Şahı uyudan, bizi oyadan nağıllar - Fərid Hüseyn yazır

"Min bir gecə" nağılları haqqında

ƏVVƏLİ: http://edebiyyatqazeti.az/news/diger/6154-sahi-uyudan-bizi-oyadan-nagillar

Yuxulu, yoxsa oyaq?

"Min bir gecə" nağıllarında hansısa həyat hekayəti nəql olunur, sonra dərhal Şəhrizad şaha deyir ki, nağılın qalanını, yaxud yenisini sabah danışacağam. Beləcə, hər gecə bir nağıl tamamlanmır. Belə olan təqdirdə həmin gecə mütləq Şəhrizadın, yaxud şahın adı xatırlanır, adətən, onların arasında qısa dialoq olur. Nağıl, yaxud gecə bitəndən sonra şahın və Şəhrizadın adı çəkilən kimi oxucu, sanki fikrən dərhal nağıllar aləmindən qopub real həyata qayıdır. Bununla da daim şahın əmri ilə öldürülmək təhlükəsində olan Şəhrizadın aqibəti tam olaraq bilinmir. Bu məqam bir qədər detektiv mahiyyət kəsb edir. Bu cür ədəbi gediş oxucunu "ayıq" saxlayır, onu nağıl mürgüsünə aludə olmağa qoymur. Sanki Şəhrizad danışdığı nağılla dinləyicini yatızdırır, öz nağılı - həyat hekayət iləsə oxucunu oyadır.

Keçid metodu

"Min bir gecə" nağıllarında bir sıra hallarda oxşar nağıllar, hekayətlər nəql olunur. Hadisələr fərqli adamların başına gəlir. Hətta oxşar nağıllardan söhbət gedəndə belə bir nağıl nəql olunub bitən kimi, digər nağıl ona örnək kimi xatırlanır.  Məsələn,  "Cin dedi: "Aç məni burax, sənə mərhəmət edərəm". "Balıqçı dedi: "Yalan deyirsən, məlun! Səninlə mənim əhvalatım Yunan şahının vəziri ilə təbib Dubanın əhvalatı kimidir". Bunu eşidən cin balıqçıdan soruşdu: "Yunan şahı ilə Təbib Duban kimdirlər; onların əhvalatı necə əhvalatdır?".

Bu keçid həm növbəti nağılın başlaması üçün əlverişli imkan yaradır, eyni zamanda bu təkrar nağıllarla insanlara, şahın özünə də bəlli olur ki, dünyada yeni heç nə yoxdur, sanki hər şey bir-birinin təkrarıdır. Sadəcə, həmin duruma düşmüş insanlar üçün baş verən hadisələr yenidir. İnsanın dünyadan ala biləcəyi əsas örnək bu cahanın təkrarlanan çevrələrdən ibarət olmasını dərk etməsidir. Amma eqo hissi insana bənzərsizlik düşüncəsi təlqin edir, ona görə də insanlar daim elə düşünürlər ki, onlar və həyatları müstəsnadır. Fərdiyyət, məxsusilik düşüncəsinə həddən artıq qapılmaq insanın dünyadan, baş verən hadisələrdən dərs almasına ən böyük maneədir...

Kimlər önəmli insanlardır?

Şəhrizad nağılları danışanda müxtəlif adlar çəkir və sonradan həmin ad sahiblərinin də əhvalatları, taleləri müstəqil nağıllara çevrilir. Məsələn, əgər nağılda üç qələndərin adı çəkilirsə, sonra onların da həyat hekayətləri  fərqli nağıllar kimi nəql olunur. Və bununla da, sanki əsərdə adıkeçən adamların çoxunun taleyinin vacibliyi vurğulanır. Bu o deməkdir ki, əsərdəki hər kəs vacib qəhrəmandır. Bəs niyə hər kəs vacib insan, yaxud qəhrəman kimi təqdim edilir, onların heç biri gözardı olunmur?

Çünki Şah üçün hər insanın taleyi önəmli deyil. Əgər önəmli olsaydı hər gecə bir qadınla gecələyib sonra da həyatına son qoyaraq onları qarışqa kimi yox etməzdi. Şəhrizad obrazların hər birinin üstündə ayrıca dayanmaqla, onlar haqqında danışmaqla şaha başa salmağa çalışır ki,  hər insan bir tale, hər tale isə bir həyat hekayəti deməkdir. Beləcə, Şəhrizad şaha "individ", "fərd" amilini aşılayır. Çünki güc sahibi olan insanlar bir sıra hallarda qarşısında dayanan insana, başqalarına "tale daşıyıcısı" kimi baxmır, onları, sadəcə, öz ətrafındakı fon kimi qavrayır.

