Tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr, həm dram, həm də publisistik əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun publisistikasında müxtəlif ölkələrə səyahətlərlə bağlı təəssüratları özünəməxsus yer tutur. "Çində möhtəşəm on gün" və 2015-ci ildə rus dilində işıq üzü görmüş "Çin - dünyanın səkkizinci möcüzəsi" əsərləri ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb. Müəllifin Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, qonşu Gürcüstan və s. ölkələrdən bəhs edən yol qeydləri də bu qəbildəndir. Yazıçı son dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyada olmuş və öz təəssüratlarını əhatəli şəkildə qələmə almışdır. H.Mirələmovun "Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə" adlı publisistik qeydlərini qəzetimizin oxucularına təqdim edirik.
"Təbəssüm olan evin qapısından xoşbəxtlik girər".
Yapon atalar sözü
Noyabr payız fəslinin sonuncu ayı olsa da, Bakının mərkəzindən Heydər Əliyev adına Beynəlxalq hava limanına uzanan geniş, rahat yolun kənarlarında boy verən yamyaşıl ağaclar adamın qəlbində bahar əhval-ruhiyyəsi yaradırdı. Elə bil təbiət uzaq səfərə çıxanların yolunda yaşıl işıq yandırır, xəfif mehdən ləngərlənən bərli-bəzəkli ağacların müşayiətilə onlara uğur diləyirdi.
Bakıdan Qətərin paytaxtı Dohaya təyyarə ilə üç saata getdik. Yaponiyaya uçmağımıza hələ xeyli qalmışdı.
Nümayəndə heyətinin rəhbəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Xətai rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla dünyanın elm, mədəniyyət, idman və biznes mərkəzlərindən biri olan Dohanın görməli yerlərini bir neçə saat gəzib-dolaşdıqdan sonra yenə hava limanına qayıtdıq. Onu da deyim ki, bir milyon doqquz yüz minə yaxın əhalisi olan Qətərin paytaxtında iki özəl hava limanı var. Hamad adlanan Beynəlxalq hava limanı dünyanın on ən yaxşı hava limanından biridir. Burada hər ölkədən təyyarələr fasiləsiz olaraq enib-qalxırdı.
Biz mavi səmada "üzən otelə" bənzəyən əzəmətli hava gəmisiylə uzaq Yaponiyaya - dünyanı heyrətləndirməyi bacaran möcüzələr diyarına səfər edirdik. Rahat, geniş salonları olan təyyarədə sərnişinlərə yüksək səviyyədə xidmət göstərən bir-birindən gözəl stüardessaların peşə atributlarından biri də sanki təbəssüm bəxş etməkdir. Amma diqqətimi çəkən təkcə bu gülərüz və seçdikləri peşədən zövq alan gənc stüardessalar deyildi, həm də yapon sərnişinlərinin, yaşından asılı olmayaraq, bir çoxunun kitab, jurnal, qəzet oxuması idi.
Yaponlar və Yaponiya haqqında çox maraqlı əhvalatlar eşitmiş, görkəmli Azərbaycan yazıçısı, kinorejissoru Həsən Seyidbəylinin "On beş gün Yaponiyada" və ömrünün yeddi ilini Yaponiyada "Pravda" qəzetinin xüsusi müxbiri kimi keçirmiş məşhur rus jurnalisti Vsevolod Ovçinnikovun "Sakura budağı" kitablarını oxumuşdum. "Memuar və səfər qeydləri" janrında yazılmış digər əsərlərdən onu da bilirdim ki, Bakının Sabunçu qəsəbəsində doğulmuş, XX əsrin ən məşhur kəşfiyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 49 yaşında - 7 noyabr 1944-cü ildə Tokionun Suqamo həbsxanasında edam olunmuşdur.
