sükanını möhkəm tutub dünya dəryasından cəhd edib keçməyə çalış (yenə orada, s.197). Qəlbin sağlamlığı fiziki vəziyyətdən deyil, insanın mənəvi saflığından, nəfsani və dünyəvi bağlılıqlardan azad olmasından asılı olan mənəvi kateqoriya kimi təqdim edilir. Dörd "dərya" insanın keçməli olduğu mənəvi sınaqları, gəmi və onun ayrı-ayrı elementləri isə bu sınaqlardan keçmək üçün zəruri olan mənəvi keyfiyyətləri ifadə edir. İlk mərhələ olan "dünya dəryası"nda gəminin əsası zöhd, sükanı qənaət, yelkəni təvazökarlıq və ya özünü aşağı tutmaq, lövbəri isə səbir kimi müəyyənləşdirilir. Bu simvolik sistemdə zöhd dünyəvi bağlılıqların məhdudlaşdırılmasını, qənaət maddi istəklərin nəzarətdə saxlanmasını, təvazökarlıq insanın özünü üstün görməkdən uzaqlaşmasını, səbir isə mənəvi istiqamətdə  etmək məqsədini göstərir. Nəticədə təsəvvüfi anlayışlar nəzəri termin olmaqla yanaşı, mənəvi təcrübənin müxtəlif aspektlərini ifadə edən obrazlı kateqoriyalara çevrilir. Bu xüsusiyyət xüsusilə eşq anlayışının izahında daha aydın görünür. Seyid Yəhyanın dünyagörüşündə əqli təsəvvürlər və dünyəvi elmlər Haqqın mahiyyətinin tam dərk edilməsi üçün kifayət etmir. Onun düşüncəsində bu mərhələdə ilahi eşq xüsusi əhəmiyyət qazanır. Eşq insanın qəlb və ruhunda baş verən mənəvi dəyişikliklərin əsas hərəkətverici qüvvəsi kimi təqdim olunur. Müəllif eşqi insan varlığının mahiyyətini müəyyən edən əsas ünsürlərdən biri hesab edir və bütün mövcudatı onun təzahürləri ilə əlaqələndirir. Bu dünyagörüşündə kainat ilahi təcəllilərin zahiri ifadəsi, insan qəlbi ruhun, ruh isə ilahi həqiqətin dərkində mənəvi vasitə kimi nəzərdən keçirilir. Qəlbin ilahi eşq vasitəsilə saflaşması insanın çoxluq və ayrılıq təsəvvürlərindən uzaqlaşaraq mənəvi vəhdət şüuruna yaxınlaşmasına səbəb olur. Bu baxımdan, qəlbin təmizlənməsi təsəvvüfi kamilləşmənin mühüm mərhələlərindən biri kimi çıxış edir. Seyid Yəhya eşqi, həmçinin mənəvi yolun çətinliyini və bu yolda tələb olunan fədakarlığı ifadə edən anlayış kimi təqdim edir. Onun fikrincə, Haqqa yönələn insan öz mənliyindən və dünyəvi bağlılıqlarından keçməyi bacarmalıdır. Bu proses simvolik mənada "can vermək" anlayışı ilə ifadə olunur və insanın nəfsani istəklərdən uzaqlaşaraq mənəvi kamilliyə istiqamətlənməsini bildirir. Eşqin "sirati-müstəqim"ə bənzədilməsi də onun təsəvvüfi sistemdə istiqamətləndirici funksiyasını göstərir. İlahi eşqin qəlbdə üstün mövqeyə yüksəlməsi ilə kin, dünyəvi ehtiras və nəfsani meyillərin arxa plana keçməsi insanın mənəvi saflaşmasının nəticəsi kimi izah edilir. Seyid Yəhya eşqi "pərdəni yırtmaq" və "sirləri açmaq" kimi mənalarla səciyyələndirir. Eyni zamanda eşq aşiqin yaşadığı daxili iztirab, mənəvi xəstəlik və onun özündə daşıdığı dərmanla əlaqələndirilir. Eşqin "şərab" obrazı ilə ifadə olunması isə bu anlayışın insanı adi dünyəvi ölçülərdən uzaqlaşdıran və mənəvi təcrübəyə yönəldən qüvvə kimi təqdim edildiyini göstərir (yenə orada, s.155). Müəllifin təsəvvüfi anlayışların izahında istifadə etdiyi üsul yalnız poetik və obrazlı ifadələrlə məhdudlaşmır. O, irfani mülahizələri dini mətnlərlə əlaqələndirərək onların əsaslandırılmasına çalışır. Bu baxımdan əsərin strukturunda "Qurani-Kərim" ayələri və hədislər xüsusi əhəmiyyət daşıyır. Müxtəlif mövzuların əvvəlcə ayə və ya dini mülahizə ilə əsaslandırılması, daha sonra isə hədis və rəvayətlərlə tamamlanması müəllifin nəzəri fikirlə dini mənbə arasında əlaqə yaratmaq üsulunu nümayiş etdirir. Eşq mövzusunda da Peyğəmbərə aid edilən rəvayətə müraciət edilməsi bu yanaşmanın nümunəsidir (yenə orada, s.259). "Şifaül-Əsrar"da təsəvvüfi anlayışların izahı müxtəlif mənbələrə istinad, dini mətnlərlə əsaslandırma və obrazlı ifadə vasitələrinin qarşılıqlı əlaqəsi əsasında həyata keçirilir. Eşq və xəlvət nümunələri göstərir ki, Seyid Yəhya üçün təsəvvüfi terminologiya yalnız nəzəri anlayışlar sistemi deyil, insanın daxili təcrübəsini və mənəvi inkişaf mərhələlərini ifadə edən canlı məna çərçivəsidir.

