Xəzinədən incilər... - "Qırx qəzəl - Qırx şərh" kitabından - Arif BUZOVNALI yazır

 

Hər dəfə klassik ədəbiyyatdan söz düşəndə məxsusi qeyd edirik ki, böyük söz sahiblərinin əsərlərini birnəfəsə oxuyub keçmək doğru deyil. Bəzən, nəinki bir qəzəlin, hətta bir beytin üzərində saatlarla dayanmalı olursan. Təbii ki, bu, kütləvi oxucu üçün cansıxıcı ola bilər, amma əhli üçün "səhrada su tapmaq" kimi bir şeydir. Qəzəl,  hər beyti müstəqil olub, yalnız ümumi ruhda və texniki parametrlərdə birləşən janrdır.  Dar çərçivədə  az sözlə dərin məna ifadə etmək istedadını göstərmək istəyən şairlər üçün qəzəl əsl hünər meydanı olub və bu gün də belədir. Amma məsələ, sadəcə, əruz ölçüsündə fikir bildirmək, onu bədii ifadə vasitələrilə bəzəmək, söz sənətləri ilə gözəlləşdirmək deyil, məsələ bir beytdə bir neçə qatdan ibarət fikir yerləşdirə bilməkdir.  Ərəb dilli əruz şeirindən fərqli olaraq, fars və türk dilli əruz şeirləri bu qatbaqat məna ustalığında Şərq ədəbiyyatında dərin izlər qoyublar. Hafiz Şirazi, Cəlaləddin Rumi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və daha neçə-neçə dahi söz ustadı misraların zahirində ifadə etdikləri fikirdən əlavə, batinində fəlsəfi və irfani qatlara enməklə həm bənzərsiz şeir nümunələri yaratmış, həm də insanın məişətindən tutmuş, şüuraltı dərinliklərə, qaranlıqlara qədər enmişlər. Zahirdə dünyəvi-fəlsəfi baxışlarını qeyd edərkən, batində ruhani-irfani düşüncələrini hiss etdirmişlər. Elə bu fövqəl bacarıqlarına görə adlarını çəkdiyimiz mütəfəkkirlərin əsərləri heç vaxt köhnəlmir, quruluşlar, yaşam tərzləri, dəblər dəyişsə də, əsrlər öncə yazdıqları bu gün də öz aktuallığını qoruyur. Çünki bu əsərlərdə insanın daxili dünyası - arzuları və qorxuları, sevgisi və nifrəti ən zərif və təsirli dillə ifadə olunmuş, insanların yaşayıb, lakin sözə çevirməkdə, dilə gətirməkdə aciz olduğu dərin hisslər əksini tapmışdır. Biz dəfələrlə bu mövzu ilə bağlı müxtəlif yazılarda klassiklərimizin əsərlərinin şərhinin vacibliyini qeyd etmişik, bir çox dəyərli alim və şairlərimiz də zaman-zaman Füzuli qəzəllərinə şərhlər yazmışdır. Təbii ki, bu və ya digər beytin açılmasında şərhçilər arasında bəhslər olmuş, fikirlər haçalanmışdır.  Amma əsas burasıdır ki, bu mübahisələr və fərqli yanaşmalar nəticə etibarilə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə  xidmətdir.

Bizim fikrimiz Azərbaycan klassik ədəbiyyatının ən parlaq nümayəndələrinin  hərəsindən bir neçə qəzəli şərh edərək geniş oxucu kütləsinə təqdim etməkdir.  Şərhlər qısa və lakonikdir.  Sistemli olaraq beytlərin zahiri mənası, o cümlədən irfani və fəlsəfi mənaları da şərhlərdə əksini tapmışdır. Qeyd etməliyik ki, bilərəkdən genış şərh vermək istəmədik, çünki bu zaman bəzi beytlər bir neçə səhifə yer tutmuş olardı. Məqsəd şairin tam nə demək istədiyini oxucuya rahat bir dillə çatdırmaqdır. Şairlərin irfan yüklü beytləri  bəzən bizim də şərhimizin ağırlığına səbəb olur, bütün hallarda müəllifin yazdığını ən optimal dillə çatdırmağa çalışmışıq. Vurğulamaq istərdik ki, beytlərin şərhində şairlərin bədii ustalığından söz açmamışıq, şairliyin əsas göstəricilərindən biri olan gözəl söz sənətlərinin şeirdə işlətmək istedadından başqa məqalələrdə  ayrıca danışacağıq.

İmadəddin Nəsimi

Qəzəl

Dövri-qəmər məlahətin hüsnünə ixtitam edər,

Üzünə vahibüs-süvər xubluğu müstədam edər.

