Xəlil Rzanın məktubları, yaxud Sovet dövründə ulu türk olmaq - Azər TURAN

Azər TURAN

 

 

...1984-cü il. İrkutskda hərbi xidmətdəyəm. Xəlil Rza ilə məktublaşırıq. Yaş fərqimizə baxmayaraq, Xəlil Rza məni özünə dost və sirdaş bilir. Hərbi hissənin "Lenin otağı" deyilən guşəsindən Xəlil Rzaya məktublar yazıram. O isə cavabları yubatmır...

Bir dəfə məktubunda xəbər verdi ki, Moskvada Zori Balayanın "Ocaq" kitabı nəşr olunub. Zori Balayanın kimliyini bilmirdim. Adını ilk dəfə eşidirdim. Xəlil Rza isə yazırdı: "Necə zavallı, necə miskin imiş "Ocaq" yazarı Zori Balayan. Bəşəriyyətə sazı və Misri qılıncı, muğamatı və xalça gülzarını, Naxçıvan və Səmərqənd memarlığını, Nəsimi və Füzuli xəzinələrini, Nəvai və Tofiq Fikrət dühasını, qonaqsevərlik və eşq məktəbini, Fərabi, Bəhmənyar, Nəsirəddin Tuslu, Ələkbər Sabir, Müşfiq möcüzələrini, Məhdimqulu, Vaqif, Musa Cəlil dürdanələrini bəxş etmiş bir milləti, yaxud millətlər qovuşağını dönə-dönə, utanmadan, həyasızlıqla "vəhşi", "barbar", "mədəniyyətsiz köçəri", "başkəsən" adlandıran, bu cür başından yekə danışmağa ağız bəhəm edən zatıqırıq nə qədər dargöz və cahil imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz Zori özünü zora salaraq Oljas Süleymenovun böyük alim-şair qələmindən çıxmış "Az i YA" kitabını ləkələmək üçün necə də dəridən-qabıqdan çıxır. Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq, alovlandırmaq qəsdilə sonuncunun ardından girib ağzından çıxır və əksinə...".

O zaman mənim 21 yaşım vardı. Dediyim kimi, İrkutsk şəhərində hərbi xidmətdəydim. Zori Balayanın "Ocaq" kitabı ilə bağlı yazdığı həmin məktubun sonunda, Xəlil bəy "Sən bu döyüşlərin ön atəş xəttindəsən, Azərim! Silahdan bərk yapış!" - deyə tapşırıq verirdi.

Xəlil Rza hansı döyüşləri nəzərdə tuturdu? Ürəyinə daman nə idi? 1985-ci ildə mənə niyə yazırdı ki, "Qarabağa mədhiyyələr, türkülər söyləməkdə mahiriz. Ancaq Qarabağı qorumağa qadir böyük iradə ordusu meydanda yoxdur... 1828 tarixli Türkmənçay bağlaşmasından sonra çarlığın İranda xarici işlər naziri hökmündə olan nümayəndəsi Aleksandr Qriboyedov erməniləri İrandan və Türkiyədən Qafqaza köçürmüş, böyük bir qismini Dağlıq Qarabağa yola salarkən ehtiyat etdiyini bildirmişdi. Bir müddətdən sonra bunlar özünü yerli xalq kibi qələmə verəcək və müsəlmanlar ilə toqquşacaqlar... Qarabağ, əslində, ulu Tanrı deməkdir. Azərbaycanın şah damarı, dirilik suyu və Tanrılar Panteonudur. Bu həqiqəti dartışma meydanına çəkməyin özü həyasızlıqdır".

