Malik Otarbayev Qazaxıstanın Cambıl vilayətində doğulub. Süleyman Dəmirəl Universitetini bitirib. Əl Fərabi Qazax Milli Universitetinin Beynəlxalq əlaqələr və xarici siyasət fakültəsində işləyib. "Kalamger" ədəbiyyat jurnalının baş redaktoru, Uluslararası Türk Kültürü Təşkilatı TÜRKSOY-da Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təmsilçisi, Qazaxıstan Respublikasının Türkiyə səfirliyinin üçüncü katibi vəzifələrində çalışıb. Qazaxıstan Yazıçılar Birliyi Rəyasət Heyətinin üzvüdür. Qazaxıstan Respublikası Gənclər Birliyinin "Sərpər" və beynəlxalq Cambul mükafatlarına layiq görülüb. "Oykazan" (Düşüncə qazanı), "Bir Hayırı Var Dünya" hekayə kitablarının və "Sonsuz Mutluluk" teatr əsərinin müəllifidir. Bundan başqa, qazax ədəbiyyatından 14 əsəri türk dilinə, türk ədəbiyyatından 4 əsəri isə qazaxcaya tərcümə etmişdir. Bir çox hekayəsi beynəlxalq qəzet və jurnallarda çap olunmuşdur.
Qağayı nağılı
Səsi, bərə gəmisinin uğultusunda boğulmasına baxmayaraq, gənc adam, dənizin ona hiss etdirdiyi bir sevinclə "E-hey, e-hey!" deyərək rüzgara qarşı uçan qağayılara səsləndi: Sonra səsinin yetdiyi qədər bağırdı. Hər yerdə belə bağıra bilməzdi. Bunu yalnız Tanrı dağlarına çıxdığı zaman edə bilirdi.
Tölegen Süleymaniyyə məscidində namaz qılmağa yetişə bilməyəcəyinə görə əndişələndi. Namazdan sonra, məşhur Erzincan Əli Baba restoranında quru fasulyə yeyəcəkdi. Həftə sonlarında tarixi yerləri ziyarət etməyi çox sevirdi. Buna görə də dənizlə səyahət etməyi qərara almışdı.
Qağayıların qanadları arasından süzülən ağ dalğalara baxdı. Bu sehrli dalğaların səsi ilə, sərnişinlərin dalğalara atdığı çörək qırıntılarını qapan qağayıların başdöndürücü uçuşuyla daldığı nağıllar dünyasından onu xırdavat satan səyyar satıcının "Açarlıq istərsənmi, qardaş" səsi ayırdı. Açar zəncirini gərəyi olmadığına görə almadı. Narahat adamların qayğılarına əhəmiyyət verməyən, Asiyadan hərəkət edib Avropa sahillərinə doğru tənbəl-tənbəl yaxınlaşan bərə gəmisi sabit bir sürətlə yoluna davam edirdi.
Boğaz suları Tölegenin gözlərini qamaşdırdı. İçində həm qələbəliyi, həm də tənhalığı barındıran dəniz də eynilə onun özünə bənzəyirdi. Bərə gəmisi qağayıların müşayiətində Eminönü limanına yaxınlaşdığı zaman minarələrdən azan səsi yüksəlməyə başladı. Tölegen bərə gəmisindən enib Süleymaniyyə məscidinə doğru üz tutdu. İstanbulun üçüncü təpəsi üstə əngin bir ucalıqda xəyalları süsləyən məscidin minarələri, namaz oxunduqca daha möhtəşəm görünürdü.
Qübbələrin ətrafında uçuşan göyərçinlər mollanın yanğılanan səsinə, sanki qulaq kəsilmiş kimi qanad səslərini qısaraq uçuşurdular. Köhnə zamanların yükünü daşıyan yaşlı çinar ağacları rüzgarın xəfif xışıltısıyla azan səsinə yoldaşlıq edər kimiydi. Ətrafda oynayan dilənçi uşaqların nəşəli gülüşləri, sanki məscid həyətindəki məzarların yalqızlıqlarını unutdururdu.
