Vəli Məmmədovun cəsarəti və Amerikada Hüseyn Cavid barədə kitab yazmış mühacir - Şuşalı Mustafa Haqqı Türkəqul - Azər TURAN

Azər TURAN

 

2021-ci ilin dekabrında "Belə-belə işlər" verilişində Hüseyn Cavidlə bağlı danışmışdım. Verilişə üç yüz mindən çox baxış olmuşdu. Bir gün "Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla heykəltaraş Kamran Əsədov "Ədəbiyyat qəzeti"nin redaksiyasına gəldilər. Natiq müəllim Vaşinqtonda tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının ofisinin yerləşdiyi binanın qarşısında Cavidin barelyefinin vurulması barədə qərara gəlindiyini, lakin ofisin yerləşdiyi küçədə dahi şəxsiyyətlərinin barelyefini açmağın hər xalqa nəsib olmadığını, bunun üçün həmin dahi şəxsiyyətin Amerika ilə müəyyən bağlantısının olmasını təsdiq edən fakta ehtiyac duyulduğunu dedi və "Cavidlə bağlı belə bir fakt varmı?" deyə soruşdu. Cavid və Amerika mövzusunda İlk ağlıma gələn Mustafa Haqqı Türkəqulun adı oldu. Amerikada yaşayan bir mühacirin hələ sovetlər dönəmində Cavidlə bağlı kitab yazdığını, özü də antisovet əhvallı bir kitab yazdığını dedim və Natiq Baxışov "Bu faktın Amerikada, Vaşinqtonda Cavidin barelyefinin qoyulmasına Vaşinqton meriyasının icazə verməsi üçün kifayət qədər ciddi əsaslardan biri olacağını" dedi. 2022-ci ilin oktyabrında heykəltəraş Kamran Əsədovun hazırladığı barelyefin Vaşinqtonda açılışı oldu...

Ötən həftə Türkiyədən Ömər Özcan Mustafa Haqqı Türkəqul barədə geniş bir yazısını çap olunmaq üçün "Ədəbiyyat qəzeti"nə göndərib. Açığı, bu yazıya çox sevindim. Çünki Mustafa Haqqı Türkəqul az araşdırılmış mühacirlərimizdən biridir. İndi isə hörmətli Ömər Özcan onun bütün həyatını - bioqrafiyasını təqdim edir və bu, bir ilkdir. 

 

Mən isə Mustafa Haqqı Türkəqulun adını ilk dəfə Turan Caviddən eşitmişdim. Türkəqulun "Azərbaycan türk şairi Hüseyn Cavid" kitabını da oxumaq üçün mənə 2001-ci ildə Turan Cavid vermişdi. Turan xanım deyirdi ki, Mustafa Haqqı Türkəqul İkinci Dünya müharibəsindən sonra bir müddət Türkiyədə və Amerikada yaşayıb. Əslən şuşalıdır. 1918-ci ildə Şuşada doğulub. Əsl soyadı Quliyevdir. Şuşa musiqi məktəbində Süleyman Ələsgərovla bir yerdə oxuyub (Türkəqul həm də Azərbaycan musiqi tarixini tədqiq etmişdi). 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən Türkəqul müharibəyə qədər Göyçay Pedaqoji Məktəbində coğrafiyadan dərs deyib. İkinci Dünya savaşının iştirakçısıdır. Müharibədə almanlara əsir düşüb.

Ömər Özcanın yazısından isə öyrəndim ki, legionerlərin "Azərbaycan" qəzetində "Şuşalı" imzası ilə yazan müəllif Yurdaqul imiş.

Turan Cavidin dediyinə görə, hətta Yurdaqulun Göyçayda qohumları da yaşayırmış və onlar Turan xanımla da görüşmüşdülər.  

