Azər TURAN
Sentyabrın əvvəlində İstanbuldan İbrahim Yıldırımın, ayın sonunda isə Yavuz Bülənd Bakilərin qara xəbərləri gəldi. İkisi də Türkiyədə bir parça Azərbaycan idi. Biri Qərbi Azərbaycan, biri Qarabağ...
Beş il öncə Yavuz Bülənd barədə yazdığım "İpəkdən qanadlarla" essemdə də bu fikri bölüşmüşdüm: Ağdam əsilli böyük türk şairi Yavuz Bülənd Bakilər İstanbulda bir Qarabağdır. "Xəzərin qarşısında bardaş qurub oturmuş" qara gözlü Qarabağ isə Yavuz bəyin dədəsi Hacı Muradın dastan şəhəridir:
Xəzər indi yerə enmiş buludlar məhşəridir,
Və Qarabağ - qara gözlü bir türkmən qızı kimi -
Xəzərin qarşısında bardaş qurub oturmuş
Dədəm Hacı Muradın dastan şəhəridir.
Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olmuşdu. Bu sitatı isə onun "Həyat hekayəti"nə istinadən yazıram: "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər. Sivasın Gürün ilçəsində, Çarşıbaşı məhəlləsində vəfat edən və orada, bir təpə üstündə gömülən babamın dədəsi, 110 sənə yaşamış. İmzasını: "Hacı Mahmud əl Qarabaği", - deyə atıyormuş. İştə o dədəmizin tutmuş olduğu soy şəcərəmizə görə, mən 11 göbək ötəmizdəki dədələrimi biliyorum. Əldəki qeydlərə görə bilinən ilk dədəmiz: Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda doğulub yaşamışlar və orada vəfat etmişlər... Qarabağdan qalxaraq Türkiyəyə köç edən dədəmin ismi Məhəmməd Sabirdir. O dədəm, Türkiyəyə köçüncə, yaxınlarıyla birlikdə Maraş şəhərinə yerləşmişlər. Babamın anlatdığına görə, Məhəmməd Sabir dədəm şairmiş. Münacatı və Nəəti varmış. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraşda yaşamış və orada ölmüş..."
Yavuz Bülənd "Şükrü səccadəsində çiçək açan" bir ananın - Hayriyyə Bakilərin oğludur. "Babam, zaman-zaman evə gec saatlarda gəlirdi. Yəni rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla buluşur, axşam yeməyini dışarıda yeyər, sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə girişirdi. İştə öyləsi gecələrdə, annəm bir qaz lampası altında oturaraq, bəzən bir xirqə və ya atqı hörərək, bəzən də yırtılan corablarımızı yamayaraq babamı bəklərdi. Çocuqluğumda, bən həp yer yatağında yatardım. Yatağımı gətirib annəmin yanına və ya arxasına sərərdim. Bana masal anlatmasını istərdim. Annəmin səsi gözəldi. Anlatdığı masallar əksəriyyətlə türkülü masallardı. Bən o masalları və türküləri dinlərkən yorğanı başımın üstünə çəkərək ağlardım. Annəm, ağladığımı bildiyi halda bilməməzliyə gəlirdi. Şimdi də bənim irəli dərəcədə bir həssasiyyətim vardır. Bu həssasiyyət iştə o illərdən qalmışdır".
Bu həssasiyyətidir ki, Bakilərə "unudulmuş türklüyün ceyran ürəkli törəsi"ni və doğma Qarabağı öyrətdi.
"Ədəbiyyat qəzeti"nin 20 may 2005-ci il tarixli sayında Yavuz Bülənd Bakilər barədə "Çox şükür, əslim də, nəslim də bəlli, Türkəm, müsəlmanam o dağlar kadar" adlı məqalə yazmışdım. Yazı Selcuk Karakılıcın 2006-cı ildə İstanbulda nəşr olunmuş "Yavuz Bülent Bakilere Armağan" kitabında da yer almışdı. Həmin yazıda "Biz hələ Azərbaycanın bütövlük davasını, milli mənlik mücadiləsini verməmişik. Və bizim milliyyətçiliyimiz, bəzilərinin iddia etdiyi kimi, erməni milliyyətçiliyinə deyil, əksinə, bəzən heç yerinə düşməyən beynəlmiləlçiliyimiz ermənilərin davamlı millətçiliyinə yenilib. Qarabağın qurtuluşu heç vaxt milliyyətçi ovqatın oyanışından kənarda baş verməyəcək, savaşımızın məhvərində milli varlıq amili dayanacaqsa, zəfər bizim olacaq".
