İlqar FƏHMİ
Yazının əvvəli: http://edebiyyatqazeti.az/news/muzakire/3507-qizilbas-metafizikasi-sefevi-mistikasi-mozaik-risale
İskəndərşan
Şeyx Səfiəddin Ərdəbilinin həyat hekayəsinin ilk mərhələsini müəyyən qədər gözdən keçirtdik. Onun həyatının sonrakı dövrlərinə keçməmişdən əvvəl, zənnimcə, bir qədər nəfəs dərib bəzi mətləblər üzərində düşünməyə ehtiyac var.
Biz nə barədə danışdıq? Şərqdə böyük şöhrət qazanmış bir sufi Şeyxinin, təriqət başçısının yeniyetməlik və gənclik dövrü barədə hekayətlər, rəvayətlər üzərində gəzişdik.
Bəs bu məlumatlar nə dərəcədə real, nə dərəcədə tarixi idi? Və yaxud nə qədər inandırıcı idi?
Diqqət etsək, görərik ki, müxtəlif tarixi mənbələrdən, təzkirələrdən götürülən bu məlumatlar, rəvayətlər və hekayətlər tarixilik baxımından araşdırılmadan, rasional baxımdan analiz edilmədən - elə yazıldığı kimi təqdim olundu. Sual oluna bilər, əgər biz tarixi şəxsiyyət olaraq Şeyx Səfiədinin bioqrafiyasını yaratmaq, real portretini çəkmək məqsədi güdürüksə, onda bütün bu nağılvari rəvayətlərin içinə girmək nəyimizə lazım idi ki?
Misalçün, Makedoniyalı İskəndər haqqında yüzlərlə rəvayət və hekayətlər var. Ancaq tarixi araşdırmalarda, bioqrafik əsərlərdə biz bunu görürükmü? Yox... Yalnız rasional tarixi məlumatlar...
Ancaq Plutarxdan tutmuş bugünkü alimlərin yazdığı rasional tarixi bioqrafik kitabların paralelində Nizami Gəncəvinin "İskəndərnamə"si və bu üslubda yüzlərlə əsərlər də var... Hər birində obyekt eyni şəxsdir - Makedoniyalı İskəndər.
Müasir düşüncəyə uyğun olaraq biz bu bioqrafiyaları sistemləşdirərək ayırırıq - tarixi mənbələr və ədəbi əsərlər...
Ədəbi əsərlərdə hər cür yalanlar yazıla bilər, ancaq tarixi əsərlərdə sırf rasional reallıq əks olunur. Mənzərə təxminən belə təsəvvür olunur - rasional tarix elmi real faktları yazır, yerdə qalan nə varsa, bütün bunlar ədəbi təfəkkürün, təxəyyülün məhsulu kimi kənara atılır...
Amma mən bu bölgünü bir qədər fərqli aparardım - hansısa tarixi hadisənin, tarixi şəxsiyyətin həqiqətdə necə olması haqqında biz dəqiq heç nə deyə bilmərik. Haqqında nə qədər kitablar yazılsa da...
Yox, etiraz edə bilərsiz ki elə deyil, son iki min ilin tarixi dəqiq araşdırılıb, yazılıb, qaranlıq məqamlar qalmayıb.
Razı deyiləm. Axı biz bütün yazılanların dürüstlüyünə necə hökm verə bilərik ki, heç bugünkü günümüzdə müasir dünyada baş verən ictimai-siyasi proseslərin əsl mahiyyəti barədə doğru-dürüst məlumatımız yoxdur. Və yaxud elə öz ətrafımızda gördüyünüz hadisələrin nə qədəri haqqında biz əsl həqiqəti bilirik? Əlbəttə ki, bilmirik. Biz sadəcə, təqdim olunan informasiyalardan öz ağlımıza batanı həqiqət kimi qəbul edirik və özümüzçün "mütləq həqiqət"in xəritəsini yaradırıq.
Şəxsən mən bu fikirdəyəm ki, mütləq həqiqət yalnız yuxarıdan dəqiq görünür. Həm müasir həqiqətlər, həm də tarixi həqiqətlər.
