"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar

Niyazi MEHDİ

 

Əvvəli: http://edebiyyatqazeti.az/news/proza/4270-men-olmagimin-tarixcesi

60-cı illər. Bakı

***

Poçtun yanındakı evimizi söküb Mədəniyyət evi ilə üzbəüz üçmərtəbəli ağ daşdan tikilmiş evin ikinci mərtəbəsində nənəmə mənzil vermişdilər. Burada maqnitofonda Bitlzların musiqisini ucadan qoyub küçədən keçənlərə konsert verirdim. Bu nə idi? Özünü modernite ampluasında bilməkdən ləzzət almaq idi, yoxsa başqalarını da bəyəndiyimi bəyənməyə çağırmağın atavistik şakəri idi?! - bilmirəm. Ancaq bir nəsnəni yaxşı bilirəm. Bu məsələdə mənim dünyamda qız yox idi ki, özümü ona bəyəndirim və ya onu bəyənim. Sonralar "qadınsız kişilər dünyası" konusunda yazılar yazanda, yəqin, bu təcrübəm öz işini gördü.

Ağdamda nənəmgildə həmişə pul söhbəti olardı. Dayım ondan zorla pul qoparanda yana-yana deyərdi: a bala, mənim kürüllərim yoxdu ha! "Kürüllərim" sözünü təkcə ondan eşidirdim, anlamını isə indi də yaxşı bilmirəm. Demişəm, nənəmgildə aclıq çəkmirdik, ancaq pulsuzluqdan həmişə nənəmin yanıb-yaxıldığını görürdüm.

Ağdamdakı məhləmizin uşaqları Bakıdan gəlmiş qonağa "Bakı", "bakılı" sözlərinin daşıdığı uzaq və mədəni dünyanın semantikasından baxırdılar. Əyin-başda onlardan seçilən heç nəyim yox idi, bəlkə bircə paytaxt ləhcəsi ilə seçilirdim. Məhlədə mənim kimi Bakıdan tətilə gəlmiş bir "rəqibim" də vardı, ancaq deyəsən, o, ağdamlılığa daha yaxın idi, çünki bitlz-mitlz tanımırdı. Bir dəfə uşaqların arasında yekə-yekə siqaret çəkəndə, məndən öz üstünlüyünü göstərmək üçün soruşdu: "sən də çəkirsən?". Dedim "həlbəttə". Verdi ki, ala çək. Siqaretə qullab vuranda güldü ki, ürəyinə almırsan? Ciyərlərimə çəkdim və ilk dəfə başım içkili imişəm kimi fır-fır fırlandı - ancaq bunu, sözsüz, ona sezdirə bilməzdim. İlk siqaret təcrübəm belə oldu. Həmin oğlandan bundan başqa heç nə yadımda qalmayıb. Məhləmizdə mənə Bakıdan gəlmişliyin brəndində baxan uşaqlardan biri sonralar "Azərbaycan" qəzetinin baş redaktorunacan yüksəldi, o biri isə millət vəkili oldu. Siyasi haçalanmalara görə haralardasa rastlaşanda heç bir-iki kəlmə də kəsmədik. Ancaq mən onların yadında qalmışdım (güman ki, qəzet məqalələrim, televiziya çıxışlarım huşlarındakı "məni" silinməyə qoymamışdı), onlar isə məhlədə balaca uşaqlar olduqlarından yadımda qalmamışdılar. Sonralar bacım dedi ki, onlar bizim Ağdam məhləsindən çıxıblar.

Ömrüm boyu məni izləyən bir fenomeni söyləyim. Uzun sürə mənim yadımda qalmamış, ancaq məni yadlarında saxlamış adamlarla rastlaşanda öz "huşsuzluğuma" görə utanırdım ki, məni qanacaqsız sayarlar. Sonra onların mənimlə ilgili yaddaşlı olmasının sirrini anladım. Mən onları heç yerdə görmürdüm, onlar isə məni populyar "Azadlıq" qəzetində oxuyurdular, Az.TV-də görürdülər, onun üçün də huşlarından silinmirdim. Deməli, məsələ mənim yaddaşsız, onların yaddaşlı olmasında deyildi. Ancaq hər unutduğum adama bunu izah edə bilməzdim, axı! Onun üçün də qərar verdim: onları unutmağımı hörmətsizlik kimi qavrayırlarsa, mən nə edə bilərəm?! 