"Şifaül-Əsrar"da geniş şəkildə izah olunan anlayışlardan biri də xəlvətdir. Seyid Yəhya xəlvəti insanın zahiri aləmdən və müxtəlif düşüncələrdən uzaqlaşaraq diqqətini Allahın zikrinə yönəltməsi kimi izah edir. Hakim Tirmiziyə istinadən xəlvətin zikrlə ünsiyyət və təfəkkürlə məşğul olmaq məzmunu daşıdığı bildirilir. Hakim Tirmizi belə deyir: "Xəlvət zikrlə ünsiyyət, fikirlə məşğuliyyətdir". Xəlvətin tam qırx gün olması 40 məqama işarədir" (yenə orada, s.259) Seyid Yəhya xəlvətin qırx günlük müddətini də simvolik məna ilə əlaqələndirir. Onun izahında 40 rəqəmi mənəvi inkişaf prosesində keçilən 40 məqama və ya mənzilə işarə edir. Bu baxımdan, xəlvət müəyyən zaman müddətində zahiri təcriddən daha geniş məna daşıyaraq insanın mərhələli mənəvi inkişafını ifadə edən bir proses kimi səciyyələndirilir. Xəlvət yalnız fiziki təcrid forması kimi deyil, insanın daxili diqqətini ilahi həqiqətə yönəltməsini təmin edən mənəvi təcrübə kimi təqdim olunur.

"Şifaül-əsrar"ın Seyid Yəhyanın xəlvətilik haqqında əsas kitabı sayılmasının səbəbi təkcə onun təsəvvüfdən danışması deyil, burada insanın mənəvi tərbiyəsi ilə yanaşı, müridin hansı yolla kamilləşməsi məsələsi sistemli şəkildə izah edilir. Seyid Yəhya Bakuvi əsəri, ümumən, insanın zahiri həyatdan batini kamilliyə doğru yolunu izah etmək üzərində qurur. Başlıca fikir budur: insan yalnız dünyəvi biliklə deyil, öz nəfsini tanımaq, qəlbini təmizləmək və Allahı həqiqi mənada tanımaqla kamilləşir. Kamillik yolu: 1.Əql; 2. Nəfsin tərbiyəsi; 3. Zikr; 4. Mürşid və mürid; 5. Xəlvət. Seyid Yəhyanın adı ilə ayrılmaz şəkildə bağlı olan xəlvətilikdə - xəlvət sadəcə insanlardan qaçıb bir otaqda tək qalmaq demək deyil. İrfani mənası: insanın öz daxilinə dönməsi və nəfsini müşahidə etməsidir. Hətta insan cəmiyyətin içində olsa belə, daxilən Allahı unutmamağı öyrənə bilər. Bu səbəbdən xəlvət həm zahiri, həm də batini məna daşıyır. Ən mühüm məsələ - kamil insandır. Xəlvəti təriqətinin ikinci böyük mürşidi kimi tanınan Seyid Yəhya Bakuvi yaradıcılığında insanın mənəvi kamilliyə və Haqqa yaxınlaşma yolunu təsəvvüf dünyagörüşünün əsas prinsipləri əsasında izah etmişdir. Təsadüfi deyildir ki, əsərin başlanğıcında onun gördüyü məşhur yuxudan da bəhs edilir: özünü göylərdə, əlində bir ovuc buğda ilə görür və həmin buğdanı yer üzünə səpir. Bu yuxu sonradan xəlvətiliyin müxtəlif ölkələrə yayılması ilə əlaqələndirilir.

