Azər TURAN
1964-cü ildə Təbriz dünyaya gəldiyi gün Xəlil Rza "Oğlum Təbrizə" adlı bir şeir yazmışdı. Əvvəllər bu şeiri başqa gözlə, bir az da həsəd apararaq oxuyardıq. Təbrizdən sonra, sanki misraların üzərinə mistik bir tül örtüldü və şeirdəki mənalar o mavi tülün arxasından tamam başqa ritmdə və məzmunda səsləndi: "Yeddi il yol gələn, a mənim ilkim, / Gəldiyin yollara gül düzərəm mən" deyən Xəlil Rza, qəribədir ki, körpə balasını "Ən böyük sevincsən, ən müqəddəs qəm, / Məni od içinə atan Təbrizim... / Səni arzum üçün, amalım üçün, / Səni döyüş üçün yaratmışam, mən." - deyə əzizləyir. Xəlil bəyə Təbrizin doğulduğu gün, fevralın 12-də "Məni od içinə atan Təbrizim" misrasını yazdıran hansı duyğu idi? Rembonun dediyi bəlkə həqiqətdir: "Şairlik - kahinlikdir".
Körpə balasına "Səni döyüş üçün yaratmışam" deyən gənc Xəlil Rza hələ 4 il əvvəl, 28 yaşında Azərbaycan poeziyasının azadlıq manifestini - "Azadlıq" şeirini yazmışdı. Bu barədə bir qədər sonra...
Bilmirəm, Heydər Əliyev irsini tədqiq edənlər belə bir məqama diqqət yetiriblər ya yox, amma məncə, Heydər Əliyev Xəlil bəyə xitabən dediyi ifadəni başqa heç kəs haqqında işlətməyb. Təbriz şəhid olanda Xəlil Rzaya Naxçıvandan yazdığı başsağlığı məktubunda "Sizi bağrıma basıb gözlərinizdən öpürəm" - demişdi. "Gözlərindən öpürəm" ifadəsi ümumiyyətlə, Heydər Əliyevin siyasi leksikonunda yox idi. Amma o, Xəlil bəyə məhz bu sözlərlə təsəlli verdi. Heydər Əliyev həmin məktubunda "Xəlil bəy, qəhrəman oğlunuz Təbrizin qanı yerdə qalmayacaq" yazmışdı. İndi Təbriz şəhid olan yerdə Azərbaycan bayrağı dalğalanır. Təbrizin qanı yerdə qalmadı.
Təbriz mənim tələbə yoldaşım idi. Zövq və hal əhliydi, dəliqanlıydı, döyüşkən idi, mərd idi. Gözünün qorxusu yox idi. Tələbəlik illərimizdə, hərdən İçərişəhərdə Maqomayev küçəsində kirədə qaldığım evə gələrdi, söhbətlər edər, xudmani məclislər qurardıq.
Yaraşıqlı və mükəmməl bir gənc idi. Evlənəndə də Dəvəçinin sayılıb-seçilən, əsilzadə bir ailəsinin tək övladını, Niftalı Aşurovun nəvəsini, oftalmoloq Tamara Aşurovanın, el-obanın sevimlisi Xudabaxış Bayramovun yeganə qızını - həkim Sevinc xanımı seçdi... Sevinc də qapılarında sıralanmış elçilərin içərisində Təbrizi seçdi. Burda nöqtə qoyub bir haşiyə çıxmaq istəyirəm. Təbriz dünyaya gəldiyi gün Xəlil Rzanın yazdığı "Oğlum Təbrizə" şeirini yuxarıda xatırlatmışdım. O şeirdə bu misra hatifdən xəbər vermək deyilsə, bəs nədir? "Ən böyük sevincsən, ən müqəddəs qəm". Kahinlik başqa cür olmur ki... Sonu ən müqəddəs qəmlə bitən bu sevgi Xəlil Rzanın təhtəlşüurunda hələ 1964-cü ildə ən böyük sevinclə başlamışdı...
...Təbrizi tanıyanların ağlına belə gəlməzdi ki, nə vaxtsa bizim Vətən müharibəmiz olacaq, Təbriz həmin müharibəyə yollanan ilk könüllülərdən biri olacaq və Qarabağ uğrunda döyüşlərdə şəhid olacaq, Azərbaycanın Milli Qəhrəmanına çevriləcək. Evlərinin yerləşdiyi Əli Bayramov küçəsinin adı dəyişdirilib, Təbriz Xəlilbəylinin adına veriləcək. Bunu heç kəs ağlına gətirməzdi.
Yuxarıda qeyd etdim ki, Heydər Əliyev "Gözlərindən öpürəm" ifadəsini Xəlildən başqa heç kəs üçün işlətməyib.
