Qağayı nağılı... - Malik OTARBAYEV

Əvvəli: http://edebiyyatqazeti.az/news/proza/3729-qagayi-nagili

Restoranın bağçasındakı süfrədə yeməyə dalan uşaqları diqqətlə izləyən qadınlar, gözyaşlarını silərək restoran sahibinə və Tölegenə təşəkkür edib dua oxudular. Uşaqların həyatlarında bu qədər dadlı fasulyə yemədikləri hər hallarından bəlliydi. Süfrədəki soğanları belə, çörəksiz yeyib bitirdilər. Masada qazax qızını yanına oturdan siyah örtülü qadına özünü tanıdan Tölegen qızın başından keçənləri öyrənməyə çalışdı.

Qadın qarnı doyduqdan sonra kiçik qızın başını oxşayaraq danışmağa başladı:

- Qardaşım, bu qızın adı Aysamaldı,- dedi. Altı yaşı var. Biz onunla qohum-filan deyilik. Anası Aynur xanım Şamda bizim qonşumuzdu. Aysamal, eyni zamanda da mənim şagirdimdi. Mən ibtidai sinif müəllimiydim. Çox heyif ki, müharibə bizi də buralara qədər sürüklədi. Aysamalın atasını heç görmədim. Ailəsini də alıb döyüşmək üçün Suriyaya gəlibmiş. Böyük miqdarda pul qazanacaqlarını düşünürmüş. Qızını və həyat yoldaşını Şamda qoyub döyüşməyə getmişdi. Sonradan Hələbdə bir çatışmada öldüyü xəbəri gəldi. Meyitini belə göndərmədilər.

- Yaxşı, anasına nə oldu? - deyə həyəcanla maraqlandı Tölegen.

Suriyalı qadın hüzünlü gözlərini yerə dikərək sözə başladı:

- Aynur xanım gəldiyinə peşmandı. Vətəninə dönmək istəyirdi. Qohumlarına məktub göndərib Şamdan geri qayıtmasına kömək etmələrini istəmişdi. Amma xeyri yoxdu, çünki Suriyaya gəlməklə göbək bağını - vətənlə əlaqəsini öncədən kəsmiş sayılırdı. O zaman Suriya dönülməz bir döyüş meydanıydı.

Sonra ikimiz də müvafiq dövlət təşkilatlarına müraciət edib onların vətənlərinə geri dönmələri üçün çox çalışdıq. Amma kimsə maraqlanmadı. Hətta ruslara belə müraciət etdik, onlar da qapılarını üzümüzə qapatdılar.

Sonra nə edəcəyi, necə edəcəyi düşünərkən o gün iki övladımla birlikdə Aysamalı da yanıma alıb məktəbə getmişdim. Yaxşı ki, almışammış. Az sonra bomba atılmış, hər şey yerlə bir olmuş, Aynur xanım da yaralanmışdı. Beləcə ev-eşiksiz qaldıq. Həyat yoldaşım da çoxdan vəfat etmişdi. Aynur xanımla Aralıq dənizi üzərindən Türkiyəyə gedə biləcəyimizi öyrəndik. Buradaki qaçqın düşərgələrinə sığınacağımızı və rahat yaşaya biləcəyimizi düşündük.

- Buralara dənizi keçərəkmi gəldiniz?.

- Əlimizdə, ovcumuzda nə vardısa verib bir qayıq kirayələdik. Qələbəlikdi. Çoluq-çocuq, gənç-yaşlı, qadın-kişi qayığa doluşduq. Türkiyə sərhədini rahatlıqla keçəcəyimizi söylədilər. Mənimlə birlikdə iki övladım, xalamın iki qızı və onların uşaqları, bir də Aynur xanımla Aysamal vardı. Uzun yolçuluğa çıxdığımız o gün hava açıq, günəşli idi. Amma nə oldusa, o axşam oldu...

- Nə oldu? - dedi Tölegen həyəcanla.