Nə baş verdiyini, yaxud baş verəcəyini, təbii ki, bilmirdim... O isə davam edirdi: "Bəşəriyyətin tarixi yalnız müharibələr tarixi deyil, həm də və ən başlıcası, millətlərin bir-birilə əməkdaşlıq, gör-götür, öyrənmə, qaynayıb-qarışma, alver, ticarət tarixidir. Ruslar türklərə qız vermiş, qız almışlar ki, qohumlaşsınlar. İki bacının birini türk, birini rus alırsa, qohumluq yaranır. Bu halda rus Türkü bacanaq (peçeneq) adlandırır. Məşhur "peçeneqlər" ifadəsi buradan törəyib. İndi rus etnogenezinə daxil olan və öz Şoloxovu ilə fəxr edən kazaklar, əslində, dünənki türklərdir. "Belaya qus" denilən "Ağ qaz"ı özünə totem seçənlərin inamı, etiqadı verib onlara bu adı. Qədim slavyan, o sırada rus mədəniyyətinin dərin qatlarında aydın və möhtəşəm bir türk layı var. Oljas Süleymen öz kitabında bu günəş kimi həqiqətlərin yalnız bir qığılcımını deyir və bu həqiqət qığılcımı Zori Balayanı cin atına mindirir. "Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya mərkəzçiliyində, panislamçılıqda, türkçülükdə ittiham etmək üçün dəridən-qabıqdan çıxan zavallı türk respublikalarında əhalinin say artımından, aman Tanrı, necə qorxur və yeganə nicatını "sovetskiy narod", "edinıy splav" gerçəkliyində arayır. Kimisə qızışdırmağa çalışır ki, bu artan ulusları ümumsovet dəyirmanında üyüdüb "vahid ərintiyə" çevirsin".

Xəlil Rzanın bundan sonra yazdığı bütün məktublar mənə açılmış (və yəqin ki, kimsə tərəfindən oxunmuş halda) gəlməyə başladı...

"Sol məməsinin altında ürək yerinə şir bəsləyən Azərim! Günaydınlarımla birgə sana Xəzər vüsətli, Türkan ətirli məhəbbətimi göndərirəm. Hər məktubun mənim üçün bir xəzinədir. Çünki məktublarında bütün müsibətləri və əngəlləri aradan qaldırmağa, yenməyə qadir, qalib, qüdrətli Azərbaycanın, bugünkündən daha çox sabahkı Azərbaycanın, böyük Turan dünyasının əvəzsiz bir parçası olan Azərbaycanın nəbzi döyünür. Hiss edirəm ki, əsgərlik, döyüşçülük sənin üçün böyük kamal və mərdanəlik məktəbidir. Ani dinclik dəqiqələrində macal tapıb yazdığın məktubların mənim üçün ikiqat, üçqat qiymətlidir, əvəzsiz bir azərbaycanşünaslıq sənədidir...".

Sonra mətləbə keçir: "Antitürk, antiislam mövqeyi tutduqları halda, biz bir çox yazıçı, şair və filosoflarımızı böyük yurdsevər kimi qələmə vermişik, çarın əleyhdarı kimi tərifləmişik. Əslində, bunlar nəinki çarlığa qarşı çıxmayıblar, əksinə, çar əsgəri olublar: "Yapalaq osmanlı, buna bax kişi, / İstəyir yerisin tərlan yerişi!" - deyən şairi nəinki tərifləmək olmaz, bəlkə, bu gün həmin misraların aid olduğu ideologiyanı mənəvi edam kürsüsünə qaldırmalıyıq. Rüsvay etməliyik! Azərbaycanın mənəviyyat tarixini saxtalıqlardan, yalandan, çirkabdan təmizləməliyik. Bunsuz irəli bircə addım da atmaq olmaz. İşə bax ki, muğamat və Füzuli səviyyəsində mədəni keçmişi olmayan qazax türkləri bu gün bizdən irəlidədirlər. Qırğızlar da eləcə. Bu ulusların böyüklüyü bundadır ki, hazırda müstəqillik amalına layiq oğullar yetirə bilirlər. Oljas Süleymenin, Çingiz Aytmatovun səsi yalnız qırğızların, yalnız qazaxların deyil, ümumən, bütün sovet türklərinin səsi kimi yüksəlir. Bizdə bu cür şəffaf və qüdrətli səs, deyəsən, yox kimidir. Nədir bunun səbəbi? Görünür, biz etnik qeyrətimizi itirmişik, yaxud itirmək təhlükəsi qarşısındayıq. Bu faciənin çoxlu səbəblərindən biri (...) kimi ovlanmışlara, tovlanmışlara həddindən artıq güzəştə getməyimizdir, az qala, pərəstiş etməyimizdir. Çarlığın qazanında bişirilmiş bu ideologiyaya təslim olmaq ucbatındandır ki, Şərqdən gələn hər nə varsa, pisləmişik. İslam pis, sufilik pis, əxilik pis, vəhdəti-vücud fəlsəfəsi, panteizm pis, hürufilik yarı pis, yarı yaxşı. Ziyalılarımızın çoxu unudublar ki, bu pis qiymət, əslində, çarın verdiyi qiymətdir, yəni sənin qanını soran qüvvə həm də beyninin şirəsini sormaq uğrunda düşünüb, nəqşə qurub. Sən tora düşdüyün halda Çukot ("çox ot" anlayışındandır) yarımadasından Şərur mahalınadək qanad gərən əzəmətli hörümçəyi görməmisən.

