Çayxana dünyası, "filoloji gənclik", başqalarının düşüncələri ilə düşünmək - Niyazi Mehdi yazır

“Mən” olmağın tarixçəsindən

Niyazi MEHDİ

http://edebiyyatqazeti.az/news/muzakire/5402-aspiranturani-qovga-ve-gulusle-bitirmeyim

Mən elmdə əsas nə edib, nə tapmışamsa, nə tələbəlikdə, nə aspiranturada edib tapmışam. Hamısı olub Moskvadan sonra. Oradan Bakıya gələndə bir-neçə ay Zeynalla zəngləşib başlıca mırt dünyası olan çayxanalarda görüşürdük. O çağlar "filoloji gənclik" bir ara Malakan bağındakı, sonra Bulvardakı, daha sonra Qoburnat bağındakı çayxanalara yığışırdı ("filoloji gənclik" bəndənizin terminidir, 90-cı illərdə bir məqaləmdə bu kəlmə ilə Azadlıq hərəkatında sözlə, ədəbiyyatla bağlı olan aydınları bildirdim). Bax, bu gənclik hara yığışırdısa, yaraşığı Vidadi Məmmədov, Kamil Vəli Nərimanoğlu, Aydın Məmmədov, Qara İsmayıl və indi adlarını unutduğum başqa tanınmışlar olurdu. Çayxana dünyasındakı söhbət mühitini göstərmək üçün gündəliyimdən bəzi fraqmentləri verim.

1987-ci il. Kirov parkında çayxanada Kamal Abdulla ilə oturmuşdum. Hamının yanında məni indiki ictimai elmlərin bir nömrəli alimi adlandırdı. Dedi sənin kitabın ("Orta əsrlər Azərbaycan estetik mədəniyyəti") mənə xalça təsiri bağışlayır. Burada bu gülü vurursan, orada naxışı toxuyursan. Mən bu üslubu mozaik prinsiplə yazmaq adlandırardım.

Dedi ki, xalçadan çox yazmamısan, ancaq kitabdan sonra mən xalçanı anladım.

Sonra Tahir gəldi (jurnalistdir, TV-də kitab köşkünə baxır). Söhbətlərin çoxu ağıllı idi. Dedi ki, televiziya studiyasında Eldar Baxış deyibmiş ki, Qədir Rüstəmovu soyundurublar, görüblər, onda səsdən başqa heç nə yoxdur. Zeynəb Xanlarovanı soyundurub əl-ayağını bağlayıblar. Deyiblər, oxu. Deyib əl-qolumu açmasanız necə oxuyum?!

Tahir: bizim muğamlarda baş tərpənir, yabançı musiqilərdə isə ayaqlarımız taqqıldadır.

Kamil Vəlinin çayxana düşüncələrindən: Nəsiminin şeiri ya haradasa özündən qabaq başlayır, ya da özündən sonra.

Axırıncı xoşuma gəlmədi. Kamil yadıma onun ölüm ayağında dediyi şeiri saldı.

Bunun üstünə mənim artırdıqlarım Kamilə ləzzət verdi: Borxes demişdi ki, dünya olmaqdadır ki, kitaba çevrilsin. Nəsimidə tərsinədir (hərçənd Borxesdə bu tərsinə olana aid də hekayə var). Nəsimi bəlkə də soyulmayıb, öldürülməyib. Şeiri yazıb və sonra rəvayət yaranıb, ya da tarix onun taleyini şeirdən çıxan süjet əsasında çözüb.

1987-ci ilin yayında çayxanada Vidadidən Moskvada yaşayan bir oğlan haqqında (ayaması "Tas" idi) aforistik deyim eşitmişdim: O, evinə gecə 2-də, 3-də gəlir. Hamımızın ailəsi var, siz də məni bağışlayın. Ancaq belə gec arvadınla yatanda özünü başqa arvadla yatmış kimi duyursan. Elə arvadın da səni öz əri kimi duymur, - Vidadinin bu sözləri Azərbaycan çayxanasında əxlaq-şüurun qiyamlarının hansı həddə çatmasına gözəl örnəkdir.

Elə həmin ildə Aydın Məmmədovla etdiyim bir çayxana söhbətini gündəliyimdən oxuyuram. Aydın Bakıya gəlmiş türk qonaqları haqqında əsəbiliklə demişdi: bizə onların sevgisi varsa, xanın nökərə sevgisidir. Dalınca türklərin adamı xərclətmək bacarığından, xəsisliyindən danışmışdı.

Bir türk Aydına deyibmiş: yəqin, azərilər həmişə bizim həsrətimizi çəkiblər? Aydın qayıdıb ki,  ə, bizimkilər heç kənddə qoyduqları xəstə qocalarının da həsrətin çəkmirlər.

Mən Aydına dedim: bizim türklərə sevgimiz nikah üçün deyil ki, birtərəfli olmağının sonucu pis olsun. Bu sevgi bizim özümüzə gərəkdir.

