Mir Cəfər Bağırov kim idi? - Şəxsiyyəti, əməli və taleyi - ELÇİN

ELÇİN

(Əvvəli burada)

 

2

 

Stalin cəmi iki ilin içində Sistemə rəhbərliyinin özündən sonrakı ən uca (və ən qorxulu!) zirvəsinə qaldırdığı Nikolay Yejovu elə o zirvədən də birbaşa yarğanın dibinə atdı - Yejov həbs edildi və güllələndi və mən bu barədə uzun-uzadı danışmaq istəmirəm, ancaq onun necə həbs olunduğunu yazmağa dəyər: "NKVD" rəhbərliyindən çıxarılıb, Su təsərrüfatı naziri təyin edilmiş Yejov 1939-cu ilin yanvarında öz müqəddəratını aydınlaşdırmaq üçün, Georgi Malenkovla birlikdə Stalinin qəbuluna düşməyə nail olur və xahiş edir ki, onun fəaliyyəti Siyasi Büronun iclasında müzakirə edilsin. Stalin: "- Gedin, Malenkovun kabinetinə, bir daha danışın, - deyir. - Mən də öz qərarımı sizə bildirərəm." Yejov Malenkovla onun kabinetinə gedir, bir müddətdən sonra isə, Lavrenti Beriya əsabələri ilə birlikdə, gözlənilmədən kabinetə daxil olur və Yejov həbs edilir. (Leonid Naumov. Stalin i NKVD, Moskva, "Əuza", 2007, str. 367.) Bir il əvvəl isə, Yejov narkom, Beriya da onun müavini idi...

Burda yerinə düşər ki, deyək: şərhə ehtiyac yoxdur və assosiativ olaraq bunu da yazım ki, "kabinetlərdə həbslər" Sistemin həvəslə tətbiq etdiyi bir metod idi: Mir Cəfər Bağırov 1938-ci ilin noyabrında Azərbaycan "NKVD"-sinin başçısı, məşhur "NKVD" cəlladı Mixail Rayevi yanına çağırır və onu elə öz kabinetində də həbs etdirir, sonra da güllələyirlər.

Mən Mixail Rayevi "cəllad" adlandırdım və 1937-38-ci illərdə bütün "NKVD" məşhurları kimi, o da cəllad idi, ancaq siz dünyanın işlərinə baxın, Siyasi Büronun təsdiq etdiyi "Üçlük" (həmin M.Rayev sədr, üzvlər A.Əlihüseynov və M.T. Yaqubov) Məhəmməd Əmin Rəsulzadənin 18 yaşlı oğlunun güllələnməsi barədə hökm çıxaranda yəhudi əsilli sədr Rayev (Kaminski) buna etiraz edib, "Üçlüy"ün üzvü, o zaman Azərbaycan SSR-nin Baş prokuroru olan azərbaycanlı A.Əlihüseynov isə güllələnməni təkid edib və onun təkidi ilə də yeniyetməni güllələyiblər. (Bax: Glğdar İsmailov. Teoriə stalinizma. İstoriə "bolğşoqo terrora v Azerbaydjane, Moskva, OSSPGN, 2015, str. 151.)

Sovet imperiyası dağıldıqdan sonra Rusiyada da, xarici ölkələrdə də Stalin haqqında yüzlərlə elmi və publisistik kitablar yazılıb və bu kitablarda daban-dabana zidd fikirlər söylənilir, ancaq ümumiləşdirici bir həqiqət budur ki, Stalin bəşər tarixinin ən böyük diktatorlarından, tiranlardan biri, birincilərdən biri, bəlkə də elə birincisidir. Onun haqqında yazılmış bir kitabı isə mən xüsusi qeyd etmək istəyirəm: söhbət Əsəd bəyin Stalin haqqında yazdığı kitabdan gedir.

1987-ci ilin sonlarından etibarən, mən Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" Cəmiyyətinin) sədri və Ali Sovetin deputatı idim, diplomatik pasportum var idi. Buna görə də xarici səfərlərim zamanı kitablarımı bir-bir yoxlamırdılar və 1988-ci ildə Frankfurtda olarkən, həmişəki kimi, axtarıb, bukinist dükanını tapıb, bir neçə kitab aldım - o kitablardan biri də Əsəd bəyin kitabı idi (Gssad-bey. Stalinc, Riqa, "Filinc", 1932). Riqada rus dilində nəşr olunmuş bu kitab necə gedib Frankfurtun bukinist mağazasına çıxmışdı - bunu, təbii ki, bilmirəm, ancaq indiyə qədər xatirimdədir ki, o köhnə kitab mənim üçün necə gözlənilməz və gözəl bir hadisəyə çevrildi.

Vaxtilə hələ bizim eşidib-tanımadığımız və sovet senzurasının qəbul etmədiyi Əsəd bəy (Lev Nissimbaum - Məhəmməd Əsəd bəy - Qurban Səid) və onun əsas romanı hesab edilən "Əli və Nino" haqqında yazmışdım. Sovet İttifaqı dağıldıqdan sonra Əsəd bəy yaradıcılığı ilə Azərbaycana qayıtdı, tərcümə edildi, nəşr olundu, yaradıcılığı və şəxsiyyəti ədəbiyyatşünaslığımızın və ictimai fikrimizin obyektinə çevrildi və 1989-cu ildə Nyu-Yorkda Bakı neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva-Veber ilə ilk görüşümüz və söhbətimiz zamanı mən ondan Əsəd bəyi - Lev Nissimbaumu tanıyıb-tanımadığını soruşanda, Züleyxa çox pozitiv bir həyəcanla: "- O-o-o!.. Lyova çox savadlı, təmiz, mehriban bir oğlan idi! - dedi. - Hamımız onu çox sevirdik!" Məlum oldu ki, 1910-cu illərdə Züleyxanın böyük qardaşı - onun da adı Əsəd idi - Lev Nisimbaumla Bakıda, rusdilli məktəbin eyni sinfində oxuyublar, dost olublar və Lev (Züleyxa: "- Ona Lyova deyirdik...") tez-tez onlara gəlirmiş.

