"İpəkdən qanadlarla..." - Azər TURAN

Türk milliyyətçi şeirinin Qarabağ əsilli son böyük şairi Yavuz Bülənd Bakilərin apreldə 90 yaşı tamam oldu. Sentyabrın 28-də anım günüydü...

Azər TURAN

 

İstanbulda bir Qarabağ

 

Altı il öncə Yavuz Bülənd Bakilər barədə yazdığım "İpəkdən qanadlarla" essemdə "Ağdam əsilli böyük türk şairi Yavuz Bülənd Bakilər İstanbulda bir Qarabağdır, "Xəzərin qarşısında bardaş qurub oturmuş" qara gözlü Qarabağ isə Yavuz bəyin dədəsi Hacı Muradın dastan şəhəridir" - demişdim.

 

Xəzər indi yerə enmiş buludlar məhşəridir,

Və Qarabağ - qara gözlü bir türkmən qızı kimi -

Xəzərin qarşısında bardaş qurub oturmuş

Dədəm Hacı Muradın dastan şəhəridir.

 

Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olmuşdu. Bu sitatı isə onun "Həyat hekayəti"nə istinadən yazıram: "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər. Sivasın Gürün ilçəsində, Çarşıbaşı məhəlləsində vəfat edən və orada, bir təpə üstündə gömülən babamın dədəsi, 110 sənə yaşamış. İmzasını: "Hacı Mahmud əl Qarabaği", - deyə atıyormuş. İştə o dədəmizin tutmuş olduğu soy şəcərəmizə görə, mən 11 göbək ötəmizdəki dədələrimi biliyorum. Əldəki qeydlərə görə bilinən ilk dədəmiz: Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda doğulub yaşamışlar və orada vəfat etmişlər... Qarabağdan qalxaraq Türkiyəyə köç edən dədəmin ismi Məhəmməd Sabirdir. O dədəm, Türkiyəyə köçüncə, yaxınlarıyla birlikdə Maraş şəhərinə yerləşmişlər. Babamın anlatdığına görə, Məhəmməd Sabir dədəm şairmiş. Münacatı və Nəəti varmış. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraşda yaşamış və orada ölmüş..."

 

Sivaslı Cezmi Bakilərin oğlu

 

Yavuz bəy gözlərini "Xəzərin qarşısında bardaş qurub oturmuş" Hacı Əli Muradın Azərbaycandakı yollarından ayırmayan sivaslı Cezmi Bakilərin oğludur. "Babam Cezmi Bakilər, əski ifadəylə Rüştiyyədən məzundu, çeşidli şəhərlərimizdə Nüfus Müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə çox maraqlı bir kişiydi. Annəm 1978 yılında, babam isə 1980 yılında vəfat etdilər. İkisi də Sivas torpağında sonsuzluq uyğusundadırlar". Yavuz bəyin barəsində kitab yazmaq niyyətindəydim. Tərcümeyi-halını istəmişdim. 2008-ci ilin yanvarında gözəl xətlə yazıb göndərdiyi "Yavuz Bülent Bakilərin kendi ağzından hayat hikayesidir" adlı 8 səhifəlik əlyazma qeydlərində, "Sivas torpağında sonsuzluq uyğusundadır", - deyib keçdiyi Cezmi Bakilərin vəsiyyətini daha əvvəllər "Türküstan...Türküstan" kitabında xatırlatmışdı: "Qəbiristanda ruhuma "Quran" tilavətindən sonra, təkrar, həm mənim üçün, həm də Azərbaycan torpaqlarında yatan soydaşlarımız üçün bir fatihə ilə üç "İxlas" surəsi oxumalarını bütün camaatdan istə. Ruhum o zaman şad olacaqdır". Bakilər də Sivasda həmin məzarlıqda torpağa verildi.