Bir-iki ay keçdi, Zeynalla bu çayxana görüşlərinə ən sevdiyim mahnıya min dəfə qulaq asandan sonra etdiyim nifrəti etdim. Məndə, hətta əzizm Zeynala da allergiya yarandı (o yazıq sözümü yerə salmasa da, güman, eyni duyğuları yaşamışdı). Axırda dedim, a Zeynal, gəl bir-birimizi bezdirməyək, çayxana görüşlərini azaldaq. Sevincək razı oldu.

Məni Moskvaya yollamış prof. Aslan Aslanov (ona sağ olsun deməliyəm) təzəcə İncəsənət  İnstitutuna rektor təyin edilmişdi. Bakı Dövlət Universitetindəki kafedrasına müəllim götürməliydi, dedi, gözlə, özümlə İncəsənətə aparacam. Gah deyirdi sabah gəl, gah deyirdi üç gün sonra gəl. Qəbulda oturub gözləyirdim. Yanına girəndə deyirdi iki gün sonra gəl. Belə-belə bir ay keçdi, bezdim, daha getmədim. Bax, bundan sonra mən ciddi rejimdə oxuyub-düşünüb, oxuyub-düşündüklərimi yazmağa başladım. Yalnız filfaka girmək üçün 8 il öncə 3 ay mən belə intensiv oxumuşdum. Ancaq o çağ universitetə girməkdən ötrü oxumuşdum. Bu dəfə isə heç bir amacsız, bilmək, bilgili olmaqdan ləzzət almaq üçün oxumağa başladım, bunu amac saymaq olmazsa. Hər gün səhər durub çay içəndən sonra (o çağlar səhər yeməyi yeməzdim) başlayırdım kitabları oxumağa. Yemək yeyəndə də tez yeyirdim ki, oxumağı, yazıb-pozmağı tezcə davam edim. Mənim ömürlük kitabxana ilə aram olmayıb. Oxucunun yadındadırsa, yalnız Moskvada 3 ay, hər gün 4-5 saatlıq kitabxanada olardım.

Bütün ömrüm boyu, xəstəliyimə görə indini çıxıram, sibarit olduğumdan yalnız evdə ev paltarında elmlə bağlı işləyə bilirdim. Bu baxımdan Kamala (Abdullaya) heyran olmaya bilmərəm. O ya şöbə müdiri olub, ya başqa rəhbər işlərdə işləyib və bütün yazdığı elmi kitabları, məqalələri, romanları əsasən yerində yazıb. Necə vaxt tapıb, necə işdə ruhunu yaradıcılığa kökləyib, başım çıxmır. Bir də Əli Abbasov elmi məhsuldarlığına görə məni həmişə təəccübəndirib. Hərçənd, o da Vaqif İbrahimoğluna məni danışanda "tank kimi" metaforasını işlədirdi, bu ya tank kimi işləmək demək idi ki, bir mənası məhsuldarlıq ola bilərdi, ya da düşüncə incəliyini saymayıb ideyanı basa-basa demək ola bilərdi.   

Mən artıq müzakirədən çıxmış dissertasiyamı bir qırağa atmışdım. Müdafiənin kağız-kuğuz işi elə qorxudurdu ki, tezliklə müdafiə etmək fikrində deyildim. Gecə-gündüz oxumaqla, yazı-pozu ilə məşğul olmaqda əsas stimulum - təmtəraqlı səsləndiyindən çəkinə-çəkinə yazıram, -Azərbaycan mədəniyyətinə çoxluca ideyalar vermək idi, yəni şəxsi qazanc yox, hətta qadınların xoşuna gəlmək yox, millətçilik idi. Bu zaman addım-addım hansı yönlərə düşüncəmi yönəltməyi də tapmışdım. Öncə fəlsəfə və estetikanı seçdim, sonra semiotikanı fəlsəfə və estetika ilə qovuşdurdum. Bir-iki il sonra mifologiya üzrə bilik və düşüncələrimi irəlilədib öncəkilərə qatdım. Beləcə, 90-cı illərəcən fəlsəfi elmlərdən tutmuş semiotikayacan, bu axırıncıdan tutmuş dinşünaslığacan, onlardan da dilçilik araşdırmalarınacan çox yönümlü düşəncə yiyəsi oldum. Bu zaman özümü kamerton kimi duyurdum, oxuduğum kitablardakı ilginc düşüncələr məndə rezonans salıb öz düşüncələrimi törətdirdi. Mən özümdən başqa, Rəhman Bədəlovda, Vaqif İbrahimoğluda kitablardan aldıqları ideyalara kamerton kimi reaksiya verməyi görmüşdüm. O birilər, sanki səhradakı qum idilər, üstlərinə tökülən "suyu" biryolluq özlərinə hopdurub heç nə qaytarmırdılar. Azərbaycanda çatışmayan nəsnə Azərbaycan alimlərinin (əsl alimləri deyirəm) söylədikləri ideyalara o birilərinin reaksiyasız qalmasıdır. Mən sitat gətirməyi demirəm, ideyanı alıb ondan öz ideyalarını çıxarmağı deyirəm. Bizdə fikir məktəbinin olmaması bundan gəlir. Söylədiyimi örnəklərdə göstərim: Bir TV diskussiyasında dinçi gənclər İslamın üstünlüyündən ağız dolusu danışanda Rəhman Bədəlov qınaq etmişdi: mən anlamıram nədən İslamı sevmək üçün sizin gərəyiniz var ki, qabaqca özünüzə, başqalarına sübut edəsəniz, o, ən üstün, ən düzgün dindir, buna görə onu sevirsiniz?! İslamı elə belə sevə bilmirsiniz?

