Azər TURAN
"Mən burdayam, İlahi" kitabına Anarın yazdığı "Allahla söhbət" adlı Ön sözdən sonra Vaqif Səmədoğlu barədə yeni söz demək çətindir, bəlkə də heç mümkün deyil. Anar Vaqif Səmədoğlu yaradıcılığının əyarını bir kəlmə ilə müəyyənləşdirir: "Allahla söhbət".
"Mən burdayam, İlahi" səslənişi əvvəlcə Tövratda, sonra Sartrda və amerikan cazında - Ellinqtonun Bibliya motivlərinə interpretasiyasında, daha sonra isə bizdə Vaqif Səmədoğlu poeziyasında dilə gəlir. Və şair ən bitkin kitabını da bu adla adlandırır: "Mən burdayam, İlahi".
"Mən burdayam, İlahi" kitabındakı, əsasən, ekzistensial ruhlu şeirlərin səmavi, teoloji aspekti şairin aramsız sualları və Allahın əbədi sükutu ilə müşayiət olunur. Sanki Musa peyğəmbər Tur dağında "Rəbbim, mənə görün, sənə baxım", - deyə Allaha səslənir.
İlahi, burdasansa,
Tanışlıq ver.
Yanından salamsız
ötüb keçməsin bu torpaq, bu yer.
Tanışlıq ver,
Bilmədən ayağını basmasın bu dünya.
Baxıb başımız üstündəki Günəşə, Aya.
Səni də tanıyaq
Onların arasında.
Səni də görək
Gündüzün ağında,
Gecənin qarasında.
Tanışlıq ver bizə.
Hz.Musaya cavab verən Allah Vaqif Səmədoğlunu cavabsız buraxır... Yaxud ikisinin də aldığı cavab eynidir: "Üzümü görə bilməzsən. Üzümü görüb yaşaya bilməzsən".
Bəlkə elə bu səbəbdən Vaqif Səmədoğlu Allahı yuxusunda görə bilmədi. Bunu yazarkən öz yeretik üslubumdan qorxdum. Amma onun ömür bioqrafiyasını əvəz edən şeirləri məni belə düşünməyə vadar etdi. Çünki Vaqifin bütün ömrü Allahla söhbətdən ibarətdir.
Bəlkə dualarımı
Yolda vururlar?
Yaralı dualar yetə bilirmi hüzuruna,
Ulu Tanrı?
Kimin var, ulu Tanrı,
Məndən savayı bu dünyada?
Kimim var səndən başqa
Bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı...
Vaqif Səmədoğlu özünü demirdi ki.. Azərbaycanın adından danışırdı. Çünki 90-cı illərin əvvəllərində Azərbaycan dünyanın ucqarında tənhalıq heykəli kimi qalmışdı. Və Vaqif Səmədoğlu o illərdə bəlkə də yeganə Azərbaycan şairi idi ki, faciələrin detallarını deyil, millətin psixoloji ovqatını, ruhi halını yazırdı:
Sevinməyə vaxtmı, var?
Sevinməyə baxtmı, var?
Sevinc indi uzaqdır,
Sevinc burda yasaqdır...
Sərin deyil yenə də
Yurdda ağac kölgəsi,
Yenə dərdə sığınıb
Azərbaycan ölkəsi...