 

Bakilərin anası -

"Şükrü səccadəsində çiçək açan"

Hayriyyə Bakilər

 

Yavuz Bülənd "Şükrü səccadəsində çiçək açan" bir ananın - Hayriyyə Bakilərin oğludur. "Babam, zaman-zaman evə gec saatlarda gəlirdi. Yəni rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla buluşur, axşam yeməyini dışarıda yeyər, sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə girişirdi. İştə öyləsi gecələrdə, annəm bir qaz lampası altında oturaraq, bəzən bir xirqə və ya atqı hörərək, bəzən də yırtılan corablarımızı yamayaraq babamı bəklərdi. Çocuqluğumda, bən həp yer yatağında yatardım. Yatağımı gətirib annəmin yanına və ya arxasına sərərdim. Bana masal anlatmasını istərdim. Annəmin səsi gözəldi. Anlatdığı masallar əksəriyyətlə türkülü masallardı. Bən o masalları və türküləri dinlərkən yorğanı başımın üstünə çəkərək ağlardım. Annəm, ağladığımı bildiyi halda bilməməzliyə gəlirdi. Şimdi də bənim irəli dərəcədə bir həssasiyyətim vardır. Bu həssasiyyət iştə o illərdən qalmışdır". Bu həssasiyyətidir ki, Bakilərə "unudulmuş türklüyün ceyran ürəkli törəsi"ni və doğma Qarabağı öyrətdi.

P.S. Yavuz bəy mənə bir neçəsini bu yazıda təqdim etdiyim çoxlu şəkillər də göndərmişdi və həyat hekayətindən parçaları və şəkillərdən bir qismini sonralar "Ədəbiyyat qəzeti"nin 23 yanvar 2015-ci il tarixli sayında təqdim etmişdim.

 

Müasir türk poeziyasında Qarabağa həsr olunmuş ilk şeirin müəllifi Bakilərdir

 

Bakilər çağdaş türk poeziyasında Qarabağa həsr olunmuş ilk şeirin müəllifidir. Onun "Qarabağ həsrəti" şeiri "Hisar" dərgisinin 1967-ci il yanvar sayında dərc olunub:

 

Şimdi uzaklarda kalan bir şehir vardır

Camileri yıkılmış, minareleri yarım.

Bu şehrin çilesini ben çekerim yıllardır

Hasretini ben duyarım...

 

Çağrılsam yollarına düşebilirim.

Toprağına bayraklarla girebilirim.

Karasevdalılar gibi hasretim Karabağa

Uğruna ölebilirim.

Bir gün biterse her şey Karabağı görmeden

...Üstüme okunmuş birkaç avuç mübarek

Karabağ toprağından serpilse yeter.

 

O zaman, yəni bu şeiri yazanda Bakilərin 31 yaşı vardı. Şükürlər olsun ki, Qarabağın qarasevdalısı olan Bakilər 84 yaşında Qarabağdakı zəfərimizə ürəkdən sevinə bildi. Hələ çox illər bundan qabaq, hələ sovetlər dönəmində yazmışdı ki:

 

Bir bayraq dalğalanır Ağrı dağının başında,

Və duyulur sonra bir Bozqurd səsi.

Varlığı bizdədir bayrağın, amma

Qafqaz dağlarına düşər kölgəsi...

 

Türkiyənin Azərbaycan sevgisini simvollaşdıran "Can Azərbaycan" ifadəsinin müəllifi Bakilərdir

 

Yəqin bunu çoxları bilmir, bu gün bütün Türkiyənin Azərbaycan sevgisini simvollaşdıran "Can Azərbaycan" ifadəsinin müəllifi Bakilərdir. İlk dəfə Bakilər "Can Azərbaycan" demiş və bir şairin dilindən qopan bir söz, bəlkə də bir misra bütün Türkiyəni qapsamışdır. Azərbaycan Yavuz bəyin ürəyində bir şah damardır. Kitabında ayət, bayrağında rüzgardır və məfkurəsinin adıdır:

 

Adına əl-pəncə divan durduğum

Bin yıllık karasevdamız, ilahimiz, ülkümüz

Türkülər söyləyərək içimdə gecə-gündüz

Bir çalar saat gibi kurduğum: Azərbaycan.

