Nəsimi dramı... - Sayman Aruz

Əvvəli: http://edebiyyatqazeti.az/news/poeziya/3665-nesimi

Nəsimi məhbəsdə əli-ayağı bağlı vəziyyətdədir. Birdən məhbəsin küncündən nurani bər şəxs (Şəms Təbrizi) peyda olur və Nəsimiyə yaxınlaşır. Nəsimi onu görüncə ayağa durmağa çalışır, amma bağlı olduğuna görə dura bilmir.

Nurani şəxs bu sözləri oxuyaraq Nəsimiyə yaxınlaşır:

- Həqq taala yazdı üç xətt dünyada,

Okean oldu əqlü, eşq isə ada.

Oxudu ilk xətti həm özü və xəlq,

Eylədi rəhbər onu, özünə xəlq.

 

Gördü hər kəs öz gözüylə mütləqi,

Gördü özün, görmədi, amma həqqi.

 

Digərin özü oxudu, xəlq yox,

Çaşdı bundan həqq yolunu xəlq çox.

 

Hamı sevdi Allahı, amma onu,

Eylədi dünyavü mafiha donu.

 

Halbuki, Allah deyildir laməkan,

O məkan etmiş ürəkdə bigüman.

 

Gər olursa Allaha məkan ürək,

Allahın da məkanı vardır demək.

 

Su kimi qaliblərə salar özün,

Eyləyər o qəlblərdə var özün.

 

Yazdı həqq həm də üçüncü xəttini,

Aşiqin qaldırdı ərşə qəddini.

 

Hansı ki, nə özü bildi, nə də xəlq,

Onu idrak eyləməzi dərvişü-dəlq...

 

Nəsimi deyir:

- Kimsən, ey can, nurdu, sanki surətin,

Məni görməkdən nə idi niyyətin?

 

Şəmsi Təbrizi deyir:

- Şəmsi canam, əhli Təbrizəm, Nəsim,

Bilginən ki, sənlə birdir niyyətim.

 

Nəsimi:

- Xoş gəlibsən, Şəmsi canım, mərhəba!

Səcdəgahım, astanım, mərhəba!

 

Ey mənə can, xəlqə ruzi, həqqə nur,

Ey ki, sənlə dünya mafiha olur.

 

Ey ki, yoxdur bir məzarın dünyada,

Səni görmək xoşdur, hətta röyada.

 

Şəmsi Təbrizi deyir:

- Yox, deyil röya, mənə röya demə,

Daxilindən danışıram mən sənə!

      

Aşiq olsan gözlərin həqqə dolar,

Arif olsan hər nə görsən həqq olar..

 

Duy damarında axan qanında sən,

Aç gözünü, gör məni canında sən.

Mən sənəm ki, Şəmsi Təbrizi kimi,

Söyləyirəm Nəsimiyə dərdimi.

 

Öz içində rücət etsən həqqə gər,

Həqq səni ayineyi həqq eyləyər.

 

Et zühur sən öz içində özünə,

Allahın tək aşikar ol gözünə.

 

Gər sevərsən özünü Məcnun kimi,

Güzgüyə baxsan görərsən Leylini.

Nəsimi:

- Ey mənə ayinə, mənə sən günəş,

Olmuşam mən özümə hər dəm ətəş...

 

Olmuşam od, həm də İbrahim özüm,

Olmuşam öz bağıma qaim özüm.

 

Rücət etdim öz içimə, amma kim,

Yoxdu "mən"dən başqa məndə, ey həkim!

 

Həm damarımda axan qanımdı Şəms,

Həm səmadan həqq saçan canımdı Şəms.

 

Həqqə çatsan, güzgü olsan həqqə gər,

Sən susarsan, həqq səni dinləndirər.

 

Şəmsi Təbrizi:

- Ey Nəsimi, sözüm üstə söz demə,

Mən sənəm çün, sən də məndən incimə.

 

Səndəki həqq, Nəsiminin həqqidir,

Necə ki, xəlq padşahın xəlqidir.

 

Hər kəsin öz Allahı, öz yarı var,

Hər kəs öz zənnilə Allaha çatar.

