ELÇİN
Mən öz Tanrımla görüşə hazıram.
Ancaq Tanrım mənimlə əzablı
ünsiyyətə hazırdırmı? -
bu, başqa məsələdir.
Uinston Çörçill
Mən son illərdə yazdığım "Stalin" pyesinə belə bir kiçik şərh vermişdim: "Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib.
İllər amansız bir sürətlə bir-birini əvəz edir və bu nəhəng imperiyanın -Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə həmin sürətlə də suallar bir-birini əvəz edir: "mən necə bir ölkədə yaşamışam?", "bu ölkəyə kimlər rəhbərlik edib?", "rəsmi portretlərinin arxasında o rəhbərlər kim idi?", "onlar üçün ölkə, xalq, kommunizm idealları və hakimiyyət nə demək idi?", "əqidə onlar üçün həqiqət idi, yoxsa, maska?", "söz ilə əməl arasındakı uçurumun səbəbi nə idi?" və s. və i.a."
Bu yazı da eyni düşüncələrin ifadəsidir.
Bu yazı tarixi oçerk, bioqrafiya, siyasi portret deyil, sadəcə, yaxın tariximizlə bağlı fərdi düşüncələr, fərdi və olsun ki, subyektiv təhlil və qiymətləndirmədir və buna görə də burada tarixi xronologiyaya əməl olunmayıb, əgər belə demək mümkünsə, assosiativ təəssüratlarla yazılıb.
Sovet İttifaqının dağılmasından 33 il keçib və yəqin ki, artıq oxucuların xeyli qismi bu yazıda adları çəkilən şəxsləri tanımırlar, bəlkə bəzilərinin heç adlarını da eşitməyiblər. Mən bəhs etdiyim şəxslərin hər biri ilə bağlı ayrıca şərh verməmişəm, ancaq maraqlanan oxucular onların hamısı haqqında internetdən məlumat tapa bilərlər.
Beləliklə, Sovet Azərbaycanına uzun müddət - 1933-1953 - rəhbərlik etmiş Mir Cəfər Bağırov kim idi?
1
Mir Cəfər Bağırovun şəxsiyyətinin, əməllərinin və taleyinin əhatə və məzmun miqyası və göstəriciləri elə geniş və səciyyəvidir ki, onun haqqında söz demək, bilavasitə Sovet İttifaqının (Sovet imperiyasının) tarixinə varmaqdır və bu baxımdan Azərbaycan tarixçiləri ilə bərabər, rus və xarici sovetoloqların tədqiqatları, müasir rus siyasi-sənədli publisistikasının qənaətləri, ortaya çıxan nəticələr tamam rəngarəng və tamam da əlvan bir siyasi-ictimai və ideoloji-inzibati qurama mənzərəsi yaradır. Onları saf-çürük etmədən və tutuşdurmadan söz demək, bir-birinə əks mövqelərdən birinin üstündə dayanmağa gətirib çıxara bilər və bu da artıq birtərəfli mövqe olacaq.
Sovet İttifaqı adi klassik imperiya deyildi, yəni demək olmaz ki, bu imperiya tam şəkildə Rusiya və onun müstəmləkələrindən ibarət idi, çünki əslində Rusiyanın özü də Azərbaycan, yaxud Ukrayna, yaxud da Estoniya kimi, Sistemin müstəmləkəsi idi. Bolşevik inqilabının əsas rəhbərlərindən Lev Trotskinin məşhur sözlərindən biri belə idi: "Sənə lənət olsun, patriotizm!" (orijinalda: "Budğ proklət patriotizm!")
Düzdür, rus dili hakim dil idi, sovet rəhbərliyi Stalindən sonrakı dövrdə, əsas etibarilə ruslardan və qismən digər slavyan xalqlarından ibarət idi və özünün böyük fitri istedadı və böyük də fərdi bacarığı, fövqəladə işgüzarlığı sayəsində azərbaycanlı Heydər Əliyevin Siyasi Büro (Politbüro) üzvlüyünə qədər yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifə tutması Sovet İttifaqında nadir istisna idi.
Sovet imperiyasını Sistem idarə edirdi və bu Sistemin ideoloji-inzibati xüsusiyyəti əsasən, ilk dövrlərdə - 1910-cu illərin sonu, 20-ci illərdə milli mənsubiyyətləri üstələmişdi. Sovet imperiyası əslində genetik rus qanını itirmiş Romanovlar imperiyasını (klassik imperiyanı!) əvəz etdikdə yeni rəhbərlər müxtəlif millətlərin nümayəndələri idi: almandan, yəhudidən kalmıka, çuvaşacan qarışıqqanlı Vladimir Lenin, yəhudi Lev Trotski (Leyba Bronşteyn), Yakov Sverdlov (Yankel Rozenfeld), Qriqori Zinovyev (Ovsey-Qerş Radomıslski), Lev Kamenyev (Rozenfeld), Yemelyan Yaroslavski (Qubelman), Maksim Litvinov (Meyer-Qenox Vallax-Finkelşteyn), Qriqori Sokolnikov (Qirş Brilliant), gürcü İosif Stalin (Cuqaşvili), Serqo Orconikidze, Avel Yenikuidze, rus Nikolay Buxarın, Aleksey Rıkov, Valerian Kuybışev, Pavel Postışev, Sergey Kirov, latış Yan Rudzutak, Robert Eyxe, ukraynalı Nikolay Krestinski, Vlast Rudzutak, moldav Mixail Frunze, bolqar Xristian Rakovski (Krıstyu Stançev) və başqaları.
Məşhur rus ədəbiyyatşünası və eyni zamanda sovetoloq Vadim Kojinov hesablayıb ki, 1917-1922-ci illər arasında Kommunist Partiyasının Mərkəzi Komitəsində əsas aparıcı qüvvə 10 yəhudi və 11 başqa millət nümayəndələrindən ibarət idi, ruslar isə ikinci dərəcəli mövqedə idilər (bax: Vadim Kojnov. Pravda stalinskix repressii, ili komu nujnı bolğşie jertvı, Moskva, Alqoritm, 2010, str. 159.).
Sistem bu yazının əsas obyektlərindən biri, bəlkə də elə birincisidir və Sistemin də xüsusən, 1937-38-ci illərdə onurğa sütunu "NKVD" idi. 1917-ci ildən etibarən, Sovet İttifaqının əsas repressiya orqanının adı müxtəlif illərdə dəyişilərək, mahiyyəti dəyişməyən bu təşkilat baş hərfləri ilə (abbreviaturalarla) tanınıb və biz də qorxulu illəri daha çox ehtiva edən, rus dilndə olsa da, sovet xalqları arasında geniş yayılmış "NKVD" istilahından istifadə edirik. Lenin dövründən başlayaraq, Stalinin ömrünün son illərinə kimi "NKVD" başçıları (sədr, narkom, nazir) bunlar idi: Feliks Dzerjinski (polşalı), Yakov Peters (latış) Vyaçeslav Menjinski (polşalı), Henrix (Yenox) Yaqoda (yəhudi), Nikolay Yejov (rus), Lavrenti Beriya (gürcü-minqrel).