Mən XX əsr ədəbiyyat tariximizin çox maraqlı "Əsəd bəy hadisəsi" barədə söhbəti uzatmaq istəmirəm - bu, ayrıca bir mövzudur və bilavasitə mövzumuza qayıdıram. 1932-ci ildə Əsəd bəyin 26 yaşı var idi, əgər hesab etsək ki, bir il də nəşrə hazırlığa həsr olunub, onda belə çıxır ki, o, "Stalin" kitabını 25 yaşında yazıb, o vaxt ki, Stalin hələ dünyamiqyaslı siyasi kapitalını tam əldə etməmişdi, hələ Trotskini, Zinovyevi, Kamenyevi, Buxarini, Rıkovu, Rudzukatı, Eyxeni, Rakovskini, Yenikuidzeni, Krestinskini, Tuxaçevskini, yüzlərlə inqilabçı bolşevikləri ("Lenin qvardiyası"nı!), bir çox elm və sənət adamlarını "xalq düşməni" kimi qətlə yetirməmişdi, 1937-38-ci illər, İkinci Dünya müharibəsi, generalissmusluq da hələ irəlidə idi, onun rəhbərliyi ilə Sovet İttifaqı hələ ABŞ da daxil olmaqla Qərbin nüvə silahlı, güclü tərəf-müqabilinə çevrilməmişdi - bu da irəlidə idi.

25 yaşlı Əsəd bəy bütün bunları (gələcəyi!) fövqəladə yazıçı fəhmi ilə duymuş, hiss etmiş və Stalinin portretini yaratmış, onun nəyə qadir olduğunu və qadir olduqlarını necə həyata keçirəcəyini həqiqi bir ekstrasens fitrəti ilə söyləyə bilmişdi. O, siyasi intuisiya ilə bərabər, obrazlı təfəkkür tərzinə malik idi və yalnız elə bu fikrə diqqət yetirin: "Stalin qərar verib ki, bütün bəşəriyyəti xoşbəxt etsin və buna nail olmaq üçün, öz ölkəsini (Sovet İttifaqını - E.) həbsxanaya çevirib. Gələcək xoşbəxtliyin ilk mərhələsi, təminatı kimi bu həbsxana quruluşu - stalinizm deməkdir" (həmin kitab, səh. 282).

Bu gün Rusiyada keçirilən "Tarixən Rusiyanın ən görkəmli dövlət başçısı kim olub?" sorğusunda İosif Stalin rus tarixinin mühüm mərhələlərini yaratmış İvan Qroznı, I Pyotr, II Yekaterina kimi əfsanəvi hökmdarları xeyli dərəcədə geridə qoyaraq, demək olar ki, bütün sorğularda birinci yer tutub və tutmaqda da davam edir. Vəfatından 70 il sonra da Rusiya Stalin nüfuzundan, mötəbərliyindən (hipnozundan?) qurtulmayıb və həmin sorğularda onun ikinci, ya üçüncü yer tutması sensasiya hesab olunur, manşetlərə çıxarılır. Hətta bu günlərdə mən internetdə oxudum ki, Rusiyadakı Rusanova adlı bir kənddə Stalinin 8 metrlik (!) heykəli ucaldılıb və bu, hələ ki, nadir hadisədir, ancaq əlamətdar hadisədir - 70 il sonra da rus kəndlisinin ona münasibətini ifadə edir. Bəlkə bütün bunlar müasir dövrün çətinliklərinin yaratdığı ötəri bir hal, tarixən ötəri bir təsadüfdür? Ola bilər. Ancaq biz burasını da bilirik ki, hər təsadüfdə bir zərurət də var və mən şübhə etmirəm ki, Rusiya (Sovet İttifaqı) tarixinin belə bir zəngin "Stalin səhifəsi" hələ çox tədqiq ediləcək, araşdırılacaq, dərin siyasi-sosioloji səbəbləri saf-çürük ediləcək.

İnternetdə dediyimiz mənada başqa bir epizoda rast gəldim: Gürcüstanın Baş məbədi "Samebe"də İosif Stalin müqəddəsləşdirilib və orada onun şəkli çəkilmiş ikona asılıb. Elə burada onu da deyim ki, Stalin dönəmindəki Böyük Terror zamanı - 1937-38-ci illərdəki repressiyalar cədvəlində sovet respublikaları arasında birinci yeri məhz Gürcüstan tutur - əhali sayına nisbətdə ən kütləvi repressiya Sovet Gürcüstanında baş tutub. 

Stalinin bioqrafiyasında əlamətdar bir məqam var: oğlu Vasilinin də "Stalin" famili daşımasını istəməyən Stalin hirslə deyir: "- Sən Stalin deyilsən! Mən də Stalin deyiləm! Stalin - Sovet hakimiyyətidir!" (Bax: Simon Sebaq Montefiore. Dvor krasnoqo monarxa, Moskva, Olma-Press, 2005, str. 15.) 

Stalin dövrünün koloritini duymaq, hiss etmək baxımından çox ciddi və dərin etirafdır.

Məşhur sovet saray rəssamı Dmitri Nalbandyan Sovet İttifaqında mədəniyyət xadimləri ilə bağlı hansı fəxri adlar vardısa, hamısına sahib idi, Sosialist Əməyi Qəhrəmanı idi, onun çəkdiyi "Stalin" portreti birinci dərəcəli Stalin mükafatı almışdı və rəssamlar onu öz aralarında əbəs yerə "Siyasi Büronun fırçası" adlandırmırdı. Bu rəssamı mən ona görə xatırlayıram ki, onun Stalin mövzusunda çəkdiyi rəsmlərdə Stalin canlı insan deyil, baxışları, təbəssümü, ədaları ilə məhz "Stalin - Sovet İttifaqıdır!" anlayışının ifadəsidir və bu rəsmlər, əslində kətan üzərində rəngli boya ilə çəkilmiş təşviqat plakatlarıdır.

İbtidai təhsili kilsə məktəbində almış, sonra seminariyaya daxil olmuş və oradan yarımçıq qovulmuş İosif Stalin, əlbəttə, sarsılmaz əqidəli, əməlinə inam bəsləyən inqilabçı idi, Marksı da, Lenini də, ümumiyyətlə marksist ədəbiyyatı dərindən mənimsəmişdi və Bernard Şou, yaxud Romen Rollan, yaxud da Leon Feyxtvanger, Andre Jid, Helbert Uells kimi böyük Qərb intellektuallarını qəbul edərkən, onların danışıqlarının stenoqramlarını oxuduqca görürsən ki, söhbət eyni yüksək intellektual səviyyədən, eyni baqajlı tərəf-müqabillərdən gedir.

Lavrenti Beriya gündəliyində yazır ki, müharibə vaxtı almanlar Moskvanın ətrafına gəlib çıxdıqları vaxt Georgi Malenkovla birlikdə vəziyyət barədə məruzə etmək üçün Stalinin yanına gələndə, onun mizinin üstündə Lev Tolstoyun "Hərb və sülh"ünü görürlər. Stalin kitabı göstərərək soruşur: "- Oxumusuz?" Onlar deyir ki, haçansa oxuyublar. Stalin: "- Bilirəm, sizin vaxtınız yoxdur, - deyir. - Ancaq məsləhət görürəm ki, burda bəzi yerləri oxuyasız. Nataşa Rostovanın bal epizodlarını ötürmək olar, xalq müharibəsindəki dəyənəkləri isə yada salsanız, pis olmaz." (Lavrentiy Beriə. "Bez Stalina Rossii ne bıtğ!" Taynıy arxiv Berii, Moskva, "Əuza- Press", 2012, str. 146.)