Elə gözlərindən öpüləsi adam idi. Özünü millətə fəda elədi. İşsiz qoydular, sınmadı, əzdilər, əzilmədi. Hələ vaxtilə dəbdəbəli bir məclisdə unudulanda öz sağlığına badə qaldırıb, Azərbaycan poeziyasının ən məhzun şeirlərindən birini - "Unuduldum. Nə tutuldum, nə pərt oldum, Pıçıldadım öz-özümə - Xəlil, sənin sağlığına!.. Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına" şeirini yazdı. Vətənin sahibsiz olduğu və ermənilərin Azərbaycana basqın etdiyi ilk günlərdə - 1988-ci ildə yeganə şairimiz idi ki, millətə xitabən:
Bu sərt, ağır günlərdə
Mən Ali Baş Komandan
Olsam, olmasam belə,
Azərbaycan adından
Əmr edirəm - silahlan!
- deyə səsləndi. Azərbaycan cəmiyyətini "ermənisiz Azərbaycan" çağırışı ilə hərəkətə gətirdi. Lefortovoda dustaq oldu... Şəhid olmuş oğlunun dəfn mərasimində gəlinini təbrik etməklə, Xəlil Rza millətin yaddaşında türk törəsini yenidən diriltdi, millətə Ulutürklüyün dərsini keçdi.
Bunu Akademik Milli Dram Teatrında Xəlil Rzanın 80 illik yubileyindəki məruzəmdə də demişdim, "Sovet dövründə Ulutürk olmaq" məqaləmdə də yazmışdım: Azərbaycan poeziyasının azadlıq manifestini - "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, / Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram" misraları ilə başlayan "Azadlıq" şeirini 1960-cı ildə 28 yaşında yazmışdı. Ona Xalq şairi adı isə 28 yaşlı oğlu Təbriz şəhid olandan sonra verildi. Oğlunu itirdi. Yıxılmadı. Yenə də kürsülərdəydi. Fırtınaya çevrilib özünü unutdu, öz şamını Qarabağ naminə söndürdü. Xəlil Hadiləşdi. Eynən Hadi kimi:
Mən solmalıyam ta ki açılsın da baharım,
Mən sönməliyəm şəşələnsin də nəharım.
Mən ölmədən əvvəl vətənim oldu məzarım.
Gözlərindən öpülməlidir, həm də ona görə ki, Xəlil bəydən başqa da ikinci bir şair yoxdur ki, ona verilmiş Xalq şairi adından mənəvi baxımdan imtina etmiş olsun:
Baxın, gözlərimdən axan yaşlara,
Deyirəm: - Balamın qan bahasıdır,
Başıma qoyulan bu qızıl çələng.
Əlində avtomat... mükafatımı
Gedib o dünyadan gətirmiş özü,
Tökülən qanıyla möhür basaraq
Özü imzalamış balam hər sözü.
Getdi mənim üçün çələng gətirdi
Qaynar cəhənnəmin tən ortasından.
...Sağ ol, əziz balam, canım-ciyərim,
Ata məramını duyan Təbrizim!
Çıxarıb quyunun qaranlığından
Məni dağ başına qoyan Təbrizim!
Apar, istəmirəm minnət götürüm,
Hətta ən sevimli, doğma balamdan.
Çələng sənin olsun, avtomat mənim,
Şövqümü səninlə bölmək istərəm.
Sən vətən yolunda keçdin canından,
Mən sənin uğrunda ölmək istərəm.
Xəlil Rzadan sonra başqa biri də yoxdur ki, "İstiqlal" ordeni ona ölümündən sonra verilsin...
Ulutürkün oğul kədəri Tolstoyun oğul kədərini də kölgədə qoyur: "Vaneçkanı dəfn etdik. Dəhşətli, dəhşətli, yox, böyük ruhi hadisədir. İlahi, sənə təşəkkür edirəm. Sənə təşəkkür edirəm." Xəlilin isə Təbriz kədəri Cavidanəydi. Cavid Ərtoğrolun səkkiz yaşı olanda yazmışdı bunu: "Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də Ərtoğrol kibi oğlun..." Xəlil Rza isə Təbriz dünyaya gəldiyi gün yazmışdı: "Səni döyüş üçün yaratmışam mən... Məni od içinə atan Təbrizim".
Cavid Ərtoğrolun ölümünü bilmədi. Ərtoğrol Caviddən iki il sonra dünyasını dəyişdi. Xəlil isə Təbrizdən sonra iki il də yaşadı. Sızıldaya-sızıldaya yaşadı. Buna yaşamaq demək olardısa:
Gözlərində nur təbəssüm,
Üzünə söykənsin üzüm.