Bu parlaq sorudan mən dərslərimdə və uyğun məqalələrimdə belə sonuclar çıxardım: bizim öz vətənimizi, millətimizi sevməyimiz üçün onların ən düz, ən yaxşı olmasını sübut etməyə gərək olmamalıdır. Dinimizi sevmək də elə olmalıdır. Dinlər bir-birindən doğru-əyri ölçüləri ilə ayrılmırlar. Bu üzdən "İslam ən pak, ən doğru dindir" deyimi ilə İslamı seçməyini əsaslandırmağın düz deyil. Həqiqət ölçüsü dinlərə relevant deyil, yəni dəxlisizdir. Dinlər ruhu-kutu fərqli şəkildə duyğulara, enerjilərə kökləyən fərqli musiqilər kimidir.

İslam milli tariximizi, milli psixologiyamızı özünə qatdığından bizim üçün belə dəyərli, belə əzizdir. Biz Allaha tapınanda, müsəlman kimi özümüzü qavrayanda Ərəbistandan gələnləri öz milli dünyamızın prizmasından keçirərək qavrayırıq. Bu, İslamı sevməyimiz üçün yetərlidir.

Son on-on beş ildə mən kamerton kimi reaksiya verərək oxumağı çox intellektuallarımızla bağlı planlaşdırmışdım, örnəyin, Aydın Talıbzadə, Ağalar Qutla bağlı, ancaq heyif ki, bu planımı yerinə yetirə bilmədim. Kamal Abdulla ilə bağlı isə onun əsərləri haqqındakı məqalələrimdə yerinə yetirdim. Yox, amma Aydının bir dərin kitabına yazdığım yazıda da kamerton ola bilmişdim.    

Ağıllı düşünmək başqalarının düşüncələri ilə düşünməkdir - bu aforizmi 80-ci illərin birinci yarısında Tiflis İncəsənət İnstitutunun qadın rektorunun ağzından eşitmişdim və bu deyim mənim özümü özümə anlatmışdı. Mən oxuduqlarımı udub geridönməzliyə göndərmirdim. Mən oxuduqlarımla düşünüb yeni ideyalara çıxırdım. "Birini anlamaq üçün o birisini anlamaq" - bu prinsipə görə Platonu anlamaq üçün həndəsədən nələrisə öyrənirdim, semiotikanı anlamaq üçün informasiya nəzəriyyəsindən nələrisə oxuyurdum, Fərabini anlamaq üçün Aristotelə keçirdim və beləcə bilik səltənətində min yerə gəzintiyə çıxırdım.

Mən 1977-də özünüegitimə, özünütəhsilə başlayanda çox ciddi problemim bilik və araşdırma işində özüm üçün arxivləşdirmə metodunu tapmağım oldu. Kompüter, internet olmayan dönəmdə bu, ağır sual idi: necə edəsən ki, yığdığın dəyərli faktları, ideyaları, eləcə də öz ideyalarını əlüstü tapa biləsən? Necə bu okeanı yığıb-yığışdırasan?

Moskvada görmüşdüm ki, bəzi aspirantlar kataloq prinsipindən istifadə edirlər. Ayrı-ayrı düşüncələri kitabxana kartlarına oxşar nazik kartonlara yazır və beləcə, həmin kartları üst-üstə yığıb yekə "sütunlar" yaradırdılar. Bu, mənlik deyildi. Onun üçün öz metodumu tapmalıydım. Onu indi bu yazıda anlatmaq çətindir, ancaq deyim ki, tapdıqlarımı kompüter dönəmi gələndə asanca elektron formata çevirdim. "Fəlsəfədən diddiklərim" fəlsəfə üzrə arxiv materiallarımın kitab variantıdır. Məndə fəlsəfədən başqa, semiotika, İslam, Xristianlıq, Zərdüştlük, Buddizm, türk mifolojisi və s. və i.a. bağlı ayrıca fayllar var, onların hamısı 1977-ci ildən bəri topladığım materialların məhsuludur. Bu faylları bəzi tələbələrimə, bəzi gözəl araşdırıcılara vermişəm ki, istifadə etsinlər. Arxiv məsələsi üzərində ona görə bu qədər dururam ki, bu məsələ hər ciddi araşdırıcı üçün önəmlidir və yazıqlar olsun ki, elm aləmində öz informasiya arxivini qurub sistemləşdirməklə bağlı universal instruksiyalar yoxdur. Ona görə də bu arxivi necə qurub sistemləşdirməyi özüm tapmalı oldum.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!