ANAR
Poeziya duadan başlayır. Başqa sayaq da demək olar: tarixdən məlumdur ki, poeziya dua kimi başlanmışdır, bir sənət növü kimi, bədii söz kimi dua şəklində meydana gəlmişdir. Buna qədim "Tövrat", "İncil", "Quran" mətnləri də misaldır, şaman ayinləri də...
Allaha inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
Poeziya şairin Allahla söhbətidir. Qəribə dialoqdur bu. Allaha müraciət edir:
Allah, bir az da möhlət ver,
Öldürmə, sağ saxla, yenə.
Beş-on yazılmamış şeirim,
Beş-on duam qalıb sənə...
Şair ulu Tanrıya yalvarır, ondan nə isə gözləyir, umur - kömək, imdad, nicat, ümid, izah, təsəlli. Elə bil, bu dualar, yalvarışlar Allaha yetmir.
Bəlkə, dualarımı
Yolda vururlar?
Yaralı dualar
yetə bilmir hüzuruna,
Ulu Tanrı?
Kimin var, Ulu Tanrı,
məndən savayı bu dünyada?
Kimim var səndən başqa
bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı.
Allah susur.
(Bu mübhəm sükut qarşısında Şair şübhələrə düşür.)
Yoxsa sənin də
könlünə dəymişəm, Allah.
Sərxoş olduğum vaxtı?
Bütün dualarım
Geriyə dönür bir-bir.
Ölənə,
evindən köçənə
yazılmış məktublar kimi...
Keç günahımdan, Allah...
Allahsa susur.
Şair müraciətlərinin cavabsızlığını dolayı yolla da ifadə edir:
Duman Allaha yetməmiş duatək
enib aşağı,
yayılıb göyün üzünə.
Amma yenə cavab yoxdur ki, yoxdur.
Allah nədən arxasını çevirir bizə?
Suallara bir sual verərdim,
bilsəydim ki,
sual eşitməyəcəyəm cavab yerinə.
Bu necə dialoqdur belə? Biri hey soruşur, soruşur, soruşur, ağlayır, yalvarıb-yaxarır, yanıb-yanıb yaxılır. O biri hey susur, susur... Ümidsizləşməyəsən, neyləyəsən? Bəlkə,
Ümid döyən qapını
Dünya bağlayıb gedib.
Bu yağışla gecəni
Allaha ağlayıb gedib.
Amma Vaqif Səmədoğlu - yuxarıda gətirdiyim misralar onundur - bir böyük həqiqəti də bilir: Allaha müraciətlər cavabsız qalmır. Ulu Tanrının cavabı yaşadığımız bu dünyadır, hər birimizin və hamımızın birlikdə ömrüdür, həyatıdır, taleyidir. Bu "Bir yandan boşalıb, bir yandan dolan" (Səməd Vurğun) dünyanın tənhalığında hər birimizin son pənahı, son sığınacaq yeri Allahdır. Vaqif Səmədoğludan çox-çox qabaqlar yaşamış Bikəs adlı şairimizin beytini Vaqif öz daxili harayı saya bilərdi:
Hər kəsin var kimsəsi,
mən Bikəsin yox bir kəsi,
Kimsəsiz qaldım, mədət qıl,
Kimsəsizlər Kimsəsi.
Vaqif Səmədoğlunun bu yeni və ən sanballı kitabı "Mən burdayam, İlahi" adlanır. Təbii ki, bu kitab dini kitab deyil, mərsiyələr, sözün hərfi mənasında, dualar toplusu deyil. Amma kitabın bütün ruhunu, mənasını varlığın, bəlkə də, ən mühüm mövzusu, ən vacib mətləbi - insanla Allahın münasibətləri təşkil edir. İndi ateist sovet rejimi çökəndən sonra hamı bir günün içində yaman allahpərəst, dinçi, dindar oldu. Vaqifin Allaha inamı, Allaha üz tutması, Allahdan cavab, izah, təsəlli istəməsi bu gün yox, onun poeziya aləminə gəldiyi ilk addımdan başlanıb. Otuz üç ildir uzanır bu söhbət, bu birtərəfli mükalimə, bu sirləri açmaq, anlamaq, cavab almaq cəhdləri.
Volterin "Əgər Allah olmasaydı, onu uydurmaq lazımdı" kəlamı insan düşüncəsinin təməl müddəalarından bir kimi dillər əzbəridir. Otuz üç il bundan qabaq V.Səmədoğlunun "Şəffaf balıq" poemasında kəşf etdiyi fikir, zənnimcə, daha dəqiqdir: "Allah insan ağzıyla "yoxam" demiş". Yəni Allahın inkarı, daha ümumi şəkildə desək, ateizm Allahın özünün insana təlqin etdiyi bir düşüncədir. Otuz üç il sonra Allahla bu fasiləsiz, aramsız söhbətləşmənin, Allah haqqında fikirlərin məntiqi nəticəsi kimi Vaqif yenə də dərindən bir mətləb kəşf edir?
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...
İndi nə dua, nə qarğış,
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq,
Allaha kömək vaxtıdır.
Bu fikrə çatmaq üçün Vaqif Səmədoğlu bir şair kimi Allahdan umduğu cavabları almadan tənhalıq səhrasından, kədər girdabından, ümidsizlik üfüqsüzlüyündən keçməli, xalqının, dilinin faciəsini yaşamalı, mənəvi əsarətin, köləliyin möhnətini duymalı, anlaşılmamaq dərdinə dözməliydi. Zəmanəmiz üçün nadir olan bir mərdanəliklə keçdi bütün bu sınaqdan Vaqif. Bunu tam məsuliyyətim ilə təsdiq edirəm, çünki Vaqifin bütün yaradıcılıq ömrü gözlərimin qarşısındadır.
Onun poetik yaradıcılığa başlamasının tarixçəsini yazmaq fikrində deyiləm, bunu haçansa özü yazacaq. Ancaq 60-cı illərin əvvəllərində Moskvada oxuduğumuz vaxt şeirlərini makinada yazdığım sarı cığara kağızları indi də durur və Vaqif üçün də, mənim üçün də ömrümüzün o çağının ən munis xatirələri kimi əzizdir.