Onun təlimində bu proses mürşid - mürid münasibətləri, nəfsin tərbiyəsi, qəlbin saflaşdırılması və ilahi eşq anlayışları ilə sıx bağlıdır. Seyid Yəhya bu mənəvi yolun dərkində övliyaların rolunu xüsusi qeyd edir və möminlərin doğru istiqamətə yönəlməsində onların nümunəsinin əhəmiyyət daşıdığını bildirir. Bu baxımdan, mürşid yalnız mənəvi rəhbər deyil, həm də müridin daxili potensialının üzə çıxarılmasına və mənəvi kamilləşməsinə istiqamət verən şəxs kimi təqdim olunur. Seyid Yəhyanın fikirlərində müridin mürşidə münasibəti tam etimad və mənəvi itaət prinsipləri üzərində qurulur. Mürid öz nəfsinin tərbiyəsini və mənəvi inkişafını mürşidin rəhbərliyinə həvalə etməli, təsəvvüfi yolun tələb etdiyi intizam və təslimiyyətə riayət etməlidir. Bu münasibət təsəvvüf ənənəsində mürşidin mənəvi təcrübəsinin müridə ötürülməsinin əsas şərtlərindən biri kimi izah olunur.

Əsərin "Əla, Nəma, Müheyminət və Rübubiyyət nəhrləri" adlı hissəsi müəllifin insanın daxili aləmini simvolik obrazlarla izah etməsi baxımından diqqətəlayiqdir: "Allah Taala könüldə dörd çay yaratmışdır... Əgər dərviş itaətində və mücahidəsində tənbəl olsa, qəlbin sol yanındakı pəncərədən minnət rüzgarı əsər. O çaylar, könül bağının reyhanları quruyar, ağacları saralıb yarpaqları tökülər. İyirmi səkkiz ilham pərisi zikrlərini və təsbihlərini etməyə tənbəl olurlar" (yenə orada, s.294). Seyid Yəhya burada insan qəlbində dörd çayın mövcudluğundan bəhs edir. Bu çayların vəziyyəti insanın ibadətə, itaətə və mücahidəyə münasibəti ilə əlaqələndirilir. Müəllifin təsvirinə görə, dərviş mənəvi fəaliyyətində tənbəllik göstərdikdə qəlbin mənəvi həyatını təmin edən bu çaylar qurumağa başlayır. Bunun nəticəsində qəlb bağının bitkiləri və ağacları solur, mənəvi fəaliyyəti təmsil edən ilham varlıqlarının zikr və təsbihləri də zəifləyir. Bu təsvir Seyid Yəhyanın insanın daxili aləmini təbiət obrazları vasitəsilə təqdim etmək üsuludur. Çaylar mənəvi həyatın davamlılığını, bağ və ağaclar qəlbin canlılığını, ilham varlıqları isə insanın mənəvi fəaliyyətini simvolizə edən elementlər kimi çıxış edir. İbadət və mücahidə yalnız zahiri dini fəaliyyət deyil, insanın daxili aləminin qorunması və inkişafı üçün zəruri proses kimi təqdim olunur. Əsərin bu hissəsinin digər diqqətçəkən cəhəti qəlbdəki mənəvi aləmin təsviri ilə yanaşı, həmin çayların ətrafında yerləşən ağacların və hər ağacda yeddi ilham varlığının təsvirlərinin verilməsidir. Onların oxuduqları təsbih mətnlərinin də təqdim olunması əsərin həm məzmun, həm də quruluş baxımından simvolik və təsviri xüsusiyyətlərini gücləndirir. Bu materiallar Seyid Yəhyanın təsəvvüfi anlayışları mücərrəd şəkildə deyil, obrazlı və sistemli təsvirlər vasitəsilə təqdim etdiyini göstərir.