 

Anamın göz yaşında, kuşların kanadında

Bir iftar sofrasında, içdiyim suyun tadında

Kızımın türkü gibi güzel Aybala adında

Yıllar boyu arayıp durduğum: Azərbaycan

 

- deyən Yavuz Bülənd Bakilər Azərbaycanda tanınmağa, bəlkə də bütün çağdaş türk şairlərindən daha çox haqqı olan şairdir... Türkiyədə sırf Azərbaycan türkcəsində yazan Yavuz Büləndin dili türkolojidə yeni hadisədir. Azərbaycan və Türkiyə turkcəsinin bu qədər iç-içə gəlməsi Bakilərdən başqa heç bir şairdə təsadüf olunmur.

 

Aybalanın atası

 

Onun Azərbaycan türkcəsini türklərə daha simsar edən başqa bir tapıntısı da var. "Həyat hekayəm" adlandırdığı bioqrafik qeydlərini bu sözlərlə bitirir: "Azərbaycanda bir xitab şəkli olan "Ay bala"nı Türkiyədə isim olaraq qızına verən ilk insan mənəm. Bundan sonra, daha doğrusu, "Duvak" kitabımı qızım Aybalaya ithaf edincə, bu isim yayılmağa başladı. Alparslan Türkeş də nəvəsinə Aybala ismini qoydu. Türkiyədə Aybalalar çoxalır. Bilməm, Azərbaycanda Aybala adlı qızlarımız varmı?"

Məndəki fotolarından biri Bakilərin nişan mərasimində çəkilib. Mərasimdə Alparslan Türkeş də var və Yavuz bəy şəklə belə bir tanıtım yazıb: "23 aprel 1965 tarixində evləndim. Üzüklərimizi Alparslan Türkeş taxdı".

 

"Çox şükür, əslim də, nəslim də bəlli, Türkəm, müsəlmanam o dağlar kadar"...

 

"Ədəbiyyat qəzeti"nin 20 may 2005-ci il tarixli sayında Yavuz Bülənd Bakilər barədə "Çox şükür, əslim də, nəslim də bəlli, Türkəm, müsəlmanam o dağlar kadar" adlı məqalə yazmışdım. Yazı Selcuk Karakılıcın 2006-cı ildə İstanbulda nəşr olunmuş "Yavuz Bülent Bakilere Armağan" kitabında da yer almışdı. Həmin yazıda "Biz hələ Azərbaycanın bütövlük davasını, milli mənlik mücadiləsini verməmişik. Və bizim milliyyətçiliyimiz, bəzilərinin iddia etdiyi kimi, erməni milliyyətçiliyinə deyil, əksinə, bəzən heç yerinə düşməyən beynəlmiləlçiliyimiz ermənilərin davamlı millətçiliyinə yenilib. Qarabağın qurtuluşu heç vaxt milliyyətçi ovqatın oyanışından kənarda baş verməyəcək, savaşımızın məhvərində milli varlıq amili dayanacaqsa, zəfər bizim olacaq".

14 il sonra məhz türk ruhunun şahlanışı ilə Qarabağda Azərbaycanın zəfər bayraqları dalğalandı...

 

"Bayraq" şairi Arif Nihat Asyanın Bakilərə dedikləri:

"Dilimizin qaynağı Azərbaycan torpağıdır... Gələnəklərimizin, görənəklərimizin qaynağı Azərbaycandır..."

 

Bakilər nəinki Azərbaycanla Türkiyəni birləşdirən bağların ən etibarlılarından idi, bəzi məqamlarda, hətta aşırı azərbaycançılıq edir, məsələn, Arif Nihat Asya ilə söhbətində Asyanın dilindən çıxan bu sözləri təshih etmədən tirajlayırdı: "Şəms Təbrizinin də, Mevlananın da Azəri olması lazım gəlir. Zatən, bizim Peyğəmbərimizin də Azəriliklə əlaqəsi var... Peyğəmbərimizin neçənci babası olan Hz. İbrahimin ləqəbi Azər idi". Bunu "Bayraq" şairi Arif Nihat Asya Yavuz Bülənd Bakilərlə söhbətində deyir: "Zatən, bizim Peyğəmbərimizin də Azəriliklə əlaqəsi var... Mevlananın Azəri olması lazım gəlir" və s. Başqa bir yerdə, yenə də Yavuz bəylə söhbətində Asya "Dilimizin qaynağı Azərbaycan torpağıdır... Gələnəklərimizin, görənəklərimizin qaynağı Azərbaycandır" - söyləyir. Bakilərin "Arif Nihat Asya ihtişamı" kitabından gətirdiyim bu sitatları Türkiyədə qatıldığım bütün konfranslarda ayrıca xatırladıram.