XX əsrdə türk xalqları üçün türkçülük ideologiyasından böyük amal olmayıb. İşə bax ki, çarlıq mövqeyində duranlar, onların yerli nökərləri bu böyük amalı da ləkələməyə çalışıblar. Məsələn, bizim bəzi alimciklər Əli bəy Hüseynzadəni türk casusu kimi qələmə verib, peyğəmbər səviyyəli bir ulu kişinin üzünə tüpürməkdən utanmayıb. Özləri casus ola-ola layiq olduqları epiteti veriblər dahiyə! Halbuki, biz redaktoru Əli bəy Hüseynzadə olan "Füyuzat"ın hər nömrəsini qızıla tutub qorumalıyıq, faksimelisini çıxarıb yenidən nəşr etməliyik. "Əkinçi"nin, "Molla Nəsrəddin"in daha yüksək mərhələsi (aşaması) kimi dəyərləndirməliyik. Çünki "Füyuzat" yalnız çar istibdadına qarşı deyil, həm də eyni qətiyyətlə Sultan Türkiyəsi istibdadına qarşı çarpışmışdır. V.İ.Leninin dəqiq bir müşahidəsi var ki, burjuaziya gəncliyində mütərəqqi rola malikdir, onun feodalizmə və xarici işğalçılara qarşı mübarizəsi tarixən ədalətlidir, alqışa layiqdir. Bu düstur nə üçün Azərbaycan burjuaziyasının meyillərindən kənarda qalmayan "Füyuzat"a aid edilməsin? Görünür, yaltaqlıq və ikiüzlülük elə bir səviyyəyə gəlib çatıb ki, bu ictimai yaltaqlar çarlığın mədəsində qurd olmaqları ilə də fəxr edirlər, muğamatdan tutmuş, qoşmaya, qəzələ, bozbaşa qədər bütün maddi və mənəvi nemətləri tapdayanları da görmüşük...

Yazılmağa layiq ikinci mətləb də elə, əslində, birinci mətləbin davamıdır. Bizim hətta Mirzə Cəlil kimi dahilərimiz belə, türkçülüyün nə boyda böyük ideologiya olduğunu gərəyincə dəyərləndirə bilməyiblər. "Böyük şərə qarşı böyük xeyiri qoymaq gərək!" düsturu çoxlarına çatmayıb. "Parçala, hökm sür!" siyasətini əldə tutalğaya çevirmiş çarlıq elan edib ki, yaqut xalqı, sən qəhrəmansan! Türkmən xalqı, sən igidsən! Qırğız xalqı, sən bahadırsan! Hərəsinə bir əlifba veriblər, hərəsinin fərdi cəhətlərini şişirdib göylərə qaldırıblar. Nəsimini, az qala, türkmənlərin əlindən alıblar. Yaxud "Qisseyi-Yusif" yaradıcısı Əli yalnız tatar sərvəti elan olunur ki, Azərbaycan türkləri bu qaynağa əl atanda tatar ilə toqquşsun və qardaş türk ulusları arasında ixtilaf qızışsın. Əslində, biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz ilə daha çox fəxr etməliyik. Orxon-Yenisey yadigarlıqları, Balasaqunlu Yusif qələmindən çıxmış "Qutadqu-bilik", Əli ilhamının vergisi "Qisseyi-Yusif", "Koroğlu", "Dədə Qorqud", "Alpamış", Yunus Əmrə, əslində, birləşdirici sərvətdir, parçalanmış türk mədəniyyətlərini birləşdirməyə çağıran qüvvənin özəyidir. Mən fəxr edirəm ki, Xəzər dənizinin bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə filosofluqda daha yüksək mərtəbəli Məhdimqulu yetişmişdir. Mən fəxr edirəm ki, eyni dil həm Nəvaini yetirib, həm Füzulini! Heykəli qızıldan qoyulmağa layiq Əli bəy Hüseynzadə bu amal yolunda sümüyünü də qurban verdi, şöhrətini də. (...) kimi ucuz şöhrətə çatmağa nə var ki? Halal və böyük şöhrət yiyəsi olmaqdır kişilik çaları!".