"Mədəni-l-məşayix" ("Şeyxliyin əsası") bölməsində kamil şeyxlik məsələsi daha ardıcıl şəkildə nəzərdən keçirilir. Burada kamil şeyxliyin yeddi məqamı - tövbə, iradə, müqtəda, xəlifə, xacə, şeyx və məşayix izah edilir. Bununla yanaşı, kamil mürşidin yetişməsi üçün zəruri olan şərtlər, onun malik olmalı olduğu mənəvi keyfiyyətlər və daşıdığı vəzifələr açıqlanır. Müəllif bu məsələləri övliyaların və islam alimlərinin fikirlərinə, hədislərə və "Qurani-Kərim" ayələrinə istinad etməklə əsaslandırır.

"Şifaül-Əsrar" yalnız ayrı-ayrı təsəvvüfi anlayışların izahı ilə məhdudlaşmır. Əsərdə dini bilik, ibadət, əxlaq, mənəvi tərbiyə, mürşidlik, təriqət, qəlbin saflaşdırılması və insanın kamilləşməsi kimi bir-biri ilə əlaqəli məsələlər bütöv bir sistem daxilində təqdim edilir. İbn Ərəbi, İmam Qəzali, Hakim Tirmizi və İbn Sina kimi alimlərin, Şibli, Cüneyd Bağdadi və Həsən Bəsri kimi sufi şəxsiyyətlərin fikirlərinə istinadlar, həmçinin peyğəmbərlərin həyatına dair rəvayətlər, "Qurani-Kərim" qissələri və hədislər əsərin mənbə dairəsinin genişliyini göstərir. Bu xüsusiyyətlər "Şifaül-Əsrar"ı Seyid Yəhyanın təsəvvüfi dünyagörüşünün müxtəlif aspektlərini kompleks şəkildə izləməyə imkan verən mühüm mənbələrdən birinə çevirir. Əsərin əhatə etdiyi mövzu və mənbə müxtəlifliyi onun yalnız nəzəri-irfani mətn deyil, eyni zamanda dini, əxlaqi və mənəvi məsələlərin qarşılıqlı əlaqəsini təqdim edən çoxşaxəli əsər olduğunu göstərir.

"Şəfaül-əsrar" dil tariximiz baxımından əhəmiyyətlidir, abidənin ən maraqlı tərəflərindən biri məhz budur. Seyid Bakuvi əsərlərini əsasən ərəb və fars dillərində yazan XV əsr Azərbaycan alimlərindən biri olsa da, "Şifaül-əsrar"ı Azərbaycan dilində qələmə alıb. Buna görə əsər yalnız təsəvvüf deyil, Azərbaycan ədəbi dilinin və dini-fəlsəfi düşüncə tariximizin də qiymətli abidələrindən biridir. "Şifaül-Əsrar"ın mühüm xüsusiyyətlərindən biri onun ərəb, fars və türkcə materialın qarşılıqlı verilməsidir. Əsərdə "Qurani-Kərim" ayələrinin, hədislərin və müxtəlif alimlərə aid fikirlərin çoxsaylı şəkildə verilməsi, bir sıra hallarda həmin mətnlərin hər birinin öz dilində təqdim olunması əsərin dil strukturunda ikidilliliyi meydana gətirmişdir. Bununla belə, Azərbaycan dili hissələri əsərin dil xüsusiyyətləri baxımından xüsusi əhəmiyyət daşıyır. Seyid Yəhyanın fars və ərəb dillərində qələmə aldığı nəsr əsərləri ilə müqayisədə, "Şifaül-Əsrar"ın türkcə hissələrinin dili daha sadə, aydın və lakonikdir. Müəllif mürəkkəb təsəvvüfi anlayışları mümkün qədər anlaşıqlı ifadələrlə təqdim edir. Bu xüsusiyyət əsərin yalnız mütəxəssislər üçün deyil, daha geniş oxucu çevrəsi üçün də nəzərdə tutulduğunu düşünməyə əsas verir. Azərbaycanca mətnin sintaktik quruluşu, söz seçimi və izah üsulu müəllifin irfani məzmunu mürəkkəb terminoloji çərçivədən çıxararaq daha sadə ifadə vasitələri ilə təqdim etmək istəyini göstərir.