Ədəbiyyatşünaslıq araşdırmalarında "60-cı illər nəsli" kimi keçən bir nəslin nümayəndələriydik biz. O illər bizləri daha çox söyürdülər, döyürdülər, indinin özündə də hərdən söyür, bəzən də öyürlər. Amma o nəslin gerçək ovqatını, ümidlərini və ümidlərin qırılmasını, o nəslin sevincini, acısını, gənclik fərəhini, gənclik həvəsini, nisgilini sonunacan yalnız 60-cı illərin nəsildaşları başa düşə bilir və yalnız özləri ifadə etməyi bacarırlar. Qoy, bu günün icazəli qəhrəmanları o dövrün əzabkeşlərinə iradlar siyahısı tutmasınlar. Doğulduğu və yaşadığı vaxtı, məkanı, mühiti insan özü seçmir. İnsanın seçimi yalnız yaşadığı vaxt, məkan, mühit içində insan kimi ömür sürmək, yaxud boyun əyməkdir.
Bu gün açılmış həqiqətlər bucağından o illərdəki rejimi yalnız qara boyalarla boyamağın əleyhinəyəm (Halbuki o illər bizi ən çox həyata qara eynəklə baxmaqda və tünd boyalarla təsvir etməkdə suçlayırdılar). Tarixin arxivinə verilmiş o dövrün müəyyən yaxşı cəhətləri, üstünlükləri də vardı. Amma bütünlükdə biz - o vaxtın gəncliyi - ətrafımızı sarmış riyakarlıq, saxtakarlıq, yalan, nadanlıq, cəhalət, anlaşılmazlıq mühitində, hər azad düşüncənin boğulduğu bir şəraitdə yaşayırdıq, nəfəs alırdıq, daha doğrusu, nəfəs almağa çalışırdıq. Duyğularımızı, düşüncələrimizi yazılarımızda dolayı yollarla, sətiraltı mənalarla, alleqoriyalarla, rəmzlərlə deməyə çalışırdıq. Mən bir dəfə yazmışam ki, bizdə bütöv bir dövrün həqiqi ədəbiyyatı yalnız Azərbaycan dilində deyil, həm də Ezop dilində yaradılırdı. Demək istədiklərimizin həqiqi mahiyyətini azdırmaq, senzuradan, rəsmi senzuradan betər "ədəbi ictimai rəy"dən qorumaq üçün ən müxtəlif üsullardan və ən müxtəlif ünvanlardan istifadə edirdik. Rastlaşdığımız ədalətsizliklərin, haqsızlıqların, milli əsarətin, müstəmləkəçilik təzyiqinin, azadlıq ehtirasının ünvanını gah Afrikaya, gah Kubaya, gah Vyetnama, gah da yer üzündə olmayan şərti bir ölkəyə ünvanlayırdıq. Vaqif də bəzən belə edirdi. İkinci kitabına "Vyetnam dərdi" adlı bir şeir daxil eləmişdi. Buradakı "Sabahı da ölür bu gün ölən məmləkətin", yaxud "Vətən şirin şeydir, şirindir talan olsa da, şirindir tək-tük şeiri, mahnısı yalan olsa da. Amma ikiqat şirindir iki yerə bölünmüş Vətən" və başqa bu kimi misralar Vyetnamdan artıq Azərbaycana aiddir. Amma hətta belə bir "ideyalı" şeir də müəyyən kupyurlarla, ixtisarla və müəyyən dəyişikliklərlə, əlavələrlə dərc olunmuşdu. Şeirin məndə olan ilk variantına, orijinalına nəzər salanda onun çap olunmaq naminə necə kosmetik əməliyyata düçar qaldığı aydın görünür. Məndə olan nüsxədəki bəzi parçalar, təbii ki, çap variantında ola bilməzdi.
Nə qədər ki, əli bağlı insan var,
qapısı bağlı həyat,
qapısız vətən var...
Sizin torpaqda qalan izlərinizlə
öz torpaqlarında addımlayacaqlar
azadlığa insanlar.
Heç ayıq-sayıq senzura belə imaları, eyhamları buraxardı?
Yaxud aşağıdakı misralar da kitab nəşrində ola bilməzdi və yoxdur:
İndi bizdə gecəykən
sizin torpaqda səhər açılır.
Şair redaktora yüz dəfə izah etsəydi ki, burada söhbət Vyetnamla Azərbaycan arasında saat zolaqlarının fərqindən gedir - çifayda. İdeoloji qoruyucular qan çıxmayan yerdən də qaşıyıb qan çıxarırdılar, rəmz, işarə olmayan yerdə də rəmz, işarə, eyham axtarırdılar, onda ki belə açıq söylənmiş fikir olsun.