Hələ səfərdən bir həftə qabaq nümayəndə heyətimiz Bakının İzmir küçəsində yerləşən Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbulda olmuş, sonra da bu ölkənin fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi ilə şam yeməyinə qatılmışdıq. Söhbət əsnasında səfir bildirdi ki, 2017-ci il sentyabr ayının 7-də Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunacaqdır. Bütün bu illər ərzində bizim münasibətlərimiz kifayət qədər uğurla inkişaf edib. Yapon şirkətləri iqtisadi əməkdaşlıq sahəsində enerji hasilatı ilə bağlı layihələrə qoşulmuşlar.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin fevralında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin martında Yaponiyaya səfərlərindən məmnunluqla söz açan səfir Qarabağ problemi ilə bağlı da ölkəsinin mövqeyini açıqladı:
- Mən Azərbaycanda çalışan diplomat kimi yaxşı anlayıram ki, Dağlıq Qarabağ münaqişəsi nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz bölgəsinin inkişafına əngəldir. Səmimi-qəlbdən bu problemin tezliklə həllinə ümid edirəm. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz bəyanatlarında bu fikri önə çəkir.
Razim müəllim öz ölkəsinin özəllikləri haqqında böyük məhəbbətlə söz açan səfirin dediklərini təsdiqləyib bildirdi ki, bunlar ona yaxşı tanışdır. Çünki o gündoğar ölkədə bir dəfə olub və bu, onun yaddaşına çox böyük təəssüratlar yazan Yaponiyaya ikinci səfəri olacaq. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi xarici siyasətin uğurları barədə səfirlə fikir mübadiləsi aparan Razim müəllim Yaponiyanın inkişaf etmiş sahələrinin təcrübəsinin Azərbaycan üçün maraqlı olmasını, eyni zamanda bu səfərin dövlət başçımızın xeyir-duası ilə Tokionun Setaqaya Prefekturası və rəhbərlik etdiyi Xətai rayonu arasında yaranmış dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni töhfələr verəcəyinə inandığını bildirdi.
Gənc yaşlarımdan bu ölkəni görmək ən böyük arzularımdan biri olsa da, Razim müəllimdən fərqli olaraq, bu mənim uzaq Yaponiyaya ilk səfərim idi. Düzdür, Azərbaycan qaz emalı zavodunun direktoru vəzifəsində işlədiyim vaxt Müstəqil Dövlətlər Birliyi ölkələrinin keçirdiyi "100 sənaye və elm lideri" müsabiqəsində "İlin direktoru" nominasiyasının qalibi olanda, mənim Yaponiyaya getmək imkanım yaranmışdı. Lakin o zaman səfər planım bəzi şəxsi və üzrlü səbəblərə görə baş tutmamışdı. İndisə səmanın ənginliklərində "üzən oteldə" arzularımdan birinin ünvanı - gündoğar ölkə barədə düşüncələrə dalmışdım. Və etiraf edim ki, içimdə özümdən başqa kimsənin görə bilmədiyi bir sevinci yaşayırdım...
Adətən səfər öncəsi istər-istəməz yoluna çıxacağım ölkənin iqlimi, ictimai həyatı, adamları və adət-ənənəsi barədə müxtəlif məlumatlarla tanış oluram. Hansı qitədə yerləşməsindən, yaxın və uzaq məsafədə olmasından asılı olmayaraq, hər bir ölkə bəşər tarixinin maraqla oxunan kitabının rəngarəng səhifələri kimidir! Son 10-15 ildə dünyanın istər qərbində, istərsə də şərqində, bir sözlə, hansı ölkədə səfərdə olmuşamsa belə olub. Vətənə dönən kimi səfər təəssüratlarımı qələmə almışam. Qoca və müdrik Şərqin yatmış pələngi Çin barədə təəssüratlarım Azərbaycan və rus dillərində kitab şəklində işıq üzü görüb ("Çində möhtəşəm 10 gün", "Elm və təhsil" nəşriyyatı, Bakı -2012 və "Kitay - vosmoye çudo sveta" "Nurlar", Baku-2015). Çoxsaylı oxucularımla yanaşı, ÇXR-in ölkəmizdəki səfirliyi də bu kitabları çox yüksək qiymətləndirib...
Bəri başdan deyim ki, Yaponiyada gördüklərim də məni Çində gördüklərim qədər, hətta ondan da artıq heyrətləndirdi. Əgər Çində diqqətimi ən çox cəlb edən konfutsiçiliyin iki min ildən çox zaman müstəvisində ölkənin yalnız siyasət, iqdisadiyyat və mədəniyyət sahələrində deyil, davranış tərzinə təsiri idisə, Yaponiyada yapon xalqının əzəli ruhunun daşıyıcısı olan samurayların əxlaq kodeksinin ənənə kimi qorunub-saxlanılması faktı oldu. Oxuduqlarımdan sonra əyani şəkildə gördüm ki, samurayların əxlaq kodeksi yapon xalqının təkcə keçmişi deyil, həm də bu günüdür.
