İmadəddin Nəsiminin qəzəlinin qısa şərhi
https://edebiyyatqazeti.az/news/diger/3007-xezineden-inciler
Kim ki bildi bu "siratil müstəqim"in rahini,
Əhli-ürfan olduvü bildi yəqin Allahini.
Göydəki cümlə məlaik Adəmə qıldı sücud,
Həq-Təaladan gör anın bunca izzü cahini.
Həq buyurmuş "ərzülillah aqibət lil-müttəqi",
Çün deyilsən müttəqi, mülk etmə ərzüllahini.
Çün əmirəlmöminin "mən nöqteyi-bayəm" dedi,
Kim ki hərfin sirrini bilməz, nə bilsin şahini.
"Külli şeyün halik" oldu qaldı "illa vəchəhü",
Hər yənadən baxdı arif gördü vəchullahini.
Ey Nəsimi, hər kim öz nəfsindən oldu baxəbər,
Cümleyi-əşyada zahir gördü nitqullahini.
Qəzəlin qısa şərhi
1) Kim ki bildi bu "siratil müstəqim"in rahini,
Əhli-ürfan olduvü bildi yəqin Allahini.
Kim ki "siratil müstəqim" yolunu tapa bildi, o irfan əhli oldu və Allahını tanıdı.
Şərh: Quranda adı keçən "Siratil müstəqim" ifadəsi "doğru yol","Allaha aparan yol" kimi təfsir edilmişdir, bu isə Allahın əmrlərinə şərtsiz əməl etmək, özünü Ona təslim etmək deməkdir. Hər kim həyatını Allahın bəndədən istədiyi kimi yaşayarsa, Quranda buyurulan "doğru yol"u tapanlardan olar və Allahını bütün əzəməti ilə tanıyar.
İrfan: Yaradanı tanımaq istəyən bəndə ona tam müti olmağı bacarmalı, Onun kitabını özünə yol xəritəsi, peyğəmbərlərini bələdçi bilməlidir.
Hikmət: İnsan dünyanın həqiqətlərinə yetişmək üçün əyri ilə doğrunu ayıra bilməlidir. Yalnız bundan sonra ən dərin qatlar onun üçün açıla bilər.
2) Göydəki cümlə məlaik Adəmə qıldı sücud,
Həq-Təaladan gör anın bunca izzü cahini.
Göydəki bütün mələklər Adəmə səcdə etdi, Adəmə Allahın verdiyi izzəti və məqamı gör.
Şərh: Mələklər insandan çox əvvəl yaradılmış varlıqlardır. Hələ Adəm yox ikən min illərlə Allaha ibadət etmişdilər. Mələklər nurdan yaradılmış və nəfsdən azad məxluqlardır. Onların günah etmək imkanı yoxdur, Allahın əmrlərini şərtsiz yerinə yetirirlər. Adəmi yaradan Allah bütün mələklərə ona səcdə etməsini əmr etdi, halbuki varlığı etibarilə Adəm günaha meyilli yaranışdır və mələkdən fərqli olaraq təkcə əqldən yox, həm də heyvani nəfsdən ibarətdir. Buradan Allahın Adəmə verdiyi dəyərin nə qədər ali olduğu anlaşılır. Yarandığı ilk gündən Adəmə bütün xəlq olunmuşlardan üstün məqam verildi, yer üzündə Allahın xəlifəsi oldu.
İrfan: Səcdəyə layiq yalnız Allahdır. Yaradan qalan məxluqları Adəmə səcdə etdirirsə, bu Adəmin layiq olduğu məqamın deyil, layiq olmalı olduğu məqamın göstəricisidir.
Hikmət: Allah Adəmi yaratdığı ilk gündə ucaltdı, onu bütün yaradılmışların fövqünə qoydu. İnsan üçün dünyada ən ali hədəf həmin zirvəyə həyatı boyu yüksələ bilməkdir.
3) Həq buyurmuş ərzülillah aqibət lil-müttəqi,
Çün deyilsən müttəqi, mülk etmə ərzüllahini.
Allah buyurub ki, cənnət ancaq pis əməllərdən çəkinənlərindir, sən sonu yaxşı olanlardan deyilsənsə, Allaha aid yerdə mülk etmə.
Şərh: Allah buyurur "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. Ən gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir"(Qəsəs, ayə 83). Sən pis əməllərdən çəkinən deyilsənsə, nəinki cənnəti düşünmə, hətta Allaha ibadət və itaət edilən yerlərə də ayaq basma.
