Mişel Fukonun "Panoptikon həbsxana modeli" işığında dünya humanitar metodoloji böhranının anatomiyası - Sərxan XAVƏRİ

 

Esse əlyazmasının ilk oxucusuna ithaf olunur

 

Müəllifdən:

Payızda Bakı növbəti dəfə dünyanın müxtəlif mədəniyyətlərini, dinlərini və intellektual mövqelərini dialoq ətrafında bir araya gətirməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı Prosesi" çərçivəsində keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu son dərəcə düşündürücüdür: "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" (Dialogue for a Shared Future: Building Bridges in a Fractured World).

Burada ən çox düşündürən elə "parçalanmış dünya" ifadəsidir. Dünyada siyasi, sosial, iqtisadi, mədəni və mənəvi ziddiyyətlərin hansı həddə çatdığını anlamaq üçün bəzən uzun təhlillərə ehtiyac qalmır. Bu ifadənin mədəniyyətlərarası dialoqa həsr olunmuş mötəbər beynəlxalq forumun sərlövhəsinə çıxması çağdaş dünyanın vəziyyəti haqqında kifayət qədər ciddi işarədir. "Parçalanmış dünya" ifadəsi istər-istəməz daha geniş suallar doğurur: dünya nə üçün və necə parçalanır, insanları, cəmiyyətləri və mədəniyyətləri bir-birindən ayıran görünən sərhədlərin arxasında hansı görünməyən mexanizmlər fəaliyyət göstərir və bütün bunların dərkində humanitar düşüncənin üzərinə hansı məsuliyyət düşür?

Elə bu sualların doğurduğu assosiasiyalar bir neçə il əvvəl yazmağa başladığımız, lakin son redaktə ərincəkliyindən kompüterin arxivində yarımçıq qoyduğumuz, Mişel Fukonun "Panoptikon həbsxana modeli"nə həsr edilmiş yazımızı yadımıza saldı. Çünki yazı hakimiyyətin açıq gücdən dolayı təsirə, görünən məcburiyyətdən görünməyən nəzarət mexanizmlərinə keçməsi ilə bağlı Mişel Fukonun görüşlərinə və bu kontekstdə humanitar düşüncənin təbəddülatlarına həsr olunmuşdur. Yarımçıq yazımızı tamamlayaraq bu istiqamətdəki fikirlərimizi bir az elmi, bir az da fəlsəfi-publisistik esse ruhunda oxucularla bölüşmək istədik.

 

Essenin düşüncə marşrutu

 

1. "Panoptikon": həbsxana binası layihəsindən cəmiyyətin idarəolunma modelinə.

2. "Panoptikon" elmə münasibətdə necə işləyir?

3. "Panoptikon" sosial-humanitar elmlərə münasibətdə necə işləyir?

4. Mişel Fuko və Yaşar Qarayev: iki əsrin qovşağından XXI əsrin Panoptikonuna...

5. Biliyin kommersiyalaşması: "həqiqət məhsula çevriləndə..."

6. "Rəqəmsal Panoptikon": hər yer qüllə...

7. Panoptikonun ən təhlükəli hədəfi: "onluqda" humanitar elmin özü dayanıb.

8. Humanitar elmin ən təhlükəli hədəfi: "onluqda" Panoptikonun özü dayanıb.

9. Nəticə: qülləyə baxmaq cəsarəti.

 

 

1. "Panoptikon": həbsxana binası layihəsindən cəmiyyətin idarəolunma modelinə

 