Məscidə daxil olan Tölegen mollanın arxasında sıraya durdu. Bu müqəddəs məkanın sirli atmosferi xarici dünyadan tamamilə fərqlənirdi. Namazın sonunda molla uzun-uzadı dua etdi. Onun duası bir yalvarış, bir içini boşaltma idi. Göyə açılan əlləri, sanki səmalar uzağına dəyəcək kimiydi. Bəlli ki, qəlbi yaralıydı, dünyada baş verənlərdən narahatdı. Kəlmələri təsbeh çəkər kimi bir-bir ipə-sapa düzür, uc-uca calayırdı:
"Ey uca Allahım, biz daima sənin işığına həsrət qatı bir kölgə içindəyik". Üzümüzdə su qalmadı, düşüncələrimizdə həyat. İndi, sanki öz qorxularımızın dəliliyini yaşayırıq. İki qatlanmışıq. Doğrulub hərəkət edə bilmirik. Günahkar tövbə bilməz, izləyənlərdən səmimi bir səs çıxmaz. Bizi biz edən insani dəyərlərimizi itiririk. Günahlarımız dənizləri çirkləndirəcək böyük və ürpərdiricidir. Bir-birimizi öldürür, günahsız insanları ağladırıq. Dəniz belə biz insanlar üzündən bağrına düşən insan övladını çarəsizlikdən sahilə atdı. Allahım, çətinliklərimizi dərgahına açır, səndən dərman istəyirik. Ümidimizi ümidsizliyin insafsızlığına buraxma...
Dua başa çatdıqdan sonra deyilənlərin təsiri altında məscidə toplaşanlar üyüşmüş ayaqları ilə yerlərindən qalxaraq bayıra çıxmağa başladılar. Onları qapıda dilənçi uşaqlar qarşıladı: Dilənmək üçün ən münasib an, mollanın uzatdığı duaların ardından gələn andı, dilənən uşaqlar bunu bilməmiş deyildi. Tölegen mollanın söylədiklərindən o qədər təsirlənmişdi ki, bir müddət olduğu yerdən qalxa bilmədi. Gözləri doldu. Qağayının gözlərində gizli olan masmavi dənizin qaranlıq taleyini görmüşdü bir anda. Dənizin qaranlıq dalğalarında çalxalanan qayıqda qorxu içində gözləyən insanlar gözləri önündə bəlirdi. Şaxtalı gecənin qaranlığında ölümə sarılan uşaqları gördü və ürpərdi. Onların sağ-salamat sahilə çıxmasına kömək et, deyib əl açıb göylərə yalvardı.
Sonra bazarda alver edən anasını, taksi sürücüsü olan təqaüdçü atasını və qardaşları Ayman və Aybekin bu anda nə iş gördüklərini, harada olduqlarını düşündü. Onlara da dua etdi. Ailəsinə qovuşmağı və süfrə başında oturub onlarla uzun-uzun danışmağı arzuladı.Atasının maşınını yuduğunu, anasına bazar işlərində kömək etdiyini, qardaşlarıyla birlikdə kitab oxuduğunu xəyal etdi. Gözlərindən damla-damla yaşlar axmağa başladı. Ailəsi, anası ilə atasının dadlı təbəssümləri üçün darıxmışdı, həm də lap çox.
