Xilaskar... - “Qızılbaş metafizikası, Səfəvi mistikası" - Mozaik risalə... 9-cu ci hissə - İlqar FƏHMİ yazır

İlqar FƏHMİ

http://edebiyyatqazeti.az/news/diger/3548-qizilbas-metafizikasi-sefevi-mistikasi-mozaik-risale

9-ci hissə

Xilaskar

Kütlə təfəkkürünün mahiyyəti barədə çox yazılıb, mən də öz düşüncələrimin bəzi məqamları ilə bölüşmək istərdim. Gəlin birlikdə analogiyalar aparaq. Müasir miflərin yaranması təbii ki, Böyük Fransa inqilabı ilə başlayıb. Çünki ilk rasional mif zənnimcə, 18-ci əsrin sonunda Parisdə dillərdə gəzən "Azadlıq, bərabərlik, qardaşlıq" şüarı idi.

İlk baxışdan rasional, inandırıcı görünür; minlərlə, milyonlarla insanı ardıyca aparır, inqilablar yaradır, cəmiyyətlərin altını üstünə çevirir. Və bu şüarlar indiyəcən də müasir dünyanın az qala ən aparıcı ideyası kimi təqdim olunur.

Min illər boyu insanlar xilaskar arzulayıb. Səmadan kimsə enəcək, qısa zamanda və həttta bir göz qırpımında bərabərsizliyi aradan qaldıracaq, hamını bir-birinə qardaş edəcək, hamı problemlərdən azad olacaq. Bu inanclar xristianlıqda da, islamda da, başqa dinlərdə də var.

Deməli mahiyyət eynidi - kimsə gəlib birdən-birə bütün problemləri həll edəcək, "azadlıq bərabərlik  qardaşlıq yaradacaq."  Sadəcə, əvvəl bu "qüdrətli kimsə"ni səmadan gözləyirdilər və inanırdılar ki, bu şəxs səmavi ilahi gücün qüdrətin daşıyıcısıdır.

Yenə müasir dövrlərə qayıdaq və baxaq ki, bu "qüdrətli kimsə" mifi nə formada təzahür edir.

Bütün demokratiyanın mahiyyətində nə qədər rasional məqamlar olsa da, altında təhtəlşüur səviyyəsində eyni mif dayanır - istənilən səviyyədə, istər qubernator olsun, istər rəhbər işçi, istər bələdiyyə sədri, istərsə də ölkə rəhbəri - kütlə demokratik seçkilərə qatılmaqla,  daxilən eyni istəklə yaşayır - o gələcək, hər şeyi birdən-birə həll edəcək. Sadəcə, fərq ondadı ki, Qərbin demokratik cəmiyyətlərində 19-cu əsrdən başlayaraq, "o gələcək" və ya "o səmadan enəcək"  ifadələri, "o seçiləcək" (yəni aşağıdan yüksəldiləcək), kəlməsi ilə əvəz olundu. Yəni, bizim bütün problemlərimizi bir göz qırpımında həll edə biləcək adamı biz səmadan gözləmirik, öz içimizdən seçirik.

Qərb demokratiyasının tarixinə bir daha diqqət edək - O seçildi, amma problemlərimizi həll etmədi, deməli düz seçməmişik, təzəsini seçmək lazımdır. O da bacarmasa, yenə də təzəsini seçmək. Aşağı idarəçilik orqanlarından tutmuş yuxarıya qədər eyni prossesi.

İndi isə normal görünən bu prossesin psixoloji aspektinə diqqət edək. Niyə kütlə bütün problemlərin birdən-birə həll olunmağını istəyir və bu alınmayanda, qiyama qalxır?

Niyə heç bir kütlənin psixikasında belə bir fikir yoxdu ki, filankəsi seçək və ona kömək edək ki, problemləri birlikdə aradan qaldıra bilək. Yox, toplum bunu istəmir. Müasir cəmiyyət istəyir ki, seçdiyi şəxs hər şeyi özü eləsin - öz yerinə də, onların yerinə də…

Burda toplumun ən önəmli xüsusiyyəti üzə çıxır - tənbəllik.  Özümüz nəsə eləməyək, çalışmayaq, zəhmət çəkməyək, düzəltməyək. Ya səmadan kimsə gəlsin,  ya da biz kimisə seçək və hər şeyi düzəltsin. Niyə? Çünki O şəxs qüdrətlidir. Hər şeyə qadirdir. Bizim də əvəzimizə hər şeyi etməlidir.