Hazırda "Panoptikon həbsxana modeli" anlayışı ("panoptikon" sözü iki hissədən ibarətdir: pan "hamısı, bütün" və optikon / optikos "görməyə, görməyə aid" mənasını verir. Buna görə Panoptikon ((Panopticon) sözünün hərfi mənası təxminən, "hər şeyi görən", "hər şeyin görünə bildiyi yer" kimi ifadə olunur.) müasir sosial-humanitar, ədəbi-fəlsəfi düşüncədə geniş işlənilmə dairəsinə malikdir. Qərb fəlsəfi düşüncəsində XX əsrin ikinci yarısından postmodernist tədqiqatlarda tez-tez təsadüf olunan bu anlayış artıq demək olar ki, müasir ümumdünya sosial-fəlsəfi, kulturoloji düşüncəsində tam vətəndaşlıq hüququ qazanmışdır. Bu anlayışı memarlıq konstruksiyası anlamında ilk dəfə XVIII əsrin sonlarında ingilis filosofu və hüquq nəzəriyyəçisi Ceremi Bentamın irəli sürmüş, iki əsr sonra isə XX əsr ümumbəşəri fəlsəfi düşüncənin nəhəng simalarından olan Mişel Fuko bir sosial-fəlsəfi anlayış olaraq əsaslandırmışdır.

"Panoptikon həbsxana modeli" anlayışının iki əsrlik formalaşma tarixi o qədər də mürəkkəb bir yol qət etməmişdir. 1975-ci ildə fransız filosofu Mişel Fuko sonralar XX əsr sosial-fəlsəfi fikrinin şedevrlərindən birinə çevriləcək "Cəza və nəzarət: həbsxananın doğuluşu" əsərini nəşr etdirir.

Əsərdə irəli sürülən əsas problemlərdən biri ilk baxışdan mütəfəkkirin maraq dairəsinə aid olmayacaq şəkildə sırf penitensiar tarixə aid məsələ təsiri bağışlayırdı: bəşər tarixində cəza sisteminin mahiyyəti zaman-zaman nə üçün dəyişmiş, insanı meydanlarda işgəncə və edam vasitəsilə cəzalandırıldığı nümayişkaranə cəza rejimindən həbsxana, nəzarət, intizam və islahetmə sisteminə necə keçilmişdi? Sualın penitensiar tarixə aidliyi sırf zahiri xarakter daşıyırdı. Əslində Mişel Fukonu nə penitensiar tarix, nə də ona aid yuxarıdakı sual qətiyyən maraqlandırmırdı. Burada "həbsxana" anlayışı müəllifə cəmiyyətin daxilində funksional olaraq mövcud olan sosial idarəetmə mexanizmini müəyyən etməyə imkan verən fəlsəfi böyüdücü şüşə kimi lazım idi. Mişel Fuko cəzanın tarixini araşdırmaqla fundamental bir sosial-fəlsəfi sual üzərinə gəlib çıxır: insan sosial sistem daxilində necə idarə olunur? Xüsusən, insanın sosial idarəolunmasında zahiri kobud inzibati nəzarət daxili incə nəzarətə necə çevrilir? Daha dəqiq ifadədə, hansı idarəetmə mexanizminin nəticəsidir ki, insan özü-özünün nəzarətçisinə çevrilmişdir?

Bəli, məhz bu sualın izahı Mişel Fukonu özündən təxminən, iki əsr əvvəl yaşamış ingilis filosofu və hüquq nəzəriyyəçisi Ceremi Bentamın XVIII əsrin sonlarında irəli sürdüyü məşhur Panoptikon adlı həbsxana binaları üçün nəzərdə tutulan memarlıq layihəsinə gətirib çıxarır.

Ceremi Bentam Panoptikon haqqında ilk qeydlərini 1787-ci ildə yazmış, həmin mətnlər 1791-ci ildə həbsxana binası üçün yeni memarlıq layihəsi olaraq "Panoptikon, yaxud müşahidə evi" (Panopticon; or, The Inspection-House) adı ilə nəşr edilmişdi.

Layihənin əsasında zahirən son dərəcə sadə, lakin psixoloji təsir gücü baxımından olduqca mürəkkəb bir memarlıq prinsipi dayanırdı: həbsxananın mərkəzdə müşahidə qülləsi yerləşir, onun ətrafında isə içərisində məhbusların saxlanıldığı, dairəvi şəkildə ayrı-ayrı kiçik hücrələr düzülürdü. Hücrələr elə qurulurdu ki, mərkəzi qüllədəki müşahidəçi məhbusları görə bilsin, məhbus isə həmin anda onun, həqiqətən, müşahidə edilib-edilmədiyini bilməsin. Cerami Bentam Panoptikonu yalnız həbsxanaya deyil, manufakturalara, xəstəxanalara, ruhi xəstəxanalara və məktəblərə də tətbiq edilə bilən ümumi "müşahidə prinsipi" kimi nəzərdə tuturdu. Bu layihədə C.Bentamın yeganə məqsədi xüsusi memarlıq quruluşu vasitəsilə həbsxanada nəzarəti daha səmərəli təşkil etməyə imkan verən praktik məkan modeli yaratmaq idi.