Məktubda Oljas Süleymenovla Çingiz Aytmatovun timsalında qazax-qırğız türklərini nəzərdə tutub "Bu ulusların böyüklüyü bundadır ki, hazırda müstəqillik amalına layiq oğullar yetirə bilirlər" - sözləri o zamanın şərtləri baxımından heç də adi sözlər deyildi. 1985-ci ildə heç kəs, istisnasız olaraq heç kəs müstəqillik amalı barədə nəinki danışmır, ümumiyyətlə, bu barədə düşünmürdü, düşünsə belə, fikrindəkiləri dilə gətirmirdi...

Xəlil bəy 1984-85-ci illərdə əksəriyyətini Türkandan yazdığı məktubları bəzən belə imzalayırdı: "Aylı gecələr. Türkan. XX əsr. Dostun Xəlil Rza".

Ulutürkün mənə yazdığı iyirmi belə məktubu var. Yazı masamın siyirtməsindədir və mən tez-tez o məktubları vərəqləyir, onları millətini, onun gənclərini böyük görmək istəyən əziz mürşidimin yazdığı tarix dərsliyi kimi oxuyuram. Təsəvvür edin, 21 yaşlı əsgər Sibirdə, qarlarla örtülü Tayqa meşəsinin dərinliyində Xəlil Rzadan belə sözlərlə başlayan məktub alır: "Günaydın, qardaşım, sirdaşım Azər! Bu səhər ayaqüstü oxuduğum məktubunu axşam evə qayıdarkən yenidən oxuyuram. "Oxuyuram!" demək azdır, şərbət kimi içirəm. Əslində, məktubunu yenidən oxumaq və nuş etmək üçün evə bunca tez qayıtmışam. Məktublarını bir azca yorğun gözlərimə şəfa məlhəmi bilirəm. Özündən xəbərin yoxdur, Azərim!!! Sən qüdrət qaynağısan, fışqıran, fəvvarələnən eşq bulağısan... Xəsislik etmə, sən mənə öz hərbi xidmətini təfsilatı ilə yaz. Yaz görüm necə silahlanmısınız. Hərbi məşqləri nasıl keçirsiniz. Necə dizin-dizin, dirsək-dirsək sürünürsünüz? İrkutsk qalasının təsvirini ver, arkadaşlarının zahiri və mənəvi portretini çək. Bəlkə, qələmimə ilişdi...".

Bir dəfə məktubunda Əli bəy Hüseynzadənin "Hali-Vətən" şeirini xatırladır və şeirdən aldığı intibaları dilə gətirirdi: "Bu dahiyanə şeirin dünənki, bugünkü, sabahkı ifşa obyektləri göz önündə canlanır. Bakıda minlərlə Türkazərin qanını tökdüyü halda, şərəfsiz heykəli yanına hələ də gül dəstələri qoyduğumuz, saxta tarixçilərin dili ilə öydüyümüz Şaumyanlar, kişi yatağında qadın yox, fahişə funksiyasını yerinə yetirmiş Mikoyan, türk dünyasının lopabığ düşməni İ.V.Stalin, onların əli qanlı, əli baltalı cəlladları - Beriya, Yejov, Mir Cəfər, Jdanov, fərarilər, təslimçilər sürüsü, imperiya dayaqları - Qəvam əs Səltənə, Azərbaycanı daim əsarətdə saxlamaq üçün quraşdırılmış Tehran - Moskva bloku, blokun qanlı vintcikləri - Qulam Yahya, Çeşmi-Azər kibi nökərlər qəzəb, ifşa obyektimə çevrilir...".

Ona yazdığım məktubların birini Xəlil Rzanın "Ədəbi tənqidi məqalələr" kitabında gördüm. 1985-ci ilin oktyabrında Azərbaycan radiosuna verdiyi müsahibəsindəydi: "Keçən il Bakıda İncəsənət İnstitutunu bitirmiş Azər hazırda İrkutsk şəhərində hərbi xidmətdədir. Məktublaşırıq. Kaş bilsəniz ki, onun məktubları mənə nə qədər zövq, ilham və uçuş qanadları verir... Son məktubundan bir neçə misra oxuyummu?" - deyir və məktubumu oxuyur...