Burda qədim dövrlərdən qalan metafizik inancların izləri görünür. O vaxtkı toplum təxminən belə düşünürdü ki,  şaman, tayfa başçısı, kahin, peyğəmbər və sair ali insanlar ruhlarla, səmavi qüvvələrlə əlaqəlidir, onlarda ilahi qüdrət var, deməli hər şeyə qadirdilər. Hər şeyə qadirdilərsə, bütün problemləri bircə anda həll edə bilərlər. Bu səmavi şəxs istəsə yağış yağdırar, istəsə yerdən su çıxardar, istəsə düşmənin başına daş ələyər, istəsə gecəni gündüzə çevirər, istəsə xəstəni sağaldar… Eləmirsə, deməli istəmir.

Bəs demokratik cəmiyyətlərdə son iki yüz ildə necə olub? Vali, bələdiyyə sədri, qubernator, deputat, baş nazir, prezident seçilibsə, deməli, o, istəsə, bir anda hamıya çörək verə bilər, hamıya ev tikər, hamını işlə təmir edər, hamının məişət problemini həll edər, hamını təhsilə çatdırar, hamının yolunu düzəldər və sair və ilaxır… Əgər bu problemlər bir anda həll olunmursa, deməli o şəxs bunu istəmir, bacarmır. O saat da toplumun narazılığı başlayır. Ardıyca da yeni kompaniyalar, yeni seçkilər…

(Elə öz cəmiyyətimizə diqqət edək - Hansısa problemli sahəyə yeni rəhbər işçi təyin olunur. Çox qısa zaman kəsiyindən sonra qeybətlər başlayır ki, bəs hanı koordinal dəyişikliklər, hanı bütün problemlərin həlli, hanı yeni nailiyyətlər, filan... Görəsən toplumun içindən nə qədər adam fikirləşir ki, tutalım, xəstə adamı bir sehrli çubuğu tərpətməklə sağaltmaq mümkün deyilsə, uzun müalicə prosesi lazımdırsa, deməli müəyyən sahədə, qurumda da, hansısa dərin problemlər varsa, təzə təyin olunan məmur gəlib, bir əmrlə, fərmanla bütün problemləri aradan qaldıra bilməz. Burda uzun müddətli zəhmət, fəaliyyət proqramı, gərgin iş prosesi lazımdır. Həm də bu uzun müddətli iş təkcə rəhbər işçi tərəfindən yox, aşağıdan yuxarıya qədər hamı tərəfindən görülməlidir. Qısası hamı işləməlidir, çalışmalıdır. Kütlə hər şeyin birdən həll olunmağını istəyir.)

İndi isə gəlin belə bir situasiya təsəvvür edək: ən qabaqcıl, ən inkişaf etmiş bir ölkədə, misalçün elə ABŞ-ın özündə, qubernator seçkilərində iki nəfər üz-üzə gəlir. Biri populist çıxışlarla hər şey vəd edir,bir göz qırpımında bütün problemləri həll edəcəyinə hamını inandırmağa çalışır. Digəri isə real çıxışlar edir, bildirir ki, problemləri aradan qaldırmaqçün təkcə mən yox, hamımız qollarımızı çırmalayıb işə başlamayılıq, hamımız əziyyət çəkməliyik,  əgər buna nail olsaq, müəyyən müddətdən sonra problemləri yavaş-yavaş aradan qaldırmaq barədə danışmaq olar.

Sizcə, toplum hansının tərəfində olacaq, hansı daha çox səs yığacaq?  Əlbəttə ki, birincisi. Niyə? Axı niyə savadlı, elmli insanlar toplusu belə "nağıllar"a inanır? Çünki təkrar edirəm, nə qədər inkişaf etmiş cəmiyyət olsa da, əksər rəylər mifik yanaşma tərzindən  doğur - Birinci namizəd kollektiv təhtəlşüurdakı mifik qatdan gələn "Qüdrətli Məsih", "Əzəmətli Titan"  arxetipinə daha yaxındır, axı bütün problemləri birdən-birə, ən əsas da topluma əziyyət vermədən, zəhmətsiz həll edəcəyini vəd edir…