Əsərin milli dildə yazılmış hissələrində orta əsr Azərbaycan türkcəsinin fonetik, leksik və qrammatik xüsusiyyətləri aydın müşahidə olunur. Məsələn, "İbrahimin fütüvvətinin əsəri zahir olub bir dəfə dörd yüz məcusinin könüllərinə inayət nəzərin dini-islamı sevdürüb sidq ilə imanə gəldilər..." ifadəsi müəllifin təsəvvüfi-əxlaqi fikirləri nəsihət xarakterli, birbaşa və yığcam şəkildə təqdim etdiyini göstərir (Seyid Yəhya Bakuvi. Şifaül-Əsrar. İstanbul. Süleymaniyyə kitabxanası, № 2283, 148b). Burada "eydü", "sevdürüb", "qılub", "eyləgil" kimi formalar dövrün Azərbaycan dili üçün səciyyəvi dil xüsusiyyətlərini əks etdirir. Digər nümunədə isə təsəvvüfi məqamların şəhər, qapı, hövzə və ulduz kimi obrazlar vasitəsilə təqdim edilməsi diqqəti cəlb edir: "Şəğaf adlu şəhrin kilidi miftahını arəstə qılub qapuyu açdı. Girdi. Gördi dört qatu var..."( Seyyid Yəhya Bakuvi, Şifaül-əsrar, İstanbul, Süleymaniyyə Kitabxanası, № 2283, 81a). Bu parçada abstrakt mənəvi anlayışların məkan və hərəkət obrazları vasitəsilə konkretləşdirilməsi müəllifin bədii-təsviri ifadə imkanlarından istifadə etdiyini göstərir. Ehsan, səlah, minnət və mücahidə kimi anlayışların mərhələlər şəklində təqdim edilməsi də mətnin simvolik quruluşunu gücləndirir.

Əsərdə ərəb və türkcə hissələrin ifadə xüsusiyyətləri arasında müəyyən funksional fərqlər də müşahidə olunur. Ərəb dilində təqdim edilən hədis, rəvayət və digər nəqli materialların mənbəyinə istinad zamanı əsasən "qalə" ("dedi") feilindən istifadə edilir. Məsələn, "Qalə Rəsulullah" ifadəsi bu ənənəvi istinad formasını əks etdirir. Azərbaycanca hissələrdə isə "eydür" (deyir) formasına üstünlük verilir. Seyid Yəhya eydür ifadəsi müəllifin öz izah və mülahizələrinə keçidi bildirən xarakterik formul kimi çıxış edir. Bu xüsusiyyət əsərin kompozisiya quruluşunda da müəyyən fərq yaradır: ərəb dilindəki hissələr daha çox dini mənbələrdən gətirilən sitat və rəvayətlərin təqdimatına, türkcə hissələr isə həmin materialların izahı, şərhi və təsəvvüfi məzmununun oxucuya çatdırılmasına xidmət edir. Beləliklə, "Şifaül-Əsrar"ın ikidilli, üçdilli quruluşu yalnız dil fərqi deyil, həm də mətn daxilində müxtəlif funksiyaları yerinə yetirən ifadə qatlarının mövcudluğu ilə səciyyələnir.