Ancaq bütün bunlarla bərabər, Stalinin xislətində əsil Şərq despotizmi var idi və Lev Trotski yazır ki, Nikolay Buxarin kənarda Stalini "Çingiz xan" adlandırırdı. (Lev Troüskiy. Stalin, tom 1, Moskva, Politiçeskaə literatura, 1990, str. 18.)

Alban kommunistlərinin başçısı Ənvər Xoca yazır ki, Stalinin sağlığında görüşlərimiz zamanı, xüsusən, Anastas Mikoyan və Nikita Xruşşov onun haqqında olmazın təriflər söyləyirdilər, Stalin öləndən sonra isə onu ancaq pisləməklə məşğul idilər. Ənvər Xoca bir dəfə Sovet İttifaqına gəldikdə, Nikita Xruşşov onu bağına aparır və özü becərdiyi kiçik kələm bostanını göstərir, sonra isə yenə Stalinin səhvlərindən, bəd əməllərindən danışmağa başlayır. Ənvər Xoca soruşur: "- Bəs, niyə bu barədə onun özünə demirdiz?" Xruşşov əlindəki çubuğun ucunu yetişmiş bir kələmə dirəyərək: "- Təbii sualdır, yoldaş Ənvər, - deyir. - Ancaq bu kələmi görürsən? Bağban bu kələmi necə asan kəsib götürürsə, Stalin də adamın başını o cür asanlıqla sivirib atırdı". (Gnver Xodja. Xruhev ubil Stalina dvajdı, Moskva, "Alqoritm", 2010, str. 117.)

Moskvaya tez-tez gəlib-gedən, Siyasi Büro (sonralar Rəyasət Heyəti) üzvləri ilə görüşən, onları şəxsən yaxşı tanıyan Ənvər Xoca deyir ki, "Sov.İKP MK Rəyasət Heyəti üzvləri arasında ən mənfi, ən şübhəli element və ən həris intriqan Anastas Mikoyan idi" və ikrah hissi ilə Mikoyanın portret cizgilərini çəkir (daha müfəssəl bax: Nikolay Zenğkoviç. Taynı uxodəheqo veka - ljesvidetelğstva, falğsifikaüii, kompromat, Moskva, "Olma-Press", 1999, str. 615-616.).

Bu tipli yazıları oxuduqca, elə təəssürat yaranır ki, Anastas Mikoyanda da, xüsusən də, Nikita Xruşşovda Stalinə qarşı dərin patoloji qorxu, xof və nifrət, ədavət, qərəz var idi və yığışa-yığışa Stalinin sağlığında sıxılıb daxilə pərçim olunmuşdu. Sözdə, rəftarda isə əksinə, yalançı pərəstiş və sədaqətlərini ifadə edirdilər və Stalinin vəfatından sonra, elə bil, şampan şüşəsinin tıxacı açılanda fışqırıb fəvvarə vurduğu kimi, onların daxilindəki o patologiya da azadlığa çıxmışdı.

Stalinlə bağlı "çingizxanlıq" öz yerində, ancaq tarixən ABŞ-ın böyük prezidentlərindən biri sayılan Franklin Ruzvelt deyir ki, nəhəng qətiyyətə malik olan bu adam - İosif Stalin "Rusiyanın ürəyini və ruhunu təmsil edirdi". (Djeyms Makqreqor Berns. Franklin Ruzvelğt: çelovek i politik, Moskva, 2004, str. 429.) XX əsrin başqa nəhəng dövlət xadimi, kommunizmin, konkret olaraq müharibəyə qədər və müharibədən sonra Sovet İttifaqının qatı düşməni Uinston Çörçill də Stalini "sərt zamanlar üçün yaranmış böyük şəxsiyyət", "hansısa illüziyalardan tamam azad olan soyuqqanlı müdrik" adlandırır, eyni zamanda yazırdı: "Rusiya hərbi hücuma məruz qalanda Stalin Hitlerə qarşı bizim müttəfiqimiz idi, ancaq Hitler məhv edildikdən sonra Stalin bizim üçün dəhşətin, vahimənin əsas mənbəyinə çevrildi." (Uinston Çerçilğ. Anqliyskiy bulğdok, Moskva, AST, 2015, str. 293-303.)

F.Ruzveltlə bağlı o kitabda belə bir epizod da var: Tehran konfransında Stalin, yəqin yalnız bu adamın verə biləcəyi bir təklif irəli sürür ki, müharibədən sonra 50 min almanı güllələmək lazımdır (!!) və dəhşətə gələn Çörçill bu qətliamın qəti əleyhinə çıxır, ancaq təəccüblüsü, şəxsən mənim üçün heyrətamizi budur ki, demokrat Franklin Ruzvelt əslində tərəddüd edir, güllələnəcək almanların sayını bir az azaltmaq istəyir (həmin kitab, səh. 423.). Ancaq yada salsaq ki, Ruzveltdən sonrakı ABŞ Prezidenti Harri Trumeninin əmri ilə onsuz da məğlub olmuş Yaponiyaya iki atom bombası atıldı, o zaman mənim təəccübümün yəqin ki, elə də bir əsası yoxdur.

Biz Sovet İttifaqına qayıdaq və elə burada yazım ki, 1937-38-ci illərdə "NKVD" 1575 min (bir milyon beş yüz yetmiş beş min) insanı həbs edib, 682 min (altı yüz səksən iki min) insanı güllələyib, qalanlarını isə Sibirə, həbsxanalara, gedər-qayıtmaza yola salıb (bax: Boris Sokolov. Stalin, Moskva, AST, 2023, str. 177.). Bəzi başqa məxəzlərdə isə bu rəqəmlər daha artıq göstərilir.

Bu gün rus mətbuatında Stalin haqqında bilən də, bilməyən də - kim tənbəl deyilsə, yazır - kimin üçünsə (xüsusən, mövzudan sui-istifadə edən konyukturaçı (yalançı), saxta demokratlar üçün) o, şeytandır və Qorbaçov "perestroykası"nın sona çatan hərc-mərclik çağlarında - 1991-ci ildə Andrey Mixalkov-Konçalovskinin çəkdiyi "Yaxın ətraf" ("Blijnıy kruq") filminin qəhrəmanlarından biri - qoca rus professoru elə bu cür də deyir: "- Kremldə şeytan oturub. Ölkəni şeytan idarə edir".