Paralel dünyalar

Bəzən eyni nağıl paralel olaraq iki yerdə danışılır. Məsələn, Şəhrizad deyir ki, qələndər öz əhvalatını qadına danışmağa başladı. Beləcə, Şəhrizad həmin əhvalatı nəql edir. Nəticədə, sanki eyni nağılı qələndər qadınlara, Şəhrizad isə şaha paralel olaraq danışır. Bu halda keçmiş zamanla indiki zaman, sanki güzgü effekti yaratmış olur. Şəhrizad səhərin açıldığını görəndə nağılı yarımçıq saxlayır, beləcə, qələndər də paralel olaraq susur. Sanki keçmiş bu günlə birgə hərəkətə gəlir, canlılıq qazanır. Sanki zamanlar biri-birini var edirlər, yaradırlar. Bir zaman olmayanda, digəri də olmur.

Şah nə öyrənir?

"Min bir gecə"də Şəhrizadın nağıllarından şah nələri öyrənir?

1. Şah, Şəhrizadı tanıyana qədər kəmhövsələ, qərarlarında tələsən biri olur. Şəhrizad nağılları ilə şaha dinləmək mədəniyyəti aşılayır, səbir bəxş edir.

2. Şah daim əmrlər verir, qərarlar çıxarır. Həmin əmrlər, qərarlarsa daha çox bu gün və gələcək üçündür. Yəni tutduğu mövqeyin diktəsi ilə şah daha çox indisi və gələcəyi ilə yaşayır. Nağılları, olub-bitmiş həyat hekayətlərini dinləyəndən sonra isə şah keçmişlə də yaşamağı alışır.

3. Şah nağıllara qulaq asaraq anlayır ki, keçmişə müdaxilə mümkünsüzdür. Şahını qulaq asdığı nağıllardakı hadisələri nə təkrarlamaq, nə də onları insanların yaddaşından silmək olar. Ölüm kimi keçmiş zamanın da qarşısında hər kəs bərabərdir. Amma bu sözlər indiki zamana aid deyil, çünki indiki zamanda qüdrət sahibləri daha çox imkana malikdirlər, eləcə də gələcək zamanda.

Min bir sonsuzluq

"Min bir gecə" nağıllarında Şəhrizad səhərin açıldığını görən kimi danışdığı nağılı yarımçıq kəsib ardını növbəti gecəyə saxlayır. Günəşin doğuluşu ilə nağıl yarımçıq qalır. Beləcə, "min bir" rəqəmi sonsuz sayı simvolizə edir. Günəşin doğuluşu keçmişə nöqtə qoyur, bu günü "başladır". Yəni nə qədər ki, günəş doğur o qədər nağıl bitir, nə qədər ki, gecə düşür o qədər nağıl "yaranır"...

Yaddan çıxmaq

"Min bir gecə" nağıllarının strukturuna aid belə bir fikir məşhurdur ki, bu nağıllar ərəb dilinin qrammatik təfəkkürünün ifadəsidir. Yəni ərəb dili flektiv dil olduğuna görə bu dildə yaranan yeni söz özündən əvvəlkinin, sanki içindən çıxır, daha doğrusu, ondan yaranır. Bu nağıllar da flektiv mahiyyətə malikdir, nağıllar, sanki ərəb dilindəki sözlər kimi bir-birinin içərisindən çıxır. Amma burda struktural məsələ daha maraqlıdır. O baxımdan ki, hər hansı söz özündən əvvəlki sözdən yaranır, eləcə də digər sözlər. Və bir neçə sözdən sonra, sanki ilk söz - bütün sözləri yaradan "ilk söz", sanki görünməz olur, daha dərinlərdə qalır. Haqqında danışdığımız nağıllarda da oxşar vəziyyəti görməkdəyik. Məsələn, hər növbəti nağılla, sanki ilk nağıldan uzaqlaşırıq, belə nağıllar həm bir-birini yaradır, həm də unutdurur, arxa plana keçirir. Və beləcə, hər nağıl öz bətnində hər nə qədər əvvəlki nağılın süjetini yaşatsa da, sonda özü müstəqil əsər təsir bağışlaya bilir. Bu metod həm də azdırıcı mahiyyət daşıyır. Sanki "Min bir gecə"də hansısa bir sirr bu metodla azdırılır, bizi uzaqlara aparan nağıllar bizi əsas sirrə vaqif olmaqdan çəkindirir, ona yaxın düşməyə qoymur. Bu ona bənzəyir ki, bəzən kimsə həqiqəti danışır, amma onun fikirlərindən anlayırsan ki, dediklərində bircə kəlmə də olsun yalan yoxdur, fəqət onun danışdığı həqiqətlər hanısa daha böyük, daha naməlum bir həqiqəti gizlətmək üçündür. Eyni məsələ "Min bir gecə"də də var və həmin "gizlədilən sirr" nağılların ecazını, cazibəsini daha da artırır, bizi daha dərin mətləblər haqqında düşünməyə vadar edir...