 

"Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiri

 

1986-cı ildə "Türk edebiyatı" dərgisində çap olunan və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi "Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiri Türkiyənin Azərbaycan oriyentasiyasını bəlirləyən və Azərbaycanla bağlı Türkiyədə yazılmış ilk poetik mətn kimi unudulmaz oldu. 1967-ci ildə "Hisar" dərgisində çap olunmuş "Qarabağ həsrəti" şeiri ilə Qarabağ türk poeziyasına necə daxil olmuşdusa, 1986-cı ildə yazdığı "Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiriylə də türk poeziyasında ilk dəfəydi ki, Azərbaycan poetik sözün ayrıca predmetinə çevrilirdi:

 

Kuşluk vaktine kadar geceler boyu

Savrularak okuduğum yine Şehriyar.

Ala ceylanlara benzer hep Azeri türküler

Dinlediğim tar.

Ayrılmaz başımdan, bırakmaz beni artık

Selamsız, sabahsız bir efkar.

Ve yüreğim bin yıllık destanlarla tutuşur.

Büyür Azerbaycan kadar!

Azerbaycan: Dedem Korkut şafağı

Mübarek dilimi süt gibi sağar.

Bazen rüzgar olur iliklerimde

Bazen yağmur gibi üstüme yağar.

Götür beni Aras, al beni Hazar!

Türkü Türkten başka şimdi kim anlar.

Yaram derin, melhemim yok, vaktim dar

Bir destan yazar gibi yaz beni Anar!

Duy beni, Bahtiyar! Duy beni, Şahmar!

Geçen zaman üstüne, dökülen kan üstüne

Kılıç-kalkan üstüne

Ve ağzı köpüren yeleli atlar üstüne

Benim bir yeminim var:

Azerbaycan yüreğimde bir şahdamardır

Ben Yakub gibiyim uzun yıllardır.

Onda Yusufumun kokusu vardır.

Ve hasreti gönlümde büyük

Türkistan kadardır.

Ayettir kitabımda, bayrağımda rüzgardır

Azerbaycan yüreğimde bir şahdamardır.

Şimdi Azerbaycanda mevsim bahardır

Ama türküleri yine, baştan başa efkardır...

Düşlerime yağan kardır.

Boynu bükük bir diyardır!..

Yardır...

Azerbaycan yüreğimde bir şahdamardır.

 

Türkiyə ilə Azərbaycanın və Türküstanın təəssübünü fərq qoymadan çəkə biləcək qədər qeyri-adi türk - Bakilər

 

O, hələ SSRİ zamanlarında Türkiyə ilə Azərbaycanın və Türküstanın təəssübünü bir yerdə və fərq qoymadan çəkə biləcək qədər qeyri-adi türk idi. 1986-cı ildə Kültür Bakanlığı Müstəşar Yardımçısı kimi getdiyi Taşkənt Film Festivalından sonra yazdığı "Türküstan... Türküstan" kitabında Əmir Teymurla bağlı düşüncələri hələ zaman-zaman ibrətlə oxunacaq. Teymuranə sevgisi və düşüncəsiylə Yavuz bəy Namik Kamalın deyil, İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin və Hüseyn Cavidin varisidir.