Məhz bu baxımdan da, biz istənilən bir tarixi şəxs (tarixi hadisə) haqqında öz təsəvvürümüzü yaratmaqçün yazılanlara (və ya deyilənlərə) istinad edirik. Ancaq bu informasiyanın yüz faiz dəqiqliyini sınaqdan keçirmək iqtidarında deyilik. (Elə Makedoniyalı İskəndərin bioqrafiyalarına diqqət etsək, görərik ki, müasir elmin istinad etdiyi antik mənbələrin əksəriyyəti onun ölümündən iki yüz-üç yüz il sonra yazılıb. Onlar da öz növbələrində özlərindən daha əvvəl yaşamışlara istinad ediblər, lakin artıq həmin müəlliflərin əsərləri - İskəndərin öz ətrafındakı xronistlərin yazdıqları bizim dövrə gəlib çatmayıb. Əlavə onu da qeyd edim ki, əksər hallarda həm alimlər, həm də ədəbiyyat xadimləri eyni mənbələrə istinad edirlər. Mənbələrdə qarışıq şəkildə təqdim olunan müxtəlif hadisə və rəvayətlərin içindən rasional əqlə uyğun gələnini müasir elm götürür. Amma ədəbiyyat xadimləri tarixən və bəzən elə indi də, belə seçim aparmayıb, dövrün tələbindən asılı olaraq, mənbələrdən gah realist, gah mistik, gah da mifik məlumatları götürüb istifadə ediblər.)
Deməli, tarixi informasiyaların dəqiqliyi barədə hökm vermək, absurddur. Bu zaman zənnimcə, subyektivist baxış formalaşır. Hər kim özü necədirsə, tarixi şəxsiyyəti də o cür təsəvvür edir. Rasional təfəkkürlü insan tarixi məhz rasional məntiqi aspektdən qəbul edir, irrasional insan isə əksinə...
Bu baxımdan yanaşsaq, tarixi şəxsiyyətlərin iki üslubda bioqrafiyaları ortaya çıxır - rasional, fiziki bioqrafiyası və irrasional metafizik bioqrafiyası.
Makedoniyalı İskəndər haqqında müasir dövrdə yazılanlar onun rasional-fiziki bioqrafiyasını; Nizaminin "İskəndərnamə" poeması üslubunda yazılanlar isə irrassional-metafizik bioqrafiyasını təşkil edir...
(Mən Nizami Gəncəvinin adını ona görə çəkdim ki, onun yazdığı əsər bizə daha çox tanışdır. Lakin bu xətt antik ədəbiyyatdan başlayaraq həmişə davam edib, onun haqqında yüzlərlə bu cür ədəbi əsərlər yazılaraq, toplumun gözündə onun mifləşməsinə xidmət edib.)
İki min il ərzində xristian və müsəlman aləmi Makedoniyalı İskəndəri məhz metafizik bioqrafiyasıyla sevib. Quranda adı keçən Zül-qərneyn də əksər hallarda Makedoniyalı İskəndərlə eyniləşdirilir. Və Səfəvi-qızılbaş təfəkküründə də onun böyük yeri var, çünki məhz Nizami Gəncəvinin "İskəndərnamə"si əsasında yaranan İskəndər obrazı ideal, ədalətli hökmdar kimi qəbul edilib və bu səbəbdən də Şah İsmayılın mənbələrdə göstərilən ləqəblərindən biri də "İskəndərşan İsmayıl Bahadur" olub. Etnosun təfəkkürü onu İskəndər Zülqərneynin sanki müasir təcəllası kimi qəbul edib...
Bəli, zahirən belə görünür ki, təxminən on səkkizinci əsrin sonlarına qədər toplum, etnos öz tarixini - tarixi şəxsiyyətlərin bioqrafiyalarını metafizik-irrasional şəkildə qavrayıb, son iki yüz ildə isə rasional qavrayış başlayıb. Yəni belə çıxır ki, bəşəriyyətin mifləşdirmə fəaliyyəti və ya miftələbetmə duyğusu son iki yüz ildə dayanıb. Və yaxud miflərə olan daxili tələbat rasionalizm günəşinin istisində əriyib gedib, indi bizə yalnız və yalnız real rasional tarixi faktlar lazımdır.
Bəs belə isə biz niyə Səfəviliyin mənbəyində dayanan sufi piri, təriqət rəhbəri Şeyx Səfiəddin Ərdəbilinin həyatına məhz irrasional aspektdən yanaşmağa və onun bioqrafiyasını məhz metafizik-mistik müstəvidə təqdim etməyə, belə demək olarsa, onu mifləşdirməyə çalışırıq? Axı bu yanaşma tərzi iki üz il bundan əvvəl öz ömrünü bitirib. Mövzuya aid onlarla böyük tarixi əsərlərin, sanballı elmi araşdırmaların yazıldığı halda, bu mifik "köhnə yanaşma tərzi" nəyə gərəkdir?
Bu suallara cavab verməkçün məncə, yenə də toplumun miflərə münasibəti və ümumilikdə, milli ideyanın formalaşmasında miflərin rolu ilə bağlı bəzi məsələlərə diqqət yetirmək lazımdır...
İdeya və mif
Bu məqama yazımızın əvvəlki hissələrində bir qədər toxunmuşduq. Ancaq dediklərimizi daha da dərinləşdirməyə ehtiyac var.
