Cavid tilovları maşının üstündəki dəmirə iplə çəkib möhkəm bağladı. Əllərini belinə dirəyib arxaya dartındı. Obaşdan soxulcan yığmaq üçün əyilib torpağın nəm yerini eşələyəndə belinin tutacağını bilirdi.
Elxan iri çuqun vedrələri maşının arxa oturacağının ayaqaltısına qoyub qardaşına tərəf boylandı:
- Hava əladı, özüm ölüm, bəlkə, Əliyə də deyək?
Cavid əlini belindən çəkib qaşlarını çatdı:
- Bizə rahatlıq haramdı? Gəlib baş-beynimizi aparacaq. Ay nə bilim, dalıma tikan batdı, gözümə gün düşdü, yuxum gəldi... Özü də Əlinin qayığı var? Qucağımızda üzəcək?
Elxan heç nə demədi.
Cavid maşını işə salıb havaya baxdı:
- Elxan, qalx evə, arvada de, ordan mənim kepkalarımı versin, gün başımıza döyməsin.
Sonra nə fikirləşdisə, qardaşı yuxarı çıxmaq istəyəndə tez dilləndi:
- Gözlə, gözlə, özüm qalxıram.
Cavidlə Elxanı hamı "balıqçılar" deyib çağırırdı. Caviddən on yaş balaca olsa da, atalarından qalma bıçağı belində Elxan gəzdirirdi. Balıq tutmağa marağı da ona atasından keçmişdi.
Cavid balıq tutmağa o qədər həvəsli deyildi. Amma qardaşını gölə tək buraxmaq istəmirdi. Həmişə balığa bir yerdə gedirdilər. Təkcə soxulcan çıxarmağı da Elxan özü öyrənsəydi...
Maşın torpaq yolda tozanaq qaldırır, güzgülərdən görünən mənzərə kovboy kinolarındakı çöllüyü xatırladırdı. Cavid qarşıdan gələn adamın üzünü seçənə qədər qardaşların da kefi kök idi.
- Pay içinə!.. - Cavid əlini sükana çırpıb maqnitofonun səsini aldı, - balıq tutmaq getdi işinin dalınca.
Elxan siqareti damağından götürüb soruşdu:
- Nooldu, yenə?
- Görmürsən?
- Nəyi?
- Qabaqdan gələni də...
Elxan gözlərini qıydı:
- Həsən deyil o?
- Odu, odu, tfu, ləpirinə itin poxu olsun!
Ləpir Həsən qardaşları görüb əl elədi. Cavid onun yanına çatanda sürəti azaldıb maşının şüşəsini aşağı saldı. Həsən "salam-əleyk"i tez yola verib soruşdu:
- Balığa gedirsiz? Day denən, axşama yaxşı balıq qızartması var ki!
- Görək də, - Cavid mızıldandı.
- İşiniz avand olsun, bəlkə mən də gəldim axşam.
- Gəl, Həsən, - Elxan dedi, - gələrsən.
Cavid asta-asta sürdü ki, Ləpir Həsəni toza basmasın.
Elxan qardaşının Həsənlə saymazyana danışmağından xoşu gəlmədi:
- Nə istəyirsiz, bu Həsəndən? Əcəb adını çıxartdız kənddə.
- Kənddə onun əlindən bir iş görmək olur ki?! Hansı xeyir işin dalınca gedirsən, gəlib çıxır qabağına. O iş alınsa, mənim atama lənət!
- Sənə deməmişəm, "atama lənət" demə?
- Yadımdan çıxdı, - Cavid fikirli-fikirli cavab verdi.
Elxan qardaşının susduğunu görüb söhbətinə qayıtdı:
- Axır vaxtlar nə bədliyin görmüsən?
- Həsənin?
- Yox, mənim... Kimdən danışırdıq?