- Ah qardaşım, gecə bir fırtına qopdu, gözlər olsun, görməsin, aman Allah, həyatımda heç elə bir qorxu yaşamamışdım. Dalğalar yüksəldikcə yüksəldi, sonra bizi gah o yana, gah bu yana çırparaq elə yelləyirdi ki qayığın kənarından tutmağa belə gücümüz qalmamışdı. Buludların arxasında gizlənən ay, sanki üzümüzə baxmağa utanırdı. Dalğalar qayığı dibsiz bir qaranlığa sürükləyirdi. Bir anda, sanki dəliyə dönmüş bir dalga, qayığı elə qaldırdı ki, hardasa əlimizi uzatsaq buludlara dəyəcəkdi. Yuxarı qaldırdığı kimi birdəncə hamımızı aşağıya atdı. Hər eniş-qalxışda dənizin dibsiz dərinliyinə qərq olacağıq deyə qorxurduq. Və ən qorxduğumuz da başımıza gəldi. Dalğalar vurduqca qayıqdan qadınlarla uşaqları tək-tək fırladıb dənizə atırdı. Onları qurtara bilmədik. Bir çətinliklə dönüb yan tərəfimə baxdım, Aynur xanım da yox olub, suya gömülmüşdü. Aysamal, ayaqlarımın yanında, ətəyimə sıxıca yapışıb qurtarmışdı. Yeni bir dalğayla özümdən getdim. Gözlərimi açanda bir bərə gəmisində olduğumu gördüm. Ətrafımız adamla dolu idi. O fırtınalı gecədən geriyə bax bu gördüklərim qaldı.

Qadın içini çəkərək ağlamağa başladı. Hər kəs qulaq kəsilib onu dinləyirdi. Kənarda oturan Məhmət bəy isə üzüntüdən dizlərinə döydü:

- Allahı sevərsiniz, ağlamayın. Demək, Allah sizin övladlarınızla bərabər yaşamağınızı istəmiş. Şükür etməyiniz lazımdır, - dedi boğazı düyünlənərək. Başqa təsəlliverici söz çıxmadı ağzından. Tölegen ardından:

- Adınız nəydi? - deyə soruşdu.

Alnına düşən baş örtüyünü düzəldərək:

- Çox şükür, qardaş çox şükür! Adım Nisadır," - dedi qadın.

Sonra oğlana acı dolu gözlərlə baxdı və aylardır bağrında daşıdığı o ağır yükü xəfiflətmək istər kimi təkrar danışmağa başladı:

- Deyərsənmi, qardaşım bir qazax ailəsinin Suriyada nə işi vardı? Onlar da müsəlman deyilmidir? Dalaşana deyil, dalaşdırana baxmaq gərəkməzmi? Mənim bildiyim yüzlərcə qazax, qırğız, türkmən və başqa millətdən olan insanlar gedib döyüşdülər orda. Cihada gedirik deyə aldadıldılar. Allahın onları bağışlayacağınımı düşünürlər? Bax, kimsə oradan sağ geri dönmədi. Allah eşqinə, bütün bunlara kimsə dur deyə bilməzmi? Bizlər ölmək üçün deyil, yaşamaq üçün gəldik bu dünyaya! Mən də vətənimə dönmək istəyirəm! Övladlarımın buralarda belə dilənçi kimi dolaşmalarını istəmirəm. Bizim də xəyallarımız, gecələri övladlarımıza danışdığımız nağıllarımız, röyalarımız vardı. İndi hamısı bir qağayının qanadına taxılıb getdi. Artıq dalğalar deyil sahilə vuran. Məsum uşaqlarımızın cansız bədənləridir.

Bax, qardaşım, müsəlman görünən ikiüzlü dinsizlərdəndi çəkdiyimiz. Suriyada bacımı qaçırdılar o zalımlar. İndi döyüş meydanlarında kefini görürlər, sonra onu da öldürəcəklər, digər qızlarımızı da. Buraya gəldikdən sonra bizim suriyalılar qardaşım uşaqlarını götürdülər. Xalam qızlarını da məndən xəbərsiz satıb evləndirdilər. Övladlarımı, Aysamalı zorla qurtardım".

Nisa xanımın insanlığı utandıran sözlərindən Tölegen utanıb nə söyləyəcəyini bilmədi. Aysamalın ailəsi kimi ailələrin nə işi vardı Suriyada? Bu uşaqların günahı nəydi? Ayağını torpağa könül rahatlığıyla basan günümüz insanı, dənizin dalğalarıyla boğuşub bir xoş təsadüflə sağ-salamat sahilə qovuşan bu uşaqların üzünə sabah necə baxacaq? Bu vəziyyət yolunu çaşan insanlara doğru yolu göstərə bilməyən cəmiyyətlərin nə qədər gücsüz və zəif düşdüklərinin göstəricisi deyilmi?