 

Ləli-ləbin vüsalini can ilə istədi könül,

Fikri-məhalə gör necə düşdü, xəyali-xam edər.

 

Aşiqi-sadiqin qanı çün ləbinə həlal imiş,

Aşiqə vəslini nədən ləli-ləbin həram edər?

 

Kimsə cahanda görmədi sübh ilə şamı müctəme,

Gör necə zülfü arizin vəsləti-sübhü şam edər.

 

Mehr ilə Mahü Müştəri hüsnünə bəndədir, vəli,

Sərv ilə sidrə özünü qamətinə qulam edər.

 

Fitnə gözün xumarini zahir əgər qılır isən,

Ağzına kim alır meyi, kim dəxi fikri-cam edər.

 

Şərhi-dəhani-yarimi kim ki sorar Nəsimiyə,

Bir söz ilə hekayətin müxtəsərü təmam edər.

Qəzəlin şərhi:

1) Dövri-qəmər məlahətin hüsnünə ixtitam edər,

Üzünə vahibüs-süvər xubluğu müstədam edər.

Ay dövrü bütün gözəlliyini sənin gözəlliyində tamamlamaq istəyir, Yaradan (forma və şəkil verən) gözəlliyi üzündə daimi edər. 

Şərh: Təsəvvüfdə on səkkiz min aləmin hər birinin öz dövrü vardır. Bir dövr yeddi hissədən və hər hissə yeddi min ildən ibarət olub qırx doqquz min il təşkil edir. Hər yeddi illik hissə səbayi-səyyarə (yeddi ulduz) adlanan yeddi göy cismi  Günəş, Saturn, Yupiter, Mars, Venera, Merkuri və Ay (Şəms, Zühəl, Müştəri, Mərrix,  Zöhrə, Ütarid və Qəmər)  tərəfindən idarə olunur. Hər ulduz (şərti) yeddi min ilin min ilini müstəqil, qalan altı min ili digər ulduzlarla müştərək idarə edir. İnanca görə, ilk dövr Zühəl dövrü və ya dünyada dövrün Adəmin göndərildiyi zamandan başladığı üçün Adəm dövrü adlanır. Son dövr isə Həzrət Məhəmmədin dünyaya gəldiyi Ay dövrüdür. Zühəl və Ay arasındakı dövrlər bitmiş, Ay dövrü isə Qiyamətə qədər davam edəcək.

Ay dövrü bütün dövrləri sənin gözəlliyinlə tamamlamaq istəyir. Hər şeyə şəkil verib gözəlləşdirən Allah arası kəsilmədən bütün gözəllikləri sənin üzünə həkk edir.

İrfan: Allah hər şeyi insan naminə yaratdı, yaratdığından elə zövq aldı ki, dayanmadan onu gözəlliklərlə bəzəməyə davam etdi və Qiyamətə qədər bu nemətin arası kəsilməyəcək.

Hikmət: Bu günə qədər çəkilən hər zəhmət insanın kamilləşməsi naminə olub. Hər dövrdə insan mənəvi olaraq bir mərtəbə yüksəlib və yüksəliş davam edir.

2) Ləli-ləbin vüsalini can ilə istədi könül,

Fikri-məhalə gör necə düşdü, xəyali-xam edər.

Könlüm sənin dodağından qopan mənalara yetişmək istədi, gör necə imkansız fikrə, xam xəyala düşdü.

Şərh: Birinci beytdə olduğu kimi, bu beytdə də söhbət Həzrət Məhəmməddən gedir. Ləli-ləb tərcümədə "al dodaq"dır, lakin burada "sevgilinin dodağından qopan söz və onun dərin məna qatları"  mənasında işlədilib.

Sənin dodaqlarından çıxan sözlər Allahın pak ayətləridir. Bu İlahi kəlamları və onların batini mənalarını idrak etmək istəyirəm. Bilirəm ki, o dərin qatlara yetişmək fikri əlçatmazdır, mümkünsüzdür, boş xəyaldır.

İrfan: İnsan xəyala qapılan məxluqdur, bəzən xəyal ilə yetinir, əsl həqiqəti görmək və ya anlamaqdan qalır. Xəyalın puç olduğunu anlayanlar həqiqətin sərhədində olanlardır, onlar üçün həqiqətin əzəmətini tam dərk edə bilmək özü bir xəyaldır.

Hikmət: İnsan xəyalpərvər ola bilər, amma vacibdir ki, gerçəklə xəyalın sərhədini bilsin. Şirin xəyal acı gerçəkləri ona unutdurmasın.

