Seyid Yəhya Bakuvi XV əsrin mənəvi və intellektual həyatında dərin iz qoymuş böyük sufi mütəfəkkirlərdən biridir. O, yalnız öz dövrünün görkəmli alimi və mənəvi şəxsiyyəti deyil, həm də Şirvanşahlar sarayının ehtiram göstərdiyi nüfuzlu bir mürşidi idi. Şirvanşah I Xəlilullah onun elmi və mənəvi nüfuzunu yüksək qiymətləndirir, xüsusi hörmət və ehtiram münasibəti saxlayırdı. I Xəlilullah Seyid Yəhya Bakuvinin Bakıda fəaliyyətini dəstəkləmiş, sarayın yaxınlığında onun üçün xanəgah yaradılmasına şərait yaratmışdı. O, burada xəlvətilik təriqətinin mürşidi kimi fəaliyyət göstərir, ətrafına çoxsaylı müridlər toplayır, onları mənəvi kamilliyə, elmə və təqvaya yönəldirdi. Beləcə, xanəgah yalnız irfani düşüncənin deyil, həm də mənəvi tərbiyə və elmi-fikir həyatının mühüm mərkəzlərindən birinə çevrilmişdi.
...Başdaşı susurdu. Lakin bəzən ən dərin sözləri məhz sükut söyləyir. O daş hökmdarın qarşısında zamanın susmayan sükutuna çevrilmişdi. Sarayın içində hakimiyyət, sərvət və dünyanın bütün təmtərağı vardı, pəncərənin önündə isə bir məzar daşı - ölümün sükutunu, dünyanın faniliyini və insanın son mənzilini xatırladan səssiz bir müəllim kimi. Həyatın ən ağır və ən həqiqi dərsləri bəzən sözlə deyil, sükutla öyrənilir. Bəlkə də Xəlilullahın hər dəfə o daşa baxarkən aldığı ən böyük dərs elə bu idi: insanın dünyada nə qədər çox yaşaması deyil, dünyadan köçdükdən sonra nə ilə xatırlanması daha önəmlidir. Hakimiyyətin sarayları zamanla dəyişir, taxtlar boşalır, sərvətlər əldən-ələ keçir. Lakin insanın sağlığında qoyduğu mənəvi iz zamanın yaddaşında yaşamaqda davam edir. Seyid Yəhya Bakuvinin məzarı qarşısında dayanan Xəlilullah üçün həmin sükut bəlkə də belə bir sual idi: insanın əlində qalan nədir - sahib olduğu dünya, yoxsa dünyaya bəxş etdiyi məna?

***
"Şifaül-əsrar" Seyid Yəhya Bakuvinin Azərbaycan türkcəsində yazdığı yeganə əsəridir. Lakin əsərin dili tamamilə türkcədən ibarət deyil, Quran ayələri, hədislər və onların izahları ərəb və fars dillərindədir. Seyid Yəhya yaradıcılığının böyük bir qismi farsca qələmə alınmışdır, onları əsasən, 3 qismə ayıra bilərik: mənzum risalələri, nəsrlə yazılmış və lirik əsərləri (bax: Nezaket Memmedli, Seyyid Yahyanın farsça eserlerinin bedii ve irfani özellikleri, Keşkül jurnalı, Hz. Seyyid Yahya Şirvani 2014, sayı 29, s. 110-117). "Şifaül-əsrar" "sirlərin şəfası" və ya "sirlərin şəfavericisi" mənasındadır. Əsərin mərkəzində insanın mənəvi kamilləşməsi, Allaha tapınmaq və təsəvvüf yolunda müridin keçəcəyi yoldan, mürşid - mürid münasibətlərindən, insanın nəfsini tərbiyə etməsindən, zikr və ibadətdən, qəlbin saflaşdırılmasından, Allah sevgisindən, təsəvvüfi mərifətdən, kamil insan anlayışından, xəlvətilik yolunun mənəvi prinsipləri mərhələləri dayanır. Təsəvvüfi düşüncənin müxtəlif istiqamətlərini əks etdirən əsərdə müəllif irfani mülahizələrini əsaslandırmaq məqsədilə "Qurani-Kərim" ayələrinə, hədislərə və əvvəlki böyük sufilərin fikirlərinə müraciət edir. Bu mənbələrdən istifadə əsərin dini-nəzəri əsaslarının müəyyənləşdirilməsində mühüm rol oynayır.