Qadının söylədiklərindən sonra Tölegenin könlünə fərəhlik verən günəşli hava birdən-birə qaralmışdı. Ümidlər ümidsizlyin insafına buraxılmışdı. Amma yurdsuz-yuvasız və yetim qalan Aysamalın təbəssümlə işıqlanan çöhrəsinə baxdığı anda buludların arasından bir günəş şüası parlamaya başlamış kimi oldu. Çünki bütün çətinliklərə baxmayaraq, onun varoluşu, həyata məna yükləyir və onun ürəyini isidirdi.

Nisa xanım, Aysamal ilə görüşməyimə icazə verərsizmi? Hərdən gəlib ona nağıllar danışmaq istəyirəm. Hətta belə olsa, sizinlə də tez-tez görüşüb danışa bilərik. Mən də sizin kimi gələcəkdə müəllim olmağı düşünürəm.

- Əlbəttə, olar, qardaşım, niyə də olmasın? Aysamal üçün valiliyə də müraciət etmişik. Məsələ belədir ki, bu işi həll etsələr, lazımi sənəd düzəldə bilsək Aysamal qızımızı vətəninə göndərəcəyik. Çünki hər uşaq öz vətənində böyüsə yaxşı olar. Görürsən də, qız öz dilini belə unutmağa başlamış. Sən onunla qazaxça danış. O çox ağıllı qızdır, deyərək Nisa xanım Aysamalın yanaqlarından şəfqətlə öpdü.

Nisa xanımın cavabı Tölegeni sevindirdi. Ümidin olduğu yerdə sevincin var olduğunu daha bir dəfə anladı. Acılarını paylaşdıqca azaldığını gördü. Odun sadəcə düşdüyü yeri deyil, bütün insanlığı yandırdığını idrak etdi. Aysamal kimi uşaqların tərtəmiz xəyalları bu həyatın davam etdiyini, bu dünyanın ayaqda durduğunu düşündü.

Ertəsi gün Tölegen yenə məscidə gəldi. Nisa xanım digər qadınlarla birlikdə dünən olduqları yerdə, səkinin kənarında oturmuşdular. Bu səfər uşaqlar köhnə dostlarını görmüş kimi sevinərək salam verdilər. Tölegen cibindən konfet çıxardıb uşaqlara payladı. Aysamal, Nisa xanımın yanından ayrılmırdı. Tölegen qızın yanına yaxınlaşaraq ona da bir kofet uzatdı. Qazaxça:

- Necəsən, Aysamal? - dedi.

Qız qımışaraq başını qaldırıb Nisa xanıma baxdı. Nisa xanım işarə edincə konfeti alaraq:

- Yaxşıyam, təşəkkür edirəm, - dedi.

Tölegen qızı gəzdirmək üçün icazə istədi. Nisa xanım:

- Siz birlikdə gəzin, mən də valiliyə gedib icazə işinin nə yerdə olduğunu soruşum, - dedi.

Tölegen Aysamalla birlikdə məscidin ətrafında gəzirdilər. Qız durmadan danışır, məscidin çevrəsində olan türbələr, məzarlar, bağçadakı çiçəklərin adlarını, hətta ziyarətçiləri qarşılayan pişiklər haqqında Tölegeni sual yağışına tutmuşdu.

Məscidin önündə əsrlərdir gözətçilik edən çınar ağacına doğru yeridikləri zaman bəyaz bir kəpənək onlara yol göstərirmiş kimi önlərində sallana-sallana uçurdu. Kəpənəyi görən Aysamal onu qovalayıb tutmağa çalışdı. Kəpənək də, sanki qızın istəyini bilərək ətrafında fırlanır, qızı əyləndirirdi. Amma ağaca yaxınlaşdıqda bir anda bəyaz qanadlarını çırparaq yuxarıya doğru yüksəlməyə başladı. Aysamal başını qaldırıb uzun-uzun kəpənəyi izlədi. Sonra sevinclə yerində atılıb-düşdü, əllərini bir-birinə vurub kəpənəyi alqışladı.

Tölegen ağacın yaxınına gəlib gövdəsinə söykəndi.

- Aysamal, sən qazaxcanı heç unutmamısan, maşallah olsun sənə. Qazaxıstanda baban, nənən varmı?

Qızın gözlərində həsrət izləri bəlirdi:

- Babam, nənəm yoxdu. Anam, atam üçün çox darıxıram. Onlar hardadır, sən bilirsənmi? - deyə soruşdu.