Elə bu düşüncələr içindəykən Yaponiya səfərindən qayıtdığım günün ertəsi Bakıda çoxdan tanıdığım bir qələm dostumla həmsöhbət oldum. Səfər barədə söz düşəndə qeyri-ixtiyari dedim:
- Allah Qurani-Şərifi elə bil yaponlara göndərib... Çünki onlar Allahın öz (müsəlman) bəndələri üçün rəva bildiyinin çoxuna əməl edirlər.
Bəlkə də bu fikrim çoxuna qəribə görünə bilər?! Çünki yaponların tapındığı buddizm kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini inkar edir. Yəni buddizm Allahın adını dilə gətirmir. Ancaq söhbət dürüstlükdən, haqdan, mənəvi saflıqdan və zənginlikdən gedirsə, onda yaponlar "Allah" səviyyəsinə qaldırdıqları budduzmin qurucusuna çox bağlı qalırlar. Onların, yəni yaponların özünütərbiyə sahəsindəki əsas amallarını məhz özünü idarə edə bilmək vərdişlərilə əlaqələndirmək olar...
Yaponiyada kimsə gərgin situasiyalarda hirsini büruzə verir, hədsiz çılğınlıq göstərirsə, əsəbiləşib ona-buna şər-böhtan atırsa, buna pis baxırlar və həmin adam özü də tezliklə başa düşür ki, belə hərəkətlər yersizdir, adam hər vəziyyətdə özünü ələ almağı, ehtiraslarını cilovlamağı bacarmalıdır. Yaponlara görə kədər içində olan adam öz bədbin əhval-ruhiyyəsini təbəssümləri arxasında gizlətməli və elə etməlidir ki, onun qəlbindəki acı duyğulardan heç kəs xəbər tutmasın.
Mən bu sözləri yazarkən Həzrəti Əlinin "Kişinin mömin qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır" kəlamını xatırladım. Həzrəti Əli gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür". Təbəssüm bəxş etməksə İslamın hədisi-şəriflərində ehsandan sayılır…
Yaponiyaya səfər edən əcnəbilərin çoxu bəlkə də düşünür ki, axı bu yaponlar yeri gəldi-gəlmədi niyə gülümsəyirlər? Məsələ bundadır ki, yaponların təbəssümü böyük bir tarixi dövrün yekunu kimi təzahür edir. Bu təbəssüm həqiqi samuray tərbiyəsinin, məcburi olaraq, milli xarakterin mühüm cizgilərindən birini formalaşdırır. Busido (Döyüşçünün yolu - H.M.) mədəniyyətində nəzakət əlaməti belə təzahür edir: "Xoşbəxt adamlarla birgə sən də sevin və göz yaşlarını kimsəyə göstərmə".
İslam dini ilə buddizm arasında bu cür paralellər çoxdur. Yaponiyaya işgüzar səfərimizdən sonra düşündüm ki, bu ölkə barədə təəssüratlarımı bir-iki məqaləyə sığışdırmaq mümkün olmayacaq. Ona görə də qərara aldım ki, Yaponiyaya səfərimiz barədə kitab yazım.
Tarix elmləri doktoru, şərqşünas, tanınmış şair Şahin Fazil demişkən:
Mən yaponu öylə gözəl görmüşəm,
Canda yapon sevgisi baş qaldırıb...
"Yapon sevgisi" barədə düşündüyümü, eyni zamanda az qala Yaponiya deyəndə əzmkarlıq və mübarizlik simvolu kimi göz önünə gələn samuraylarla maraqlandığımı bildirəndə, hələ Bakıda tanış olduğum "Kosugi Zohen Co.LTD" şirkətinin nümayəndəsi cənab Andreas Hamaşer mənə aşağıdakı məzmunda bir məktub yazdı:
"Əziz cənab Mirələmov!