Tölegen ətrafa baxdı və içəridə kimsənin qalmadığını gördü. Bayıra çıxıb dərin bir nəfəs aldı. Yüzillər öncə böyük bir sənətkarlıqla tikilmiş məscidə baxdı. Mərmərdən tikilmiş bu tarixi əsəri uzun müddət ayaqda saxlayan daşların dayanış gücünə heyrət etdi. Əgər bu daşlar hardasa ayaq altında qalsaydı, o, yalnız bir daş olardı, bir kimsə onlarla maraqlanmazdı. O daşlar bu ölümsüz əsərin - məscidin bir hissəsi olduğuna görə dəyər qazanmışdır. İnsan oğlu da belə deyil mi? O da özünə uyğun bir yer taparsa, dəyərli olur. Heç kəs evindən uzaqda, amansız qaranlıq dalğalarda qalmamalıdır Məscidin yan küçəsindəki tarixi restorana doğru irəliləməyə başladı.
Restorana uzanan səki üzərində oynayan suriyalı uşaqlar, Tölegenin gəlişini gözləyirmişlər kimi onu görər-görməz önünü kəsdilər:
"Allah rizası üçün", - deyə əllərini uzatdılar. Və bununla da qalmayıb yalvara-yalvara arxasınca düşdülər. Köhnə, cır-cındır paltar geymiş və çılpaq ayaqlarına neylon çəkələt keçirmişdilər. Saçları kirdən bir-birinə yapışmış, gözləri zığ içində idi.
Azca irəlidə söhbət edən qadınlar Tölegenin soyuqqanlı yerişini görüb öz dillərində dilənçi uşaqlara səslənib dağılmalarını istədilər. Ətrafını bürüyən uşaqlar, sanki qadınların sözlərinə bəndimiş kimi dərhal Tölegeni izləməyi buraxıb ətrafa dağılışdılar.
Tölegen qadınların gözlərinə baxmadan tez keçib getmək istədi. Gözlərinə baxmadı, çünki dilənçinin gözlərinə baxanda üç-beş quruş vermək lazım olduğunu yaxşı bilirdi. Ancaq onlara deyil, həqiqətən də ehtiyacı olanlara yardım etmək istəyirdi. Restorana çatar-çatmaz gözlənilməz bir iş oldu. Bir anda incə barmaqlı bir əl pencəyinin qoluna toxunaraq xəfifcə çəkişdiyini hiss etdi:
- "Allah üçün kömek berinizşi ağda!" dediyini duydu. Diksindi. O, zəif bir ədayla ona qazaxca səslənənə tərəf dönüncə yalvaran gözlərlə baxan kiçik bir qız uşağını gördü. Bu qızcığaz ona qazaxca "Allah rizasına kömək edin", - deyə yalvarmışdı.Tölegen çaşqınlıq içində:
- Sən kimsən, kimin qızısan? - deyə soruşdu.
Qırmızı yamaqlı paltar geyən və saçları vız-vız olan qız uşağı səsini çıxarmadı. Bəlli ki, Tölegenin qazaxca danışması qızı çaşdırmışdı. Ona belə bir sualın veriləcəyini gözləmədiyi tutqun sifətindən görünürdü. Bir anlıq çaşqınlığı üzərindən atandan sonra gülümsəyərək, bu səfər türkcə:
"Nə olur, Allah rizası için!" - deyə əlini uzatdı.
Tölegen həm qazaxca, həm də türkcə yeniden soruşdu:
"Sənin anan, atan hardadı? Kimin kimsən varmı? Burda nə işin var? Yoxsa itginmi düşdün? Adın nədir sənin?".
Qız yenə cavab vermədi. Tölegen, qızın gözü bərabəri çömələrək incə əllərindən tutdu. Mərhəmətlə baxdı:
- Acsanmı? Bu gün yemək yemisənmi?" dedi.
O anda insanın içini sızladan bir duyğu və hüzün dolu təbəssümlə qızın gözləri parladı və aç olduğunu söyləyərək ağlamağa başladı. Gözlərindən süzülən yaşlar, əsmər yanağındakı tozlara qarışıb cızıq-cızıq izlər buraxırdı.