Burda həssas bir məqama gəldik. 1990-cı il faciəsindən sonra Vaqif Səmədoğlunun Moskvada, rus diində "Sfinksı noçi" adlı kitabı nəşr olunub. "Sovetskiy pisatelğ" nəşriyyatı kitaba belə bir qeyd yazmışdı: "Son vaxtlar ədəbiyyat və sənətin dəyərləndirilməsindəki ədalətsizlikləri ortadan qaldırmaq üçün çox işlər görülür. Ən ilginc, modern Azərbaycan şairlərindən birinin kitabının rusca yayınlanması bu yöndə irəliyə atılmış bir addımdır. Vaqif Səmədoğlu əsərlərində qorxusuz, barışmaz və bəzən də tragikdir. Kitabın içində ən önəmli şey yaşayan ümidlərdir. Şair, Baratinskinin sözləri ilə özü haqqında bunu deyə bilərdi: "Və mənim üçün sevinc yoxdur". "Sovetskiy pisatelğ"in bu qəribə mətni 20 Yanvar faciəsindən beş ay sonra sovet (rus) humanitar ideoloji düşüncəsinin Azərbaycan ədəbiyyatı qarşısındakı ilk tövbəsi idi və etiraf edək ki, nəşriyyatın seçimi də dəqiq idi. "Vaqif Səmədoğlunun xalqını incitmək, öldürmək olmaz" mənasında.
Vaqif Səmədoğlu Əhdi-Cədid, İncil və Quran mətnlərindən, yaxud dünya rəssamlığı və musiqisindən aldığı intermedial impulsları öz poetik məhvərində düşüncə və xəyal məhluluna çevirməyi bacaran nadir dünya şairlərindən idi. Onun teoloji tərəfi estetik hüdudları ilə eyni miqyasdadır. Səmədoğlunun "Mən burdayam, İlahi" xitabını Bibliyadan xəbərsiz oxucu anlaya bilməyəcəyi kimi, "Musiqi şeirləri"ni də musiqi intellekti olmayan heç kəs anlaya bilməz. Bramsdan qalan səslər, Şopenin beş, on taktı, insan gözdən itib yox olana qədər səslənən tənha soprano və s... Həm də buna görə Səmədoğlunun təfəkkür dünyası həm horizontal, həm də vertikal - estetik ucalığına, dərinliyinə və bütün mənalarda miqyasına görə tədqiq olunmalıdır.
***
1982-ci ildə yazdığı "Əlin sınaydı sanitar, o qızı döydüyün yerdə" misraları ilə başlayan şeirinin daxili dinamikasının səs və rəng keçidləri Van Qoqun 1889-cu ildə təsvir etdiyi "Sen Remidə dəlilər evinin bağçası"ndakı pərişan rəngləri asossiasiya edir. Şeirdə və tabloda hər şey eynidir: "Dəlixana divarını / Öpdü çinar budaqları" Bu mövzuda təhlillərə ehtiyac yoxdur. Çünki təhlillər subyektiv mülahizələrdən uzağa getməyəcək. Vaqif Səmədoğlunun sanitara ünvanladığı şeiri hər dəfə oxuyanda düşünürəm. İndi bəziləri, xüsusən, alababat şairlər, guya açıq mətnlər yazmaqdan çəkinmir. Fərdi-ictimai qayğıları estetik tül altında ifadə etməyə gücü çatmayan belə mətnləri şeir adlandırmaq əlbəttə, mümkün deyil. Amma Vaqif Səmədoğlu "Dəlixana həyətində bir ağac da dəli oldu" - deyəcək qədər cəsarətli və estet idi. Cəsarətli olub-olmamaq, belə məqamlarda heç onun vecinə də deyildi.
Əlin sınaydı, sanitar,
O qızı döydüyün yerdə.
Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə.
O qız sənin gözlərinlə
O ağaca baxmamışdı,
O qız o gün o ağaca
Elə-belə çıxmamışdı...
O qız çılpaq çinarın da
Başında hava görmüşdü,
Allahın atıb getdiyi,
Boş qalmış yuva görmüşdü...
Sən o qızı döyən zaman
Açılmamış güllər soldu,
Dəlixana həyətində
Bir ağac da dəli oldu...
Xışıldadı yer üzünün
Ən əlacsız yarpaqları,
Dəlixana divarını
Öpdü çinar budaqları.
Şeirin doğurduğu intibalar saysız-hesabsızdır və bu intibalar, həm siyasi, həm fərdi, daha çox da estetik anlam daşıya bilər.