Uzun müddət Stalinlə birlikdə işləmiş, onun əsas və məşhur silahdaşlarından biri olmuş Vyaçeslav Molotov 1970-ci illərdə Leninin: "Rus insanı - pis işçidir" ("Russkiy çelovek - ploxoy rabotnik") sözlərini xatırlayır və bunun həqiqət olduğunu deyir (Feliks Çuev. Molotov. Poluderjavnıy vlastelin, Moskva, "Olma-press", 2002, str. 331.). Bu sözləri bolşevik inqilabının (indi buna "bolşevik çevrilişi" də deyirlər) Leninlə bərabər rəhbəri Lev Trotski təkrar edir və Sovet imperiyasının rəhbər simalarından biri də - Molotov bu sözləri yada salır və təsdiq edir. Əgər biz Sovet İttifaqına rus imperiyası deyiriksə, bu imperiyanın bünövrəsi qoyulan zaman söylənən bu fikir, rus insanına belə bir münasibət, elə bilirəm ki, başqa bir ab-havadan, inqilabi əhval-ruhiyyədən xəbər verir.
Yetmiş illik sovet dönəmində Azərbaycan bütün sahələrdə - maarif, mədəniyyət, iqtisadiyyat, sənaye, elm, milli-mənəvi göstəricilər (ilk növbədə də, ədəbi-bədii dil!) və s. çox inkişaf etdi, ancaq bu böyük inkişafla bərabər, sovet dönəmi ayrı-ayrı dövrlərdə XX əsr tariximizin amansız və qəddar repressiyalar, mənəvi sıxıntı və əzablar, milli pərişanlıqlar dövrü idi.
30 il bu imperiyanın başında Stalin durdu və ilkin "rəhbərlər" 1930-cu illərdə güllələndikdən sonra Nikita Xruşşova qədərki dövrdə Stalin Siyasi Bürosunun əsas fiqurları da rus Vyaçeslav Molotov və Georgi Malenkov, yəhudi Lazar Kaqanoviç, gürcü Lavrenti Beriya, erməni Anastas Mikoyan və başqaları idi. Düzdür, Stalin rusdan artıq rus idi, özünü də gürcü mənşəli rus adlandırırdı və belə də hesab edirdi.
Sovet tarixini tədqiq edən müəlliflər arasında xüsusi seçilən, nüfuzlu tarixçi və siyasətşünas, Priston Universitetinin professoru Robert Taker İosif Stalin haqqında yazdığı böyük formatlı, petitlə yığılmış, az qala, 900 səhifəlik fundamental monoqrafiyasında yazır ki, hələ inqilabdan əvvəl özünü "əsil rus inqilabçısı" hesab edirdi və deyirdi ki, 1907-ci ildə partiyanın London qurultayında 85 menşevik nümayəndələrinin çoxu yəhudi idi, onlardan sonra gürcülər, yalnız bundan sonra isə ruslar gəlirdi, 92 bolşevik nümayəndələr əsas etibarilə ruslardan, yalnız onlardan sonra yəhudilər, onlardan da sonra gürcülər gəlirdi. Buna görə də Stalin zarafatla deyirdi ki, menşevik fraksiyası "yəhudi fraksiyasıdır", bolşeviklər isə "əsil ruslardır". (Robert Taker. Stalin - istoriə i liçnostğ, Moskva, "Vesğ Mir", 2006, str. 102-103.)
Ancaq biz bilirik ki, hər zarafatda bir həqiqət də var və mənə elə gəlir ki, Stalin, xüsusən, bütün Sovet imperiyasının "Yoldaş Stalini" olduqdan sonra bu dərəcədə ucalıq, alilik müqabilində rus yox, Sovet İttifaqındakı əyalət xalqlarının birinin nümayəndəsi olduğundan xəcalət çəkirdi. Mənim düşüncəmə görə, onun "Cuqaşvili"dən imtina etməsi də, gənclik çağlarında gürcü dilində yazdığı şeirlərinin təbliğini, Mixail Bulqakovun yazdığı və "Yoldaş Stalin"in yox, yeniyetmə Sosonun və gənc Kobanın həyatından bəhs edən "Batum" pyesinin tamaşaya qoyulmasını və çapını qadağan etməsi də elə bu komplekslə bağlıdır. Bu baxımdan, Robert Takerin göstərdiyi bu fakt da əlamətdardır ki, həmin London qurultayında Stalin bütün gürcü inqilabçıları ilə aranı vurmuşdu və artıq 1923-cü ildəki çıxışlarından birində Gürcüstan Respublikasını nəzərdə tutaraq: "Sovet ərazisinin Gürcüstan deyilən bir hissəciyi" - demişdi (həmin kitab, səh. 105.). Bunu da deyim ki, Bulqakovun "Batum" pyesi Sovet İttifaqında ilk dəfə yalnız 1988-ci ildə çap olundu ("Sovremennaə dramaturqiə", №5.). Həmin 92 bolşevikin əsas etibarilə rus olduqlarına gəldikdə isə, onların da bir qismi elə Leninin özü kimi ruslaşmış ruslar idi.
Son illərdə Stalinin nəvəsi, tanınmış rus rejissoru Aleksandr Burdonskidən alınmış DNT nəticəsində Stalinin atası pinəçi Vissarionun osetin əsilli olduğu ortaya çıxıb və belədir, ya belə deyil - bunun elə bilirəm ki, xüsusi bir əhəmiyyəti yoxdur - İosif Stalin şəxsiyyətinin tarixi miqyası onun milli mənsubiyyətini uzaq bir kölgəliyə göndərib. Bu da sovet quruluşu ilə bağlı maraqlı və yeni bir məlumatdır ki, son illərdə üzə çıxmış sənədlərə görə 15 il "KQB"yə sədrlik etmiş, sonra da partiyanın Baş katibi vəzifəsini (Stalinin yerini!) tutmuş Yuri Andropov əslində həm ata, həm də ana tərəfdən yəhudi imiş. Onun rəsmi bioqrafiyasında isə milliyyəti rus kimi yazılırdı və bu "rus"un əsl adı və famili Qriqori Liberman olub.
Sovet İttifaqında kadrların ruslaşdırılması daha artıq dərəcədə Nikita Xruşşovla başladı, ancaq Vyaçeslav Molotovun dediyinə görə, Stalin özü də həyatının sonlarında hesab edirmiş ki, yüksək vəzifələrə əsasən, rusları, ukraynalıları və belarusları irəli çəkmək lazımdır (Feliks Çuev. Molotov. Poluderjavnıy vlastelin, Moskva, "Olma-press", 2002, str. 336.).