Məndə isə Xəlil Rzanın o məktubuma yazdığı cavabı var:

"Günaydın, mehribanım, arkadaşım - Azərim! Azərbaycan gəncliyinin qüdrətini təsdiqləyən məktubunun doğma təndir hərarəti hələ varlığımda soyumamış yeni məktubunu aldım. Xəzinədir hər məktubun mənim üçün, dirilik suyumdur. Şeirlərimin, yeni misralarımın qanadlarıdır. Sənin büllur sətirlərin, sənin cəsur sətirlərin. Əlbəttə, hər şey sən dediyin kibi olmalıdır. Biz Xəzərin qasırğa dibindən mərmər və qranit çıxaracağıq, adı yasaq edilmiş, şöhrəti dustaq edilmiş dahilərimizə günəşlə yanaşı duran heykəllər qoyacağıq. Ulu Cavad xan, səhər təfəkkürlü Əli bəy Hüseynzadə kimi dahilərimizi biz yalnız məzara tapşıra bilmərik. Biz, əlbəttə, onların müqəddəs türbəsini bir gün qərq edəcəyik çiçəklərə, güllərə! Biz onların müqəddəs adlarını çəkəndə çoxlarının rəngi dəyişir". Bu sözlərlə başlayan məktubunu ertəsi gün tamamlayır: "Evə saat 3 radələrində, gecə yarı çatıb qəzetlər arasında nə görürəm: Azərimin məktubu, yeni bir xəzinə, gözümün işığı!". Ertəsi gün isə məktubun davamını yazır: "Birinci gün, 28 oktyabr 1985. Dan üzü Azərimə cavab məktubu yazmağı hər şeydən vacib bilirəm. Əslində, bu gün bizim ədəbi əlaqələr şöbəsində olacaq çıxışıma hazırlaşmalıyam. Ensiklopedik zəka fenomeni Mirzə Kazım bəy üstünə doktorluq əsəri üzərində çalışan bizim tənqidçi və ədəbiyyatşünas arkadaşımız Vilayət Quliyevin iki məqaləsinə rəy verməliyəm. Sağlıqla qal, izn ver, bu işlə məşğul olum, mənim Azərim! Sənə eşq ilə dolu Xəlil Rza".

Xəlil Rzanın məktublarında həm də onun elmi düşüncəsinin miqyasını və hüdudlarını ehtiva edən çox ciddi və gərəkli məqamlar var. Bu barədə 2012-ci ilin 30 sentyabrında Akademik Milli Dram Teatrında keçirilən Xəlil Rza Ulutürkün 80 illiyinə həsr olunmuş yubiley gecəsindəki məruzəmdə ətraflı bəhs etmişdim. Ulutürk ədəbiyyat tariximizin ilkin qaynaqları və örnəklərinin bir küll halında tədqiqata cəlb edilməsini israr edirdi. Xəlil bəyin düşündüyü konsepsiyada milli ədəbiyyatımızın mənəvi palitrasındakı çalarlar Azərbaycan coğrafiyasının hüdudlarını aşır, xəyali bir vüsətlə bütün türk dünyasına yayılırdı. 1985-ci ildə mənə yazdığı məktubların birində çalışdığı Nizami adına Ədəbiyyat İnstitutunun buraxacağı altıcildlik "Ədəbiyyat tarixi"nin layihəsi barədə fikir bölüşürdü. Xəlil bəyə görə, ədəbiyyat tariximizin I cildi ortaq türk ədəbi qaynaqlarına nəzərən yaradılmalıydı. 1985-ci ildə Ədəbiyyat İnstitutu tərəfindən təklif olunan layihəni isə ən sərt sözlərlə yarğılayırdı və haqlıydı: "Bu plan Azərbaycana xəyanətdir! Birinci cild bütün Azərbaycan uyğarlığının (mədəniyyətinin) özülü olmalıdır. Birinci cildi başdan-başa "Dədə Qorqudun kitabı"na və bu əvəzsiz abidəni yetirən qaynaqlara, Alp Ər Tonqaya, Orxon-Yenisey yadigarlıqlarına, dahi Balasaqunlu Yusif qələmindən çıxmış "Qutadqu-bilik" xəzinəsinə verməliyik. Türkdilli ədəbiyyatın böyük yaradıcısı Əlinin yaratdığı "Qisseyi-Yusif" burada Nizami "Xəmsə"si ilə yanaşı yer tutmalıdır. Ən nəhayət, birinci cildi misilsiz folklor sərvətlərimizə, bu sərvətlərin şərhinə həsr etməliyik. Halbuki bu cildin nəqşəsini tutanlar ərəbdilli, farsdilli şairləri ön plana çəkmiş, pəhləvanı cırtdanın ayağına bağlamışlar...".