Bəzən düşünürəm ki, o illər bizim bir çoxumuzu - nasirləri də, şairləri də, o cümlədən, Vaqif Səmədoğlunu da ideoloji büdrəmələrdə, sovet həyatını təhrif etməkdə, sosialist realizmi metoduna zidd çıxmaqda, daha nə bilim, nələrdə ittiham edənlər, bəzən açıq, bəzən gizli donos yazanlar, görəsən, vicdanları qarşısında bu gün haqq-hesab verirlərmi? O vaxt Allahsız olub, bu gün guya ki, Allaha tapınanlar açıq tövbəyə qadirdirlərmi? O zamanın ötkəm sovet ideoloqları bu günün ötkəm antisovet ideoloqlarına çevrilərkən dünənki sözlərini, hərəkətlərini, fikirlərini yada salırlarmı? Heç olmasa, bircəciyinin "O vaxt səhv etmişdik?" etirafına mərdliyi çatarmı? "Həyat həqiqətlərinə, sənət meyarlarına o dövrlərdə sədaqətli olanlar biz deyil, bizim söydüklərimiz, ifşa etdiklərimiz, tənqid atəşinə tutduqlarımız olub?" - bunu deməyə cəsarəti çatan olacaqmı? İndi hər şeyi partiyanın, KQB-nin, "Qlavlit"in, bilməm, daha kimlərin üstünə yıxırlar. O dövrdə hər baş redaktorun, böyüyündən kiçiyinəcən, hər bir naşirin, tənqidçinin, ədəbiyyat darğasının zəhmi, hökmü, zövqü və zövqsüzlüyü partiya məmurlarından, senzura yasaqlarından, KQB xofundan daha az əhəmiyyətli idimi? Vaqifin indiyə qədər ancaq iki kiçik kitabı və çox az sayda silsilə şeirləri çıxıb, halbuki bu qalın kitabda topladıqları yazdığının ancaq bir hissəsidir. Bunun səbəbi bir də onun şeirlərini başa düşməyən, ya düşmək istəməyən redaktorların hökmü, ədəbi mühit adlanan sönük adamların bayağı anlayışları və zövqləri idi. Hansı redaktorlasa çənə-boğaz olmağa, hansısa senzoru başa salmağa, hansısa tənqidçiylə söz güləşdirməyə, hansısa naşı oxucuya şeirin ecazını və sehrini izah etməyə Vaqifin hövsələsi çatmırdı. O vaxt da çatmırdı, indi də çatmır. İnsana verilən enerji potensialı tükənməz deyil. Bu enerjini ya yaradıcılığa sərf etməlisən, ya da yazdıqlarının üzə çıxarılmasına. Bəzən bu iki fəaliyyət sahəsini vəhdət şəklində uyğunlaşdırmaq olur. Amma belə hallarda da yazdıqlarını reallaşdırmağa sərf etdiyin enerji vahidi yaradıcılığında itirdiyin enerji vahididir. Vaqif yaradıcılığının bircə səhifəsini də yaradıcılığı nümayiş etdirmək həvəsinə qurban vermədi. Təsəllisini "Şair sözündən qorxan, ya cəllad, ya dəlidir" aforizmində tapdı. Vaqif poetik "mən"ini ana balasını qoruyan kimi qorudu. Bu baxımdan, Vaqif aramızda hamımızdan çox azad idi. Ona görə ki, hamımızdan az çap olunurdu. Başqa cür də demək olar: hamımızdan az çap olunurdu, ona görə də hamımızdan azad idi.
Mən belə yaradıcılıq yoluna haqq qazandırıb, başqa ədəbi davranışı, yəni müəyyən güzəştlərə məcbur olsan da, yazdıqlarını üzə çıxarmaq yolunu qınamaq istəmirəm. Həm də bizim çap olunmaq həvəsimiz yalnız şöhrət, tanınmaq istəyi deyildi, axı (bu istəyi büsbütün inkar eləməsəm də). Əsas niyyətimiz o idi ki, dar imkanların məhdud çərçivəsində mümkün qədər çox həyat həqiqətlərini, insan qəlbinin gerçəkliklərini, çağdaşımız insanların doğruçu yaşayışını, düşünüşünü əks etdirək, həm də yüksək ədəbi meyarlara mümkün qədər sadiq qalaq. Bu iş görülməsəydi, bütün bir dövrün mətbu ədəbiyyatı bədiilikdən məhrum, gerçəklikdən uzaq, sönük və solğun bir söz yığını kimi qala bilərdi. Bu böyük məqsəd yolunda müəyyən güzəştləri bu gün də məqbul sayıram və tarixin də bu cəhdləri doğru-düzgün qiymətləndirəcəyinə inanıram. Amma ikinci bir yol da vardı - tamamilə güzəştsiz bir yol. Yəni yazdıqlarının oxucuna bir il, beş il, on il, otuz il yox, bəlkə, bir ömürboyu çatmayacağını bilə-bilə tam daxili sərbəstliyə və azadlığa malik olan bir ədəbiyyat yaratmaq. Vaqif Səmədoğlu yaradırdı bu ədəbiyyatı - bu yolun bütün məşəqqətli tənhalığını duya-duya, bilə-bilə. Könüllü olaraq bunu yaradıcılıq və yaşayış kredosu seçən Vaqifin dözüm igidliyi içində bir təəssüf, küskünlük, inciklik, giley çaları da var.
Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu, öldü şairin,
Sənin xəbərin olmadı.
Vaqifin poetik azadlığının bir bəliri də odur ki, o, "nikbin", "gümrah", həmişə "şən" rəsmi sovet ideologiyasının dəmir barmaqlıqları, tikanlı çəpərləri ardında, şairin bədbin və bədbəxt olmaq haqqını qoruyub saxlaya bildi. Belə davranışının, belə dünyagörüşünün qarşılığı, cavabı, aldığı qiymət - sükut idi.
Yollar uzun, yollar gödək,
Nə fərqi var, hansı eldə,
hansı yolda azasan?
Ellər min-min,
dillər min-min,
Nə fərqi var,
hansı eldə,
hansı dildə
susasan?
1982-ci ildə yazdığı bu şeirin cavabını, yəni öz dilində susmağın, çap olunmamağın, yazılarını oxucuya təqdim etməməyin qarşılığını Vaqif 1995-ci ildə yazdığı misralarda açıqlayır:
Mənə sükut əl çalır,
Belə alqış olarmı?
Bu kitaba Vaqif Səmədoğlunun otuz üç il müddətində yazdığı şeirlər daxil edilib, amma şeirlərin altındakı tarixlərin heç bir əhəmiyyəti yoxdur. Bəlkə, Vaqifin qələmi bu illər ərzində yalnız texniki cəhətdən püxtələşib (Bu da mübahisəli məsələdir, çünki məncə, altımışıncı illərin bir çox şeirləri 95-ci ilin şeirlərindən bədii cəhətdən heç də aşağı deyil). Hər halda, bu otuz üç yaşlı poeziya mahiyyəti, dünyaduyumu, fəlsəfi konsepsiyası baxımından heyrətamiz şəkildə bütöv bir poeziyadır. Bütövlük, bütünlük poeziyasıdır.