Başqaları üçünsə (xüsusən, sovet "patriotları" üçün) Stalin aydan arı, sudan duru, böyük və adil (!) dövlət xadimidir. Leonid Mleçin tipli jurnalistlər də mövzunun aktuallığından istifadə edərək, Stalin həqiqətlərini yox, dedi-qoduya söykənən öz həqiqətlərini yazırlar (məs.: Leonid Mleçin. Smertğ Stalina, Moskva, "Arqumentı nedeli", 2018) və bununla da həqiqət fantaziya və miflər içində itib-batır.

Yaxud, tanınmış rus dramaturqu və nasiri Edvard Radzinski petitlə yığılmış iri formatlı min səhifəlik bədii-sənədli kitabında təsvir etdiyi Stalin mənasız və mətləbsiz paronoik təsiri bağışlayır və elə bil ki, o, duzsuz bir pamflet qəhrəmanıdır. Baxın, kitabda bu cür düşük "bədii" detallardan istifadə olunur: guya Stalin Puşkindən sitat gətirəndə - məlum deyil, ya zarafatla, ya da bolşevikcəsinə "yoldaş Puşkin" deyir, yaxud Karamzindən söhbət düşəndə, onu "Yoldaş Karamzin" kimi xatırlayır, bütün günü gizlincə silahdaşlarının, ilk növbədə də Beriyanın telefon danışıqlarını dinləyir, ya da hər gün xəlvətcə Beriyanın cangüdəni Sərkisovu çağırıb, onun Lavrenti Pavloviç haqqında danoslarına qulaq asır və s. və i.a. Lavrenti Beriya isə Radzinskinin təsvirində qaniçən manyak və sarsaqdır (Gdvard Radzinskiy. Apokalipsis. Moskva, "AST", 2022.).

Moskvada "Yoldaş Stalin" adlı başqa bir çoxseriyalı televiziya filmi çəkilib və məşhur rus artisti Sergey Yurski bu filmdə İosif Stalinin tam bir idiot obrazını yaradıb. Aydın məsələdir ki, Yurski rejissorun (İrina Qedroviç) istəyini yerinə yetirib və rejissor fərqinə varsa da, varmasa da, görünən budur ki, onun istəyi Sovet İttifaqına az qala, 30 il bir idiotun rəhbərlik etdiyini göstərməkdən ibarətdir.

Hətta Fazil İsgəndər kimi istedadlı bir rus yazıçısının da "Çeqemalı Sandro" romanındakı Stalin, əslində klounada qəhrəmanıdır və elə bil, söhbət Karandaşın, yaxud Yuri Nikulinin yaratdığı personajlardan gedir.

Keçmiş sovet kəşfiyyatçısı, sonradan xaricə qaçıb, II Dünya müharibəsində Sovet İttifaqının məğlub olduğunu iddia edən, sovet həqiqətləri (bəzən də qeyri-həqiqətləri!) haqqında yazdığı kitablarla məşhurlaşmış Viktor Suvorov da İosif Stalini şeytani bir varlıq kimi təsəvvür və təsvir edir.

Ümumiyyətlə, stalinşünaslıqda onun şəxsiyyətinə mistik münasibətlə də rastlaşırıq və belə bir versiya da var ki, guya Stalin hələ yeniyetmə olarkən, məşhur mistik və hipnozçu Georgi Gürcüyev (Qurdjiyev) ona kütləvi hipnoz təlimi keçib. Sonralar yenə də guya ki, Stalin iradəsi, istedadı və bacarığı sayəsində öz daxilində bu təlimi təkmilləşdirib və tam şəkildə mistik kütləvi hipnoz qüdrətinə sahib olub. Doğrusu, bu gün Stalinin qorunub-saxlanmış çıxışlarına baxanda, qulaq asanda bəzən təəccüb edirsən ki, bu cür adi, sadə çıxışlar zaldakı insanları nəyə görə bu dərəcədə heyran edir, onları bu dərəcədə riqqətə gətirir? Bu da maraqlıdır ki, indi "məxfi", "tam məxfi" arxiv sənədləri açıq mətbuatda dərc edildikcə, o da məlum olur ki, hələ Dzerjinskinin dövründən etibarən, "NKVD"-də hipnozla bağlı tədqiqatlar gedib, təcrübələr keçirilib və mütəxəssisləri cəlb etməklə xüsusi şöbələr, hətta idarələr yaradılıb, bu sahədə daxili agentlər, xaricə göndərilən kəşfiyyatçılar yetişdirilib.

Stalin mövzusunda, elə bil, bir ovsun var və səni özünə çəkir, buraxmaq istəmir. Bu mövzu bir tərəfdən, nə qədər mürəkkəb və ziddiyyətlidirsə, nə qədər heyrətamiz dərəcədə qəddarlıqdan və elə o dərəcədə də müdriklikdən xəbər verirsə, onun şəxsiyyəti nə dərəcədə iradə, qətiyyət və soyuqqanlılıq mücəssəməsidirsə, o biri tərəfdən də, bu mövzu... maraqlı, cəlbedici, səni biganə qoymayan bir mövzudur. Ancaq mən onun haqqında söz deyən bir müəllifi də qeyd etməklə kifayətlənmək istəyirəm: söhbət XX əsr siyasi liderləri, hökmdarları arasında xüsusi yeri və ağır çəkisi olan Mao Tczedundan gedir.

Siyasi iddiası (və imkanı!) çox böyük olan Mao məşhur "Qırmızı kitab"ında Stalini dünya kommunizm hərəkatının rəhbəri kimi qəbul edir, onu Stalindən sonrakı sovet dövlət xadimlərindən sidq-ürəkdən müdafiə edir və Maonun nə qədər kəskin bir mövqedə durduğunu, güman edirəm ki, elə bu kiçik abzasda hiss etmək mümkündür: "Xruşşov Stalini lənətləyərək, onu "qatil", "cinayətkar", "bandit", "oyunçu", "İvan Qroznı kimi despot" (bu bənzətmədə həqiqət var - E.), "Rusiya tarixinin ən böyük diktatoru" (bu da həqiqətdir - E.), "axmaq", "idiot" və s., və i.a., adlandırır. Bu çirkli, səviyyəsiz və qərəzli söyüşləri təkrar etməyə məcbur oluruq və elə bil, qorxuruq ki, qarşımızdakı kağız zibillə dolsun." (Mao Üzedun. Malenkaə krasnaə knijka, Moskva, Rodina, 2021, str. 385.)         

Deyəsən, bizim Stalinlə bağlı söhbətimiz çox uzandı.

Ancaq biz "Mir Cəfər Bağırov kim idi?" sualını veririk və bunu araşdırmaq istəyiriksə, Sovet İttifaqında Bağırov dönəminin mütləq hakimi olan Sistem barədə də söz deməliyik, çünki Bağırov tam şəkildə bu Sistemə xidmət edən və böyük mənada, bu Sistemin qurbanı olan görkəmli sovet dövlət xadimi idi.

