Öz yazısına aşiq olan balıqçı tərif bülbülləri - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

1

 

Yazının səviyyəsi zamanla müəllifin davranışlarına da yansıyır, oralarda mütləq özünü göstərir. Ən uğursuz riyaziyyatçıların sonda qəzəlləri çıxır, yaxud əvvəl-axır şeir toplusu peyda olur. Mükəmməl şeir mətni (şərti olaraq mükəmməl - !) şübhəsiz ki, gücdür, enerjidir, poetik enerjinin təkrarsız ifadəsidir, amma şeir həm də zəiflikdir, daha doğrusu, bu ikisinin qovşağında kəsilib-dirilən nəfəsdir, öz ixtisas sahəsində piyada gəzən adamların niqabıdır, şeir həm də bu tipli sənətkarları ustalıqla aldadır, onların dilinə qıfıl vurur, adam yazdıqca, elə güman edir ki, yazdıqlarıyla dünyanı dəyişib, böyük aləm yaradıb, amma və sadəcə, açar kilidin içində vurnuxmaqdan başqa heç nəyə yaramır. Şeir canlı, aşıb-daşan fantaziyanı xoşlayır, Xətainin varsağılarına baxın, yaxud Şəhriyarın "Heydərbaba"sına, enerji o qədər gözəldir ki, poetik təfəkkürü çəpərləməyə meyilli təriqət havasını neçə köynək yarıb keçir. Ömrü boyu qəzəlin möhürbəndinə "çırpılan" şair bir dəfə o qəfəsdən çıxdımı, qayıdıb bütün dünya ədəbiyyatını dəyişmək, köhnə və pas atmış nəsnələri alt-üst etmək istər. Müasir dövrdə təsəvvüf terminologiyasının qədim divarları arasında bardaş qurub yazan şairlər var, burda məsələ bir az qəlizdir, təriqət havası şairin nəfəsindən yan keçib onun yazmaq istədiklərini ondan qabaq yazır, yəni tavtalogiya ən qənirsiz nəsnələrin havasına da boy ata bilər.

Müasir poeziyamızın bir qismi belədir, şeir şairdən əvvəl özünü əzbərə söyləyir, şairlə o, iki yanaşı axan və qovuşmayan çay misalıdırlar. Belədə, şair əbədi susmağa məhkumdur, çünki açar qıfılın içində pas atıb.

Şeir nəfəsin daim, əvvəldən bilinməyən sonsuza qədər çalışmasını istəyir və bu çalışmanın ən böyük payı yazmamaqdır, anı gözləməkdir, bu daimi nəfəslik şübhə toxumları əkir, cücərdir, sənə elə gəlir ki, mənasız işlərlə uğraşmısan, sənin imzan olan mətnlərdə fərqli heç nə yoxdu, ona görə də yazıdan qaçmaqla ona tutulmaq eyni nəfəsin içindən keçir və bunun özü də şeirdir.

Başqa şəkil, forma, haşiyə... içində yazılanlar hava proqnozudur: sabah səhər tezdən buludlar dağılacaq, narın yağış yağacaq və bu hər gün təkrarlanır, vərəqlər islanır, yazılanların mürəkkəbi qlobusun Afrika tərəfindən aşağı axır...

Şeirə doğru əl-ələ tutub qaçanlar...

 

2

 

Repressiya dövrü poeziyasının psixoloji çırpıntılarını incələmək maraqlı olardı. Misralarda, onların arasındakı bir nəfəslik sahədə inilti, ağrı, iztirab ən dərində qövr edir. Bu şeirlərdə boş şadyanalıqla kədər, üzüntü, dövrün, rejimin taleyə köz kimi basılan möhürü o mətnləri yazan şairi dünyanın ən bədbəxt adamı kimi seçir. Stalin rejiminin sonunda Səməd Vurğunun ona həsr olunmuş iclası radiodan dinləməsi nə qədər ümidverici nəfəs dərimi olsa da, artıq şeirin də sonuydu. Bu yerlərdə şeir qoşmaq yasaqdı. Belə gənc ikən hər gün intihara gedən, heç kəsi, ilk növbədə, özünü bağışlamayan şairin "Mən tələsmirəm" deyimi ağrının ən dəhşətli səsidir, sükut adalarında...

 

3

 

Bir də Nadir Yalçının "Balıqçılar" hekayəsi. Bu hekayə, hətta Nadir Yalçının özündən də: "niyə gözəldir?" - soruşsanız, bir-iki kəlmə bəs edər. Ən gözəl mətn haqqında o bir-iki kəlməni ürəklə yaza bilməkdən bəllənir. Təbiidir. İçində heç nə yoxdur, - yəni, əhvalat düzgün yerdən "kəsilib" hekayə məkanına qoşulub. Bəzən deyirlər, axı filan hekayə niyə soyuqdu, niyə bizi həyəcanlandırmır? Nadirin hekayəsi də həyəcanlandırmır, özünü əlini qaşına qoyub bu hadisəni müşahidə edən məqamda ələ keçirirsən. Əli Kərimin "Tolstoyvari" şeiri yada düşür - eynən bu iki qardaş da bir-birlərini suya basmaqla məşğuldurlar ("Koroğlunu suya basar..."). Hekayə - təhkiyə məkanındakı istisnasız olaraq bütün detallar, işarə və işarələmələr hekayənin dərinliyində baş verənləri və baş verəcəkləri oxumağa sövq edir. Müasir hekayənin şəkli budur - mətnin dərinliyində işarələnənləri oxucu özü üzə çıxarır. Yəni, müəllifin sızdırdığı bəzi para şeylərin LƏPİR-i pozulmur heç zaman.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!