Müasir dövrün daha bir rasional mifinə diqqət edək - yüzlərlə, minlərlə insan müasir dünyanı idarə edən hansısa gizli təşkilatdan, qüdrətli gizli cəmiyyətdən danışır. Bu xüsusda saysız kitablar yazılıb, filmlər çəkilib, ağıllı, savadlı, rasional düşüncəli milyonlarla insan tam varlığı ilə bu fikirlərə inanır, ciddi müzakirələr gedir, bu gizli təşkilatın kabusu dünyanın üzündə dolaşır. (Son iki yüz ildə bu fikirlərin yaranmasının masonluq hərəkatıyla bağlı olduğunu hamımız bilirik.)

Niyə? Çünki toplumun mifik təfəkküründə "Qadir Tanrıların məskunlaşdığı Olimp dağı" arxetipi var. Onlar hər şeyi görür, hər şeyi idarə edir, hər şeyə nəzarət edir... ( Xristian və müsəlman xalqlarında bu arxetip mələklərin əhatəsində səmada məskunlaşıb bir nöqtədən dünyanı idarə edən qadir Tanrı obrazı ilə bağlıdır.) 

Müasir dövrdə bu əski miflər demək olar ki, silinib getsə də, toplumun təfəkküründə onun əvəzini ilk baxışdan rasional, inandırıcı görünən "qlobal gizli təşkilat" obrazı əvəz edib.

Ancaq dərin və geniş düşünən fərdlər başa düşə bilər ki, əslində dünyanın bir mərkəzdən idarə olunması mümkün deyil. Dünyada bir neçə güc mərkəzi var, hətta bunların içndə ən qüdrətlisi də, "hər şeyə qadir" deyil...  Və bu supergüclərin içində hətta belə bir "hər şeyə qadir" təşkilat olsa da, onun içində mütləq kimlərsə bir-biriylə yola getməyəcək, qruplaşmalar yaranacaq, hər biri öz maraqlarından çıxış edəcək. Deməli son nəticədə yenə də, vahid nöqtədən, vahid iradə ilə dünyanın idarə olunması ideyası iflasa uğrayacaq. Çünki əgər həqiqətən də dünya bir nöqtədən, bir iradə ilə idarə olunsaydı, onda ikinci Tanrı yaranmış olardı.

Yox, Tanrı birdi və bu dünya hüdudlarında deyil. Bu dünyada isə mütləq olaraq vahid güc və idarə mərkəzinin olması da mümkün deyil...

Əlbəttə, mənim dediklərimi məndən əvvəl də dəfələrlə deyiblər, ancaq toplum öz fikirlərində israrlıdır - dünya bir nöqtədən, yəni hansısa gizli qüdrətli təşkilat, hansısa gizli komitə tərəfindən idarə olunur. Bu xüsusda yazılan kitablar yenə də yüz min tirajlarla satılır, bu mövzuda çəkilən filmlər dünya üzrə ən böyük reytinq qazanır... Niyə? Çünki toplumun "hər şeyə qadir" vahid mərkəz mifinə sonsuz daxili tələbatı var...

Mifdən simulyakra

Bəli, nümunələrin sayını çoxaltmaq da olar ki, bu da ayrıca bir elmi monoqrafiyanın mövzusudur.  Ancaq sonda eyni nəticəyə gələcəyik - elm, savad insan(lar)ın mifik təfəkkürün dəyişmir, sadəcə "yedizdirilən" miflərin forması, zahiri görkəmi müasirləşdirilir, "simulyakr"laşdırılır..

Məgər müasir Qərb cəmiyyətində "Zevs"lərin yerini "Rokfellerlər", "Peseydonlar"ın yerini "Kapitan Nemo"lar, "Herkules"lərin yerini "Ceyms Bond"lar, tutmayıbmı? Az qala bütün türk dünyasında böyük həvəslə udulan "Polad Ələmdar və onun təşkilatı" obrazı məgər türk xalqlarının kollektiv təhtəlşüurundakı "Koroğlu və onun dəlilər dəstəsi" arxetipinə uyğun şəkildə qəbul edilmirmi?