 

"11-ci Xəzər şeir axşamları"nda görüşümüz

 

Şəxsi kitabxanamın rəflərində Yavuz Bülənd Bakilərin bütün kitabları var. Hamısı da avtoqrafla. İyirmi iki il öncə mənim üçün İstanbuldan Bakıya gətirdiyi iyirmi beş kitabı da yanaşı düzmüşəm. Burda, eyni zamanda avtoqrafla onun özünə bağışlanmış kitablar da var. Məsələn, Ahmet Kabaklının çoxlu kitabları ilə yanaşı, Yavuz bəyə bağışladığı "Sultanü`ş-Şuara" Necip Fazıl" kitabı: "Sevgili Yavuz Bülent beye, bir ustaddan bir genc ustaya şiirli armağan". Nəcip Fazil Kısakürəyin, Nihat Sami Banarlının, Arif Nihat Asyanın... kitabları, osmanlı tarixindən bəhs edən çox qiymətli kitablar...

Həmin iyirmi beş kitabın tarixçəsini yazmaq istəyirəm. 2004-cü il 10 aprel. "11-ci Xəzər şeir axşamları"nda iştirak etmək üçün Bakilər Bakıya gəlib. Təyyarədən enən kimi elə hava limanındaca onu qarşılayan dostum Elçin İsgəndərzadəyə mənimlə görüşmək istədiyini deyib (bu barədə sonra biləcəm. İndi isə təfsilata varmıram)... Çiskinli bir gecədə görüşdük. "Elit" otelinin foyesində Bəkir Sıtkı Ərdoğana "Bekir bey, Azer Turan ismini duydunmu?" Ərdoğan: "Hayır, əfəndim, heç duymadım", - dedi. Ərklə, "Duymadınsa duy ve unutma", - dedi. Bəkir Sıtkı mütəvazi bir səslə: "Nasıl əmr edərsiniz, əfəndim", - dedi. Bizi belə tanış etdi. Sonra üçümüz bir yerdə şəkil çəkdirdik. Mənəm, Bakilərdir və nur topasına bənzəyən Bəkir Sıtkı Ərdoğandır. Zəki Mürenin ifasından tanıdığımız əfsanəvi "Min bir gecə"nin - "Hançı"nın müəllifi.

 

Qürbətdən gəlmişim, yorğunum hançı,

Şuraya bir yatak sər yavaş-yavaş.

Aman qaranlığı görməsin gözüm,

Bəyaz pərdələri gər, yavaş-yavaş...

 

"Elit"də gecədən keçmişə qədər davam edən söhbətimiz və sonrası...

 

Sonra ikinci mərtəbədəki otağa qalxdıq. Ərdoğan nazikcə üzr istəyib yatağına girdi. Yorğanı başının üstünə çəkdi. Bu, həmin Bəkir Sıtkıdır. İllər öncəsi, yolların, sərhədlərin qapalı olduğu çağlarda gecələr yorğanı başıma çəkib, "VEF" radiosunda Zəki Mürenin ifasında dinlədiyim "Hançı"nın müəllifi Ərdoğan... Əfsanə bu qədər yaxınımda idi...

Biz isə Bakilərlə gecədən keçmişə qədər qəhvə içib söhbət etdik. Türk birliyindən danışdıq; ortaq ədəbiyyatımızın Füzuli, Mehmet Akif, Cavid kimi dəyərləri barədə fikir bölüşdük...

- Sənə kitablar gətirmişəm, bunlar çox qiymətli kitablardır, - deyib otağın bir küncündə yığılmış kitablara işarə etdi. Təyyarədən enən kimi onu qarşılayan Elçin İsgəndərzadədən məni soruşduğunu dedi.

İyirmi beş kitabı Yavuz bəy mənə nə üçün gətirmişdi?

- Sənin "İrfan çobanı" kitabını oxumuşam. Nəfis bir kitabdır. Düşündüm ki, bu kitabları da oxusan, yararlı olar... Heyrətlənmişdim. Kitabımı oxumuşdu. Xüsusən, kitabda Mehmet Akif Ərsoy barədə yazdığım "Acıyın əldəki yurda" essemi təqdir edərək, "Sovet gerçəkliyində böyümüş biri bunu nasıl yaza bildi?" - dedi...

- Biz sovet dönəmində böyüsək də, müsəlman-türk olaraq yaşadıq, Yavuz bəy... Sizin bir kitabınız mənim dünyagörüşümü dəyişdi.

- Hanki kitabım?

- "Üsküpdən Kosovaya".