Son yüz ildə milli ideya, millətçilik ideologiyaları, milli şüur barədə bütün dünyada minlərlə elmi əsərlər yazılıb. Alimlər, sosioloqlar bu məsələni hərtərəfli araşdırmağa çalışıb. Milli ideya ilə dövlət ideologiyası məfhumları bir-birindən ayrılıb, müstəqil analiz edilib, milli konsepsiya, milli şüur, millətçilik, şovinizm və sair bu cür terminlər ortaya çıxıb... Ancaq təbii ki, vahid bir məfhum ərsəyə gəlməyib. Elə "milli ideya" termininə üç yüzə qədər müxtəlif alimlər tərəfindən fərqli və hətta təzadlı təriflər verilib. Mən bütün bu geniş müzakirələrə və polemikalara qoşulmaq niyyətində deyiləm, bunu müasir alimlərimiz yüksək səviyyədə həyata keçirir. Mənə maraqlı gələn əsasən bir məqam idi - dediyim mövzuda yazılan əsərlərin böyük hissəsində milli ideyanın yaranmasında və yaşamasında toplumun milli miflərinin, etnik mifologiyasının rolu barədə demək olar ki, heç nə yoxdur. Bəzi əsərlərdə qısa şəkildə bu mövzuya toxunsalar da, miflər sadəcə milli kulturologiyanın - mədəniyyətin bir komponenti kimi təqdim olunub və üstündən keçilib.
Eyni zamanda, miflər tarixiylə məşğul olan çoxsaylı dünya alimlərinin və kulturoloqlarının əksər hissəsi də, mifləri, ümumbəşəriləşdirir, hətta ayrı-ayrı xalqların mifik təfəkkürünü araşdırarkən də, onlardakı obrazların vahid bir mənbədən yarandığı və yavaş-yavaş transformasiyaya uğrayaraq milliləşdiyini bəyan edir. Yəni, milli şüur və mif əksər hallarda, bir-birindən ayrı öyrənilir.
Zənnimcə, bu yanaşma tərzi, 19-20-ci əsrin pozitivist elmi təfəkkür tərzinin məhsuludur və son yüz il üçün təbiidir, anlaşılandır. Çünki bütün elmi sahələrdə bunu müşahidə edirik - irrasionallıq (mifiklik) elmi sahəyə nüfuz edə bilməz. Milli ideya məsələləriylə rasional sosiologiya elmi məşğul olur, miflər isə irrasional olduğuna görə yalnız kulturologiya tərəfindən araşdırıla bilər. Niyə? Çünki "müasir rasional insanın miflərə ehtiyacı yoxdur, bu tələbat keçmişdə idi, artıq çoxdan ləğv olub." (Nədənsə məşhur rus yazıçıları İlf və Petrovun otuzuncu illərdə qələmə aldıqları "Qızıl buzov" romanındakı "Hökumətin qərarıyla Tanrı ləğv olunub" ifadəsi yada düşür.)
Həqiqətən belədirmi? 20-ci əsrin sonuna qədər belə düşünürdük. Bunu da mütləq həqiqət kimi qəbul edirdik. Bütün miflər, dinlər, inanclar yalnız keçmiş cəhalətin qalıqlarıdır, indi gərəksizdir, zaman keçdikcə isə ümumiyyətlə unudulacaq.
Mənsə belə düşünürəm ki, hətta rasionalizmin ən qatı radikal dönəmi olan 20-ci əsrdə də bəşəriyyətin miflərə olan tələbatı qalmaqdaydı və yüksək səviyyədə ödənilirdi. Çünki bu tələbat bəşəriyyətin ruhunun ayrılmaz hissəsidi. Sadəcə, zahiri adlar, rənglər dəyişmişdi. Mahiyyət isə qalmaqdaydı. Və onu da qeyd edim ki, 20-ci əsrin mifləri əslində Qədim miflərindən daha yüngül, daha zəif idi... Çünki mahiyyətcə irrasonal metafizik mahiyyətə malik olan miflərə zorla rasionallıq donu geyindirilirdi...