Yaponiyaya qarşı göstərdiyiniz marağa görə sizə təşəkkür edirəm. Ümidvaram ki, Yaponiyada səfərdə olduğunuz günlərdən və bizimlə Royal Park hoteldə baş tutan axşam yeməyindən zövq almısınız.
Sizə Yaponiyanın ən adlı-sanlı samurayı Miyamoto Misaşi haqqında məlumat vermək istəyirəm.
Samuraylar professional döyüşçü sinfinə 1185-ci ildən daxil olmuşlar və 1400-cü ildə ölkə əhalisinin 10 faizini təşkil etmişlər. Samuraylar qılınc və digər silahlarla davranmaqda qeyri-adi qabiliyyətlərə yiyələniblər və Sengoku dönəmində xüsusi şöhrət qazanıblar (1467-1603-cü illəri əhatə edən Sengoku dönəmi kütləvi qiyamlar, siyasi intriqalar və silahlı toqquşmalarla keçmişdir. - H.M.).
Busido, yəni "Döyüşçünün yolu" ənənəsi yapon xalqı üçün xarakter və davranış formasını almışdır (Bushido və ya bəzi mənbələrdə Busido ənənəsinə görə qılınc ustaları döyüşə və peşələrinə bağlı olmaları ilə tanınırlar. Onlar uğursuzluğa uğradıqda ləyaqətlərini qorumaq üçün seppuku edərək intihar edirdilər. Qılıncı müqəddəs hesab edən bu döyüşçülər hələ də hörmətlə anılan bir şöhrətə sahibdirlər - H.M.).
Miyamoto Misaşi (1584-1645) Yaponiyanın ən məşhur samurayı və yapon tarixinin qeyri-adi şəxsiyyətlərindən biri idi. Yaponlar təxminən 700 il samuray mədəniyyətinin təsiri altında olmuşlar və bu təsir hazırda da yaponların düşüncə və davranış tərzində duyulmaqdadır.
Yapon xalqının böyük əksəriyyəti öz davranışlarını Misaşinin düşüncələrinə uyğun şəkildə modelləşdirir.
Misaşinin 29 yaşı olanda dueldə (təkbətək döyüşdə) 60-dan çox rəqibini məğlub etmişdi. Ancaq sonra o öz həyat tərzini dəyişərək peşəkar rəssam, xəttat, şair və heykəltəraş olmuşdur.
Ümid edirəm ki, Miyamoto Misaşi haqqındakı bu kiçik məlumat sizə maraqlı gələcək və kömək edəcəkdir.
Əslində, mənə görə, Miyamoto Misaşi Yaponiyanın əfsanəvi və dahi şəxsiyyətlərindən biri olmuşdur.
Ümid edirəm ki, yeni ilin əvvəllərində Azərbaycana səfərimiz zamanı sizinlə görüşəcəyik.
Ən xoş arzularla,
Andreas Hamaşer,
"Kosugi Zohen Co.LTD" şirkəti."
Bu məktubu alana qədər, düzü, özüm də internet vasitəsilə samurayların həyat tərzi ilə bağlı məlumatlar toplamağa başlamışdım. Ən maraqlı və məni heyrətə gətirən cəhət dilimizdə olan bir çox aforizmlərin samurayların aforizmləri ilə uyğun gəlməsi oldu. Məsələn, bizdə "Bu günün işini sabaha qoyma" və ya "Hər günü ömrünün son günü kimi yaşa..." ifadəsi görün yapon döyüş sənəti ustalarının "döyüşçünün yolu" kodeksində hansı sözlərlə ifadə olunur: "Sən hər bir zaman xatırlamalısan ki, öləcəksən. Odur ki hər gününü sonuncu gün kimi yaşamalısan. Yaşamaqla ölüm arasında qaldığın zaman seçəcəyin tək doğru çıxış yolu ölümdür. Hədəflərinə çatmadan yaşamaq it kimi yaşamaqdır.... Hər gününü sonuncu gün kimi yaşayan insan, ürəyini qərarlılığı ilə bərkidəcək. Samuray yolu budur, busido bundan başlayır".