Və həmin dövrdə də Sistem - tam şəkildə İosif Stalin demək idi.

Bu gün bizim mətbuatda da, saytlarda, sosial şəbəkədə, hətta ədəbi prosesdə belə, Mir Cəfər Bağırovun şəxsiyyətini də, fəaliyyətini də tərifləmək, repressiyalarla bağlı ona bəraət qazandırmaq tendensiyası açıq-aşkar artmaqdadır, digər tərəfdən isə o, yalnız qaniçən bir cəllad kimi təqdim edilir - yəni hər iki tərəfdə, hər iki münasibətdə birtərəflik var, birtərəflik olan yerdə isə, aydın məsələdir, həqiqət yoxdur.

Mir Cəfər Bağırov uzun müddət Sovet Azərbaycanına rəhbərlik edib və əlbəttə, güclü bir şəxsiyyət olduğu üçün yaxşısı və pisi ilə bərabər, xalqın məişətinə, düşüncəsinə daxil olub. Bu zaman folklor yaranır, fantastik fikirələr söylənir, hətta xalq arasında bu günə qədər şayiə gəzir ki, onu güllələməyiblər, Sibirə göndəriblər, başqa familya ilə orada yaşayıb və 1980-ci illərdə vəfat edib. Onu görənlərin xatirələri də mətbuatda dərc edilib və guya həbsxanada aşbaz (!) olduğunu da yazıblar, qoca vaxtlarının fotosu da dərc olunub. Onun şəxsi sürücüsünün isə xatirələrinə görə Mir Cəfər Bağırov guya İrkutska sürgün edilib və 1970-ci illərdə elə orada da vəfat edib.

Elə bil ki, xalq Mir Cəfər Bağırov kimi bir şəxsiyyətin adi insan kimi güllələnməsini qəbul edə bilmir və belə bir psixologiya nəticəsində ciddi qələm sahibləri də şayiəni bəzən həqiqət kimi təqdim edirlər. Misal üçün, Əkrəm Əylisli, düzdür, artıq uzaq bir keçmişdə qalmış 1993-cü ildə yazırdı ki, məhkəmə Mir Cəfər Bağırova ölüm hökmü kəsdi, ancaq "bu hökm nədənsə, yerinə yetirilmədi." Əkrəm yazır ki, guya Bağırov iyirmi ildən sonra "Kazan şəhərindəki həbsxanalardan birində bu dünyadan öz əcəli ilə köç edib getdi." (Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, Gənclik, 1993.)

İş də elə həmin "nədənsə"dədir.

Mir Cəfər Bağırovun həbs edilib, güllələnməsinin əsas təşəbbüskarı Nikita Xruşşov nəyə görə birdən-birə rəhmə gəlib, Lavrenti Beriya ilə "Siam əkizləri" hesab olunan Bağırovu ölümdən xilas etməli idi, yaxud Beriyaya qarşı qəsdin fəal iştirakçısı, Beriyanın "ifşa"sına həsr olunmuş plenumda Bağırovu sıxışdırıb, çaşdıran Georgi Malenkovun ona niyə yazığı gəlməliydi? Ümumiyyətlə, yalnız sovet zamanında yox, hələ İvan Qroznı dövründən etibarən, sarayda (indiki halda, Kremldə) mərhəmət tamam nisbi və həmişə də təmənnalı bir məfhum olub və Xruşşovun da, Malenkovun, Mikoyanın, Suslovun da, bu qəbildən başqalarının da artıq sındırılmış, gücü-qüdrəti əlindən alınmış, ruhu tarmar edilmiş, ən yaxın silahdaşları belə üzünə duran Mir Cəfər Bağırovdan nə təmənnası ola bilərdi?

Elə bu başdan onu da deyim ki, SSRİ Ali Sovetinin Hərbi Kollegiyası 1956-cı il mayın 4-də Mir Cəfər Bağırova (onunla birlikdə Azərbaycan Təhlükəsizlik Komitəsinin rəhbər işçiləri Timofey Borşevə, Ruben Markaryana və Xoren Qriqoryana) ölüm hökmü çıxarıb və onun əfv olunması ilə bağlı Ali Məhkəməyə müraciəti də rədd edilib. Ancaq bu məsələdə, əgər texniki səhv deyilsə, bir uyğunsuzluq var: Ali Məhkəmə rədd cavabını bəzi sənədlərə görə 1956-cı il mayın 12-də verib. Halbuki rəsmi sənədlərdə 1956-cı il mayın 7-də Mir Cəfər Bağırovla bağlı hökmün yerinə yetirildiyi, yəni onun güllələndiyi göstərilir.

Rədd cavabı Mir Cəfər Bağırov güllələnəndən sonra verilib?

Belə çıxır ki, o, əfv barədə Ali Məhkəməyə müraciət etməyib, yəni söhbət saxtalaşdırmadan gedir.

Bu məsələyə nöqtə qoymaq üçün, deyim ki, vaxtilə mən Mir Cəfər Bağırovun ölümü ilə bağlı onun yaxın qohumu, keçmiş ekologiya naziri, professor Hüseyn Bağırovla söhbət etmişəm: güllələnmiş Bağırovun nəşinin qalıqları tapılıb, xaricə (səhv etmirəmsə, İngiltərəyə) ciddi ekzpertizaya göndərilib və təsdiq edildikdən sonra, oğlu Cahangirin yanında dəfn edilib.

Mir Cəfər Bağırovla bağlı bu cür şayiələrə, obıvatel söhbətlərinə, sensasiyaçılığa, ağılasığmaz mülahizələrə rus tarixçilərinin (sovetoloqlarının) yazılarında da rast gəlirik və elə bil, fürsət düşüb, kimin ağılına nə gəlir, yazır, hətta onun, yəni Bağırovun milliyyətcə fars (!) olduğunu da uydururlar. (Bax: "Nezavisimaə qazeta", 26 sentəbrə 2023.)

İnqilabçı-bolşevik, 1937-ci ildə Rusiyanın Baş prokuroru olmuş, "xalq düşmənləri"ni amansızcasına "ifşa" etmiş, sonra da özü "xalq düşməni" kimi güllələnmiş Aleksandr Antonov-Ovseyenkonun oğlu Anton Antonov-Ovseyenko Sovet vaxtı dissident idi və elə o vaxt da, Sovet İttifaqı dağılandan sonra da Stalin və Stalinin silahdaşları (əsasən də, çekist orqanlarına rəhbərlik etmiş Yaqoda, Yejov, Beriya) haqqında yazılmış kitabların müəllifidir. Onun Mir Cəfər Bağırov barədə yazdıqlarını oxuyanda, elə bil, Hollivudun qorxu-vahimə filmlərinin ssenarisini oxuyursan: guya "Mir Cəfər" Bağırovun əsil adı deyil - onun, yəni Bağırovun bolşevik qardaşının adıdır və Bağırov qardaşını öldürüb (!!), onun adı və sənədlərini mənimsəyərək, bizim tanıdığımız Mir Cəfər Bağırov olub. Aydın məsələdir ki, bu qorxulu nağılın üzərində dayanmağa, bunu təkzib etməyə ehtiyac yoxdur, yalnız onu deyim ki, Mir Cəfər Bağırovun böyük qardaşları Mir İbrahim və Mir Musa Quba mahalında tanınmış şəxslər idi və molla Mir Musa, bildiyim dərəcədə, nüfuzlu din xadimi olub.