Ömər Özcan bildirir ki, Yurdaqul 1949-cu ildə Türkiyəyə gəlib, İstanbulda Laləli səmtində yaşayıb. Süleyman Təkinər, Nağı Şeyxzamanlı ilə birgə Azərbaycanı Tanıtma Dərnəyinin qurucularından biri olub. 1962-ci ildə Amerikaya köçüb. 1974-cü ildə Amerikada vəfat edib.

Bu sayımızda Ömər Özcanın "Mustafa Haqqı Türkəqul" yazısını təqdim edirik. Amma yazıda qeyd olunmayan bəzi məsələləri əlavə etməyə ehtiyac duydum ki, Mustafa Haqqı Türkəqulun bioqrafik portreti, yəni onun haqqındakı təsəvvürlərimiz tam olsun.

O zaman Turan Caviddən Türkəqulun "Azərbaycan şairi Hüseyn Cavid" kitabını, yəni bir legionerin, özü də antisovet mahiyyətli kitabını necə əldə etdiyini soruşanda o mənə indi aşağıda yazacaqlarımı danışmışdı.

Vaşinqtonda otellərin birində mühasib işləyən Mustafa Haqqı Türkəqul o zaman, Amerikada səfərdə olan Azərbaycan KP MK-nın rəsmilərindən ədəbiyyatşünas-alim Vəli Məmmədovla təsadüfən mehmanxanada qarşılaşır. İki azərbaycanlının arasında həm ideoloji, həm də ədəbi mövzuda ilginc mübahisə olur və ertəsi gün Mustafa bəy "Azərbaycan türk şairi Hüseyn Cavid" kitabını Vəli Məmmədova verir. Vəli Məmmədov isə bir mühacirin, müharibədə almanlara əsir düşmüş, özü də antisovet əhvallı bir adamın Cavid haqqında 1962-ci ildə Vaşinqtonda yazdığı və 1963-cü ildə Türkiyədə Azərbaycan Gənclik Dərnəyi tərəfindən İldəniz Qurtulanın Ön sözü ilə nəşr olunmuş antisovet səciyyəli kitabını Bakıya gətirir və kitabı professor Abbas Zamanova verir. Abbas Zamanov isə onu Turan Cavidə təqdim edir. (2002-ci ildə "Əbədi Turan", 2010-cu ildə isə "Cavidnamə" kitablarımda bu barədə ətraflı bəhs etmişdim).

Mustafa Haqqı Türkəqulun əsəri Azərbaycan cavidşünaslığının mühacirətdə yazılmış ən mötəbər (və ilk) nümunəsi kimi maraq doğurur.

Türkəqul monoqrafiyasında Cavidin dili məsələsinə ilk obyektiv münasibət sərgiləmiş, məsələyə daha obyektiv aspektdən yanaşmışdı: "Cavidin dili, istər Azərbaycan daxilində; istərsə, Azərbaycan xaricində ən çox münaqişə və mübahisə olunan bir mövzudur. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında ufaq da olsa, bir ləhcə fərqi vardır. Cavid İstanbul türkcəsini mənimsəmiş, bu şivəni bütün incəliklərinə qədər öyrənmişdir. Yaradıcılığının ilk dövrlərində, bilxassə, şeirlərində, İstanbul şivəsini məharətlə kullanan şair, sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və demək olar ki, bu işə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmış və bu iki şivə arasındakı məsafəni qısaltmışdır. ...Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə, Türküstan və s. türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın və onun türkcəsindən zövq almasın".

 

***

Bunu cavidşünaslıqda ilk dəfə şuşalı Türkəqul etiraf etmişdi.

Şuşa doğumlu olması səbəbilə, "Şuşa estetikası" kitabımda da Türkəqul barədə ayrıca yazı təqdim etmişəm.

Şuşalı Mustafa Haqqı Türkəqul həm də başqa bir şuşalının - Çəmənzəminlinin aşiqiydi. Bu günə qədər səngimək bilməyən bir məsələni - "Əli və Nino"nun Yusif Vəzir Çəmənzəminliyə aid olması fikrini də ilk dəfə 1971-ci ildə o iddia etmişdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!