Bu kodeksdə hər balaca səhvin belə öz cavabı var. "Sən səhv etdinsə, həmin səhvinə görə cavab verməlisən". Ümumiyyətlə, busidoda, yəni "döyüşçünün yolu"nda həyatın hər sahəsinə baxış və davranış qaydaları öz əksini tapıb. Bu qaydalara riayət edən adamlara məhz "samuray" deyiblər. "Samuray" qədim yapon dilindən tərcümədə - "ali mənsəbə məxsus insanlara xidmət", "sahibinə qulluq" mənasını verir.
Samuraylar, Andreas Hamaşerin məktubda yazdığı kimi, Yaponiyanın hərbi elitası sayılırdılar. Onlar sədaqətləri və döyüş sənətləri ilə seçilirdilər. Samuraylar heç vaxt and içmirdilər, and içmək onların şərəfini təhqir etmək idi. Samuraylıq Yaponiyada həmişə sayılan, seçilən peşə olub. Samurayların arasından məşhur adamlar da çox çıxıb (məsələn, məşhur siyasətçi, məşhur rəhbər, hökmdar və s.). Ən maraqlısı budur ki, samurayların arasında bəzi hallarda qadınlar da olublar. Şanlı samuraylar üçün döyüşçünün meyitini düşmən ərazisində qoymaq dövlətin bayrağını təslim etməyə bərabərdir.
Samuray həm müəllim, həm də tələbədir...
Andreas Hamaşerin Miyamoto Misaşi haqqında yazdıqlarına görə, bu döyüş ustasının çox qəribə həyat yolu olub. Doğulduğu gün anası dünyasını dəyişib. Ögey anasının yanında boya-başa çatan Musaşi 9 yaşında atasını da itirib. 13 yaşında ilk rəqibinə qalib gələrək zəfər qazanıb. 1605-1612-ci illər ərzində o, bütün Yaponiyanı gəzib-dolaşıb. 30 yaşına qədər keçirdiyi 60-dan çox döyüşün heç birində məğlub olmayıb. Ən möhtəşəm zəfərini isə 1612-ci ildə zəmanəsinin adlı-sanlı samurayı Sasaki Kojroyu məğlub edərək qazanıb. Və elə həmin il öz məktəbini yaradıb.
Samurayların bilik öyrənmək kimi ehtiraslı xarakterləri onları igidlik göstərməyə yönəldir. Musaşi də həyatının son dönəmini taxta və metal lövhələri oyaraq bir-birindən maraqlı əsərlər yaradıb. Zen fırçası ilə rəngbərəng tablolara imza atıb.
Haşiyə: Mənbələrdə Zen buddizmi dedikdə, Yaponiya və Çin olmaq üzrə iki əsas məktəb nəzərdə tutulur. Zen, yaxud zen-buddizmi Yaponiyada 3 əsas sektadan ibarət olmuşdur. "Zen" sözünün mənası "işıqlanma, nurlanma, ənginliyə baş vurma və fikrə çox dərindən qapanma"dır. Zen buddizmi anlayışlardan və sözlərdən daha çox mənanın üzərində dayanır və inanca olduğu qədər meditasiyaya və fərdi təcrübəyə verdiyi əhəmiyyətlə digər buddist məktəblərindən fərqlənir.Yenidən doğum faktı və anı həyatın əhəmiyyətli olduğuna dəlalət edir.
1643-cü ildən Musaşi Reigendo mağarasında yaşamağa başlayır. İki il sonra burada tələbəsi Teruo Moboyokiyə ithafən yazdığı məşhur əsərini - "5 çevrə"ni (GO RIN NO SHO) tamamlayır. Bu əsər dünya miqyasında şöhrət qazanmaqla yanaşı, bu gün də döyüş məktəblərində dərs vəsaiti kimi istifadə edilir.
1980-ci illərdə amerikalılar Musaşinin kitabından bəhrələnərək, yapon düşüncə tərzini özlərinin düşüncə sisteminə daxil etmişlər. Ona görə də bu kitab daha çox amerikan iş adamlarının stolüstü kitabına çevrilmişdir. Savaş sənətindən başqa digər sahələrdə də "5 çevrə" və ya "5 çəmbər" kitabından faydalanmaq dəb halını almışdır.
Ardı var
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!