Doğrusu, mən buna da təəccüb etdim ki, hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi kimi ciddi bir təşkilatının da 1953-cü ildə Mir Cəfər Bağırov haqqında hazırladığı iki səhifəlik arayışda yazılıb ki, guya Lavrenti Beriya gizli fəaliyyəti zamanı (belə çıxır ki, 19-20 yaşlarında) Bağırovun bacısı ilə ailə qurub.

Ancaq, baxın, KQB ilə sıx əlaqəsi olan və əsərlərində bilavasitə KQB sənədlərinə əsaslanan məşhur rus sovet yazıçısı Yulian Semyonov isə Stalin dövrü və Stalinətrafı partiya-dövlət xadimləri arasında nüfuzuna görə Mir Cəfər Bağırovu "əfsanəvi Bağırov" (orijinalda: "leqendarnıy Baqirov") adlandırır.

Mir Cəfər Bağırov haqqındakı ədəbiyyatda sənədlərə, səriştəli xatirələrə əsaslanan ciddi tədqiqatlar, yazılar da var və onun şəxsiyyəti, fəaliyyəti Azərbaycan və rus tədqiqatçıları ilə bərabər, xarici ölkə sovetoloqlarının da diqqətini cəlb edib. Professor Robert Taker monoqrafiyasında yazır ki, Mir Cəfər Bağırov Azərbaycanda "Stalinin cəmiyyəti təmizləmə siyasətini müstəsna qəddarlıqla həyata keçirirdi." (Robert Taker. Stalin. Moskva, "Vesğ Mir",2006, str. 733.)

"Müstəsna qəddarlıq" ifadəsində həqiqət varmı?

Stalinin məşhur sözü yada düşür: "İnsan var - problem var, insan yoxdur - problem yoxdur!"

Stalin bu sözləri bəlkə də heç deməyib - mən bunu dəqiq bilmirəm, ancaq bu sözlər bu gün 1937-38-ci illər üçün Sovet İttifaqında, o cümlədən də, Azərbaycanda həyata tətbiq edilən ideoloji-inzibati epiqraf kimi səslənir, hətta belə demək mümkünsə (elə bilirəm ki, mümkündür), Sistemin mənəvi borcunu (!) ifadə edir.

Mir Cəfər Bağırov Stalinin və ümumiyyətlə Kremlin göstərişlərini (əmrlərini) sözsüz və cani-dildən yerinə yetirən, hakimi-mütləq səlahiyyətləri ilə Azərbaycan Kommunist Partiyasının Birinci katibi, əslində isə vali (qubernator) təyin edilmiş, həmin səlahiyyətlərdən tam şəkildə istifadə və görünür, bəzən də sui-istifadə edən, sovet imperiyası miqyasında isə taleyi Kremldən asılı olan (həyatının faciəvi sonu bunu bir daha təsdiq etdi) Sistemin tanınmış və böyük kaliberli partiya-dövlət xadimlərindən biri idi.

1933-53-cü illər arasında bütün Azərbaycan Mir Cəfər Bağırovun zəhmi altında idi, ancaq inzibati-ideoloji canfəşanlığı və sözsüz bacarığı, ciddi və güclü xarakteri Kremldə də onun yerini möhkəmlətmiş, Kremlətrafı (Stalinətrafı demək daha doğru olar) mühitdə, başqa qubernatorlar (respublikaların birinci katibləri) arasında nüfuzunu artırmışdı və yüksək vəzifəli Kreml məmurları belə, nəinki onunla hesablaşır, ondan ehtiyat edirdilər. Xarici sovetoloqlar Mir Cəfər Bağırovu "Azərbaycanın Stalini" adlandırırdılar və bu yerdə şişirtmə yox idi.

Akademik Musa Əliyev 1940-cı illərdə Respublikada elm və təhsil sahəsində yüksək vəzifələrdə (MK katibi, Nazirlər Soveti sədrinin müavini, Elmlər Akademiyasının prezidenti) işləmişdi və mən bu görkəmli alimin gündəliklərində Mir Cəfər Bağırovla bağlı maraqlı müşahidələrə, epizodlara rast gəldim (Nadejda İsmaylova. Svoim poçerkom - dnevniki Musı Alieva, Baku, "Çaşıoqlı", 2022.).

Baxın, 1941-ci ilin əvvəlində Musa Əliyevi SSRİ Neft Sənayesi Nazirliyində təhsil müəsissələri şöbəsinin rəisi vəzifəsinə, eyni zamanda Moskva Neft İnstitutunda dərs deməyə dəvət edirlər və nazir İvan Sedin Mir Cəfər Bağırovla danışmadan, bu məsələni respublika partiya təşkilatının o vaxtkı ikinci katibi Pyotr Çeplakovla razılaşdırır. Musa Əliyev Moskvaya köçüb, yeni vəzifədə işə başlayır və 1942-ci ildə SSRİ Ali Məktəblər Dövlət Komitəsinin sədri (yəni nazir) Sergey Kondratyevin tapşırığı ilə ali məktəblərdə yoxlama aparmaq üçün Zaqafqaziyaya ezam olunur. Musa Əliyevin göstərişlərinin sözsüz yerinə yetirilməsi barədə ona, şəxsən, Stalinin imzası ilə mandat verilir və o, Tiflisdə yoxlamasını bitirib, Bakıya gələndə Stalinin imzaladığı mandatı MK-nın katibi Sultan Qafarzadəyə təqdim edir. Qafarzadə bu imzanı görən kimi, mandatı ondan alır və Mir Cəfər Bağırova göstərəcəyini deyir.

Uzun sözün qısası, Musa Əliyev yoxlamalarını bitirib Moskvaya qayıtdıqdan bir müddət sonra SSRİ Nazirlər Soveti sədrinin (yəni Stalinin) müavini Rozaliya Zemlyaniçka onu yanına çağırır və məlum olur ki, Mir Cəfər Bağırov iki dəfə Zemlyaniçkaya zəng edərək, Musa Əliyevin onunla razılaşdırmadan Moskvaya aparıldığını bildirərək, onu geri, yəni yenidən Bakıya qaytarmağı tələb edir. Ancaq hər iki nazir - Sedin və Kondratyev də, öz növbələrində, Zemlyaniçkadan xahiş edirlər ki, Musa Əliyev geri qaytarılmasın və Moskvada öz işində qalsın.