Diqqətlə fikir versək, görərik ki, istər Sovet İttifaqında, istər faşist Almaniyasında, istərsə də, öz praqmatizmiylə hamıdan öndə gedən Amerikada əski miflər, inanclar aradan qaldırılan kimi, yerinə başqaları yaradıldı və o boşluq dolduruldu. Ən praqmatik cəmiyyət olan ABŞ-da da sosioloqlar gərgin araşdırmalardan sonra dəqiq qərara gəldilər ki, toplumu miflərlə qidalandırmaq vacibdir; insanlar nə qədər savadlansalar da, rasionallaşsalar da, hər halda bir ruh daşıyıcısı olan varlıqlardır, ruhun isə dünyaya baxışı əksər hallarda mifoloji yanaşma üzərində qurulub. Əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Onlar da belədir, biz də beləyik…
Rasional miflər
Əski miflərlə müasir miflərin fərqi isə irrasional və ya rasional şəkildə təqdim olunmağıydı. Hətta bəzi müasir filosoflar 20-ci əsrin miflərini əvvəlkilərdən fərqləndirməkçün, onlara simulyakr adı da qoyublar. Tanınmış Qərb filosofu Jak Bodriyarın bir neçə məşhur kitabı məhz simulyakr-miflərin mahiyyətinə həsr olunub. Və metafizik düşüncə tərzinə bağlı olan Bodriyar qeyd edirdi ki, əvvəlki miflər nə qədər fantastik, inanılmaz görünsə də, keçmişdə baş verən hansısa real hadisələrin təxəyyüldən keçib mifləşən versiyası- surəti, kopyasıdır. Lakin müasir simulyakrların fərqi odur ki, onlar əsli olmayan surətlərdir (kopyalardır.) Sanki predmet yoxdur, amma onun kölgəsi var və biz bu kölgələrin arasında yaşayırıq. Bu kölgələr bizim ruhumuzu qidalandırır.
Səbəbi məncə, budur ki, əski miflər metafizik səmavi köklərə bağlı idi (bu barədə də geniş danışacağıq), simulyakrları isə dünyada - yerdə yaşayan insanlar uydurur, heç bir səmavi əsası-kökü yoxdur. Ancaq fəaliyyət və təsir mexanizmi eynidir.
Əski və müasir miflərin topluma təsiriylə bağlı fikirlərimizə keçməmişdən əvvəl, ümumiyyətlə, fəlsəfi kateqoriya olaraq, toplum-kütlə barədə bəzi fikirlərimizi bildirmək istərdik.
Maarifçilik dönəmindən başlayaraq zaman-zaman bu ideyalar irəli sürülüb ki, hər bir fərdin toplum təfəkküründən - yəni insan sürüsü çərçivəsindən çıxıb ali insan olması üçün mütləq onun savadlanması lazımdır. Toplum cəhalət nəticəsində yaranır, cəhalət isə elmsizlikdən doğur… Məncə, bugünkü günə qədər hamımızın mütləq həqiqət kimi qəbul etdiyimiz aksiomdur.
Ancaq belə isə, bəs onda 20-ci əsrin savadlanmış insanı niyə hələ də kütlə təfəkkürüylə yaşayır? Niyə böyük elmi-texniki inkişafa nail olan və Qərbin ən savadlı xalqlarından olan alman xalqı az qala zombiləşdirilərək faşist kütləsinə çevrildi? Niyə Tolstoyun, Dostoyevskinin Rusiyası bolşevik xülyalarının təsiri altında qanlı yırtıcılar məskəninə çevrildi? Və ya elə Qərb demokratiyaları məgər birbaşa kütlə psixologiyası qanunlarıyla işləmirmi?
20-ci əsrdə kütlə psixologiyası sahəsində böyük elmi əsərlər yazılır, kütləni öz ardınca necə aparmağın qayda-qanunları rasional şəkildə izah edilir, demokratik cəmiyyətlərdə kütlənin rəğbətini qazanıb seçkilər vasitəsilə böyük mənsəblərə nail olmağın yolları göstərilir. Məgər bütün bunlar onu göstərmirmi ki, kütlə nə qədər savadlansa , nə qədər elmlənsə də, yenə də kütlə olaraq qalır.
Gəlin yenə də rasional elmin bəzi faktlarına diqqət edək. Bütün dünya sosioloqlarının fikrincə savadından, elmindən, maarifindən asılı olmayaraq, istənilən toplumdakı fərdlərin yalnız 18-20 faizini təfəkkürü kütlə qanunlarından kənarda fəaliyyət göstərir. Yerdə qalan təxminən 80 faiz min il bundan əvvəl də eyni düşüncədəydi, indi də olduğu kimidi, gələcəkdə də belə qalacaq. Savadlanmaq insanın öz həyat fəaliyyəti üçün müəyyən bilik və vərdişlər versə də, təfəkkür dərinliyi və düşüncə genişliyi yaratmır. İcmanın həminki 80 faizi yenə də mifik düşüncə tərzinin əsarətindədi. Ən geridə qalmış Afrika qəbilələrində də, bizdə də, ən inkişaf etmiş Qərb ölkələrində də…
Sadəcə, 20-ci əsrdə miflər daha rasional idi, 21-ci əsrdə isə yenə də irrasionallığa doğru gedir.
ARDI VAR...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!