***
Vaqif Səmədoğlunun hər yeni şeiri poeziya planetindən meteorit kimi qopur, səma cismi kimi Yer üzünə düşürdü. Sonuncu dəfə belə bir cismin Yer üzünə düşməsi 2015-ci il yanvarın 28-də Akademiyanın Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı ilə bağlı keçirilən müşavirədə Xalq yazıçısı Anarın telefonunda "Ay Laçın" melodiyasının səslənməsi ilə əks-səda verdi. Həm də deyəsən, zəng Vaqif Səmədoğlunun öz telefonundan gəlmişdi. Ona zəng vurub kədərli xəbəri verdilər. Anar telefonu qapayıb ayağa qalxdı: "Vaqif Səmədoğlu dünyasını dəyişib", - dedi və müşavirə zalını tərk etdi.
Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağı tək dalğalanacaq
uşaq paltarı
mən öldüyüm gün...
Qismən şeirdəki kimi oldu. Anar müəllimin telefonuna gələn qara xəbər, yanvar ayı və uşaq ədəbiyyatına həsr olunmuş müşavirə... Yeri gəlmişkən, Vaqif Səmədoğlu Azərbaycan şairləri arasında uşaq dünyasına dərindən aşina olan nadir söz adamlarından biriydi. Onun 25 yaşlarında yazdığı "Uşaq sözlərindən doğulmuş şeirlər"i təbii ki, uşaq poeziyası örnəkləri deyil, amma şeirlərin strukturu baxımından onları Prevertin "Əgər quş rəsmi çəkmək istəsən" şeiri ilə də müqayisə etmək mümkündür. Uşaq dünyası ilə böyüklərin ruhi aləmini birləşdirən, ruhi bir bağlantı yaradan bu üç şeir modern poeziya tariximizin nadir incilərindəndir, poeziyamızda postmodernizm texnikasını sərgiləyən ilk poetik mətnlərdir. Humayın: "Mən bir gün qəşəng olmuşdum" sözünə göndərmə edərək yazdığı:
Mən bir gün üfüq olmuşdum,
Duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum,
gedib-gələn olmadı, ot basdı üstümü...
Görünmədim...
Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim....
Görünmədim".
***
Bundan sonra yazacağım xatirəmi bura köçürməyə məni vadar edən hansı duyğudur, bilmirəm. Amma Vaqif Səmədoğlu ilə bağlı yaddaşımın əbədi sakini Salehə xanımla bağlı altımış illik ömrümün olsa-olsa, 10 dəqiqəsini ehtiva edən anlarımı mütləq yazmaq istəyirəm. 1984-cü ildə İncəsənət İnstitutunu bitirəndə Vaqif Mustafazadə barədə "Sənsiz səninlə" adlı tamaşa hazırladım. Tamaşa üzərində iş gedərkən, Mustafazadənin lent yazıları lazım oldu. Gecə saat 12 radələrində Vaqif Mustafazadənin anası Zivər xanımla sağollaşıb Vaqifgildən - onların İçərişəhərdəki evlərindən çıxıb yaxınlıqdakı köşkdən Vaqif Səmədoğluya zəng vurdum. İndi bu sətirləri yazanda bunu hansı cəsarətlə və hansı ərklə etdiyimi düşünürəm. Məni təmkinlə dinlədi. Vaqif Mustafazadənin lent yazılarını tapmaqda mənə kömək etməsini xahiş etdim. On dəqiqədən sonra ona təkrar zəng vurmağımı tapşırdı və dəstəyi asdı. Gecədən keçmişdi. Kirayədə qaldığım evin yaxınlığından - Mustafa Sübhi küçəsindəki telefon köşkündən ona təkrar zəng vurdum. "Sabah telekomitetə - Salehə xanımın yanına gedərsən. O sənə Vaqifin lent yazılarını verəcək" dedi. Sonra da tamaşaya Eliza Mustafazadəni dəvət edib-etmədiyimi soruşdu. Dəvət etmədiyimi, Eliza xanımın telefonunu bilmədiyimi və utandığımı dedim. Telefon nömrəsini verib "ona zəng vur, mənim adımdan dəvət et", - dedi.