14 il sonra məhz türk ruhunun şahlanışı ilə Qarabağda Azərbaycanın zəfər bayraqları dalğalandı...
Bakilər çağdaş türk poeziyasında Qarabağa həsr olunmuş ilk şeirin müəllifidir. Onun "Qarabağ həsrəti" şeiri "Hisar" dərgisinin 1967-ci il yanvar sayında dərc olunub:
Şimdi uzaklarda kalan bir şehir vardır
Camileri yıkılmış, minareleri yarım.
Bu şehrin çilesini ben çekerim yıllardır
Hasretini ben duyarım...
Çağrılsam yollarına düşebilirim.
Toprağına bayraklarla girebilirim.
Karasevdalılar gibi hasretim Karabağa
Uğruna ölebilirim.
Bir gün biterse her şey Karabağı görmeden
...Üstüme okunmuş birkaç avuç mübarek
Karabağ toprağından serpilse yeter.
O zaman, yəni bu şeiri yazanda Bakilərin 31 yaşı vardı. Yaxşı ki, Qarabağın qarasevdalısı olan Bakilər 84 yaşında Qarabağdakı zəfərimizə ürəkdən sevinə bildi. Hələ çox illər bundan qabaq, hələ sovetlər dönəmində yazmışdı ki:
Bir bayraq dalğalanır Ağrı dağının başında,
Və duyulur sonra bir Bozqurd səsi.
Varlığı bizdədir bayrağın, amma
Qafqaz dağlarına düşər kölgəsi...
Çox gözəldir, deyilmi? Bakilərlə bağlı o qədər gözəl məqamlar var ki... Yəqin bunu çoxları bilmir, bu gün bütün Türkiyənin Azərbaycan sevgisini simvollaşdıran "Can Azərbaycan" ifadəsinin müəllifi Bakilərdir. İlk dəfə Bakilər "Can Azərbaycan" demiş və bir şairin dilindən qopan bir söz - bəlkə də bir misra bütün Türkiyəni qapsamışdır. Azərbaycan Yavuz bəyin ürəyində bir şah damardır. Kitabında ayət, bayrağında rüzgardır və məfkurəsinin adıdır:
Adına əl-pəncə divan durduğum
Bin yıllık karasevdamız, ilahimiz, ülkümüz
Türkülər söyləyərək içimdə gecə-gündüz
Bir çalar saat gibi kurduğum: Azərbaycan.
Anamın göz yaşında, kuşların kanadında
Bir iftar sofrasında, içdiyim suyun tadında
Kızımın türkü gibi güzel Aybala adında
Yıllar boyu arayıp durduğum: Azərbaycan
- deyən Yavuz Bülənd Bakilər Azərbaycanda tanınmağa, bəlkə də bütün çağdaş türk şairlərindən daha çox haqqı olan şairdir... Elə burdaca bir qeyd edim ki, Türkiyədə sırf Azərbaycan türkcəsində yazan böyük türk şairi Yavuz Büləndin dili türkolojidə yeni hadisədir. Azərbaycan və Türkiyə türkcəsinin bu qədər iç-içə gəlməsi Bakilərdən başqa heç bir şairdə təsadüf olunmur.
Bakilərin Azərbaycanla bağlantısı bununla da bitmir. Onun Azərbaycan türkcəsini türklərə daha simsar edən başqa bir tapıntısı da var: "Azərbaycanda bir xitab şəkli olan "Ay bala"nı Türkiyədə isim olaraq qızına verən ilk insan mənəm. Bundan sonra, daha doğrusu, "Duvak" kitabımı qızım Aybalaya ithaf edincə, bu isim yayılmağa başladı. Alparslan Türkeş də nəvəsinə Aybala ismini qoydu. Türkiyədə Aybalalar çoxalır. Bilməm, Azərbaycanda Aybala adlı qızlarımız varmı?"
