Mişel Fukonun "Panoptikon həbsxana modeli" işığında dünya humanitar metodoloji böhranının anatomiyası - Sərxan XAVƏRİ

Fəlsəfi-publisistik esse

 

Esse əlyazmasının ilk oxucusuna ithaf olunur

 

(Əvvəli ötən sayımızda)

 

1. "Panoptikon": həbsxana binası layihəsindən cəmiyyətin idarəolunma modelinə

2. "Panoptikon" elmə münasibətdə necə işləyir?

3. "Panoptikon" sosial-humanitar elmlərə münasibətdə necə işləyir?

4. Mişel Fuko və Yaşar Qarayev: iki əsrin qovşağından XXI əsrin Panoptikonuna...

5. Biliyin kommersiyalaşması: "həqiqət məhsula çevriləndə..."

6. "Rəqəmsal Panoptikon": hər yer qüllə...

7. Panoptikonun ən təhlükəli hədəfi: "onluqda" humanitar elmin özü dayanıb.

8. Humanitar elmin ən təhlükəli hədəfi: "onluqda" Panoptikonun özü dayanıb.

9. Nəticə: qülləyə baxmaq cəsarəti.

 

 

2. "Panoptikon" elmə münasibətdə necə işləyir?

 

Mişel Fukoya görə "Panoptikon"la elm arasında münasibəti iki əsas istiqamətdə izləmək mümkündür. Birinci istiqamət: penitensiar sistemin mühüm alətləri müşahidə, təsnifat, müqayisə, norma, ekspertiza, qeydiyyat, ölçmə, qiymətləndirmə və s. olduğu üçün  elm, xüsusilə, insan və cəmiyyət haqqında bilik istehsal edən ictimai-humanitar elmlər müşahidə, statistika, təsnifat, sosial davranışın proqnozlaşdırılması və normallaşdırılması üçün çoxsaylı modellər yaradır. Buna görə də bilik nəzarəti gücləndirən əsas vasitə, nəzarət isə yeni bilik istehsal edən mexanizmdir. Mişel Fuko Panoptikonu məhz bu baxımdan həm də hakimiyyətin insanlar üzərində təcrübə və müşahidə apara bildiyi bir "laboratoriya" kimi nəzərdən keçirir.

İkinci daha ağrılı istiqamət bundan ibarətdir ki, alim özü Panoptikon modelinin subyektinə çevrilə bilər. Burada Mişel Fukonun birbaşa irəli sürdüyü tezislə onun nəzəri modelinin müasir akademik sistemə tətbiqindən çıxan nəticəni fərqləndirmək lazımdır. Onun Panoptikon konsepsiyası təbii olaraq belə bir sual meydana çıxarır: tədqiqatçı institusional, siyasi, ideoloji, iqtisadi və akademik gözləntiləri nəzərə almaqla, fəaliyyət göstərərkən xarici senzura olmadan özü öz elmi davranışını həmin gözləntilərə uyğunlaşdırmağa başlamırmı? Belə olduğu halda onun başının üstündə dayanan senzorun "bunu yazma", "bu problemi qaldırma", "bu nəticəyə gəlmə" deməsinə ehtiyac qalmır. Tədqiqatçı hansı mövzuların təşviq edildiyini, hansılarının təhlükəli sayıldığını, hansının  karyerasını yaxşılaşdıracağını, hansı yanaşmanın nəşr və maliyyələşmə imkanlarını genişləndirdiyini, hansı fikrin institusional müqavimətlə qarşılaşacağını təcrübə vasitəsilə öyrənir. Əgər elmi prinsiplər baxımından ən qiymətli elmi layihə siyasi təsisat tərəfindən gərəksiz elan edilib maliyyələşmədən kənarda qoyulursa, növbəti il alim, elmi kollektiv təbii olaraq həmin mövzudan özü imtina edir.  Nəticədə tədricən özü-özünün senzoruna çevrilir.

Ümumbəşəri elmi düşüncə müstəvisində ən təhlükəli senzura çap olunmuş mətndən cümləni silən senzura deyil, insana düşündüyü cümləni yazmağa imkan verməyən, ondan da daha dəhşətlisi düşünülməsi lazım olan cümləni ağıla belə gətirməyən senzuradır. Verilməmiş sual, seçilməmiş elmi problem, başlanmamış tədqiqat, əvvəlcədən təhlükəli hesab edilərək düşüncədən uzaqlaşdırılmış hipotez... Xarici senzuranı görmək və ona etiraz etmək mümkündür. Daxili senzura isə tədqiqatçıya əksər hallarda öz şəxsi qərarı kimi görünür. Panoptikonun ən kamil forması elə budur: müşahidə qülləsi görünmür. Çünki müşahidə qülləsi tədricən insanın daxilində kök salmağa başlayır.