Uzaq gənclik illərindən bəri Vaqif mənim dostum olub, indi də dostumdur və güman edirəm ki, sonadək dostum olaraq qalacaq. Bayaq haqqında danışdığım sovet rejiminin ən dözülməz mənəvi kimsəsizliyində mənə dost-həyan, həmdərd və həmfikir olan adamlardan biridir. O illərin intellektual və emosional, zehni və duyğusal tənhalıq səhrasında bir-birimizə qısılıb yaşadığımız yoldaşlarımı düşünürəm, uşaqlıq, gənclik dostlarımı - rəhmətlik Araz Dadaşzadə, Emin Sabitoğlu, Rəhman Bədəlov, Yusif Səmədoğlu, Maqsud və Rüstəm İbrahimbəyovlar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca, Fikrət Sadıq, İntiqam, İsa, Ələkbər, Ramiz Rövşən. İndi bu adları bir siyahıda görmək kiməsə çöçün gələr. Zaman, hadisələr, olaylar, dəyişən anlayışlar, siyasi təmayüllər, əxlaq sınaqları bizi ayırdı, pərən-pərən saldı. Krım-tatar mahnılarından birini anam uşaqlıqda oxuyardı mənə:
Qədifə biçim-biçim,
Ölürəm sənin için.
Dostlarım düşmən oldu
Səni sevdiyim için.
"Səni" - mənimçün bu anlamda həqiqətdir. "Səni, həqiqəti sevdiyim üçün dostlarım düşmən oldu. Pasternak deyir: "İstinu işut v odinoçku i porıvayut so vsemi, kto lyubit yeyo nedostatoçno". Dostlarım çox idi. Hətta bir dəfə, yadımdadır, Əkrəm mənə dedi ki, sən dostluq-yoldaşlıq dairəsini çox geniş götürmüsən. O vaxt bu fikri qəbul etməmişdim. İndi görürəm ki, düz deyirmiş, dairə çox geniş imiş, daraldı, daraldı. Doğrudur, Allahın da rəhmi böyükdür, itirdiyin dostlarla bərabər, yeni tapdığın dostlar da bəxş edir sənə. Amma hər halda, heç kəs heç kəsin yerin vermir. Bir də gənclikdə dostları daha çox qazanırsan, yaşlı vaxtında daha çox itirirsən. Dairə daralır, daralır. Və bu get-gedə daralan dairənin içində mənimçün Vaqif Səmədoğlu həmişə qalacaq. Məhz elə bu dostluğumuza ərk edərək Vaqif haqqında bəzi fikirlərimi də gizlətməyəcəyəm. İnsani rəftarında Vaqifin bir az dəmdəməkiliyi də var, insanlara münasibətdə hərdəmxəyal da olur bəzən, siyasi addımlarında, baxışlarında, rəğbət və nifrətində çox vaxt hissə qapılır (bu, təbiidir, şairdir, axı). Dünən olanı bu gün unuda da bilir. Vədinə xilaf da çıxır.
Amma möcüzə də budur - şeirində, poetik varlığında, şair "mən"liyində Parisdəki metr-etalon kimi sabit və dəyişməzdir. Yenə də Vaqifin çox sevdiyi Pasternakın təbirincə desək: "Bir dilim, bircə dilim belə poetik sifətini dəyişməyib" heç vaxt. Elə tək buna görə ona hər şeyi bağışlamaq olar.
***
Başqa çağdaş şairlərimizin yüksək poetik istedadını, ədəbiyyatımızda əhəmiyyətli yerlərini, bədii dilimiz qarşısında böyük xidmətlərini hörmətlə qiymətləndirərək Vaqif Səmədoğlu yaradıcılığını şeirimizdə bənzərsiz, təkrarsız, unikal hadisə hesab edirəm. Bu unikallığı maddə-maddə, hər şeirini, hər misrasını, hər obrazını misal gətirərək sübut edə bilərəm. Amma belə sadalama quru inventarlaşma təsiri bağışlayır. V.Səmədoğlu poeziyasının özəlliyini, siqlətini, oxşarsızlığını duymaq, dərk etmək üçün onun şeirlərini küll halında, həm də diqqətlə, mənalarına dala-dala, poetik tapıntılarını dərindən-dərinə qavraya-qavraya mütaliə etmək gərəkdir. Vaqif Səmədoğlu poeziyasının XX əsr azəri türk şeirində mühüm mərhələ olması mənimçün danılmaz, şəksiz-şübhəsiz bir həqiqətdir. Əminəm, gün gələcək, bu qənaət məlum fakt kimi hər kəs tərəfindən təsdiq olunacaq. Amma bir yandan baxanda, hamının təsdiqinə ehtiyac varmı? Elə şeir var ki, onun qiymətini ümumi rəy, çoxluğun fikri təsdiq edir. Vaqif poeziyasının belə bir referenduma, rəy sorğusuna ehtiyacı yoxdur. Vaqif poeziyası ayrı dəyərlərə arxalanır. Şairi qiymətləndirərkən onun şeirlərini sevənlərin keyfiyyəti kəmiyyətindən daha vacibdir.
Gur poeziya da var, həmin poeziya da. Gur poeziyaya qarşı deyiləm, təki gur olsun, gurultulu yox, hay-küy, şüarçılıq, təmtəraqlı nidalar həqiqi poeziyadan çox uzaqdır. Əlbəttə, xalq taleyinin həlledici məqamlarında şairin gur səsi, fəryadı, harayı da yüksəlməlidir. Amma şairin xitab ünvanını da nəzərdən qaçırmaq olmaz. Kütlələrə, izdihama müraciət edən şair qışqırmalıdır, fəqət, Allahla və öz-özünlə qışqıra-qışqıra danışmaq olmaz. Xəfif səslə, bəzən də tam səssiz, içində, dinməz danışmalısan. Vaqif dərdlərini hayqırmır, hıçqırır, çağırmır, xısın-xısın pıçıldayır.
Susmaq, həmişə susmaq,
Ananla söhbət edəndə də,
Sevdiyinlə görüşən anda da,
hər an, hər yanda
susmaq, eləcə susmaq...
Hər gün dost-aşna söhbətinin
sükutuna enmək öz səsinlə,
hər gün bülbül kimi ötən
lal insanlarla rastlaşmaq
və görmək
və bilmək ki,
bu səssiz bağırtılar içində
Pıçıltıya ehtiyacı var insanın.