3) Aşiqi-sadiqin qanı çün ləbinə həlal imiş,

Aşiqə vəslini nədən ləli-ləbin həram edər?

Sənin həqiqətlərin uğrunda sadiq aşiqlərinin axan qanı halal ikən, niyə vüsalına yetmək üçün aşiqinin özünü öldürməsini haram etmisən?

Şərh: Səni düşünən aşiqlərin gecə-gündüz ağlayıb vüsalın üçün gözlərindən qan-yaş tökərlər. Bu məqamda qan halal ikən, şəriətdə nədən haramdır?  Sadiq aşiqlər məşuqun yolunda candan keçməkdən üstün bir vüsal bilməzlər, onu və onun həqiqətlərini qorumaq üçün özlərini fəda edərlər, şəhadətə yetişərlər. Ancaq sənin həqiqətlərin ("Qurani-Kərim") insanın özünə qəsd etməsini günah sayıb haram bilir. Uğrunda ölmək istədiyi mənalar aşiqi o həqiqət sahibinin vüsalından məhrum edir.

İrfan: Aşiq sevgilisinin vüsalına yetişmək eşqilə elə bir psixoloji hala düşür ki, halal və haramı (şəriət qanunları) ayırmaqda çətinlik çəkir.

Hikmət: Yaradanı təfəkkür etməklə ona fəda olmaq, haqq üçün yararlı olmaq fikrinə düşmək insanı dünyəvi  və dini qanunlardan  və onların qorxusundan azad edər, insan ruhən çatdığı məqama fiziki olaraq da çatmaq istəyər.

4) Kimsə cahanda görmədi sübh ilə şamı müctəme,

Gör necə zülfü arizin vəsləti-sübhü şam edər.

Cahanda heç kim səhərlə axşamı birlikdə görməyib, sənin üzün və saçların səhərlə axşamı bir-birinə qovuşdurur.

Şərh: Səhər və axşam Yer kürəsinin öz oxu ətrafında fırlanmasından yaranır. Günəşə tərəf olan hissə işıqlı, olmayan hissə qaranlıq olur. Bir-birinə zidd olduqları üçün fiziki olaraq eyni vaxtda birlikdə olmaqları mümkün deyil. Burada üz səhərə, saç axşama təşbih edilib. Hürufizmə görə, insanın taleyi, dünyanın sirləri və gözlə görünməyən həqiqətlər insan üzünün cizgilərində gizlidir. Bu üzü oxuya bilənlər kamillik zirvəzinə çatar, nəfsini və iradəsini haqqa təslim edərək Allahda əriyib yox olarlar. Zülf isə heç kimin yetişə bilməyəcəyi qeyb aləminə, Allahın zatına, kimliyinə işarədir.

Sənin üzün və saçının eyni vaxtda görünməsi səhərlə axşamı da bir-birinə qovuşdurdu. Bir-birini izləyən işıq və qaranlıq birləşə bildi.  Sənin üzünə baxmaq əslən olmayıb sonradan ortaya çıxıb yenə sonda məhv olanla (ariz), daim olub və əbədi olacağı (zülf) bir yerdə görə bilmək imkanı yaradır.

İrfan: Əsl həqiqətlər göründüyü kimi deyil. Qaranlıqlarda gizlənən mənalar qədər, işıqda da gizlənən mənalar var. Tamah işığı insanın gözünü kor etdiyindən dərin həqiqətləri görə bilmir.

Hikmət: İnsan bilmədiklərinə bildiklərinin gözü ilə baxar,  ağlına yerləşməyən mənaları dünyəvi məntiqlə ölçməyə çalışar. Halbuki, əsl həqiqətlər nə ölçüyə gələr, nə sözə çevrilər.

5) Mehr ilə Mahü Müştəri hüsnünə bəndədir, vəli,

Sərv ilə sidrə özünü qamətinə qulam edər.

Günəş, Ay və Yupiter sənin gözəlliyinə bəndədir, sərv və sidrə isə özlərini qamətinə qulam edərlər.

Şərh: Bəndə olmaq mütləq bir ilaha səcdə etməyi, tabe olmağı gərəkdirir. Günəş, Ay və Yupiter  bütün göy cismləri kimi daim hərəkətdədirlər. Sərv və sidr ağacları  hündür və düz qamətli ağaclardır. Qulamlar sahiblərinin yanında qədlərini əymiş vəziyyətdə əmrə hazır dayanarlar.