Məndəki fotolarından biri Bakilərin nişan mərasimində çəkilib. Mərasimdə Alparslan Türkeş də var və Yavuz bəy şəklə belə bir tanıtım yazıb: "23 aprel 1965 tarixində evləndim. Üzüklərimizi Alparslan Türkeş taxdı". Başqa bir şəkildə Süleyman Dəmirəllə bir yerdədir. İndi isə, yəni bu gün sentyabrın 29-da onun hüznlü xəbərinə Türkiyənin Cümhurbaşqanı Rəcəp Tayyip Erdoğan təziyə sözləri yazıb: "Nice güzel şiiri, hatırayı, seyahatnameyi, biyografiyi, mektup tarzında kaleme aldığı eşsiz eseri edebiyatımıza armağan eden Cümhurbaşkanlığı Kültür ve Sanat Büyük Ödülü sahibi Yavuz Bülent Bakiler'in vefatından derin üzüntü duydum. Merhum Bakiler'e Allah'tan rahmet diliyor, ailesine, dostlarına ve edebiyat camiamıza başsağlığı dileklerimi iletiyorum. Rabb'im mekanını cennet eylesin."
O, türk poeziyasında Nihal Atsızla başlayıb, Arif Nihat Asya ilə davam edən silsilənin son iki böyük şairindən biriydi. Niyazi Yıldırım Gəncosmanoğlunu Qarabağ işğal olunduğu ərəfədə itirdik. Yavuz Bülənd Bakilər isə, şükür ki, Qarabağın işğaldan azad olunduğu günlərə şahid oldu...
Bakilər nəinki Azərbaycanla Türkiyəni birləşdirən bağların ən etibarlılarından idi, bəzi məqamlarda, hətta aşırı azərbaycançılıq edir, məsələn, Arif Nihat Asya ilə söhbətində Asyanın dilindən çıxan bu sözləri təshih etmədən tirajlayırdı: "Şəms Təbrizinin də, Mevlananın da Azəri olması lazım gəlir. Zatən, bizim Peyğəmbərimizin də Azəriliklə əlaqəsi var... Peyğəmbərimizin neçənci babası olan Hz. İbrahimin ləqəbi Azər idi". Bunu "Bayraq" şairi Arif Nihat Asya Yavuz Bülənd Bakilərlə söhbətində deyir: "Zatən, bizim Peyğəmbərimizin də Azəriliklə əlaqəsi var... Mevlananın Azəri olması lazım gəlir" və s. Başqa bir yerdə, yenə də Yavuz bəylə söhbətində Asya "Dilimizin qaynağı Azərbaycan torpağıdır... Gələnəklərimizin, görənəklərimizin qaynağı Azərbaycandır" - söyləyir. Bakilərin "Arif Nihat Asya ihtişamı" kitabından gətirdiyim bu sitatları Türkiyədə qatıldığım bütün konfranslarda ayrıca xatırladıram.
1986-cı ildə "Türk edebiyatı" dərgisində çap olunan və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi manifest səviyyəli "Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiri isə Türkiyənin Azərbaycan oriyentasiyasını bəlirləyən və Azərbaycanla bağlı Türkiyədə yazılmış ilk poetik mətn kimi unudulmaz oldu. 1967-ci ildə "Hisar" dərgisində çap olunmuş "Qarabağ həsrəti" şeiri ilə Qarabağ türk poeziyasının obrazlar sisteminə necə daxil olmuşdusa, 1986-cı ildə yazdığı "Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiriylə də türk poeziyasında ilk dəfəydi ki, Azərbaycan poetik sözün ayrıca predmetinə çevrilirdi:
Kuşluk vaktine kadar geceler boyu
Savrularak okuduğum yine Şehriyar.
Ala ceylanlara benzer hep Azeri türküler
Dinlediğim tar.
Ayrılmaz başımdan, bırakmaz beni artık
Selamsız, sabahsız bir efkar.
Ve yüreğim bin yıllık destanlarla tutuşur.
Büyür Azerbaycan kadar!