Gurultulu poeziya qulaq pərdələrimizi deşə bilər, amma ürəyə sızmağa, beyinə süzülməyə qadir deyil. Hay-küylü, haray-qışqırıqlı, ritorik poeziya bayağı zövqlərə hakim kəsiləndə "vətən sözünü belə pıçıltıyla deyən" Vaqif Səmədoğlu poeziyasının daha artıq xiffətini çəkirik. Marş sədaları arasında neyin həzin iniltisini, muğam zümzüməsini, nöktürnün qüssəsini eşitmək duymaq istəyirik.
Bu sevincək rənglərin mənzərəsindən
yorulmuşam, bezmişəm yaman.
Gözlərim taqətdən düşüb
alabəzəyə baxmaqdan,
neyləyim, yatmır ürəyimə
rənglərin, boyaların zildən oxunanları.
Amma sonucda pıçıltıyla söylənmiş poetik obraz illəri, əsrləri yarıb keçir, zaman yarğanlarını aşıb çox sonralar eşidilir. Bəzən poetik pıçıltının əks-sədası hayqırışın əks-sədasından daha güclü və daha uzun, daha davamlı olur, daha geniş üfüqlərə yayılır.
***
Vaqif Səmədoğlu şeirinin zərifliyini, incəliyini nümayiş etdirən yüzlərlə örnək gətirmək olar. Yalnız bir neçəsi: "Ulduzlar yağır yerə gecənin yarasından", "Elə bil ömrümü tutub verdilər süzən qağayının məhkəməsinə", "bütün yollar çəkilibmiş gözlərim yol çəkmək üçün", "yer altından min ah kimi çıxdı çiçəklər səhər", "insan ağlamayanda Allahın gözü dolur", "Meşədə adam öldürürlər o qədər ağacın gözü qabağında", "yer üzünə sığmır, göy üzünə də yayılır qürbət", "nə yaxşı var imiş, bizim ölkədə yalqız adamların payız bağları" - müxtəlif illərin müxtəlif şeirlərindən alınmış bu misralar qədim Çin, yapon qravürləri qədər zərif, Orta əsr Azərbaycan, İran, Türkiyə miniatürləri kimi incədən-incədir.
***
İnanıram ki, haçansa bizim dövrün insan psixologiyasına, çağdaşımız insanın ürək nigarançılığına, düşüncə çırpıntılarına bələd olmaq istəyənlər Vaqif Səmədoğlu poeziyasına müraciət edəcəklər. Çünki bu poeziya zamanın kardioqramını cild-cild elmi kitablardan daha dəqiq və dolğun əks etdirir. Vaqif dövrün ayrı-ayrı hadisələrini, olayların təfərrüatını, ayrıntılarını yox, onların insan şəxsiyyətində inikasını canlandırır, dövrün nəbzini tutur, ovqatını açır. Son nəticə etibarilə zamanın mənəvi, ruhi mənzərəsini yaradır. Bu baxımdan, Vaqif yaşadığı zamanla sıx bağlı olan sənətkarlarımızdandır. Vaqif öz zəmanəsinin şairidir.
Vaqif zamanın yaraladığı şairdir. Dövrün ən ağır dərdlərini, məlalını, qəm-qüssəsini içində yaşadan və içində ağlayan şairdir.
Cənnətdə quşlar necə oxuyurlar?
Zildən, ya pəsdən?
Cəhənnəmdə
şairlər necə ağlayırlar,
Zildən,
ya bizim kimi?
1982-ci ildə yazılmış bu şeiri sitat gətirəndə Vaqifin 29 il bundan qabaq - 1964-cü ildə yazdığı misralar da düşdü yadıma:
Cənnət görmək istəyəndə
yumuram gözlərimi.
Cəhənnəm görmək istəyəndə
açıram gözlərimi.
Sovet rejiminin sərt illərində bu sayaq şeirləri nəinki çap etmək, kimlərəsə oxumaq da təhlükəli idi. Hələ belə şeirlər yazmağın nə qədər təhlükəli olduğunu demirəm. Moskvada oxuduğum illər idi: qısa Xruşşov "ottopel"i (buzların əriməsi) manejdə mücərrədçi rəssamların tar-marıyla əvəz olundu. Bundan sonra yalnız təsviri deyil, ümumən, sənətə, o sıradan da, ilk növbədə, ədəbiyyata təzyiqlər şiddətləndi, təqiblər başlandı, girəvə gəzən xüsusi "tapşırıqlı mərdimazarlar" meydan sulamağa başladılar. "Samizdat" adıyla məşhurlaşan yeraltı ədəbi nəşrlər (yasaq ədəbiyyatın makinada bir neçə nüsxə çap edilməsi) əl-əl gəzir, hansı yollarlasa xaricə ötürülürdü və eyni zamanda bütün bu fəaliyyət cəza orqanları tərəfindən pusulurdu. Vaqif də makinada yazdığı şeirlərini toplamış və üstündə "Samizdat" yazmışdı. O nüsxə məndə indi də durur. Əlbəttə, bizim "Samizdat" ayrı növ samizdat idi. Vaqifin müəyyən şeirlərindən yalnız mən və Yusif Səmədoğlu xəbərdar idik.
Dəfələrlə demişəm ki, bizim nəslin yeniyetməlik dövrü 1956-cı ilin payızında - sovet qoşunları Macarıstana soxulub bu ölkənin istiqlaliyyət arzusunu qan içində boğanda - bitdi. Amma onda yeniyetməlik dövrünü bitirmiş, gənclik dövrünə keçmişdik. Gənclik isə, hər halda, ümiddir, hər şeyin dəyişəcəyinə inamdır. Həm də o il - 1956-cı ildə Kommunist Partiyasının XX Qurultayı keçirilmişdi, bu qurultayda Xruşşov Stalin rejiminin cinayətlərini ifşa edən məruzəylə çıxış etmişdi. Çox şey, doğrudan da, dəyişirdi, cəmiyyətin, necə deyərlər, qırışları açılır, donu açılırdı. Milyonlarla məhv edilmiş günahsız insan bəraət qazanmışdı, yasaq olunmuş adlar qaytarılırdı, Sibir sürgünlərindən minlərlə sürülmüşlər, o sıradan bizim qohumlarımız da geri, Vətənə dönürdülər. Macarıstan olaylarını da Stalin dövrünün son gəyirtisi kimi qavramaq istəyirdik. "Bütün bunlar bir daha təkrar olunmaz" xəyalıyla yaşayırdıq. Nə qədər gənc və nə qədər sadəlövh imişik. Gəncliyimiz 1968-ci ilin avqustunda bitdi. Çexoslovakiyaya girən sovet tanklarının tırtılları altında yalnız qısaömürlü Praqa baharı deyil, bizim nəslin, şəxsən mənim özümün sosializm ideyasına son inamımız da xıncım-xıncım doğranıb töküldü. O il Vaqif "Füzuliyə" şeirini yazdı və bu şeirdə belə misralar vardı:
Sən, bəlkə də, sevinərdin
Baxıb dənizə sarı.