 

Allah olmaq ya elə, ya da belə,

Eyni şeydir, xəlqi salar müşkülə.

 

Aqil olmaq arifin ehsanıdır.

Şəmsi Təbriz hər kəsin vicdanıdır.    

 

Həqq dedinsə at "mən"i, çevril "biz"ə,

Hələb heç vaxt bənzər olmaz Təbrizə.

 

Nəsimi:

- Şəmsi canım, laməkanım, dinlə kim,

Səni inkar etməyə gəlmir dilim.

 

Danə əkdim mən həqq ilə xəlqdə,

Ta ucalsın ol həqq ilə xəlq də.

 

İnkar etmir ki, "ənəlhəqq" "biz"ləri,

Var edir yağmur kimi ilbizləri.

 

Can verir o danəyə bir su kimi.

Zairi meyxanəyə "hu-hu" kimi.

 

Ol şəməm ki, zülmət içində yanır,

Eşq ilə dünyavü mafihalanır.

 

Zülməti məhv etməsə də bircə şəm,

Bircə şəmlik eyləyir zülməti kəm.

 

Biz də məndən başlayır, bilsək əgər,

"Mən" həqq olsa "biz"i də həqq eyləyər.

 

Şəms:

- Şəmi-həqq dinmək dilərsə, nurlanar.

Şəm "ənəlhəqq" söyləməz, çün nuru var.

 

Toxunarsa gər ki, şəm pərvanəyə,

Çevirər pərvanəni meyxanəyə.

 

Geri dönməz ta ki, desin sirri şəm,

Külü ilə söyləyər təfsiri-şəm.

 

Həqqi görsən kor olarsan, "mən" deyil.

Lal olarsan, kar olursan, bunu bil!

 

Söyləyərsən gər "ənəlhəqq", yəni ki,

Sən deyilsən ol şəmin bətnindəki.

 

Şəm söylər "mən həqqəm", pərvanə yox.

Aqil iddia edər, divanə yox.

 

Sirrə agah gər olubsan əbsəm ol,

Birləşibsən şəm ilə gər, get, şəm ol.

 

Susginan ta ki, cahan gəlsin dilə,

Səndəki sirri-nihan gəlsin dilə.

 

Dil danışsa bağlanar həqqin yolu,

Həqq danışsa dil susar, qanundu bu.

 

Badə olmaz tərbiyə etsən də su,

Yaranıbdır buğda-buğda, cov da cov.

 

Hər ikisi çörək olar, can olar,

Biri arpa, biri buğdadan olar.

                                         .

Nəsimi:

- Ey camalın can verən, insanlara,

Ey kamalın nuri həqdir canlara!

 

Gər ki, xəlq təqlid ilə cana dolur,

Çün həqi təqlid etsə, can olur.

 

Həm həqü, eşqü, kamalat ilə şövq,

Çevrilərsə adətə biz udmuşuq.

 

Qoy dağılsın mollaların bidəti,

Qoy dəyişsin xəlqimizin adəti.

         

Qoy düşünməkdən qaçan bu xalqlar,

Təqlid ilə söyləsinlər: həqq var.

 

Dəyişərsək xəlqimizin adətin,

Almış olluq mollaların qudrətin.

 

Xəlqi təlim etmə, adətin dəyiş,

Eylə xəlqi aşiqü-məşüqə kiş.

 

Qoy Şamaxı Kəbə bilsin Təbrizi,

Təqlid etsin, təqlid etsin xəlq bizi.

 

Buğda nan olur əgər təqlid ilə,

Qoy ki, xəlq də buğda tək gəlsin dilə.

 

Xəlqi covluqdan qutarmaqdır işim,

Buğdalıqdır, buğdalıqdır vərdişim!

         

Şəms:

- Mövləvi də, mən də öldükdən sora,

Bir təriqət piri olduq dünyada.

 

Qalmadı bizdən xəbər olduq təriq,

Okean olduq millətə, millət qəriq.

 

Hər kəs öz fəhmi qədər bildi bizi,

Məntiqi, əqli qədər buldu bizi.

 

Eşqsə sığımır məntiqü əqlə, qərəz,

Bu səbəbdən çıxdı dünyada mərəz.