50-ci illərin Ağdamından fərqli olaraq 60-cı illərin Ağdamı daha çox şəhərləşmişdi, adamlar başlamışdı evlərində hamam tikməyə, tualetə unitaz qoymağa. 50-ci illər Sarcalısında axşamlar çıraq yandırırdılar. 60-cı illərdə isə ora elektrik lampaları gəldi. Doqqazlara asfalt çəkildi. Russoist sevgi ilə kəndə baxan mən palçıqdan zəhləm getsə də, neyçünsə asfaltı görəndə qanım qaraldı ki, bunun nəyi kənd oldu? Sarcalıda Aqillə iki qardaş gəzərdik, söhbət edərdik və görərdüm ki, mamalarımın (yəni bibilərimin) çox xoşuna gəlirdi ki, qardaşımı arayıb-axtarıram.

Mən elə də iti-pişiyi sevən deyildim, onları indi oğlum Toto sevir. Ancaq kənddə at-eşşək mənə ləzzət verirdi. Bir dəfə eşşək məni üstündən yuxarı atdı və kürəyimlə yerə yapalandım. Qalxanda gördüm ki, nəfəsim inilti ilə elə hey içimdən çıxır və bitmir. Qorxumdan gözüm bərəldi ki, bəs haçan nəfəs alacam? Ata nənəm mənə əridib kərə yağını içirdi. Bir gün yatağa düşüb sabahısı özümə gəldim. Bu kərə yağı nə məsələ idi, türkəçarə idi, nə idi, bilmədim.

Ağdamda nənəm Raxşandə də, dayım Rafiq də tanınan adamlar idi. Nənəm mərkəzdəki dükanında, sonra isə hamamda kassir işləməsinə görə, dayım isə rəqqaslığına görə tanınırdı. Ağdam muğamı, bir də rəqsi yaman sevirdi. Hər toy olanda dayımı "Rafiq-Rafiq" qışqıraraq rəqsə çağırırdılar. O da nazla bir-iki piruet edib ortadan gedirdi. Əslində, indiki zövqümlə deyəmmərəm ki, dayım klass göstərirdi. Ancaq neyçünsə hamıda inam vardı ki, o, xəsislik edib bütün ustalığını göstərmir. Hərçənd Bakıda bir ara Musiqili Komediyanın rəqs truppasında oynadısa, deməli, nəsə peşəkarlığı vardı. O çağlar yadımdadır ki, bizim oğlan rəqslərində balerinalar kimi dırnaq üstündə oynamaq vardı. Dayım bunu Elçinə də, mənə də öyrətmişdi. İndi düşünürəm ki, Qafqaz rəqslərində bu, tərixən ola bilməzdi, onu baletdən götürüb Qafqaz özəlliyi kimi "soxuşdurmuşdular". Azərbaycan milli rəqsinin jest və geyimcə Qafqaz girdirməçiliyindən qurtulması sonralar baş verdi. 

Elçin bu günlərdə dayımla bağlı yazdıqlarma düzəliş verdi ki, onun rəqqaslığı sən yazdığın kimi primitiv deyildi. Yoxsa 61 ya 62-ci ildə necə onu Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərinə aparardılar?! Bu o günlər idi ki, Moskva ilk dəfə Müslüm Maqomayevi görmüşdü. Elçin soruşdu ki, yadında deyil onun Moskva fotoları?! Düzü, yadıma düşmədi.   

Dayım Elçinə əsas rəqs jestlərini həvəslə öyrədirdi. Mənə isə əlini yelləyib, sənlik deyil deyəndə bərk cırnamışdım və birinci dəfə qardaşıma paxıllanmışdım. Sonralar mən əla rəqsimlə Dilarəni də, dostlarımı da mat qoyurdum. Ancaq bu bacarığım dayımın zəhmətinin bəhrəsi deyildi, futbolda ayağımın qazandığı driblinq cəldliyindən gəlirdi. Hərçənd plastikliyimdə genetik əsaslar da vardı. Bir-iki dəfə rəqsdə atamın qutu bədənindən çıxan ayaqlarının cəld hərəkətlərini görüb mat qalmışdım.

Ağdamdan bir güclü xatirəm də Turşsu ilə bağlıdır. Hər yay xeyli ağdamlı ailələr Turşsuya, yaylağa köç edərdilər. Bizim Seyidli qohumlarımız orada qonşu-qonşuluqda alaçıq qururdular. Bəlkə də bu köçdə əski türklərdən qalma adətkərdəlik də vardı - hər halda Dədə Qorqud oğuzları alaçıqlarda yaşayırdılar.

Adətən, yaylaqda bizim qohumların yeri Şuşadan gələndə Turşsunun girəcəyində sol yamacın yuxarı başında olurdu. Alaçıqlar yamacda qurulurdu ki, yağış yağanda su balaca arxlarla enişə axsın. Qarşı yamacda Çarıx bulaq vardı, adını güman ki, çarığa oxşamaqdan almışdı. İlk dəfə bulaq suyunun soyuqluğunu burada gördüm. Barmağımı salıb saymağa başladım, 9-dan çox saxlaya bilmədim.