Rozaliya Zemlyaniçka (Zalkinq) həmin məşhur və qəddar bolşevik qadın idi ki, Leninin yaxın silahdaşı olmuşdu, 1920-ci ildə Krımda yerli sakinləri və əsir düşmüş əsgərləri kütləvi surətdə güllələtdirmişdi. Bu qorxulu xanım bolşevikin "Yoldaş İblis" ayaması var idi, ancaq o da, Mir Cəfər Bağırova "yox" deməkdən, onunla mübahisə etməkdən çəkinərək, Musa Əliyevin geri qaytarılmasını lazım bilir.

Bir az irəli gedərək yazım ki, Mir Cəfər Bağırov 1953-cü ildə Moskvada Lavrenti Beriya "ifşa" olunan plenumda çıxış edərkən, MK katibi Mixail Suslov (sonralar Leonid Brejnev dövrünün "boz kardinalı") onun sözünü kəsib: "- MK-nın işçiləri Bakıya gəlməkdən qorxurdular" - demişdi və bu, həqiqət idi, halbuki başqa Respublika rəhbərləri Sov.İKP MK-dan gələn ən kiçik rütbəli partiya məmuru ilə də hesablaşırdı.

Zemlyaniçkanın yanında Musa Əliyevin məsələsi müzakirə olunarkən, nazir Kaftanov deyir ki, Bağırov Stalinin imza atdığı bir mandatın sahibinin Moskvada qalmağını, Moskvada işləyib yüksəlməyini qəbul edə bilməz və Musa Əliyev Bakıya qayıtmalı olur - onu, SSRİ-də neftlə bağlı bütün ali məktəblərə rəhbərlik edən Musa Əliyevi... Bakı Neft İnstitutunda dosent vəzifəsinə təyin edirlər. Musa Əliyev yazır ki, Moskvadan sonra onu Bakıda ilk dəfə görəndə, Mir Cəfər Bağırov: "- Hə, sənsən? - deyir. - Elə bilirdin ki, məndən qaçacaqsan? Görürsən, yenə mənim tabeliyimdəsən."   

Mən ona görə bu epizodun üzərində dayanıram ki, Zemlyaniçka da, SSRİ-nin iki naziri də öz işçilərini müdafiə edə, Mir Cəfər Bağırova "yox" deyə bilmirlər, ondan ehtiyat edirlər, çəkinirlər, o biri tərəfdən isə, bu epizod Mir Cəfər Bağırovun təbiətindəki siyasi qısqanclıqdan da az demir.

Bu sözləri yazarkən, xatırlayıram ki, həmin Sergey Kaftanov 1950-ci illərin  sonlarında SSRİ Dövlət Radio və Televiziya Komitəsinin sədri olub və rəhmətlik Teymur Əliyev də (Teymur Elçin) o vaxt Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin sədri vəzifəsində işləyirdi. Sonralar Teymur müəllim mənə danışırdı ki, bir dəfə Moskvada Kaftanovla görüşləri zamanı Mir Cəfər Bağırovdan söz düşüb və Kaftanov dərindən köks ötürərək: "- Hə, möhkəm (güclü) kişi idi!" - deyib ("Da, silğnıy bıl mujik!").

Bu da, yəqin Mir Cəfər Bağırovun yaddaşı və kin-küdurəti haqqında az söz demir ki, həmin Neft Sənayesi naziri İvan Sedin də bir neçə ildən sonra neft problemləri ilə bağlı Bakıya gəlir və onu restorana aparıb, elə içirdib kefləndirirlər ki, biabırçı vəziyyətə düşür. Aydın məsələdir ki, Bağırovdan xəbərsiz, belə bir iş etməzdilər və Bağırov da dərhal bu biabırçılıqla bağlı bilavasitə Stalinə müraciət edir, məlumat verir və İvan Sedin vəzifəsindən azad olunur.

Başqa bir misal.

Azərbaycan KP MK-nın 3-cü katibi vəzifəsində işləmiş, Sov.İKP-nin XIX Qurultayının (Stalinin keçirdiyi son qurultay idi) nümayəndəsi olmuş Həsən Məmməd oğlu Həsənov xatirələrində elə həmin qurultayda baş vermiş belə bir hadisədən danışır: qurultayda çıxış edən Mir Cəfər Bağırov Azərbaycan Yazıçılar İttifaqına biganə yanaşdığı üçün SSRİ Yazıçılar İttifaqını tənqid edir. Bundan sonra SSRİ Yazıçılar İttifaqının sədri, Sovet İttifaqında ən məşhur və səlahiyyətli ədəbiyyat generalı, başlıcası isə, Stalinin yaxşı münasibət bəslədiyi, Kreml kabinetlərinin qapıları həmişə üzünə açıq olan Aleksandr Fadeyev söz alaraq, Bağırova cavab verir. Qurultayın Rəyasət Heyətində oturmuş Mir Cəfər Bağırov əsəbiləşərək, elə qurultayın işi gedə-gedə yerindən qalxıb, Malenkova, sonra da Molotova yaxınlaşır və Fadeyevin çıxışına qiymət vermək üçün komissiya yaradılmasını tələb edir. Onun tələbilə Mixail Suslovun sədrliyi ilə komissiya yaradılır, ancaq Bağırov Suslovun sədrliyinə də etiraz edir, nəhayət, komissiyaya Sov.İKP MK katibi Pyotr Pospelov sədrlik edir və qurultayın növbəti iclasında isə Aleksandr Fadeyevin bəyanatı oxunur: "- Mən yoldaş Mir Cəfər Bağırovdan üzr istəyirəm."

Təkrar edirəm: söhbət Stalinin iştirak etdiyi qurultaydan və Stalinin hörmət bəslədiyi, Sov.İKP MK-nın üzvü, SSRİ Ali Sovetinin deputatı, saymaqla bitməyən bir çox nüfuzlu ədəbi və siyasi-ictimai qurumların üzvü və rəhbəri olan bir şəxsdən gedir.

Həsən Həsənov yazır: "Bu bəyanat qurultay nümayəndələrini silkələdi, həyəcana gətirdi." (Həsən Həsənov. "Ləyaqətli şəxsiyyət". Bakı, Elm, 2004.)