Azerbaycan: Dedem Korkut şafağı
Mübarek dilimi süt gibi sağar.
Bazen rüzgar olur iliklerimde
Bazen yağmur gibi üstüme yağar.
Götür beni Aras, al beni Hazar!
Türkü Türkten başka şimdi kim anlar.
Yaram derin, merhemim yok, vaktim dar
Bir destan yazar gibi yaz beni Anar!
Duy beni Bahtiyar! Duy beni Şahmar!
Geçen zaman üstüne, dökülen kan üstüne
Kılıç-kalkan üstüne
Ve ağzı köpüren yeleli atlar üstüne
Benim bir yeminim var:
Azerbaycan yüreğimde bir şahdamardır
Ben Yakub gibiyim uzun yıllardır.
Onda Yusufumun kokusu vardır.
Ve hasreti gönlümde büyük
Türkistan kadardır.
Ayettir kitabımda, bayrağımda rüzgardır
Azerbaycan yüreğimde bir şahdamardır.
Şimdi Azerbaycanda mevsim bahardır
Ama türküleri yine, baştan başa efkardır...
Düşlerime yağan kardır.
Boynu bükük bir diyardır!..
Yardır...
Azerbaycan yüreğimde bir şahdamardır.
***
Yavuz bəy gözlərini "Xəzərin qarşısında bardaş qurub oturmuş" Hacı Əli Muradın Azərbaycandakı yollarından ayırmayan sivaslı Cezmi Bakilərin oğludur. "Babam Cezmi Bakilər, əski ifadəylə Rüştiyyədən məzundu, çeşidli şəhərlərimizdə Nüfus Müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə çox maraqlı bir kişiydi. Annəm 1978 yılında, babam isə 1980 yılında vəfat etdilər. İkisi də Sivas torpağında sonsuzluq uyğusundadırlar".
Yavuz bəyin barəsində kitab yazmaq niyyətindəydim. Tərcümeyi-halını istəmişdim. 2008-ci ilin yanvarında gözəl xətlə yazıb göndərdiyi "Yavuz Bülent Bakilərin kendi ağzından hayat hikayesidir" adlı 8 səhifəlik əlyazma qeydlərində, sadəcə "Sivas torpağında sonsuzluq uyğusundadır", - deyib keçdiyi Cezmi Bakilərin vəsiyyətini daha əvvəllər "Türküstan...Türküstan" kitabında xatırlatmışdı: "Qəbiristanda ruhuma "Quran" tilavətindən sonra, təkrar, həm mənim üçün, həm də Azərbaycan torpaqlarında yatan soydaşlarımız üçün bir fatihə ilə üç "İxlas" surəsi oxumalarını bütün camaatdan istə. Ruhum o zaman şad olacaqdır".
Bu gün Bakilər də Sivasda həmin məzarlıqda torpağa verildi.
Yavuz bəy "Yavuz Bülent Bakilərin kendi ağzından hayat hikayesidir" adlı səkkiz səhifəlik yazıyla birgə mənə bir neçəsini bu yazıda təqdim etdiyim çoxlu şəkillər də göndərmişdi və həyat hekayətindən parçaları və şəkillərdən bir qismini sonralar "Ədəbiyyat qəzeti"nin 23 yanvar 2015-ci il tarixli sayında təqdim etmişdim.
***
O, Osmanlı ilə Türküstanın təəssübünü bir yerdə və fərq qoymadan çəkə biləcək qədər qeyri-adi türkdür. 1986-cı ildə "Türküstan... Türküstan" kitabında Əmir Teymurla bağlı yazdıqları hələ zaman-zaman ibrətlə oxunacaq. Teymuranə sevgisi və düşüncəsiylə Yavuz bəy Namik Kamalın deyil, İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin və Hüseyn Cavidin varisidir.