Leonid Brejnev dövrü "İnkişaf etmiş sosializm" dövrü adlandırılırdı, Brejnev vəfat etdi - həmin dövr "durğunluq dövrü" kimi təqdim edilməyə başladı, sonra Mixail Qorbaçov hakimiyyətə gəldi və son müsahibələrindən birində " - Heydər Əliyev partiyanın Baş katibi seçilə bilərdimi?" sualına cavab verərkən, açıqca deyirdi ki, Sovet İttifaqına slavyan xalqlarının nümayəndəsi rəhbərlik etməli idi. Kommunizmə sonsuz sədaqətini nümayiş etdirə-etdirə, lap gənc yaşlarından orden və medallar ala-ala hakimiyyətə gəlmiş Mixail Qorbaçovun bu fikri, əlbəttə, kommunizm ideyaları ilə daban-dabana zidd idi.
(Ümumiyyətlə, Qorbaçovun bioqrafiyası məndə mistik bir təəssürat yaradır: elə bil ki, bu adam traktorçu vaxtlarından etibarən, təhtəlşüur olaraq Sistemi aldatmaqla, öz sədaqətinə inandırmaqla dağılmağa məhkum edilmiş Sovet İttifaqının aqibətində son nöqtəni qoymaq missiyasına doğru sürətli addımlarla irəliləyib və həmin missiyanı yerinə də yetirib. Əgər bu mistik fərziyyəni qəbul etsək, bəlkə heç onun özünün də taleyinə yazılmış bu missiyadan xəbəri olmayıb və o, bu missiyanı təhtəlşüur olaraq yerinə yetirib. Ukrayna şairi Boris Oleynik də Qorbaçovun alnındakı iri qara ləkəyə mistik yanaşır və onu "qaranlıqlar knyazı" hesab edir (bax: Boris Oleynik. Neizvestnıy Qorbaçev. Knəzğ tğmı, Moskva, Alqoritm, 2022.).
Stalin son dərəcə qüdrətli diktator, böyük tarixi şəxsiyyət idi, ancaq Sistem ondan da qüdrətli idi. Sistemin təməlini inqilabi fanatizm və Vladimir Lenin, Lev Trotski, Qriqori Zinovyev, Yakov Sverdlov, Feliks Dzerjinski və başqaları qoymuşdusa, qeyz, ədavət və kin-küdurətlə dünyaya baxmağa başlayan Sistemi bilavasitə Stalin bəsləmiş, yetişdirmiş, formalaşdırmış, kamilləşdirmişdi. 1937-38-ci illərlə bağlı mətbuatla, arxiv sənədləri, müxtəlif xatirələr və s. ilə tanış olduqca, mən, az qala, cismani surətdə hiss edirdim ki, Stalin həyata gətirdiyi "37-38"i vaxtında və böyük ustalıqla cilovlamasaydı, Sistem onun özünü də "xalq düşməni" kimi güllələyə bilərdi - 1937-38-ci illərin artıq məntiqə sığışmayan və qorxunc ab-havası Sistemi şüurlu və get-gedə müstəqilləşən robota çevirməkdə idi. Stalin "37-38"i elə nəhəng ustalıqla və amansız dərrakə ilə cilovlamağı bacardı ki, artıq Sistem - "Yoldaş Stalin"in özü idi.
Hərdən o illərin sənədli süjetlərinə baxanda, sadə camaatın Stalinə sevgisini görəndə, fikrimdən keçir ki, bu qədər qırğın, sürgün, əzab-əziyyət ola-ola bu sevgi hardandır? Əlbəttə, gizli bir nifrət də az deyildi, ancaq sevginin miqyası nə qədər böyük idi - bunu da danmaq mümkün deyil və ancaq elə bunu yada salım ki, vəfatı zamanı onunla son görüşə gəlməyə can atan kütlənin arasında onlarla, bəzi sovetoloqların yazdığına görə isə yüzlərlə insan tapdaq altında qaldı. Görünür, paradoks ondadır ki, şüurlu və şüuraltı qorxu hissi bəzən, həqiqətən də, sevgiyə çevrilə bilir.
Vyaçeslav Molotov rus şairi və publisisti Feliks Çuyevlə elə həmin söhbətində deyir ki, XX qurultaydan sonra Gürcüstanda iğtişaşlar başlamışdı və maraqlısı da budur ki, Stalinin şəxsiyyətinə pərəstiş haqqında, onun qanunlara məhəl qoymaması, cinayətlər törətməsi barədə məruzəçi Nikita Xruşşov olduğu halda, Tiflisin tualetlərində həmin qurultaydakı çıxışında Stalini tənqid edən Anastas Mikoyanın şəkillərini asırdılar (yenə orada, səh. 429.).
Bu qəribəlikdə yəqin belə bir səciyyəvi cəhət xüsusi rol oynayırdı ki, 1929-cu ildə Stalinin 50 illiyində, 1939-da 60 illiyində, 1949-da 70 illiyində Stalin haqqında ən bəlağətli sözləri, onu Sovet İttifaqının və bütün dünya proletariatının Allahı (bolşevik Allahı!) səviyyəsinə qaldıran sözləri məhz Anastas Mikoyan demişdi (bax: Stalin. Moskva, Alqoritm, 2008, str. 272.). Bəyəm, bu xüsusiyyət elə Nikita Xruşşovun özü üçün də səciyyəvi, ona da xas olan bir cəhət deyildi?
Ancaq söhbət yalnız bu tipli gülünc paradokslardan getmir, sovet quruluşu son dərəcə ziddiyyətli bir quruluş idi və bu ziddiyyətlər də bir çox hallarda heç bir məntiqlə izah edilə bilməyəcək faciəvi paradokslar yaradırdı.
Baxın, bu quruluş Azərbaycanın ən ucqar kəndlərində də məktəb açdı, savadsızlığı (oxuyub-yazmaq mənasında) sıfıra endirdi, qısa bir zamanda universitetlər, texnikumlar, sənət məktəbləri yaratdı, ancaq eyni zamanda bu quruluş heç bir təqsiri olmayan böyük pedaqoq Firudin bəy Köçərlini məhkəməsiz, yaxud 15 dəqiqəlik yalançı məhkəmə ilə Bəkir Çobanzadə kimi çox istedadlı və işıqlı bir professoru güllələdi.
Bu quruluş professional teatrı olmayan Azərbaycanda yenə də, qısa bir zamanda yalnız Bakıda yox, rayonlarda da Dövlət teatrları açdı, teatr xadimlərinə, aktyorlara yaradıcılıq şəraiti, xüsusi teatr universiteti yaratdı, artistləri, rejissorları deputat təyin etdi, onlara mükafatlar verdi, onları evlə, maaşla təmin etdi, ancaq eyni zamanda bu quruluş artistlikdən başqa heç bir işlə məşğul olmayan Abbas Mirzə Şərifzadəni, yaxud Ülvi Rəcəbi 10-15 dəqiqəlik saxta məhkəmə, ya da "Üçlük"lərin (Sistemin təyin etdiyi üç nəfərin) qərarı ilə "xalq düşməni" elan edib, güllələdi.