Kremlin və konkret olaraq, Stalinin Azərbaycana (bu mənada, Azərbaycan - Mir Cəfər Bağırov demək idi) münasibətinə xəsarət yetirə biləcək ən kiçicik hadisənin qarşısını almaqda, bəzən isə mürəkkəb bir vəziyyətin yaratdığı problemi həll etməkdə Mir Cəfər Bağırov qətiyyətli və cəsarətli idi və bu zaman o, hansısa əxlaq prinsiplərini, hansısa subardinasiyanı bir kənara ataraq, effektli tədbir görməyi bacarırdı və görürdü.

Tarixçilər məşhur bir hadisə barədə yazırlar və mən bu hadisənin bilavasitə şahidi olmuş Musa Əliyevin xatirələrinə istinad etmək istəyirəm. O, yazır ki, Respublikadan Moskvaya anonim şikayət məktubları get-gedə artır və nəhayət, bu şikayətləri yoxlamaq üçün Stalinin tapşırığı ilə SSRİ Dövlət Nəzarəti naziri, general-polkovnik Lev Mexlis öz müavini Yemelyanovun rəhbərliyi ilə Azərbaycana komissiya göndərir. Partokratların "Stalinin Baş inspektoru" adlandırdıqları Lev Mexlis Stalinin ən yaxın və sədaqətli adamlarından biri, birincilərdən biri idi. Bu gün rus sovetoloqları onu "Stalinin sədaqətli köpəyi" adlandırırlar və bu məcaz həqiqətdən doğur.

Bakıya təşrif buyuran Yemelyanov yüksək enerji və görünür, bir az da təkəbbürlə yoxlamalara başlayır və üzə ciddi çatışmazlıqlar çıxarır (məs., Nazirlər Soveti sədrinin müavini Əzizağa Əzizbəyovun əmanət kassasında 700 min pulu olduğu aşkar edilir, bu isə o zaman fövqəladə bir hadisə idi) və Mir Cəfər Bağırov bu yoxlama gedişatına şəxsən müdaxilə edir: belə işlərdə təcrübəsi və bacarığı olan bir xanım "KQB" işçisi vasitəsilə Yemelyanovu yoldan çıxarır və Bağırov onların intim fotolarını birbaşa Stalinə göndərir. Yoxlama əhvalatı bununla qurtarır ki, bədbəxt Yemelyanov özünü güllələyib, intihar edir.

Mən rəhmətlik Eldar İsmayılovun kitabında (Vlastğ i narod - 1945-1953. Baku, "Adiloqlı", 2003)) başqa maraqlı və Mir Cəfər Bağırov hikkəsinin gücünü-qüvvətini göstərən bir epizoda da rast gəldim: general-polkovnik Kolpakçı Azərbaycanda yerləşdirilmiş 4-cü sovet ordusunun komandiri təyin olunur və Bakıya gələn kimi, tələb edir ki, Bağırov onun görüşünə gəlsin, bir sıra tələblər dərhal yerinə yetirilsin. Mir Cəfər Bağırov, aydın məsələdir, onun görüşünə getmir və ay yarım ərzində Kolpakçının Bakıdan uzaqlaşdırılmasına nail olur.

Vladimir Yakovleviç Kolpakçı İkinci Dünya müharibəsində geniş şöhrət qazanmış, ordu generalı rütbəsinəcən qaldırılmış, nüfuzlu bir sovet sərkərdəsi idi və onun bu cür tezliklə Bakıdan qovulması, təbii ki, yalnız Stalin səviyyəsində həll oluna bilərdi. 

Mir Cəfər Bağırovun məhkəməsində şahid kimi dindirilən DTK işçisi Pavel Jentov da belə bir hadisə danışır: "1943-cü il, müharibənin qızğın vaxtında mərkəzi "NKVD"-nin şöbə müdiri, Ali Sovetin deputatı Qusev Azərbaycan Daxili İşlər Komissarlığında yoxlamalar aparmaq üçün Bakıya göndərilir və özbaşınalıq hallarını, pozuntuları üzə çıxarır. "İnturist" otelində onun qaldığı nömrəyə gizlin aparat quraşdırılır, onu da bir "NKVD" qadını ilə görüşdürür və onların biabırçı intim fotolarını çəkib, Moskvaya göndərirlər - Qusev Yemelyanov kimi özünü güllələməsə də, dərhal işdən azad edilir".

Mir Cəfər Bağırov yüksək inzibati təşkilatçılıq qabiliyyətinə malik, iradəli və artıq dediyim kimi, cəsarətli, prinsipial və qəddar, kinli, qətiyyətli və əsəbi, impulsiv, eyni zamanda korrupsiya baxımından olduqca təmiz bir şəxsiyyət idi. Görünür, Mir Cəfər Bağırov tərifə, şöhrətə də biganə olmayıb və bizim tanınmış teatr xadimimiz, rəhmətlik Məhəmməd Bürcəliyevin xatirələrində səciyyəvi, eyni zamanda dövrün və münasibətlərin xarakterini göstərən belə bir epizod var:

"1951-ci ilin soyuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mir Cəfər Bağırov Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasına baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim budur ki, Mir Cəfər Bağırovdan teatrın təmiri, rekonstruksiya olunması üçün bir şey qopardım. İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən xalq artisti Əşrəf Yusifzadə səhnəyə çıxan kimi, projektorları tuşlasınlar lojada oturmuş katib Mir Cəfər Bağırovun üstünə... Tamaşa qurtardı, qulbeçələrdən biri rəngi qaçmış halda qrim otağına gəlib dedi ki, Bürcəliyev, "Kişi" səni çağırır. Onun sifətində mən öz faciəmi oxudum. Dedim, axı hələ qrimimi silməmişəm. Doğrusu, minlərlə adamı gedər-gəlməzə göndərən, elə bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə gəlməyə qorxurdum. Qulbeçə getdi, bir azdan sonra daha təşvişlə qayıdıb bildirdi ki, Bağırov deyir, eybi yoxdur, qrimdə gəlsin. Sibirin şaxtası dondururdu burnumu. Getdim kabinetimə, Bağırov qəti səslə soruşdu: "- Familiyan?!" Familiyam yadıma düşmədi ki, düşmədi. Rəhbərlərdən biri dedi ki, Bürcəliyevdir, yəqin yadından çıxıb. Mir Cəfər Bağırov məni xeyli süzdükdən sonra gülümsündü: "- Təbrik edirəm, - dedi. - Yaxşı tamaşadır. Bəs teatrın binası niyə soyuqdur?" "- Yoldaş Bağırov, 0,5 düyümlük boru tapılmır. Ona görə də qalmışıq belə."... Hə, bu söhbət axşam saat 10-da oldu. Səhər saat 9-da Dəmiryol vağzalından xəbər gəldi ki, sizin teatrın adına 0,5 düyməlik boru gəlib, özü də bir vaqon, gəlin, aparın." ("Kaspi" qəzeti, 27 noyabr 2018.)

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!