"Şifaül-əsrar"ın mövzu dairəsi genişdir. Əsərdə ibadət və onunla bağlı çətinliklər, elmin və alimin fəziləti, təsəvvüf yoluna daxilolma, sufilərin məqamları, halal ruzi və mənəvi paklıq, məhəbbət, eşq və şövq, xövf və rica, iman, təsdiq, mərifət, minnət və mücahidə kimi məsələlər müxtəlif aspektlərdən nəzərdən keçirilir. Bununla yanaşı, Həzrət Adəmin tövbəsi, Allahdan qeyrisinə səcdənin hökmü və səma kimi dini-təsəvvüfi məsələlər də əsərin mövzu sistemində yer alır, insanın dini həyatını, mənəvi tərbiyəsini və təsəvvüfi kamilləşmə prosesini bir-biri ilə əlaqəli şəkildə təqdim edir.
"Şifaül-Əsrar"ın "Mədinətül-ülum fiş-şəriə" ("Şəriət elmlərinin əsasları") bölməsində iman məsələsinə xüsusi diqqət yetirilir. Müəllif kəlmeyi-şəhadətlə beyəti imanın ilkin şərtlərindən biri kimi təqdim edir və onu dörd kateqoriyaya ayırır: mətbu iman, məqbul iman, məsum iman və mərdud iman. Bu təsnifat Seyid Yəhyanın iman anlayışını yalnız etiqadı qəbul kimi deyil, insanın əməli və mənəvi vəziyyəti ilə əlaqəli bir kateqoriya kimi nəzərdən keçirdiyini göstərir. Müəllifin izahına əsasən, "mətbu iman" sahibinə mömin deyilir və bu mərhələdə imanın kamilləşdiyi qəbul edilir. Lakin iman yalnız etiqadla məhdudlaşmamalı, insanın davranışında və mənəviyyatında da öz əksini tapmalıdır. Buna görə mömin cəhd və mücahidə yolu ilə nəfsinin tərbiyəsinə çalışmalı, əməllərini ixlas qaydaları, yolları əsasında həyata keçirməlidir. Burada iman etiqadi məzmunla yanaşı, əxlaqi və praktik məsuliyyət anlayışları ilə də əlaqələndirilir. Əsərdə iman anlayışının mənəvi-əxlaqi davranışla əlaqəsi mücahidə və ibadət məsələləri kontekstində davam etdirilir. Seyid Yəhya Bakuviyə görə, insanın ibadət və itaət sahəsində göstərdiyi səy onun mənəvi inkişafının əsas şərtlərindən biridir. Müəllif bu fikrini "Qurani-Kərim"in "Bizim uğrumuzda cihad edənləri, əlbəttə, öz yollarımıza yönəldərik" (Əl-Ənkəbut, 69) ayəsi ilə əsaslandırır. Onun izahında mücahidə insanın mənəvi istiqamətinin müəyyənləşməsinə və ilahi yola yönəlməsinə vasitəçilik edir. Bu prosesin nəticələrindən biri də insanın mənəvi və əxlaqi baxımdan zərərli əməllərdən uzaqlaşmasıdır. Seyid Yəhya bu fikri "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər" (Əl-Ənkəbut, 45) ayəsi ilə əlaqələndirir. İbadətin zahiri icrası ilə yanaşı, onun insanın davranış və mənəviyyatına təsiri də ön plana çəkilir və bu mərhələ "məqbul iman" anlayışı ilə əlaqələndirilir (bax: Seyid Yəhya Bakuvi, Şəfa əl Əsrar. Hazırlayan M.Rıhtım, Bakı, Elm, 2010, səh.177).