- Həə... Keçən dəfə dal qonşumuz Aslan təzə bel sapı almışdı. Ocaqda sapın o üzün-bu üzün közərdirdi ki, qurd düşüb çürütməsin. Bir də gördük, Ləpir Həsən pırtdadı. Xoş, beş, on beş, zalım oğlu sapı aldı əlinə, dedi ki, nə qəbir qazmalı sapdı?! Səhərisi Aslanın qəbrini elə həmin sapla qazdılar.
-Aslan xəstə idi də, Cavid...
- Noolsun? Mən də xəstəyəm, - Cavid siqaret yandırdı, - vallah, Ləpir Həsənlikdi... Bəlkə, dala qayıdaq, onsuz da, bundan sonra çətin balıq tutaq.
- Əşi, yola çıxmışıq, bəsdi, görək!
Sarısunun sahilinə çatmışdılar. Hərəsi bir hava qayığı ilə gölə çıxıb açıq yerdə tilovlarını suya atmışdılar. Balıq tutub qutarana kimi nə Caviddən bir səs çıxırdı, nə də Elxandan. Balıqlar səsdən qaçırdılar. Tez-tez yerlərini dəyişir, qarmağa ov keçdiyini hiss edəndə cəld tilovun ipini çəkib balıqları vedrələrə atırdılar.
Hələ bugünkü kimi balıq tutmamışdılar. Vedrələr ağzına kimi dolu idi. Heç ataları da sağlığında bu qədər balıqla evə qayıtmamışdı. Sarısudakı bütün sazanlar, elə bil, qardaşların qarmağına keçmişdi.
Gölün sahilinə qayıdandan sonra Elxan yerə palaz sərib termosun dalınca maşına getdi. Qayıdıb hərəyə bir stəkan çay süzdü. Cavid bardaş qurub fərəhlə vedrələrə baxdı. Yorulmuşdu, qayıtmağa tənbəllik etdiyi üzündən yağırdı. Dikəlib siqaret yandırdı:
- Sən niyə evlənmək istəmirsən?
- Başladı da yenə, - Elxan dedi.
- Düz demirəm?
- Sən canın, başqa söhbət elə.
- Yox da, yaşın keçir, rəhmətlik kişinin sən yaşda üç uşağı var idi.
Elxan ağzını büzdü:
- Üçündən də yarımadı...
- Ə, kəs, qanacağın olsun. Noolub bizə?
- Nolacaq, qalmışıq ortalıqda... Hər dəfə deyirəm, balıq tutub sataq. Onsuz, hər həftə balığa gəlirik. Köməkləşək, başımızı hərləyək.
Cavid qaşlarını çatdı:
- Camaatın balığını özünə satacaqsan?
- Öz balıqları hardan olur? Əziyyət çəkiriyee...
- Kim sənə yalvarır əziyyət çək? - Cavid dedi.
- Deyirəm, tuturuqsa, sataq, beş-on manatımızı qazanaq.
- Mən sənə pul qazanmağın yolunu çoxdan demişəm. Niyə getmirsən Rusiyaya?
Elxan qardaşının gözünün içinə zilləndi:
- Nə vaxtdı "Rusiya, Rusiya" deyib başımı xarab eləmisən.
- Pul qazanmaq istəyən sənsən də. Çörək dalınca niyə getmirsən?
- Elə yaxşı şeydi, özün get də...
- Mən gedim Rusiyaya, arvadım da yiyəsiz qalsın? Sənə nə var, subay adamsan, bir hulqumundu, bir də...
Elxan qardaşının sözünü ağzında qoydu:
- Sən arvadından narahat olma. Mən balqabaq-zadam burda? Kənddə mənim kimi qardaşın var.
Cavidin gicgahındakı damar qabardı. Siqaretin tüstüsündən yaşaran gözünü qıyıb qardaşını süzdü:
- Sən də məni Rusiyaya göndərməyə meyillisən ha...
- Dəlisən? Sənə görə deyirəm, mənim nəyimə lazımdı?