 

Gəldi minlər, bəlkə milionlar nəbi,

Olmadı islah bu xəlqin adəti.

 

Eyni xəlqdir, eyni millət, bül-əcəb

Eyni qayda, eyni adab, eyni dəb.

 

Hər kəsin öz fəhmi onun nəfsidir,

Şəxsidir eşq, şəxsidir eşq, şəxsidir.

 

Peyinə gül olmağı təlim edən,

Ya ki, misdən zərri nabı istəyən,

   

Öz yükün yox, özgənin yükün çəkən,

Ya şoranlıq yerdə ol buğda əkən,

 

Deyil arif bil ki, ibnül-cəhldir.

Eşqə də dünyada hakim, əqldir.

 

Nəsimi:

- Mən dikəndə gül yaratmaq istədim,

Xar içində gül oyatmaq istədim.

 

Bir budağı paylaşırlarsa əgər,

Xar güldür, gül də xardır, müxtəsər.

 

Xar yoxdur bu cahanda, vardı gül,

Həqqi dərk et, həqqi öyrən, həqqi bil.

 

Dərk edərsə xar da öz "mən"in əgər,

Kainatı ənbər əfşan eyləyər.

 

Xar çəkir gülün yükün, gül də xarın,

Kimsə çəkmir öz yükünün azarın.     

 

Çəkirəm mən xəlq yükün, xəlq də mənim,

Çəkirəm mən həqq yükünü, həqq də mənim.

     

Xarı dərk etmirsə gül, o gül deyil,

Özünü gül saymayan bülbül deyil.

 

Dünyəvi irfandı mənim irfanım,

Insan haqların ucaldır imanım.

 

Şəms:

- Ey Nəsimi,  həqq qapısı bağlıdır.

Həm qaçan da, həm qovan da həqlıdır.

     

Kamil insan yoxdu dünyada-deyə,

Meyl etmək vardır o kamilliyə.

 

Varsa qəlbində əgər həqdən əsər,

Dar səni meraca məskun eyləyər.

 

Kökləyərsə eşq ilə gər imanı,

Dar ucaldar, dar ucaldar insanı.

 

Niyyətin alidisə sən alisən,

Qartal olmaz dünyada zağü zəğən.

 

Çırpına həqqin adıyla qəlb əgər,

Darü dünyanı gülüstan eyləyər.

 

Nəsimi:

- Səndəki irfanda din var, Şəmsi can,

Məndəki irfanda insanü cahan.

 

Yoxdur irfanında gər xəlq marağı,

Bilginən ol irfanı din oynağı.

 

Qudrətin yoxdursa irfandan demə,

Millətin yoxdursa insandan demə.

 

Mən ənəlhəqq söylədim insan üçün,

İnsana bəslədiyim iman üçün.

 

Daxilimdə hansısa bir nur mənə,

Söyləyir həqsən, Nəsimi, qəm yemə.

 

Şəm tək çün ki, yanacam mən sabah,

Nurlanacam, nurlanacam mən sabah.

 

Mən o şəməm ki, korun əlindəyəm,

Dünya samanlıqdı, mən də iynəyəm.

 

Düşəcəm korun əlindən yerə mən,

Yandıracam dünyanı nar ilə mən.

 

Həm şəməm, həm iynəyəm mən dünyada,

Məndədir dünya və mən də dünyada.

 

Şəms Təbrizi Nəsimiyə yaxınlaşıb onun alnından öpüb, deyir:

Sən kimi insan qalanmaz dünyada.

Gözləyirik yolunu mafihada.

 

Şəmsi də korlar yerə atdı, vəli,

Laməkanlıq oldu Şəmsin məskəni.

 

Laməkanü laməzaram indi mən,

Harda həqq var orda varam indi mən.

 

Sən də gəl ki, bu bağın, bu bostanın,

Nəsimisi çatmayır bu dastanın.

 

Cismini at ki, rəvanla birləşək,

Şəmi at ki, şəmsi canla birləşək.

 

Ey cahana hökm edən kəs, gəl bizə,

Quş kimi uç, yel kimi əs, gəl bizə.

Şəms Təbrizi yavaş-yavaş Nəsiminin gözləri önündən itir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!