Şəxsi kitabxanamın rəflərində Yavuz Bülənd Bakilərin bütün kitabları var. Hamısı da avtoqrafla. İyirmi il öncə mənim üçün İstanbuldan Bakıya gətirdiyi iyirmi beş kitabı da yanaşı düzmüşəm. Burda, eyni zamanda avtoqrafla onun özünə bağışlanmış kitablar da var. Məsələn, Kabaklının çoxlu kitabları ilə yanaşı, Yavuz bəyə bağışladığı "Sultanüş-Şuara" Necip Fazıl" kitabı: "Sevgili Yavuz Bülent beye, bir ustaddan bir genc ustaya şiirli armağan". Nəcip Fazil Kısakürəyin, Nihat Sami Banarlının, Arif Nihat Asyanın... kitabları, osmanlı tarixindən bəhs edən çox qiymətli kitablar...
Həmin iyirmi beş kitabın tarixçəsini yazmaq istəyirəm. 2004-cü il 10 aprel. "11-ci Xəzər şeir axşamları"nda iştirak etmək üçün Bakilər Bakıya gəlib. Təyyarədən enən kimi elə hava limanındaca onu qarşılayan dostum Elçin İsgəndərzadəyə mənimlə görüşmək istədiyini deyib (Bu barədə sonra biləcəm. İndi isə təfsilata varmıram)... Çiskinli bir gecədə görüşdük. "Elit" otelinin foyesində Bəkir Sıtkı Ərdoğana "Bekir bey, Azer Turan ismini duydunmu?" Ərdoğan: "Hayır, əfəndim, heç duymadım". Ərklə, "Duymadınsa duy ve unutma", - deyə əlavə etdi. Bəkir Sıtkı mütəvazi bir səslə: "Nasıl əmr edərsiniz, əfəndim", - dedi. Bizi belə tanış etdi. Sonra üçümüz bir yerdə şəkil çəkdirdik. Mənəm, Bakilərdir və nur topasına bənzəyən Bəkir Sıtkı Ərdoğandır. Zəki Mürenin ifasından tanıdığımız əfsanəvi "Min bir gecə"nin - "Hançı"nın müəllifi.
Qürbətdən gəlmişim, yorğunum hançı,
Şuraya bir yatak sər yavaş-yavaş.
Aman qaranlığı görməsin gözüm,
Bəyaz pərdələri gər, yavaş-yavaş...
Sonra ikinci mərtəbədəki otağa qalxdıq. Ərdoğan nazikcə üzr istəyib yatağına girdi. Yorğanı başının üstünə çəkdi. Bu, həmin Bəkir Sıtkıdır. İllər öncəsi, yolların, sərhədlərin qapalı olduğu çağlarda gecələr yorğanı başıma çəkib, "VEF" radiosunda Zəki Mürenin ifasında dinlədiyim "Hançı"nın müəllifi Ərdoğan... Əfsanə bu qədər yaxınımda idi...
Biz isə Bakilərlə gecədən keçmişə qədər qəhvə içib söhbət etdik. Türk birliyindən danışdıq; ortaq ədəbiyyatımızın Füzuli, Mehmet Akif, Cavid kimi dəyərləri barədə fikir bölüşdük...
- Sənə kitablar gətirmişəm, bunlar çox qiymətli kitablardır, - deyib otağın bir küncündə yığılmış kitablara işarə etdi. Təyyarədən enən kimi onu qarşılayan Elçin İsgəndərzadədən məni soruşduğunu dedi.
İyirmi beş kitabı Yavuz bəy mənə nə üçün gətirmişdi?
- Sənin "İrfan çobanı" kitabını oxumuşam. Nəfis bir kitabdır. Düşündüm ki, bu kitabları da oxusan, yararlı olar... Heyrətlənmişdim. Kitabımı oxumuşdu. Xüsusən, kitabda Mehmet Akif Ərsoy barədə yazdığım "Acıyın əldəki yurda" essemi təqdir edərək, "Sovet gerçəkliyində böyümüş biri bunu nasıl yaza bildi?" - dedi...
- Biz sovet dönəmində böyüsək də, müsəlman-türk olaraq yaşadıq, Yavuz bəy... Sizin bir kitabınız mənim dünyagörüşümü dəyişdi.
- Hanki kitabım?
- "Üsküpdən Kosovaya".
- Oxumusanmı?
- Əvət.
- Nə zaman?
- Dediyiniz həmin sovetlər dönəmində.