- Heç olmasa, mən həyət-bacanı becərib üçdən-beşdən çıxardıram, sən işləmirsən. Nə qədər mamanın pensiyasına siqaret alacaqsan?
Elxan başını aşağı salıb gözünü telefona dikdi.
Cavid siqaretin kötüyünü gölə atıb termosdan özünə çay süzdü. Qardaşının telefonda qurdalanmağı həmişə onu əsəbiləşdirirdi. Onun sözü ürəyində qalmışdı:
- Bütün günü avaralanırsan. Haçan da baxıram, bizdəsən.
- Qardaşımın evinə gələ bilmərəm?
- Hər gün? - Cavid çaydan bir qurtum içdi.
- Noolar ki? Mənim sizə gəlməyim səni niyə özündən çıxardır?
- Mən evdə olmayanda da?
- Yalan danışma!
- Düz demirəm, bəlkə?
- Gəlmişəm, görmüşəm sən evdə yoxsan, dala qayıtmışam!
Qardaşının sözləri Elxanı diksindirdi: "Mən evdə olmayanda da..." Sarısunun səssizliyi başına düşürdü. Birdən əlindəki telefonu yerə çırpıb ayağa qalxdı. Heç vaxt üzünə qayıtmadığı qardaşının üstünə cumdu, yaxasından tutub ayağa qaldırdı:
- Dəyyus! Sən qardaşından şübhələnirsən? Sən öz qardaşından şübhələnirsən? Sən doğma qardaşından şübhələnirsən? Alçaq! Şərəfsiz! Dəyyus!
Elxan nə edəcəyini bilmirdi. Cibindəki atasındanqalma bıçağı qardaşının ürəyinə sancmaq, yerdən iri bir daş götürüb onun başını yarmaq, əlini-qolunu bağlayıb suya tullamaq, boğub öldürmək də onun ürəyini soyutmayacaqdı.
Cavid qəfil hönkürüb ağlamağa başladı. Bacısı qoşulub qaçan gün atası da belə hönkürüb ağlayırdı. Elxanın qarşısında birəbir atası dayanmışdı. Gözləri, qaşları, burnu, ağzı atasına bənzəyən, amma alçaq, şərəfsiz, dəyyus qardaşı...
Elxan qardaşının yaxasını buraxıb balıqlar dolu vedrələri gölə vıyıldatdı. O vedrələrin içində hələ canını tapşırmamış balıqlar var idi. Doğrudan da, balıqlar səs-küy olan yerdən qaçırmışlar...
***
Sarısu qürubun şəfəqləri ilə birgə rəngini itirirdi. Meh əsdikcə tərpənən qamışların səsi sükutu pozmağa can atırdı. Üfüqdə get-gedə nazilən qırmızı xətt görünürdü.
Cavid maşını ehtiyatla, yavaş-yavaş sürürdü. Maqnitofonu yandırmamışdı. Maşında ancaq Elxanın fısıltısı eşidilirdi.
Səhərki əhvaldan əsər-əlamət qalmamışdı. Balıqlar öz evinə - Sarısuya qayıdan kimi Cavidlə Elxan da kəndə qayıdırdılar.
Bu vaxtlar Ləpir Həsən küçənin başında oturub gələn-gedənlə üç-beş kəlmə söhbət edərdi. Maşını uzaqdan görüb yerindən dikəldi. Qardaşlara əl eləsə də, Cavid onun yanından keçəndə saxlamadı, əvvəl Elxanı düşürtdü, sonra öz həyətlərinə sürdü.
Arvadı siqnal səsinə yüyürüb darvazanı açdı. Cavid maşını içəri saldı, çardağın altında oturub siqaret yandırdı. Arvadı maşına göz gəzdirib soruşdu:
- Balıq tuta bilmədiz? Əli ətəyindən uzun qayıtmısan ki...
Cavid başını qaldırıb tilovlara baxdı:
- Nə balıq, əşşi... Gedəndə Ləpir Həsən çıxdı qabağımıza, balıq nə gəzir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!