- Oxumusanmı?

- Əvət.

- Nə zaman?

- Dediyiniz həmin sovetlər dönəmində.

- Öyləmi? Nerədən buldun?

- Bəxtiyar Vahabzadə vermişdi babama.

- Nədən babanıza vermişdi?

- Olurdu belə. Sizin də, Niyazi Yıldırımın da bütün kitablarını babama vermişdi. Hətta sizin onun üçün imzaladığınız "Üsküpdən Kosovaya"nın üzərinə belə sözlər də yazmışdı: "Türk yazıçısı Bakilərin kitabını sənə təqdim etməklə xoşbəxtəm"...

Həmin kitabdan Üsküp, Kosova barədə öyrəndiklərimi, Ərzurumlu Aşıq Qəhrəmanın erməni məzalimi barədə yazdığı müdhiş şeiri heç unutmadım. 1981-ci ildə İnstitutun birinci kursundaykən, bəlkə də bir neçə dəfə təkrar oxuduğum o kitabı SSRİ-nin mahiyyətini, erməni qəddarlığının miqyasını anladan ilk açıq mətn kimi hafizəmə köçürdüm. "Həyat hekayəm" yazısından isə öyrəndim ki, "Üsküpdən Kosovaya" elə həmin illərdə Yüksək Öyrətim Kurulu tərəfindən Türkiyənin bütün universitetlərinə tövsiyə olunubmuş...

Mənə hər yeni kitabını göndərərdi. Ya Məmməd Aslandan, ya özünə çox əziz bildiyi Səadət Qarabağlıdan, ya Elçin İsgəndərzadədən, ya Xanəmirdən... İndi o kitabları vərəqləyirəm.

İlk görüşümüzdə şeirlər kitabı "Harman"a bu sözləri yazdı: "Muhterem Azer Turan kardeşime hayranlıkla... Yavuz Bülent Bakiler. 11.4. 2004"

"Gedənlərin ardından" kitabına isə bunu yazıb: "Hatırasını ebediyen unutmayacağım sevgili kardeşim, aziz dostum, Turan idealinin yolçusu Azer Turana yüregimin sesiyle. 26.5.2006. Yavuz Bülent Bakiler. İstanbul"

"Yavuz Bülent Bakilere Armağan" kitabına baxıram: "Özü özümden, sözü-sözümden Azer Turan kardeşime Turan ülküsü ve sevgisiyle. 7.7. 2006. Bakiler".

Hər kitabda belə isti, doğma avtoqraflar... "Sözün doğrusu" kitabının iki cildi, "Gönlümdekiler ve Ötekiler", "Unutamadıklarım", Üsküpden Kosovaya", "Türküstan... Türküstan", "Arif Nihat Asya İhtişamı", "Azerbaycan yüregimde bir şahdamardır", "1944-1945. Irkçılık-Turançılık davasında Sorgular Savunmalar", "Yavuz Bülent Bakilere Armağan" kitabı...

 

Turançı Bakilər

 

"1950-ci ildən bəri Turançılıq düşüncəsiylə yaşayıram" - deyən Bakilərin Turana yönəlmiş düşüncə çevrəsində Azərbaycanın yeri Türkiyə qədər əziz, Səmərqəndin yeri Krım qədər munis, Üsküpün yeri Kərkük qədər doğmadır... Bakilər Turan məfkurəsinin romantiki idi və türk poeziyasında ən şaqraq "Turan" şeirlərindən birini o yazmış, on iki bəndlik şeirə Turanın bütün coğrafiyasını və tarixini sığdıra bilmişdi. Həm də bunu şeirin estetikasında qarğaşaya yer vermədən etmişdi:

 

Yüz illərdən bəridir Altaylardan Tunaya

Bizim türkülərimizdir söylənən.

Danışılan dil bizim dilimizdir,

Rəng-rəng, naxış-naxış uzanan torpaq deyildir,

Kilimlərimizdir...

 

Bizim türkülərimizdə qürbət var artıq,

Həsrət var, ürək var, torpaq var, balam.