- Nisa xala söylədi ha, onlar quşa dönüblər.

- Hansı quşa? Bu quşlar kimi olublar? dedi, tam o anda qarşılarındakı bir çörək qırıntısı üçün çığır-bağır salıb didişən qağayıları göstərərək.

- Hə, bunlara qağayı deyirlər. Bunlar deniz üzərində uçarlar. Balıq ovlayarlar. Bəlkə anan, atan da indi sənin üçün balıq tuturlar.

Aysamal gülümsədi və qağayıları diqqətlə izlədi. Ana və babasının quşa döndüklərinə inanıb-inanmaması bəlli deyildi. Tölegenə tərəf dönərək:

- Mən anamla dəniz kənarında dolaşanda qağayıları görürdüm. Bizdə də vardı. Bunlar mənim gördüyüm o quşlar ola bilərmi, - dedi.

- Ola bilər, bəlkə də. Deməli, siz dəniz kənarında yaşayırdınız, eləmi?

- Hə, - dedi qız.

- Başqa bir kimsən yoxdumu? Xatırladığın bir adam varmı?

Aysamal bir şey demədi. Sadəcə "yox" anlamında başını tərpətdi. Sonra:

- Sən qağayılar haqqında nağıl bilirsənmi?

- Əlbəttə, bilirəm.

- Mənə danışarsanmı?

- Əlbəttə, danışaram, - dedi Tölegen və nə vaxtsa uşaqlar üçün yazılmış bir kitabda oxuduğu nağılı danışmağa başladı:

- Çox uzaq zamanlarda bu gördüyün İstanbul böyüklüyündə bir ölkə varmış. O ölkəni bir kral idarə edirmiş. Kralın bir qızı varmış. Qız sənin kimi çox gözəlmiş. Atası çox gözəl olan qızına kimsənin baxmasını istəməzmiş. Xalqa qızına baxmağı qadağan edirmiş. Kral qızı gəzməyə saray keşikçiləri ilə birlikdə çıxdığı zaman adamlar əyilər və gözlərini yumarmışlar.

Aysamal Tölegenin sözünü kəsərək:

- Baxarlarsa nə olurmuş? - deyə soruşdu.

- Kim baxsa, onu edam edərlərmiş, - dedi Tölegen. Sonra nağılına davam etdi:

- Bir gün kralın gözəl qızı gəzmək üçün bayıra çıxdığı vaxt bir cavan oğlan hər cür qorxunu gözə alaraq başını qaldırmış və şahzadə qızla göz-gözə gəlmişlər. O anda oğlan şahzadə qıza bir könüldən min könülə aşıq olmuş. Şahzadə qızın da ona qarşı baxışlarının boş olmadığını düşünmüş və günlərcə yata bilməmiş. Qızı çox sevmiş. Ölümü belə gözə alaraq şahzadə qızı bir dəfə daha görmək istəmiş.

Şahzadə qız da ona aşiq olmuş. Oğlana xata toxunmasın deyə, günlərlə özünü saraya qapadıb bayıra çıxmamış. Sonunda dayana bilməyən cavan oğlan gizlicə sarayın bağça divarına dırmanmış və şahzadə qızla bir dəfə daha göz-gözə gəlmişlər. Bir şey danışmadan elə hey bir-birlərinə baxmışlar. Cavan oğlan divardan aşağı atlamış və şahzadə qıza ürəyini açmaq istədiyi an saray keşikçiləri başının üstünü kəsdirmişlər.

Kralın yanına aparılan oğlan ölümlə cəzalandırılacağını bildiyindən şahzadə qıza bəslədiyi eşqi söyləmiş:

- Onu çox sevirəm! - demiş.

Şahzadə qız da göz yaşlarıyla atasına yalvarmış. Qızının kədərlənməsinə dayana bilməyən kral oğlana ölüm cəzası verməmiş, amma onu çox uzaqdakı bir adada olan mayak qülləsində yalnız yaşamağa məhkum etmiş.