Axı yuxuna girməzdi
Rus çarının tankları.
Çarlar vaxtı tanklar yoxdu. Çexoslovakiya torpağını "ram edən" və "gülərüzlü sosializm", "xoşsifət sosializm" xülyasını al-üst edən Brejnevin tankları idi. Daha heç nəyə inamımız, heç bir ümidimiz qalmamışdı, daha dəhşətli şeyləri gözlərimiz qarşısına almışdıq və bu önduyum, ürəyədamma da Vaqifin həmin şeirində əks olunub:
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları,
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.
Vaqif o dövrün amansız seçimini bir şair fəhmiylə hamımızdan öncə və hamımızdan artıq duymuşdu:
Deyirlər, özün seç, tebe na vıbor
İntihar, qazamat, vətən həsrəti...
Yaşadığımız cəmiyyət növbəti dövründə elə bir mərhələyə qədəm basmışdı ki, Söz üstündə insanlar yenə məhbəslərə atılır, sürgünlərə göndərilir, "psixuşkalar"a - dəlixanaya salınır, ya xarici ölkələrə atılırdı (Soljenitsın kimi).
Əlin sınaydı, sanitar,
O qızı döydüyün yerdə.
Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə.
O qız çılpaq çinarın da
Başında hava görmüşdü,
Allahın atıb getdiyi
Boş qalmış yuva görmüşdü.
Sən o qızı döyən zaman
Açılmamış güllər soldu.
Dəlixana həyətində
Bir ağac da dəli oldu.
Xışıldadı yer üzünün
ən əlacsız yarpaqları
Dəlixana divarını
öpür çinar budaqları...
Aleksandr Soljenitsinin "Qulaq takım adaları" kitabının dəhşətli faktlar sadaladığı içində bir səhnə məni daha çox sarsıdır. Sərxoş, vəhşi türmə gözətçisi hansısa çox yüngül bir "günah" üstündə cavan qızcığazı, yeniyetmə zavallını barakdan şaxtaya çıxarır və şaxtadan donan qızcığaz "əmican, - deyə yalvarır, - daha eləmərəm, bağışla, məni içəri burax". Bu səhnənin şahidi olmuş "zek" - dustaq Soljenitsin yazır ki, bu an başa düşdüm, başa düşdüm ki, bu türmə cəhənnəmində mütləq sağ qalmalıyam, mütləq yaşamalıyam və bu balaca qızcığazın iztirabını yazmalıyam. Bu onun qarşısında, milyonlarla "günahsız müqəssirlər"in qarşısında mənim insanlıq və yazıçılıq borcumdur.
Vaqif Səmədoğlunun dəlixana həyətində sanitar tərəfindən döyülən qıza həsr etdiyi şeir də məni Soljenitsinin təsvir etdiyi səhnə qədər sarsıdır... Və ölənlər, tələf olmuşlar, işgəncələrə məruz qalmışlar qarşısında hamımızın vicdan borcunu xatırladır.
***
Hələ 1969-cu ildə Vaqif azadlıq həsrətini belə ifadə etmişdi:
Sən mənim
doğma anamsan, Azadlıq,
Mən sənin
yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
Mən səni yellədən külək...
Hələ 1982-ci ildə Vaqif bilirdi ki,
Heykəllərin çoxundan soyuq gəlir,
buz qoxuyur,
qardan yonulub bu abidələr.
Günəş çıxsa,
açılsa istiyə qapılar,
Əriyəcək heykəllərin çoxu -
buz qoxuyan bu abidələr.
Aşıq demiş: "Deyilənlər gəldi başa". Azadlığı, müstəqilliyi də gördük. Qos-qocaman sovet imperiyası da çökdü, darmadağın, tar-mar oldu. Amma
Bilirsənmi,
ən xoş niyyət də
pisliyə dönür əvvəl-axır.
Qalib gəlib
hakimiyyət olmuş inqilab kimi.
Dediyim kimi, V.Səmədoğlu poeziyası zamanı, zamanın yaralarını, dövrü və dövrün dərdini, ağrısını-acısını əks etdirən poeziyadır. Amma həqiqi poeziya kimi o, həm də zamandan uca dayanan, dövrün fövqündə duran bədii hadisədir. Ədəbi problemləri - həyat, ölüm, eşq, həsrət, tənhalıq qayğılarını ehtiva edən bir dünyadır.
"Həyat ayrılıq imiş insanla ölüm arasında".
Təsəvvür şairlərinin nəfəsi gəlir bu misradan, vəhdəti-vücud fəlsəfəsinin işığı süzülür. Vaqif poeziyası həyat və ölüm haqqında düşüncələrlə dopdolu olan, həm ümid, həm də ümidsizlik poeziyasıdır. Ümidsizlik içində kövrək, ürkək bir ümid işartısı görünür bu poeziyada.
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər, var sübh.
V.Səmədoğlunun aşağıdakı sətirləri ulu ustadın bu beytiylə necə də həmahəng səslənir:
Bu yerlər də sevinir
İçində gülməsə də.
Hardasa ağ gün də var,
Gəlsə də, gəlməsə də.
Bu iki parçadakı ümidin təsəlli çaları, yaxud təsəllinin ümid çaları bir-birinə forma, biçim, təşbeh baxımından deyil, ruh baxımından yaxın və doğmadır.