İrfan: Yaradan insanlara böyük mükafatlar vəd edib, lakin bunun müqabilində adəm oğlu nəfsinə ram olmamalı, pis əməllərdən həm özü çəkinməli, həm də digərlərini çəkindirməlidir. Dünyada əməli düz olmayanlar axirətdə yaxşı mükafat ala bilməz.
Hikmət: Yalançı ibadət, riyakarlıq edənlərin sonu yaxşı olmaz.
4) Çün əmirəlmöminin "mən nöqteyi-bayəm" dedi,
Kim ki hərfin sirrini bilməz, nə bilsin şahini.
Möminlərin əmiri "mən ba hərfinin nöqtəsiyəm" dedi, bir hərfin sirrini bilməyənlər şahı necə tanıya bilər?
Şərh: Əmirəlmöminin İmam Əlidir (Əli ibn Əbutalib). Müxtəlif mənbələrdə onun "ba" hərfi və nöqtəsi ilə bağlı rəvayətlər vardır. Şeyx Süleyman Qunduzi "əl-Dürrül-münəzzəm" əsərinə istinadən yazır: "Bil ki bütün səmavi kitabların sirri Qurandadır. Quranda olanların hamısı Fatihədədir. Fatihədə olanların hamısı "bismillah"dadır. "Bismillah"da olanların hamısı onun "ba" hərfindədir. "Bismillah"ın "ba"sındakı hər şey isə onun altındakı nöqtədədir. İmam Əli (ə) də buyurub: "Mən "ba"nın altındakı nöqtəyəm" (Şeyx Süleyman Qunduzi. Əl-Yənabiül-məvəddə, 1-ci cild, səh. 213).
Başqa bir rəvayət: Bir gecə İmam Əli (ə) mahir Quran bilicisi Abdullah ibn Abbası qəbristanlığa apardı və Qurandan bir ayə oxumasını istədi. İbn Abbas "Bismillahir Rəhmanir Rəhim" ayəsini oxudu. Sonra İmam Əli (ə) "Bismillah"ın əvvəlindəki "ba" hərfinin mənasını sübh açılıncaya kimi təfsir etdi (Ayətullah Reyşəhri. Movsuətül-İmam Əli ibn Əbitalib, 10-cu cild, səh. 55).
Bir sözdən bir hərfi götürməklə sözün, nəticə də isə cümlənin, son nəticədə isə fikrin mənası dəyişə bilər. Xüsusən də ərəb qrafikasında hərflər qədər nöqtələrin də əhəmiyyəti var, belə ki bir nöqtənin artması və azalması sözü tam dəyişə bilər. Quran "ba" hərfi ilə başlayır və bu hərf digər hərflərdən nöqtəsi ilə fərqlənir. Əgər bu nöqtə olmasa, "ba" hərfi tanınmaz və heç bir məna daşımaz. Şərq fəlsəfəsində, hürufilikdə də həmçinin nöqtə dərin fəlsəfi mənaya malikdir. Çünki bütün formalar, yazılar nöqtədən başlayır və nöqtələrdən təşkil olunur. Nöqtə eyni zamanda təsəvvüfdə elmin simvoludur. Həzrət Əlinin " Elm bir nöqtə idi, cahillər onu çoxaltdı" kəlamı sufizmdə yayılmış məşhur kəlamlardandır. Bəzi alimlər bu hədisin İmam Əliyə aid olmadığını və əsassız olduğunu iddia edirlər. Dəlil gətirirlər ki, Quranda "Biz onun elmini artırdıq" ayəsinə ziddir. Hədisi anlaya bilmədiklərinə səbəb " cahilllər onu çoxaltdı" ibarəsini səhv izah etmələridir. Cahillər elmi çoxalda bilməz, cahillərin elmlə işi olmaz. Cəhalətə son vermək istəyən alimlər elmi genişləndirərlər. Hər mətləb şərh edildikcə elm qat-qat böyüyər və bu zaman onun içinə biruzə vermədən bəşərə əks fikirlər də elm adı ilə daxil edilər. Başqa cür desək, elmin çoxalmasına cəhalət səbəb olar.