Dinləmək mədəniyyəti

"Min bir gecə" nağıllarında ən maraqlı məqamlardan biri də dinləmə mədəniyyəti ilə bağlıdır; Başına hadisə gələn insanlar talelərini bir-birinə danışırlar və demək olar əksər hallarda da qarşı tərəf vaqiəsini nəql edənə sonacan diqqətlə qulaq asır. Məsələn, 16-cı nağılda qələndərlərdən biri başına gələn əhvalatı cavan oğlanlara danışır. Sanki bu detalla  insanların bir-birini dinləmək mədəniyyətinin vacibliyi paralel olaraq həm də oxuculara aşılanır. Çünki şifahi təfəkkür nümunəsi olan nağılın auditoriyası daha çox dərəcədə dinləyicilərdir. Hətta nağılı oxuyanda belə, sanki kimsə onu sənə danışır. Romanda təhkiyə oxumağa hesablandığı kimi nağılda təhkiyə dinləyiciyə ünvanlanıb. Bu məqamda digər bir məsələ, nağıla qulaq asan kəs (oxucu) həm də sanki obraza çevrilir. Yəni nağılda başına cürbəcür hadisələr gəlmiş insanın yanında dayanıb, onu diqqətlə dinləyən kəsə...

Çevrilmə

"Min bir gecə" nağıllarında metamorfoz məsələsi olduqca vacibdir. Qadınlar itə, kişilər inəyə, insanlar daşa və s. çevrilir. Adətən, çevrilmə bu nağıllarda xüsusi cəza kimi təqdim edilir. İnsanları həm Tanrı, həm də fövqəl güclərə sahib insanlar nələrəsə çevirirlər. Frans Kafkanın "Çevrilmə" əsərində də böcəyə dönən qəhrəman haqqında danışılır. Dünya ədəbiyyatında metamorfoz bizə yaxın əsrlərdə Kafkanın adı ilə bağlansa da, klassik mətnlərdə məlum məsələyə daha çox nağıllarda müraciət edilir.

Amma əsas məsələ nədir? "Min bir gecə" nağıllarında çevrilmə daha çox dərəcədə cəza növü kimi təqdim edilir, Kafka isə həmin cəzanı hadisə, tale kimi nəzərdə tuturdu. Bunlar arasında əsas fərq isə budur: Kafkanın qəhrəmanı Qreqor Zamza böcəyə çevriləndən sonra, sanki onun ətrafındakı insanlar da nələrəsə çevrilirlər, ona nəzərən insanlıqdan çıxırlar. Nəticədə bütün insanların bir-birinə münasibəti dəyişmiş olur. Və böcəyə çevrilən insan onu böcəyə çevirən mühitin mərkəzində qalmağa davam edir və ona görə də iztirabları birə-beş artır. Bu halda onun yenidən öz ilkinliyinə qayıtmaq ehtimalı demək olar ki, yoxdur. Çünki cəmiyyətdə hər şey daim pisə doğru dəyişir. Amma "Min bir gecə" nağıllarında heyvana, daşa, quşa çevrilmiş insanlar, sanki həyati proseslərdən uzaqlaşırlar, onların nəyəsə təsir etmək imkanları sıfıra enir və taleləri hansısa möcüzədən, yaxud Allahın tükənməz rəhmindən asılı qalır. Əksərən isə onlar öz ilkinliklərinə qayıda bilirlər. Bu isə əsrlərin inamı ilə bağlı məsələdir. Çünki daha qədim dövrlərdə insanlar itirdiklərinin geri dönəcəyinə, Allahın qüdrətinə daha çox inanırdılar, nəinki nihilizm təlqin edən XX əsrin insanları...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!