Tölegenin kiçik qızla danışdığını fərq edən qadın sürətlə yanlarına gəldi. Siyah baş örtüsünü düzəldərək qızın qolundan yapışdı. Yapışmağıyla da tələsik yanına çəkdi. Yarıtürkcə, yarı öz dilində qızı təsəlli etməyə çalışdı. Ağlamağa davam edən qız qadının uzun ətəyindən yapışdı. Arıq üzlü, əsmər qadın şuxluğunu itirmiş gözlərilə Tölegenə baxdı.
Tölegen qadına Qazaxıstandan buraya oxumaq üçün gəldiyini, iki ildir İstanbulda yaşadığını, kimsəyə də bir zərərinin toxunmayacağını, kiçik qıza sadəcə yemək yedirmək niyyətində olduğunu tələsik başa salmağa çalışdı.
Qadın qızın başını oxşayaraq:
- Bax, övladım, o da sənin kimi qazaxmış. Böyük qardaşın sayılır", - dedi. Kiçik qız qadının ətəyin buraxmadı.
Tölegen israrla onlara birlikdə yemək yemələrini söylədi. Çünki kiçik qızın necə buralara gəlib çıxdığı, ailəsinin yox, bu qara başörtülü, sönük baxışlı suriyalı qadının yanında olduğu çox maraqlandırırdı.
Qadın:
- Yox, sağ olun, - dedi. Sonra kiçik qızı çəkişdirərək:
- Gəl, - dedi. Restoranın arxasına gedək birlikdə? Oraya atılan yeməkləri alarıq.
- Çöplükdənmi, - deyə çaşqınlıqla və təlaşla soruşdu Tölegen. Onun bu cür çaşırmağına heyrət edən qadın Tölegenə:
- Qardaş, sən də bizim kimi uzaqlardan gəlmiş qəribsən. Vəziyyətimizi başa düş. Həm biz də az deyilik. Qələbəliyik,- deyə az aralıda duran çılpaq ayaqlarına neylon çəkələt geymiş uşaqları və analarını başıyla işarət etdi.
Bir solğun bənizli kiçik qıza, bir də az aralıda duran uşaqlara baxdı Tölegen. Yanındakı pul hamısına birdən yemək almağa yetməzdi. Bir an duruxduqdan sonra:
- Siz burada gözləyin, mən indi restoran sahibiylə görüşüb qayıdacam, - deyərək yanlarından sürətlə ayrılıb restorana doğru addımlarını yeyinlətdi. Bu məşhur restoranın sahibi Məhmət bəy Tölegeni tanıyırdı. Necə tanımayaydı, namaz qıldıqdan sonra restorana yeməyə gələn qıyıq gözlü çox adam yoxdu ki?! Məhmət bəy Türk dünyası sevdalısıydı. Buraları ziyarətə gələn orta asiyalı tələbələrə tez-tez yemək alardı. "Bizlər oralardan gəldik. Sizlər kimi qardaşlarımız olmasa, biz buralarda yalqız qalardıq, - deyərdi.
Tölegen həyəcanla Məhmət bəyə olanları söylədi və kiçik qazax qızla suriyalı qadın və uşaqlara yemək sifariş etmək istədiyini, hesabı daha sonra ödəyə biləcəyini söylədi. Məhmət bəy əvvəlcə təklifə müsbət yanaşmadı, amma sonra Tölegenin israrına dayana bilmədi:
- Canın sağ olsun, dostum! Pul-para almaram. Həm də bu gün çox şükür, işlər yaxşı gedir. Sənə bir şey deyimmi? Bizləri suriyalı qardaşlarımızdan da soyutdular. Müsəlman müsəlmana acımaz oldu. Təbii ki, hər millətdə beş quruşa dəyməyən insanlar var, amma madam sən "Allah rızası üçün!" dedin, çağır gəlsinlər. Biz burda yaxşılıq etməyəcəyiksə, nəyə lazımıq?
O anda dünyalar Tölegenin oldu.
Davamı gələn sayımızda
Tərcümə etdi: Məmməd İSMAYIL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!