Həsrətinə necə dözüm,
Balam - Təbrizim, Təbrizim.
De, hardasan, Şah taxtında,
Ərşin ən yüksək qatında!
Göynər tabutun altında,
Əlim, Təbrizim, Təbrizim.
Qaranlıqda pak məşəlim,
Gülşən qəbri bənövşəlim!
Döz, yanına mən də gəlim,
Gəlim, Təbrizim, Təbrizim.
Sevincin, başda tacın var,
Türkayın var, Gültacın var.
Mən qoymaram solmaz bahar.
Solan Təbrizim, Təbrizim!
Pak alnının təri dən-dən,
Şığıdınmı səngərindən?
Yatma, hər gün dan yerindən
Boylan, Təbrizim, Təbrizim!
Yıxılmadısa, belə yıxılmadı. Xəlil bəy Təbrizdən sonra iki il yaşadı. Bu arada Təbriz qədər bağlı olduğu Şuşa işğal olundu. Sanki "Təbriz getdi, heç olmasa, Şuşa qayıtsın" deyə Şuşanın geri qaytarılması uğrunda mücadiləyə başladı. Bunu gerçəkləşdirə biləcək milli lideri millətə nişan verdi. Xəstə ürəyini dişinə tutub Naxçıvana getdi. Heydər Əliyevlə görüşdü. Onu yeni dövrün Atatürkü adlandırdı. Qalan günləri xəstəxana çarpayılarında keçdi. Və sonra da bitdi. Şairin kahinliyi tamamlandı. "Sən vətən yolunda keçdin canından, / Mən sənin uğrunda ölmək istərəm." Böyük şair 28 il sonra arzusuna çatdı - Təbriz uğrunda öldü. Gəlini Sevinc xanım yazırdı ki, "o zaman ki, Xəlil ata dünyasını dəyişdi, məhz o zaman başa düşdüm ki, onunla birgə mən Təbrizi ikinci dəfə itirdim".
Amma Ulutürkün ölümünə də paxıllıq edənlər oldu. Biri romanında Xəlilullah Xəlilov adlı personaj yaradıb onun müqəddəs kədərini lağ hədəfinə çevirməkdən çəkinmədi. Bu qaranlıq və qara düşüncəyə ən gözəl cavabı 2020-ci ildə Azərbaycan Ordusu verdi. İkinci Qarabağ müharibəsi günlərində qalib ordumuzun televiziya ilə yayınlanan döyüş epizodlarını izlədikcə, orada ölüb ətrafa səpələnən ermənilərə baxa-baxa əziz Təbrizini Şuşa ətrafında itirən Xəlil Rza Ulutürkün misralarını xatırlayırdım:
Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur...
Vur, ölən daşnakdır, adam deyil, vur.
Yuxarda qeyd etdim ki, Təbrizi tanıyanların ağlına belə gəlməzdi ki, nə vaxtsa bizim Vətən müharibəmiz olacaq, Təbriz o müharibəyə yollanan ilk könüllülərdən biri olacaq və Şuşanın mühasirədən çıxarılması uğrunda keçirilən Daşaltı əməliyyatında şəhid olacaq, Azərbaycanın Milli Qəhrəmanına çevriləcək. Evlərinin yerləşdiyi Əli Bayramov küçəsinin adı dəyişdirilib, Təbriz Xəlilbəylinin adına veriləcək. Bunu heç kəs ağılına gətirməzdi.
Amma Təbrizi yaxından tanıyan, "İynəboyu şeirlər" yazıb, sonra da dünyasını dəyişən gənc şair Faiq tələbə yoldaşımızın şəhid olduğunu eşidib "Təbrizin xatirəsinə" adlı bir şeir yazmışdı. Yazıb mənə göndərmişdi. Təbriz barədə bu yazını da həmin şeirlə tamamlamaq istəyirəm. Çünki Təbrizin taleyi, sözün bitdiyi yerdir, sözlər bitir, kədər isə bitmir:
Səni şimşək görmüşəm,
çaxmağın var -
çürük məqsədləri,
küt qaydaları
yandırmağın,
yaxmağın var, -
Ata, məni tanımadın...
Səni ümman görmüşəm,
dözməyin var,
yersiz zərbələri,
sonsuz dərdləri
çiçək kimi üzməyin var, -
Ana, məni tanımadın...
Səni uca görmüşəm,
anadan, yardan şirin...
Bir cüt göyərçin kimi
qoşa qız baladan şirin
Vətən, məni tanımadın...
Yaytək qıvrılıb, açıldım,
əlvida, atam, anam.
Oluram vətənə qurban -
Güllə, məni tanımadın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!