Orada bir meşəbəyi vardı, erməni idi, ancaq burnundan, başının formasından oğuzlara oxşayırdı. Dilimizdə təmiz danışırdı və özünü qanacaqlı aparırdı. Bir dəfə qarşı yamacın Laçın tərəfində olan ucundakı tibb ocağında Tibb İnstitutunun praktikaya gəlmş qızlarını gördüm - gözəl-göyçək, incəbelli, şalvarlı qızlar idi. Turşsudakı alaçıqda yaşayan qızların fonunda onlar podiumdan düşmüş modelləri andırırdılar. Sanki belə gözəlləri heç Bakıda da görməmişdim. O qızlar məndən 7-8 il böyük olardı, deməli, indi 75 yaşları olar. Bu dünyada kimləri qalıb, kimləri gedib?! Bəlkə də rastıma çıxmış ağbirçək həkimlərdən hansısa o gözəllərdən biri olub.

Mən evlənəndən sonra bir dəfə Dilarə ilə Turşsuya getdik. Laçına gedən yolda çıxıb bizim öncələr oylaq saldığımız yamaca baxdıq və birdən-birə mən gördüm ki, yanan odunların qoxusu dəhşətli gözəl qoxudur. Aşağıda yandırılan ocaqlardan bu qoxu bizə qalxırdı. Mən öncələr heç vaxt ocağın belə gözəl odun qoxusunun olduğunu bilməmişdim.  

***

Məktəbdə oxuyanda nə qədər dindar, ya ateist idim, huşumda deyil. Suiveriya, yəni bəzi yanlış inanclar səviyyəsində nəsə Allaha inandığım yadıma düşür. 9-cu, ya 10-cu sinifdə isə birdən ateist oldum. Yox, atamın ateizmi mənə etgi göstərmədi, anamınsa ateist olmasından heç xəbərim yoxdu. Onlar fəlsəfə müəllimləri olduqlarından hərdən nəsə fəlsəfi (əslində, marksist-leninçi) söhbətlər edirdilər və evdə bəzi kitablar da vardı. Onların arasında Kraçkovskinin ruscaya çevirdiyi "Quran" cildi ilə qaralırdı. Bu qara cild, üstəgəl mənim magik-mistik inancım Kitabla ilgili ürəkəsdirici hal yaratmışdı: onun qarşısında Kəbədə qara daş qarşısında duran müsəlman kimi dururdum. Bir gün nəsə cürət edib Kraçkovskinin "Quran"ını açıb Fatihə surəsindən başladım oxumağa. Bir az oxudum və bütün mistika getdi. Kraçkovskinin rusca "Quran"ı mənim yerdə qalan dindarlığımı da apardı. Niyə belə oldu? Bunu 30 yaşında anladım. Ancaq 25-26 yaşınacan oldum elə dədəm kimi ateist. "Quran"ın rusca lap adiləşmiş sözləri məni belə dəyişdirdi - oxumazdan qabaqsa düşünürdüm, hər sözü məni tilsimə salacaq.     

***

Universitetə girmək çağı gələndə mənim biliyim çox aşağı idi. Atamın köməyinəsə ümidim az idi. İnanmırdım ki, pulla girilən yerə onun oğlunu pulsuz götürsünlər. İnanmadığım üçün də biabır olmaqdan qorxurdum. Universitetə girə bilməyəcəm, deyəcəklər, atasının hörməti yoxdur ki, oğlunu öz işlədiyi universitetə düzəltsin. Atamla bağlı kompleksimə bu, yeni əlavə idi. Qorxumdan məktəbi qurtaran kimi qəbul imtahanınacan bir neçə ayı hər gün səhər 6-dan axşamacan suallara hazırlaşdım. Atam tapşırmışdı. Cavablarım bir müəllimənin o qədər xoşuna gəldi ki, dedi, Musa müəllimin oğlu belə olar da.

Universitetdə filfakı seçməyiminsə nədəni 10-cu sinifdə yazdığım axmaq bir hekayə olmuşdu. Onu siqaret çəkən adamın yataqda olanda yorğanına odun düşməsi üstündə qurmuşdum. Deyəsən, siqaretə qarşı təbliğat xarakterli yazı idi. Bu hekayəyə görə atam qərar verdi ki, sən yazıçı ola bilərsən, sənədləri ver filfaka. Burada bir paraleli yazmaya bilmirəm. 30 il sonra Şahbazla dostluq edən gözəl tərcüməçi Natiq Səfərov əlində siqaret içkili yatanda yorğanına od düşdüyündən yanıb öldü.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!