İndi bu məktubları bir roman kimi oxuyuram. Xəlil Rzanın 1984-85-ci illərin gəncliyinə türkçülük düşüncəsini təlqin etməsi sıradan bir hadisə hesab olunmamalıdır. Hələ üstəlik, bu məktubları tək biz - azərbaycanlılar deyil, məsələn, qazax Malik Kaliyev kimi digər əsgər dostlarım da gözləyir və oxuyurdular. Malik Kaliyev Alma-Atada memarlıq fakültəsini bitirmişdi. Rəssamlığı da bacarırdı. Oljas Süleymenovun heyranı idi. Alaş Orda barədə bilmədiyi heç nə yox idi. Tez-tez mənə Saken Seyfulin, Bekmet Maulin, İlyas Cansuqurov, Turar Rıskulov, Kudayberkin Jubanov, Mustafa Çoxayev... barədə danışırdı... Mən də Malikin danışdıqlarını gecələr Xəlil Rzaya yazırdım. O da cavab məktublarında Maliki unutmurdu: "Məni ən çox şadlandıran, qanadlandıran budur ki, Azərim, yaraq dostların məslək dostlarına çevrilir. Böyük gələcəyi olan əzəmətli bir əqidə sizin dostluğunuzu sementləyir, bərkidir. Qazax türklərinin cəsur oğlu Malik Kaliyev, Qazaxıstanın böyük oğlu Mustafa Xoca həzrətlərinin işini davam etdirir. Ruh memarıdır. Məramı təşnə bir səhrada dirilik suyu fəvvarəsidir. Malik, şübhəsiz, dünyaya vur-tut bircə yol gəldiyini aydınca dərk edir və buna görə başqa cür yaşamağın haram olduğunu gözəlcə bilir. Vətənsiz yaşamaq - yaşamamaqdır. Esbergen oğlu Malik Kaliyev, görünür, kamil və qüdrətli bir oğuldur. Bu cür oğulllar torpağın duzudur. Dostluğunuz əbədi olsun, amin!" Öz növbəsində, Xəlil Rzanın məktubları Malikin düşüncələrinə də sirayət edirdi. İrkutskda Rus-Yapon müharibəsi zamanı kərpic daşlardan tikilmiş üçmərtəbəli Qırmızı Kazarmada qalırdıq. Bir gün komandirlər Malikə kazarmadakı qırmızı guşənin divarlarını bəzəməyi, bura rəsmlər çəkməyi tapşırdılar. Bir ay gecə-gündüz çalışdı. Qəribə şeylər çəkmişdi: Zirehli texnika, təyyarələr, raketlər "düşmənin" üstünə şığıyır. "Düşmən" isə at belində, əlində sıyrılmış qılınc müqavimət göstərir. "Düşmən"in arxasında sıralanmış dağlar uzanır, uzanır... Malikin çəkdiyi bu rəsmlər barədə də Xəlil bəyə məktub yazdım. Cavabı belə oldu: "Nə qədər ki, türk ulusları yaşayır və boy atır, yüksəlir, keyfiyyət və kəmiyyətcə artır, türkçülük ideologiyasını məhv etmək mümkün olmayacaqdır. Əksinə, bu ideologiyanın daha da qüvvətlənməsi, gerçək bir qüdrətə çevrilməsi təbiidir. Məncə, işə buradan başlamalıyıq ki, türk dillərini yabançı, tüfeyli sözlərdən təmizləyək. Qazax dili türk dilləri içərisində ən saf, güclü, zəngin bir dildir, misilsiz xəzinədir. Biz tatarcanı, türkməncəni, qazaxcanı, özbəkcəni yabançı kəlmələrdən təmizləyə bilsək, bu dillər getdikcə bir-birinə yaxınlaşar. Bizim ümumi ünsiyyət vasitəmiz isə Türkiyə türkcəsi olmalıdır. Əlbəttə, türkçülüyü yalnız ideologiyaya deyil, həm də maddi qüvvəyə çevirməyin yollarını tapmaq sənin və sənin yaşıdlarının boynuna düşür. Daha vacib işləri də siz özünüz kəşf etməlisiniz: siyasi hakimiyyəti ələ almaq, ehkamçılardan təmizləmək bu vəzifələr sırasındadır... Sənin qarşında çox çətin vəzifələr dayanır, Azər bəy".