- Öyləmi? Nerədən buldun?
- Bəxtiyar Vahabzadə vermişdi babama.
- Nədən babanıza vermişdi?
- Olurdu belə. Sizin də, Niyazi Yıldırımın da bütün kitablarını babama vermişdi. Hətta sizin onun üçün imzaladığınız "Üsküpdən Kosovaya"nın üzərinə belə sözlər də yazmışdı: "Türk yazıçısı Bakilərin kitabını sənə təqdim etməklə xoşbəxtəm"...
Həmin kitabdan Üsküp, Kosova barədə öyrəndiklərimi, Ərzurumlu Aşıq Qəhrəmanın erməni məzalimi barədə yazdığı müdhiş şeiri heç unutmadım. 1981-ci ildə İnstitutun birinci kursundaykən, bəlkə də bir neçə dəfə təkrar oxuduğum o kitab mənə SSRİ-nin mahiyyətini, erməni qəddarlığının miqyasını anladan ilk qaynaq olmuşdu.
***
Mənə hər yeni kitabını göndərərdi. Ya Məmməd Aslandan, ya özünə çox əziz bildiyi Səadət Qarabağlıdan, ya Elçin İsgəndərzadədən, ya Xanəmirdən... İndi o kitabları vərəqləyirəm.
İlk görüşümüzdə şeirlər kitabı "Harman"a bu sözləri yazdı: "Muhterem Azer Turan kardeşime hayranlıkla... Yavuz Bülent Bakiler. 11.4.2004"
"Gedənlərin ardından" kitabına isə bunu yazıb: "Hatırasını ebediyen unutmayacağım sevgili kardeşim, aziz dostum Turan idealinin yolçusu Azer Turana yüregimin sesiyle. 26.5.2006. Yavuz Bülent Bakiler. İstanbul"
"Yavuz Bülent Bakilere Armağan" kitabına baxıram. Dediyim kimi, Selcuk Karakılıc bu kitaba mənim "Çox şükür, əslim də, nəslim də bəlli. Türkəm, müsəlmanam o dağlar kadar" yazımı da daxil edib. Avtoqrafı belədir: "Özü özümden, sözü-sözümden Azer Turan kardeşime Turan ülküsü ve sevgisiyle. 7.7.2006. Bakiler".
Hər kitabda belə isti, doğma avtoqraflar... "Sözün doğrusu" kitabının iki cildi, "Gönlümdekiler ve Ötekiler", "Unutamadıklarım", Üsküpden Kosovaya", "Türküstan... Türküstan", "Arif Nihat Asya İhtişamı", "Azerbaycan yüregimde bir şahdamardır", "1944-1945. Irkçılık-Turançılık davasında Sorgular Savunmalar", Selcuk Karakılıcın "Yavuz Bülent Bakiləre Armağan" kitabı...
***
"Yavuz Bülent Bakilere Armağan" kitabının müəllifi Selcuk Karakılıc Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri təyin olundu. Bakıya gələn kimi telefonla məni aradı. Bakilərin salamlarını çatdırdı və onun tövsiyəsi ilə görüşməli olduğumuzu bildirdi...
***
"1950-ci ildən bəri Turançılıq düşüncəsiylə yaşayıram" - deyən Bakilərin Turana yönəlmiş düşüncə çevrəsində Azərbaycanın yeri Türkiyə qədər əziz, Səmərqəndin yeri Krım qədər munis, Üsküpün yeri Kərkük qədər doğmadır... O, Turan məfkurəsinin romantiki idi:
Yüz illərdən bəridir Altaylardan Tunaya
Bizim türkülərimizdir söylənən.
Danışılan dil, bizim dilimizdir,
Rəng-rəng, naxış-naxış uzanan torpaq deyildir
Kilimlərimizdir...
Bizim türkülərimizdə qürbət var artıq,
Həsrət var, ürək var, torpaq var, balam.
Könlümüzü sımsıcaq alan torpaqlar
Tanrı Dağlarına qədər Bismillahlarla uzanar
Kim demiş vətənimiz Ədirnədən Qarsa kadar...