Və Sovet İttifaqının tarixi bütün sahələrdə bu cür, təkrar edirəm, normal ağıla sığışmayan, izah edilə bilməyən paradokslarla zəngindir.
Bu ziddiyyətin bir tərəfi nə qədər qiymətli idisə, o biri tərəfi xüsusən, Lenin və Stalin dönəmində daha artıq dərəcədə qəddarlıq, vəhşilik, quzğunluq nümunəsi idi.
Qorxu - bu hiss sovet tarixinin bəzi illərində okean sularının qabarması - çəkilməsi kimi şiddətlənir, sonra nisbətən yumşalırdı və xüsusən, həmin qabarma çağlarında insanları (sovet vətəndaşlarını!) öz həyatını xilas etmək, qorumaq üçün müxtəlif yollar axtarmağa məcbur edirdi və satqınlıq etmək də, bir-birinə böhtan və şər atmaq, bir-birinin üzünə durmaq, olmayan günahlarını etiraf etmək də bu qorxu hissindən yaranırdı. Sovet İttifaqının ən ali orqanı Kommunist Partiyası idi, ancaq Leninin başladığı, qorxulu konturlarını müəyyənləşdirərək həyata tətbiq etdiyi və Stalinin dahiyanə ustalıq və səriştə ilə inkişaf etdirib, formalaşdırdığı elə bir Sistem yaranmışdı ki, bunun mayası qorxu ilə yoğrulmuşdu, mahiyyətində qorxu dayanırdı.
1960-70-ci illərdə Siyasi Büronun ən güclü üzvlərindən biri Aleksandr Şelepin (onun "Dəmir Şurik" ayaması var idi) uzun sükutdan sonra vəfatından bir il əvvəl, 1993-cü ildə müsahibə verib və mən o müsahibəni internetdə tapıb oxudum. Orada çox maraqlı, eyni zamanda Sovet İttifaqının rəhbər "mətbəxi" ("Kreml mətbəxi") barədə təsəvvür yarada bilən belə bir faktla rastlaşdım: 1958-ci ildə Nikita Xruşşov Şelepini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB"nin) sədri təyin edəndə, kabinetdə onu bir küncə çəkərək, deyib: " - Sizdən böyük şəxsi xahişim var. "KQB"də hər şey edin ki, məni gizlincə dinləyə bilməsinlər".
Bu şəxsi xahişi o adam edir ki, Stalindən sonra diktatorluğu ələ keçirməyi bacararaq, artıq SSRİ-də hakimi-mütləq idi və "KQB" də bilavasitə onun tabeçiliyində fəaliyyət göstərirdi. Ancaq baxın, onun da daxilində bir qorxu, etimadsızlıq var idi və bu da, yəqin əlamətdar bir hadisədir ki, 1964-cü ildə Xruşşovu taxtdan salan (və onu "ifşa" edən) sui-qəsdçilərin arasında elə həmin Şelepin və ondan sonra "KQB"nin sədri olmuş Vladimir Semiçastnı əsas təşkilatçılar sırasında idi (general-polkovnik Semiçastnı 1960-cı illərin əvvəllərində Azərbaycan KP MK-nın Moskvadan göndərilmiş ikinci katibi idi və ona daima diqqət göstərən, onu pillə-pillə irəli çəkən Xruşşov bu dəfə də Semiçastnını Azərbaycandan birbaşa SSRİ "KQB"sinin sədri vəzifəsinə apardı, ona general-polkovnik rütbəsi verdi, sonra da çox çəkmədi ki, bu adam, dediyim kimi, Nikita Xruşşova qarşı sui-qəsdin mühüm, həlledici təşkilatçılarından biri oldu).
Yəqin bu da İosif Stalindən üzü bu tərəfə Kreml mətbəxindəki psixoloji əhval-ruhiyyə, orada hökm sürən ab-hava üçün əlamətdar bir faktdır ki, Nikita Xruşşov partiya taxtından salındıqdan sonra yazdığı (diktə etdiyi) xatirələrində belə bir epizod söyləyir: "Stalin bu qərara gəlmişdi ki, Voroşilovu namuslu adam bilməkdə səhv edib, o (yəni Voroşilov - E.), ya ingilis, ya da Stalinin ağlına gələ biləcək hansısa başqa bir kapitalist ölkəsinin casusudur". (Mən bu sitatı Xruşşovun xatirələrinin redaktə edilməmiş nəşrindən gətirirəm: Nikita Xruhev. Vospominaniə, İzbrannıe otrıvki, New York, 1982, str. 107.)
Marşal Kliment Voroşilov isə Siyasi Büronun üzvü, Rusiyada vətəndaş müharibəsinin Sovet təbliğat maşınının uzun onilliklər boyu təbliğ və tərənnüm etdiyi məşhur "qırmızı" komandir-qəhrəmanı idi və SSRİ-də, o cümlədən də, Azərbaycanda onun adına yüzlərlə küçə, kolxoz, müəssisə, ali məktəb və s. və i.a. var idi, ancaq baxın, Stalin (Sistem) bir anın içində onu ingilis, ya da "ağlına gələ biləcək hansısa başqa bir kapitalist ölkəsinin" casusu elan edə bilərdi.
Stalinin şəxsiyyətinə pərəstiş "ifşa" olunandan sonra Sistemdə çürümə prosesi başlamışdı və qorxu nisbətən azaldıqca, dediyim həmin ziddiyyət get-gedə Sovet İttifaqında siyasi və mənəvi riyakarlığa gətirib çıxardı: partiya funksionerləri, dövlət işçiləri günorta Nikita Xruşşovdan sitatlar gətirir, onun şəxsiyyətini və fəaliyyətini örnək göstərir, Kommunist Partiyasına sədaqət və inam nümayiş etdirir, axşam isə elə həmin Xruşşovdan tutmuş, Çapayev və Staxanovacan sovet rəhbərlərindən və məşhurlarından anekdotlar danışırdılar.
Aparıcı kommunizm ideolojisi tam şəkildə şüarçılıqla əvəz olunmuşdu və Kommunist partiyası heç vəchlə kommunist əqidəsini, dünyagörüşünü ifadə etmirdi. Partiya karyera üçün ilkin və mütləq ictimai pilləyə, rahat və imkan daxilində rifah həyat təminatçısına çevrilmişdi. Partiya üzvlərinin 90 faizdən çoxu, o cümlədən, partiya funksionerləri marksizm-leninizm klassiklərini oxumamışdı və ideologiyanı, dediyim kimi, sitatçılıq əvəz etmişdi. Yerdə qalan 5-6 faiz isə fürsət tapıb partiya tarixindən, elmi ateizmdən dissertasiyalar yazıb, elmi dərəcə alanlar, universitetlərdə dərs deyən müəllimlər idi və onlar da, əsasən, əqidə adamları yox, peşə, yəni fənn adamları idi. Yadıma gəlir, "Mənim ərim dəlidir" tragikomediyamda elmi ateizm professorunun Sovet İttifaqı dağılandan sonra mollalıq etdiyini yazmışdım və bu bədii qroteks yox, həqiqətin, reallığın ifadəsi idi. Bir sözlə, Sovet İttifaqını həmin siyasi-ideoloji riyakarlıq və belə bir ideoloji eybəcərlik yıxdı.