1985-ci ildə Xəlil Rza gənc bir azərbaycanlıya - o halda isə bir sovet əsgərinə siyasi hakimiyyəti ələ almaq, onu ehkamçılardan təmizləmək çağırışı edirdi. Bunları yazır, sonra da əsas mətləbə keçirdi: "Belə bir rəvayəti yada salıram. Qədim Turan orduları yurdun bağımsızlığı (istiqlalı) uğrunda döyüşlərə atılarkən elatda dəliqanlılardan çoxunun cəbhəyə könüllü getdiyini görən bir gənc döyüş məntəqəsinə gəlir. Ağsaçlı sərkərdəyə üz tutur, döyüşçülüyünə izn verilməsini diləyir. Gənci sorğu-suala tutan, bu sorğularsız da onun kim olduğunu yaxşı bilən sərkərdə:

- Yox! - deyir - Oğul, sən yeddi bacının bircə qardaşısan, səni əsgər götürə bilmərik!

Bu açıqlama dəliqanlını təmin etmir:

- Yox, ulu Sərkərdə! Mən döyüşçülükdən geri dönə bilmərəm. Tanrı məni yaradıb ki, yeddi bacımın namusu keşiyində dayanım!

Bəli, arkadaşım Azər! Yaraq dostlarına bildir ki, Vətənin namusunu qorumaq üçün döyüşçülüyü bacarmalıyıq. Əlimiz də silahlanmalıdır, beynimiz də...".

...Mən əsgərliyə, təbii ki, hamı kimi, hərbi xidmətimi yerinə yetirmək üçün getmişdim. Tayqa meşəsinin, İrkutsk şəhərinin, Yenisey çayının məndə çox əziz xatirələri qaldı, qayın ağacları, Sayana - Hamar Daban dağları, Bəy göl - Baykal, Ər Qurt - İrkutsk... Və ən unudulmaz və əziz - Xəlil Rzanın məktubları...

Altı il sonra sovet dövləti süqut elədi.

Xəlil Rzanın Ulutürk dövrü başladı.

Sonra onu "milli və irqi bərabərliyi pozduğuna görə" həbs edib Moskvada Lefortovo zindanına saldılar... "Lahıc da, ləzgi də, tat da, talış da, / Kürd, udin, rutul da var-dövlətimdir, / Azərbaycanımın qucaqladığı, / Bağrına basdığı can sərvətimdir..." - deyən şairi...

Sonra Xəlil azad edildi.

Sonra Azərbaycan müstəqil oldu.

... İş otağımda bir şəkil var. Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadə. Hüzn içindədirlər. Şəkil Təbrizin dəfnində çəkilib.

27 yaşında, Məmməd Arazın təbirincə "bütöv bir xalqın ömür məramnaməsi"ni - "Azadlıq" şeirini yazan Xəlil Rzaya Xalq şairi adı 27 yaşlı oğlu Təbriz şəhid olandan sonra verildi...

"İstiqlal" ordeninə isə 63 yaşında, yəni olümündən iki il sonra layiq görüldü.

Xəlil bəylə bağlı xatirələrim qalaq-qalaqdır. Amma onunla bağlı ən gözəl anılarım bu yazıda xatırlatdığım məktublardı. Ona görə yox ki, mən bu məktubları qarda-çovğunda - Sibirdə almışam. Ona görə ki, o zamana qədər, yəni 1937-ci ildən 1985-ci ilə qədər Azərbaycan ədəbi-ictimai fikrində türkçülük düşüncəsini açıq mətnlə meydana qoyan belə yazılar yoxdur. Mən bir kitablıq bu məktublara həm də ədəbiyyat tariximizin faktı kimi yanaşıram.

 

***

Televiziyada Xarıbülbül festivalına baxırdım.

Şuşanın o əfsunlu təbiətinin ekranda görünən hissələrindən birində 1992-ci ildə Xəlil Rzanın ciyərparəsi Təbriz şəhid olmuşdu...

 

26 may 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!