Yenə Füzuliylə həmahəng səslənən başqa bir motiv:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Kaş yenə də uyuyaydım,
Başm sənin sol qolunda.
Millət deyə-deyə, gülüm,
Öləydim sənin yolunda.
Yara, qadına, sevgiliyə məhəbbət hər iki parçada vətən, millət eşqi bərabərində bir hiss kimi qavranılır, duyulur və tərənnüm edilir.
Nəhayət, Vaqif Səmədoğlu poeziyasında tez-tez təkrar olunan bir motiv - Vüsaldan qorxmaq və qaçmaq ("Gəlmə, gəlişindən yaman qorxuram"), sevginin yalnız intizarı ilə yaşamaq istəyi, yalnız əzabına düçar olmaq arzusu "yarəb, bəlayi-eşq ilə qıl aşina məni" duyumunun dövrümüzə uyğun ifadəsi deyilmi?
Vaqif Səmədoğlu poeziyası tənhalıq poeziyasıdır. Şairin tənhalığı ins-cinssiz səhrada tək qalmış adamın təkliyi deyil, insanlar içində, insan tünlüyündə, insan bolluğunda duyulan yalqızlıqdır. "Dərdimi kimə deyim, dünya dolu adamdır" (Rəsul Rza).
Vaqif 1982-ci ildə yazdığı şeirində "Ömür tənhalıq verdi mənə" deyir, amma bu şeirdən 17 il qabaq yazdığı şeirdə də təklikdən şikayətlənir: "Mən də tək, tək, tək" və bu şeirdən on üç il sonra - 1995-ci ildə yazdığı şeirlərində də eyni hissləri yaşayır. Bu, taleyin, məişətin, ailə keşməkeşlərinin doğurduğu tənhalıq deyil, metafizik, ekzestensial yalqızlıqdır. Ümumən, insanın varlıq, dünya qarşısında təkliyi. Ölüm qarşısında təkliyi. Allah qarşısında təkliyi. Və təklik yükünü çəkmək iqtidarı. "Yalqızlığa inan, yaşa", - deyir Vaqif.
Müəyyən motiv təkrarları V.Səmədoğlu poeziyasına yeknəsəklik gətirsə də, şair dünyaduyumunun ömrü boyu dəyişməz qalmasına, onun bütövlüyünə, ardıcıllığına, sabitliyinə heyran qalmamaq olmur. Otuz üç ildir ki, Vaqif öz şeirləri ilə üz-üzə dayanıb və bu şeirlərin tənhalıq dərdinə, ölüm vahiməsinə dözüb. Zənnimcə, bu poeziyada ölüm, ölüm qorxusu, məzar motivləri də bir az əndazədən çıxır, ölçü hissinə uymur. Hərdən bu cəhətdən Vaqifi qınayıram da: "Bəsdir qəbiristanlıq şeirləri yazdın", - deyirəm. Amma bir yandan baxanda, insan qarşısında ölümdən vacib bir məsələ dururmu? Nazim Hikmət demişkən:
Nə ölümdən qorxmaq ayıb,
Nə də düşünmək ölümü.
Vaqif gecə-gündüzün hər anında, sinninin hər çağında həmişə ölüm haqqında düşünən şairdir. Müxtəlif illərin, müxtəlif şeirlərin içinə səpələnmiş misralar:
"Harda gözləyim səni, evdə, eşikdə, ya məzarda?", "Özümü öldürmək istəmişəm iki dəfə, amma öldürməmişəm min dəfə", "Ay yarımçıq, ulduzlar yox, yaman ölməli gecələr", "Allah, məni yarı öldür, yarı saxla ağlamağa", "yuxumda bir məzar gördüm, qazılmamışdı", "Gözlərimi yumanda Allaha xəbər verin", "Özümlə məşğulam, özümü hər gün yüz yol dirildirəm, yüz yol asıram", "Ömürsə yırğalanır ölümün beşiyində", "Ölümdən xəbər yox, ömürdən soraq", "Ruhu şad olur meyvə bağında ölənlərin", "Ölülər ocaq qalayır", "Ya günün əvvəlidir, ya da ömrün axırı", "Sevgilim, mən öləndə", - misalların sayını uzatdıqca, uzatmaq olar. Məncə, min illik poeziyamız tarixində ölümü Vaqif Səmədoğlu kimi ciddi qəbul eləyən, ölümlə bu qədər maraqlanan ikinci şairimiz olmayıb. Şair özü də bu barədə səmimi etiraf edir:
Niyə, görəsən, adam bilmək istəyir
Kim nə deyəcək o öləndə.
Kim necə ağlayacaq onun meyidi üstə?
Neçin insan oğlu
Gizli bir həsrətlə
Öz dəfnini görmək istəyir?
Neçin diriykən
Yüz yol basdırırıq özümüzü,
Tabutumuzu qoyub
Qohum-qardaş, dost-aşna çiyninə?
Mənə elə gəlir ki, Vaqif poeziyasında ölüm mövzularına bu aludəçilik, hardasa, nekrofiliya təsiri bağışlayan bir meyildən, yaxud gerçək ölüm xofundan daha artıq tənhalıq, yalqızlıq dünyaduyumu ilə bağlıdır. Ölüm - tənhalığın sonudur. Dəfn - insanların - dostun da, yadın da səni əzizlədiyi, sənə yandığı dəqiqələrdir, sənin diqqət mərkəzində olduğun anlardır və deməli, tənhalığın, ancaq öz içində yaşadığın bir ömrün bitməsidir. Bu çəmbərdən çıxmaq, xilas olmaq yoludur. Bir də ki poeziyalaşdırılmış (poetikləşdirilmiş demirəm, məhz poeziyalaşdırılmış, yəni - poeziya mövzusuna çevrilmiş) Ölüm - gerçək ölümdən fərqli və üstündür. Poeziya həyatın ölüm üzərində qələbəsidir. Hətta mövzusu ölüm olan poeziya da. Ölümün, Xarabalığın, Viranalığın rəmzi olan bayquşa həsr etdiyi şeir də məhz yüksək sənət örnəyi olduğu üçün varlığın yoxluq üzərində zəfəridir.