Anekdotlardan söz düşmüşkən, sovet rəhbərləri haqqında anekdotlardakı bir əlamətdar cəhət odur ki, Xruşşov, Brejnev, Leninin özü gülüş hədəfi olduqları halda, Stalin, hətta anekdotlarda da gülüş hədəfi, gülüş qəhrəmanı yox, hökm verən, qərar qəbul edən, hazırcavab, böyük və ədalətli (!) hökmdar - personajdır.
(Bu səciyyəvi anekdota fikir verin: "Ruzveltlə Çörçill söz qoyurlar ki, Stalini mat qoysunlar, deməyə sözü olmasın və növbəti görüşləri zamanı Çörçill deyir: " - Bu gecə mən bir yuxu görmüşəm. Görürəm ki, bütün dünya ölkələri birləşib, vahid bir hakimiyyət yaranıb. Mən də o hakimiyyətin Baş naziriyəm". Ruzvelt deyir: " - Mən də o cür yuxu görmüşəm. Özüm də o dünya hakimiyyətinin Prezidentiyəm". Çörçill soruşur: " - Cənab Stalin, siz necə, belə bir yuxu görməmisiz?" Stalin: " - Görmüşəm, - deyir. - Mən də sizi və cənab Ruzvelti həmin vahid dünya hakimiyyətindəki o vəzifələrə təyin etdim!")
Sovet senzurasının (bədnam "Qlavlit"in) rəhbərləri guya siyasi sayıqlıq nümayiş etdirərək, hansısa bədii əsərdən Sistem baxımından şübhəli görünən bir hissəni çıxarırdı, axşam isə evə gəlib, elə o çıxarılmış hissəni ləzzətlə tərifləyə-tərifləyə, sovet gerçəkliyini lağa qoya-qoya evdəkilərə danışırdı və bu cür siyasi-əxlaqi fantosmaqoriya Stalindən sonrakı (qorxunun azaldığı) dövr üçün get-gedə daha artıq səciyyəvi olur və kütləviləşirdi.
Sovet İttifaqının hökmdarları öldükdən (Yuri Andropov, Konstantin Çernenko), yaxud vəzifədən kənarlaşdırıldıqdan sonra (Georgi Malenkov, Nikita Xruşşov, Mixail Qorbaçov - əslində o da kənarlaşdırıldı) heç kimə çevrilirdilər və belə bir "heç kimlik" bəzən miskinliyin yox, mənəvi puçluğun və ikiüzlülüyün, siyasi qəlpliyin göstəricisi olurdu. Nikita Xruşşovun qızı Rada Adjubey 2000-ci illərdə "YouTube"dəki müsahibələrindən birində deyir ki, atası, yəni odlu-alovlu çıxışlarıyla daima kapitalizmi, ilk növbədə də, ABŞ-ı ifşa edən Xruşşov vəzifədən çıxarıldıqdan sonra axşamlar radio ilə "Amerikanın səsi"nə qulaq asırmış.
Bu yaxınlarda mən oxudum ki, indi heç sovet dövründə yaşamış insanların da xatırlamadığı, hətta sovetoloqların da yadına düşməyən sovet rəhbəri (SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi) Konstantin Çernenko öz ayağı ilə trap pilləkanlarını qalxıb təyyarəyə minə bilmədiyinə görə, onu təyyarəyə qaldırmaq üçün xüsusi sifarişlə Almaniyada hazırlanmış trap-eskolator gətirirlər və mühəndislər bu eskolatoru əvvəlcədən adi təyyarə trapının arxasında elə yerləşdirirlər ki, baxanda belə təsəvvür yaranır ki, eskolatorun qaldırdığı Çernenko trapın pillələrini guya öz ayağı ilə qalxır, yəni xalq öz rəhbərini sağlam və işgüzar görsün - doğrusu, elə bil ki, multfilm süjetidir.
Çox səciyyəvi və əlamətdar bir riyadır və bir tərəfdən, Sovet İttifaqını Mixail Qorbaçovun vecsizliyindən çox, elə bu cür riyakarlıqlar yıxdısa, o biri tərəfdən də, Qorbaçovun partiyanın Baş katibi vəzifəsinə (Stalin mərtəbəsinə) qalxmasının özü də artıq kütləviləşmiş həmin siyasi-əxlaqi riyakarlığın nəticəsi idi, yəni SSRİ-nin kartdan qurulmuş bir imperiya kimi domino effektli sürətlə və şərəfsizcəsinə dağılması, tarmar olması labüd idi.
Ancaq biz çox uzağa getməyək, çünki "Sovet uzaqları"na getdikcə, gedirsən və qayıtmaq çətin olur.
Mən dedim ki, sovet rəhbərləri vəfat etdikdən sonra "heç kim" olurlar, yalnız İosif Stalin ("Yoldaş Stalin) sağdan da, soldan da nə qədər haqlı və haqsız zərbələr alırsa, heç vəchlə "heç kim"ə çevrilmir və bir halda kı, söhbət ölümdən düşdü, bu günün özündə də sovetşünaslar, konkret olaraq stalinşünaslar dəqiq sübut edə bilmir ki, Stalin öz əcəli ilə ölüb, yoxsa, onu öldürüblər.
Müharibə vaxtı ABŞ-ın SSRİ-də səfiri olmuş Averell Qarriman deyir ki, bir dəfə Nikita Xruşşovla görüşərkən soruşub: " - Stalin özünə varis tapmışdı?" Xruşşov: " -Yox, - deyir. - O, elə bilirdi ki, daima yaşayacaq." (Nikolay Zenğkoviç. Taynı uxodəheqo veka - ljesvidetelğstva, falğsifikaüii, kompromat, Moskva, "Olma-Press", 1999, str. 172.)
Stalin Sovet İttifaqında ilahi bir səviyyəyə qalxsa da, insan idi və ölümü ilə bağlı versiyalardan biri belədir ki, ona qarşı sui-qəsdi Lavrenti Beriya tək həyata keçirib, başqa bir versiyaya görə, bu sui-qəsdi Nikita Xruşşov, Georgi Malenkov, Lavrenti Beriya (hərdən o zaman müdafiə naziri, sonralar isə Nazirlər Sovetinin sədri olmuş Nikolay Bulqaninin də adını çəkirlər) müştərək hazırlayıblar, hətta versiyalardan birinə görə beyninə qan sızıb yıxılmış Stalin özünə gələndə, Xruşşov onu şəxsən boğub öldürüb.