"Şifaül-Əsrar"da Seyid Yəhyanın mürşidlik konsepsiyası mühüm yer tutur. Müəllif digər əsərlərində olduğu kimi, burada da kamil mürşidin əsas xüsusiyyətlərini müəyyənləşdirir və mənəvi kamilliyə aparan yolda mürşidin rəhbərliyinin əhəmiyyətini vurğulayır. Bu yanaşmada mürşid təsəvvüfi yolun yalnız nəzəri bilicisi deyil, müridin mənəvi tərbiyəsinə və daxili inkişafına istiqamət verən rəhbər kimi təqdim edilir. Mürşidə tabeçilik isə təsəvvüfi təlimin mənimsənilməsi və mənəvi intizamın qorunması ilə əlaqələndirilir. Əsərdə mürşid-mürid münasibətləri də mənəvi kamilləşmə prosesinin mühüm şərtlərindən biri kimi təqdim edilir. Seyid Yəhya müridin şeyxə qarşı ədəb və ehtiram çərçivəsində davranmasını, onun xidmətində səmimiyyət göstərməsini zəruri hesab edir. Bu münasibət təsəvvüf ənənəsində mürşidin mənəvi rəhbər, müridin isə onun təlim və göstərişləri əsasında kamilləşən şəxs kimi qəbul edilməsi ilə bağlıdır. Müəllifin "72 məqam"la bağlı mülahizəsində də müridin şeyxin haqqını qoruması mənəvi məqsədə çatmağın şərtlərindən biri kimi göstərilir (yenə orada, s.155).
Seyid Yəhya əsərdə mənəvi tərbiyənin qarşısında dayanan əsas maneələrdən biri kimi riyakarlıq məsələsinə də toxunur. Onun fikrincə, insanın daxili aləminin saflaşdırılması üçün riyadan uzaqlaşmaq və mənəvi münasibətlərdə səmimiliyi qorumaq vacibdir. Bu baxımdan, müəllif Peyğəmbərin sevdiyi şəxslərə məhəbbət bəsləməyi və onun bəyənmədiyi davranışlardan uzaq durmağı tövsiyə edir. Riyakarlığın qəlbdən uzaqlaşdırılması imanın mənəvi baxımdan saflaşdırılması ilə əlaqələndirilir. Əsərdə namazın yalnız zahiri ibadət forması olmadığı, həm də insanın Allahla mənəvi münasibətini ifadə edən ibadət kimi dəyərləndirilir: "Namaz qılan Rəbbi ilə danışır" fikri namazın bu mənəvi məzmununu ifadə edir. Namazın batini mahiyyətinin reallaşması üçün Seyid Yəhya "xüzuül-bədən" və "xüşuül-qəlb" anlayışlarını fərqləndirir. "Xüzuül-bədən" namaz zamanı bədən hərəkətlərinin tam, nizamlı və təmkinli şəkildə yerinə yetirilməsini, "xüşuül-qəlb" isə qəlbin Allahdan qeyri şeylərə bağlılığının aradan qaldırılmasını ifadə edir (yenə orada, s.177). Seyid Yəhyanın namaz haqqında mülahizələrində ibadətin zahiri və batini tərəfləri qarşılıqlı şəkildə tamamlanır. Zahiri hərəkətlərin nizamlı icrası ilə yanaşı, qəlbin diqqətinin və mənəvi yönəlişinin Allaha istiqamətləndirilməsi namazın kamil şəkildə yerinə yetirilməsinin əsas şərtlərindən biri kimi təqdim olunur. Bu yanaşma "Şifaül-Əsrar"da dini ibadətlərin zahiri qaydalarla yanaşı, onların mənəvi və əxlaqi məqsədləri də göstərilir. Seyid Yəhya namazın mahiyyətini izah edərkən onun mənəvi kamilliyi üçün zəruri hesab etdiyi əsas şərtləri də müəyyənləşdirir. "Mərifət əhli"nin fikirlərinə istinadən namazın dörd əsas ünsür vasitəsilə tamamlandığını bildirir: elm ilə başlamaq, ədəblə qiyamda durmaq, təzim və ehtiramı ədəblə yerinə yetirmək, qorxu (xof) hissi ilə namazdan çıxmaq. Bu təsnifat namazın yalnız müəyyən hərəkətlərin icrasından ibarət olmadığını, onun elmi hazırlıq, davranış mədəniyyəti, daxili təzim və mənəvi məsuliyyət kimi komponentləri də özündə birləşdirdiyini göstərir. Müəllif namaz qılmağı da xəlvətilik kimi görür, namazın həqiqətini anlayır, hərəkətləri tam sükutda icra edir: Allahdan başqa hər kəs və hər şeylə əlaqəsini kəsir - ibadət elm ilə başlayır, ədəb ilə təzim edilir.