"Şifaül-Əsrar"ın dil xüsusiyyətləri dövrün Azərbaycan türkcəsinə xas bir sıra morfoloji və leksik xüsusiyyətləri özündə əks etdirir. Əsərdə ikinci şəxsin əmr formasının ifadəsində -ğıl/-gil şəkilçisindən istifadə olunması diqqəti cəlb edir. Bu şəkilçi qədim və orta türk dillərində əmr şəklinin II şəxsin təkində işlənən əmr şəkilçisi kimi çıxış edir. Feil kökünə qoşularaq əmr, xahiş və ya müraciət mənası yaradır. Məsələn, tarixi türk dili nümunələrində: barğıl - get! qılğıl - et! eylə! de-gil - de! Qeyd etmək lazımdır ki, -gil forması Azərbaycan dilinin bəzi tarixi və dialektoloji nümunələrində, eləcə də bədii üslubda izlərini qoruyub saxlamışdır. Buna görə onu yalnız "köhnəlmiş şəkilçi" kimi təqdim etməkdənsə, tarixi əmr şəkilçisi adlandırmaq daha dəqiqdir. Xəbərlik funksiyasında -durur və -dürür formalarına rast gəlinir. Bu forma qədim və orta türk dillərində xəbərlik və predikativlik ifadə edən tur- feilinin köməkçi funksiyada işlənməsindən yaranmış formadır. Buradakı -durur/-dürür formasını müasir Azərbaycan dilindəki -dır/-dir/-dur/-dür xəbərlik şəkilçisinin daha geniş və tarixi forması kimi izah etmək mümkündür. Burada bir incə məqam da var: -durur/-dürür formasını müasir dildəki "durur" feili ilə eyniləşdirmək düzgün deyildir. Tarixi mətnin kontekstində bu forma çox vaxt xəbərlik-predikativlik funksiyası daşıyır.

Bu dil xüsusiyyətləri dilimizin XV əsrdə qrammatik quruluşunun müəyyən elementlərini izləməyə imkan verir. Əsərin leksik tərkibində də qədim və orta əsr türk dili üçün səciyyəvi olan bir sıra söz və ifadələr qorunub saxlanılmışdır. Bu leksik materiallar yalnız mətnin tarixi dil xüsusiyyətlərini müəyyənləşdirmək baxımından deyil, həm də Azərbaycan türkcəsinin tarixi inkişaf prosesinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə dini-irfani məzmunun milli dil vasitəsilə ifadəsi həmin dövrün təsəvvüfi terminologiyasının formalaşması və işlənmə xüsusiyyətləri haqqında təsəvvür yaradır. "Şifaül-Əsrar"ın əhəmiyyəti onun təsəvvüfi və fəlsəfi məzmunu ilə məhdudlaşmır. Əsər orta əsr Azərbaycan türkcəsinin leksik, morfoloji və sintaktik xüsusiyyətlərini əks etdirən qiymətli yazılı mənbələrdən biri kimi dil tarixi baxımından da mühüm əhəmiyyət daşıyır. Mətnin orijinal dil xüsusiyyətlərinin qorunması tədqiqatçılara həmin dövrün dil sistemini, söz ehtiyatını və ifadə formalarını birbaşa mətn materialı əsasında araşdırmaq imkanı verir.

"Şifaül-Əsrar" Seyid Yəhyanın təsəvvüfi görüşlərinin öyrənilməsi ilə yanaşı, orta əsr Azərbaycan türkcəsinin inkişaf mərhələlərini, həmin dövrün dini-irfani terminologiyasını və nəsr üslubunu araşdırmaq baxımından da əhəmiyyətli mənbədir. Əsərin sadə və yığcam türkcəsi mürəkkəb irfani məzmunun milli dil vasitəsilə ifadə imkanlarını nümayiş etdirir.

 

***

P.S. Məqalənin əvvəlində Xəlilullahın pəncərəsi önündə dayanan o səssiz məzar daşından söz açmışdıq. Əsrlər keçib, amma o daşın sükutu hələ də danışır. Əsrlərin o tayından bizə bir məzar daşı baxır: səssiz, təmkinli... Bəlkə də insanın dünyaya bəxş etdiyi ən böyük məna elə budur: özü gedir - sözü qalır, ömrü bitir - izi qalır. Və bir gün əsrlərin o tayından bizə baxan həmin səssiz daş yenə eyni sualı verir: insan bu dünyadan köçəndə özü ilə nə aparır və arxasında nə qoyur?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!