Stalinin ölümü ilə bağlı həqiqət yəqin ki, "KQB"nin də arxivi daxil olmaqla, bütün gizli arxiv sənədləri, xüsusən, Stalinin xəstəliklərinə aid sənədlər üzə çıxdıqdan sonra məlum olacaq, ancaq elə bilirəm ki, "- Adları çəkilən bu adamlar Stalinin vəzifəyə gətirdiyi ən yaxın silahdaşlarıdır və onlar belə bir dönüklük və xəyanət edə bilərdilərmi?" kimi bir sual yaranarsa, cavab birmənalıdır: Bəli! Yalnız elə bir faktı yada salmaqla kifayətlənmək istəyirəm: Stalinin vəfatından bircə ay sonra, Malenkovun Nazirlər Sovetinin sədri, Xruşşovun MK katibi olduğu bir zamanda, Daxili İşlər naziri, eyni zamanda Nazirlər Soveti sədrinin birinci müavini Lavrenti Beriyanın şəxsən imzaladığı orderlə Stalinin oğlu Vasili Stalin həbs edildi və sürgünə, təqibə məruz qalaraq, içkiyə qurşanıb 41 yaşında vəfat etdi. Bu adamlar Stalin zamanı ayrı-ayrılıqda sovet rəhbərliyində ikinci yerə iddialı rəqiblər idi, ancaq 1937-ci ildə Stalinin təbliğindəki mədhnamə və səcdə baxımından ondan sonra ikinci yeri isə Nikolay Yejov tuturdu.
Stalin 1936-cı ildə "NKVD"nin rəhbəri Henrix Yaqodanı vəzifədən çıxardı və onun yerinə Yejovu təyin etdi. Henrix Yaqoda Kirovun ölümündən sonra Stalinin tapşırığı ilə cidd-cəhdlə və amansızcasına "düşmən" axtarışlarına başladı, məşhur və qeyri-məşhur siyasi xadimlərdən adi peşə sahiblərinəcən insanları "ifşa" edib güllələnməyə göndərdi, sonda da Stalin onun özünü tutdurub, güllələtdirdi. Siz bu ötəri epizoda fikir verin və görün, kiçikdən tutmuş, böyüyəcən bütün Sovet İttifaqının ehtiyat etdiyi, çəkindiyi Henrix Yaqoda hələ "NKVD"yə başçılıq edərkən, Stalin onunla hansı bir tərzdə davranır: Yaqoda Maksim Qorki ilə dostluq etməyə çalışırdı və Qorki ağır xəstə yatanda Stalin Molotov və Voroşilovla birlikdə onu yoluxmağa gələndə, görür ki, Yaqoda da ordadır. Stalin: " - Bu niyə burda sülənir? - deyir. - Tez buradan sürüksün!" (Kreyq Braun. Teoriə şesti rukopojatiy, Moskva, ASE, "017, str. 168.)
Biz Yejova qayıdaq.
Konstantin Simonov Stalinin xüsusi rəğbət bəslədiyi yazıçılardan biri, bəlkə də birincisi idi və gənc yaşlarından etibarən, az qala, hər əsərinə görə Stalin ona öz adını daşıyan mükafat verirdi. Simonovun 80-ci illərdə Stalin haqqında yazdığı kitabda söylədiyi bir fikir mənə maraqlı və çox da əlamətdar göründü. Simonov yazır ki, Nikolay Yejovun şəxsiyyəti və fəaliyyəti haqqında şişirdilmiş təriflərin, "dəmir narkom" adlandırılan bu cırtdanboylu adamın bütün informasiya vasitələrində hədsiz dərəcədə vəsf edilməsinin arxasında bilavasitə Stalinin təhriki dayanırdı, çünki Stalin bu qırğın kompaniyasını (Böyük Terroru) başlayarkən, zamanı gələndə onu dayandrmağı da əvvəlcədən planlaşdırmışdı və həmin zaman yetişəndə qırğına cavabdeh olacaq bir adam tələb olunurdu - həmin adam da Nikolay Yejov idi (Konstantin Simonov. Qlazami çeloveka moeqo pokoleniə. Razmışlenie o İ.V.Staline, Moskva, APN, 1989.).
Stalin 1936-cı ildə artıq tam surətdə istifadə etdiyi, sıxıb suyunu çıxartdığı Xalq Daxili İşlər komissarı (naziri) Henrix Yaqodanı vəzifədən çıxartdı (sonra da güllələtdirdi) və onun yerinə Nikolay Yejovu təyin etdi. 1937-38-ci illərin dəhşətləri bilavasitə bu adamın adı ilə bağlıdır və bu liliput insanın həyatı və fəaliyyəti barədə ədəbiyyatı, artıq çap edilən "məxfi sənədlər"i, stenoqramları oxuduqca, məndə belə bir təəssürat yarandı ki, söhbət içindəki natamamlıq, yarımçıqlıq komplekslərinin burulğanı ilə yaşayan (məhkəməsində etiraf etmişdi ki, o, həm də passiv seksual azlıq nümayəndəsi olub), insanlara (və ümumiyyətlə insanlığa!) dəruni nifrət bəsləyən, eyni zamanda bu mənada, bəlkə heç özündən də asılı olmayaraq intiqam hissi ilə fəaliyyət göstərən və bütün bunları gizlətmək üçün öz psixikasını zorlayan həm cismani, həm də mənəvi mənada xəstə bir fərddən gedir.
Heç kimin tanımadığı belə bir təsadüfi adam Stalinin təhriki ilə çox qısa bir müddətdə Sistemin böyük və qorxulu nümayəndələrindən birinə çevrildi. Leninin mavzoleyinə də, özünə də, Stalinə, "ağsaqqal" Kalininə, Kirova, Voroşilova və bu qəbildən başqalarına (bunları mən hələ ibtidai məktəb dərsliklərindən xatırlayıram) oda-mədhiyyələr yazan məşhur qazax akını Cambul Cabayev Nikolay Yejova həsr etdiyi tərifnamə rəsmən "parlaq ədəbiyyat hadisəsi" kimi qiymətləndirildi (belə bir inandırıcı versiya da var ki, dövrün konyukturasından istifadə edib, qonorar almaq üçün bu ədəbi makulaturaları qoca Cambulun adından kasıb rus şair-tərcüməçiləri yazırdı). Viktor Şafrannikov kimi əyalət bəstəkarları bu odaya xüsusi musiqi bəstələyib məşhurlaşdı, Yejovun adı şəhərlərə, prospektlərə, kolxozlara verilirdi, nümayişlərdə, "qəzəbli" sovet zəhmətkeşlərinin - fəhlələrin, kolxozçuların kütləvi "ifşa" yığıncaqlarında onun şəkilləri Stalinlə yanaşı qaldırıldı.