Könlümüzü sımsıcaq alan torpaqlar

Tanrı Dağlarına qədər Bismillahlarla uzanar

Kim demiş vətənimiz Ədirnədən Qarsa kadar...

 

Türk poeziyasında ən gözəl sevgi şeirlərindən biri - Bakilərin "Şaşırdım kaldım işte" şeiri

 

Və bir də... ənənəçi və milliyyətçi Bakilərin mistik halələrə bürünmüş "Şaşırdım kaldım işte" adlı sevgi şeiri. Bakilərin könül şeirlərinin ən gözəli. Bu şeiri poetik içəriyinə, estetik cazibəsinə görə Cemal Süreyanın ən gözəl eşq şeirləri ilə qiyaslandırıram. Bəlkə də yanılıram, amma Bakilərin şeirini Cemal Süreyanın "Ölkə" şeiri ilə yanaşı qoyub, onları müqayisəli oxumaq da olar. Bakilər eşqin və sevgilinin "üfüq cizgisindən sonsuzluq dairəsinə" qədər yayılmış gözlənilməz obrazını yaradıb. Bu, Bakilərin ədəbiyyat estetikasıdır. Tutaq ki, Cemal Süreyada sevgilidirmi, ölkədirmi, bədəndirmi, ərzdirmi, ayırd etmək mümkün olmadığı kimi, Bakilərdə də təxminən, belədir. Amma "Şaşırdım kaldım, iştə" şeirindəki sonsuzluq dairəsi, təbii ki, sevgilidir. Bunu özündən də soruşmuşdum. Sevgilidir, demişdi.

 

Sözde, senden kaçıyorum dolu dizgin atlarla.

Bazen sessiz sedasız ipekten kanatlarla.

Ama sen hep bin yıllık bilenmiş inatlarla,

Karşıma çıkıyorsun en serin imbatlarla,

Adını yazıyorsun bulduğun fırsatlarla,

Yüreğimin başına noktalarla... Hatlarla...

Baş başa kalıyorum sonunda heyhatlarla.

Sözde, senden kaçıyorum dolu dizgin atlarla.

Ne olur, bir gün beni kapında olsun dinle.

 

Öldür bendeki beni... Sonra dirilt kendinle!

Çarpsan kara sevdayı en azından yüzbinle...

Nasıl bağlandığımı anlarsın kemendinle...

Kaç defa çıkıp gittim buralardan yeminle...

Ama her defasında geri döndüm SENİNLE...

Hangi düğüm çözülür... Nazla... Sitemle... Kinle...

Ne olur, bir gün beni, kapında olsun dinle...

Şaşırdım kaldım işte, bilmem ki n'emsin..?

Bazen kız kardeşimsin... Bazen öpöz annemsin...

Sultanımsın susunca, konuşunca kölemsin...

Eksilmeyen çilemsin...

Orada ufuk çizgim, burda yanım yöremsin...

Beni ruh gibi saran sonsuzluk dairemsin...

Çaresizim... Çaremsin...

Şaşırdım kaldım işte bilmem ki n'emsin...

 

Bakilərlə son telefon söhbətimiz

 

"Camiləri yıxılmış, minarələri yarım" Ağdam işğaldan azad olunanda "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər", - deyən Yavuz Bülənd Bakiləri xatırladım...

Ertəsi gün İstanbula, Yavuz bəyə zəng vurdum. Səsi gümrah idi: - Göz yaşlarıma hakim ola bilmədim... Əgər Qarabağı ziyarət etmək mənə nəsib olmazsa, sənə bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib səpərsən...

- Çox yaşayın, Yavuz bəy, - demişdim. İnşallah, gələn il özünüzün iştirakınızla sizin 85 illiyiniz Ağdamda qeyd edilər. Sizin buna hamıdan daha artıq haqqınız çatır. Siz ki, 53 il əvvəl "Bir gelen olsaydı Karabağımdan / Gider ayaklarına gözlerimi sürerdim", - deyən Yavuz Büləndsiniz... Sizin həsrətinizin yaşı daha qədimdir...

 

***

Bakilərdən başqa kimin belə həsrəti olub ki... Heç kimin...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!