Bacım bayquş, gözlərini ver, mənə,
Gecə düşüb, qaranlıqdır, görmürəm.
Gündüzlər də bu dünyanı seyr edib,
Abadlıqdır, viranlıqdır, görmürəm.
Bacım bayquş, ovun bir baxışladı,
Allah səni gecəyə naxışladı.
Mənə də bir ömür-gün bağışladı,
Əbədidir, bir anlıqdır, görmürəm.
Bacım bayquş, zülmətdən çıxdım yola,
Neçə kərə yıxılmışam az qala,
Qurban olum, ulayanda bərk ula,
Səsə gedim, dumanlıqdır, görmürəm.
***
Dediyim kimi, Vaqif Səmədoğlu poeziyası Allahla söhbətdir. Nədən yazır-yazsın, şair Allahla danışır: ömür barədə, ölüm barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaqdan aldanışı - qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə. Bütün bu söhbətlərin ana motivi birdir - şairin ən etibarlı istinadgahı, dayağı, sevgisi şeirdir, poeziyanın özüdür. Şeir, Vaqif dünyasında Allahdan sonra ən yüksək məfhumdur. "Şeir yazıram" adlı ilk gənclik şeirində Vaqif şeir yazmaq və istədiyi kimi yazmaq haqqını müdafiə edirdi. Sonra bütün illərdə də şair kimi yaşadı, şair ömrü yaşadı və yaşayır. Şeirləri də onunla birgə "yaşa dolub qocalır".
Şeir yazmaq tutub məni,
Ağlımı itirmişəm
Şeir yazmaq arzusundan.
Dilimə gələn sözlərin quluyam,
Ürəyimdə qalanların dəlisi.
Bu şeir çox mühüm bir etirafla bitir: "Dünya bəhanə imiş, şeir yazmağa". Şair belə bir qənaətə gəlir ki,
...Bəlkə, mənə
Yaşamaq yox,
Şeir yazmaq gərəkdir.
Şairin ən böyük arzusu kimsəsiz bağ evində, Allah məhkəməsi qabağında üz-üzə durmuş iki cani kimi, şeirləri ilə tək-təkə qalmasıdır. Həm də şeir yazmaq Vaqif üçün narkozsuz cərrahiyyə əməliyyatındakı kimi dözülməz ağrıya dözməkdir. Şair taleyi haqqında, həyatın unutqanlıq qanunu və yaddaşlarda əbədi qalmaq istəyi haqqında düşüncələrini belə yekunlaşdırır:
Şair kimi yox,
Şeir kimi ölmək istəyirəm.
Oxumaq arzusu ilə yaşayıram -
Əvvəldən axıra kimi oxunmaq.
Əzbər qalmaq istəyirəm
Kimin isə yadında.
Bəyənilmək, sevilmək istəyirəm,
İstəyirəm dəlicəsinə -
Şair kimi yox,
Yaddan çıxmayacaq bir şeir kimi...
Dediyim kimi, Vaqif üçün şeirdən yüksək yalnız Allahdır. Amma elə məqamlar olur ki, o, "ağ kağız üzərində yer üzünün bütün məntiqlərinə meydan oxuyan qələminin təkliyi"ni heç kimə və heç nəyə dəyişmək istəmir: "Nə bir dövlət bayrağının kölgəsinə, nə də bir qadın səsinə, nə övlad nəfəsinə, nə də, bağışla, Allah, sənə".
Allahla şair münasibətlərinin bu mərtəbəsi də var.
Vaqif elə bil, bütün otuz üç yaşlı poeziyasını - Həzrət İsa yaşlı ömürlüyü olan yaradıcılığını - Allahla sorğu-suala həsr eləyib. Sanki soruşur ulu Tanrıdan:
"Niyə, axı niyə mənə şair olmaq işgəncəsini, yəni tənhalığı, ölüm vahiməsini, anlamaq dərdini, qadın həsrətini, demək istəyini və susmaq məcburiyyətini rəva bildin? Niyə gəncliyim əsarət, haqsızlıq və ədalətsizlik hökm sürdüyü bir dövrana düşdü? Gücün, zorun haqqı tapdamasını gördüm, xalqımı köməksiz gördüm, zəncirlər qırılanda, məhbəs divarları uçanda isə "qul quldar oldu", "Azadlıq yalan çıxdı" və yenə də mənə "Ana torpaqda qərib məzarı qazıldı". Yenə də "qu" deyib, qulaq tutulan tənhalıq səhrasında da, adamların tünlüyündə də, səslərin, rənglərin haray-qışqırığı içində də özümü tək, tək, tək hiss elədim. "Batan gəmidən atılan yük kimi kənara atdım ümidlərimi" və gördüm ki, "ömrün divarında yenə kəndir dayanıb qapı yerinə", "Uzaqda bir külək, onun üstündə bir bayraq" olduğunu bilsəm də, yetə bilmədim o küləyə və o bayrağa, dünyanın hər "gecəsini son gecəsi kimi, hər səhərini son səhəri" kimi yaşadım. Niyə, onsuz da, sonu ölüm və yoxluq olan bu həyatda sevincimi belə qıt, "ağrı-acımı belə bol elədin? Niyə axı, Niyə, Niyə?"
Mənə elə gəlir ki, Allahın Vaqifə cavabını da eşidirəm: "Naşükür, sənə bütün bu ağrı-acını ifadə etmək üçün istedad da vermişəm axı. Məgər bu azdır?"
***
Vaqif Səmədoğlunun ən böyük kitabı qarşınızdadır. Çoxları üçün bu toplu şairlə ilk görüş olacaq. Hər halda, hamı Vaqif poeziyası ilə ilk dəfə bu ölçüdə, bu miqdarda, bu miqyasda tanış olur. Bu kitabın əks-sədasının çox uzaq gələcək illərə və çox uzaq ellərə yayılacağına əminəm. Vaqifin yuxarıda gətirdiyi misralarını bir də təkrar gətirirəm.
"Oxunmaq istəyirəm -
Əvvəldən axıradək oxunmaq".
Vaqif Səmədoğlunun, ən azı, buna haqqı var.
Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi" kitabına
Ön söz, oktyabr-noyabr, 1995.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!