Seyid Yəhya əsərdə zəkat, həcc, oruc, qüsl və halal kimi şəriət anlayışlarının mahiyyətini izah edir. Bu yanaşmada məqsəd yalnız həmin ibadət və dini hökmlərin zahiri qaydalarını təqdim etmək deyil, onların arxasında dayanan mənəvi məzmunu da açıqlamaqdır. Müəllif şəriət hökmlərini insanın dini-mənəvi həyatını tənzimləyən və onun davranışlarına istiqamət verən prinsiplər kimi nəzərdən keçirir. Əsərin "Mədəni-l-üxüvvə vəl-məqami fiş-şəriə" bölümündə üxüvvət, yəni din qardaşlığı anlayışına xüsusi yer ayrılır. Seyid Yəhya ibadət və əxlaqi davranış formaları arasında üxüvvətin özünəməxsus mənəvi xarakterini vurğulayır. Onun təqdimatında namaz və oruc kimi ibadətlərdə qorxu və xəbərdarlıq elementləri mövcud olduğu halda, üxüvvət münasibətinin əsasında Allahın razılığını qazanmaq məqsədi dayanır. Bu münasibətin əsasını "Haqq üçün sevmək" təşkil edir (yenə orada, s.177). Üxüvvət anlayışının dini əsası "Qurani-Kərim"in "Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də aralarında mübahisə düşən qardaşlarınızın arasını düzəldin və Allahdan qorxun ki, rəhm olunasınız" (əl-Hücurat, 10) ayəsi ilə əlaqələndirilir (yenə orada, s.178). Bu kontekstdə üxüvvət yalnız sosial münasibət anlayışı deyil, eyni zamanda dini və mənəvi dəyər kimi təqdim olunur. Möminin digər möminə münasibəti qarşılıqlı ehtiram, məhəbbət, həmrəylik və barışdırıcılıq prinsipləri əsasında qurulmalıdır. Seyid Yəhyanın şərhində din qardaşlığı, ilk növbədə, möminlərin bir-birini Allah rizası naminə sevməsi ilə səciyyələnir. Bu məhəbbət şəxsi maraqlardan və dünyəvi mənfəətlərdən asılı olmayan mənəvi münasibət kimi təqdim edilir. Əsərdə bu fikri əsaslandırmaq üçün Əbu İdris əl-Xavlani ilə Müaz ibn Cəbəl arasında baş verdiyi nəql edilən rəvayətə müraciət olunur. Rəvayətə görə, Əbu İdris əl-Xavlani Müaz ibn Cəbələ onu Allah rizası üçün sevdiyini bildirir və Müaz bu sözləri Peyğəmbərdən eşitdiyi bir hədislə əlaqələndirir (yenə orada, s.178). Həmin rəvayətdə Allah rizası üçün bir-birini sevən insanların qiyamət günündə xüsusi mənəvi məqama sahib olacaqları bildirilir. Bu şəxslərin qorxu, iztirabdan uzaq olacaqları vurğulanır və onların Allah rizası naminə bir-birini sevən insanlar olduğu qeyd edilir. Peyğəmbərdən başqa bir hədisdə: "Bir dəstə insan qiyamət günü ərşin ətrafında dayanır. Onların üzü on dörd günlük ay kimi parlayır. İnsanlar təlaş içində ikən onlar narahat deyillər. İnsanlar qorxu içində ikən onlar qorxmazlar. Onlar Allahın dostlarıdır. Heç iztirab çəkməzlər.. Onlar üçün qorxu yoxdur. Allahın Rəsulu soruşur:
- Bunlar kimdir?
Cavab gəlir:
- Onlar Allahın rizası üçün bir-birini sevənlərdir!
Allahın Rəsulu bir an susur və buyurur:
- İnsanlar bir-birlərini sevsə heç nədən qorxuları olmaz!
"Şifaül-Əsrar"da üxüvvət anlayışı yalnız insanlar arasındakı qardaşlıq münasibəti deyil, ilahi məhəbbət prinsipi ilə əsaslandırılan mənəvi birlik forması kimi təqdim edilir. Seyid Yəhyanın üxüvvət haqqında mülahizələri əsərdə nəzərdən keçirilən ibadət və şəriət məsələlərini əxlaqi münasibətlər müstəvisinə keçirir. İnsan ilə Allah arasındakı mənəvi əlaqə, eyni zamanda möminlərin bir-birinə münasibətində məhəbbət, həmrəylik və qarşılıqlı məsuliyyət prinsiplərinin formalaşması ilə tamamlanır.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