Bu nöqtəsində Panoptikon Mişel Fukonun məşhur "diskurs" anlayışı ilə qovuşur. Elmdə azadlıq yalnız "danışmağa icazə verilməsi" deyil. Əsas məsələ həm də hansı mövzunun elmi problem sayıla bilməsi, kimin alim statusunda danışmaq hüququ qazanması, hansı nəzəri dilin legitim hesab edilməsi, hansı metodun qəbul olunması, hansı nəticənin elmi nəticə kimi tanınması və hansı ekspertiza mexanizminin həmin sərhədləri müəyyən etməsidir. Elmi diskurs bu mənada yalnız elmi sözlər və terminlər toplusu deyil. O, elmi danışığın mümkünlük və legitimlik sahəsidir.

Bir nümunəyə diqqət edək.  2006-cı ildə rus riyaziyyatçısı, elmi dairələrdə o qədər də məşhur olmayan Qriqori Perelman gözlənilmədən riyaziyyatın ən mürəkkəb problemlərindən biri olan  Puankare fərziyyəsini sübut etdi və elmi ictimaiyyətin diqqət mərkəzinə düşdü. Bu həll gözlənilmədən onu dünya riyaziyyat məktəbinin ən məşhur simalarından birinə çevirdi. Bütün təkidlərə baxmayaraq o, həm Clay İnstitutunun təqdim etdiyi bir milyon dollarlıq Millennium mükafatından, həm də riyaziyyatın ən nüfuzlu tanınma formalarından biri olan Fields medalından imtina etdi. Bu addım sadəcə şəxsi sadəlik və təvazökarlıq  nümunəsidirmi? Belə düşünmək məsələni sadələşdirmiş olardı. Bu davranışı daha əsaslandırılmış olaraq Mişel Fukonun elmi diskurs nəzəriyyəsi ilə izah olunur.

Mişel Fukon elmi bilikləri neytral və obyektiv informasiya toplusu kimi deyil, sosial və mədəni güc münasibətləri içində formalaşan bir diskurs kimi analiz edirdi. Onun fikrincə, elmdə nəyi "doğru" və ya "bilik" saymaq - yalnız təcrübi faktlarla deyil, həm də institusional güc strukturları ilə müəyyən edilir. Akademik rütbələr, elmi dərəcələr və adlar, mükafatlar, elmi nəşrlər və konfranslar - bunlar hamısı bilik üzərində nəzarət və nüfuz qurmaq üçün istifadə olunan vasitələrdir. Qriqori Perelmanın imtinası məhz bu güc mexanizmlərini rədd edirdi. O, sübutunu internetdə sərbəst yayımladı, ənənəvi elmi jurnal və peer-review prosesindən imtina etdi. Bu, bilik istehsalının təkcə riyazi məzmunla deyil, həm də onun qəbulolunma forması ilə bağlı olduğunu göstərirdi. O, göstərdi ki, həqiqət elmi sistemin tanıdığı formada gəlməyə də bilər.

Ondan niyə belə etdiyini soruşduqda cavab verib ki, mən istəmirəm ki, dünya məni vitrində bir heyvan kimi göstərsin. Bu ifadə, Mişel Fukonun insanları müəyyən rollara və identiklərə məcbur edən diskurs strukturlarına qarşı çıxışları ilə səsləşir. Perelman üçün mükafat almaq artıq ictimai və institusional rolları qəbul etmək, riyaziyyatçının azadlığından imtina etmək demək idi.

Beləliklə, Perelmanın mükafatdan imtinası yalnız fərdi qərar deyil, həm də bilik istehsalının ideoloji təməllərinə qarşı yönəlmiş fəlsəfi bir mövqedir. O, elmi sistemin içindəki güc münasibətlərini rədd edərək, həqiqəti yalnız öz mahiyyətinə görə tanımaq istəyirdi - bu isə Fukonun elmi diskurs anlayışının canlı təcəssümüdür.

Burada paradoks yaranır. Elm azad düşüncə tələb edir, sosial təsisat isə müəyyən qaydalarla fəaliyyət göstərir. Elm mövcud biliyi şübhə altına alır, elmi təsisat isə sabit prosedur istəyir. Elm yeni problem doğurmalıdır, qiymətləndirmə sistemi isə əvvəlcədən müəyyən edilmiş kateqoriyalarla işləyir. Bu ziddiyyətin tamamilə aradan qaldırılması nə mümkündür, nə də arzuolunandır. Əlbəttə, normasız, ekspertizasız, metodoloji meyarsız elm təsadüfi fikir bazarına çevrilərdi. Lakin problem normanın mövcudluğundan yox, normanın toxunulmazlıgından başlayır. Belə ki, sistem öz meyarlarını daim elmi tənqidə açıq saxlayırsa, norma elmi qoruyur. Norma özü müqəddəsləşirsə, elmi düşüncənin sərhədlərini daraltmağa başlayır.

Elmin ən böyük müqəddəsliyi heç nəyi müqəddəsləşdirməməkdir. Elm üçün tənqiddən tam sığortalanmış nəzəriyyə, müəllif, institut, ənənə mövcud olmamalıdır. Elmin daxili hərəkəti mövcud bilikdən onun sərhədinin aşkarlanmasına, oradan elmi problemə, nəzəri və metodoloji axtarışa, yeni biliyə və həmin yeni biliyin doğurduğu növbəti problemə doğru davam edən sonsuz idrak dövriyyəsidir.

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!