Aradan aylar keçmiş. Şahzadə qızı dəlicəsinə sevən və unuda bilməyən cavan oğlan eşqini adada yuva quran qağayılara danışmağa başlamış. Və dənizin ətrafında yaşayan bütün qağayılar, bu cavan oğlanın şahzadə qıza olan eşqini dinləmişlər. Dinlədikçə də kədərlənmişlər. Öz aralarında məsləhətləşərək içlərində olan ən yaşlı və böyük qağayını, cavan oğlanla görüşdürməyə qərar vermişlər. Yaşlı qağayı o qədər böyükmüş ki, qartallar belə ondan çəkinirmişlər. Sonra yaşlı və böyük qağayıya cavan oğlan dərdini açmış. Ona ürəyi yanan yaşlı qağayı uzun-uzun düşündükdən sonra cavan oğlana onu saraya qədər qanadları üstündə götürəcəyini, şahzadə qızla görüşdürəcəyini, hətta onu çox zəngin edəcəyini və kral tərəfindən də seviləcəyini söyləmiş. Amma ardından da bir şərt qoymuş.

- Bütün bunların əvəzində həyatın boyu gündüzlər qağayı, gecələr isə insan olacaqsan, - demiş.

Cavan oğlan:

- Burada yalnız qalıb ölməkdənsə, gündüzlər quş, gecələr insan olmağa razıyam. Onsuz da günlük həyatımızda bəzən heyvan kimi, bəzən isə mələk kimi yaşıyırıq. Şərtini qəbul edirəm, - demiş.

Beləcə yaşlı qağayı, cavan oğlanı qanadlarının üstünə alıb saraya götürmüş. Sarayda hər kəs ona hörmətlə yanaşmış. Kral onu şahzadə qızı ilə evləndirmiş. İki sevgili bir-birinə qovuşaraq xoşbəxt olmuşlar. Cavan oğlan ömrü boyu günəşin doğuşundan batışına qədər qağayıya dönüb dənizin üzərində uçarmış.

- O zaman anamla atam da quşlarla bərabərdilər indi, - deyə pıçıldadı Aysamal. Nağılı çox bəyəndim, amma cavan oğlana ürəyim ağrıdı. Yenə də sevdiyi adamdan ayrı qalmaqdansa, quş olması daha yaxşıdır.

Tölegen qızın nağılı bəyəndiyinə sevinərək:

- Hə o, eşqi üçün gündüzünü qurban veribmiş, - dedi.

O əsnada Nisa xanımın qaçaraq gəldiyini fərq etdi Tölegen. Ayağa qalxaraq onun təlaşlı halıyla maraqlandı. Qadın yanlarına gələrək:

- Polislər bizi buradan götürüb gedəcəklər. Buradan tez çıxıb getməyimiz lazımdır,- dedi. Sonra Aysamalın əlindən tutaraq təngnəfəs:

- Valilikdən sənəd ala bilməsək bizi ya qaçqınlar düşərgəsinə aparacaqlar, ya da Suriyaya geri göndərəcəklər, - dedi.

Tölegen o anda konsulluğa müraciət edib Aysamalın vəziyyətini bildirəcəyini söylədi. Qadın bundan sonra çarənin yalnız konsulluqda olduğunu söyləyərək:

- Qardaşım, o zaman sabah burada görüşək. Restoran sahibi bizim qaldığımız yeri bilir. Səndən xəbər gözləyirəm, - dedi və tez də Aysamalın əlindən çəkib getmək istədi. Amma Aysamal Nisa xanımın əlini buraxıb Tölegenə sarıldı. Buraxmaq istəmədi. Tölegen qızın yanaqlarından öpərək:

- Sabah yenə görüşəcəyik və sənə başqa nağıllar da danışacağam, - dedi.

Qadın ərafına diqqətlə baxaraq qızın əlindən çəkdi. Sonra sürətlə oradan uzaqlaşdı. Aysamal bir neçə dəfə geri dönüb baxdı və gülümsəyərək Tölegenə əl elədi. Sonra məscid həyətindən uzaqlaşaraq gözdən itdilər.

Tölegen o gün konsulluğa zəng çaldı. Telefon bəzən məşğul olurdu, bəzən də zəng etməsinə baxmayaraq, kimsə cavab vermirdi. Səhəri gün konsulluğa getməyi qərarlaşdırdı.

Uzaqdan dənizin uğultusu duyulurdu. Rüzgar məscidin önündə ucalan ağacları əyib bükürdü.