Günəş, Ay və Yupiter sənin gözəlliyinə səcdə edir, hər hərəkətləri ilə sənə ibadət edirlər. Sərv və sidr kimi gözəl qamətli ağaclar sənin qamətin qarşısında qul kimi əyiliblər.

İrfan: Bütün əlçatmaz və əzəmətli görünən göy cismləri İnsana görə xəlq olundu, onlar insanın eşqinə səmaya düzüldü. Yer planetində xəlq olunmuş hər şey Yer üzünün əşrəfi olan insana xidmət üçün yaradıldı. İnsan kainatda ən üstün məxluqdur.

Hikmət: İnsan əsl bəndənin malik olmalı olduğu gözəlliklərə (təqva, əxlaq, elm) sahib olduğu müddətcə kainat ona təslim olacaq. Kamil insan dünyanın deyil, dünya kamil insanın xidmətində duracaq. İnsan öz nəfsinin deyil, nəfsi (dünyəvi istəkləri) insanın qulu olacaq.

6) Fitnə gözün xumarini zahir əgər qılır isən,

Ağzına kim alır meyi, kim dəxi fikri-cam edər.

Fitnəli gözlərinin xumarını  zahir etsən, heç kim şərab içməz, qədəh fikri çəkməz.

Şərh: Fitnəli göz aşiqi təhlükələrlə sınayan məşuqa işarədir. Xumar göz isə salikdən (eşq yolunu gedəndən) eyib və qüsurlarının gizli saxlanmasıdır. Ancaq yüksək kəmal sahibləri bu eyibləri görə bilər. Allah  "Səttarül üyub" (eyibləri örtən) olduğu üçün onun kamil bəndələri də (peyğəmbərlər, ariflər) bu ali sifətə malik olarlar.

Mey, İlahi eşq, cam isə Allah dostunun qəlbi mənasındadır.

Əgər sən eşq yolunda olanların eyiblərini açsan, heç kim İlahi eşqə yetişmək istəməz, o eşqi damcı-damcı yığmaq üçün heç kim qəlbini açmaz.

İrfan: Kamil insan digərlərinin qüsurlarını görsə belə üzə vurmur ki, həmin şəxslər eyiblərindən xəbərdar olub həvəsdən düşməsinlər, yarı yoldan qayıtmasınlar. Bu  zaman həm də qüsurlarını qəbul etmək istəməyənləri təkəbbür qəflətindən xilas etmiş olurlar.

Hikmət: Yaxşı cəhətlərini qiymətləndirmək insanları yaxşı əməllərə, pis tərəflərini ifşa etmək pis əməllərə təhrik edər.

7) Şərhi-dəhani-yarimi kim ki sorar Nəsimiyə,

Bir söz ilə hekayətin müxtəsərü təmam edər.

Yarımın ağzının şərhini kim Nəsimidən soruşsa, bir söz ilə hekayəti müxtəsər edib tamamlayar.

Şərh: Ağız bir neçə orqanın birləşməsinə verilmiş ümumi addır, zahirən boşluqdan ibarət bir nahiyədir. Başqa cür desək, fiziki bir bədən üzvü sayılsa da, əslində, belə bir üzv yoxdur,  vəhdətdən yaranan bir orqandır. Ağız termini vəhdəti, Allahın birliyini ifadə edir. Eyni zamanda, "olmayan ağız"  Allahın "ol" deyib yaradılışın əsasını qoymasına da işarədir, çünki cismani olmayan bir varlığa - Allaha ağız və ya digər hər hansı bədən üzvü şamil etmək  yanlışdır, Yaradanı digər xəlq olunmuşlarla  eyniləşdirmək, Onu  "əzəli və əbədi"liyindən "fani və müvəqqəti"liyə endirmək olmaz.

Ağız (dodaq) təsəvvüfdə məşuqun sözü və onun içindəki əsas xəbərə işarədir. Bu isə həm "Qurani-Kərim", həm də hədislərin əsas xəbəri olan vəhdət, Allahın birliyi mənasındadır.

Hər kim Haqqın kəlamlarının şərhini Nəsimidən soruşsa, o,  "tövhid" (vəhdət) cavabı ilə uzun bir hekayəti müxtəsər edər.

İrfan: İnsan özünü kainat ilə bir ritmə uyğun edə bilərsə, onu əhatə edən hər şeylə vəhdətdə olub Allaha onun xəlq etdikləri vasitəsilə qovuşa bilərsə, Allahla birləşər, bir olar, əbədi olar.

Hikmət: İnsanın kamilliyi onun Allahı ilə vəhdəti qədərdir. Vəhdət isə "yalnız O var, ondan başqa heç nə yoxdur" deməkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!