Elə bizim özümüzdə, toplumun təhtəlşüurundakı cəsarətli, qiyamçı qaçaq obrazlarını - Qaçaq Nəbiləri, Qaçaq Kərəmləri, əfsus ki, kütlə tərəfindən az qala milli qəhrəman səviyyəsinə qaldırılan müasir kriminal avtoritetlər əvəz etməyibmi?

Bu hal bizi nə qədər qəzəbləndirsə də, etiraf etməliyik ki, kütlə öz qanunlarıyla yaşayır və əgər biz toplumun kollektiv təhtəlşüurdakı qəliblərin neqativ müasir simulyakrlarla (saxta miflərlə) dolaraq xalqımızı içəridən çürütməsini  istəmiriksə, deməli topluma eyni gücə malik pozitiv həqiqi (səmavi-ilahi mənşəyə malik) miflər təqdim etməliyik...

(Bir detalı da xüsusi qeyd edim ki, müasir simulyakrlar (saxta miflər) heç də sadəcə təxəyyül məhsulu deyil. Yəni istənilən bir hadisədən obrazdan mif yaratmaq mümkün deyil. Bu xüsusda çoxsaylı araşdırmalar aparan müasir sosioloqlar, kulturoloqlar israr edir ki, xalqın, toplumun mifqavrama prosesi hazır qəliblər vasitəsilə həyata keçirilir. Yəni, şüurda, altşüurda müəyyən obrazların, hadisələrin qəlibləri olan arxetiplər var ki, müasir simulyakrların içindən o miflərə uyğun gələni kollektiv şüur tərəfindən udulur, uyğun gəlməyəni isə kənara atılır. Toplum öz kollektiv şüurundakı qəliblərə uyğun gəlməyən heç bir obrazı, hadisəni mifləşdirə bilmir. Hətta güclü reklam və təbliğatla da buna nail olmaq mümkün deyil. Məhz bu baxımdan bir çox alimlər qeyd edir ki, dövlət ideologiyası hökumət tərəfindən təyin edilir, milli ideya isə miflərə söykəndiyinə görə aşağıda - toplumun içində yayılır.)

İrrasional simulyakrlar 

Bir detalı da xüsusi qeyd etməliyəm ki, 20-ci əsrin sonlarından, 21-ci əsrin əvvəllərindən başlayaraq, qəribə də görünsə, dünyada təbliğ olunan simulyakrlarda (saxta miflərdə) yenidən irrasionallaşma meylləri güclənib. Yəni əgər əvvəl mifik arxetiplərin yerini rasional, real görünən obrazlar (təkrar edirəm, Rokfellerlər, Rokkilər, Ceyms Bondlar  əvəz edirdisə, indi simulyakrlar getdikcə daha da fantastikləşir, qeyri-adi, irrasional keyfiyyətlərlə yüklənir. Bu da bəşəriyyətin kolektiv təhtəlşüurundakı arxetiplərin mifik-irrasonal müstəviyə daha çox meylli olmasının göstəricisidir.

Bunu sübut etməkçün, müasir dünyanın ən böyük simulyakr bazarını - kino sahəsini əlində saxlayan və əsası olmayan saxta miflər istehsal eləməkdə yüksək nailiyyətlər əldə edən Hollivudla bağlı bəzi faktlara diqqət edək; 20-ci əsrin sonlarına qədər Hollivud filmləri içindən dünyada ən populyar olan və ən çox gəlir gətirən filmlər "Küləklə sovrulanlar", "Doktor Jivaqo",  "Ben Qur", "Spartak",  "Ceyms Bond", "Rokki"  və sair bu tipli realist macəraçılıq filmləri idisə, 21-ci əsrdə bu siyahıda, əsasən "Avatar", "Betmen" , "Matritsa", "Dəmir adam", Transformerlər", " Qara Cəngavər", "Hörümçək adamın qayıdışı" və bu tipli fantastik superqəhrəmanlar barədə filmlər çoxluq təşkil edir. Eyni prosesi mədəniyyətin və incəsənətin başqa sahələrində də müşahidə eləmək mümkündü. Deməli Qərb toplumu, eləcə də bütün dünya artıq rasional real simulyakrlardan bezib, yenə də irrasional mifik-metafizik obrazlara üstünlük verir...

Bunu diqqətdə saxlamağımız vacibdir. Çünki dünyada  metafizikaya qayıdışın ən bariz göstəricilərindən biri də budur.