Mən Yejov haqqında və onun dövründəki repressiyanın qara koloriti haqqında təsəvvür yaratmaq üçün, yalnız 1937-ci ildə Moskvada, Böyük Teatrda ("Bolşoy Teatr"da) çekistlərin 20 illik yubileyi münasibətilə keçirilən təntənəli gecəni xatırlamaqla kifayətlənəcəyəm.
Nikolay Yejovun qorxulu-hürkülü şöhrətinin həmin çılğın dövründə "ifşalar"ın, o cümlədən, Azərbaycandakı "ifşalar"ın ən qızğın çağında Siyasi Büronun Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Kliment Voroşilov, yavaş-yavaş stalinçi dividentlər qazanan Nikita Xruşşov, Georgi Malenkov kimi nüfuzlu üzvləri - Stalin silahdaşları Nikolay Yejovla birlikdə rəyasət heyətində oturmuşdular. Məruzəçi Anastas Mikoyan idi və o, ən bəlağətli ifadələrlə Nikolay Yejova elə diferambalar, mədhiyyələr oxuyurdu ki, bunlar Stalindən başqa heç bir bolşevik haqqında deyilməmişdi.
Anastas Mikoyan bütün sovet vətəndaşlarını (!) "yoldaş Yejovdan stalinçi üslubda işləməyi" öyrənməyə çağırır və deyirdi: "Bu gün bütün "NKVD" və ilk növbədə, yoldaş Yejov sovet xalqının sevimliləridir". Mikoyan böyük bir ruh yüksəkliyi, iftixar və fəxarətlə atasını "xalq düşməni" kimi "ifşa" etmiş pioner Kolyanı bütün sovet gənclərinə nümunə göstərir və pioner Kolyanın atasını güllələtdirməsini sovet cəmiyyətinin böyük mənəvi (!) qələbəsi hesab edirdi.
Hakim ideologiyanın belə bir siyasi bölgüsü var idi: kommunistlərin kiçik ideoloji qardaşları komsomolçular idi, komsomolçuların da kiçik qardaşı pionerlər idi və pionerlər (gələcək nəsil!) 1930-cu illərdə güclü təbliğat obyektlərindən birinə çevrilmişdi. Hakim ideologiya pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına qarşı qaldırırdı və Mikoyanın nümunə göstərib, heyranlıqla təriflədiyi Kolya kimi atalarını "ifşa" edən pioner-qəhrəmanların ən məşhuru Pavlik Morozov idi. Maksim Qorki atasını "ifşa" edib həbsə saldıran Pavliki "bizim epoxanın balaca möcüzəsi" adlandırırdı, Sergey Mixalkov, yaxud Stepan Şipaçev kimi məşhur və Sistemə məhrəm rus şairləri ona şeir və poemalar həsr edirdi, onun haqqında povestlər, pyeslər, operalar yazılırdı və yaxşı xatırlayıram ki, 1951, ya 52-ci il idi, mən 2-ci, ya 3-cü sinifdə oxuyanda məktəbdən bizi bir neçə dəfə Gənc Tamaşaçılar Teatrında eyni "Pavlik Morozov" tamaşasına aparmışdılar (müəllifi xatirimdə deyil). Uşaqların bir qismi - mən də onların arasında - çaşqınlıq içində idi: bir tərəfdən, sevimli pioner qəhrəman, o biri tərəfdən də, atanı satmaq... (İki-üç ildən sonra - yeniyetməlik ərəfəsi idi - mən Merimenin "Matteo Falkone" novellasını oxudum və bu əsərdə satqınlıq etdiyi üçün atası balaca Fortunatonu güllələyirdi. O novella mənə çox təsir etmişdi və Merime Fortunatonun ölümünü elə təsvir etmişdi ki, ona çox yazığım gəlirdi, Pavlik Morozova isə nifrət etməyə başladım.)
Uzun sözün qısası, pionerlərlə bağlı qlobal bir yaramazlıq kompaniyası aparılırdı və bəzən uşaqlar həqiqətən, ideoloji robota çevrilirdi. Onlardan biri də Azərbaycanda geniş təbliğ olunan və Gəncədə anadan olmuş Qrişa Akopyan idi. 1937-38-ci illərdə isə Azərbaycanda "xalq düşməni" kimi ifşa olunmuş atalarından imtina edən, onları lənətləyən, onların güllələnməsini tələb edən pionerlərin "izhari-nifrət" yığıncaqları keçirilirdi və mən "Ölüm hökmü" romanında bu "izhari-nifrət" kompaniyalarından geniş bəhs etmişəm.
Ancaq biz Mikoyanın məruzəsinə qayıdaq.
Mən bu məruzəni oxuduqca, açıq-aşkar hiss edirdim ki, Anastas Mikoyanın özü daxilən heyvani bir qorxu içində olub və elə bil ki, dovşan ağzını açmış qorxunc ilanla üzbəüz dayanıb, nə dərəcədə yaltaqlıq olursa-olsun - cidd-cəhdlə özünü qorumaq istəyir. Məsələ burasındadır və mənim buna qətiyyən şübhəm yoxdur ki, həmin "təntənəli gecə"də rəyasət heyətində əyləşmiş bütün vəzifə sahiblərinin, "kiçik rəhbərlər"in, o cümlədən, Siyasi Büro üzvlərinin hamısının (!) içində - olsun ki, birində nisbətən az, o birində daha artıq - həmin heyvani qorxu hissi var idi. Stalin ayrı-ayrı vaxtlarda - həmin "təntənəli gecə"yə qədər və sonrakı dövrdə Zinovyev, Kamenyev, Buxarindən tutmuş, Kuznetsova və Voznesenskiyə qədər xeyli Siyasi Büro üzvlərini, üzvlüyə namizədləri güllələtdirmişdi, Molotovun, Kalininin, Yejovun özünün arvadlarından tutmuş, Kaqanoviçin, Orconikidzenin qardaşlarına qədər Siyasi Büro üzvlərinin yaxınlarını həbs etdirmiş, psixi xəstəxanaya saldırmış, intihara sürükləmişdi.
Vaxtıyla hansısa bir müsahibədə dediyim maraqlı psixoloji, bəlkə də sosial-psixoloji təbiət hadisəsini təkrar etmək istəyirəm: Lavrenti Beriya daxil olimaqla, güllələnmiş Siyasi Büro üzvlərini və 51 yaşında intihar etmiş Serqo Orconikidzeni nəzərə almasaq, Stalinin ən yaxın ətrafının çoxu həyatlarının mürəkkəbliyinə, bəzən də əməlli-başlı qəzavü-qədərlərə baxmayaraq, uzun ömür sürüblər: Lazar Kaqanoviç - 98 il, Vyaçeslav Molotov - 96 il, Kliment Voroşilov - 88 il, Georgi Malenkov - 87 il, Anastas Mikoyan 83 il, Nikolay Bulqanin - 80 il... Stalinin siyasi muzey eksponatı kimi saxladığı Semyon Budyonnı - 90 il və s. Stalinin özü isə 74-75 yaşlarında vəfat etmişdi (son illərdə üzə çıxan sənədlərə görə o, 1879-cu ildə yox, bir il əvvəl - 1878-ci ildə anadan olub).