Mişel Fuko isə həmin memarlıq layihəsində modern sosial idarəetmənin bütöv bir fəlsəfəsini gördü. O, gördüyünü ən ümumi şəkildə belə ifadə edir: "görünürlük tələdir". İkicə sözlə ifadə edilən bu hökmün arxasında bütöv bir sosial idarəetmə texnologiyası dayanır: sosial idarəetmədə nəzarətin ən kamil forması insanı fasiləsiz müşahidə etmək deyil, onda fasiləsiz müşahidə olunma duyğusu yaratmaqdır. Məhbus qüllədəki nəzarətçinin konkret anda ona baxıb-baxmadığını bilmir, lakin ona baxıla biləcəyini bilir. Bu ehtimal isə tədricən onun davranışını dəyişdirir. Real nəzarət ehtimal olunan nəzarətə, ehtimal olunan nəzarət isə özünənəzarətə çevrilir. Beləliklə, müşahidəçi müdaxilə etmədən, cəzalandırmadan, hətta görünmədən də nəzarət effektini saxlaya bilir. Burada zahiri nəzarət insanın daxilinə köçür, "qüllədəki göz" insanın daxilində görünməz gözə çevrilir. Məhbus artıq yalnız nəzarət edilən obyektə deyil, eyni zamanda özünə nəzarət edən subyektə çevrilir.

Məhz bu nöqtədə Panoptikon sadəcə həbsxana arxitekturası olmaqdan çıxır. Məktəb, xəstəxana, hərbi kazarma, fabrik və başqa təsisatlarda da müşahidə, bölüşdürmə, təsnifat, normallaşdırma və qiymətləndirmə vasitəsilə işləyən oxşar intizam mexanizmləri aşkarlanır. Beləliklə, Mişel Fuko tərəfindən Panoptikon Avropa cəmiyyətində hakimiyyət texnologiyasının metaforasına çevrilir.

İlk baxışdan bəşər sivilizasiyasının tarixinə insan azadlığının sərhədlərinin genişlənməsi tarixi kimi baxmaq mümkündür. Quldarlıqdan insan hüquqlarına, mütləq monarxiyadan demokratiyaya, inkvizisiyadan fikir azadlığına, senzuradan sərhədsiz informasiya məkanına qədər uzanan böyük tarixi məsafə ilk baxışda insanın qorxudan, qadağadan və nəzarətdən addım-addım azad olmasının möhtəşəm panoramını yaradır. Lakin M.Fukoya görə isə tarix yalnız görünən hadisələrin tarixi deyildir. Hakimiyyət də yalnız taxtda oturan hökmdar, əlində silah tutan əsgər, qapısı bağlı həbsxana, qadağa qoyan dövlət və ya insanı susduran senzor deyildir.

Mişel Fukoya görə insan azadlığının sərhədlərini genişləndirdikcə hakimiyyət də taktikasını dəyişir. O, bəzən geri çəkilirmiş kimi görünsə də, funksional təsir gücünü saxlamaqla, sadəcə gözə görünməzliyə çəkilir. Əvvəl insanın bədəni üzərində hökm edən hakimiyyət sonralar onun davranışına, şüuruna, seçiminə, düşüncəsinə və nəhayət, özünün özü haqqında təsəvvürünə müdaxilə edir. Əvvəl hakimiyyət insana "bunu etmə!" deyirdi. Sonra o, elə bir sistem yaradır ki, insan özü-özünə "mən bunu etməməliyəm" deyir. Birinci halda insanın qarşısında qadağa dayanır, ikinci halda qadağa artıq insanın daxilinə köçür. Birinci halda cəza üçün dərhal həbsxana divarları görünür, ikinci halda divarlar şüura köçür.

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!