Mif zinəsi

Bəli, uzun düşüncələrdən sonra, gəlib bu fikrə çıxdıq ki, milli ideyanın inkişafı, xalq tərəfindən daha rahat həzm olunması, xalqı öz ətrafında daha sıx birləşdirməsi üçün ideyanın müəyyən  komponentləri mütləq şəkildə toplumun təhtəlşüurundakı arxetiplərin, mifik obrazların qəliblərinə uyğunlaşdırılıb təqdim edilməlidir. Zahiri formanın isə əhəmiyyəti yoxdur. Köhnə üslubda da ola bilər, yeni üslubda da... (Misalçün, muğam ifaçısı qədim milli geyimdə olsa da, kostyum-qalstuk geyinsə də, mahiyyət az dəyişir. Çünki əsas məqsəd səmavi-metafizik mənşəyə malik olan qədim milli musiqimizin topluma çatdırılmasıdır. )

Məhz bu məqamda yenə də üzümüzü Səfəvi tarixinə və mədəniyyətinə, Qızılbaş mifinə tutmağımız məncə, yeganə çıxış yolumuzdur. Bu mənbə bizimçün sanki sakral miflərin xəzinəsidir. Burda müasir dövrümüzdə xalqımızın kollektiv təhtəlşürunu neqativ saxta simulyakrlardan təmizləyib, ora səmavi-ilahi mənşəyə malik olan həqiqi mifləri yerləşdirməkçün hər cür material var və bu materiallar bizimdir, yalnız bizimdir. 

Əgər belə olmasaydı, əsasını 13-cü əsrdə Şeyx Səfiəddin İshaqdan götürən və səmavi-metafizik başlanğıca söykənən Səfəvi-Qızılbaş ideologiyası yüzilliklər boyu çoxmilyonluq xalqı öz ətrafında sıx birləşdirib Azərbaycan milli şüurunu, Azərbaycan dilini, milli mədəniyyətini-ədəbiyyatını  formalaşdırmaq yolunda bu qədər böyük nailiyyətlər əldə edə bilməzdi və bu gün Azərbaycan xalqı adlandırdığımız 40 milyonluq xalqın aqibəti tamam başqa cür olardı... (Ümumiyyətlə, yüzilliklər əvvəl  Qızılbaş ideologiyası və Səfəvi dövləti olmasaydı, bu gün Azərbaycan xalqı olacaqdımı, yoxsa qonşu və qohum xalqların içində yavaş-yavaş əriyib gedəcəkdimi? Zənnimcə, ağır sualdı və şəxsən mən bu suala cavab verməyə çətinlik çəkirəm.)  

İndi isə müasir düşüncələrimizə müvəqqəti fasilə verib yenə də yeddi yüz il əvvələ - Şeyx Zahid Gilaninin təkyəsində qoyub gəldiyimiz gənc Səfiəddinin yanına qayıdaq...

Bəli, o Səfiəddin ki, 25 il sonra böyük övliya, təriqət şeyxi mərtəbəsinə yüksəlib, on minlərlə-yüz minlərlə həmvətənimizin mürşidinə -mənəvi liderinə çevriləndən sonra, ən məşhur və tanınmış imzası bütün mənbə və təzkirələrdə tam halda belə qeyd olunacaq - Sədr-ül-millət vəd-din Şeyx Səfiəddin İshaq  Ərdəbili...

Diqqət edək, sadəcə, Sədr əd din - "dinin sədri" (mənəvi-ruhani başçısı) yox, millətin  və dinin mənəvi-ruhani rəhbəri...

O dövrün övliyalarının, şeyxlərinin içində bu künyə demək olar ki, rast gəlinmir, əksər hallarda ləqəb Dinin Sədri ifadəsiylə məhdudlaşır. Burda isə "millət" sözünü hətta din kəlməsindən də əvvəldə görürük.

Məncə, Şeyx Səfiəddin İshaqın və ümumilikdə Səfəvi-Qızılbaş ideologiyasının açarı, kodu, şifrəsi məhz bu ifadə ilə başlayır: Sədr-ül-millət vəd-din şeyx Səfiəddin İshaq Ərdəbili...  

Özü qədər adı da əzəmətlidir, deyilmi?

ARDI VAR...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!