Və bir də... ənənəçi və milliyyətçi Bakilərin mistik halələrə bürünmüş "Şaşırdım kaldım işte" adlı sevgi şeiri. Bakilərin könül şeirlərinin ən gözəli. Həm də ənənəçi və milliyyətçi olmayan Cemal Süreyanın ən gözəl eşq şeirləri ilə yarışmaq gücündədir. Bəlkə də yanılıram, amma Bakilərin bu şeirini Cemal Süreyanın "Ölkə" şeiri ilə yanaşı qoyub müqayisəli oxumaq və təhlil etmək də olar. Demək, belə də olurmuş. Həm turançı olursan, həm ənənəçi, həm də minillik ənənəvi şeir dilində, Cemal Süreya qədər ifrata varmadan, təsəvvüflə moderniteni bir araya gətirib eşqin və sevgilinin "üfüq cizgisindən sonsuzluq dairəsinə" qədər yayılmış gözlənilməz obrazını yaradırsan. Bu, Bakilərin ədəbiyyat estetikasıdır. Tutaq ki, Cemal Süreyada sevgilidirmi, ölkədirmi, bədəndirmi, ərzdirmi, ayırd etmək mümkün olmadığı kimi, Bakilərdə də təxminən, belədir. (Amma "Şaşırdım kaldım, iştə" şeirindəki sonsuzluq dairəsi, təbii ki, sevgilidir):
Sözde, senden kaçıyorum dolu dizgin atlarla.
Bazen sessiz sedasız ipekten kanatlarla.
Ama sen hep bin yıllık bilenmiş inatlarla,
Karşıma çıkıyorsun en serin imbatlarla,
Adını yazıyorsun bulduğun fırsatlarla,
Yüreğimin başına noktalarla... Hatlarla...
Baş başa kalıyorum sonunda heyhatlarla.
Sözde, senden kaçıyorum dolu dizgin atlarla.
Ne olur bir gün beni kapında olsun dinle.
Öldür bendeki beni... Sonra dirilt kendinle!
Çarpsan kara sevdayı en azından yüzbinle...
Nasıl bağlandığımı anlarsın kemendinle...
Kaç defa çıkıp gittim buralardan yeminle...
Ama her defasında geri döndüm SENİNLE...
Hangi düğüm çözülür... Nazla... Sitemle... Kinle...
Ne olur bir gün beni, kapında olsun dinle...
Şaşırdım kaldım işte, bilmem ki n'emsin..?
Bazen kız kardeşimsin... Bazen öpöz annemsin...
Sultanımsın susunca, konuşunca kölemsin...
Eksilmeyen çilemsin...
Orada ufuk çizgim, burda yanım yöremsin...
Beni ruh gibi saran sonsuzluk dairemsin...
Çaresizim... Çaremsin...
Şaşırdım kaldım işte bilmem ki n'emsin...
***
"Camiləri yıxılmış, minarələri yarım" Ağdam işğaldan azad olunanda "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər", - deyən Yavuz Bülənd Bakiləri xatırladım...
Ertəsi gün İstanbula, Yavuz bəyə zəng vurdum. Səsi gümrah idi: - Göz yaşlarıma hakim ola bilmədim... Əgər Qarabağı ziyarət etmək mənə nəsib olmazsa, sənə bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib səpərsən...
- Çox yaşayın, Yavuz bəy, - demişdim. İnşallah, gələn il özünüzün iştirakınızla sizin 85 illiyiniz Ağdamda qeyd edilər. Sizin buna hamıdan daha artıq haqqınız çatır. Siz ki, 53 il əvvəl "Bir gelen olsaydı Karabağımdan / Gider ayaklarına gözlermi sürerdim", - deyən Yavuz Büləndsiniz... Sizin həsrətinizin yaşı daha qədimdir...
***
85 illiyi nə Ağdamda, nə də Bakıda qeyd edildi. Gələn il 90 yaşı olacaqdı. Bu ərəfədə belə bir Bakiləri itirdik... Dünən İstanbul, bu gün Sivas ayaqdaydı. Türk milliyyətçi şeirinin son böyük şairini əbədi səfərə kədər dolu bir izdiham yola salırdı...
29 sentyabr - 1 oktyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!