Şah obrazı burada o dövrün sufilərinin təbirincə "şeyx" və ya "vəli"(mövla) kimi işlənib və Allahın vəlisi, möminlərin mövlası İmam Əli nəzərdə tutulub. Şahi-Mərdan, Şahi-Nəcəf, Şahi-Vilayət adları da İmam Əliyə aiddir. Qeyd edək ki, bir çox sufi mürşidləri də bu rütbəni adlarında daşıyıblar: Şah Abdullah Dəhləvi, Şah Məhəmməd Nəqşibənd və b.
Hürufiliyə görə vücudi-Mütləq olan Allah özünü göstərmək istəsə söz şəklin alar və hərflər vasitəsilə zahirə çıxar. Çünki yaranışın zühuru səslə olmuşdur və səs qeyb aləmindən eyn aləminə gələn hər varlıqda mövcuddur. Lakin səs canlılarda hərəkət ilə, cansızlarda isə qüvvə ilə ortaya çıxar. İki cansız əşyadan səs almaq üçün onları bir-birinə vurmaq lazımdır, bu zaman əşyanın cövhəri olan səs eşidilmiş olar. Canlılarda isə səs iradə və ixtiyarla zahir olar. Səsin ən kamil forması sözdür ki, bu da ancaq insanlara bəxş edilib. Söz hərflərdən əmələ gəlir və məlum olur ki, səsin də əsli hərfdir.
Bir hərfi dərk etməkdə aciz olanların şahlıq kimi ən üstün vəzifəni icra edən bir şəxsi tanıması mümkün deyil.
İrfan: İnsan elmin nuru ilə yolunu işıqlandırmasa, bu yolda öz rəhbərini(yol göstərən) seçə bilməz. Rəhbəri tanımadan hara getdiyini bilməyəcəksən.
Hikmət: Böyük həqiqətlərin sirrinin açarı kiçik zərrələrdə gizlənib, onları əhəmiyyətsiz hesab edənlər sirrlərə vaqif ola bilməz.
5) "Külli şeyün halik" oldu, qaldı "illa vəchəhü",
Hər yənadən baxdı arif gördü vəchullahini.
Hər şey məhv olandan sonra bircə Allah qalacaq. Arif hansı yandan baxdısa, Allahın zatını gördü.
Şərh: Söhbət Quran ayəsindən gedir. "Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz qiyamət günü məhz Onun hüzuruna qaytarılacaqsınız" (Qəsəs, ayə 88). Dünya və onda olanlar bir gün Allahın əmri ilə məhv olacaq. Yalnız Allah qalacaq. Yaradanını tanıyan, ona vaqif olanlar isə varlığın hər zərrəsində Onun zatını gördülər, çünki onlar fani olana deyil, əbədi olana bağlanmışdılar, yaranmışları Yaradana görə qəbul etmişdilər.
İrfan: Ariflər dünyada olan hər şeyin zahiri ilə kifayətlənməzlər, onun məğzini, mənasını idrak edərlər. Hər varlığın yaradılmasındakı səbəbi axtarar və hər xəlq olunmuşda Yaradanı kəşf edərlər.
Hikmət: İnsan dünyada fani olanlardan əbədi olana yetişmək üçün istifadə etməlidir.
6) Ey Nəsimi, hər kim öz nəfsindən oldu baxəbər,
Cümleyi-əşyada zahir gördü nitqullahini.
Ey Nəsimi, hər kim ki öz nəfsindən xəbərdar oldu, o kəs hər şeydə Allahın nitqinin zahir olduğunu gördü.
Şərh: Dünya və onda olanlar fani, müvəqqəti olsalar da, onların bir varolma səbəbi var. Bu səbəb bütün kainatın hərəkətini və dinamikasını təmin edir. İnsan əşyaların mahiyyətini öyrəndikcə Allahın ona nə dediyini anlamağa başlayır. İnsan kainatın parçalarının mənasını dərk etdikcə nəticədə bütün xəlq olunmuşların məğzinə varmış olur və Allahın insanlara mesajını bütöv mətn halında oxuya bilir. Amma bunu bacarmaq üçün insan ən yaxın olan parçanı-özünü dərk etməli, öz hüdudlarını kəşf etməlidir.
İrfan: Özünü tanıya bilən insan Allahı tanıya bilər.
Hikmət: İnsan özünü biləndən, tanıyandan sonra qalan varlıqları da tanımalıdır ki, Allahla rabitə qura bilsin. Allahla danışmağın, Onunla həmsöhbət olmağın tək yolu budur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!