Belə çıxır ki, daima qorxu, stress içində yaşamaq, bir tərəfdən, infarkta gətirib çıxarırsa (xüsusən, sadə, zəif və sinirləri zərif insanları), o bir tərəfdən də, gördüyümüz kimi, hadisələrin, qanlı olayların sərtləşdirdiyi insanların orqanizmini səfərbər edir, onları möhkəmlədir və öyrəncəli edir!?
Ancaq biz yenə çekistlərin o yubiley gecəsinə qayıdaq.
Nikolay Yejovun birinci müavini, məşhur cəllad, 1930-cu illərin əvvəlində Azərbaycan çekistlərinin rəhbəri təyin edilmiş və burada "üçlük" sədri kimi qanlı vəhşiliklər törətmiş, 1937-ci ildə başlayan Böyük Terrorun əsas təşkilatçılarından biri olan Mixail Frinovski (qısa müddətdən sonra Stalin onun özünü də "xalq düşməni" kimi güllələtdirdi) isə elə həmin yubiley gecəsində çıxış edərək, Nikolay Yejovu "yoldaş Stalinin dostu" adlandırır (!) - Bu isə, əslində Yejovun bütün vəzifələrindən (o, həm də MK-nın katibi idi) qat-qat yüksək bir "vəzifə" təyinatı idi, çünki o vaxta qədər heç kim Stalinin silahdaşından yuxarı mərtəbəyə - Stalinin dostu ucalığına qaldırılmamışdı.
Ancaq... İosif Stalin özü bu təntənəli yubiley gecəsində iştirak etmirdi.
Nə üçün?
Bəlkə Stalin Simonovun dediyi kimi, ipin ucunu çəkmək məqamını dəqiq planlaşdırdığı üçün hesab edirdi ki, qətllər, "ifşa"lar hələ lazımi məqama gəlib çatmayıb və o, nəhəng bir ölkəni bürümüş bu nəhəng də dəhşətin qeyri-insani ağırlığını bir müddətdən sonra bu liliputun çiyinlərinə yükləyəcəyini elə həmin vaxtda hazırlayırdı, buna görə də Anastas Mikoyanı qabağa verib, özü çekistlərin o təntənəli iclasına gəlməmişdi? Şekspiranə bir intriqa meydana çıxır ki, Anastas Mikoyanın Böyük Teatrda Nikolay Yejovun ünvanına tərifnamələr söylədiyi vaxt, Kremldə Stalinin düşüncələrində Yejovun taleyi həll olunurdu və yaxud da bu tale artıq həll olunmuşdu.
Anastas Mikoyan az qala, 700 səhifəlik xatirələrində bu məşhur çekist yubileyi barədə bir kəlmə də demir və ümumiyyətlə 37-38-ci illər dəhşətinin üzərindən ötəri keçərək, həmin illərdə İvan (Ovanes) Tevosyanı, yaxud 11-ci bolşevik ordusunun başında duran Mixail Yefremovu "Stalin repressiyaları"ndan xilas etməyindən, Stalinin öz ailə üzvlərini məhv etməsindən yazır, bütün günahları Stalinin üstünə ataraq, hər vasitə ilə özünü "Stalin represiyaları"nın əleyhdarı olduğunu göstərməyə çalışır. Mikoyanın bolşevik fəaliyyəti və siyasi karyerası bilavasitə Azərbaycandan başlayıb, Serqo Orconikidze və Sergey Kirovla birlikdə işğalçı 11-ci Qırmızı ordu ilə Bakıya gəlib və sonrakı dövrlərdə də Azərbaycanla bağlı mühüm məsələlər Siyasi Büro üzvü kimi onun vəzifələri ilə bağlı olub, ancaq həmin 700 səhifəlik xatirələrində bir sovet Respublikası kimi Azərbaycan yoxdur və 20 il bu ölkəyə rəhbərlik etmiş Mir Cəfər Bağırovun da adı çəkilmir, bütün səhifələrdə özünün şişirdilmiş xidmətlərindən bəhs edir. Sergey Kirovdan danışanda isə, onun əvvəllər "Azərbaycan KP MK-nın Birinci katibi kimi, xırda (! - E.) bir vəzifədə" işlədiyini yazır (Anastas İvanoviç Mikoən. Tak bılo - razmışleniə o minuvşem, Moskva, Vaqrius, 1999, str. 366.) və bir məqamı da qeyd etmək istəyirəm ki, Mikoyan xatirələrində Stalinlə bərabər, Molotovdan, Malenkovdan, Beriyadan tutmuş, Leonid Brejnevə, Mixail Suslovacan - bir sözlə, birgə işlədiyi bütün siyasi xadimlər (rəhbərlər) haqqında mənfi fikirlər söyləyir, hətta onlar haqqında nifrətlə danışır.
Elə burada bir cəhəti qeyd etmək istəyirəm: bir-biri haqqında bu cür mənfi fikirlər söyləmək yalnız Anastas Mikoyanın yox, Molotovun, Xruşşovun, Kaqanoviçin, başqalarının da xatirələri üçün səciyyəvidir və istər-istəməz fikirləşirsən ki, bir-birinə nifrət edən, canavar kimi burun-buruna dayanmış bu insanlar bir yerdə Sovet İttifaqı kimi nəhəng bir imperiyaya necə rəhbərlik ediblər?
Sovet dövrü ilə bağlı siyasi, eləcə də hərbi xadimlərin (Jukov, Rokossovski, Vasilevski, Konev, Çuykov, Qreçko və başqa marşalların) memuarları bir çox prinsipial məqamlarda etibarlı mənbə deyil, çünki bütün bu adamlar Sistemin altında və Sistemin göstərişi və istəyi ilə fəaliyyət göstəriblər və bu fəaliyyəti tam çılpaqlığı ilə, obyektivcəsinə göstərmək - yəqin ki, şəxsi fədakarlıq, etiraf və cəsarət tələb edir. Leonid Brejnevlə işləmiş müəlliflərin yazdığına görə, o, yəni Brejnev elə onun dövründə çap edilmiş, Lenin mükafatı almış xatirələrini özü heç oxumayıb və bu xatirələri yazmış jurnalistlərin adları da artıq məlumdur. Anastas Mikoyanın xatirələrini isə oğlu, tarix elmləri doktoru Serqo Mikoyan çapa hazırlayıb, Ön söz yazıb və güman ki, onun Sistemdən sonrakı redaktəsi də az olmayıb.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!