Səhər Telekomitəyə gəldim. Qapıya mənim adıma buraxılış vərəqəsi qoyulmuşdu. Salehə xanımı soraqlaşıb tapdım. Mənə Vaqifin iri çarxlardakı lent yazılarını verərkən, "bunlar qızıl fondun materiallarıdır, adətən kimsəyə verilmir. Amma Vaqif zəng vurub deyə bunları sənə verirəm", - dedi. Salehə xanım mənim həyatda söhbət etdiyim ilk kübar qadın idi. Nağıl kimi qadın. Sonralar Salehə barədə Anarın "Elə bil heç yox imiş" adlı kədərli bir yazısını oxudum, bəlkə də Anarın ən kədərli yazısıydı və o yazıdan öyrəndim ki, Salehə xanım Anarın əzizi və bibisi qızıymış...
P.S. Eliza xanım isə mənim diplom tamaşama qızı Əzizə ilə bir yerdə gəldi və tamaşanı sona qədər izlədi.
***
1982-ci ildə gecə saat 12 radələrində ona hansı cəsarətlə və hansı ərklə zəng vurduğuma indi özüm də təəccüb etdiyimi yazmışdım. Vaqif Səmədoğlu evimizin əziz adamı idi. O, ilk dəfə bizdə, özünün də etiraf etdiyi kimi, 12-13 yaşı olanda qonaq qalmışdı. Atamın yubiley tədbirində özü də bunu xatırlatdı: "İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12-13 yaşım olanda - Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, o gün şahidi oldum". Vaqif Səmədoğlunun oxucularla ilk görüşü də 1976-cı ilin fevralında Neftçalada olmuşdu. Gecə evimizdə qalıb, ertəsi gün həmin görüşün keçirildiyi məktəbə getdilər. Şeirləri barədə ilk mülahizələr söyləyən tənqidçilərdən biri İmamverdi Əbilov olmuşdu. "Ədəbiyyat və incəsənət" qəzetinin 9 oktyabr 1965-ci il tarixli sayında dərc edilmiş "Şeirimizdə forma axtarışları" məqaləsində "Anna səkidə qaldı" şeirindən bəhs olunurdu.
İndi yazı masamın üzərində atamın ağüzlü xatirə dəftərini açıram. Səhifələrdən birində Vaqif Səmədoğlunun xətti ilə aşağıdakı şeir yazılıb:
"Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı
Qoyun,
Ayağı yalın
Geyib getsin.
Vaqif Səmədoğlu.
8. II. 1976.
Neftçala"
***
1985-in yayı. Hərbi xidmətdəyəm. Tayqa meşəsi. Gecə. Meşənin bütün quşları qəfil və bir ağızdan ötməyə başlayır. Bu polifonik quş xorunun, əslində işıqla, günəşlə ilgili olduğunu yaddaşımda Vaqif Səmədoğlunun misraları oyandırır: "Quşlar saatla yox, işıqla başlayır oxumağa..."
1987-ci il 3 iyun tarixli "Ədəbiyyat və incəsənət" qəzetində ("Ədəbiyyat qəzeti") dərc olunan və Vaqif Mustafazadəyə həsr etdiyim ilk yazım bu sözlərlə bitirdi: "Adaşın Vaqif Səmədoğlu demişkən, "Sonun mübarək!" Vaqif Səmədoğlunun "Ömür, sonun mübarək" misrasını mətbuatda dərc olunmuş ilk məqaləmin sərlövhəsinə çıxarmışdım... "Sonun mübarək, ustad!"
***
O, indi işıqlı qəm içindədir. Allahla söhbəti bitibmi-bitməyibmi, kim bilər?!
3 iyun 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!