Uşaqlar bu soyuq gecədə üşüyürlərmi görəsən? Axşam bir şey yeyiblərmi? Analarının qucağında indi mışıl-mışıl uyuyub röyalarında nələr görürlər? - deyə düşünürdü Tölegen. Çarəsizliyə düşən və həyatda qala bilmək üçün çırpınan uşaqların dilənçi kimi böyümələrinə heyifsiləndi. Eyzən dəniz kimi dalğalanıb duran cəmiyyətin bu uşaqları sahilə vurduğuna, kənara atdığına və nəhayət, insanlığın necə belə bir hala gəldiyinə bir məna verə bilmirdi. Ən böyük dəyərlərin uşaqlar, yeni nəsillər olduğunu niyə heç kim dərk etmir, niyə onlara sahib çıxan yoxdu deyə düşündü.

Səhər azanından sonra tələsik konsulluğa getdi. Konsulluqda görüşdüyü bir qadınla Aysamal haqqında danışıb ona yardım edilməsini söylədi. Qadın qızı tapıb gətirsə, kömək edəcəklərini bildirdi. Sonra kiçik bir kağıza adını, telefon nömrəsini yazıb uzatdı və:

- Həmən tapıb buraya gətirin. Mənə də mütləq xəbər verin, biz məşğul olub bir çarə taparıq, - dedi.

Tölegen avtobusla Süleymaniyə məscidinə doğru yola çıxdı. Bir tərəfdən Aysamalın probleminin həll olunacağına sevinir, diğər tərəfdən də görəsən, dünən görüşdüyümüz yerdədilərmi deyə nigarançılıq keçirirdi. Burulğana düşən bir həyatı qurtara bilməyin nə böyük xoşbəxtlik olduğunu düşünərək Aysamalın öz vətəninə nəhayət ki, qayıda biləcəyini xəyal edirdi.

Məscidə çatar-çatmaz uşaqları və analarını axtarmağa başladı, amma məscidin həndəvərində kimsə yoxdu. Məscidin ətrafını dolaşdı. Kimsəni tapmayınca restoran sahibi Məhmət bəyin yanına getdi.

Məhmət bəy, təngnəfəs gələn Tölegeni görüncə:

- Dostum, nə olub, niyə təlaşlısan, - deyə soruşdu.

Tölegen təlaşdan güclə danışa bildi:

- Suriyalı uşaqlar və anaları hardadı, bilmirsən? Aysamal hardadır? Onları tez tapmağım lazımdır.

Məhmət bəy başını əyərək:

- Dünən gecə onları buradan alıb götürdülər.

- Haraya?

- Yəqin ki, qaçqın düşərgəsinə. Bəlkə də Suriyaya.

- Necə yəni qaçqın düşərgəsinə, Suriyaya? Aysamal vətəninə qayıdacaqdı. Buralarda olamazlarmı? Doğrudanmı aparıblar onları? Bu necə ola bilər? - deyə Tölegen ard-ardına sıraladı sualları. Vəziyyətdən çıxış yolu tapa bilmir, olanlara, Məhmət bəyin dediklərinə inanmaq istəmirdi. Məhmət bəy artıq əldən bir şey gəlməzcəsinə başını buladı. Tölegenin çiyinlərindən tutaraq:

- Artıq onları tapa bilməzsən. Onlar indi Allaha əmanətdirlər, deyərək Tölegenə təsəlli verməyə çalışdı.

Tölegen restorandan çıxdı. O, çarəsiz insanlara kömək edə bilməyəcəyinə inanmaq istəmirdi. Sanki onları yuxuda görmüşdü; yuxuda onlarla birlikdə yemək yemiş, Aysamala nağıl danışmışdı. Bu an o özü də o adamlar qədər çarəsizdi. Əllərindən çıxıb gedən Aysamal üçün içi sızladı. Nisa xanıma, uşaqlarına ürəyi yandı. Aysamal kimi onlarla, yüzlərlə, əslində, minlərlə uşağın, amansızca məchul bir gələcəyə girov buraxıldığını anladı. Sanki bir neçə nəsil birdən o dibsiz dənizlərə iz buraxmadan batıb yox olurdu...

Tölegen Aysamala nağıl danışdığı yerə doğru gedərkən qapı şüşələri açıq olan bir maşından Sezen Aksunun mahnısı, qağayılara doğru yüksəlirdi:

Bir karanlık savaş meydanı sanki,

İstanbul şehri martılar açken.

Başka bir şarkı söylüyor sokaklar,

Aşk uzakta beklerken...

Tərcümə etdi: Məmməd İSMAYIL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!